Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:54

Heç yaltaq da anonim olarmı?!


Elçin İmanov
Elçin İmanov

-

"Bu münasibətin ortasında xüsusi bir substansiya – yal dayanır. Yal olmasa, münasibət olmaz. Bir növ yanacaq, benzin olmasa, mühərrik işləməz. Yal bitdisə, əlaqə də (tərif, təbrik, zəng) kəsiləcək."

Elçin İmanov

Anonim yaltaqlar dövrü

Bukinistdə Konstantin Simonovun hardasa iyirmi-iyirmi beş il əvvəl dilimizə tərcümə olunmuş “Axırıncı yay” romanını görüb aldım.

Könül istərdi ki, elə onun haqda da yazı yazam. Di gəl, ölkəmizin kültürəl həyatında elə qəribə hadisələr olur ki, qələm özü dilə gəlib sənin başqa mövzudan yazmağını istəyir.

Gözümüzün qabağına epoxalar, dövrlər dəyişilir. Bunları qələmə almasaq, kim bağışlasa da, zaman bizi bağışlamaz.

Gəlin əvvəlcə əlimizi çənəmizə qoyub keçmiş dövrləri xatırlayaq. Necə gözəl günlər idi. Yadınızdadırmı? Kimin yadınıza gəlmirsə, zəhmət çəkib xatırlasın.

Kimsə kiməsə yarınanda açıq-aşkar yarınardı, imzasını çəkinmədən mətnin altına qoyardı. Sevmədiyi əsər haqda hıqqana-hıqqana (düzgün oxu: sevə-sevə) ön söz yazardı. Hələ mən bir abzas sözbulamaları demirəm. Getdi o səmimi, şirin, açıq, sevimli günlər. Getdi o difirambik şeiriyyət. Əfsus! Səd əfsus! Min heyf!

Bəs indi nə baş verib? Heç nə. Anonim yaltaqlar dövrü gəlib çıxıb. Əvvəldə dediyim kimi, bu çox qəribə bir zaddır, keyfiyyətcə əvvəlkilərə heç oxşamır.

Burada bir özünməxsusluq, unikallıq, orijinallıq görürəm. Amma deyim ki, bu anonimlik özü istedadlı yaltaq yoxluğundan irəli gəlir. İzah edim. Bu qədər zəif istedadı olan yaltaq içində birisi çalışır ki, daha istedadlı görünsün, ona görə də imza yerinə anonim yazır.

Buradan belə nəticə çıxarırıq ki, anonim yaltaqların peyda olması özü zərurətdən irəli gəlir və onu münbit tarixi şərait yetiribdir. Düşünürəm ki, bu mövzu gözdən yayınmamalı, yazarlarımız esse, hekayə, povest, roman və sair formalarda bu yeni növ yaltaqlığın bədii həllini verməlidirlər. Amma heyf köhnə, talantlı yaltaqlardan! Bu, həqiqətən, adamı xiffətləndirir.

Heç yaltaq da anonim olarmı? Heç göylər bunu götürməz. Əvvəla, əziz oxucu, bil və agah ol ki, yaltaqlanmaq xüsusi bir istedaddır. Bu cür talant hər adamda olmur. Bədahətən gələn şeydir bu. Dağ çayı kimi. Qarşısını almaq çox çətin məsələdir.

Viktor Pelevin
Viktor Pelevin

İkincisi, illər əvvəl bir jurnalda V.Pelevinin “Rahib və Altıbarmaq” povesti tərcümə olunmuşdu.

Oradan belə bir cümləni yadımda saxlamışam:

“Bir müdrik, daha doğrusu, bir peyğəmbər demişdi ki, hansısa fikrin necə deyilməsi yox, kim tərəfindən deyilməsi daha əhəmiyyətlidir.”

Səmimi deyəcəm, bir dəfə mən də yarınmaq üçün oturub yazı yazmağa başladım. Ki, qabağa gedim. Heç bilmirdim də kimə yazım, ancaq cəhd elədim. Rusun sözü, popıtka ne pıtka.

Deməli, qırx gün, qırx gecə tər tökdüm. Alınmadı. Bacarmadım. Uzunçuluq edə bilmədim. Dəftəri cırıq-cırıq edib sobaya atdım, yandırdım.

Bir az fəlsəfi dillə danışsam, yaltağı obyekt, yaltağın yarındığı adamı subyekt kimi götürə və burada subyekt-obyekt münasibətlərindən ətraflı danışa bilərik.

Georg Friedrich Wilhelm Hegel
Georg Friedrich Wilhelm Hegel

Oxucuya zarafat gəlməsin, Hegel kimi filosof bu temanı ayrıca fenomenologiya kimi öyrənib, kitablar yazıb.

Fikrim aydın gəlmirsə, belə də deyə bilərik: ağa-nökər münasibəti.

Dilimizdə bu münasibətə uyğun gələn bir xeyli gözəl atalar sözləri, deyimlər-duyumlar da var. Bir-ikisini deyək, daha aydın olsun.

Ağa deyir sür dərəyə, sür dərəyə.

Ağ it, qara it, ikisi də köpəkdir.

Ağanın nökərə vədi dəryada balıq sövdasıdır. Və sair.

Bu münasibətin ortasında xüsusi bir substansiya – yal dayanır. Yal olmasa, münasibət olmaz. Bir növ yanacaq, benzin olmasa, mühərrik işləməz. Yal bitdisə, əlaqə də (tərif, təbrik, zəng) kəsiləcək.

Anonim yaltaqların ortaya çıxması ilə bu münasibətdə bir keyfiyyət dəyişməsi baş verir. Ağa yazını oxuyur, amma bilmir müəllif kim ola bilər.

“Flankəs? Yox, filankəsin üslubu deyil bu. Bəhmənkəs? Yox, bəhmənkəs də deyil, onun xasiyyəti ayrıdır. İşə düşmədik ki. Ya birdən iz azdırmaq üçün belə edirsə? Suallar, Suallar, Suallar! Lənətə gəlsin kimdi axı bu kölə?”

Etiraf edək ki, bu kölələrin ağaları da hərdən çox qəddarlıq edirlər. Adam da öz nökərinə qarşı belə zalımlıq edərmi?!

Xatırla gör sənin qulun sənin üçün nə qədər cümləpərdazlıq edib, nə qədər sözgirənliklə məşğul olub? İndi bu yarıtoxlara, bu möhtəşəm bioqrafiya yiyələrinə bir tikə zəhəri kim verəcək? Dönüklərə qarşı bu qədər insafsızlığı heç kim qəbul eləməz.

Yazımın axırında üzümü ilk anonim yaltağa tutub demək istəyirəm ki, sən artıq bir qəhrəmansan. Adi qəhrəman yox, epoxal qəhrəman! Çünki sən yeni bir dövrün qapısını açmısan, tarix yazmısan. Heç Herostrat bunu bacarmazdı, amma sən bacardın.

Bütün ədəbiyyat adamlarını yeni dövrün başlanması münasibətilə təbrik edirəm.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG