Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:00

Manat üçün təhlükə artır


Foto illüstrasiya
Foto illüstrasiya

-

Neftin dünya bazarında qiymətinin ucuzlaşması manat üçün təhlükə yaratmaqda davam edir. Hazırda Azərbaycan neftinin qiyməti 50 dollardır. Bu isə qarşıdakı dövrdə təkrar devalvasiyanı qaçılmaz edir.

Bunu aznews.az saytına iqtisadçı Samir Əliyev deyib.

Ekspertin fikrincə, manat üçün ikinci ən böyük təhlükə kapital axınıdır:

«Hazırda kapital axını açıq və gizli şəkildə özünü göstərir. Xarici ölkələrin daşınmaz əmlak bazarına yatırılan pullarla bağlı açıq məlumatlar var. Son dövrlər Türkiyə, Yunanıstanda daşınmaz əmlak alanların sayı artıb. Sahibkarların məcburi şəkildə kreditlərin ödənişinə cəlb edilməsi də göstərdi ki, sahibkarlar ölkəmizdə bizneslərinin gələcəyinə şübhə ilə baxır. Bu da göstərir ki, ilin əvvəlində likvid kapital axırdısa, hazırda qeyri-likvid kapital ölkədən axmaqdadır. Bu da qarşıdakı aylarda manat üçün böyük təhlükədir».

BAHALAŞACAQ

«Ölkə yeni bahalaşma dalğasına hazır olmalıdır».

Bunu «Bizim Yol» qəzetinə müsahibəsində iqtisadçı-ekspert Qubad İbadoğlu deyib:

«Yay aylarında mövsümi amillərlə əlaqədar olaraq, xüsusilə də kənd təsərrüfatı məhsullarının qiymətində ucuzlaşma qeydə alınsa da, son qiymətləndirmələr payız və qış aylarında daha yüksək inflyasiya gözləntisinin olduğunu göstərir. Çünki artıq mövsümi amillər qiymətlərə artırıcı təsir göstərməyə başlayıb. Bununla yanaşı, ərzaq bazarında hökmran mövqeyə malik olan şirkətlər yeni qiymət siyasəti ilə daha yüksək inflyasiyanı stimullaşdırmağa başlayıblar. Odur ki, həm biznes və həm də istehlakçılar yeni inflyasiya dalğasına hazır olmalıdır. İnflyasiyanın artımının yeni dalğası həm əhalinin və həm də biznesin xərclərini artırmaqla Mərkəzi Bankın kredit faizlərinin aşağı düşməsi ilə əlaqədar verdiyi son qərarlarının əhəmiyyətini də xeyli kiçildəcək və sosial vəziyyətin gərginləşməsinə xidmət edəcək».

İŞ HƏMİŞƏ VAR

«Azərbaycan» qəzeti İlham Əliyevin hakimiyyəti dövründə açılan iş yerlərindən yazır:

«Qarşıdakı 5 ildə 600 min yeni iş yeri açmağa söz verən cənab İlham Əliyev bu məqsədinə vaxtından tez çatdı. Artıq 2003-2009-cu illərdə ölkədə 840 mindən çox yeni iş yeri açıldı və yoxsulluğun səviyyəsi 11 faizə düşdü. 2010-cu ilin yekunlarına görə isə, yoxsulluğun səviyyəsi 9 faizə endi ki, bu da inkişaf etmiş ölkələrlə eyni göstərici demək idi. Bu gün isə Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizdən də azdır və işləmək istəyənlər üçün işsizlik problemi demək olar yoxdur».

XS
SM
MD
LG