Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:45

Azərbaycanın reytinqi uçurumun bir addımlığında


-

Azərbaycan “BBB-“ səviyyəsindən 1 pillə aşağı düşsə, investisiya səviyyəsini itirəcək...

Maliyyə Nazirliyi "Standard and Poor’s" reytinq agentliyinin Azərbaycanın beynəlxalq kredit reytinqi və onun proqnozu ilə bağlı açıqlamasını müsbət qarşılayıb.

Agentlik Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya “BBB-” səviyyəsində saxladığını təsdiq edib, reytinqin proqnozunu isə əvvəlki qiymətləndirmədəki kimi “mənfi” saxlayıb.

Bəzi ekspertlər isə hesab edirlər ki, Azərbaycan hər an qeyri-investisiya mövqeyinə düşə bilər.

Nazirliyin açıqlamasında deyilir ki, “S&P” tərəfindən Azərbaycan Respublikasına əvvəllər daha münbit iqtisadi şəraitdə verilmiş kredit reytinqinin investisiya səviyyəli “BBB-”da saxlanması “qlobal iqtisadi artımın azalması, Azərbaycanın da daxil olduğu regionda mürəkkəb iqtisadi vəziyyət, xammal məhsullarının, o cümlədən neft və neft məhsullarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda ölkə iqtisadiyyatının öz dayanıqlığını qoruyaraq sabit inkişaf kursunu davam etdirdiyinin əyani sübutudur”.

Agentliyin yaydığı hesabatda reytinqin təsdiq edilməsi enerji qiymətlərinin kəskin enməsi və gəlirlərinin azalmasına baxmayaraq Azərbaycanın möhkəm fiskal və xarici mövqeyini saxlaması və ölkənin xarici borc səviyyəsinin xeyli aşağı olması ilə əsaslandırılır.

Eyni zamanda agentlik bildirir ki, Azərbaycanın xarici mövqeyinin sabit qalacağı və mövcud fiskal mühitin daha da sağlamlaşdırılacağı təqdirdə reytinq üzrə proqnoz “sabit” səviyyəsinə qaldırıla bilər.

Samir Əliyev
Samir Əliyev

İqtisadçı ekspert Samir Əliyev AzadliqRadiosuna deyib ki, S&P-nin Azərbaycanın reytinq səviyyəsini indiki səviyyədə saxlaması normaldır:

“Bu səviyyənin aşağı salınması da baş verə bilərdi. çünki neftin ucuzlaşması fonunda dövlət maliyyəsi kəskin azalıb və büdcənin icrasında çətinliklər yaranıb”.

Fevral ayında aparılan devalvasiya isə maliyyə sektorunda problemlər yaradıb. Ölkənin maliyyə sabitliyi kənar təsirlərə həssaslığını artırıb. Ekspert hesab edir ki, belə vəziyyətdə S&P-nin qiymətləndirməsini müsbət dəyərləndirmək olar. İnvestisiya reytinqində ən sonuncu pillədə olmağımıza rəğmən, hələ ki, hökumət ölkənin investisiya mövqeyini qoruyub saxlaya bilir.

Samir Əliyevin sözlərinə görə, Azərbaycanın mövcud mövqeyi xüsusi istisnalar olmaqla dövlət qurumlarının da öz mövqeyini qorumasına dəstək ola biləcək. Xüsusilə də ARDNŞ, "Azərsu", "Azərişıq" və “Azərbaycan Dəmir Yolu” kimi kommersiya qurumları mövqelərini qorumaq şansı əldə edəcəklər.

Eyni zamanda ekspert bu qənaətdədir ki, Azərbaycan hər an qeyri-investisiya mövqeyinə düşə bilər və bu, ölkənin kredit nüfuzunu zədələyə bilər. Bu ehtimalı neqativ proqnozun verilməsi möhkəmləndirir.

Hər şey dünya bazarındakı vəziyyətdən və hökumətin addımlarından asılı olacaq. Dünya bazarında neft ucuzlaşmaqda davam edərsə, ölkədən kapital axını sürətlənərsə, milli valyuta yenidən təhlükə ilə üzləşə bilər.

Qeyd edək ki, S&P agenliyinin mövqeyi bir sıra hallarda müstəqil ekspertlərin mövqeyi ilə üst-üstə düşür. Çünki yerli ekspertlər də Dövlət Neft Fondunun aktivlərinin azalacağını, inflyasiya səviyyəsinin artacağını, dövlət büdcəsinin tam icra olunmayacağını qeyd edirlər.

“Hər şey dünya bazarındakı vəziyyətdən və hökumətin addımlarından asılı olacaq. Dünya bazarında neft ucuzlaşmaqda davam edərsə, ölkədən kapital axını sürətlənərsə, milli valyuta yenidən təhlükə ilə üzləşə bilər. Bu da maliyyə dayanıqlığına mənfi təsir göstərər, bank sektorunun çökməsinə, inflyasiyanın idarəolunmaz həddə çatmasına səbəb ola bilər” - Samir Əliyev belə hesab edir.

Lakin hökumət islahatlara getməklə neqativ təsirləri minimuma endirə bilər. Ümumən götürəndə hökumətin fiskal konsolidasiyaya, yəni büdcə xərclərinin səmərəliliyinin artırılmasına getməsinin vacibliyini həm beynəlxalq maliyyə qurumları, həm də müstəqil ekspertlər vurğilayırdı.

Görünür, infrastruktur obyektlərinə milyardlarla dövlət sərmayəsini yönəltməyə adət etmiş hökumət bu il buna getməli olacaq.

Bu ilin sonunda S&P Azərbaycanın reytinqinə yenə baxacaq.

Transparency.az bildirir ki, “BBB-“ səviyyəsi və ondan yuxarı səviyyələr investisiya ediləcək səviyyə kimi qəbul edilir. Ondan aşağı olan “BB+” və sonrakı səviyyələr investisiya edilməyən səviyyə adlandırılır. Azərbaycan “BBB-“ səviyyəsindən 1 pillə aşağı düşsə, investisiya səviyyəsini itirəcək.

Ölkələrin kredit reytinqi investisiya mühitinin risk səviyyəsini ifadə edir. Beynəlxalq reytinq təşkilatlarının meyarları içərisində ölkənin böyümə potensialı və iqtisadi sabitliyi, xarici siyasəti, siyasi gündəmdəki risklər, Mərkəz Bankın müstəqillik dərəcəsi kimi dəyərləndirmələr yer alır.

XS
SM
MD
LG