Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:50

«Yeşiyini 60 qəpiyə də almırlar»


Quba alması (arxiv fotosu)
Quba alması (arxiv fotosu)

-

Qubanın ağ alması üz qaraldır...

Bağban Həsrət Məmişov min zəhmətlə yetişdirdiyi almaya müştəri tapa bilmir

«Meyvəni toplamaq bir dərd, satmaq iki...». Qubalı bağban Həsrət Məmişov illərin zəhmətiylə yetişdirdiyi almaya indi müştəri axtarır. Deyir, almanın yığım mövsümü başlasa da, müştəridən xəbər-ətər yoxdur:

«Yeşiyini 60 qəpiyə veririk ki, alma xarab olmasın. Yenə almırlar. Bazar doludur xaricdən gətirilmiş almalarla. Bizsə almanı çürüdüb çaya tökürük».

YEŞİYİ 60 QƏPİYƏ...

Bağban deyir, almanın yeşiyini 60 qəpiyə satmaq onu müştəriyə bağışlamağa bərabərdir. Çünki:

«İl ərzində bağa qulluq, dərman, gübrə, suvarma... Hələ meyvənin yığılması... Hamısı xərc və əziyyət aparan işlərdir. Bir də baxırsan, heç çəkdiyin xərcin mayasını da çıxarmamısan...».

Həsrət Məmişov hazırda yayda yetişən almaları yığır. Deyir, yay quraqlıq keçdiyindən, üstəlik, suvarmada çətinlik yarandığından indidən zərərin içərisindədir:

«Quraqlıqda ağaclara da xəstəlik düşür. Ağacları sağaltmaq üçün bir də əlavə xərc çəkib dərman alırıq. Dərman da baha və keyfiyyətsiz... Şəxsən mən bu yay ağaclarımı cəmi bircə dəfə suvara bilmişəm. Meyvə bağının yarısı quruyub. Meyvə də əvvəlki meyvə deyil...».

İNHİSARÇILIQ YERLİ ALMAYA «MEYDAN OXUYUR»

Bağbanın sözlərinə görə, ötən il 2 tona yaxın alma yığıb, bu il yarısını toplasa, papağını göyə atacaq:

«Məhsulu, əsasən, Quba, ya da Xaçmaz bazarına çəkib topdansatış qiymətinə satırıq. Mənim müştərilərim vardı, azı, 15 il idi gəlib almanı həyətdən aparırdılar. İndi gəlmirlər... Deyirlər, Bakının bazarlarında xarici almalar satılır. Yerli almaya yer yoxdur».

Bağban satış yerlərində xaricdən gətirilən meyvələrin «meydan sulamasını» inhisarçılıqla əlaqələndirir:

«Özləri gətirib, özləri satırlar. Belə getsə, gələn ildən meyvəçiliyi buraxıb gedib karxanada daş atacağam».

Qubalı bağban müştəri gözləməkdədir. Ümid edir ki, zəhməti hədər getməz və ötən ilin yayında bankdan girov müqabilində götürdüyü kreditlə meyvə bağına qoyduğu sərmayəni doğruldar...

Qubada 15 min hektara yaxın (14min 724 ha) meyvə bağları var. Ötən il həmin bağlardan təxminən 124 min ton meyvə toplanıb.

Rayon icra hakimiyyətinin fikrincə, kəndli məhsulunu kimə istəyirsə satsın və dövlət qurumlarını bu məsələyı qarışdırmasın. Kənd təsərrüfatı eksperti Füzuli Aslanov da o fikri bölüşür, amma bəzi məsələlərə birbaşa dövlət qurumlarının cavabdeh olduğunu bildirir:

«Əslində, o kəndlinin, belə deyək, gözyaşlarının əsas səbəbkarı elə hökumətdir. Başlayaq lap əvvəldən... Məhsulun bir hissəsi susuzluqdan yanıb. Təbii ki, suvarma işinin vaxtında görülmədiyinə görə kompensasiya dövlətdən tələb olunmalıdır...».

Ekspertin fikrincə, ikinci əsas məsələ də inhisarçılıqdır. Dövlət inhisarçılığın qarşısını almalıdır ki, kəndli yetişdirdiyi meyvəyə bazarda yer tapsın.

XS
SM
MD
LG