Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:31

Deyəcəksiniz ki, bəs övladları?


Günel Movlud
Günel Movlud

- "Bir gəlini kənd yerində 3 qadın – ana, qaynana, baldız aparır xəstəxanaya."

Günel Mövlud

Müasir İtkin gəlin

Bəzi informasiyaları biz axtarmırıq. Xəbər özü bizi tapır. Hətta bəzən xəbəri görməzdən gəlməyə çalışırıq.

Amma xəbər inadla, israrla böyüyür, qol-budaq atır, bizi hər tərəfdən elə mühasirəyə alır ki, onu oxumaqdan, maraqlanmaqdan, axırda da reaksiya verməkdən başqa çarəmiz qalmır.

Ucar rayonunda 3 uşağını evdə qoyub, şəhərə qaçan gəlin barədə xəbərlə də belə oldu.

Az qala bütün bir ölkə uşaqlarını ər evində atıb, gedən 24 yaşlı qadını qınayır. Təhqirlər, ittihamlar, əxlaq moizələri, tənələr, hədyanlar.

Heç kim məsələnin ne yerdə olduğunu, onu buna vadar edən səbəbləri, qadının öz həqiqətini bilmədən və bilmək də istəmədən ittiham edir, söyür, heyrətlənir.

Ana da uşaqlarını atıb qaçarmı? O nədir, kimdir ki, baladan, övladdan daha üstündür?

Heç kim də öyrənmək istəmir ki, ümumiyyətlə, axı niyə? Qadın, ana da durduğu yerdə, xoş gün-güzərandan, rahatlıqdan qaçarmı, isti ocağını qoyub gedərmi?

Əgər gedibsə, niyə? Çatışmayan, olmayan, yetməyən nə imiş? Əlbəttə, bu sualları vermək, bunları düşünmək insandan bir balaca insanlıq, bir balaca insan halına yanma, pafoslu çıxsa da, humanizm kimi bir dəyərə sahib olmağı istəyir.

Oxuduğumuz xəbərləri tutuşduraraq, müasir İtkin gəlinin bu addımına qədərki ömür yolunu təsvir etməyə çalışaq.

13 yaşında nişanlayıblar. Özümü ərə getmək istəyib? Tutaq ki, özü istəyib. 13 yaşda qıza bu seçimi hansı normal ata-ana verərdi?

O nə bilirdi nişanlanmaq nədir? Balasını sevən, onun gələciyini, təhsilini düşünən hansı ailə 13 yaşda qızı daha yaxşı məktəbə qoymaq əvəzinə nişanlayar?

17 yaşında ərə gedib. Özümü istəyib ərə getməyi? Tutaq ki, özü istəyib. Başqa hansı yolu vardı ki? Onu nə gözləyirdi ərə getməsə?

O qadın övladlarını sevməyi kimdən, hardan öryənmişdi ki? Valideynlərindən?

Yaxşı məktəb, universitet, maraqlı ortam, yaxşı, qazanclı iş yeri? Yox, çünki bunları əldə etmək üçün lazım olan şeylərə sahiblənməyə nə imkanı olmuşdu, nə şəraiti.

Onu uzaqbaşı ata evində daha bir müddət qalmaq, sonra aşağı-yuxarı eyni səviyyədə, eyni zəkada adama ərə getmək, pis halda isə evə qalmaq gözləyirdi.

Nə deməkdir kənd yerində savadsız, təhsilsiz qızın evdə qalmağı? Hər gün tənə, danlaq, bacı-qardaşlarının uşaqlarına qulluqçuluq etmək.

Ailə qura bilmədiyi üçün məzlum, yazıq, bədbəxt qadın yerinə qoyulmaq. Qarşıda səni bunlar gözləyirsə, vaxtında ərə getməkdən başqa hansı çıxış yolu var?

Toyundan bir ay sonra əri onu qaynana-qaynata yanında qulluqçu əvəzi qoyub, Rusiyaya işləməyə gedib.

Evli olduğu alti ildə hər il ərinin üzünü cəmi bir ay görüb. O aylar da romantika, sevgi, gözəl yerlər, səfərlər, hədiyyələr, güllərlə deyil, dalaşmaqla keçib.

Qaynana-qaynata ondan şikayət edib ərinə, ay uzunu danlanıb, qınaq eşidib. Bu da sizə gənc ailə.

İlk uşağını 19 yaşında dünyaya gətirib. Ana olmağı özü seçibmi? Hansı uşaqda özü seçib? Birincidə, ikincidə, üçüncüdəmi? Onun ana olmaqdan imtina etmək kimi bir seçimi vardımı? Tutaq ki, lap istəmir.

Kənd yeri, hamiləlikdən qorunmağın nə olduğunu bilmir, ərinə prezervativdən istifadə elə desə, eşitmədiyi təhqir qalmaz. Odur ki, istəsə də, istəməsə də, hamilə qalmalıdır.

Tutaq ki, lap abort etmək estədi? Seçimi öz əlindədirmi? Yox. Bir gəlini kənd yerində 3 qadın – ana, qaynana, baldız aparır xəstəxanaya.

Kiminsə müşaiyəti olmadan bir addım belə, atmağa ixtiyarı yoxdur. Ana olmağı onun yox, ərinin, qaynatasının, qaynanasının, bütün bir nəslin verdiyi qərardır.

Nişanlamağı öz seçimi olmadı, ailə qurmağı öz seçimi olmadı, ana olmağı öz seçimi olmadı, hansı evdə, kimlərlə yaşamağı öz seçimi olmadı.

Telefon işlətməyə belə icazə vermirmişlər. Elə bil, quldur, kölədir, insan, qadın deyil.

Əri Rusiyada olanda dəfələrdə döyülüb, söyülüb evdə. Qaynata, qaynana qulluqçu kimi işlədiblər. Dəfələrlə ata evinə gedib. Qəbul eləməyiblər. Deyiblər ki, ər evində adamı döyərlər.

Ər tək qoydu getdi, qaynata-qaynana zülm edir, ata-ana qəbul eləmir. Nə etməlidir cavan qadın? Xilasını başını götürüb, getməkdə gördü.

Deyəcəksiniz ki, bəs övladları? Axı insanın uşaqlarına sevgisi çox şeyin öhdəsindən gəlir. Övladlarını sevən ana necə rahatlıq üçün onları qoyub gedə bilər?

O qadın övladlarını sevməyi kimdən, hardan öryənmişdi ki? Valideynlərindən? İnanmıram. Övladını sevən ata-ana onu 13 yaşında nişanlayarmı? Ər evində zülm olunan qızları ata evinə qayıdanda, onu geri qöndərərmi?

Bəlkə kitablardan, ədəbiyyatdan öyrənmişdi analıq sevgisini, övladın nə olduğunu? Harda görmüşdü o kitabları?

Harda qoymuşdular o kitab oxusun, kim onun əlinə kitab vermişdi ki? Ona analığın hansı müqəddəsliyindən danışmışdılar, kim, necə öyrətmişdi ona nədir ana, nədir analığın mənəvi yükü?

O qadın analığın müqəddəsliyini ancaq kənd toylarında səslənən “Ana” segahından eşitmişdi. O segahın təsiri ilə isə ancaq 3, 6, 9 uşaq doğmaq olar. Başqa heç nə.

XS
SM
MD
LG