Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:37

Eyy, haradasınız, kitab oğruları?


Onlar da məsumdurlar, şax vərəqləri var, qatları da açılmayıb.
Onlar da məsumdurlar, şax vərəqləri var, qatları da açılmayıb.

-

Ramin Deko (AzadlıqRadiosu üçün)

Daşların üstündə qalaqlanmış kitablar, ilk baxışda, atılmış körpələrə bənzəyirlər. Onlar da məsumdurlar, şax vərəqləri var, qatları da açılmayıb. Di gəl, kitablara yaxınlaşınca, qarşına bığıburma, saqqalı bir kişi çıxır. Satıcı olduğu məlum olur...

...Onun kitabları yöndəmsiz, necəgəldi düzməsi adamı aldadır. Söhbətləşincə üzə çıxır ki, artıq hər şeydən bezib, o üzdən yan-yörə bu kökdədir...

BEŞ GÜNƏ SATILAN İKİ KİTAB

O, təkcə həyatdan, pulsuzluqdan zinhara gəlməyib, alıcı azlığından, oxucu qıtlığından əziyyət çəkir. Əvvəllər beş-on kitab satar, bununla ailəsini də dolandırar,həmsöhbət də taparmış. Amma indi... İndi üstünə şığıyan və sanki ağzını ac qurdlar kimi açan bomboz divarlar onu gəmirməkdədir...

«Vallah çətindir. Bir yandan oxucu yoxdur, o biri yandan da çörəkpulu. Nə danışım, mənim nəsə deməyim düzgün çıxmaz. Gedin küçədən ötənlərdən niyə kitab oxumadıqlarını soruşun. Təkcə məndə belə deyil, bütün kitab dükanları bu kökdədir». Bu sözləri deyir və daha heç vaxt danışmayacaqmış kimi susur...

Dostoyevsky və Márquez-in, Tolstoy və Turgenev-in, Balzac və başqa dünya ədiblərinin əsərlərini bir yana yığıb. Bizim yazarların kitablarını da üzbəüzdə - bir ayağı çıxan, o biri ayağı isə çat verən stulun üstünə «sərib». Susmasından əvvəl evində yüzlərlə kitab olduğunu, bir vaxtlar hər gün onları aşağı düşürüb özünün düzəltdiyi rəfə düzdüyünü demişdi. İndi alıcı olmadığından daha əziyyət çəkmək istəmir. Son beş gündə iki kitab satıb – «Yuxuyozmalar» və «Fala necə baxmaq olar?».

Bəzən daş döşəmədə saatlarla «mürgüləyir», yalandan da olsa, gözlərini yumur. Yumur ki kimsə gəlsin, bir-iki kitab oğurlasın. Amma nə gəzir kitab oğrusu?!.

Bu kitab evi də oxucu həsrəti çəkir.
Bu kitab evi də oxucu həsrəti çəkir.

BÜTÜN KİTABLAR YANDIRILSIN VƏ...

Bir başqa kitab evi, özü də məşhurlarından. Qız Qalasının bir addımlığında, üzü yenilənmiş köhnə tikilinin birinci mərtəbəsindəki bu kitab evi də oxucu həsrəti çəkir. Uzaqdan da aydınca sezilən köhnə kitablar səliqə-sahmanla yan-yana düzülüb. Ancaq kimin umurundadır? Dəqiqələr saatları, saatlar günləri əvəzləsə də, deyəsən, bircə nəfər də buralara boylanmayacaq...

...Uçuq tavanlı, cır-cır qapısı olan bir başqa dükanda işlər çox faciəli deyil, - orada satıcıdan başqa bir oxucu da gözə dəyir. Dilucu nəsə soruşur və yoluna davam edir. Satıcı gülümsəyir, o, oxucu deyil, sadəcə, müştəriymiş. Ardından... susur və dəqiqələr sonra, sarsıntıdan ayılmış kimi, danışmağa başlayır:

«47 ildir bu binada yaşayıram. Əvvəllər ikinci mərtəbədə də mənzilim vardı. Hər iki evi kitab satmaqla almışdım. 10 il olar, birini satdım, bu birinin də bir otağını özümə yataq yeri etdim. Evi ona görə satdım ki, kitab alan yox idi. Pulun bir azı müalicəyə getdi, qalanını da ömrümün sonunacan, ölçüb-biçib, xərcləyəcəyəm. Vəsiyyət etmişəm ki, öləndən sonra buradakı bütün kitabları yandırsınlar, mənzilimi də satsınlar. Bunu özüm də edə bilərdim. Ancaq utanıram. Nəyə gərəkdir? Kimdir kitab oxuyan? İnsanlar əvvəl qarınlarını düşünürlər, tox olandan sonra da başqa şey...».

OXUCU HƏSRƏTİ ÇƏKƏN KİTABLAR

Bakının kitab evlərini bir xarabalıq təsiri bağışlayır. Yolötənlər bu tərəfə heç baxmaq da istəmirlər. Sanki qorxur, sanki çəkinirlər. Sanki kimlərinsə onları güddüyünü, kitab alarlarsa, həbsə atacağını düşünürlər... Çoxu ucuz və yarıqaranlıq zirzəmilərə sığınıb kitab dükanları. Bəlkə də satıcıların həsrətli baxışları, kitabların ümidsiz «duruşları»dır məhbəsi xatırladan...

...Zirzəmidə satılan kitabların vərəqlərini ya siçanlar gəmirəcək, ya da... Ya da zirzəmisi kitab dükanları olan binaların damları bir gün uçacaq...

XS
SM
MD
LG