Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:39

«Qarajı söküb, əşyaları talan etmişdilər»


Qaraj.
Qaraj.

-

«Bir gün səhər gəlib gördüm ki, qarajın içində olan əşyalarım talan edilib. Qaraj isə yerlə yeksan olunub. Bundan əvvəl qarajın yerini məndən «Azimport» şirkəti istəmişdi. Demək olar ki, hər gün yanıma gəlib qarajın yerini onlara verməyimi tələb edirdilər. Hər dəfə də deyirdilər ki, şirkət Dövlət Bayrağı Meydanı İdarəsinin rəisinindir, bu yeri də rəis özü qaralayıb. Gec-tez əlimdən alacaq».

Bakı sakini Lalə Quluzadə «Qaynar xətt»ə mülkiyyətində olan və Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 1 ünvanında yerləşən qarajın 2 il əvvəl qanunsuz sökülməsindən danışır. Onun sözlərinə görə, qarajı «Azimport» şirkətinin və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri söküb. Deyir, qarajın altındakı torpaq sahəsinə «Azimport» şirkətinin sahibi, o vaxtlar Bayraq Meydanı idarəsinin rəisi işləmiş və hazırda həbsdə olan Rəşad Məmmədovun gözü düşüb:

SAHƏYƏ MÜFTƏ SAHİB ÇIXMAQ İSTƏYİRDİLƏR

«Mən qarajın yerinə görə onlara bazar qiymətindən də aşağı məbləğ təklif etmişdim. Ancaq onlar sahəni, ümumiyyətlə, müftə əldə etmək istəyirdilər. Sonra Səbail rayon İcra Hakimiyyətinin əməkdaşlarının təzyiqləri başladı. Günlərin bir günü isə gəlib gördüm ki, qaraj yerində yoxdur».

Lalə Quluzadə məhkəməyə müraciət edib. Məhkəmə iddiasını təmin etməyib. Qətnamədə qeyd olunub ki, söküntünün kim tərəfindən aparılması bəlli deyil.

Bakı Apellyasiya Məhkəməsi isə bu il aprelin 31-də xüsusi qərardad çıxarıb ki, özgəsinin əmlakının qəsdən məhv edilməsinə dair cinayət işi başlansın. Lalə xanım deyir, qərardad çıxanda bir qədər gərginliyi azalıb. Ədalətin yerini tapacağını düşünüb. Amma aylar ötdükcə, ümidləri sabun köpüyü kimi əriyib yoxa çıxıb:

PROKURORLUQDAN SƏS-SƏMİR YOXDUR

«Prokurorluq orqanları heç bir araşdırma aparmırlar. Bir ay əvvəl şikayətlərimlə bağlı Baş Prokurorluqdan İlham Hacıyev adlı prokuror zəng vurdu, bəzi məlumatları dəqiqləşdirdi, dedi ki, iş Səbail rayon Prokurorluğuna verilir. Ondan sonra səs-səmir olmadı. Halbuki, qarajı sökənlər ortadadırlar. Sadəcə, bu şəxslər zənn edirlər ki, ölkədə cəzasızlıq hökm sürür. Ona görə də çox rahatca kiminsə əmlakını sökür, şəxsi əşyalarını dağıdırlar».

Səbail rayon İcra Hakimiyyətindən bildirilib ki, Lalə Quluzadəyə məxsus qarajın söküntüsündə qurumun heç bir iştirakı olmayıb.

ŞİRKƏT MÜFLİS OLUB, SAHİBİ HƏBSDƏDİR

«Azimport» şirkəti 2004-cü ildən, əsasən dövlətin maliyyəsi ilə fəaliyyət göstərib. Adı irihəcmli tikinti layihələrində keçir. Dövlət Bayrağı Meydanı İdarəsinin rəisi, «Azimport» şirkətinin sahibi Rəşad Məmmədov həbs olunduqdan sonra şirkətin fəaliyyəti də faktiki dayandırılıb.

Bir müddətdir ki, şirkətdən zəngləri cavablandıran yoxdur. Son vaxtlar şirkətin adı təkcə qanunsuz söküntü məsələlərində yox, həm də müxtəlif layihələrdə minlərlə fəhləni işlədib məvaciblərini ödəməməkdə hallanır.

Səbail rayon Prokurorluğundan araşdırma getdiyini bildirərək məsələyə münasibət bildirməyiblər.

XS
SM
MD
LG