Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:46

Rüşvət ver - Asan hərbi xidmət keç!


AzadlıqRadiosu ABŞ Dövlət Departamentinin iyunun 25-də yaydığı “İnsan Haqları 2014” hesabatının Azərbaycanla bağlı hissəsinin tərcüməsini ixtisarla təqdim edir

-

Bölmə 4. Hökumətdə korrupsiya və qeyri-şəffaflıq

Hökumət aşağı səviyyəli korrupsiya ilə mübarizədə müəyyən irəliləyiş əldə etsə də, yuxarı səviyyəli korrupsiya problem olaraq qalıb. Transparency International korrupsiyanın ölkədə geniş yayıldığını bildirib.

Korrupsiya: İqtisadiyyatın əksər qeyri-neft sektorlarındakı inhisarçılıqdan bəzi yüksək vəzifəli məmurların ailələrinin faydalandığına dair məlumatlar yayılmaqdadır. İl ərzində hökumətdə korrupsiya faktı ilə bağlı bəzi hallarda cinayət işi qaldırılsa da, çox az vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Yalnız bir halda Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov prezident tərəfindən vəzifəsindən azad edildikdən sonra, aprelin 23-də vəzifə saxtakarlığı və mənimsəmə ittihamları ilə həbs olunub. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Korrupsiyaya görə 3 il müddətinə azadlıqdan məhrum edilmiş sabiq millət vəkili Gülər Əhmədova mayın 5-də, cəzasının 6-cı ayında şərti cəza ilə azadlığa buraxılıb. Məhkəmə bu qərarı verərkən, onun üç dəfə millət vəkili seçildiyini, sosial və siyasi fəaliyyətini, səhhətini, öhdəsində azyaşlı uşaq olduğunu və bunun Gülər Əhmədovanın ilk məhkumluğu olduğunu əsas gətirib. 2005-ci ildə çəkilmiş videogörüntüdə Əhmədova deputat mandatı vəd etdiyi şəxsdən 1 milyon dollar qoparmağa çalışırdı.

Hüquq-mühafizə orqanlarında da korrupsiya problemi qalıb. Hərçənd yerli QHT-lər yol polisinin rüşvətə əvvəlkindən daha az meyl etdiyini bildiriblər. Ümumilikdə, aşağı məvacib polis sistemində korrupsiyaya töhfə verməkdə davam edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin 9 ayı ərzində 48 korrupsiya faktı ilə bağlı 78 polis əməkdaşına qarşı intizam tənbehi tədbiri görülüb. 35 nəfər polis orqanlarından xaric olunub, 28 polis əməkdaşı isə vəzifəsindən azad edilib. Bu işlərin heç birində polis əməkdaşı cinayət məsuliyyətinə cəlb olunmayıb.

Cəmiyyətdə geniş yayılmış bir fikir var ki, rüşvət verməklə hərbi xidmətdən yayınmaq və ya daha asan hərbi xidmət keçmək mümkündür.

Hesabatda hökumətin altı ASAN xidməti yaratdığı, bununla da aşağı səviyyədə korrupsiyanı azaltmağı hədəflədiyi vurğulanır.

Baş Prokurorluğun nəzdində olan Antikorrupsiya İdarəsi il ərzində 206 korrupsiya faktı ilə əlaqədar 333 nəfərin işini məhkəməyə göndərib.

Ədliyyə Nazirliyi 68 işçisinə qarşı intizam tənbehi tədbiri görüb. 8-i işdən qovulub, 22-si daha aşağı vəzifəyə keçirilib, 12-sinə xəbərdarlıq edilib, 26-sına isə töhmət elan olunub.

Maliyyə hesabatı: Qanun vəzifəli şəxslərin özlərinin maliyyə vəziyyəti barədə hesabat vermələrini tələb edir. Ancaq hesabat vermə prosesi mürəkkəb və qeyri-şəffafdır. İctimaiyyətin həmin hesabatlar barədə məlumatı yoxdur. Hesabat verməməyə görə qanunda inzibati cəza müəyyən olunsa da, sanksiyalar reallıqda heç kimə tətbiq edilmir.

Qanuna dəyişiklik edilməklə, şirkət təsisçilərinin adlarını və onların kapital investisiyasının məbləğini açıqlamaq qadağan olunub. Tənqidçilər deyirlər ki, bu dəyişiklikdə məqsəd rəsmi şəxslərin biznes maraqları barədə jurnalist araşdırmalarını boğmaqdır və qadağa əslində cəmiyyətin informasiya əldə etmək imkanını məhdudlaşdırır.

İnformasiya əldə etmə: Qanun ayrı-ayrı fərdlərin və təşkilatların hökumət informasiyalarına çıxışına təminat versə də, hökumət çox vaxt buna icazə vermir. Vətəndaşların bununla bağlı məhkəməyə müraciət etmək hüququ olmasına baxmayaraq, məhkəmələr ümumilikdə dövlət idarələrinin informasiya verməkdən imtina barədə qərarlarını dəstəkləyirlər.

Hakimiyyət ölkədə korrupsiyaya qarşı məqsədyönlü iş aparıldığını bildirir, bu istiqamətdə qəbul olunmuş qanunvericilik aktlarını sadalayr. Hökumət ABŞ Dövlət Departamenti hesabatının konkret bu hissəsinə reaksiya verilməsə də, ümumilikdə sənədin yanlış məlumatlar əsasında hazırladığını bəyan edib.

XS
SM
MD
LG