Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:12

«Qarabağ qaytarılır» deyə-deyə daha bir il keçdi Qarabağsız


Bu il Azərbaycan və Ermənistan prezidentləri cəmi bircə dəfə görüşdülər. Bern. 19 dekabr 2015
Bu il Azərbaycan və Ermənistan prezidentləri cəmi bircə dəfə görüşdülər. Bern. 19 dekabr 2015

-

Bu il Dağlıq Qarabağ münaqişəsi, əslində, prezidentlərin, vasitəçilik edən həmsədrlərin görüşləri və ya bəyanatları ilə yada salınmadı. Əksinə, münaqişə cəbhə bölgəsindən gələn qaynar xəbərlərlə gündəmdə isti yerini soyutmamağa çalışdı. Təmas xəttində atəşkəs daha tez-tez pozulmağa başladı və bu dəfə tərəflər bir-birini ağır texnikadan istifadədə suçladılar. Təbii ki, hər iki tərəfdən itkilər oldu.

Atəşkəsin pozulması intensivləşdikcə dedi-qodular da körüklənməyə başladı. Cəbhə xəttindəki gərginlik yorumlara, yozumlara yol açdı. Kimi Azərbaycanın müharibəyə hazırlaşdığını, kimi Avropa Oyunları ərəfəsində Ermənistanın gərginlik yaratmaq istədiyini iddia edirdi. Ancaq bu ehtimallardan biri azərbaycanlıların qulağına daha xoş gəlirdi: «Qarabağ qaytarılır», «Dağlıq Qarabağ ətrafındakı 7 rayon qaytarılır» kimi ehtimallar artıq mediada da ciddi şəkildə müzakirə edilməyə başladı. Özəlliklə də yay aylarında. Qərblə, ABŞ-la münasibətləri gərginləşən Bakının Rusiyaya meyllənməsi isə kimlərinsə ürəyində ümid cücərdirdi. Ancaq payıza doğru bu açılan atəşlər də, bu söz-söhbət də səngiməyə başladı.

Bu il Azərbaycan və Ermənistan prezidentləri cəmi bircə dəfə görüşdülər. O da bir neçə dəfə təxirə saldıqdan sonra. İlin sonunda baş tutan görüş daha çox formal xarakter daşıyırdı, heç bir nəticə vəd etmirdi. Buna görə hissiz-həyəcansız izləndi və xəbər agentlikləri də ona xüsusi diqqət yetirmədilər.

Bu görüşdən bir neçə gün sonra Azərbaycan prezidenti İlham Əliyevin xalqa Yeni il təbrikində belə bir cümlə yer aldı: «Təəssüflə qeyd etməliyəm ki, Ermənistanın təcavüzkar siyasəti və qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamımızı narahat edən taleyüklü problem kimi qalır».

QARABAĞ ÜÇÜN İTİRİLMİŞ İL

Mövzunu politoloq Elxan Şahinoğlu ilə davam etdiririk.

– 2015-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə itirilmiş il sayıla bilər. Vəziyyət getdikcə gərginləşir, atəşkəsin pozulması adiləşir, intensiv xarakter alır. Bu il atəşkəsin mövcud olduğu 21 ildə birinci dəfə tərəflər bir-birinə qarşı artıq ağır texnikadan istifadə etməyə başladılar. Halbuki buna qədər snayper müharibəsindən danışılırdı. Bu özü də vəziyyətin necə gərginləşdiyini göstərir. Həmsədrlər bu il çox çalışsalar da, prezidentləri görüşdürə bilmirdilər. Yalnız ilin sonuna doğru bu, mümkün oldu. Onlar Azərbaycanla Ermənistanın dövlət başçılarını sentyabrda BMT-nin sessiyası çərçivəsində görüşdürmək istəyirdilər. Ancaq İlham Əliyev sessiyaya getmədi. Sonra açıqlama gəldi ki, dekabrın əvvəlində Parisdə görüşdürəcəklər, orda iqlim dəyişikliyi ilə bağlı zirvə toplantısı olmalı idi. Amma Azərbaycan prezidenti ora da getmədi. Görünür, danışıqlarda irəliləyiş olmadığı üçün İlham Əliyev erməni həmkarı ilə görüşə ehtiyac duymadı. Nəhayət, prezidentlər dekabrın 19-da Berndə görüşdülər. İlham Əliyev bəlkə də bu görüşə ona görə razılaşdı ki, Azərbaycan prezidentinin görüşdən qaçması və ya deməyə sözünün olmaması təəssüratı yaranmasını istəmədi.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu
HƏMSƏDRLƏRİN HESABATLARINA YAZACAQLARI CÜMLƏ

– Bern görüşü necə yadda qaldı?

– Heç nəylə yadda qalmadı. Belə çıxır ki, bu görüş prezidentlərə yox, həmsədrlərə lazımıymış. İlin sonunda onlar həm öz xarici işlər nazirlərinə, həm də ATƏT sədrinə hesabat verməlidirlər. Həmsədrlər bu il hesabatda bir bənd yazacaqlar: «Biz prezidentləri görüşdürdük». Ancaq təkrar edirəm, görüşün münaqişənin həllinə zərrə təsiri olmadı. Əksinə, görüşdən dərhal sonra atəşkəs pozuldu və Ermənistan prezidenti də Moskvaya gedərək Azərbaycandan şikayət etdi. Bu baxımdan, bu il nəinki danışıqlarda irəliləyiş müşahidə olunmadı, atəşkəsə də riayət edilmədi. Gələn il də çətin olacaq, atəşkəs intensiv pozulacaq, danışıqlar nəticəsiz qalacaq. Bu da ondan irəli gəlir ki, böyük dövlətlər Ermənistana təsir edib Qarabağ ətrafındakı rayonların boşaldılması kimi ciddi addım atmırlar. Təzyiq olmadan Ermənistan bu addımı atmayacaq.

RUSİYANIN NƏ MARAĞI VAR Kİ…

– Rusiya-Türkiyə münasibətlərindəki gərginlik münaqişənin həllinə təsir göstərə bilərmi?

– Bu münasibətlərdəki gərginlik Dağlıq Qarabağ münaqişəsinin həllinə çox mənfi təsir göstərdi və göstərməkdə də davam edəcək. Çünki əvvəl Rusiyanın Ermənistana təzyiq edəcəyi və Dağlıq Qarabağ ətrafındakı 7 rayonun boşaldılacağı deyilirdi. Moskvanın Ankara ilə münasibətlərinin yaxşı olması Türkiyənin də bu prosesə qoşulacağına ümid verirdi. Ancaq iki ölkə arasında münasibət gərginləşəndən sonra Rusiyanın münaqişənin ədalətli həllinə heç bir marağı qalmadı. Əksinə, bu gün Ermənistanda hərbi bazalarını gücləndirməklə mesaj verir ki, Yerevanın işğalçı siyasətinə həmişəki kimi dəstək verəcək.

Qarabağda erməni hərbçisi.
Qarabağda erməni hərbçisi.

– Sizcə, Rusiyanın 7 rayonu Azərbaycana qaytaracağı haqda deyilənlər haradan qaynaqlanırdı?

– Mən buna heç zaman inanmamışam. Rusiyanın nə marağı var ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etsin? Azərbaycan əraziləri geri qaytarıldığı halda Bakı ilə Yerevan barışığa gedəcək. Avtomatik Ermənistan Türkiyə ilə də münasibətləri bərpa edəcək. Bu, Rusiyaya lazımdırmı? Lazım olmadığına görə nə Dağlıq Qarabağ münaqişəsinin həllinə, nə də Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına maraq göstərir.

ATƏŞKƏSİN POZULMASININ SİRRİ

– Atəşkəsin pozulmasının səbəbi nədir?

– Bizimkilər bunun səbəbini gizlədirlər. Amma mən həmişə açıq demişəm. Münaqişənin həllinin yubanması Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycan Qarabağ ətrafındakı postları neytrallaşdırmağa, zərərsizləşdirməyə çalışır. Bu da, onun təbii haqqıdır. Dövlət başçısı da bir neçə dəfə çıxışlarında buna toxunub, hətta bir dəfə dedi ki, Ermənistan hərbçisinin Ağdamda nə işi var? Bu, o deməkdir ki, Azərbaycan həmin bölgədəki postları neytrallaşdıracaq. Neytrallaşdırdıqca da Ermənistan başqa istiqamətdə, məsələn, Qazax və Tovuz istiqamətində atəşkəsi pozacaq. Ermənistan bu yolla prosesə Rusiyanı qoşmaq istəyir. Rusiyanın Ermənistanı müdafiə etmək öhdəliyi var.

– Sizcə, bu il də üfüqdə Qarabağa doğru yol görünür, ya o da itirilmiş illərdən olacaq?

– Bölgədə ciddi siyasi dəyişiklik yoxdur ki, ümidverici danışasan. Ukraynada böhran, Suriyada müharibə, terror tüğyan edir, Rusiya-Türkiyə münasibətləri gərginləşib. Bütün bunlar münaqişənin həllini geri atır.

XS
SM
MD
LG