Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:26

Çörəyi daşdan çıxanlar (Fotoqalereya)


Burada adamlar daşların içində itib-batır

Kimsəsiz ərazidə daşkəsən çarxların çıxardığı səs uzaqdan insan hənirtisinə işarə edir. Təpənin başına qalxınca göz önündə iri-iri sal qayalar, onlardan yonulmuş mişar daşları, ora-bura vurnuxan adamlar canlanır. Yayda tozdan nəfəs tutulan, payızda, qışda palçığı dizə çıxan yol daşlara dirənir, burada gözədəyən ancaq daşlardır, qan-tər içində çalışanlar da daşların içində görünməz olur.

Qaradağ rayonunun Qızıldaş adlanan ərazisinin təpəlikləri oxşar tablolarla doludur.

Bu daşlar qızıl yox, bir parça çörəkdir

Çörəyi daşdan çıxanların yeridir burası. Bakıdakı evlərin, sarayların, imarətlərin, kasıb daxmaların tikildiyi daşların çıxdığı yerdir burası.

Adı “Qızıldaş” olsa da, burada çalışanlar üçün bu daşlar “qızıl” deyil, bir parça çörəkdir. Fəhlələrin çoxu danışmaq istəmir, deyirlər ki, elə bu parça çörəklərini itirəcəklərindən qorxurlar. Danışmağa ürəklənənlər də qırıq-qırıq, candərdi nəsə deyir. Ancaq hamı eyni kəlməni dilə gətirir: “Bura ən axırıncı iş yeridir”.

Fəhlələrdən biri Əfqan Məsimov 3-4 ay olar Astaradan gəlib. Toya hazırlaşdığı üçün qonşusu ona bu karxananı məsləhət görüb:

“Mən də gəldim. İşimiz çox ağırdır. Belim tamam bükülüb, qorxuram, toya qədər şikəst olum”.

Əfqan da digər fəhlələr kimi səhər saat 7-dən axşam hava qaralana qədər daş kəsir. Fırlanan daşkəsən çarxı göstərib deyir ki, təzə gələndə ondan qorxurmuş:

“Elə bilirdim əlim-ayağım qalacaq orda, kəsiləcək. Yoldaşlarım ürək-dirək verdilər, dedilər “ehtiyatlı işləsən, heç nə olmaz”. Ancaq şikəst olan adamlar haqqında çox eşitmişəm...”

Əslində daşkəsən cihazların üstü bağlı olmalıdı, ancaq açıqdır. Avadanlıqları birləşdirən uzun naqillər də təhlükəli görünüşüylə, ilan tək qıvrılaraq uzun-uzun uzanır.

“Mən burda 18 ildir işləyirəm. Heç nə olan deyil. İşsizlikdən yaxşıdı. İşləyib evimizə pul aparırıq,” təxminən 65-70 yaşlarında olan fəhlə söyləyir bunları:

“Deyirlər təhlükəlidir. Guya başqa iş verdilər, gedib işləmədik. Təhlükəli oldu-olmadı, işləyib balalarımızı dolandırırıq”.

Buna da bax: ATƏT parlamentarisindən seçki bəyanatı

Daşlar məktəb partalarını xatırladırmış
10 il əvvələ qədər müəllim işləmiş Tahir Salmanovsa deyir, yaşlı müəllim kimi təqaüdə göndəriləndən sonra işsiz qala bilməyib. Ancaq özünə heç yerdə iş tapa bilmirmiş. Keçmiş müəllim zarafatından da qalmır:

“Bir yandan da evdə oturmağım arvadın xoşuna gəlmirdi. Deyirdim, “neyləyim, iş yoxdur”. Dedi, “get, daş daşı”. Mən də arvadın sözünə qulaq asıb gəldim bura. 10 ildir daş da daşımışam, daş da kəsmişəm. Əvvəl iri daşlara baxanda elə bilirdim partalardır. Sonra gözlərimi ovuşdurub ayılırdım. Görürdüm daşdır”.

Fəhlələr deyir ki, paltarları da özlərinindir, çəkmələri də:

“Buranı işlədən bizə ancaq işlədiyimizə görə pul verir. Heç bilmirik də kimdir, nəçidir. Şəxsən mən onun üzünü görməmişəm. Deyirlər yekə adamlardan kiminsə qohumudur”.

“Kimsə düşüb ölsün, heç kimin vecinə deyil”
Adının çəkilməsini, səsinin yazılmasını istəməyən fəhlələrdən biri isə daha ciddi məqama toxunur:

“Kimsə düşüb ölsün, heç kimin vecinə deyil. Arada nazirlikdən gəlib buraları yoxlayırdılar. Deyirdilər “papağınız, geyiminiz, işləməyə müqaviləniz yoxdur”. Avadanlıqları lentləyib gedirdilər. İşsiz qalan yenə biz olurduq. Bir-iki gündən sonra yenə açılırdı. Yenə həmin vəziyyətdə işləyirik”.

İri daşlar kəsilib mişar daşı halına gəldikcə, küləyin sovurduğu sarı torpaq fəhlənin üz-güzünü görünməz edir:

“Eşitdiyimə görə hamam olmalıdır ki, biz yuyunaq. Hardadır? Başımız palçıqlı gedirik burdan”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, xidmətin əməkdaşları daş karxanalarında iş şəraiti ilə bağlı yoxlamalar keçirir. Təhlükəsizliyi təmin etməyən, fəhlələrlə əmək müqaviləsi olmayan müəssisələr bağlanır.

Buna da bax: Parlament seçkiləri ilə bağlı virtual səsvermə

“O qədər danışdılar ki, karxanaların çoxu bağlandı”
Qaradağ rayon icra hakimiyyətinin Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi İlham Yusifov AzadlıqRadiosuna deyir ki, əvvəllər rayonun qəsəbələrinin sakinləri bu daş karxanalarında işləyirdi. İndi isə müəssisələrin çoxu bağlandığından işsizlik də çoxalıb:

“Bu daş karxanalarından o qədər danışdılar ki, çoxu bağlandı. Buraların camaatı da o daş karxanalarında fəhləlik edirdilər. Yazıqlar işsiz qalıb. İndi camaat deyir, “yenə əvvəlki kimi olaydı, işləyəydik”. Kiçik müəssisələrin çoxu bağlanıb.”

Elə karxanada işləyən fəhlələr də işlərini itirib digər işsizlərə qoşulmaqdan qorxurlar. Təhlükəli, ağır, məşəqqətli işlərini.

XS
SM
MD
LG