Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:15

Sonuncu kafe hekayəçisi vəfat edib


Abu Shadi
Abu Shadi

-

"Hekayənin kulminasiyasına çatanda birdən gözlərini bərəldir, qamçısını qaldırırdı havaya, ŞARAPP!"

Əbu Şadi kimdir?

Bu günlərdə Əbu Şadinin (Abu Shadi) vəfat etdiyini eşitdim.

Suriyada yaşayan, keçən il Bakıya köçmüş azərbaycanlı Ehtiram Səmədov dedi ki, Əbu Şadi keçən il, 2014-cü ildə köçüb dünyadan.

Onu həyatda görməmişdim. Çoxlu videosuna baxmışdım.

Əlində qamçı tutub otururdu Dəməşqin qədim “Al Nofara” kafesindəki hündür kürsüsündə, hekayə danışırdı. Camaat tünd çay və sulu qəlyanın müşayiətilə qulaq asırdı Əbu Şadiyə.

Hekayənin kulminasiyasına çatanda birdən gözlərini bərəldir, qamçısını qaldırırdı havaya, ŞARAPP! Kompüterin qarşısında oturduğum yerdə dik atılırdım. Ancaq müştəriləri gülmək tuturdu.

Ehtiram Səmədov deyir ki, əvvəllər, 20-ci əsrin əvvəlində hər kafedə bir “hekavat” oturarmış. Kino, televiziya meydanı tutduqca kafelər canlı hekayəçilərdən imtina edib, onların yerinə televizor qoyublar. Təkcə Əbu Şadi qalmışdı beş yüz illik "Al Nofara" kafesində.

Bu hekayəçiləri təsəvvür etmək üçün bizim dastan danışan aşıqları xatırlamaq olar... Şifahi, danışılan hekayə ənənəsinin itməsindən narahat olan bəzi turistik agentliklər Əbu Şadinin ərəbcə danışılan hekayələrinə ingiliscə alt-yazılar qoyublar videolarda.

Alt-yazılar danışılan hekayəyə nəzərən çox tənbəldir. Hekayəçinin ərəbcə min sözündən sonra ingiliscə bir qısa cümlə peyda olur aşağıda.

Abu Shadi
Abu Shadi

Yalnız ümumi məzmunu başa düşmək olur.

Sevgi, şərəf, namus, ləyaqət uğrunda mübarizədən danışan xalq rəvayətləri ilə hekayəçinin fantaziyasının birləşməsindən doğan hekayələrdir bunlar.

Hekayə - hekayədir; istər Avropada mükafat udan hekayə kitabı olsun, istər Şəhrizadın dilində, istərsə də ərəbin kafesində danışılan hekayə.

Bəşəriyyətin vahid bir hekayə başlanğıcı olduğuna şübhə yoxdur. İnsanların təbiətində eyni cür hekayələri dinləmək yanğısı var.

Bu hekayələrin hamısında münaqişə var, xarakterlər var, mübarizə var, qamçı şappıldatmaq var.

Bir videoda Əbu Şadinin hekayəsi belə bir subtitrlə tərcümə olunur: Şair, qul, amma döyüşdə, cəsarətdə əsl cəngavər olan İbn Şəddad xalası qızı Ablahı sevir.

İbn Şəddad qul olduğuna görə, bu məhəbbət qadağandır. Sevgilisinə qovuşmaq yolunda 10 hissəlik bu hekayənin hər hissəsində onun başına bir müsibət gəlir.

Ehtiram bəy deyir ki, Suriyada oxumuş adamlar Əbu Şadiyə eynilə bizdə camaatın aşıqlara baxdığı kimi, qeyri-ciddi yanaşırdılar. Onun hekayələri köhnədir, camaat onları daha əzbər bilir.

Ömrünün son illərində Əbu Şadi də Suriyadakı hadisələrdən əziyət çəkib, müharibə şiddətlənəndə Livana qaçıb.

2014-cü ildə geri qayıdıb, vəfat edib.

Oxu zalı

XS
SM
MD
LG