Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:58

"Pullarımızı yeyib qaçıblar" - [Aksiya]


MTK, Yeni Yasamal
MTK, Yeni Yasamal

-

Yeni Yasamal və Yeni Günəşlidə ayrı-ayrı şirkətlərin tikdiyi binalardan mənzil alanlar səhər açılandan axşamadək tikililərin qarşısına toplaşırlar. Şirkət rəhbərliyini tələb edirlər. Ancaq səslərinə səs verən yoxdur.

«Pullarımızı yeyib qaçıblar. 250 payçı qalıb ortalıqda... Şirkətlə bağlı tədbir görülməməsinin səbəbi odur ki, arxasında vəzifəlilər dayanır. Bu şirkətin tikdiyi binadan ev almış adamların ömrü körpə uşaqlarıyla bərabər kirayələrdə çürüdü. İndi ki, belə oldu, bizim də başqa yolumuz yoxdur, əlimizdən gələni edəcəyik ki, hökumətin diqqətini çəkək. Bəlkə bizə də bir gün ağlasın».

Bunu «Yeni Yasamal» MTK-dan mənzil almış və hazırda binanın qarşısına toplaşan payçılardan biri Elsevər Qurbanov deyir.

ŞİRKƏT RƏHBƏRLİYİNİ AXTARIRLAR

MTK, Yeni Yasamal
MTK, Yeni Yasamal

Dünəndən (noyabrın 8-dən - red.), iki gündür Yeni Yasamalda və Yeni Günəşlidə inşa olunmuş çoxmərtəbəli yaşayış binalarının qarşısında aksiyalar keçirilir. Binaların önünə toplaşanlar elə həmin binalardan mənzil alanlardır. «Yeni Yasamal» MTK-dan ev alanlar hələ mənzillərinə köçməyiblər. Səbəbini hələ də onlara izah edən yoxdur. Bildikləri təkcə budur ki, az qala 10 il əvvəl mənzillər üçün pul ödəsələr də, binaya girişləri qadağandır. Bir müddətdir ki, sözlərini deməyə şirkətin nümayəndələrini də tapa bilmirlər.

Bazar günü əraziyə polis gələrək onlardan dağılışmağı tələb edib. Payçılarsa acıqlarını şirkət nümayəndəsinin binanın həyətindəki kiçik ofisinin pəncərəsindən çıxıblar. Şüşələri qırıblar, həftəsonu növbəti dəfə Prezident Administrasiyasının qarşısına toplaşmağı müzakirə edib dağılışıblar.

Payçı Nazim Hüseynov deyir, neçə ildir ki, şirkətin rəhbərliyini çıraqla axtarırlar:

«Şirkətin rəhbəri Cahangir Alışov 9 ildir binanı təhvil vermir ki, ailələrimizi içərisinə yığaq, biz də özümüzə normal həyat şəraiti yaradaq. Bu adamla bağlı şikayət etmədiyimiz yer qalmayıb. Bakı şəhər İcra Hakimiyyəti deyir «get, məhkəməyə ver». Məhkəmə deyir «get, Baş Prokurorluğun Korrupsiyayla Mübarizə İdarəsinə de». Korrupsiyayla Mübarizə İdarəsi də deyir, «biz inşaat şirkəti deyilik ki, sizə ev tikib təhvil verək»… Bir sözlə, neçə ildir ki, bizi top kimi ora, bura atırlar».

BİNANI TƏHVİL VERİB, ANCAQ...

Payçılar düşünürlər ki, çoxdan onlara təhvil verilməli olan mənzillər başqalarına təkrar satıldığı üçün belə bir durum yaranıb.

Yeni Günəşlidə isə «Badu-Kubə» MTK-dan mənzil alanlar binanın qarşısında etiraz edirlər. Onların Yeni Yasamaldakı payçılardan fərqi bundadır ki, «Badu-Kubə» MTK binanı, yarımçıq da olsa, payçıların istifadəsinə verib. Ancaq sakinlər 5 ildən çoxdur ki, kommunal şəraiti, istiliyi, kanalizasiyası olmayan binada əziyyət çəkirlər.

Bina sakini Pərvaz Hüseynov:

«Axtarırıq ki, bu şirkətin sahibi kimdirsə, çıxsın qarşıya, pulumuzu qaytarsın, gedək özümüzə gün ağlayaq. Bura köçəndən ciyərlərim ağrıyır, istilik olmadığına görə divarlardan su axır».

«HAQQINI TƏLƏB ETMƏK ASAYİŞİ POZMAQDIR?»

Bina sakinlərinin AzadlıqRadiosu-na bildirdiklərinə görə, əraziyə nəzarət edən polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək onları ictimai asayişi pozmamağa dəvət edib.

Payçı Mədinə Süleymanova:

«Haqqını tələb etmək nə vaxtdan ictimai asayişi pozmaq hesab olunur? Bizim də bütün həyatımız pozulub. Polis getsin, gətirsin o şirkətin rəhbərini, çıxartsın qarşımıza, sözümüzü deyək, tələbimizi bildirək. Başqa istəyimiz yoxdur».

MTK, Yeni Yasamal
MTK, Yeni Yasamal

Ötən həftə bina sakinləri AzadlıqRadiosu-nun «Qaynar xətt»inə də şikayət etmişdilər. Həmin vaxt Suraxanı rayon İcra hakimiyyətindən bildirmişdilər ki, yaxın günlərdə sakinlərlə görüşüb binadakı çatışmazlıqlarla maraqlanacaqlar. Bina sakinləri bildiriblər ki, həqiqətən də bir neçə gün əvvəl icra hakimiyyətindən gəlib, onlarlar görüşüb gediblər. Ancaq hələ ki, problemlərin həlli ilə bağlı müzakirə açan olmayıb.

XS
SM
MD
LG