Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:49

Hacı Məmmədov iki nəfərin siyasi sifarişlə qətlə yetirildiyini deyir


Çoxsaylı adam oğurluğu və qətllərdə ittiham olunan Hacı Məmmədov noyabrın 14-də keçirilən məhkəmə prosesində Rövşən Əliyev və Fətulla Hüseynovun siyasi sifarişlə qətlə yetirildiyini deyib.


AFFA-nın vitse-prezidenti, polis polkovniki Fətulla Hüseynov da, Respublika Prokurorluğunun İstintaq İdarəsinin rəis müavini, kriminalist Rövşən Əliyev də yaşadıqları binanın qarşısında qətlə yetirilmişdilər. Bununla belə, Hacı Məmmədov sifarişçinin kimliyi haqda heç nə deməyib. O, bu haqda məhkəmə iştirakçılarının da məlumatlı olduğunu bildirib.


Noyabrın 14-də prosesdə həmçinin Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi müavini Cavadağa Sultanov ifadəsini davam etdirib. Hacı Məmmədov Cavadağa Sultanovu istintaq üçün əhəmiyyətli ola biləcək foto şəkilləri gizlətməkdə, korrupsiya və soyğunçuluqda ittiham edib: «Bizim soyduğumuz adamlar «CİP»də gəzir, Cavadağa Sultanovun soyduğu adamlar isə kirayədə qalır».


Günün sonunda isə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Azər İsmayılovun qətli ilə bağlı şahid qismində «İnterpol»un Azərbaycan bürosunun rəhbəri Məmməd Mikayılov ifadə verib. Həmin dövrdə Xətai Rayon Polis İdarəsinin rəisi olan cənab Məmmədovun dindirilməsi qapalı şəkildə keçirilib.
XS
SM
MD
LG