Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:51

Biznesmenlər köçür və... valyuta ehtiyatı azalır


Mərkəzi Bank.
Mərkəzi Bank.

-

Mərkəzi Bankın (MB) valyuta ehtiyatı sentyabr ayında da azalıb. Bu dəfə azalma 271.2 milyon dollar və ya 3.7 faiz olub. Hazırda MB-nin valyuta ehtiyatı 7 milyard 44 milyon 200 min dollardır.

DÖRDİLLİK MİNİMUM

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, valyuta ehtiyatının həcmi dördillik minimuma düşüb: «Ehtiyatların həcmi sonuncu dəfə 2011-ci ilin oktyabrında təxminən bu həddə, yəni 7 milyard 27 milyon 600 min dollar olub. Bu ilin 9 ayı boyunca MB-nin ehtiyatları 6 milyard 700 milyon dollar və ya 49 faiz azalıb».

Ekspertin fikrincə, azalma ölkədən xaricə kapital axınından qaynaqlanır. Biznes mühitinin pisləşməsi ucbatından biznesmenlər Gürcüstan, Qazaxıstan və Ukraynaya, eləcə də uzaq Avropa ölkələrinə köçürlər. Bu da valyutanın xaricə axınını doğurur.

NEFTDƏN ASILAN MANAT

Samir Əliyev vurğulayır ki, indən belə valyuta ehtiyatı həcmindəki hər hansı dəyişiklik dünya əmtəə və maliyyə bazarlarında gedən proseslərdən asılı olacaq: «Neft ucuzlaşmaqda davam edərsə, şübhəsiz, manata təzyiq artacaq. Dolların bahalaşması bir sıra ölkələrdəki devalvasiya siqnallarını daha da gücləndirir. Avropa Birliyi, Çin, Türkiyə valyutalarının timsalında baş verənlər, bunun digər ölkələrə, o cümlədən Azərbaycanla bənzər iqtisadiyyata malik Qazaxıstan, Rusiya və hətta Norveçdə də təkrarlanma ehtimalını artırır».

Ekspert düşünür ki, bütün bunlar xammal valyutası olan manatın gələcək taleyindən bəzi işartıları ortaya qoyur və: «MB-nin sabit manat niyyəti olsa da, manatın taleyini neft həll edəcək».

XS
SM
MD
LG