Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:13

Mənzilini satan bu vergini ödəyəcək...


Ev
Ev

-

Vergi Məcəlləsinə dəyişiklik və əlavələrdən ikisi bütün vətəndaşların diqqətini çəkir: fərdi mənzillər satılarkən verginin necə tutulması və gəlir vergisindən azadolmalar.

MÜLKİYYƏTİNİ SATAN VƏ YA BAĞIŞLAYAN VERGİ ÖDƏYƏCƏK

Vergi Məcəlləsinə yeni dəyişikliklərdən sonra mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə, bina tikintisi fəaliyyəti ilə məşğul olanların ödəyəcəkləri vergilər fərqləndirilib.

İqtisadçı ekspert Qalib Toğrul deyir ki, hətta bundan ötrü məcəllədə bina anlayışının açılışı da verilib: «Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər artıq hər kvadrata görə 15 manat ödəməli olacaqlar. Bu da o deməkdir ki, fiziki şəxslər yaşayış və qeyri-yaşayış sahələrini satdıqda və ya bağışladıqda vergi ödəməli olacaqlar».

ANCAQ İSTİSNALAR VAR

Ekspert xatırladır ki, istisnalar da var və bu hallarda vergi ödənməyəcək:

- Fiziki şəxsin, azı, 5 il qeydiyyatda olduğu yaşayış sahələri satıldıqda və ya bağışlandıqda;

- Hədiyyə, maddi yardım və miras şəklində vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda;

- «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» qanununa əsasən, fiziki şəxslərə kompensasiya kimi ödənilən məbləğ;

- Ər və arvad arasında verildikdə;

- Keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə.

Vergi tutularkən, yaşayış və qeyri-yaşayış sahəsinin ümumi sahəsi əsas götürüləcək.

Bakıdakı mənzillərə bu əmsallar tətbiq olunacaq: 1-ci zona – 4; 2-ci zona – 3; 3 və 4-cü zonalar -2.2; 5 və 6-cı zonalar – 1.8; 7, 8 və 9-cu zonalar 1.5; 10, 11, 12-ci zonalar – 1.2.

Regionlar üçün əmsallar: Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə - 1.5; Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə - 1.2; digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə - 0.5. Binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə hesablanmış məbləğə isə 1.5 əmsalı tətbiq ediləcək.

GƏLİR VERGİSİ İLƏ BAĞLI NƏ AZALDI, NƏ ARTDI?

Vergi Məcəlləsinə dəyişikliklərdən biri də gəlir vergisindən azadolmalarla bağlıdır. Artıq fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2 min 500 manatadək olduqda (əvvəllər 250 manat idi), ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30 min manatadək (əvvəllər 3 min manat idi) olduqda, ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olunacaq.

Qalib Toğrulun sözlərinə görə, burada önəmli bir dəyişiklik də odur ki, əvvəllər əməkqabiliyyətli əhali üçün yaşayış minimumunun məbləği qədər güzəşt olunurdusa, indən belə ölkə üzrə yaşayış minimumunun məbləği əsas götürüləcək: «Əməkqabiliyyətli əhali üçün yaşayış minimumunun məbləği ölkə üzrə yaşayış minimumunun məbləğindən yüksək olur. Məsələn, gələn ildən əməkqabiliyyətli əhali üçün yaşayış minimumunun məbləği 146 manat, ölkə üzrə yaşayış minimumunun məbləği isə 136 manat olacaq. Göründüyü kimi, ikinci məbləğ birincidən 10 manat azdır».

Ekspert bildirir ki, güzəşt olunan vergi bazasının həddi artırılsa da, güzəşt məbləği azaldılıb: «Bu dəyişiklikdən daha çox təhsil və səhiyyə sistemində aşağı əməkhaqqıya çalışan işçilər qazanacaq. Əvvəlki vergitutma və güzəşt sistemi müəyyən uyğunsuzluqlar yaradırdı və bəzən daha çox əməkhaqqı yazılan işçilər, net olaraq, daha az əməkhaqqı alırdılar. Artıq bu uyğunsuzluq aradan qaldırılacaq».

Dəyişikliklər gələn il yanvarın 1-dən qüvvəyə minir.

XS
SM
MD
LG