Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:30

Oliqarxların həbsinin ikinci dalğası başladı


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Yeni Müsavat» qəzeti yazır ki, Beynəlxalq Bankdan iri məbləğlərdə kredit borcu olan oliqarxların işi üzrə həbslərin ikinci dalğası başlayıb. Bu dəfə «Riyad-Farm» MMC-nin prezidenti Həsən Şərifov yenidən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və həbs olunub.

Onun barəsində ötən həftənin cümə günü Nərimanov rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Məhkəmədəki mənbələrdən məlum olub ki, işadamına iri məbləğlərdə dələduzluq maddəsi ilə rəsmi ittiham irəli sürülüb.

Qəzet yazır ki, «Riyad-Farm»ın Beynəlxalq Bank qarşısında cəmi 24 milyon dollarlıq kredit öhdəlikləri var. Bu öhdəliklərə şirkətin Almaniyanın «Kommerzbank» bankından Azərbaycan Beynəlxalq Bankının zəmanəti ilə aldığı 14 milyon dollar kredit və Sahibkarlığa Kömək Milli Fondundan alınan 10 milyon dollar kredit daxildir.

Olayı qəzetə şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, iş adamlarının həbsi davam edəcək və bu prosesin ölkənin sosial-iqtisadi həyatına təsirləri olacaq: «Belə bir gözlənti var idi ki, Avropa Oyunları zamanı bu cür həbslər dayanacaq və oyunlar bitdikdən sonra həbslər olacaq. Lakin belə görünür ki, vəziyyət o qədər kritik həddədir ki, hətta Avropa Oyunlarının başa çatmasını da gözləmirlər. Beynəlxalq Bankdan götürülən vəsaitlərin geri dönüşü ilə bağlı problemlər bu gün qalmaqdadır. Ona görə də digər addımlardansa məhz həbslər yolu ilə vəsaitlərin geri qaytarılmasını effektiv sayıblar. Hesab edirəm ki, bu, o qədər də yaxşı hal deyil. Çünki müəyyən fəsadları olacaq».

Ekspert vurğuladı ki, Azərbaycanda iş adamlarının böyük əksəriyyəti iriçaplı məmurlarla əlaqəlidir və böyük şirkətlərin iriçaplı məmurlar səviyyəsində dəstəyi olmasa, böyük məbləğlərdə kredit götürmək, böyük biznes qurmaq mümkün deyil».

Əlövsət Əliyev
Əlövsət Əliyev

ƏLÖVSƏT ƏLİYEV: «RƏHBƏRLİK MƏNDƏN İNCİYİB Kİ...»

«Azadlıq» qəzeti Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin ailəsinin xaricə qaçmasına kömək etməsində adı hallanan, hətta barəsində cinayət işi açılan Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyevlə müsahibə dərc edib.

«Emin Şəkinskinin o xanıma işgəncə verdiyini sübut edən dəlillər var idi. Boşanmalarına baxmayaraq, polis əməkdaşlarını qanunsuz olaraq ona nəzarət üçün ayırmışdı. Ruhi-əsəb xəstəlikləri dispanserinə aparılmışdı və s.».

Əlövsət Əliyev belə deyir. O, bu olayla bağlı ona və ailəsinə edilən təzyiqlərdən də danışıb:

«Almaniyada müalicədə olduğum zaman Gülnarə Şəkinskinin uşaqlarını xaricə aparması ilə bağlı (işin detalları haqqında məlumatlarla indi tanış oluram) müəyyən qrup insanların həbs olunmasını və mənim barəmdə də cinayət işinin başlandığını, hətta barəmdə axtarış elan edildiyini eşitdim. Eyni zamanda mütəmadi olaraq mənim ailə üzvlərimin istintaqa məcburi aparılması haqqında məlumat aldım. Almaniyadan dəfələrlə cəhd etsəm də, DİN rəhbərliyi və Emin Şəkinski ilə danışa bilmədim. Lakin cinayət işini istintaq edən müstəntiqlə telefonla danışdım, ailə üzvlərimə olan əsasız təqiblərə son qoyulmasını və onları istintaqa çağırmamağı tələb etdim. Eyni zamanda hadisənin məzmunu haqqında onlara məlumat verdim. İstintaqı aparan şəxs mənə şəxsən bildirdi ki, ondan asılı heç nə yoxdur, rəhbərliyin göstərişi belədir. Rəhbərlik sizdən inciyib ki, siz Gülnarə xanımın müraciəti və xaricə getmək istəyi haqqında nazirliyin rəhbərliyinə bu barədə məlumat verməmisiniz».

Foto illüstrasiya
Foto illüstrasiya

«İSTEHSALATDA BƏDBƏXT HADİSƏLƏRİN SAYI AZALIB»

«Hədəfimiz bütün iş yerlərində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olmaqdır».

Bunu yap.org.az saytına müsahibəsində ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyib.

O, iş yerlərində rast gəlinən bədbəxt hadisələrdən danışıb, bildirib ki, bu cür hallarda azalma müşahidə olunur:

«Bu ilin mayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2014-cü ilin mayı ilə müqayisədə 2.2 dəfə azalaraq 11-ə enib. Həmçinin bu hadisələr zamanı xəsarət alanların sayında 3.4 dəfə azalma qeydə alınıb. Ümumən cari ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 44 faiz, həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 47.2 faiz, xəsarət alanların sayı isə 2.1 dəfə azalıb. 2014-cü ilin 5 ayında qrup halında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 15 olduğu halda, bu ilin yanvar-may aylarında belə hadisə baş verməyib. Nəzərə alsaq ki, bu müsbət tendensiya ölkədə iş yerlərinin və məşğul əhalinin sayının durmadan artdığı şəraitdə özünü göstərir, o zaman onun önəminin böyük olduğunu görərik».

XS
SM
MD
LG