Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:02

Bizə ağıl öyrədirdiniz...


Rəşad Babalı
Rəşad Babalı

- "Suriyalı qaçqınlara dindaş ölkələr daha yaxın idi. Hansılar ki, zəngindirlər, “Forbes”-un siyahısında fərqlənirlər, dünyanın “ən”lərini yığmaqla fəxr edirlər."

Rəşad Babalı

Axı Məkkə daha yaxın idi...

Suriyalı körpənin Türkiyənin Bodrum sahilində cəsədinin şəkli dünyanın diqqətini miqrantlar probleminə yönəltdi. Buna qədər də onlarla, yüzlərlə uşaq səadət axtarışıyla çıxdıqları riskli yolda tələf olublar. Ancaq 3 yaşlı uşağın fotosu incə yerdən vurdu.

İnsan yaxşı yaşayış arzusundadır. Xüsusən komunikasiya vasitələrinin, sosial şəbəkələrin geniş yayıldığı, günü günüdən də təkmilləşdiyi zamanda səbr etmək çağırışları işə yaramır.

İnsanlar görürlər ki, planetin başqa bir yerində daha yaxşı yaşayış var və ora can atırlar. Vətən, millət söhbətləri az qismi maraqlandırır. Kütlə ümumilikdə harada yaxşıdı prinsipiylə davranır.

Avropaya ölüm səfərinə çıxanların arasında son zamanlar münaqişə zonalarından qaçanlar, xüsusən suriyalılar üstünlük təşkil edir. Onların ölkələrini niyə tərk etmələri barədə izaha ehtiyac yoxdur.

Üzüqoylu körpə cəsədinin görüntüsündən təsirlənənlərin bir çoxu Qərbi söyür ki, sahilə bir balina çıxsa, səfərbər olursunuz, amma bu qədər insan faciəsinə qarşı laqeyidsiniz.

Qərbin bu savaşdakı suçunu inkar etmədən başqa mətləblərə toxunmaq istərdim. Təsəvvür edin ki, normal həyatınız var. Saat mexanizmi kimi işləyən cəmiyyətdəsiniz və perspektiv vəd edən ölkədə yaşayırsınız. Birdən böyük bir insan axını gəlib qaydasında olan həyatınızı təhdid edir.

İş, gəlir imkanlarınızı daraldır, dəyərlərinizə hörmət etmir, üstəlik, sizə ağıl öyrətməyə çalışırlar. Səmimi reaksiyanızı bilmək maraqlı olardı. Amma inanmıram üzdə səmimi cavabınızı eşidim.

Gəlim əsas məsələyə. Suriyalı qaçqınlara dindaş ölkələr daha yaxın idi. Hansılar ki, zəngindirlər, “Forbes”-un siyahısında fərqlənirlər, dünyanın “ən”lərini yığmaqla fəxr edirlər.

Niyə onlar sahib çıxmadı suriyalılara? Əsədin hakimiyyətdə qalması üçün milyardlar xərcləyən, bununla da ölkənin viran qoyulmasında mübaliğəsiz əsas rolu olan İran niyə “gəlin” demir? Hanı, siz din qardaşı idiniz.

Axı siz ey müsəlman ölkələri, bizə ağıl öyrədirdiniz. Müstəqillikdən sonra mollalarınızı bizə göndərib həyatı başa salmağa çalışırdınız. “70 il ateist ölkədə yaşamısınız. Sovetlər sizi ali həqiqətlərdən məhrum edib” deyərək, beynimizi doldurdunuz.

Tualetə girərkən hansı ayaqla girib, hansı ayaqla çıxmaqdan, arxamızı yuyarkən aftafanı necə tutmaqdan və ən əsası, tualetdə ikən istiqamətimizi belə, müəyyənləşdirməyə qədər xırdalıqları başımıza vurmaqla aşağılıq duyğusu yaratdınız bizdə.

“Müsəlman müsəlmanın qardaşıdı. Pis günündə yanında olmalıdı, yardımını əsirgəməməlidi” deyə, Fələstinə, Myanmara, Yəmənə, Misirə ağlatdınız. Bircə özümüzə gün ağlamağın yolunu tam göstərmədiniz.

Üstəlik, gəldiyiniz ölkəni göylərə qaldırdınız. Sivil, dünyəvi yaşantımıza görə eşitmədiyimiz tənə qalmadı.

Bundan sonra oxuduğunuz moizələrə, yazdığınız kitablara, gözlərinizdəki yaşlara inanaqmı? İnanmağa üz qoydunuzmu heç? Yoxsa cənnətdə vəd olunan nar məməli hurilər naminə dünya həyatımızı cəhənnəmə çevirməkdi misiyanız?

P.S.Bu münaqişədən “payını” alan ölkə Suriyadan sonra Türkiyə oldu. Neo-osmanlı xülyaları ilə dövlət və milli maraqları qurban verən Ərdoğanın bədəlini Türkiyə ödəyir. Milyondan çox qaçqın qardaş ölkədə sığınacaq tapıb. İşsiz, gücsüz və ac insan kütləsi potensial cinayətkarlardı. Yəni zorən.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG