Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:36

İntiqam Əliyevin vəkilinin əlini tutdular


İntiqam Əliyev
İntiqam Əliyev

-

Bakı Apellyasiya Məhkəməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib.

Prosesi iyulun 6-da hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilib. İntiqam Əliyevin şikayəti üzrə ilkin iclas olub.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, iclasda bir neçə vəsatət qaldırılıb.

VƏSATƏTLƏR TƏMİN OLUNMAYIB

Məhkəmədən İntiqam Əliyevin şüşə kameradan çıxarılıb müdafiəçisinin yanında oturmasına, o cümlədən prosesin audio və video yazısının aparılması, həmçinin tam məhkəmə istintaqı aparılmaqla apellyasiya şikayətinə baxılması istənilib.

Cavad Cavadov məhkəmədən xahiş edib ki, Varşava Universitetinin professorunun xəttin yoxlanması üzrə apardığı ekspertizanın rəyi işə daxil edilsin. Ekspertiza müəyyən edib ki, Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabından pulların çıxarılması barədə banka təqdim olunan imzalar İntiqam Əliyevə məxsus deyil. Vəkil bu sənədin araşdırılmasını xahiş edib.

Hakim İntiqam Əliyevə söz verərkən hüquq müdafiəçisi pis eşitdiyini deyib və vəkili ilə yanaşı oturmaq istədiyini bildirib.

Hakim vəsatətlərin heç birini, o cümlədən İntiqam Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti də təmin etməyib.

NƏZARƏTÇİNİN ETİRAZ DOĞURAN DAVRANIŞI

Prosesdə gərginlik də yaşanıb. Vəkil Cavad Cavadov İntiqam Əliyevlə məsləhətləşmək istədiyini bildirəndə məhkəmə nəzarətçiləri buna imkan verməyiblər və onun əlini tutmaq istəyiblər. Bu, Cavadovun və Əliyevin etirazına səbəb olub.

Hətta hakimin mane olmamaq çağırışından sonra belə nəzarətçilərdən biri şüşə kameraya daxil olub ki, bu da müttəhimin vəkili ilə məxfi ünsiyyət hüququnun pozulması kimi qiymətləndirilib.

Növbəti məhkəmə prosesi iyulun 21-ə təyin olunub.

İntiqam Əliyev 2014-cü ilin avqustunda həbs olunub. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı və qanunsuz sahibkarlıqda ittiham edərək 7,5 il müddətinə azadlıqdan məhrum edib..

İntiqam Əliyev bütün ittihamları rədd edərək həbsini siyasi motivli sayır.

"Amnesty İnternational" təşkilatı İntiqam Əliyevi ”vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG