Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:43

İŞİD üçün bu qədər «Toyota» haradandır?


İŞİD döyüşçüsü «Toyota».
İŞİD döyüşçüsü «Toyota».

-

ABŞ-ın terrorçuluqla mübarizə aparan rəsmiləri dünyanın ikinci böyük avtomobil istehsalçısı olan «Toyota» şirkətinə sorğu göndəriblər. Rəsmilər İŞİD silahlı qruplaşmasının bu qədər «Toyota» pikap və SUV-tipli maşınları necə əldə etməsi ilə maraqlanırlar. Bu avtomobillər terrorçu qruplaşmanın İraq, Suriya və Liviyadan yaydığı videolarda görünür. Xəbəri «ABC News» yayıb.

Sorğunu ABŞ Maliyyə Departamentinin terrorun maliyyələşdirilməsi bölməsi göndərib. «Toyota» bildirir ki, İŞİD-in maşınları necə almasını bilmir.

«Biz Departamenti «Toyota»nın Yaxın Şərqdəki təchizat şəbəkələri və «Toyota»nın bu şəbəkənin bütövlüyünü qorumaq üçün həyata keçirdiyi proseduralar barədə məlumatlandırdıq», - «Toyota»nın Vaşinqtondakı təmsilçisi Ed Lewis deyib.

««Toyota» maşınlarının yarımhərbi və ya potensial terrorçu qruplaşmalara satılmaması üçün sərt siyasət yürüdür», - deyən Lewis onu da əlavə edib ki, şirkətin oğurlanmış, yaxud vasitəçilərin əliylə alınmış, yenidən satılmış ikinci əl avtomobilləri izləməsi mümkünsüzdür.

İŞİD-in videolarında daha çox «Toyota Hilux» pikapları görünür. Bu maşınlar adətən ağır silahlar və terrorçularla doldurulmuş olur. İraqın ABŞ-dakı səfəri Lukman Faily «ABC News»a deyib ki, köhnə maşınlardan istifadə bir yana, İŞİD son illər ərzində «Toyota»dan yüzlərlə yeni maşın alıb, İraq hökuməti belə düşünür.

«Təəssüf ki, «Toyota Land Cruiser» və «Hilux», demək olar, İŞİD adının bir hissəsinə çevriliblər», - bunu isə ABŞ-ın BMT-dəki keçmiş səfiri Mark Wallace söyləyib. «İŞİD bu maşınları hərbi, terror fəaliyyətində istifadə edir. İŞİD-in videosunda «Toyota» karvanı gözə dəyir, bu, bizi çox narahat edir». Wallace antiterror məsələləri üzrə bir layihənin rəhbəridir.

«Toyota» isə İŞİD videolarındakı maşınların köhnə model olduğunu bildirir. Lewis bir daha vurğulayır ki, şirkət maşınlardan sui-istifadəyə gətirən dolayısı və qanunsuz yolları nəzarətdə saxlaya bilməz.

Hələ 2014-cü ildə «Public Radio International» xəbər yayıb ki, Dövlət Departamenti Suriya üsyançılarına 43 «Toyota» göndərib. Avstraliyada isə 2014-2015-ci illərdə 800-dən çox «Toyota» itib. Terrorçuluq üzrə ekspertlər bu maşınların İŞİD ərazisinə aparıldığını güman edirlər.

«ABC News» yerli «Toyota» distributorları ilə əlaqə saxlayıb. Onlar da İŞİD-in bu maşınları necə əldə etdiyini bilmədiklərini deyiblər.

Angela Merkel.
Angela Merkel.

AVRO-NİKBİNLİYİN YERİ VAR

«Avropa yıxılır, parçalanır, iflasa uğrayır – bir çox müşahidəçilər indi, sadəcə, bu qorxunc dramın nə qədər sürəcəyini gözləyirlər. Avropa layihəsinin gələcəyinə ümid qitə boyunca qəhətə çəkilib». Bunu «The New York Times»da Transatlantik Akademiyasının əməkdaşı Ulrich Speck yazır.

Müəllif qeyd edir ki, yeganə müqavimət göstərən məkan Almaniyadır. Belə ki, kansler Angela Merkel tənqidçilərinə həll variantının mümkün olduğunu bildirir.

«Xanım Merkel nə danışdığını bilir. Avropa nəinki hazırkı problemləri üstələyə bilər, tufan birliyi daha da güclü edər. Avropa Birliyinin hüquqa söykənən sisteminə üç böhran təhlükə törədir: Yunanıstan, Ukrayna münaqişəsi və qaçqın böhranı».

Müəllif Avropanın məhz Almaniyanın koordinatorluğu ilə problemlərin öhdəsindən gəlməyə çalışdığını vurğulayır. Xanım Merkel ölkə daxilində və xaricində əla işləyən bir qeyri-rəsmi idarəçilik sistemi qurub. Ölkədə koalisiya tərəfdaşları, xaricdə isə Fransa, Avropa Birliyi Şurası və Avropa Komissiyasının rəhbərləri, eləcə də ABŞ prezidenti Barack Obama onu dəstəkləyir.

«Hakimiyyətin mərkəzi Brüsseldən Berlinə keçib. Düzdür, nə federalistlər, nə də millətçilər bundan məmnun deyillər. Ancaq nəticə gözlənilməz dərəcədə səmərəlidir. Bir sıra proqnozların əksinə olaraq, Avropa parçalanmır. Böyük böhranların öhdəsindən birgə gəlməyə çalışır, ölkə başçıları mütəmadi görüşür. Britaniyanı çıxmaqla, heç bir ölkə birliyi tərk etmək istəmir və bu birliyə üzvlük periferiyadakı ölkələr üçün arzu olaraq qalır».

Müəllif Avropanın avro böhranının öhdəsindən gəldiyini, Ukrayna münaqişəsinin səngidiyini, qaçqın axınını da yoluna qoymağa çalışdığını qeyd edir.

«Avropa Birliyi əvvəllər bürokratlar tərəfindən yaradılıb və idarə olunub, ictimaiyyətdən daha çox gizlədilib. Yeni birlik isə siyasidir. Brüsseldə qapılar arxasında sazişlər dövrü bitib».

Qaçqınlar Avstriya-Macarıstan sərhədində.
Qaçqınlar Avstriya-Macarıstan sərhədində.

ALMANİYADAKI SIĞINACAQLAR ZORAKILIQ İÇİNDƏ

Son bir neçə həftə ərzində Almaniyada qaçqın yataqxanalarında zorakılıq halları çoxalıb. Artıq rəsmilər də narahat olmağa başlayıb.

«Spiegel» qaçqınların qaldığı bir köhnə aeroport anqarında 80 yaşlı pakistanlı ilə 18 yaşlı albanın mübahisəsindən doğan qarşıdurmanı təsvir edir. Gənc albanın yemək növbəsində durmağa səbri çatmır, növbəni pozur. Pakistanlı ona qəzəblənir. Əlbəyaxa zamanı gənc alban pakistanlını şillələyir. Mühafizəçilər onları ayırır, ancaq məsələ bununla bitmir. Əvvəlcə 50-60 pakistanlı anqara hücum edib, albanı alüminium məftillərlə hədələyir. Nahar vaxtı isə 300 qəzəbli alban peyda olur, pakistanlılara hücum edir. Onlar bir-birini dəyənəklə döyür, gözyaşardıcı qaz atır. Polis bu qarşıdurmaya sığınacaqda qalan 1500 qaçqından 350-nin qatıldığını bildirir. Kalden aeroportundakı sığınacaqda 14 nəfər xəsarət alıb, onların içində polislər də var.

Digər sığınacaqlarda da zorakılıq halları artır. «Sanki Almaniyadakı qaçqın düşərgələrində partlayıcı bir əhval-ruhiyyə hökm sürür».

Bu arada sığınacaqda qalanları etnik və dini mənsubiyyətinə görə paylaşdırmaq təklifləri də səslənir. Ancaq rəsmilər bunun praktikada mümkün olmadığını deyirlər.

Qaçqınların hər gün növbədə qabağa düşmək üçün doluşduğu müəssisələrin birinin işçisi deyir ki, «havada böyük gərginlik və təcavüz var». Ekspertlərsə növbəti aylarda zorakılığın daha da artacağını proqnozlaşdırır. Belə ki, qaçqın dalğası səngimir, əksinə, artır.

XS
SM
MD
LG