Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:23

«Azərbaycan vasitəçi ola bilər»


Rasim Ağayev
Rasim Ağayev

-

Noyabrın 24-də Türkiyənin Hərbi-Hava Qüvvələrinin F-16 qırıcısının Suriya ilə sərhəddə Rusiyanın Su-24M bombardmançısını vurması iki ölkə arasında vəziyyəti gərginləşdirib. Siyasi şərhçilər qarşılıqlı gərginliyin davam edəcəyini, Rusiyanın daha sərt tədbirlər görəcəyini proqnozlaşdırır.

Politoloq Rasim Ağayevsə AzadlıqRadiosuna daha nikbin danışır.

- Bu gərginlik nə Türkiyəyə lazımdır, nə də Rusiyaya. Türkiyə ilə Rusiyanın münasibətləri bütün sahələrdə - iqtisadi, siyasi, dövlətlərarası sahələrdə çox yaxşı inkişaf etmişdi. İki ölkə arasında belə bir anlaşma heç vaxt olmamışdı. İndiki vəziyyət hər iki ölkənin ziyanınadır. Rusiyanın həm daxilində vəziyyəti gərgindir, həm də beynəlxalq aləmdə, demək olar ki, təklənib. Avropanın, Qərbin Rusiyaya münasibəti hamıya bəllidir. Türkiyənin də daxili vəziyyəti çox gərgindir. İndiki problem bu ölkələrin heç birinə lazım deyil. Bu nöqteyi-nəzərdən baxanda, hər iki ölkə münasibətləri gərginləşdirməməlidir. İndi iki ölkə arasında çətinliklə yaranmış anlaşmanı pozmağı məncə, nə Moskva, nə də Ankara istəyər. Hər iki ölkə bu vəziyyətdən diplomatik yollarla çıxmağa çalışacaq.

- Rusiya prezidenti Vladimir Putin Türkiyəni «arxadan zərbə» vurmaqda və İŞİD-ə himayəçilikdə ittiham edib. Bildirib ki, bu insidentin iki ölkə münasibətləri üçün faciəvi nəticələri olacaq.

- Əlbəttə, vəziyyət gərgindir. Pilotlardan birinin ölməsi vəziyyəti daha da gərginləşdirib. Bu, ilk çıxışlardır. Təbii ki, Rusiya Türkiyəyə adekvat cavab verə bilər. Bu, o demək deyil ki, Rusiya Türkiyənin təyyarəsini vuracaq, ya da başqa hərbi tədbirlər görəcək. Ancaq diplomatik, iqtisadi tədbirlər görə bilər.Məsələn, Türkiyənin turizmi Rusiya ilə çox bağlıdır. Türkiyə Rusiyada böyük inşaat layihələri həyata keçirir. Türkiyə hökuməti, prezident Erdoğan bunu nəzərə almaya bilməz. Ancaq indiki gərginlik yolu ilə getsələr, hər iki ölkə üçün bunun nəticəsi çox pis ola bilər. Həm də unutmaq olmaz ki, Türkiyə NATO-nun aparıcı üzvlərindəndir.

– Bundan əvvəl Rusiya bombardmançıları Suriyada türkmanların yaşadığı əraziləri bombalayıb. Ekspertlərə görə, Türkiyənin Rusiya təyyarəsini vurması bu bombardmanlara cavabdır.

- Təyyarənin vurulmasından əvvəl orda elə bir vəziyyət yaranmışdı ki, bombardman gedirdi. Dinc sakinlər də neyləməlidirlər ki? Canlarını qurtarmaq üçün harasa qaçmalıdırlar. Bu baxımdan bundan sonra türkmanların Türkiyəyə axını güclənə bilər.

– Türkiyə Suriya müharibəsinə cəlb oluna bilərmi?

- Bu, gözləniləndir. Qərb dövlətləri hansısa bir koalisiya kimi birləşə bilərlər. Türkiyə Suriya ilə həmsərhəd olduğundan Türkiyənin iştirakı sözsüzdür. Əgər koalisiya yaransa, Türkiyə koalisiyanın ən fəal iştirakçılarından biri ola bilər. Ancaq hələ ki, bunun əleyhinə çıxışlar da var. Koalisiyanın qurulması üçün Qərbdə elə də canfəşanlıq etmirlər. Görünür, bu, hələ Qərb strategiyasına uyğun deyil.

– Azərbaycanın mövqeyi necə olmalıdır, Azərbaycan kimin yanında olacaq - Türkiyənin, yoxsa Rusiyanın?

- Bu, çox həssas məsələdir. Demək olmaz ki, tərəflərdən hansısa biri geniş hərbi tədbirə əl atacaq və Azərbaycan da münasibət bildirməli olacaq. Bu, insidentdir. İki dövlət arasında baş vermiş xoşagəlməyən insidentdir. Mənə elə gəlir ki, Türkiyə ilə Rusiya bu məsələni həll edəcək. Əgər vəziyyət gərginləşsə, Azərbaycan vasitəçi rolu oynaya bilər.

XS
SM
MD
LG