Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:27

Kişi futbolçuların edə bilmədiyini qadınlar bacaracaqmı?


Azərbaycanın futbolçu qadınları meydana çıxır, 25 iyul 2006
Azərbaycanın futbolçu qadınları meydana çıxır, 25 iyul 2006

Azərbaycanın qadınlardan ibarət futbol yığmasını yerli mütəxəssislər hələ çox zəif saysalar da, yığma bu günlərdə Avropa çempionatının seçmə turnirində iştirak etmək imkanı qazanıb. Tarixində ilk dəfə olaraq Azərbaycanın qadın futbol yığması Avropa çempionatına qatılmaq imkanı verən 5 yer uğrunda mübarizə aparacaq 20 komanda arasına düşüb. İndi komanda təsnifat oyunlarının keçirildiyi Rumıniyadadır. Qrup mərhələsində rəqibləri isə Rumıniya, Estoniya və Bolqarıstan komandalarıdır.


Maliyyə problemləri üzündən xanım futbolçular turnir ərəfəsi xarici ölkələrdən olan həmkarlarıyla yoldaşlıq görüşlərinə çıxmasalar da, Bakıda məşqlər keçiriblər. Oyunları elə kişilərsayaqdır.


Azərbaycanda qadınlardan ibarət yığma komanda ölkə çempionatında çıxış edən 3-4 komandanın oyunçularından qurulub. Xanımların Avropa çempionatını seçmə turnirində gözlədikləri isə az deyil. AFFA rəhbərliyi də onların qarşısına ilk mərhələni adlamaq vəzifəsini qoyub. Futbolçulardan Günay deyir ki, əcnəbi həmkarıyla oynamaq təcrübəsi daha çox yoldaşlıq görüşlərində olub. O, inanır ki, qrup mərhələsində qızlar öz sözlərini deyə biləcəklər:


«Mən zədəli ayağımla Almaniya komandasının qapısına qol vurmuşam. Ehtiyatda oturmuşdum, sonuncu dəqiqədə oyuna çıxdım və qol vurmuşam. Başla vurmaq çox xoşuma gəlir. Bizim qızlar qarşılarına qoyduqları məqsədə çatırlar. İnanıram ki, irəli gedəcəyik».



«Mən zədəli ayağımla Almaniya komandasının qapısına qol vurmuşam. Ehtiyatda oturmuşdum, sonuncu dəqiqədə oyuna çıxdım və qol vurmuşam. Başla vurmaq çox xoşuma gəlir. Bizim qızlar qarşılarına qoyduqları məqsədə çatırlar. İnanıram ki, irəli gedəcəyik»
Futbol mütəxəssisi Seymur Ağayev isə deyir ki, Azərbaycan qadınlarının futbol oynaması hələ heç Bakı stadionlarında alınmır. Onun fikrincə, beynəlxalq turnirlərdən uğur gözləmək sadəlövhlükdür: «Almaniyada, Danimarkada qadın futbolu güclüdür. Bizim kişi komandalardan yaxşı oynayırlar. Azərbaycanda qadın futboluna maraq azdır, gələcəyi də yoxdur».

Qadın Futbol Federasiyasının prezidenti Asim Xudiyev isə bu fikirlərlə razı deyil. Asim Xudiyev deyir ki, doğrudur, təcrübə yoxdur, ancaq, inkişafın olmadığını demək də düz olmaz: «Artıq 2-3 ildir ki, Azərbaycanın 19 yaşlı qızlardan ibarət yığma komandası Avropa çempionatında iştirak edir. Komanda 42 ölkə yığmaları ilə yarışır. Beynəlxalq turnirlər nə qədər çox olsa yaxşıdır. Bu yarışlar Azərbaycanda qadın futbol növünün kütləviliyinə səbəb olacaq».


Asim Xudiyev deyir ki, Avropa çempionatı Azərbaycanın xanım futbolçuları üçün turist səfəri olmayacaq.


İndi məşqçilik edən, vaxtilə özü də futbolçu olmuş Kəmalə İbadova da Azərbaycanın qadın futbolçularının beynəlxalq turnirlərdə çıxışlarından fərəhlənir. Ancaq bir məşqçi kimi onu narahat edən qadın futbolunun gələcəyidir: «Çətin işdir. Qızlar oğlanlar kimi deyil. Oğlanlar kiçik yaşlarından oynayır. Qızlarda isə belə deyil». Kəmalə İbadova fikirləşir ki, çətinliyi məktəblilər arasında futbola marağı olan qızları seçib komandalar hazırlamaqla ardan qaldırmaq olar.


Azərbaycanda qadın futbolunun tarixi sovet dövrü ilə bağlıdır. 1980-ci illərdə SSRİ-də qadınlar arasında futbolu inkişaf etdirmək üçün futbol komandaları yaradılmağa başlayanla Bakıda da bir neçə komanda yaranmışdı. SSRİ dağılandan sonra bu sahədə başqa MDB ölkələrindəki inkişaf isə Azərbaycanda olmadı. 2003-cü ildə ölkədə qadın futbolunu dirçəltmək üçün Qadın Futbol Federasiyası yaradıldı və o vaxtdan ildə bir dəfə ölkə çempionatı keçirilməyə başlandı. Yığma komandanın formalaşması isə Azərbaycana gələcəkdə futbol üzrə qadınlar arasında keçirilən dünya çempionatlarında iştirak etmək imkanı da yaradır. Yarızarafat, yarıgerçək belə fikirlər də səslənir ki, nə bilmək olar, bəlkə kişi futbolçuların edə bilmədiyini qadın futbolçular bacardı.


Avropa çempionatının seçmə mərhələsi noyabrın 23-də başa çatacaq. Elə bundan sonra Azərbaycanın qadın futbolçularının qrupdan çıxıb-çıxmayacağı məlum olacaq.


XS
SM
MD
LG