Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:46

Bertolt Brecht. Həqiqəti yazmağın 5 çətinliyi


Bertolt Brecht
Bertolt Brecht

-

1. Həqiqəti yazmağa gərək olan cəsarət

Aydındır ki, söhbət həqiqəti yazmaqdan gedirsə, onun hər hansı şəkildə boğulması və ya təhrif edilməsi mövzu ola bilməz.

Həqiqəti yazan adam istənilən növ yalanı rədd edir. O, nə güclülər qarşısında baş əyir, nə də zəifləri aldadır. Güclülərə baş əyməmək, əlbəttə, çox çətindir, hərçənd, zəifləri aldatmaq asan və sərfəlidir.

Güclülərin gözündə düşmənə çevrilmək şəxsi rifahı bilmərrə unutmaq deməkdir, çünki əllərinə düşən istənilən imkanda həqiqət carçısını hər şeydən məhrum edib əzməyə, hətta öldürməyə çalışacaqlar.

Güclülərin maraqlarına qənim olan həqiqəti yazmaq nəinki maddi mükafat, əksinə, məhrumiyyətlər vəd etdiyindən, bir çoxları təzyiqlərə tab gətirməyib geri çəkilir, meydanda yalnız sarsılmaz dəyanət sahibləri qalır. Şöhrəti güclülərin çətiri altında axtarmayanlar əksər hallarda onu həmişəlik itirməli olurlar.

Əsarətin sərtləşdiyi zamanlarda güclülər adətən yüksək ideallardan dəm vurur, xalqın iradəsini zorlayanlar kəlməbaşı, xalqın iradəsindən danışırlar.

Arxasında gücülülərin mənafeləri gizlənən çağırışlar cəmiyyəti başına götürdüyü zaman kütləni bürümüş eyforiya qarşısına çıxmaq, həyatın bəsit həqiqətlərini yada salmaq, qondarma ideyaları pərən-pərən etmək cəsarət istəyir.

Sadə insanları hədəfə alan iyrənc təbliğat onları əsl həyatı, rifahı, firavanlığı unudub, zülmə xidmət edən cəfəng ideyalar uğrunda fədakarlıq etməyə səsləyəndə yeganə ümid yeri həqiqət carçıları olur.

Onlar kütlələrin gözünə üfürülmüş külü təmizləməli, təbliğat uyuşdurucusunun təsirindən ayıltmalıdırlar.

Güclülərin radioları, qəzetləri cəhalət toxumu səpəndə, aydınlığa qarşı hiyləgər üsullarla mübarizə aparanda, dünyəvi təhsili mövhumatla əvəz etməyə, bəşəri dəyərləri gözdən salmağa çalışanda irəli çıxıb “dayanın!” demək çoxlarının cürəti çatan iş deyil.

Amma bunu mütləq etmək lazımdır və yaxşı ki, az sayda olsa da, həqiqət carçıları vardır.

Mübarizədə məğlub duruma düşənlərin məğlubiyyətin gerçək səbəbləri barədə həqiqəti söyləməsi də cəsarət tələb edir. Təqib olunan insanlar çox vaxt öz səhvlərini görmək, dərk etmək qabiliyyətini itirirlər.

Təqib onların gözündə Şərin təzahürü, təqibçilər isə Şərin daşıyıcıları kimi görünür. Özlərini fəzilətli sanır və yalnız buna görə təqib olunduqlarını düşünürlər.

Amma onların Xeyir uğrunda mübarizəsi iflasa uğrayıb, deməli, zəif, yararsız, tutarsız olmuşdur.

Hesab etmək olmaz ki, nəmişlik yağışın təbii xassəsi olduğu kimi, zəiflik də Xeyirin üzvi xassəsidir. Belə yerdə mərdlik tələb olunur etiraf etməyə: “Biz uduzduq, ona görə yox ki, Xeyir işi müdafiə edirdik, əsla, biz uduzduq, ona görə ki, zəif idik”.

Həqiqəti yazan adam şübhəsiz ki, yalanla daim mübarizə aparmalıdır, amma həqiqət qəliz, təmtəraqlı, mücərrəd olmamalıdır. Çünki bunlar yalanın xassələridir.

Həqiqətin dili sadə və anlaşıqlıdır, çünki onun yalnız bir qapısı var – rasional düşüncə! Yalan isə instinktləri, hisləri, ehtirasları hədəfə alır, onları əsir götürməyə, yönəltməyə çalışır.

Elə buna görə, yalan yalnız cəhalət üzərindən boylana, yalnız həqiqəti dəfn etməklə öz məqsədinə vara bilər.

Deyəndə ki, “bu adam həqiqəti söyləyir”, nəzərdə tutulur ki, buna qədər bir çoxlarının danışdıqları yalan və ya anlaşılmazlıq idi, bax bu adam isə doğru danışır, yəni nəsə bir həqiqi, inkarolunmaz, praktik əhəmiyyəti olan şeydən danışır.

Yalanı əsaslandırmaq üçün yüzlərlə qondarma dəlil irəli sürülə bilər, fəqət bircə aşkar empirik dəlil onu alt-üst etmək üçün kifayətdir.

Söz azadlığı nisbətən möhkəm bərqərar olmuş ölkələrdə dünyanın eybəcərliklərinə, qaba gücün hakimiyyətinə qarşı ümumi sözlərlə şikayətlənmək, sağlam düşüncənin bir gün mütləq qalib gələcəyini bəyan etmək böyük cəsarət tələb etmir.

Amma bir çoxları özünü elə aparır, sanki, bunlara qarşı top lülələri tuşlanmışdır, hərçənd, tuşlanan sadəcə teatr durbinidir. Onlar üçün həqiqət gəlişi gözəl sözdən başqa bir şey deyildir.

Rəqəmlərdə az qala dil açıb danışan, faktlarda haray salan həqiqətləri onlar niyəsə görə bilmirlər, çünki bunun üçün çalışmaq, araşdırmaq, özünə zəhmət vermək lazımdır. Bu isə onları cəlb etmir.

Zahirən bu adamlar həqiqət aşiqi kimi görünsələr də, əslində mühüm həqiqətlərdən çox uzaqdılar.

Onlar bütün dünyaya qarşı tələblər irəli sürür, ədalət tələb edir, hərçənd ədalətin təmini üçün ümumi sözlərdən başqa heç nə etmirlər, əksinə, dünyanın ədalətisliyi fonunda yaranan qənimətlərdən onlara da yağlı tikələr çatır. Bəlkə elə buna görə onların fəaliyyəti quru sözlərdən o yana keçmir?

2. Həqiqəti dərk etməyə gərək olan ağıl

Həqiqət hər yerdə boğulur, bu üzdən həqiqəti yazmaq çətindir. Adamların əksəriyyəti belə hesab edir ki, həqiqəti yazıb-yazmamaq bir tək insanın xarakterindən, yəni cəsarətli olub-olmamasından asılıdır.

Bununla insanlar həqiqəti yazmağın ikinci müşkülünü – həqiqəti axtarıb tapmağın çətin olduğunu nəzərə almırlar. Həqiqəti axtarıb tapmaq o qədər də asan məsələ deyil.

Hər şeydən əvvəl, məhz hansı həqiqətlərdən danışmaq gərəkliyini aydınlaşdırmaq lazımdır. Məsələn, dünyanın bir çox ölkələrində despotik qüvvələr hakimiyyətdə qalmaq, öz sərvətlərini artırmaq və qoruyub saxlamaq üçün hər cür haqsızlıq edirlər.

Zamanı gəlincə bunun partlayışa səbəb olacağı, ölkənin aqibətini sual altına düşürəcəyi bir həqiqətdir və tarixən saysız dəfələrcə sübuta yetmişdir.

Bu həqiqəti dərk etmək üçün tarixdən məlumatlı olmaq, despotik hakimiyyətlərin, qanlı imperiyaların niyə süqut etdiyini öyrənmək və günümüzlə müqayisə edib nəticələr çıxarmaq kifayətdir.

Bir həqiqət də var ki, bütün despotlar başqalarınını aqibətini öyrənib, onların süqutuna aparan səhvləri təkrar etməməyə çalışmaqla özlərini qoruya biləcəklərini zənn edirlər.

Onlar unudurlar ki, yanlış yol həmişə yeni, əvvəllər görünməmiş idarəolunmaz vəziyyətlər vəd edir. Heç kim özünü bundan sığorta edə bilməz.

Başqa həqiqətlər də var, məsələn, “stul oturmaq üçündür”, “yağış yerə göydən yağır” və sair bu qəbildən. Bir çox yazıçılar bizə məhz belə həqiqətlərdən danışırlar.

Onlar batan gəminin göyərtəsində divarlara naturadan rəsm çəkən rəssama bənzəyirlər. Belə yazıçılar üçün bizim burda bəhs etdiyimiz problemlər aktual deyil, güman elə buna görə onların vicdanı çox sakit görünür.

Dünyanın ədalətsizliklərinə etinasız olan bu adamlar zülmə məruz qalanların harayını eşitməzdən gələrək sakitcə dayanıb öz rəsmlərini çəkməklə məşğuldular.

Öz davranışlarının mənasızlığı onlarda “dərin pessimizm” doğurur ki, bu da onlara heç də mənfəətsiz başa gəlmir. Bu pessimizmin özünü də doğuran həqiqət yalnız o adamlara əyandır ki, kənarda dayanıb həmin rəssamları və onların işini müşahidə edirlər.

Müşahidə onu göstərir ki, onların götür-qoy etdiyi həqiqətlər stul və yağış həqiqətlərindən uzağa getmir: “yağış yerə göydən yağır, vəssalam, biz heç nə edə bilmərik”.

Digər bir kateqoriya yazıçılar var ki, onlar mühüm həqiqətləri qələmə almaq istəyir və nə güclülərin qəzəbindən, nə də məhrumiyyətlərə düçar olmaqdan çəkinir, bununla belə, mühüm həqiqətlərə vara bilmirlər, çünki bunun üçün zəruri biliklərə sahib deyillər.

Bu adamlar köhnədən qalma bəlağətli şüarların, önyarğıların əsiridir, onların təsirindən heç cür çıxa bilmirlər. Dünyada baş verən proseslər belə adamlar üçün çox qəlizdir.

Onlar lazımi faktları bilmir, hadisələr arasında səbəb əlaqələrini görmürlər. Bir tək mərdanə mühakimələrlə iş bitmir. Gərəkdir ki, biliklər əldə edib, şəraitə uyğun metodlardan istifadə edəsən.

İrimiqyaslı dəyişikliklərin yaşandığı müasir dövrdə yazı qələmə alan hər kəs dialektikaya, məntiqə, iqtisadi reallıqlara, tarixə gərəyincə bələd olmalıdır.

Əzmkarlıq göstərməklə lazımi bilikləri kitablardan və real həatdan əxz etmək mümkündür. Daha sadə üsullarla da bir çox həqiqətləri aşkar etmək nəsib olur.

Bunlar adətən böyük həqiqətlərin “detallarıdır”, onları toplayıb, elmi metodlarla təhlil edərək proseslərə köklü aydınlıq gətirmək olar. Axtarışların məhsuldar olması üçün metodlar düzgün seçilməlidir, bu, çox vacibdir.

Əlbəttə, elə şeylər var ki, onlarla xüsusi metodlar tətbiq etmədən, hətta axtarmadan da qarşılaşırıq. Bəzi yazarlar məhz belə xoşbəxt təsadüflərə ümid bəsləyir, gündəlik xəbərləri nəzərdən keçirməklə hansısa həqiqətlərin mahiyyətinə vardıqlarını düşünürlər.

Lakin nəzərə alınmalıdır ki, mətbuatda yer alan xəbər və məlumatlar yalanla dolu olur. Beləcə, xırda faktların dalınca düşən adamlar böyük həqiqətlərə yaxın düşə bilmir, buna görə də, öz publikasını konkret təzahürlərlə bağlı doğru məlumatlandırmaq, necə davranmalı olduqlarını bildirmək imkanında olmur.

Ancaq məsələ tək bunula da bitmir. Həqiqəti aşkarlamaq istedadı və yazmaq cəsarəti olan adamlar daha üç çətinliyin öhdəsindən gəlməlidilər.

3. Həqiqəti döyüş silahına çevirmək bacarığı

Söhbət insan fəlakətlərinə yol açan təzahürlərdən gedirsə, yayılan fikirlərin praktik əhəmiyyəti olmalıdır.

Praktik nəticələr hasil etməyən, yaxud yanlış nəticələr doğuran fikirlərə misal olaraq, geniş yayılmış bu mühakiməni göstərə bilərik ki, guya, bəzi ölkələrdə mövcud olan dözülməz rejimlər barbarlıqdan irəli gəlir. Bu qənaətə görə, faşizm barbarlıq dalğasıdır, sövq-təbii hadisədir.

Guya, faşizm kapitalizm və sosializmlə yanaşı mövcud olan (yaxud, onlardan üstün olduğuna iddia edən) üçüncü, fərqli bir sistemdir. Amma bunu yazanlar ya bilmədən, ya da qərəzli olaraq vacib bir həqiqəti gizlədirlər. Həqiqət budur ki, faşizm göydəndüşmə deyil, inhisarçı kapitalizmin sayəsində meydana gəlmişdir; mahiyyət etibarı ilə, köhnə ilə yeninin özünəməxsus sintezidir.

Belə olan halda, faşizmi lənətləyən, lakin onu doğurmuş səbəbi inhisarçılıqda görməyənlərin yazdıqlarında praktik tətbiq üçün faydalı nə ola bilər?

Bu adamların faşizmlə bağlı fikirləri ona bənzəyir ki, bəzi adamlar kimi, dana ətini iştahla yeyir, amma danaların kəsilməsinə qarşı barışmazdırlar. Onlar əti çox xoşlayır, lakin qan görəndə diksinirlər.

Qoy qəssab onlara ət verməzdən əvvəl əllərinin qanını yaxşı-yaxşı yusun, bu, onları tamamilə qane edər. Onlar barbarlığı doğuran inhisarçı mülkiyyət münasibətlərinə qarşı deyillər, sadəcə, barbarlığa qarşıdırlar.

Onlar barbarlığı lənətləyirlər, halbuki özlərinin yaşadıqları ölkələrdə də barbarlığa yol açan inhisarçılıq hökm sürür, yeganə fərq budur ki, hələlik onların qəssabı əti tərəziyə qoymazdan əvvəl əllərinin qanını yuyur.

Barbar rejimlərinin gurultulu ifşaları ola bilsin müəyyən dövr ərzində hansısa fayda verir, fəqət o zamana qədər ki, bunu eşidənlər öz ölkələrində eynisinin baş verməyəcəyinə əmin olurlar.

İndi bir sıra ölkələr hakim mülkiyyət mübasibətlərini nisbətən dinc üsullarla qoruyub saxlayır, despotik rejimli ölkələrdəki kimi açıq-aşkar zorakılığa yol vermirlər.

Bu mənada demokratiya onları xilas edir, amma bir həddədək. Zavodlar, şaxtalar, torpaqlar üzərində inhisarçı mülkiyyət hüququ hər yerdə barbarlığa səbəb olur, hərçənd demokratik ölkələrdə bu, o qədər də nəzərə çarpmır.

Barbarlıq özünün gerçək simasını o vaxt göstərir ki, inhisarçıları müdafiə etmək üçün birbaşa zorakılıqdan qeyri yol qalımır. Necə ki, bunu hal-hazırda bir çox ökələrin timsalında izləyirik.

Bəzi ölkələrdə əhalinin mülki hüquq təminatlarını inhisarçılığa qurban vermək zərurəti yaşanmır, bu ölkələr elmin, incəsənətin, fəlsəfə, ədəbiyyat və digər zəruri sahələrin inkişafına zəmin yarada biliblər.

Onlar digər ölkələrdən qaçıb gəlmiş, öz vətənini belə zərurətlərin olmadığına görə günahlandıran adamları xüsusi həvəslə dinləyirlər. Amma gerçəkdən narahat olduqları üçün deyil, bundan həmin ölkələrə qarşı istifadə etmək, faydalanmaq niyyəti ilə.

Yazırlar ki, despotizm barbarlıqdan doğulur, onun kökünü kəsmək üçün əxlaqi təkmilləşmə vacibdir, buna isə yalnız Maariflənmə [Enlightment] yolu ilə nail olmaq mümkündür.

Bütün bunlar ümumi sözlərdir. Onlar özündə heç bir konkret hərəkət təlimatı əks etdirmir, mahiyyət etibarilə, havaya deyilmiş sözlərdir. Aydınlanmanın bir çox bəlalardan, xüsusən cəhalətdən qurtuluşun əsas yolu olması barədə yüz illərdir yazılır. Lakin idarə olunan kütlələrin aydınlanmasına bütün mümkün vasitələrlə mane olan despotik, barbar rejimlərə qarşı necə mübarizə aparmalı, aydınlığı avam kütlələr içərisinə necə sızdırmalı, bax, bu barədə onların təsəvvürü sanki yoxdur, ya da bunu gerçəkdən arzu etmirlər.

Onların mühakimələri səbəb zəncirinin yalnız bir qisim həlqələrindən bəhs edir və bunu da aparıcı qüvvələrin sövq-təbii, labüd barbar mahiyyəti ilə izah edirlər.

Belə mühakimələr mühüm həqiqətlərin üzərinə duman kimi çökərək, gerçəkdə olanları gizlədir. Amma diqqətli bir baxış kifyətdir ki, dumanlığın arxasında gizlənən insanları – fəlakətin əsl səbəkarlarını görə biləsən.

Bizim dövrümüzdə insan talelərini həll edən yalnız yüksək mənsəb sahibi olan insanlardır. Barbarlığı törədən də onlardır. Əhalinin aydınlanmasının qarşısını almaqla, beyinlərə təhsil yerinə cəhalət yeritməklə onlar həm xalqı, həm də son nəticədə özlərini çıxılmaz vəziyyətə salırlar.

İnsan olduğunu dərk edən, sözünü çəkinmədən deyən insanları təqib etməklə onlar dünyəvi tərəqqinin qarşısında maneəyə çevrilirlər. Bu, çayın qarşısını bəndlə tamam kəsmək cəhdinə bənzəyir.

Müəyyən zaman ərzində başarılı ola bilərlər. O zamana qədər ki, qarşısını kəsdikləri çay şişib dəryaya dönəcək, qurulmuş bəndləri özləri qarışıq süpürüb aparacaqdır.

Çay gec-tez dənizə qovuşacaq, bənd qurmaqla prosesi sadəcə ləngidə bilərlər. Eynən, xalqların tərəqqisini də yalnız bir müddətə ləngitmək mümkündür.

Bununla despotlar həm xalqı dünyəvi tərəqqidən geri salır, həm də öz gələcəyini sual altına qoyurlar.

Bir təmayül daha var. Çox yazılarda biz mühüm həqiqətlərin deyil də, ikinci dərəcəli nəsnələrin təsvirinə şahid oluruq. Bunlar yuxarıda göstərilən yağış ya stul misalı kimi əməli işə yaramayan çərən-pərəndir.

Misal üçün, Tokionu dağıdan güclü zəlzələdən sonra Amerikanın bir çox jurnalları şəhərin xarabalıqlarını əks etdirən forolar yerləşdirmişdi. Fotolardan birinin üzərində belə bir yazı vardı: “Polad davam gətirdi!”

Məhz bu yazını oxuduqdan sonra həmin fotoda xarabalıqlar içində uçmamış bir neçə hündür bina nəzərə çarpır, hərçənd həmin qeyd olmadan izləyicilər fotolardakı bir-iki binanın uçmadığına xüsusi diqqət yetirməzdi.

Məsələ də elə budur. Bir çox yazıçılar məhz belə işlərlə məşğuldurlar. Zəlzələnin səbəbləri, minlərlə insanın faciəsi poladın davamlılığına heyrət qarşısında arxa plana keçir, sanki bu faciədə ən maraqlı şey bəzi binalarda polad-beton sütunlarının zəlzələyə davam gətirməsi olmuşdur.

Əlbəttə, zəlzələin təsviri ilə bağlı yazıların çoxluğuna rəğmən, gerçək əhəmiyyət daşıyan hansısa fərziyyələr deyil, torpağın yerdəyişməsini, yeraltı təkanların gücünü və yaranan temperaturu hesaba almaqla, zəlzələyə davamlı binalar tikən inşaatçı-mühəndislərin fikirləridir.

Bəşəriyyətin eyni faciələrlə bir daha rastlaşmaması, yaxud rastlaşsa da, ordan daha az ziyanla çıxması baxımından, jurnal yazılarında poladın davamlılığı ilə bağlı ifadə olunan heyrət deyil, gerçək elmi biliklər əhəmiyyət kəsb edir.

Eynilə, faşizm, müharibələr, despotizm haqqında yazanlar da çalışmalıdır ki, onların fikirlərinin hansısa praktik əhəmiyyəti olsun.

Onlar göstərməlidirlər ki, bir cox fəlakətlər məhz istehsal vasitələrini inhisara almış qüvvələrin doyumsuz ambisiyaları ucbatından meydana gəlir, bundan həyatı bahasına ziyan çəkənlər isə yüz minlərlə sadə insanlar olur.

Xüsusən, despotik barbar rejimləri barədə yazanlar keçmişdən qalma hazır və yanlış mühakimələrdən əl çəkməli, barbarlığa yol açan səbəbləri çözməyə çalışmalıdırlar ki, ortaya qoyulan fikirlər sayəsində bu cür qeyri-insani rejimlərə qarşı mübarizə aparmaq mümkün olsun.

Adətən despotik rejimlər barədə bəhanə kimi gətirilən “hər bir xalq öz hakimiyyətinə layiqdir” kimi mühakimələr despotik rejimlərə haqq qazandırmaqdan, mübariz insanları ruhdan salmaqdan başqa heç nəyə yaramır.

Ona görə də köhnə əyyamdan qalan, barbarların işinə yarayan bu cür fikirləri birdəfəlik silmək lazımdır.

4. Həqiqətin fayda verəcəyi publikanı düzgün seçmək qabiliyyəti

Yüz illər boyunca mətbuat bazarında bərqərar olmuş alqı-satqı adətləri ona gətirib çıxarmışdır ki, fikir sahibləri öz yazılarına göstərməli olduqları qayğını tamam itirmişlər.

Yazıçı və publisistlər belə bir qənaətə gəlmişlər ki, dünya ilə təmas qurmaq onların özlərinini deyil, sifarişçilərin, baş redaktorların və ya mətbu nəşr sahiblərinin qayğısıdır.

“Mənim işim deməkdir, kimin qulağı varsa eşidəcək” – bir çoxları məhz belə düşünür. Həqiqətdə isə, onun dediklərini yalnız o adamlar eşidirlər ki, buna görə ödəniş etməyə hazırdırlar; belə yazılar onların mənafelərinə uyğundur.

Onların fikirləri lazım olan oxucu kütləsinə heç də gedib çatmır, bəzi adamlara çatırsa da, onlar hansısa müddət sonra belə yazılara daha məhəl qoymurlar.

Həqiqəti müvafiq publikaya hədəfləmədən, “ümumiyyətcə yazmaq” keçərli deyil. Həqiqət o insanları hədəf almalıdır ki, onlar bundan faydalana, əməli işdə tətbiq edə bilərlər.

Yazıçı da, oxucu da həqiqətin idrakına eyni yolla gəlir, çünki həqiqətin məcrası yeganədir. Həqiqəti deyərkən ya dinlərkən konkret məqsəd izlənilməlidir. Biz yazıçılar üçün vacibi odur ki, həqiqəti kimlərə deyirik və onu kimlərdən eşidirik.

Dözlüməz rejimlər barədə həqiqətlər o adamlara ünvanlanmalıdır ki, mövcud rejim məhz onlar üçün dözülməzdir, eyni zamanda onları dinləməlisən, bir çox həqiqətlər məhz belə üzə çıxarılır.

Həqiqətin hədəfi təkcə müəyyən əqidəsi olan adamlar deyil, habelə o adamlar olmalıdır ki, onların əqidəsi yaşadıqları həyat şəraitindən asılı olaraq dəyişə bilir.

Oxucuların əqidəsi dəyişməz olaraq qalmır. İnsanlar şəraitdən asılı olaraq dəyişirlər; hətta cəlladlar da sizə qulaq asacaqlar, əgər onlara daha əvvəlki kimi yaxşı maaş verilmirsə və onlar peşələrinin gələcəkdə öz başlarına bəla olacağını düşünməyə başlamışlarsa.

Bavariya kəndliləri həmişə zorakı çevrilişin əleyhinə olmuşdular, lakin onların müharibədən cana doymuş övladları cəbhədən geri dönüb öz doğma kəndlərində yer tapa bilmədikdə, onları çevirilişin zəruriliyinə inandırmaq elə də çətin olmadı.

Nəzərə almaq lazımdır ki, despotik rejimlər varlı və orta təbəqəni tam təsir altına almağa çalışmaqla, bir tərəfdən onların varlanmasına şərait yaradır, digər tərəfdən əldə etdikləri sərvəti hər an itirmək qorxusu altında onları öz məqsədləri üçün istifadə edir.

Buna görə də həmin təbəqələrə çağırışlar etmək çox vaxt nəticəsiz qalır. Orta təbəqə ölkədə baş verən haqsızlıqlardan ola bilsin narahatlıq keçirir, bu cür rejimlərin sonu görünmədiyindən, gələcək üçün təminatlarının olmadıqlarını başa düşürlər.

Amma onlar qorxu içindədir, bir kəlmə yanlış danışıq onları faciə ilə təhdid edir. Buna görə də, onlar vəziyyətin hələlik dəyişməz qalmasına daha çox maqar göstərirlər. Yekun nəticə etibarilə, əhalinin az qisminin çoxluğa qarşı alət kimi istifadə olunduğu bir sistem formalaşır.

Həqiqəti yazan lazımi tonu tutmağı bacarmalıdır. Adətən həqiqətləri hüznlü və mərhəmətli tonla yazırlar. Oxucuya elə görünür ki, bunları yazan adam bir qarışqanı da qəsdən tapdalamayacaq insaf sahibidir.

Belə yazıları oxuyanlar daha dərin bədbinliyə qapılır. Bu tip yazarlar çox güman düşmən deyillər, lakin onların silahdaş olmadıqları da aşkardır.

Həqiqət çılğın, döyüşkən olmalı, yenilməz görünməlidir, yalan buludlarını parça-parça edən şimşək kimi çaxmalıdır, onları dinləyən və ya oxuyan adamlara ruh, ümid, əzmkarlıq aşılamalıdır.

Həqiqət təkcə yalanı deyil, yalan danışanları da darmadağın etməlidir. Həqiqət həm də cəlbedici olmalıdır. Dillərə düşməli, kitab-qəzet oxumayan adamların da qapısını döyməlidir.

Volter mövhumata qarşı məhz belə mübarizə aparırdı. Onun xırda həcmli, maraqlı nəzm və nəsr əsərləri dillərdə dolaşırdı.

Beləliklə, gəlirik vacib məsələyə:

5. Həqiqəti yaymağa gərək olan ustalıq

Həqiqət yazarı öz cəsarəti ilə fəxr edir. Həqiqəti dərk etmək nailiyyəti onu məsud edib. O, bəlkə də həqiqəti döyüş silahına çevirmək üçün çəkdiyi əziyyətdən bezib və öz zəhmətinin bəhrəsini görmək üçün, maraqları uğrunda mübarizə apardığı adamların bu silahdan nə vaxt istifadə edəcəyini səbirsizliklə gözləyir.

Ancaq burda daha bir məqam qalır: həqiqət lazım olan ünvanlara gedib çatmışdırmı? Əgər bu baş verməyibsə, yaxud həqiqət yazarı onu lazımi ünvanlara çatdırmaq üçün tələb olunanı etməmişdirsə, çox güman ki, onun əməyi boşa çıxacaq.

Əsrlər boyu həqiqət carçıları onun yayılmasını əngəlləyən sədlərdən yan keçmək üçün müxtəlif hiylələrdən istifadə etmişlər.

Məsələn, öz məqsədinə nail olmaq üçün Konfutsi [əslində, Konq Fu Tse] vətənpərvərlik təqvimində dəyişikliklər etmiş, tarixi hadisələrin təsvirində bəzi sözləri əvəzləmişdi.

O yerdə ki deyilirdi, “hökmdar Kun filosof Vanı fikirlərinə görə edam etdirmişdir”, Konfutsi burada “edam etdirmişdir” sözünün əvəzinə “öldürtmüşdür” yazırdı.

O yerdə ki, hanısa tiranın qiyamçılar tərəfindən öldürülməsindən danışılırdı, burada “öldürmüşlər” sözünü “edam edilmişlər” sözü ilə əvəz edirdi. Bununla Konfutsi tarixin yeni, doğru idrakna yol açırdı.

Söz və şüarların düzgün seçilməsinin mühüm əhəmiyyəti var. Müxtəlif ictimai prosesləri təsvir etmək üçün, hakim təbəqələr mistik qabığa bürünmüş, gerçəkliyi düzgün əks etdirməyən, yaxud yanlış, özlərinə sərfəli mənalandırılan sözlərə üstünlük verirlər.

Belə konstruksiyaları dağıtmaq həqiqət yazarlarının borcudur. Sözlər təfəkkür asossasiyalarının açarlarıdır. Yanlışa da, doğruya da rəvac verən sözlərdir.

Konfutsi hikməti (tarixdəki təhriflərin aradan qaldırılması) günümüzdə də bütünlüklə keçərlidir. Bunu bir neçə misalla təsdiq edə bilərik:

- zülm edilən insanların mənafeyindən bəhs edərkən “xalq” əvəzinə “əhali” yazmalı; “xalq”, “xalqın iradəsi”, “xalqın mənafeləri” kimi ifadələr hakim təbəqələr üçün manipulyasiya vasitəsidir.

“Xalq” anlayışı özündə müəyyən vahidliyi, mənafe ümumiliyini nəzərdə tutur. Bu anlayış gerçəklikdə ziddiyyət yaşayan kateqoriyalara mücərrəd ümumiyyət gətirməklə, təzadları ört-basdır edir.

Müxtəlif ərazilərdə məskunlaşmış insanlar fərqli və çox vaxt da daban-dabana zidd mənafe daşıyıcısı olurlar. Bu bir həqiqətdir və bu həqiqəti dilə gətirmək yasaqdır.

“Xalq” sözü hakim və əzilən təbəqələri ümumiləşdirir, kimin kim olmasını qaranlıqda saxlayır. Hakim təbəqədən olan birisi “mən də bu xalqın övladıyam” deməklə, gerçək sərhədləri silməyə çalışır, halbuki o, əsarətdən əzilən çoxluğa deyil, zülmkar azlığa aiddir;

- “torpaq” əvəzinə “torpaq mülkləri” yazmalı; öz yazılarında “torpağı”, əkin sahələrinin çiçəklərini, onların ətrini vəsf edən adamlar varlıların arzuladığı dillə danışmış olurlar, onların hakimiyyətinə duyar-duymaz xidmət göstərirlər.

Halbuki yoxsulların rifahı torpağın bərəkətindən, əkinçinin torpağa olan sevgisindən, əməksevərliyindən daha çox, məhsulun bazar qiymətindən və zəhmətə görə ödənilən məbləğdən asılıdır.

Minlərlə insan kotan arxasında, sexlərdə, zavodlarda tər tökməkdə ikən, bir ovuc adam birjalarda onların əməyinin nəticələri ilə alver edir; birjalarda qara torpağın, neftin, mazutun iyi heç kimi maraqlandırmır, burda maraqlı olan mənfəətdir, yüz minlərlə zəhmətkeşin cibindən oğurlanan mənfəət!

Buna görə də “torpaq” romantikasından əl çəkib, həqiqətin gerçək üzü olan “torpaq mülkləri” sözündən istifadə edin;

- o yerdə ki, zülm hökm sürür, orada “intizam” deyil, “itaət” sözündən istifadə olunmalıdır. İntizam sözü aldadıcıdır; o, zülmkarı görünməz saxlayır, hüquqla tələb olunan, ümumi mənafeyə xidmət edən nəcib zərurət təsiri bağışlayır, halbuki belə deyil;

- konkret zümrələrin mənafelərindən bəhs edərkən, “xalqın şərəfi” deyil, “insan ləyaqəti” ifadəsinə üstünlük verin.

“Şərəf” – insana (şəxsiyyətə) kənardan verilən qiymətdir, “ləyaqət” isə insanın öz gözündə özünə verdiyi dəyərdir.

Xalqın şərəfi – mücərrəd ümumiləşməyə səbəb olur, bu anlayış altında ayrıca insan itirilir, ayrıca insan bu anlayışda özünü görə bilmir.

Halbuki xalqın şərəfi ayrıca fərdlərin ləyaqətindən başlayır. Şəxsiyyətlərin ləyaqəti tapdanan yerdə xalqın şərəfi ola bilməz.

Hakim təbəqənin sayıqlığını heçə endirən, yaxud onları əks tədbir görmək əzmindən məhrum edən bir çox üsullar var. Bunlar tarix boyu uğurla istifadə edilmişdir. Bir neçə misal:

- yazıçı Tomas MorUtopiya” əsərində ədalətli cəmiyyət təsvir etmişdi; düzdür, əsərdə İngiltərəyə aid bir dənə də olsun yer, adam adı yoxdur, amma istənilən ingilis oxucuya əyan idi ki, söhbət İngiltərədən gedir, isitisna isə yalnız İngiltərədə o dövrdə olmayan ədalətli quruluş idi;

- “Orlean bakirəsi” poemasında Volter kilsənin möcüzələr təliminə ağır zərbə vurmuşdu. O, elə möcüzələrdən bəhs edirdi ki, bunlar olmadan İoanne nə orduda, nə zadəgan saraylarında, nə də rahiblər arasında öz bakirəliyini saxlaya bilməzdi.

Özünün lətif və bəsirətli şeirlərində varlıların tüfeyli həyatına məxsus məhəbbət macəralarını təsvir edən Volter bununla varlıları mövhumatdan imtina etməyə örtülü çağırış edirdi.

Hərçənd ki, varlıların zəngin olmasında kilsənin böyük rolu vardı, bununla belə, zadəganlar Volterin əsərlərinin yayılmasına nəinki mane olur, hətta onun fikirlərini təqdir edir, yayılmasına rəvac verirdilər.

Çünki Volter insan instinktlərinə incə üsullarla, hiyləgərcə müraciət edirdi, bunun qarşısında isə heç kim duruş gətirə bilməz.

Belə misallar kifayət qədərdir, Lukretsini də yada salmaq yerinə düşər. Lukretsi birbaşa demişdi ki, onun lətif şeirləri Epikürün təlimini yaymağa kömək edir.

Həqiqətən də, bədii üslubun gözəlliyi bəzən əsəri təqiblərdən xilas edir. Təqribən dörd min il yaşı olan, qədim Misirdə mifoloji-dini görüşlərin hakim olduğu bir zamanda meydana çıxmış və günümüzə çatmaq nəsib olan “Arfaçının nəğməsi” deyilənlərə bariz nümunədir.

Bu nəğmə axirət inamına qarşı idi. Məntiqlə, həmin əsərin yayılması qadağan edilməli idi. Amma əsərdə elə incə bədii üsullardan istifadə olunmuşdu ki, görünür, ən qəddar tiranlar belə ona əl qaldırmaqdan vaz keçmişdilər.

Onu da nəzərə almaq lazımdır ki, bədii mükəmməllik bəzən şübhə doğurur. Belə hallarda yazıçılar bədii səviyyəni qəsdən aşağı salmağı lazım bilirlər.

Məsələn, qeyri-insani rejimləri nisbətən yumşaq ifşa etmək, habelə bunu daha geniş kütlələrə çatdırmaq üçün aşağı problu janrlar köməyə gəlir. Bu baxımdan, bulvar detektiv ədəbiyyatı əlverişlidir.

Şekspirin yaradıcılığında bədii səviyyənin məqsədli surətdə aşağı salınmasına dair çoxsaylı nümunələr var. Misal üçün, Kariolanın anası öz monoloqunda oğlunu doğma şəhərə qarşı silah işlətməkdən çəkinməyə çağırır.

Şekspir bu hissəni solğun, zəif ifadə etməklə göstərmək istəyirdi ki, Kariolanı öz niyyətindən çəkindirən heç də hanısısa real səbəb və ya ruhi yaşantılar deyil, özünün kütbeyinliyi və köhnə ənənələrin təsirindən çaxa bilməməsi olmuşdur.

Şekspirin yaradıcılığında həmçinin, həqiqəti məharətlə yaymasına dair nümunələrə rast gəlinir. Sezarın qəbri üstündə Antoninin söylədiyi nitq buna misaldır.

Burada Antoni öz dinləyicilərinə Brutun ləyaqətli adam olduğunu söyləyir, amma eyni zamanda Brutun zərərinə olan, onu ifşa edən hallara bəlağətlə toxunur. Beləliklə, sətirdə tərif, sətrin altında isə incə üslubla ifşa edir.

Təqribən dörd min il əvvəl Misirli bir şair xalq üsyanları ilə üzləşmiş hökmdara guya məsləhət verirmiş kimi, əyalətlərdə üsyandan sonra yaranmış vəziyyəti təsvir etmiş, hökmdarı bu özbaşınalığın qarşısını almağa səsləmişdi.

Əslində isə, burda əzilən kütlələrə mesaj var. O, kimisə birbaşa üsyana səsləmir, amma üsyan nəticəsində haqqını əldə etmiş insanların əvvəlki və sonrakı vəziyyətini müqayisə etməklə, yoxsul kütlələrə dolayı çağırış edir. Budur həmin əsərdən bir hissə:

Həqiqətən də: Arxivlər açılıb, vergi verənlərin siyahısı oğurlanıb, qullar ağaya çevrilib.

Həqiqətən də: Əsilzadə övladı indi rəiyyətdən seçilmir.

Həqiqətən də: Bir zaman azad və zəngin olanların beli indi dəyirmanda işləməkdən bükülüb. Gün işığı görməyənlərsə, indi azadlıqdadır.

Həqiqətən də: Abnos ağacından olan qurbangahlar sındırıldı. Qiymətli ağacları doğram-doğram etdilər.

Budur: Paytaxt dağıdıldı. Bir saat içində onu tar-mar etdilər.

Budur: Kasıb dönüb varlı oldu!

Budur: Bir zaman çörək tapmayanlar indi sərvət yiyəsidir. Anbarları malla dolub-daşır.

Budur: Çörək tapmış insanlar indi qayğısız yaşayır.

Budur: Bir ovuc buğdaya möhtac olanlar indi anbarlara sahib çıxıblar; əvvəl borca buğda alanlar, indi özləri buğda paylayır.

Budur: Bir zaman heç öküz qoşqusu da olmayanlar indi öküz sürüsünə sahibdilər.

Budur: Bir zaman başını soxmağa koma tapmayanların indi öz evləri var.

Budur: Bir zamanın kübarları indi zirzəmilərə sığınıblar. Əvvəl divar dibində yer tapa bilməyənlərinsə indi öz yatağı var.

Budur: Bir zaman balaca qayıq düzəltməyə qadir olmayanların indi gəmisi var. Gəmilərin əvvəlki sahibləri baxa-baxa qaldılar, gəmilər onların deyil daha.

Budur: Bir zaman bər-bəzək içində üzənlər indi cır-cındır içində gəzirlər. Əvvəl bir qarış parça tapmayanlarsa indi kətan geyirlər.

Budur: Bir zaman içməli su ilə çimənlər indi içməyə su tapmırlar. İçməli suya həsrət qalanlarsa onların bardaqlarına sahib çıxıb.

Budur: Bir zaman musiqiyə həsrət olanların indi arfası var. Daha xanəndələr onları feyziyab edir.

Budur: Bir zaman evlənməyə pul tapmayanlar indi gözəl qadınlarla ailə qurublar. Əvvəl özünü bir tək suda görə bilənlərin indi evində güzgüsü var.

Budur: Bir zaman hökmranlıq edənlər indi baş götürüb qaçırlar. Onlara daha xəbər daşıyan da yoxdur. Əvvəl ona-buna çaparlıq edənlər indi özləri qasid göndərir.

Budur: Bax, ağa beş nəfəri iş dalınca göndərmək istədi, amma onlar dedilər: “Özün get, biz artıq sənin hambalın deyilik, azad adamlarıq”.

Göründüyü kimi, əyalətlərdə köhnə qaydaların məhvini təsvir etməklə şair əsarətdə olan insanlara edilən zülmü də nəzmə çəkir, ancaq onu heç nədə birbaşa təqsirləndirmək mümkün deyildi, çünki sadəcə üsyan etmiş əyalətlərdə yaranmış vəziyyəti təsvir edirdi.

Jonathan Swift
Jonathan Swift

Jonathan Swift öz pamfletlərindən birində təklif edir ki, yoxsulların uşaqlarını öldürüb doğramaq, ətini duzlayıb küpələrə yığmaq və satışa çıxarmaq lazımdır.

Bununla həm yoxsulluğun qarşısını birdəfəlik almaq, həm də ölkəni inkşaf etdirmək olar. O, bu işdən gələcək mənfəəti də dəqiqliklə hesablayır və tövsiyə edir ki, təklifi mütləq həyata keçirmək lazımdır, heç nəyə məhəl qoymadan.

Aydındır ki, burada Svift özünü bilərəkdən axmaq yerinə qoyub. Amma oxuyanlar başa düşürdü onun nə demək itədiyini.

Yoxsul uşaqlarını lazımsız döyüşlərdə aparıb qırdırmaq Sviftin verdiyi təklifdə olan qətl üsulundan nəticə etibarı ilə fərqlənmir.

Sadəcə Svift yoxsulları agah edir ki, xəbəriniz olsun, ölkəyə çarəsiz aclıq üz versə, varlılar hətta sizin balalarınızı kəsib yeyəcək qədər əclafdırlar.

Əsarətə qarşı təbliğat hansı üslubda aparılmasından asılı olmayaraq, zülmə məruz qalanların mübarizə formulları baxımından yararlıdır.

Təbliğat şüurlara təsir göstərməyin əsas vasitəsidir. Şüurlarda müvafiq oyanış olmadan hərəkat mümkün deyil.

Hökumətlər insanları zülmə məruz qoyduğu bütün halları xüsusi təbliğatla pərdələməyə, bunun əslində zülm olmadığını, xalqın iradəsinə uyğun olduğunu, gələcək nəsillər qarşısında borc olduğunu və s. söyləməklə gerçək niyyətlərini gizlətməyə çalışırlar.

Despotizm yandaşları məzlumlara fayda gətirən hər şeyi şərəfsizlik kimi lənətləyir. Ölkədə aclıq və səfaləti aradan qaldırmaq istəyirsən? – deməli, şərəfsizsən!

Əsgərlər aclıq, rəzalət hökm sürən “vətəni” qorumaq istəmirlər? - deməli, şərəfsizdilər!

İnsanlar rəhbərə etimadsızlıq göstərir, onun ölkəni fəlakətə sürüklədiyini zənn edirlər? - deməli, şərəfsizdilər!

Yoxsullar gündəlik yeməyə belə çatmayan maaşa etiraz edir, ailəsinin qayğısına qalır, övladlarının gələcəyi onları narahat edir? – deməli, şərəfsizdilər!

Onların təbliğatında insan kimi yaşamaq istəyənlər üçün hazır damğalar var: ailəsinə çörək aparmaq istəyənlər – qarınquludur; zəhmətinə görə ədalətli maaş istəyənlər – yaramazdır; həyatından bezdirilmiş, gələcəyə ümidini itirmiş insanlar – qorxaqdır; zülmkarlara etimad göstərməyən, onların saxta vədlərinə inanmayanlar – vətən xainidir; fürerin “ali” niyyətlərini bəyənməyən, ona qarşı çıxanlar – anti-milli ünsürdür!

O ölkələrdə ki, belə məxluqlar hakimiyyətdədir, orada ümumiyyətlə düşünmək şərəfsizlik və xainlik kimi dəyərləndirlir. Orda insanlara düşünməyi yadırğadırlar, düşünənləri isə təqib edirlər.

Orda insanlarla qoyun sürüsü kimi davranılır. Sürünün əti, yunu, südü, verdiyi yeni nəsil üzərində müstəsna sahiblik hüququ fürerə – baş çobana məxsusdur.

Onun icazə verdiyi yerlərdə otlamalısan, axura nə tökürsə ona da qane olmalısan, cızıqdan çıxmaq həddin yoxdur, cızıqlara nəzarət edən, hər an parçalamağa hazır olan bir sürü köpək var fürerin ixtiyarında.

Köpəklərin vəzifəsi zatən budur: Çobanın iradəsini sədaqətlə həyata keçirmək, buna görə yallanmaq, Çobanın sevimli köpəyi olmaq.

Hər cür qadağa və təqiblərə rəğmən, ən amansız rejimlər altında da həqiqətləri yaymaq üçün imkanlar qalır, tələb olunan: belə hallarda həmin imkanlardan düzgün istifadə etmək, bunula da despotlara təqib üçün əsas verməməkdir.

Bunlar elə sahələrdir ki, orada despotlar fikir olmadan sadəcə keçinə bilməzlər. Məsələn, ölkənin gəlirləri müharibə hazırlığına və ya başqa gərəksiz layihələrə xərclənirsə, deməli, əhalinin rifahını gerçəkdən yüksəltmək üçün daha az vəsait qalır, maaş artımı qiymət artımı ilə uzlaşmır, yoxsulluq artır.

Həmin layihələr barədə yazmağı kimsə yasaqlaya bilməz, çünki despotlar belə layihələrin ümummilli məqsədlərdən irəli gəldiyini bəyan edirlər, belə layihələr barədə yazmağı sadəcə qadağan edə bilməzlər, çünki bu, öz-özünü inkar demək olardı. İsrafçı layihələr barədə yazmaqla mühüm həqiqətləri ustalıqla bəyan etmək mümkündür.

Xüsusən, həmin layihələrə aşırı pul sərfiyyatı ona səbəb olur ki, hökumət sosial xərcləri ixtisar etmək məcburiyyətində qalır. Əhali gəlirləri az olduqda, gündəlik ərzaq, dərman, geyim və başqa təlabatları keyfiyyətli təmin etmək mümkünsüzləşir.

Buna görə bazarlar ucuz və keyfiyyətsiz ərzaq, dərman, geyim və başqa istehlak məhsulları ilə doldurulur ki, əhali gəlirləri ucuz və keyfiyyətsiz, əksər hallarda da sağlamlıq üçün zərərli malları əldə etməyə yetərli olsun.

Belə halları israfçı layihələrlə əlaqələndirmək və bunun da fonunda əsl həqiqətləri bəyan etmək üçün imkanlar açılır. Əsas məsələ – yazını senzuradan xilas etmək, onun yayılmasına yaradılacaq əngəllərdən yan keçmək, həqiqətləri geniş kütlələrə çatdırmaqdır.

Avam insanların düşüncələri belədir ki, öz problemlərində daha çox özünü günahlandırmağa meyllidirlər.

İnsanlar belə layihələrin iflasa apardığını, düşdükləri ağır maddi durumun məhz belə israfçılıq ucbatından baş verdiyini yetərincə dərk etmirlər.

Avam insanların düşüncələri belədir ki, öz problemlərində daha çox özünü günahlandırmağa meyllidirlər.

Başına gələn faciələrin qəzavü-qədər, bəxtsizlik, qismət, tale, yaxud əvvəldən düz yol tutmaması, öz əli ilə öz başına iş açması kimi qəbul edirlər.

Buna görə, insanlara anladılmalıdır ki, problemlərin səbəbi hansısa mistik təzahürlər yox, ölkədə inhisarçılıq ucbatından fürsətlərin qapanması, gəlirlərin inhisarçı bir qrupun əlində təmərküzləşməsi, büdcə gəlirlərinin israfçı layihələrə xərclənməsidir.

Despotik rejim yandaşlarının əsas vəzifələrindən biri ölkədə sabitlik olmasından, qazanılmış uğurlardan danışmaq, bunu rəqəmlərlə isbatlamağa çalışmaqdır. Rəqəmlər əksər hallarda saxta olur və deməli gerçəkliyə əsaslanmır.

Onların bəyan etdiyi rəqəmlər silsiləsini asanca ifşa etmək mümkündür. Bunun üçün iqtisad elmlərindən və ölkədəki real vəziyyətdən məlumatlı olmaq lazımdır.

Rejim ideoloqlarının sabitlik kimi qələmə verdiyi vəziyyət əslində sabitlik deyil, durğunluqdur.

Onlar rəqəm oyunları ilə kütləvi şüura uyuşdurucu təsir göstərməyi hədəfləyirlər, “inkişaf” göstəricilərinin ildən-ilə yüksəldiyini göstərən rəqəmlər əhalidə gələcəkdə hər şeyin yaxşı olacağı barədə əsassız ümid aşılamağa hesablanıb.

Riyazi göstəricilər heç nə ilə müqayisə olunmayan təsir gücündədir. Savadsız adamlar da riyaziyyatdan daha dəqiq heç nəyin olmadığını bilirlər.

Buna görə həqiqət yazarlarının ümdə vəzifəsi hökumətin saxta göstəricilərini möhkəm dəlillərlə, aşkar riyazi üsullarla, hamı üçün başa düşülən sadə hesablama və müqayisələrlə ifşa etməkdir.

Əhalinin sayca cüzi qisminin çoxluq üzərində istismarına əsaslanan bütün despotik rejimləri ayaqda saxlamağın başlıca üsulu: həyatın bütün sahələrini əhatə edən dünyagörüşünün mövcud olmasıdır.

Adətən cəhalətə və elmsizliyə dayanan belə sistemlər xüsusi ideologiyalarla, yerli adət-ənənələrlə, dinin gücü ilə möhkəmləndirilir. Əzilən kütlələrin elmi nailiyyətlərdən xəbərdar olması istismarçılar üçün taleyüklü təhlükə mənbəyidir.

Ona görə, məsələn, Darvinin təkamül nəzəriyyəsi meydana çıxarkən kilsə bərk təşvişə düşmüşdü. Avropa ölkələrinin hökumətləri əvvəl bu nəzəriyyənin yayılmasını əngəlləmək üçün ciddi səy göstərmirdilər.

Amma din xadimləri hökumətlərə israrla bu nəzəriyyəyə qarşı çıxmağı tələb edir, onun yatmış kütlələri oyada biləcəyini əsaslandırmağa çalışırdılar. Kilsənin mərkəzi “dəlili” – insanın primatlardan təkamül etmiş olması fikrini lənətləmək idi.

Bu məsələdə kilsənin mövqeyi geniş kütlələrin instinktiv həssaslığı ilə üst-üstə düşürdü. Məsələ ondadır ki, insanlarda əcdad kultu güclüdür. İnsanlar ata və babasını bəyənməyə bilər, amma onlar daha uzaq əcdadlarına böyük ehtiramla yanaşırlar.

Onlar uzaq əcdadlarının primat olmasını sadəcə qəbul edə bilmirlər. Əgər Darvin insanların aslan, ya pələngdən təkamül etdiyini iddia etsəydi, geniş kütlələr tərəfindən lənətlə qarşılanmazdı, bəlkə də rəğbətlə qarşılanardı.

Çün məlumdur ki, tarixən bir çox xalqların dini-mifoloji inanclarında totemlər olmuşdur. Məsələn, türk xalqları öz əcdadlarının Canavar olduğunu hesab etmiş, bununla fəxr etmişlər. Fəqət mövzu primatlara gəlincə, insanlarda instinktiv ikrah duyğusu oyanır.

Fizika sahəsində yaxın keçmişdə əldə edilmiş nailiyyətlər dialektikanın inkişafına üfüqlər açdı.

Hegel bu nailiyyətlərdən istifadə edərək məntiqin mürəkkəb məsələlərini işləyb hazırladı. Hegel məntiqi əsarətin zərurət olması barədə köhnə ehkamları uçurub dağıtdı.

Bütün bunlar isə öz növbəsində Marks tərəfindən proletar mübarizəsinin metodlarını işləyib hazırlamaqla davam etdirildi.

Despotik rejimlər dünyəvi təhsillə bir araya sığmaz olduğundan, onlar dünya elminin inkişafının seyrçilərinə çevrilir, bununla öz ölkəsinə sakin olan insanların da üzünə elm qapılarını bağlayırlar.

Onlar dünya elminə əməli tövhə vermir, bəzi tövhələr isə, ayrı-ayrı adamların fədakarlığı sayəsində olur. Vaxtı ilə dözülməz vəziyyət üzündən ölkəsini tərk etmiş və xaricdə elmi nailiyyətləri ilə məhşurlaşmış adamları despotik rejimlər arsızca öz ölkələrinin elmə tövhəsi kimi təbliğ edirlər.

Amma çoxları ağlına da gətirmir ki, həmin adamlar vaxtı ilə ölkəni tərk etmiş olmasa idilər, onları hansı aqibət gözləyirdi.

Əgər bir adam vaxtilə ölkədən baş götürüb qaçmış və bunun sayəsində özünü realizə edib, dünya elminə tövhə verə bilmişdirsə, bu, artıq qaçaq düşülmüş cəmiyyətin deyil, sığınacaq olmuş cəmiyyətin nailiyyətidir.

Elm sürətlə inkişaf edir, cəmiyyətdəki bütün təsisatların yenilənməsini, həyat tərzinin ona uyğunlaşmasını tələb edir. Dəyişikliklər despotik rejimlər və xüsusən, rejimin sayəsində varlanmış istismarçı təbəqə üçün arzu olunan deyil. Onlar idarə edilənlərin kor istehlakçı kimi qalmasında maraqlıdılar.

Köhnə qaydalar onları tamamilə qane edir. Qoy, hər şey ən azı min il ərzində dəyişməz qalsın. Daha yaxşı olar ki, Yer öz oxu ətrafında hərəkətini dayandırsın, onda heç vaxt axşam və səhər olmaz, deməli, kimsə səhər ya axşam yeməyi də tələb etməz, sutkada bir dəfə yemək yoxsulların bəsidir, onların fikrincə.

Əksər despotik rejimlər xalqları əsarətdə saxlamaq üçün onların bəlli yoxsulluq səviyyəsində qalmasında maraqlıdır.

Fəhlə, qulluqçu və digər çoxsaylı kateqoriya işçilərə ödənilən aylıq maaşlar onların dolanışığına güclə çatır. Məlumdur ki, normal əmək haqqı olanda insanlar aylıq xərclərindən qənaət edərək ehtiyat toplayırlar.

Müəyyən ehtiyatın olması o deməkdir ki, bu insanlar işdən qovulduqda və ya dözülməz tələblərə boyun əyməyərək işdən özü çıxdıqda, növbəti iş yeri tapanadək, ən azından bir neçə ay dolanmaq üçün ehtiyata malik olurlar.

Belə bir ehtiyat olmadıqda isə onlar qəddar şərtlər altında işi davam etdirməyə məcbur qalırlar; belə adamların işlərini itirməsi özləri və ailələri üçün real aclıq təhlükəsi yaradır. Buna görə əhali çoxluğunu təşkil edən yoxsul insanlar işlərini itirməmək üçün hər cür rəzalətə qatlaşırlar.

Despotik rejimlərin köhnə qaydalara arxalanması və buna görə labüdən elmdən uzaq düşməsi elm sahələrini həqiqət yazarları üçün döyüş meydanına çevirir.

Cordano Bruno elmi insan ruhunu qəhrəman etməyin ən yaxşı üsulu adlandırmışdı. Bu, həqiqətən belədir. Amma burda əsas məsələ insanları elmlə düşünməyə təşviq etməkdir.

Cəmiyyətlərin aydınlanması baxımından aşılmalı olan ölü sədd var. Despotik rejimlər xalqın bu səddi aşmasına imkan vermirlər. Səddi aşmaq üçün insanları dünyanın dəyişən olmasına, hər şeyin, o cümlədən adət-ənənlərin, əxlaqın yeniləşməyə məhkum olduğuna inandırmaqla başlamalıdır.

Onlar anlamalıdır ki, bu gün qarşısında özlərini gücsüz hesab etdiyi rejimlər heç də həmişə güclü olmayacaqlar. Bu günün qalibi sabahın məğlubudur. “Zaman istənilən tiraniyanın gücünü tükədir” – bu həqiqəti Utikalı Kato 2 min il əvvəl söyləmişdir.

Dünyada hər şeyin dəyişən olduğuna əsaslanan dialektik dünyagörüşü əsarətdə olan xalqın ruhunu yüksəltmək üçün zəruri vasitədir.

Onların əcdadlarının beyinlərinə əsrlərlə yeridilmişdir ki, dünya dəyişməzdir, əzəldən belədir, onu dəyişmək insan gücü daxilində deyil, fövqəltəbii qüvvələrlə idarə olunur, həyat fanidir, əzablar müvəqqətidir, onları axirətdə başqa, gözəl həyat gözləyir.

Hakim inhisarçı azlığın işinə yarayan bu miflər birdəfəlik dağıdılmalıdır. Əgər dünya dəyişməzdirsə, necə oldu ki, 5 min il əvvəl daş alətlərlə ov edən insanların nəsilləri bu gün təyyarədə gəzirlər.

Yaxın keçmişəcən insanlar elə bilirdilər ki, Yer dünyanın mərkəzidir, müstəvidir, günəş və ulduzlar isə onu ətrafında dövrə vurur. Amma bu gün Yerin kürə olmadığını deməklə yalnız gülüş hədəfinə çevrilmək olar.

Məhz belə elmi bilikləri yaymaqla, hakim təbəqənin başı üzərindən və özünə təhlükə yaratmadan, insanları dünyanın dəyişdiyinə, heç nəyin əbədi olmadığına inandırmaq mümkündür.

İnsanlar başa düşməlidir ki, onların taleyini həll edən görünməz mistik qüvvələr yox, məhz onları istismar edən zəngin və amansız həmcinsləridir. Mistik qüvvələrin mövcudluğu və təsiri barədə mövhumatı məhv etmək üçün tarixdən çoxsaylı faktlar gətirmək olar.

Məsələn, 1885-ci ildə Neapol şəhəri yaxınlığındakı Korano kəndini vəba xəstəliyi bürüyən zaman kənd əhalisi kilsənin ətrafında qara geyimli madonnanın peyda olduğunu “görmüşdülər”.

Kənd əhaisi dəhşət içində idi, bunun qarşısını almaq üçün hökumət kilsəni başqa yerə köçürdü, onun əvvəl yerləşdiyi təpəyə isə silahlı gözətçilər qoydu. Bununla da kabus məsələsinə son qoyuldu.

Belə faktlar kifayət qədərdir, onları toplamaq, yeri gəldikcə istifadə etmək lazımdır. Avam kütlələr mistikanı, mifləri, fövqəltəbii qüvvələr barədə uydurmaları həvəslə dinləyir, asanlıqla təsirə düşürlər.

Bu isə yalnız və yalnız istismarçı qüvvələrin işinə yarayır. Ona görə də, publikanın maraq dairələrini düzgün təyin etmək, müvafiq mövzuları qələmə almaq, mövhumatı kökündən qazıyıb atmaq tələb olunur.

Həqiqəti yayarkən ustalıq olmadan uğur qazanmaq mümkün deyil. Əsrlər boyunca insanların şüurunda kök salmış, nəsildən nəslə ötürülən yalanlara yalnız ustalıqla: danılmaz faktlarla, inkarı mümkün olmayan aydın məntiqlə qalib gəlmək olar.

1934

Tərcümə: Ruslan Köçərli

XS
SM
MD
LG