Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:22

Arif Yunusun başında böyük bir şiş var...


Leyla Yunus məhkəmədə
Leyla Yunus məhkəmədə

-

«Onları görəndə qəlbimə qarışıq hisslər doldu. Axı onları belə alçaldıcı durumda görmək ağrılı idi, qatı cinayətkarlar kimi qəfəsə salınmışdılar.

Ancaq qəribə şəkildə sevinirdim də – indi qızları Dinaraya danışacaqdım ki, valideynləri bütün yaşantılardan sonra azı bir neçə saat bir yerdə oldular, əl-ələ tutdular».

Avropa Parlamentinin Hollandiyadan olan üzvü Kati Piri Leyla və Arif Yunusların iyulun 15-də başlayan məhkəməsindən yazır.

Kati Piri məhkəməni izləmək üçün bazar ertəsi artıq Bakıda idi.

Ancaq proses iki gün sonraya ertələnib deyə, o da səfərinin müddətini uzadıb, QHT təmsilçiləri, müxalifətçilər, Avropa səfirlikləri təmsilçiləri ilə görüşüb. Çərşənbə günü isə məhkəmə zalı çox kiçik olduğundan içəriyə cəmi 30 nəfər buraxılıb, qalanları bayırda gözləməyə məcbur qalıb. «İlk bir saat ərzində cütlük bir-birilə söhbət edirdi.

Sonra Leyla ayağa qalxıb ətrafa baxdı ki, görsün kim var.

O, jurnalistlərə ərinin tibbi müalicəyə ehtiyacı barədə xəbəri çatdıra bildi.. Özünün də ciddi sağlıq problemləri var. Ancaq daha çox ərinin səhhətindən narahat görünürdü. Dedi ki, Arifin başında böyük bir şiş var və dərhal yoxlanılmalıdır. O, 11 aydır dərmansız yata da bilmir», - deputat yazır.

Prosesin sonunda Kati Piri Leyla Yunusa deyib ki, bir çoxları bu prosesi izləyir və onların ədalətli savaşını dəstəkləyir. Xanım Yunus beynəlxalq ictimaiyyəti prosesi izləməyə çağırıb. Vəkillər prosesin iki ayadək çəkə biləcəyini deyirlər.

«Ümidvaram məhkəməyə getməyimlə Leyla və Arifə möhkəm dayanmaq mesajı verdim və göstərdim ki, dünya onları unutmayıb. Biz Leylanın, Arifin, İntiqamın, Rəsulun, Xədicənin və Azərbaycandakı bütün siyasi məhbusların dərhal azadlığa buraxılması çağırışlarını davam etdirməliyik.

Gözəl və qonaqpərvər xalqı olan bu ölkə tənqidi səslərə təzyiqlərlə beynəlxalq nüfuzunu zədələyir», - avropalı deputat yazır.

ABŞ-IN AZƏRBAYCAN SİYASƏTİ NECƏ FORMALAŞIR

«New America» saytı Azərbaycanın lobbiçilik fəaliyyətinə dair Lincoln MitchellMichael Cecire-nin məqaləsini dərc edib:

«Lobbiçilik, ABŞ-ın xarici siyasəti necə işləyir, yaxud Azərbaycan kimi qeyri-demokratik (həm də bu sahədə tək olmayan) ölkə ABŞ-ın dəstəyindən necə yararlanır? Əslində lobbiçilik problem deyil. Ancaq bu, daha dərin məsələlərin – Qərbdə Azərbaycanın strateji dəyərinə dair çoxdan köhnəlmiş siyasi fərziyyələrin əlaməti sayıla bilər...

Arif və Leyla Yunuslar qızları Dinara ilə
Arif və Leyla Yunuslar qızları Dinara ilə

Azərbaycanın aşırı lobbiçiliyi haqda məlumatlar siyasətin pulla idarə olunması barədə bəzi stereotiplərimizi təsdiqləyir.

Azərbaycanın lobbiçiləri ilə sıx münasibətləri olan konqresmenlər də yəqin Azərbaycandakı rejimi dəstəkləyəcək, onu olduğundan daha demokratik təqdim edəcək…

«Kürü» səfərlərindən qayıdan bəzi qanunvericilərin Bakını dəstəkləyən qətnamələr qəbul etməsi açıq-aşkar onların təsirə məruz qaldığını göstərir. Azərbaycanın lobbiçiləri ilə sıx münasibətləri olan konqresmenlər də yəqin Azərbaycandakı rejimi dəstəkləyəcək, onu olduğundan daha demokratik təqdim edəcək…

Foto illüstrasiya
Foto illüstrasiya

Ancaq ABŞ siyasətini Azərbaycanın lobbiçilik cəhdlərinə bağlamaq da reallıqdan uzaqdır, belə ki, lobbiçilər güclü olsalar da, xarici siyasəti onlar müəyyənləşdirmirlər.

Onlar Vaşinqtonun siyasi icmasından müstəqil də hərəkət etmirlər. İstənilən lobbiçinin ən vacib aləti hökumətdə münasibətlər şəbəkəsidir. Bir qayda olaraq lobbiçilər həmin münasibətlərini təhlükəyə atmırlar».

Müəlliflər tanınmış «Podesta Group» lobbi firmasının Azərbaycandan ayda 50-75 min dollar aldığını yazır. «Belə bir nüfuzlu firmanın Azərbaycandan kontraktı qəbul etməsi göstərir ki, repressiv siyasətinə baxmayaraq, Azərbaycanın Vaşinqtonda mövqeyi nisbətən yaxşıdır...

ABŞ-ın Azərbaycana dostyana siyasətinin izahı nədir? Qısa cavab – enerjidir. Azərbaycan dünyada 23-cü neft və 33-cü qaz istehsalçısıdır. Ən vacibi isə Azərbaycanın alternativ enerji mənbəyi və dəhlizi olmasıdır. Hazırda Avropa Rusiya neft-qazından asılıdır ki, bu da Moskvaya enerji monopoliyası bəxş edib».

Ancaq müəlliflər Azərbaycanla bağlı bir sıra arqumentlərin dəyişdiyini, əvvəlki kimi qalmadığını yazır. Belə ki, ölkədə neft istehsalı düşməkdədir; Rusiya və İranla münasibətləri yaxşılaşır, yəni bu iki ölkəyə qarşı potensial təhlükəsizlik plasdarmı olması fikri qüvvədən düşür və s.:

«Azərbaycanın ABŞ və Avropadakı kirayələdiyi silahlar (lobbiçilər) köhnə fərziyyələr əsasında siyasət qurur. Lobbiçilər ölkənin xarici siyasətində son dəyişiklikləri ola bilsin gözdən qaçırıblar. Elə ABŞ və Qərb siyasətçiləri də köhnə kitabı vərəqləməkdədir. Azərbaycanla bağlı bir çox məsələlərdə əsas qayda «pulun izinə düşməkdir». Ancaq bu halda pulun izinə düşmək məsələyə aydınlıq gətirməkdənsə, işi da qəlizləşdirə bilər».

İlham Əliyev və Recep Tayyip Erdoğan
İlham Əliyev və Recep Tayyip Erdoğan

TÜRKİYƏ VƏ AZƏRBAYCAN AVROPADA "ÖNCÜL" YERDƏDİR

Türkiyə Avropada ən çox jurnalistin həbsdə olduğu ölkədir. Bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) cümə axşamı yaydığı hesabatda bildirib. Qurum Türkiyəni ifadə azadlığını kriminallaşdıran qanunlarda islahat aparmağa çağırır.

ATƏT-in hesabatına görə, Türkiyədə hazırda 21 media təmsilçisi həbsdədir. Ancaq bu sahədə irəliləyiş var. Belə ki, 2012-ci ildə 95 jurnalist həbs olunmuşdu.

«Bundan başqa, bir çox jurnalist və sosial media istifadəçisinin işi məhkəmədədir və onlara da həbs cəzası kəsilə bilər», - ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunja Mijatovic deyib.

12 jurnalistin həbsdə olduğu Azərbaycan isə Avropada ikinci yeri tutur. Bunu da ATƏT rəsmiləri bildirir.

Hakimiyyət təmsilçiləri isə ölkədə heç bir jurnalistin peşə fəaliyyətinə görə həbs olunmadığını, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldğını bəyan edir.

XS
SM
MD
LG