Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:56

Ölülərin, dirilərin adına yazılan təqaüdlər


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Bir qrup şəxs dövlət əmlakını talamaqda, saxtakarlıqda, vəzifədən sui-istifadədə təqsirli biliniblər. Şəki Ağır Cinayətlər Məhkəməsinin mühakimə etdiyi şəxslər bunlardır – Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vahid Seyfəlov; mərkəzin mühasibi Müşfiq Baxışov; «Azərpoçt» MMC-nin Ağdaş filialının Maşad kənd poçt şöbəsinin rəisi Əslan Lətifov; Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi-mühəndis işləmiş Müstəqim Məmmədov.

Məhkəmə onları 8 ildən 10 ilədək azadlıqdan məhrum edib. Aralarında təkcə Yaşar Həsənov şərti cəzalanıb. Təqsirləndirilən şəxslər hökmdən apellyasiya şikayəti veriblər. Elə şikayət üzrə məhkəmə də Şəkidə baş tutub – Şəki Apellyasiya Məhkəməsində.

2 MİLYON MANATI BÖLÜŞDÜRÜBLƏR

İttiham bundan ibarətdir ki, Mərkəzin direktoru Vahid Seyfəlov başda olmaqla, bu şəxslər 2006-2013-cü illər ərzində saxta sənədlər tərtib ediblər. Vəfat etmiş və digər şəxslərin adlarına, o cümlədən 730 nəfərə yaşa görə, 31 nəfərə ailə başçısını itirməyə görə, 12 nəfərə əlilliyə görə (ümumilikdə 773 nəfərə) sosial müavinət təyin ediblər. Bu yolla da 2 milyon manatı mənimsəyərək aralarında bölüşdürüblər.

Ancaq elə birinci məhkəmədə onların bəzisi ittihamı qismən qəbul edib, bəzisi ittihamla tam razılaşıb, bəzisi isə onu rədd edib. Məsələn, Vahid Seyfəlov deyib ki, 2004-2007-ci illərdə Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş mühasib, 2007- 2013-cü illərdə elə həmin Mərkəzdə direktor işləyib. İdarədə 3 sektor fəaliyyət göstərib: ünvanlı sosial yardım və sosial müavinətlər, mühasibat uçotu və sosial-məişət sektorları… Direktor olduğu müddətdə sosial müavinət işlərinə nəzarəti şifahi qaydada müəyyən edilmiş iş bölgüsünə əsasən baş mühasib Müşfiq Baxışov, ünvanlı sosial yardım işlərinə isə sektor müdiri Anar İbrahimov nəzarət edib. Sosial müavinət işləri üzrə sənədlərin tərtibatı ilə məsləhətçi Mahizər Musayeva məşğul olub. Sənədlərin tərtibatı işlərindən sonra təyinat barədə qəbul edilmiş qərarı məsləhətçi, direktor müavini, baş mühasib və direktor (yəni özü) imzalayıb və Mərkəzin möhürü ilə təsdiqləyib:

SAXTA ARAYIŞLAR ALINIB

«2003-cü ilin avqustunda struktur dəyişiklikləri ilə əlaqədar bütün sosial müavinət işləri Əhalinin Sosial Müdafiəsi Mərkəzindən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinə göndərilib. Ancaq sonradan - 2006-cı ilin yanvarında yenidən həmin işlər Əhalinin Sosial Müdafiə Mərkəzinə qaytarılıb. 2007-ci ilin martında Mərkəzin direktoru vəzifəsinə təyin olunduğum vaxtadək yaşamayan, yaxud uydurma şəxslərin adlarına şəhər icra nümayəndəliyindən və mənzil-istismar sahəsindən saxta arayışlar alınmaqla tərtib edilmiş saxta işlər olub. Həmin işlərin kim tərəfindən tərtib olunduğunu bilməmişəm. 2007-ci ilin martınadək baş mühasib vəzifəsində işləməyimə baxmayaraq, həmin qanunsuz təyinatlarla bağlı pul vəsaitlərinin götürülməsindən xəbərsiz olmuşam. Yalnız direktor təyin olunduqdan sonra həmin saxta işlərdən xəbər tutmuşam.

Vahid Seyfəlov deyib, direktor təyin olunmasından bir həftə sonra Mahizər Musayeva ona pul verib:

«Məbləği xatırlamıram. Mahizər xanım dedi ki, bu pul vətəndaşlara verilməyən pullardan direktora çatan paydır. Onda xəbər tutmuşam ki, məndən əvvəl vəfat etmiş şəxslərin, həyatda olan adamların adına pullar vurulub. Hətta insanların özlərinin xəbəri olmadan adlarına müavinətlər yazılıb, mənimsənilib. Söhbət yaşa, ailə başçısını itirməyə və əlilliyə görə sosial müavinətlərin təyin olunmasından gedir».

VƏTƏNDAŞLARIN ƏVƏZİNƏ İMZA EDƏRƏK...

Direktor deyib ki, həmin işlərin tərtibatı ilə Mahizər Musayeva məşğul olub. Onun müavinət işlərinə əvvəllər tikilmiş saxta sənədlərdən xəbəri olmayıb. Ancaq direktor öz fəaliyyəti dövründə baş verənləri də danmayıb:

«Saxta müavinət işlərinə görə mühasibatlıqda P-2 formasında ödəniş tapşırıqları hazırlamışam. Saxta P-2 formaları üzrə ödənişlər vətəndaşların ünvanlarına uyğun olaraq «Şəhər-1», yaxud Maşad poçt şöbələrinə göndərilib. «Şəhər-1» poçt şöbəsinin müdiri Adil Həsənov, Maşad poçt şöbəsinin müdiri Əslan Lətifov saxta P-2 formalarında göstərilmiş məbləğlərə uyğun olaraq, poçt filialından qəbul etdikləri nağd pul vəsaitlərini götürüb və vətəndaşların əvəzinə imza edərək pulu Mahizərə veriblər. Həmin pullar üç yerə - mənim, Mahizər və poçt şöbəsinin rəisi arasında bərabər bölünüb. Həm «Şəhər-1» poçt şöbəsinin müdiri Adil Həsənov, həm də Maşad poçt şöbəsinin müdiri Əslan Lətifovla Mahizər Musayeva danışıb və razılaşıblar. Mahizər Musayeva idarədə olmayan zaman Əslan Lətifov bir neçə dəfə mənə pul verib. Lakin Adil Həsənov mənə pul verməyib».

DİREKTORUN TAPŞIRIQLARINI İCRA EDİB

Mahizər Musayeva işə şahid kimi cəlb olunub. İfadəsində göstərib ki, direktorun tapşırıqlarını icra edib.

Digər təqsirləndirilən Müşfiq Baxışov isə elan olunmuş ittiham üzrə özünü ümumiyyətlə, təqsirli bilməyib:

«Düzdür, saxta sənədlər hazırlanırdı, görürdüm. Ancaq mən o işlərdə iştirak etməmişəm».

Əslan Lətifov özünü qismən təqsirli bilib və bu işlərdə iştirakını Mərkəz rəhbərliyinin tapşırıqlarını yerinə yetirməsi kimi izah edib.

Müstəqim Məmmədov isə özünü tam təqsirli bilib və peşmançılığını etiraf edib.

Adı cinayətdə hallanan Mahizər Musayeva iş üzrə şahid qismində ifadə verib.

CƏZALAR 6 AY AZALDILIB

Beləcə, Şəki məhkəməsi bir rayonun sağlamlarını əlil, ölülərini diri kimi qeydə alıb adlarına təqaüd silən vəzifəlilərini məhkum edib. Ancaq onlar cəzanın ağırlığı ilə razılaşmayaraq apellyasiya şikayəti veriblər.

Bu instansiya Müstəqim Məmmədovun cəzasını yüngülləşdirərək şərti cəza ilə əvəz edib və onu məhkəmə zalından azad edib. Müşfiq Baxışovun cəza müddətindən 6 ay çıxılıb və üzərində 10 illik cəza saxlanılıb. Əslan Lətifova verilmiş 9 il 6 aylıq cəzadan da 6 ay çıxılıb. Mərkəzin direktoru olmuş Vahid Seyfəlovun üzərindəki 10 illik cəza isə olduğu kimi saxlanılıb.

Ancaq bu qərar da məhkumları qane etməyib. Onlar Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət edəcəklərini bildiriblər.

XS
SM
MD
LG