Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:00

Hökumət Britaniyanın bəyanatını rədd edib


Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev
Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev

Azərbaycan XİN-in bəyanatında deyilir ki, rəsmi London Leyla və Arif Yunus barədə məhkəmə hökmlərini siyasiləşdirir

Azərbaycan Xarici İşlər Nazirliyi Böyük Britaniya və Şimali İrlandiya Krallığının Avropa məsələləri üzrə naziri David Lidingtonun Leyla və Arif Yunus barəsində məhkəmə qərarına dair şərhlərindəki qeydləri rədd etdiyini bildirib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu xüsusda verdiyi bəyanatda bildirib ki, Azərbaycan tərəfi Leyla və Arif Yunusun məhkəmə hökmünün məqsədyönlü şəkildə siyasiləşdirilməsini və mahiyyətinin təhrif edilməsini qınayır və yolverilməz hesab edir.

Sözçü habelə prosesin izlənməsi üçün məhdudiyyətlərin yaradılması barədə iddiaların da əsassız olduğunu söyləyib.

Azərbaycan XİN: Leyla və Arif Yunusun məhkəmə hökmünün məqsədyönlü şəkildə siyasiləşdirilməsini və mahiyyətinin təhrif edilməsini qınayır və yolverilməz hesab edirik...

O bəyan edib ki, prosesin jurnalistlər, ictimai-siyasi dairələr və diplomatik korpuslar tərəfindən müşahidə olunmasına tam şərait yaradılıb.

Leyla və Arif Yunusun səhhəti ilə əlaqədar iddiaya gəlincə isə, Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, 2014-cü ilin dekabr ayından etibarən Leyla Yunus Almaniyanın Charite xəstəxanasının həkimi professor Kristian Vittin və onun rəhbərlik etdiyi həkim qrupunun müayinəsi altında olub.

“Professor Kristian Vitt hal-hazırda yenə də Azərbaycandadır və Leyla və Arif Yunusa təkrar baxış həyata keçirəcəkdir” – deyib sözçü.

Azərbaycan öhdəliklərinə əməl etmir

Böyük Britaniya XİN-in Leyla və Arif Yunusun məhkəməsi haqqında verdiyi bəyanatda hökmün siyasi motivli olduğu, prosesdə xarici diplomatların iştirakına əngəllər yaradıldığı bildirilirdi.

Bəyanatda həmçinin Leyla və Arif Yunusun səhhətlərinin narahtlıq doğurduğu qeyd olunurdu.

“Biz Azərbaycanda insan haqlarının pis vəziyyəti barədə narahatlığımızı bildiririk və gələcəkdə də bu sahədə baş verən hadisələri izləməkdə davam edəcəyik” - deyilir Britaniya hökumətinin bəyanatında.

Bəyanat Azərbaycanı üzərinə götürdüyü öhdəliklərə, habelə qanunun aliliyinə hörmət etməyə çağırır

Bəyanat Azərbaycanı üzərinə götürdüyü öhdəliklərə, habelə qanunun aliliyinə hörmət etməyə və insan haqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün konkret addımlar atmağa çağırır.

Britaniya XİN-in bəyanatında həmçinin Azərbaycanın vətəndaş cəmiyyətinin başqa görkəmli nümayəndələrinin – jurnalist Xədicə İsmayılovanın, insan haqları müdafiəçisi İntiqam Əliyevin və demokratiya kampaniyaçısı Rəsul Cəfərovun da məhbus edilməsi pislənir.

Bəyanatda siyasətçi İlqar Məmmədovla həbsxanada pis rəftar edildiyindən narahatlıq ifadə olunur.

XS
SM
MD
LG