Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:09

Orxan Adıgözəl sevdiyi kitab haqda


Orxan Adıgözəl
Orxan Adıgözəl

- "Bir gün işə görə onu ən çox lağa qoyan uşaqlardan biri Nurinin qol əzələlərinin bərkidiyini görüb, ona yaxınlaşır, sakitcə: “Mən də peyin işində çalışmaq istəyirəm” deyir."

"1 milyard 400 milyondan çox müsəlman dünyası tənbəllik xəstəliyinə tutulub."

Orxan Adıgözəl

İsraili “lənət” bombardımanına tutanlar

Rasim Qaracanın mənə hədiyyə etdiyi İraq əsilli yəhudi yazıçı Əli Amirin “Günah keçisi” romanını bir neçə ay öncə oxuyub, bitirməyimə rəğmən yenə də oxumaq istəyirəm.

Əsər o dərəcədə xoşuma gəlib ki, kitabxanamda onca oxunmamış roman olmasına baxmayaraq, “Günah keçisi” məni yenidən özünə çəkir.

Ümumiyyətlə, o cür ikinci dəfə oxumaq istədiyim əsərlər çox azdır.

Bu romanı başladığım ilk sətirlərdən yazıçının sadə və axıcı dili, hadisələri ustalıqla bənzətmə və çatdırma qabiliyyəti məni öz sehrli ağuşuna aldı.

Axırıncı dəfə mənə bu cür təsirli cümlələri fransız yazıçı Abbat Prevonun klassik romanı “Manon Lesko”-da yaşamışdım. Düzdür, o sevgi romanı idi. Amma “Günah keçisi” daha çox tarixi, avtobioqrafik və məişət mövzusunda yazılıb.

Məişət aspektindən yanaşan çox az yazıçılar əsərin oxuculara təsiri baxımından beyinlərdə sanki ”zəlzələ effekti” yarada bilirlər. Həmin effekt oxucunun fikirlərində güclü titrəyiş yaradır. Bu titrəyiş dağıdıcı gücə malik olsa da, zərərli deyil. O, dağıntını elə icra edir ki, sonda hər şey olduğundan da yaxşı yerini tapır.

"Günah keçisi" romanı bir çox mükafatlara layiq görülüb və məktəb proqramlarına daxil edilib. "Günah keçisi" romanı bütöv bir nəslin avtobioqrafiyası hesab olunur.

Yazıçı Əli Amir Bağdadda anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə İsrailə köçüb. Yerusəlim Universitetinin Ərəb dili və ədəbiyyatı fakültəsini bitirib. Roman boyunca onun Bağdadla bağlı xatirələrini də oxuya bilərsiniz. "Günah keçisi" romanı avtobioqrafik əsərdir. Bu roman dünyanın bir çox dillərinə tərcümə olunub və ekranlaşdırılıb.

1948-ci ildə İsrail höküməti müstəqil olandan bəri dünyanın bir çox yerindən yəhudilər ölkəyə yığışmağa başlayır. Həmin ərəfədə artıq yeniyetmələrin formalaşması, maariflənməsi üçün xüsusi lagerlər hazır idi.

Dünyanın fərqli ölkələrindən fərqli mədəniyyətə sahib olan yeniyetmələri bir arada saxlayıb yetişdirmək heç də asan iş deyil. Sadəcə prinsipial və fədakar müəllim və tərbiyəçi heyətinin hesabına fərqli düşüncələrin bir yerdə bir-birinə sayğı ilə yaşamağı yeniyetmələrə öyrədilir.

Əsərdə bu gün üçün demokratiyanın əsas prinsiplərindən biri olan plüralizm (çoxfikirlilik) incə şəkildə təbliğ olunur. Tərbiyəçilər davamlı şəkildə yeniyetmələrə keçmişi və ən əsası, gəldikləri ölkələrin mental dəyərlərini unudub, gələcəyə doğru və gələcək üçün çalışmalarını təbliğ edirlər.

İnsanların aşağı yaşlardan azad düşüncəyə sahib olub, birlik nümayiş etdirmələri üçün münbit şərait yaradılır. Etik davranış qaydalarının öyrədilməsimdən tutmuş kitabın, elmin, əməyin, akademik musiqinin, bir sözlə, mədəniyyətin müqəddəs və vazkeçilməz olduğu əzmkarlıqla gələcək İsrail vətəndaşlarına vərəsə kimi ötürülür.

Geyimlərində və davranışlarında inqilabi dəyişiklik etmiş yeniyetmələrin mühafizəkar valideynləri övladlarını həmin lagerlərdən uzaqlaşdırmağa çalışırlar.

İsrailin digər ərazilərinə yeni gəlmiş yəhudilərin məhəllələrində yeniyetmələri gələcək İsrail üçün yetişdirməkdən ötrü həmin lagerlərə cəlb etmə təbliğatı mühafizəkarlar tərəfindən çox radikal reaksiyalara səbəb olur.

Valideynlər qızlar və oğlanların bir arada yetişməsinə və onların şortik geymələrinə əxlaqsız əməl kimi yanaşırlar. Bəziləri olanlardan xəbər tutub, lagerləri lənətləyə-lənətləyə övladlarını ordan uzaqlaşdırırlar.

Əksər yeniyetmələr isə düşərgələrdəki tərbiyəçilərə pənah gətirib, valideynlərinin yanına qayıtmamaq üçün dirəniş göstərirlər. Tərbiyəçilər də onlara bu işdə hər cür kömək edirlər.

Mental dəyərlərə, dini xurafata, gerilikçilik və haqsızlığa qarşı üsyankarlıq daim aşılanır, nəticədə bu yöndə formalaşmış yeniyetmələrin arasında dəfələrlə güclü strateji təşkilatlanmaların hesabına məhz elə lagerdəki qərarlara qarşı protestlər nümayiş olunurdu.

Həmin nümayişçilərin tələbi rəhbərliyin və sistemin tələbləri ilə üst-üstə düşməsə də, tərbiyəçi və müəllimlər heyəti öz yetişdirdikləri əzmkar və dirənişli nümayişçilərin tələblərini qəbul edib, kompramisə gedirdilər.

Əsər boyunca olduqca gülməli məqamlara da rast gəlmək mümkündür. Yazıçı orada satira yolu ilə intellektual və interaktiv mesajlar ötürür. Bundan əlavə, güldüyüm hadisələrin məğzi tez bir zamanda dəyişərək, duyğulanmağıma səbəb olurdu.

Ya da əksinə. Məsələn, əsərin qəhrəmanı Nuri (Əli Amirin özü) Polşada öz perspektivli işini buraxıb gəlmiş yəhudi kimyaçı-alimin yanında peyin kürüməyi, tarlalara peyin daşımağı öyrənir.

Əvvəldən uşaqların demək olar, hamısı peyin işinə lağlağı ilə yanaşır və heç kim o sahədə işləməyə razı olmur. Hətta bu işdə çalışdığına görə Nurini təhqir də edirlər. Nurinin təbii ki, get-gedə işə həvəsi ölür.

Amma Polşadan gəlmiş kimyaçının ona gördükləri işin gələcək nəsillər üçün nə qədər faydalı və önəmli olduğunu anlatdıqdan sonra Nurinin fikiri dəyişir.

Kimyaçı deyir: “Mənim Polşada hər şeyim vardı. Universitetdə dərs deyirdim. Təcrübələr vasitəsilə dərəcəmi artırırdım. Qabağıma sonsuz nemətlər sərilmişdi. Amma mən onlardan yeni müstəqil olmuş ölkəm və millətim üçün vaz keçdim.

Bura könüllü gəlmişəm. Bu gün burda mənim əməyimə ehtiyac var. Dünyanın bir çox yerində öz perspektivli işini buraxıb gələn minlərlə insan var. Onlar bu gün özləri üçün heç bir maddiyyat güdmədən, gələcək İsrail üçün dayanmadan əmək sərf edirlər. Bu əsl fədəkarlıqdır və biz çox gözəl nəticəyə sahib olacıq.”

Nuri bu sözlərdən stimul alır və öz işini həvəslə görməyə başlayır. Bellə o qədər işləyir ki, həm də yaşıdlarından daha gözəgəlimli və güclü bədənə sahib olur.

Bir gün işə görə onu ən çox lağa qoyan uşaqlardan biri Nurinin qol əzələlərinin bərkidiyini görüb, ona yaxınlaşır, sakitcə: “Mən də peyin işində çalışmaq istəyirəm” deyir.

Kimyaçı qətiyyən yanılmadı. İsrail bu gün dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. 27.817 km² balaca bir əraziyə məxsus İsrail ətrafını bürümüş qocaman ərəb ölkələrindən hər sahədə irəlidədir.

Həmin qocaman ərazilərə sahib ərəb ölkələrinin hər biri bu gün İsraildən çəkinir. Heç biri birləşib, yekdil qərarla Fələstin münaqişəsini sülh səviyyəsinə gətirmək üçün səy göstərmir.

İsrail bu qüdrəti elə-belə qazanmayıb. Dayanmadan oxuyub, əmək sərf edib.

Deməli, aparılan araşdırma nəticəsində məlum olub ki, orta statistik bir ərəb ildə cəmi altı səhifə kitab oxuyur.

Deyəsən, öz ölkələrindəki haqsızlıqlara və ədalətsizliyə göz yumub, İsrailə lənət oxuyanlar həmin “lənətləri” pulemyot və bomba hesab edirlər. Onlar dayanmadan İsraili “lənət” bombardımanına tuturlar.

İsrailə isə həmin “lənətlərin” heç bir zərəri yoxdur. Onun qüvvəti və qüdrəti günü-gündən daha da artır. Elmin və əməyin sayəsində.

Bir çoxları deyir ki, yəhudilər bütün dünyanı idarə edir, müsəlmanların inkişafına mane olur və s. Bu ifadələrdən tənbəllik, bekarçılıq və paxıllıq qoxusu gəlir. 1 milyard 400 milyondan çox müsəlman dünyası tənbəllik xəstəliyinə tutulub.

Bakıda yaşayan bir yəhudi tanışım var. İsrailin tarixini əzbərdən bilir. Savadına və hadisələri düzgün analiz qabiliyyətinə heyranam. Onun İsraildə yaşayan nənəsi 2 universitet bitirib, 8 dil bilir.

Həm də inanclı qadındır. Başını da bağlayır. Hər şeydən xəbəri var. Dünyagörüşü çox genişdir. Mən utanaraq deyim ki, öz tariximizi onun qədər mükəmməl bilmirəm. Öz nənəmdən də tarixə aid ən asan və primitiv sual soruşanda heç nə bilmir.

Bax, hələ ki, buyuq... Trotski demişkən, reallığı qəbul etmək, qələbənin yarısı deməkdir. Vallah biz tənbəlliyi buraxsaq, oxusaq, əmək sərf etsək, heç bir yəhudi gəlib, bizə əngəl olmayacaq. Ədaləti Fələstindən öncə öz ölkənizdə axtarın və tələb edin.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG