Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:11

“Bizi məsciddən didərgin salıblar”


Qum cümə məscidi
Qum cümə məscidi

►Qum Cümə Məscidinin keçmiş imamı: “Ömründə bircə dəfə namaz qılmayan adamları gətirib icmaya üzv ediblər"

“1 aya yaxındır ki, məsciddə namaz qılınmır. Adamları məsciddən didərgin salıblar. İcmanın adını dəyişiblər. Məni şərləyib məhkəməyə veriblər, icmanın sənədlərini götürüblər, özümüzdən xəbərsiz məni imamlıqdan uzaqlaşdırıblar, dini icmanın üzvlərini başqaları ilə əvəz ediblər”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Qax rayonu, Qum kənd cümə məscidi icmasının keçmiş rəhbəri Ceyhun Balıyev deyir. O, icmanı 2008-ci ildə yaradıb 2010-cu ildə qeydiyyatdan keçirdiyini söyləyir:

Buna da bax: Beynəlxalq Bank böyük zərərdə

“TƏQSİRİM SÜBUTA YETİRİLMƏSƏ DƏ...”

“Fəaliyyətimiz tam qanuni idi. Vaxt keçdikcə qonşu kəndlərdən də məscidə axınlar başladı. Cümə günləri cümə namazına yığışanların sayı artdıqca rayondakı dövlət qurumları da narahat olmağa başladı. Vaxtaşırı polisin, MTN-in, yerli icra hakimiyyətinin, bələdiyyənin nümayəndələri məscidə müdaxilə edir, məscidə namaz qılmağa gələnləri bəhanə ilə geri qaytarırdılar”.

Ceyhun Balıyevin sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Qafqaz Müsəlmanları İdarəsinə müraciət etsə də, nəticəsi olmayıb. Bu il avqustun 12-də onun və qardaşının yaşadığı mənzillərdə axtarış aparılıb. Ceyhun Balıyev deyir, mənzilindən 30 ədəd kitab, 5 ədəd boş disk, noutbuk, dini icmanın qeydiyyatdan keçməsinə dair sənədləri götürüblər:

“Polis işçiləri, götürdükləri kitablar qadağan olunmuş dini kitabların siyahısında olmadığından, əlavə məlumat almaq üçün onları Dini Qurumlarla İş üzrə Dövlət Komitəyə göndərdilər. Oradan özlərini qane edən cavab almadıqda məni İnzibati Xətalar Məcəlləsinin 299.0.2 maddəsi ilə məhkəməyə verdilər. Oktyabrın 11-dən başlayaraq sübut, dəlil, şahid olmadan 3 gün məhkəməm keçirildi. Hər hansı təqsirim sübuta yetirilməsə də, mənə xəbərdarlıq qərarı çıxarıldı. Götürdükləri kitabları, dini icmanın sənədlərini də qaytarmadılar”.

Buna da bax: Yumurta yenə “ceyranın beli”ndə...

“BİZİ CÜMƏ NAMAZI VAXTI İNCİDİRLƏR”

Dini İcmanın keçmiş rəhbəri və məscidin imamı olan Ceyhun Balıyev iddia edir ki, sənədləri ələ keçirdikdən sonra gizli toplantı ilə onu icra rəhbərliyindən və məscidin imamı vəzifəsindən kənarlaşdırıblar. İcmaya aidiyyəti olmayan adamları üzv ediblər:

“Kəndlərdən ömründə bircə dəfə namaz qılmayan adamları gətirib icmaya üzv ediblər. Mənimlə eyni vaxtda icmada olanları, özümü cümə namazı vaxtı incidirlər. Elə vəziyyət yaradıblar ki, daim məscidə cümə namazına toplaşan insanlar məsciddən didərgin düşüb”.

Qax rayon İcra Hakimiyyətindən bildirilib ki, yerli polis şöbəsi Ceyhun Balıyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 299.0.2-ci maddəsi ilə başladığı materialı bu ilin oktyabrında Qax Rayon Məhkəməsinə göndərib. Həmin materiallara görə, Ceyhun Balıyev bu il avqustun 12-də Qum kəndində dini yığıncaqlar təşkil edib, qanunvericilikdə müəyyən edilmiş qaydaları pozub: "3 gün çəkən məhkəmə iclasının sonunda Ceyhun Balıyevə məhkəmə qərarı ilə xəbərdarlıq olunub."

XS
SM
MD
LG