Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:08

Azadlıq Radiosuna qarşı növbəti təxribat


AzadlıqRadiosunun Bakı ofisi möhürləndi
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

AzadlıqRadiosunun Bakı ofisi möhürləndi

-

Azərbaycan hökumətinin jurnalistlərimizi gözdən salmaq üçün təşkil elədiyi son cəhdlər bizim üçün sürpriz olmadı. Son təxribat, jurnalistimiz Xədicə İsmayılın həbsi kimi, Azərbaycandakı azad səsləri susdurmaq üçün aparılan kampaniyanın tərkib hissəsidir”.

RFE/RL (Azad Avropa / Azadlıq Radiosu) şirkətinin baş redaktoru Nenad Pejic Azərbaycandakı bəzi media orqanlarında AzadlıqRadiosunun keçmiş və indiki rəhbərliyi yayılan təxribatı belə qiymətləndirir.

Nenad Pejic əlavə edib ki, “AzadlıqRadiosunun əməkdaşı Kənan Əliyev bizim ən istedadlı jurnalistlərimizdəndir və ona qarşı irəli sürülən iddialar ağ yalandır.

Yayılan məlumatlarda Azad Avropa/Azadlıq Radiosunun Azərbaycan xidməti və Xədicə İsmayılın fəaliyyəti ilə bağlı guya hansısa daxili yoxlamalar aparıldığı və nəticədə Azərbaycan xidmətinin rəhbərinin vəzifədən uzaqlaşdırıldığı iddia olunurdu.

Kənan Əliyev özü təxribatla bağlı deyib ki, "mediadan xəbərdar olanlar gözəl bilirlər ki, bir ilə yaxındır Radionun Rusiya və post-sovet məkanı üçün yeni başladığı televiziya layihəsinin İcraçı Direktoruyam və bu təyinat Xədicə İsmayılın həbsi və AzadlıqRadiosunun Bakı bürosuna hücumun başlanmasından çox öncə edilib. Ancaq paralel olaraq bu gün də Azərbaycan xidmətinin işlərinə yardım etməkdə davam edirəm. Ortalığa atılmış təxribatın arxasında kimlərin dayandığı və məqsədləri aydındır. Məqsəd Bakı bürosunun qanunsuz olaraq bağlanması və Xədicə İsmayılın həbsinə ictimaiyyətin gözündə haqq qazandırmağa çalışmaq üçün bizi ləkələməkdir”.

AzadlıqRadiosu bəyan edir ki, artan təzyiqlərə baxmayaraq Azərbaycanda fəaliyyətini 63 ildə olduğu kimi, yenə də missiyasına uyğun şəkildə, yüksək jurnalistika peşəkarlığı standartları ilə davam etdirir və bu cür təxribatlarla bizi susdurmaq mümkün olmayacaq.

Azad Avropa / Azadlıq Radiosu daha öncə bəyan edib ki, Azərbaycan iqtidarının bu günə kimi atdığı bütün addımlar –

  • hakim elitanın qanunsuz sərvəti ilə bağlı araşdırmalar aparan araşdırmaçı jurnalist Xədicə İsmayılı qurama ittihamlarla həbs etməsi;
  • 26 dekabr 2014-cü ildə Bakı bürosuna hücum və sonrasında ofisi axtarış və istintaq bəhanəsi ilə möhürləməsi; əməkdaşlarımızı kobud qanun pozuntuları və rəsmi təmsilçi olmadan dindirilməsi;
  • nə Azərbaycan qanunvericiliyi, nə də beynəlxalq hüquq normalarına əməl edilmədən aparılan “vergi yoxlamaları” adı ilə fəaliyyətə əngəllər yaradılması;
  • bizimlə əməkdaşlıq edən şəxslərin hesablarının dondurulması;
  • müxtəlif rəsmi şəxslərin dilindən Radionun ünvanına böhtan və işgüzar nüfuzu zədələyən ittihamlar səsləndirməsinə qarşı

hüquqlarının bərpası üçün fəaliyyətini davam etdirəcək.

Radio Azərbaycan hakimiyyətini Xədicə İsmayılı həbsdən azad etməyə, təzyiqləri dayandırmağa və söz azadlığının təminatı ilə Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.

XS
SM
MD
LG