Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:08

İmişlidə seçki qalmaqalı


İltizam Əkbərli.
İltizam Əkbərli.

-

Oktyabrın 4-də İmişli şəhərindəki 79 saylı Dairə Seçki Komissiyasının (DSK) inzibati binasında həyəcanlı anlar yaşanıb. Namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş, sabiq deputat İltizam Əkbərlinin imza vərəqələrindəki imzaları yoxlamalı olan ekspertlərdən biri İşçi Qrupunun yoxlamasında iştirakdan imtina edib. Onu əvəz edən digər ekspert özünü pis hiss edib və əraziyə təcili yardım çağırılıb. Bundan bir qədər sonra isə DSK binası önündə namizəd və tərəfdarları polisin hücumuna məruz qalıb.

POLİS EKSPERTİ İŞÇİ QRUPUNUN YOXLAMASINA QATILMAYIB

Bu barədə AzadlıqRadiosuna İltizam Əkbərlinin özü məlumat verib.
Onun dediyinə görə, namizədliyinin müdafiəsi üçün toplanılmış imzaların yoxlanılmasında iştirakı üçün həmin gün saat 11-də DSK-nın inzibati binasına dəvət edilib:

«İşçi Qrupunun üzvlərinin toplanması xeyli vaxt çəkdi. Bu müddətdə komissiya sədri təklif edirdi ki, imzaların yoxlanılmasını növbəti günə saxlayaq. Oktyabrın 5-də isə mənim qeydə alınma məsələmə baxılması müddəti bitir.
Seçki Məcəlləsinin tələbinə görə, imzaların və digər seçki sənədlərinin yoxlanılması barədə protokol namizədə qeydiyyat məsələsinə baxılacaq komissiya iclasından 24 saat əvvəl təqdim edilməlidir. Buna görə İşçi Qrupu mütləq həmin gün işini başa çatdırmalı idi. Xeyli mübahisədən və MSK-nın «qaynar xətt»inə edilən müraciətdən sonra nəhayət, imzaların yoxlanılmasına qərar verildi. Amma, İşçi Qrupun üzvü olan, Əmlak Məsələləri üzrə Dövlət KOmitəsinin İmişlidəki yerli idarəsinin mütəxəssisi Rafiq Miriyev DSK-nın inzibati binasına gəlməkdən imtina etdi. Açıq dedi ki, imzalarla bağlı heç bir problem yoxdur və saxtalaşdırma ilə bağlı heç bir sənədə imza atmayacağam. Yalnız saat 17-də ekspert qismində İdris Əliyev ad-soyadlı polis zabiti və rayon maliyyə idarəsinin Kamal adlı işçisi işə cəlb edildi».

79 saylı Dairə Seçki Komissiyası.
79 saylı Dairə Seçki Komissiyası.

«POLİSİN PİS RƏFTARINA GÖRƏ RƏİS MÜAVİNİ MƏNDƏN ÜZR İSTƏDİ»

İltizam Əkbərli bildirir ki, imzalar yoxlanılarkən DSK-nın inzibati binası önündə 50 nəfərədək tərəfdarı gözləyib. Onlar ekspertlərin etibarsız hesab etdiyi imza sahiblərini gedib evlərindən gətiriblər. Bu vaxt ekspert özünü pis hiss etdiyini deyib və o, təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb:
«Həmin vaxt binanın önünə 30-40 nəfər polis əməkdaşı cəlb edilmişdi və hədə ilə bizim oradan uzaqlaşmağımızı tələb etməyə başladılar. Mobil telefonla videoçəkiliş etmək istəyərkən onların hücumuna məruz qaldıq. Üstümə düşüb zor tətbiq etməklə telefonu əlimdən almaq istədilər. Əməlli-başlı dartışma oldu, üst-başım bulandı. Bu vaxt tərəfdarlarımdan birinin telefonu sındırıldı. Hadisə yerinə gələn İmişli RPŞ rəisinin müavini Habil Ağayev polis əməkdaşlarına dayanmaq əmri verdi və onların hərəkətlərinə görə məndən üzr istədi. Komissiya üzvlərinin yanına qayıdanda rayon prokuroru adından tələb olundu ki, binanı tərk edim».

5 İL ƏVVƏL DƏ BELƏ OLMUŞDU...

İltizam Əkbərli 2005-ci ilin parlament seçkisində 79 saylı dairə üzrə qalib elan edilib. 2010-cu ildə isə «etibarlı imzaların sayı namizədliyinin qeydə alınması üçün yetərli olmadığından» deputatlığa namizəd kimi qeydə alınmayıb. DSK-nın bu qərarı MSK və ölkə məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılıb. Avropa İnsan Haqları Məhkəməsi bu işlə bağlı qərar vermə mərhələsindədir.

79 saylı Dairə Seçki Komissiyasından isə bütün bu deyilənlərə münasibət bildirməyiblər.

XS
SM
MD
LG