Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:45

Qiymətlər azı 10-15 faiz artıb


Son bir neçə gündə paytaxt marketlərində qiymətlər artmağa başlayıb. Bu artım daha çox gündəlik tələbat mallarında, xüsusən də ərzağın qiymətində özünü göstərir.

“P&G” QİYMƏTİ15 FAİZ ARTIRDIĞINI, MARKETLƏRDƏKİ QİYMƏTƏ QARIŞMADIĞINI DEYİR

Marketlərdə qiyməti artırılan məhsullardan biri də Procter &Gambel-ə aiddir. Bu şirkət saç şampunu, sabun, diş məcunu, uşaq bezi, yuyucu toz və başqa məhsulları təqdim edir. Şirkətin AzadlıqRadiosuna göndərdiyi cavabda deyilir ki, onların qiymət artımı marketlərdə göründüyü kimi 35 yox, 15 faizdir:

“P&G’nin təklif edilən qiymət dəyişiklikləri makroiqtisadi şəraitin təsirini və bizim uzun müddətli rəqabət qabiliyyətini təmin etmək niyyətimizi əks etdirir. P&G tərəfindən təklif edilən qiymət dəyişikliyi 15% sərhəddini aşmır. Mağazaların rəflərində olan qiymətlər pərakəndə satıcıların mülahizəsinə əsasən təyin edilir və P&G heç bir halda müştərilərin, pərakəndə satıcıların qiymətləndirmə ilə bağlı qərarlarına təsir etmir. Bir qayda olaraq, biz həmçinin bazar qiyməti barədə də şərh vermirik”, - deyə cavab məktubunda deyilir.

“AZƏRSUN HOLDİNQ” 10 FAİZLİK ARTIMDAN DANIŞSA DA...

“Azərsun Holding” məhsullarını 35 faiz yox, təxminən 10 faizədək qaldırıb.Holdinqin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov AzadlıqRadiosuna belə deyir:

- Bizim məhsulların qiymətinin 25-30 faiz qaldıırlması haqda deyilənlər reallığı əks etdirmir. Yəni baş verənlər dünya bazarında olan trendlərlə əlaqədardır. Dünyada xammalın qiymətində artım və azalmalar olur. Bununla bağlı biz də qiymət tənzimləmələri həyata keçirmişik. Qiymət təkcə artırılmayıb, trendə uyğun bəzisində endirilib. Qiymət dəyişmələri 10 faizə qədərdir. Elə məhsul var 3, elə məhsul var 5, elə məhsul var məcbur qalıb 10 faiz artırmışıq.

- Hansı məhsulların qiymətini artırmalı olmusuz?

- Azərbaycanda istehsal olunmayan və xammalı dünya bazarından alınan, valyutadan asılı olan məhsulları.

- Dəqiqləşdirə bilərik?

- Siz artıq özünüz sadalaya bilərsiniz hansı xammal Azərbaycanda var, hansı yoxdur.

- Siz maksimum qiymət artımının 10 faiz olduğunu desəniz də, marketlərdə artımlar 20-30 faiz görünür axı.

- O bizim məhsullara aid deyil. Bəli, yüz faiz idxaldan asılı məhsullarda bu anlaşılandır. Amma Azərbaycanda istehsal olunan məhsulun 34 faiz bahalanması artıq göstərir ki, sahibkar insaflı davranmır...

- Ekspertlər hesab edirlər ki, şirkətlər qiymətləri tədricən artırmaqda davam edəcəklər. Sizin şirkət də qiymətləri artırmaqda davam edəcəkmi?

- Çində yuanın devalvasiyasından sonra dünyada da artımlar, azalmalar var. Yəni qiymət artımını sırf Azərbaycanla bağlamaq doğru olmazdı. Dünyada iqtisadi böhran yaşanır. Rusiyada rublun başına gələnləri görürsüz. Bu, böyük prosesdir. Bundan ən az etkilənən də (təsirlənən də) Azərbaycandır, mən deyərdim. Dövlət qiymətlərin tənzimlənməsində sahibkarlıq sublyektlərinə kifayət qədər yardım etməyə çalışır, əlavə kreditlər və s. ayırır. Bununla da böhranın Azərbaycan vətəndaşı tərəfindən daha az hiss olunmasına öz töhfələrini verir.

- Manatın devalvasiyasından bir ay sonra sizin şirkətin rəhbəri bəyan etdi ki, qiymətlər təxminən 30-35 faiz qaldırılacaq. Ancaq...

- Xeyr, elə bir açıqlama olmadı. Təəssüf ki, jurnalistlər tərəfindən o cür şərh olundu. Gözəl bəy açıqlamasında demişdi ki, manatın 34 faiz devalvasiyaya getməsi heç də bütün məhsulların 34 faiz devalvasiya olunması demək deyil. O məhsulların qiyməti artacaq ki, idxalı 100 faiz idxaldan asılıdır. Yəni o malın mənbəyi Azərbaycanda yoxdursa, bəli, valyuta nəyi diktə etsə, biz ondan asılı vəziyyətdə olacağıq. Amma elə məhsullar var ki... Artıq Azərbaycanda bir çox məhsulların xammal ehtiyatı yaradılıb, məhsulun 20 faizi ölkədən qarşılanırsa, 80 faizi idxaldan asılıdır, bəzi məhsullarda bu vəziyyət daha ürəkaçandır. Bunun hesabına qiymətləri tənzimləmək mümkün olacaq.

- Dediniz ki, dövlət qiymət tənzimlənməsində özəl sektora yardım edir. Bu müddətdə sizə hansısa yardım göstərilibmi ki, qiyməti artırmayasız?

- Əlbəttə, dövlətdə müvafiq qurumlarla çox davamlı iş, məsləhətləşmələr aparılır. Dövlətimiz bizə verdiyi kreditlərlə, yaratdığı iqtisadi imkanlarla sahibkarlıq subyektlərinin daim yanındadır. Əlbəttə, “Azərsun Holdinq” də dövlətimizin yaratdığı imkanlardan yararlanır, istər vergi güzəştlərindən, istərsə də kreditlərdən. O imkandan, dəstəkdən bizə də pay düşür.

- Amma bununla belə, növbəti aylarda yeni qiymət artımının olub-olmayacağını siz də bilmirsiz?

- Kim deyə bilər ki, iki aydan sonra dünya bazarında neftin qiyməti necə olacaq?..

“VEYSƏLOĞLU”NUN QISA CAVABI

Azərbaycan bazarında topdansatışla məşğul olan ən böyük şirkətlərdən biri də “Veysəloğlu”dur. Şirkətdən qısaca deyirlər ki, qiymət artımı yoxdur.

Son bir neçə gündə məhsulunu təxminən 10-15 faiz artıran “Milla”dan sualımıza cavab ala bilmirik. Dəfələrlə zəng vursaq da, rəhbərliyin məşğul olduğunu, hətta rus dilində “Ni çem ne mojem vam pomoç” cavabını eşidirik.

SUPERMARKETLƏRDƏKİ QİYMƏT

Bakıdakı “Araz” marketdə satıcı xanım deyir ki, qiymət artımı onlardan asılı məsələ deyil: “İnandırım sizi, hamı qiyməti qaldırıb. “Postavşik” qaldırandan sonra biz də məcburuq üstünə qoymağa”.

Şəbəkə şəklində fəaliyyət göstərən başqa marketlərsə bu haqda mərkəzi ofislə danışmağı məsləhət görürlər. Amma bütün səylərimizə baxmayaraq onlar bu haqda danışmağa yox, susmağa üstünlük verirlər. “Favorit”dən deyirlər ki, rəhbərlik istirahətdədir, “Bizim market”dən deyirlər ki, “az sonra sizi rəhbərliklə calaşdırcağıq”, ancaq əlaqə alınmır.

Müştərilərsə bu artımdan narahatdırlar. Deyinə-deyinə qiymətləri gözdən keçirən Gülmaya Quliyevaya yaxınlaşırıq. İki məktəbli övladı olan, özünün ayda 150, həyat yoldaşının 360 manat maaş aldığını söyləyən gənc qadın çaşqın haldadır:

“Maaş artmayıb, amma qiymətləri bala-bala qaldırırlar. Bəs kasıb yazıq neyləsin? Bu gün-sabah məktəb də açılır, mən uşağı məktəbə necə yola salacam? Onun qarnını necə doyuracam, əyin-başını necə təzələyəcəm? Dəftər-kitab da bahalanar yəqin. Gəl bu pula dolan”.

“HÖKUMƏT BÖHRANI ETİRAF ETMİRSƏ...”

“Devalvasiyanın təsirini vətəndaş dərisində indi hiss edir. Bu, gözlənilən idi”, - iqtisadçı Məhəmməd Talıblı belə deyir.

Onun sözlərinə görə, devalvasiyadan sonrakı aylarda qiymət artımının ciddi şəkildə hiss olunmaması iki səbəblə bağlıydı: Avropa Oyunları və bu ərəfədə anbarlarda ehtiyatın olması:

“Amma ehtiyat bitdikdən sonra sahibkar məhsulu 34 faizlik fərqlə almalıydı. Məhsulu baha qiymətə aldıqları üçün baha da satmağa məcbur qalıblar. Sadəcə, proses Avropa Oyunlarına görə bir qədər ertələndi”.

İqtisadçının dediyinə görə, ərzağın bahalanması, digər sektorda da mal və xidmətin qiymət artımına, nəticədə ölkədə bahalaşmaya səbəb olacaq.

Məhəmməd Talıblı hesab edir ki, hökumət böhranla üzləşdiyini etiraf etməlidir və bu yöndə tədbirlər görməli, ilk növbədə antiböhran proqramı hazırlamalıdır. Əks halda hökumət vətəndaşın yanında yox, bazarı tənzimləyənlərin yanında olduğunu göstərəcək.

Bu ilin fevralında Mərkəzi Bank manatın 34 faizlik devalvasiyasını elan edib.

XS
SM
MD
LG