Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:29

«Üçüncü dəfə həbs olunacağımı da gözləyirəm»


Azerbaijan -- Tale Bagirzade, Baku, 04Apr2013
Azerbaijan -- Tale Bagirzade, Baku, 04Apr2013

-

«Mübarizəmizi sivil şəkildə, hüquqi müstəvidə aparırıq, bizə qarşı əsassız ittihamlar yayanlar məhkəməyə veriləcək»

İlahiyyatçı, «Müsəlman Birliyi Hərəkatı» (MBH) adlı təşkilatın sədri Tale Bağırzadə AzadlıqRadiosuna müsahibəsində son günlər onlara qarşı səsləndirilən ittihamlara münasibət bildirib. Bəzi yerli kütləvi informasiya vasitələrində bu təşkilatın «radikal İslamçı» olduğunu, xaricdən maliyyə dəstəyi alaraq ölkədə qarışıqlıq yaratmaq istədiyini iddia edən fikirlər səslənir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da ANS TV-yə müsahibəsində bu təşkilatın rəsmi qeydiyyatının olmamasını önə çəkib və onların hər hansı bəyanat yaymaq, din adından fətva vermək hüququnun olmadığını bildirib. Bütün bunlar MBH üzvlərinin Sabunçu Polis İdarəsinin qarşısına toplaşıb təşkilatın orada saxlanan İdarə Heyətinin sədri Elçin Qasımova azadlıq tələb etməsindən sonraya təsadüf edir. Polisə müqavimət göstərməkdə təqsirli bilinən sədr 30 gün azadlıqdan məhrum edilib. Buna etiraz edən 10 nəfər MBH üzvü 10-30 sutka aralığında inzibati həbs cəzası alıblar.

– Tale bəy, Sabunçu Rayon Baş Polis İdarəsinin qarşısında saxlanan dindarlarla bağlı son durum nədir?

– Onlar hazırda Binəqədi təcridxanasındadırlar. Onlarla yalnız ailə üzvlərinin görüşməsinə icazə var, yəqin ki, sabah görüşəcəklər. Aldığımız məlumata görə, səhhətlərində heç bir problem yoxdur, saxlanma şəraitindən şikayətçi deyillər.

– Sizə qarşı səslənən «radikal İslamçılıq», xarici qüvvələrin təsiri ilə ölkədə qarışıqlıq yaratmaq kimi ittihamlara cavabınız nədir?

– Bizə qarşı aparılan bu kampaniyanın arxasında hal-hazirkı ictimai-siyasi fəaliyyətimiz durur. Onlar bizim bu fəaliyyətimizi təhrif etmək istəyirlər, bizi radikalizm və digər yöndə göstərmək istəyirlər. Müsəlman Birliyi Hərəkatı olaraq fəaliyyətimiz ölkə konstitusiyasına tam uyğundur. Konstitusiyadan kənar heç bir addım atmırıq. Deyərdim ki, fəaliyyətimizin intensivləşməsi, xalqla əlaqələrimiz, insanların bu hərəkata inamının güclənməsi, inanclı insanların ətrafımızda sıx birləşməsi və digər amillər Azərbaycan hakimiyyəti və digər aidiyyatı qurumları çox narahat edir. İstəyirlər ki, bizi başqa cür təqdim etsinlər. Amma buna nə qədər cəhd etsələr də, alınmayacaq, xalq artıq ayılır, haqqı nahaqdan seçə bilir. Mövqeyimiz hər kəsə bəllidir. Məsələn, bu gün Bayraq Günüdür. Biz dövlətimizin simvolu olan bu bayrağın altında hakimiyyətin nələrə əl atmasından, bayrağa, dövlətə sadiqliyini bildirsə də, Milli Təhlükəsizlik Nazirliyi başda olmaqla, reketlik, xuliqanlıqla məşğul olmasından narahatıq. Öz nöqsanlarını gizlətmək üçün islamçıların üstünə gəlirlər, bununla da gündəmi dəyişmək istəyirlər. Biz özümüz dəfələrlə bildirmişik ki, İŞİD məmurlar tərəfindən dəstəklənir. İndi isə bizi İŞİD-çi kimi təqdim etmək gülüncdür, bu ittiham bizə yapışmaz.

«SƏNƏDLƏRİMİZ ƏDLİYYƏ NAZİRLİYİNDƏDİR, AMMA…»

– Sizə qarşı səsləndirilən ittihamları hüquqi müstəvidə mübahisələndirmək fikriniz varmı?

– Biz rəsmi səhifəmizdə bununla bağlı məlumat vermişik, bildirmişik ki, mübarizəmizi sivil şəkildə, hüquqi müstəvidə aparırıq. Əlbəttə ki, bu ittihamları yayan KİV, aidiyyatı orqanlar məhkəməyə veriləcək. Məsələ tam şəffaflaşacaq ki, mahiyyət ortaya çıxsın.

– Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Müsəlman Birliyi Hərəkatının rəsmi qeydiyyatdan keçmədiyini deyir. Siz qeydiyyat üçün müraciət etmisizmi?

– Müsəlman Birliyi Hərəkatının fəaliyyətini, bir daha deyirəm ki, təhrif edirlər. Biz Qeyri Hökumət Təşkilatıyıq, dini qurum deyilik. Bir QHT kimi də sənədlərimiz hal-hazırda Ədliyyə Nazirliyindədir. Qanuni prosedurları keçirik, bundan əvvəl də bir neçə dəfə sənədləri göndərmişik, bəzi nöqsanlar olduğuna görə geri qaytarılıb. Deyilən nöqsanları düzəldib yenə sənədlərimizi təqdim etmişik və nazirlikdən cavab gözləyirik. Qeyri-qanuni heç bir iş görmürük. Amma onu da bilirik ki, müstəqil, xalqın milli, mənəvi dəyərlərinə söykənən QHT-lərin rahat şəkildə qeydiyyatdan keçməsi çox çətin, hətta absurd məsələdir.

– Hərəkatın sosial bazasının kimliyi, maliyyə qaynaqları barədə ictimaiyyətə açıqlama verilibmi?

– Biz dəfələrlə demişik ki, Müsəlman Birliyi Hərəkatının maliyyə dəstəyi sırf ianələr hesabınadır. İstər üzvlərimiz, istərsə də üzvümüz olmayan, amma bizi dəstəkləyən inanclı insanlar müxtəlif vəsaitlərlə bizə yardım edirlər. Sosial bazanın kimliyinə gəlincə isə, əsasən inanclı insanlardır, fərq etmir, sünni, ya şiə, o cümlədən namaz qılmayan insanlar da üzvlərimiz arasında var.

– Sizə qarşı ittihamların yenidən həbsinizə səbəb ola biləcəyini ehtimal edirsizmi?

– Zülmlə mübarizədə həbsi göz özünə almaq lazımdır. İki dəfə həbs olunmuşam, üçüncünü də gözləyirəm. Bizim üçün həbs məğlubiyyət deyil, əksinə, qalibiyyətdir. Biz öz yolumuzda kifayət qədər mübarizik, haqqımızı tələb edirik. Geri çəkilmək fikrimiz yoxdur, həbslər, təzyiqlər, işgəncələr olsa belə.

XS
SM
MD
LG