Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:35

"Müharibənin qadın üzü yoxdur" romanı


Svetlana Aleksievich
Svetlana Aleksievich

-

Müəllifin icazəsilə

Svetlana Aleksieviç

(Kamran Nəzirlinin tərcüməsi)

Müharibənin qadın üzü yoxdur

roman

(2005)

- Tarixdə ilk dəfə qadınlar orduda nə vaxt peyda olublar?

- Qadınlar artıq bizim eradan əvvəl IV əsrdə Afina və Spartada yunan ordularında döyüşürdülər. Sonralar Makedoniyalı İskəndərin yürüşlərində iştirak ediblər.

Rus tarixçisi Nikolay Karamzin bizim əcdadlarımız barədə yazıb: "Slavyan qadınları bəzən öz ataları və ərləri ilə birgə müharibəyə gedir, ölümdən qorxmurdular. Belə ki, 626-cı ildə Konstantinopolun mühasirəsi zamanı yunanlar öldürülmüş slavyanlar arasında çoxlu qadın meyiti tapmışdılar. Ana uşaqlarını böyüdərkən onlara döyüşkən olmağı öyrədirdi".

-Bəs yeni dövrdə necə?

-İlk dəfə 1560-1650-ci illərdə İngiltərədə qadın hospitalları yaradılmağa başlayıb, burada əsgər-qadınlar xidmət edirdilər.

-Bəs XX əsrdə nələr baş verib?

-Əsrin əvvəlində...İngiltərədə qadınları Birinci dünya müharibəsi zamanı Kral hərbi-hava qüvvələrinə götürürdülər; qadınlardan ibarət Kral köməkçi korpusu və avtonəqliyyat legionu yaradılmışdı - burada 100 min qadın vardı.

Rusiya, Almaniya, Fransada da qadınlar hərbi hospitallarda və sanitar qatarlarında xidmət etməyə başladılar.

Lakin ikinci dünya müharibəsi zamanı dünya qadın fenomeninin şahidi oldu. Qadınlar artıq dünyanın bir çox ölkələrində bütün növ hərbi hissələrdə xidmət eləməyə başladılar: İngiltərədə 225 min, Amerika ordusunda 450-500 min, Almaniyada 500 min qadın vardı...

Sovet Ordusunda isə bir milyona yaxın qadın döyüşürdü. Onlar bütün hərbi ixtisaslara yiyələnmişdilər, o cümlədən, ən çətin "kişi" ixtisaslarına da. Hətta dil problemi də yaranmışdı: misal üçün "tankçı", "piyada", "avtomatçı" sözləri o zamana qədər qadın cinsinə aid deyildi, çünki bu işləri heç vaxt qadın görməmişdi. Qadın cinsinə aid sözlər orda-müharibədə doğuldu...

Tarixçiylə söhbətdən

İnsan müharibədən ağırdı

(kitabın gündəliyindən)

Günahsız öldürülmüş milyonlarla insan

zülmət qaranlıqda cığır salırdı...

Osip Mandelştam

1978-1985-ci illər

Müharibə haqqında kitab yazıram...

Hərb haqqında kitab oxumağı sevməyən bir adam kitab yazır; halbuki uşaqlıqda və gənclik illərimdə hamı müharibə haqqında kitab oxumağı xoşlayardı.

Müharibə haqqında oxumaq hətta mənim yaşıdlarım üçün də maraqlıydı. Bu, təəccüblü də deyildi - biz Qələbə uşaqlarıydıq. Biz müharibədə qalib gəlmiş adamların övladlarıydıq.

Müharibə haqqında ilk olaraq nə yadıma düşür? Anlaşılmaz və qorxulu sözlər arasında darıxan uşaq kədərim yadıma düşür. Biz müharibəni hər zaman xatırlayırdıq: məktəbdə və evdə, toyda və xaç mərasimlərində, bayramlarda və xatirə gecələrində. Hətta uşaq söhbətlərində də.

Bir dəfə qonşumuzun oğlu məndən soruşdu:

-Bəs o adamlar yerin altında nə edirlər? Müharibədən sonra yerin altında qalan adamlar yerin üstündəki adamlardan çoxdu...

Biz də müharibənin sirrini tapmaq istəyirdik.

Və elə o zamandan mən ölüm barədə düşünürəm... Ölüm barədə düşünməkdən heç vaxt yorulmamışam, elə hər zaman düşünürəm; mənim üçün ölüm həyatın əsas sirri oldu.

Bizim üçün hər şey o dəhşətli və sirli dünyadan başlandı. Ailəmizdə anamın atası, ukraynalı babam cəbhədə həlak oldu, hardasa macar torpağında dəfn olunub; atamın anası, belaruslu nənəm partizan dəstəsində qarın yatalağından tələf olub, onun iki oğlu isə orduya gedib və müharibənin ilk aylarında itkin düşüblər. Üç oğlundan biri sağ qayıdıb - mənim atam.

Hər evdə beləydi. Hamıda belə yara vardı. Buna görə də ölüm haqqında düşünməmək mümkün deyildi. Hər yanda onun kölgəsi gəzirdi...

Kənd uşaqları uzun müddət "alman" və "rus" oyunları oynayırdılar, alman sözləri qışqırırdılar: "Həndi xox!", "Çuryuk!", "Hitler kaput!"

Biz müharibəsiz dünya tanımırdıq. Bizim tanıdığımız yeganə dünya müharibə dünyasıydı; müharibə adamları isə bizim yeganə tanışlarımız idi. Mən elə indi də başqa dünya və başqa adamlar tanımıram. Ümumiyyətlə, onlar haçansa olubmu?

Mənim uşaqlığımın kəndi müharibədən sonra qadınların kəndi olmuşdu. Yalnız arvadlar yaşayırdı. Kişi səsi yadıma gəlmir. Xatirimdə elə beləcə də qalıb: müharibədən arvadlar danışır. Ağlayırlar. Oxuyurlar, oxuduqları kimi də ağlayırlar.

Məktəb kitabxanasında kitabların yarısı müharibə haqqında idi. Atamın tez-tez getdiyi kitabxanalarda da - istər kənd, istərsə də rayon mərkəzi kitabxanası olsun, müharibə kitablarıydı. Niyə? İndi mənim buna cavabım var: məgər bu, təsadüfi hal idimi? Biz hər zaman döyüşürdük və ya müharibəyə hazırlaşırdıq. Necə vuruşduğumuzu xatırlayardıq. Heç vaxt başqa cür yaşamamışıq, görünür, heç bunu bacarmırıq da. Ayrı cür yaşamağı heç təsəvvür eləmirik; ayrı cür yaşamağı biz haçansa hələ uzun zaman öyrənməliyik.

Məktəbdə bizə ölümü sevməyi öyrədirdilər. Biz inşa yazardıq; yazardıq ki, kiminsə yolunda, nəyinsə uğrunda...ölmək istərdik... Arzulayardıq, xəyallar qurardıq...

Lakin küçədəki səslər ayrı şeylər qışqırırdı, daha çox şeylər arzulayırdı.

Mən uzun müddət kitab adamı olmuşam; məni reallıq qorxudub və özünə çəkib. Həyatı bilmədiyimə görə məndə qorxmazlıq yaranmışdı. İndi düşünürəm: görəsən bir qədər real adam olsaydım, özümü belə bir uçuruma ata bilərdimmi? Bütün bunlar nədən olub-məlumatsızlıqdanmı, bilməməzlikdənmi? Bəlkə əsarət hissindən olub? Axı əsarət hissi var...

Çox axtardım... Eşitdiklərimi hansı sözlərlə ifadə edib çatdırmaq olar? Janr axtarırdım; elə bir janr ki, dünyanı necə gördüyümə cavab versin. Cavab versin ki, mənim gözlərim necə görür, qulaqlarım necə eşidir.

Bir dəfə A. Adamoviç, Y. Brılya və V. Kolesnikin "Mən alov kəndindənəm" kitabı əlimə keçdi. Mən yalnız bircə dəfə, Dostoyevskini oxuyanda belə sarsıntı hissləri yaşamışdım.

Belarus yazıçısı Ales Adamovich ailəsi ilə
Belarus yazıçısı Ales Adamovich ailəsi ilə

Bu kitabda isə qeyri-adi bir forma vardı: roman həyatın öz səsləriylə yazılmışdı. Mənim uşaqlıqda eşitdiklərimdən, indi küçədə-bayırda, evdə, kafedə, troleybusda gedən söhbətlərdən danışırdı roman. Belə!

Kifayətdi, yetər. Axtardığımı tapdım. Fəhmlə duydum.

Ales Adamoviç mənim müəllimim oldu...

Düz iki il görüşlər və qeydlər aparmaqdan daha çox düşünürdüm. Oxuyurdum. Mənim kitabım nə barədə olacaq? Tutaq ki, müharibə haqqında daha bir kitab... Axı nəyə lazımdı? Artıq minlərlə müharibə olub- kiçik və böyük müharibələr, məlum və naməlum müharibələr... Və hələ üstəlik onlar barədə daha çox yazılıb. Lakin... Yazıblar... Kişilər yazıb və kişilər barədə yazıblar. Və bu da dərhal aydın olub. Biz müharibə haqqında nə biliriksə yalnız "kişilərin səsi"ylə bilmişik, eşitmişik. Bizim müharibə haqqındakı təsəvvürlərimiz "kişilərin təsəvvürləri"nin, "kişi" yaşantılarının əsiridir. Biz "kişi" sözlərinin əsarəti altındayıq.

Qadınlar isə susurlar. Axı məndən başqa heç kim nənəmdən bir kəlmə belə soruşmayıb, onu sorğu-suala tutmayıb! Mənim anamı heç kim dindirməyib. Hətta cəbhədə olan qadınlar da susurlar. Danışmağa başlayanda belə öz müharibələrindən yox, özgə müharibəsindən söhbət açırlar. Özgə müharibəsini...

Özlərini kişi topları altında kökləyirlər. Və yalnız evdə ya da öz cəbhə rəfiqələri arasında ağlayanda yadlarına müharibə düşür, müharibəni xatırlayırlar (jurnalistliyimlə bağlı ezamiyyətlərdə dəfələrlə eşitmişəm). Bu müharibə isə mənə tamam yad idi, mən o müharibə haqqında heç nə bilmirdim. Uşaq vaxtımdakı kimi mən yenə sarsılıram, həyəcanlanıram. Onların hekayətlərindən adama sirrin, möcüzənin dəhşətli dişlərinin ağartısı boylanır...

Qadınların danışdıqlarında bizim adətən oxuduqlarımız, yaxud eşitdiklərimiz şeylər yoxdur: yəni kimlərsə qəhərəmancasına kimlərisə öldürür və qalib gəlir, yaxud məğlub olurlar. Necə texnika vardı, necə general vardı- belə şeylər yoxdur! Qadınlar tamam ayrı şeylərdən danışırlar. Onların hekayətləri bambaşqadır.

Qadınların "müharibəsi"ndə ayrı rənglər var, onlar ayrı cür qoxu verirlər; onların öz işığı, öz hiss əraziləri var. Onların öz sözləri olur. Orda qəhrəmanlar yoxdur, orda qeyri-real qəhrəmanlıqlar yoxdur, orda sadəcə adamlar var; bu adamlar sadəcə qeyri-insani insani işlərlə məşğuldular. Orda təkcə onlar (insanlar!) əzab, iztirab çəkmir; orda torpaq, quşlar, ağaclar da işgəncə içindədi. Hamı, yer üzündə bizimlə bərabər kim yaşayırsa, hamı əziyyət çəkir. Onlar sözsüz əzab çəkirlər- bu isə daha dəhşətlidir...

-Axı niyə? - sualı dəfələrlə öz-özümə vermişəm.- Axı niyə haçansa bütünlüklə kişi dünyasında öz yerini qoruyub saxlamış qadınlar öz tarixlərini qoruyub müdafiə etməyiblər? Öz sözlərinin, öz hisslərinin müdafiəsinə qalxmayıblar? Özlərinə inanmayıblar. Bütöv bir dünya bizim üçün sirdir. Onların müharibəsi naməlum qalıb...

Mən məhz bu müharibənin tarixini yazmaq istəyirəm. Qadın müharibəsinin tarixini.

İlk qeydlərdən...

Təəccüb: bu qadınların hərbi ixtisasları - sanitar təlimatçı, snayper, pulemyotçu, zenit toplarının komandiri, minaaxtaran olub, indi isə onlar mühasib, laborant, ekskursiya rəhbəri, müəllim... işləyirlər. Müharibədə və dinc dövrdəki rolları heç uyğun gəlmir. Elə danışırlar ki, elə bil hansısa özgə qızlar barəsində danışırlar. Bu gün onlar özləri özlərinə təəccüb edirlər. Və mənim gözlərim qarşısında tarix insan cildinə girir, adi həyata bənzəməyə başlayır. Ayrı bir səhnə görünür.

Əntiqə hekayətçilərə rast gəlirəm, onların həyatında elə səhifələr var ki, klassiklərin ən yaxşı səhifələri ilə rəqabət apara bilər. İnsan özünü yuxarıdan- səmadan beləcə apaydın görə bilsin, aşağıdan- yerdən özünə baxa bilsin... İnsan yuxarı qalxıb, aşağı enib- mələk olub, gah da vəhşiyə dönüb!

Xatirələr - itən, yox olan reallığın yenidən ehtirasla, yaxud da ehtirassız hekayəti deyil, xatirələr-zamanın baş-ayağ etdiyi keçmişin yeni doğuluşudur. Hər şeydən öncə bu, yaradıcılıqdır. İnsanlar xatirələrini danışarkən yaradırlar, öz həyatlarını "yazırlar". Hərdən olur ki, onu yazıb bir qədər də təkmilləşdirirlər, ya da "köçürürlər". Burda gərək ehtiyatını əldən verməyəsən. Ayıq olasan. Çünki hər hansı bir saxtalıq tədricən öz-özünü məhv edir, çılpaq həqiqətlə qonşu olmağa tab gətirmir. Bu virus yaşarı deyil. O, yüksək hərarətə tab gətirməz! Sadə adamlar özlərini çox səmimi aparırlar - tibb bacıları, aşbazlar, paltaryuyan qadınlar...bunu mən müşahidə elədim.

Onlar, necə deyərlər, sözləri özləri doğurlar, qəzetlərdən, ya da oxunan kitablardan götürmürlər. Özgədən oğurlamırlar. Yalnız öz əzab və iztirablarından doğulan sözlərdir. Ali təhsilli adamların hissləri və danışdıqları qəribə də olsa, daha çox zamanın süzgəcindən keçərək tənzimlənir, ümumi ifadə və sözlərlə qatılaşır. Özgə dünyagörüşü, biliyi ilə yoluxur. Ümumi ovqat və ruh.

Tez-tez uzun yol getməli olursan, müxtəlif dairələrlə təmas qurursan ki, "qadın" müharibəsi haqqında eşidəsən, "kişi" yox! Necə geri çəkilirdiniz, necə hücuma keçirdiniz, cəhbənin hansı hissəsində döyüşürdünüz... Bir görüş bəs eləmir, çox görüşlərə gedirsən. İnadkar portretçi kimi...

Yad bir evdə, ya da mənzildə uzun müddət, bəzən isə bütün günü otururam. Çay içirik, təzə alınmış koftaları geyniib tutuşdururuq, saç düzümümüzü və yeməklə bağlı reseptləri müzakirə edirik. Bir yerdə nəvələrin şəkillərinə baxırıq. Və bu zaman... hansı andasa (heç vaxt bilmirsən hansı anda və nə üçün!) səbirsizliklə gözlədiyin həmin an gəlir - insan bizim yaddaşımız kimi gipsdən və dəmir-betondan olan kanondan ayrılır və özünə gəlir, öz içinə girir. Müharibəni yox, gəncliyini xatırlamağa başlayır. Öz həyatının bir parçasını...

Bax, bu anı tutmaq lazımdır. Bu anı əldən buraxmaq olmaz! Lakin çox vaxt faktlar və sözlərlə dolu uzun gündən sonra yadında bircə ifadə qalır (amma hansı ifadə?): "Mən cəbhəyə gedəndə elə uşaq idim ki...hətta müharibədə böyüdüm". Bu ifadəni qeyd dəftərçəmə yazıram, halbuki maqnitofon lentləri artıq çoxdan fırlanırdı. Dörd-beş kaset yazılıb qurtarmışdı...

Mənə kömək edən nədir? Bizim bir yerdə yaşamağımız və buna adət etməyimiz. Birlikdə. Ellikcə birlikdəyik. Hər şeyimiz- xoşbəxtliyimiz və göz yaşlarımız birdir. İztirab çəkməyi və əzablardan danışmağı bacarırıq. İztirablarımız bizim ağır, mürəkkəb həyatımızı təsdiq edir. Bizim üçün ağrı - bir sənətdir. Etiraf etməliyəm: qadınlar cəsarətlə bu yolun yolçusu olurlar...

Onlar məni necə qarşılayırlar?

"Ay qız", "qızım", "mənim balam" kimi çağırırlar məni; görünür, onların nəslindən olsaydım, mənimlə başqa cür davranardılar. Sakitcə və bərabərhüquqlu şəkildə. Gəncliklə qocalıq görüşəndə necə olur - eləcə: sevincsiz və heyrətsiz! Bu çox vacib məqamdır - bir vaxt onlar gənc idilər, indi isə keçmişi xatırlayan qocalar. Bütün həyatlarını xatırlayırlar- qırx ildən sonra. Mənə öz aləmlərini ehtiyatla açırlar, nələrisə demək istəmirlər, gizlətməyə çalışırlar. "Orda (müharibədə!) olmağıma təəssüf edirəm... Təəssüf edirəm ki, mən oranı gördüm... Müharibədən sonra ərə getdim. Ərimin arxasında gizlənirdim. Özüm gizlənirdim. Anam deyirdi:"Sus! Sus! Boynuna alma!". Mən Vətən qarşısında öz borcumu yerinə yetirmişdim. Lakin orda olmağım mənə çox ağır gəlir. Kədərlənirəm. Müharibənin nə olduğunu bildiyim üçün kədərlənirəm. Sənsə tamam qız uşağısan. Mənim sənə rəhmim gəlir..."

Çox vaxt görürəm ki, onlar oturub öz içlərinə qulaq asırlar. Ürəklərinin səsini dinləyirlər. Bu səsləri sözləri ilə tutuşdururlar. Uzun illərdən sonra insan anlayır ki, onun həyatı olub, indi isə ötən keçmişlə barışmaq, dünyadan köçməyə hazırlaşmaq lazımdır. Sadəcə elə belə itib getmək də istəmirsən, bu, çox ağırdı. Diqqətsiz-filansız, qəfildən köçəsən həyatdan?! İnsan geriyə boylananda təkcə keçmiş həyatı barədə danışmaq istəmir, həm də həyatın sirlərinə qədər gedib çıxmaq istəyir. Bu suala cavab tapmaq istəyir: bunlar onun həyatında niyə baş verdi? O, hər şeyə bir qədər kədərlə, bir qədər də vida hissləriylə baxır... Demək olar ki, ordan baxır... Artıq aldatmağa və aldanmağa da lüzum yoxdu yoxdu... O artıq başa düşür ki, ölüm barədə fikirləşmədən insanda heç nəyi görmək olmaz. Onun sirri ali sirdi, hər şeydən alidir.

Müharibə həddən artıq intim yaşantıdır. Və bu yaşantı da insan həyatı kimi sonsuzdu...

Bir qadın (təyyarəçi) mənimlə görüşməkdən imtina etdi. Telefonda izah elədi:"Görüşə bilmərəm...Xatırlamaq istəmirəm. Mən üç il müharibədə olmuşam... Mən üç il özümü qadın kimi hiss eləməmişəm. Mənim orqanizmim ölüdür. Mən heç vaxt aybaşı olmamışam, demək olar ki, heç vaxt qadın istəyim olmayıb. Amma mən çox gözəl idim... Mənim gələcək ərim mənə evlənmək təklif edəndə... Bu Berlində, Reyxstaqın yanında baş verdi... O dedi:

-Müharibə qurtardı. Biz sağ qaldıq. Bəxtimiz gətirdi. Gəl mənim arvadım ol.

Mən ağlamaq istədim. Qışqırmaq istədim. Onu vurmaq istədim! Necə yəni, mənim arvadım ol?! Ərə getmək?

-İndi? Bütün bu dağıntılar arasında-ərə getmək? Bu qara hislər və kərpiclər arasında?... Sən bir mənə bax... Bax, bax, gör mən necə gündəyəm! Sən əvvəl məni qadın elə, qoy mən qadın olduğumu hiss edim: mənə gül bağışla, mənə qulluq elə, şirin sözlər de mənə. Mən bunları elə çox istəyirəm ki! Bunları elə gözləyirəm ki!

...Mən az qala onu vuracaqdım!... İstəyirdim onu vurum!.. Lakin onun bir yanağı yanmışdı, qıpqırmızı olmuşdu, gördüm ki, məni anladı və onun yanmış yanaqlarından yaş süzüldü. Göz yaşları təzə yaralarının üstündən süzülürdü... Və sonra özüm də inanmadım öz sözlərimə, dedim:

-Hə, mən sənə ərə gələrəm.

Amma danışmaq istəmirəm. Gücüm yoxdu... Gərək bütün hər şeyi bir daha yaşayasan ki..."

Mən o qadını başa düşdüm. Lakin elə bu da mənim yazdığım kitabın bir, yaxud yarım səhifəsidir.

Mətnlər, mətnlər. Hər yerdə mətn yazıram. Mənzillərdə, kənd evlərində, yollarda, qatarlarda... Dinləyirəm... Getdikcə iri bir qulağa dönürəm - bütün günü başqa bir adama dönüb dinləyən qulağa. Mən səs "oxuyuram"...

İnsan müharibədən ağırdı...

Harda ki, insan ağırdı, o anlar xatırlanır. Ona hakimlik edən nəsə bir şey var- tarixdən də güclü bir şey. Mən daha geniş yazmalıyam- ümumiyyətlə, həyat və ölüm haqqında həqiqəti yazmalıyam, təkcə müharibə haqqında həqiqəti yox!

Dostoyevskinin sualını vermək istəyirəm: insanın içində neçə insan var və o insanı orda-qəlbində neçə qorumaq olar? Şübhəsiz, şər cazibəlidir. O, xeyirdən daha çoxüzlü olur. Şər daha cəlbedici olur. Müharibənin sonsuz aləmini lap dərinliklərinə baş vururam, bütün qalan şeylər duman içində qalır, adiləşir, adidən də adiyə dönür. Nəhəng və vəhşi dünya. İndi mən ordan qayıdan insanın tənhalığını başa düşürəm. Sanki başqa planetdən, yaxud da o dünyadan qayıdıb. O başqalarının bilmədiyini bilir və o, bu bildiklərini yalnız orda, ölümün bir addımlığında əldə edə bilər. O, sözlə nəsə çatdırmaq istəyəndə elə bil qəzalı vəziyyətə düşür. Dili tutulur. O, danışmaq istəyir, başqaları onu anlamaq istəyir, lakin mümkün deyil, gücləri çatmır.

Onlar mənimlə bölüşəndə məndən fərqli olaraq hər zaman ayrı aləmdə olurlar. Onları görünməyən aləm əhatə edir. Söhbətdə ən azı üç nəfər iştirak edir: danışan indiki adam, o zamankı - müharibədəki adam və mən. Mənim məqsədim hər şeydən öncə həqiqəti arayıb çıxarmaqdır. O illərin həqiqətlərini. O günlərin həqiqətini. Hisslərə qapılmadan. Görünür, müharibədən dərhal sonra insan müharibə haqqında ayrı cür danışardı. Müharibədən on illər keçdikdəın sonra isə başqa cür... Çünki o, bütün həyatını xatirələrə yığır. Özünü də yığır o xatirələrə.

Bu illəri necə yaşayıb? Nə oxuyub, nə görüb, kiminlə rastlaşıb?.. Nəhayət, o xoşbəxtdir, ya bədbəxt? Onunla təkbətək söhbət edirəm, ya da bizim yanımızda kimsə olur. Lakin kim? Bax bu, vacibdir. Ailəsi? Dostları? Hansı dostları? Cəbhə dostları ayrıdır, o birilər isə ayrı. Sənədlər- canlı varlıqlardır, onlar dəyişirlər və bizimlə birlikdə titrəyirlər, o sənədlərdən daim nəsə çıxarıb ortaya qoymaq olar. Özü də daim nəsə təzə bir şey, bu gün üçün vacib olan bir şey! Bax, elə bu dəqiqə. Biz kitablarda çox vaxt bizə tanış olanları axtarırıq- xırda, insani olanları, onlar bizə həqiqətən maraqlı və yaxındı.

Hə, mən ən çox nəyi bilmək istərdim - Qədim Yunanıstanın həyatından nəsə bir şey... Yaxud Sparta tarixini... Mən həm də istərdim oxuyam ki, bax o zamanlar insanlar evdə nədən danışıblar. Onlar müharibəyə necə yollanıblar. İnsanlar öz sevdiklərindən ayrılanda son dəfə hansı sözləri dilə gətiriblər, son gecədə hansı sözü deyiblər. Döyüşçüləri müharibəyə necə yola salıblar. Onları necə gözləyiblər...Qəhrəmanları və sərkərdələri yox, adi, sıravi gəncləri...

Tarix. Onun nəzərəçarpmaz şahidi və iştirakçısının söhbətindən yaranan tarix. Bəli, məni maraqlandıran budur və mən məhz bunu ədəbiyyata gətirib ədəbiyyat eləmək istəyirəm. Lakin danışan adamlar təkcə şahid deyillər, onlar şahiddən daha çox aktyor və həmin tarixi yaradanlardır. Reallığa birbaşa, üz-üzə yaxınlaşmaq mümkün deyil. Reallıqla bizim aramızda hisslərimiz durur. Başa düşürəm ki, mən versiyalarla üzbəüz qalmışam, hər kəsin öz versiyası var. Lakin o versiyalardan, onların kəmiyyət və bir-biriylə oxşarlıqlarından zamanın və o zamanda yaşayan insanların obrazı doğulur. Lakin istəməzdim ki, mənim kitabım haqqında desinlər: onun qəhərəmanları realdır, real qəhrəmanlardır, başqa bir şey deyil. Bu da bir tarixdi. Məhz tarixdi, vəssalam...

Mən müharibə haqqında yox, müharibədə olan insan barədə yazıram. Mən müharibənin tarixini yox, hisslərin tarixini yazıram. Mən qəlb tarixçisiyəm. Bir yandan konkret zamanda və konkret hadisələrdə iştirak edən konkret bir insanı tədqiq edirəm, o biri yandan onun içindəki əbədi insanı görmək istəyirəm. Əbədiyyətin titrəyişini. Hər zaman insanın içində olan əbədiyyət titrəyişini.

Mənə deyirlər: nolsun, xatirələrdir də, onlar nə tarix, nə də ədəbiyyatdır. Onlar sadəcə həyatdır, zibillənmiş və sənətkar əliylə təmizlənməmiş bir həyat. Sadəcə xammal. Hər gün eşitdiyimiz şeylər. Hər hansı dibdə daş-kəsək olur, qırıntılar olur. Səpələnmiş kərpiclərə hər yanda rast gəlmək olar. Lakin kərpiclər hələ məbəd deyil!

Lakin mənim üçün bunlar tamam başqa cürdü... Məhz orda, isti insan səsində, keçmişin canlı ifadəsində əzəli sevinc gizlənib, həyatın silinməz faciəsi soyunub. Həyatın xaosu və ehtirası çılpaq şəkildə görünür. Misilsizlik və ağlasığmazlıq. O həyatda onlar hələ heç bir emala məruz qalmayıblar. Hər şeyin əslidir.

Mən bizim hisslərimizdən məbədlər tikirəm...Bizim istəklərimizdən, bizim ümidsiz ovqatlarımızdan, sarsıntı və kədərimizdən. Bizim arzu və xəyallarımızdan tikirəm bu məbədləri...

Bir daha o barədə... Mənim üçün maraqlı hadisənin özü deyil, hisslərin hadisəsidir. Belə deyək- hadisələrin ruhudu, qəlbidi. Mənim üçün hisslər reallıqdır.

Bəs tarix? O - küçədədir... Kütlənin içindədir... İnanıram ki, bizim hər birimizin içində tarixin bir parçası var. Birimiz yarımsəhifəlik tarix, digərimiz iki-üç səhifəlik tarixdi. Və biz birlikdə zamanın kitabını yazırıq. Hər kəs öz həqiqətini qışqırır. Və bütün bunları eşitmək lazımdır, bütün bunlarla yaşamaq, onların içinə qarışmaq lazımdır. Həm də eyni zamanda özün olmalısan. Yox olub itməməlisən.

Səhər telefon zəng çaldı:

-Biz bir-birimizi tanımırıq... Mən Krımdan gəlmişəm, dəmiryolu vağzalından zəng vururam. Burdan çox uzaqda olursuz? Mən sizə öz müharibəmi danışmaq istəyirəm...

Belə!

Mən isə qızımla parka getməyə hazırlaşırdım. Karuselə minmək istəyirdik. Altıyaşlı qız uşağına nə işlə məşğul olduğunu necə başa salasan? Uşaq bu yaxınlarda məndən soruşdu:

- Ana, müharibə nə deməkdir?

Ona nə cavab verim... Mən onu bu dünyaya zərif bir ürəklə buraxmaq istəyirəm, öyrədirəm ki, gülü lazım deyilsə, dərmək olmaz. Xanımböcəyini əzmək olmaz, yazıqdı, iynəcənin qanadlarını qırmaq olmaz, heyifdi. Bəs müharibənin nə demək olduğunu uşağa necə başa salım? Ölümü necə izah eləyim? Bu suala cavab verim: orda, müharibədə nə üçün öldürürlər? Mənim babalarımdan birini niyə öldürüblər? Və bir də bizim qohum-əqrəbadan olan on bir nəfəri, onların arasında iki azyaşlı qız uşağı da vardı, niyə öldürüblər? Heç şəkilləri də qalmayıb! Hər şeyi yandırıblar- evləri və adamları. Təkcə adları qalıb. Müharibədən sonra valideynlərim bir dəfə mənə necə oldusa başa saldılar- müharibənin nə demək olduğunu izah elədilər. Mən isə indi öz uşağıma başa sala bilmirəm. Söz tapa bilmirəm. Heç cür başa düşmək istəmir- o adamlar hara yox olublar! İllah da ki, onu o balaca qız uşaqlarının yoxa çıxması təəccübləndirir. Sual verir:"Bəs onları nə üçün? Axı onlar körpəydilər? Axı onlar güllə atmırdılar..."

Gərək müharibədən elə bir kitab yazasan ki, müharibə adı gələndə ürəyin bulana; elə müharibə barədə fikirləşməyin özü belə səndə nifrət oyada. Dəli bir nifrət! Elə generalların özü də iyrənə!..

Mənim kişi dostlarım (rəfiqələrimdən fərqli olaraq) belə bir "qadın" məntiqindən karıxıblar. Və mən yenə "kişi" arqumenti eşidirəm: "Sən müharibədə olmamısan!". Bəlkə də bu yaxşıdır; mən nifrət hissini bilmirəm, mənim normal görə bilirəm. Mənim "hərbçi olmayan" baxışlarım var...

Optikada belə bir anlayış var-işıq qüvvəti; obyektivin əksi pis-yaxşı görmə qabiliyyəti. Bax, müharibə haqqında qadın yaddaşı da işıq qüvvətidir - o hisslərin gərginliyinə, ağrılara işıq salır. Mən deyərdim ki, "qadın" müharibəsi "kişi" müharibəsindən daha dəhşətlidir. Kişilər tarixin, faktların arxasında gizlənirlər, müharibə onları fəaliyyət kimi, ideyaların, müxtəlif maraqların qarşıdurması kimi əsir edir, qadınlar isə hisslərdən doğulurlar.

Onlar kişilər üçün qaranlıq və örtülü olan şeyləri görürlər. Bu, ayrı aləmdir- qoxuyla, çiçəklə birgə mövcud olmağın təfsilatlı dünyasıdır: "bizə şey-şüylərimizi yığmağa torba verdilər, biz isə o torbalardan özümüzə yubka tikdik"; "hərbi komissarlıqda qapıdan içəri paltarla girdim, o biri qapıdan çıxanda əynimdə şalvar, gimnastyorka vardı, hörüklərimi kəsmişdilər, başımda təkcə kəkilim qalmışdı..."; "almanlar kəndi güllələdilər və getdilər... Biz oraya gəldik: tapdalanmış sarı qum , qumun üstündə isə bir dənə uşaq ayaqqabısı gördük..."

Məni dəfələrlə ehtiyatlı olmağa çağırırdılar, xasusilə kişi yazıçılarımız:"Qadınlar sənə uydururlar. Özlərindən uydurma şeylər danışırlar". Axı belə şeyləri necə uydurmaq olar? Axı bunları kimdən oğurlayıb köçürmək olar? Əgər köçürmək olsa belə yalnız həyatdan köçürmək olar, yalnız həyatın belə bir fantaziyası ola bilər.

Qadınlar nədən danışırlar-danışsınlar, daim belə bir fikirlə yaşayırlar: müharibə "hər şeydən əvvəl qətl deməkdir, daha sonra isə ağır iş! Sonra da sadəcə adi həyatdır- mahnı oxuduq, sevişdik, biqudilərimizi burub doladıq..."

Lakin ən əsası müharibə dözülməzdir, orda adam ölmək istəmir. Lakin öldürmək ondan da dözülməzdir, qətl törətməyə heç həvəsin olmur. Çünki qadın həyat verir. Qadın həyat bəxş edir. O, həyatı uzun müddət öz içində daşıyır, bəsləyir. Mən anladım ki, öldürmək qadınlara daha ağır gəlir...

Kişilər... Onlar qadınları öz aləmlərinə və ərazilərinə həvəssiz buraxırlar...

Minsk traktor zavodunda bir qadını axtarırdım, snayperçi olmuşdu. Özü də məşhur snayperçi olmuşdu. O qadın haqqında cəbhə qəzetləri dəfələrlə yazmışdı. Onun ev telefonunu mənə Moskvada yaşayan rəfiqələri verdilər, amma köhnə telefon nömrəsiydi. Familyası da dəftərçəmdə köhnə familyadakı kimi qeyd edilmişdi. Onun işlədiyi zavoda getdim, kadrlar şöbəsində oldum, kişilərdən (zavod direktoru və kadrlar idarəsinin rəisindən) bu sözləri eşitdim:"Kişi yoxdu ki yazasınız? Bu qadın tarixçələri nəyinizə lazımdır? Qadın uydurmalarını eşitmək nəyinizə lazımdır?.."

Bir ailənin evinə gəlmişdim... Ər və arvad ikisi də müharibədə vuruşmuşdular. Cəbhədə görüşmüşdülər və orda da evlənmişdilər. "Mənim toyum səngərdə oldu. Düyüş qabağı bayram etdik. Özümə ağ gəlinlik donunu isə alman paraşütündən tikdim". O, pulemyotçü, qadın isə rabitəçi idi. Kişi dərhal arvadını mətbəxə göndərdi.

-Sən orda bir şey hazırla,- dedi.

Çay qaynadı, buterbrodlar hazır oldu, qadın da bizimlə yanaşı oturdu, əri dərhal onu durquzdu.

-Bəs çiyələk qoymadın? Hanı bizim bağ məhsulumuz?

Mənim israrlı xahişimdən sonra könülsüz başladı danışmağa.

-Danış, səni necə öyrədirdim. Amma ağlama, arvad kimi xırda təfərrüatlara uyma...gözəl olmaq istəyirdin, hörüklərini kəsəndə ağladın...

Az sonra qadın mənə pıçıldadı ki, "bütün gecəni "Böyük Vətən müharibəsinin tarixi"kitabını mənimlə birlikdə vərəqləyib. Mənə görə qorxurdu. İndi də həyəcan keçirir, qorxur ki, yadıma sala bilməyim. Qoxurdu ki, lazımi şeyləri danışa bilməyim".

Bunlar bir dəfə olmayıb, bir evdə də baş verməyib. Getdiyim evlərin çoxunda bu vəziyyətlə üzləşmişdim.

Bəli, onlar çox ağlayırlar. Qışqırırlar. Mən çıxıb gedəndən sonra ürək dərmanı içirlər. Təcili yardım çağırırlar. Lakin bütün hallarda xahiş edirlər:"Gəl. Hökmən gəl. Biz çoxdan idi susurduq. Düz qırx il susmuşuq..."

Başa düşürəm ki, ağlamaqla qışqırığın ora-burasını düzəltmək olmaz, əks təqdirdə əsas şey ağlamaq və qışqırıq olmaz, sadəcə ütülənmiş sözlər olar. Həyat əvəzinə ədəbiyyat olar. Bu materialın hərarəti belədir. Şkalası daim ora-bura tərpənir. İnsan ən çox müharibədə görünür və açılır, bir də bəlkə də sevgidə. İnsan ən dərin qatlarına, ən qatı damarlarına qədər açılır.

Ölümlə üz-üzə gələndə bütün ideyalar ağarır, ağlasığmaz əbədilik açılır, onlar isə özləri də bunu gözləmirlər, buna hazır olmurlar. Halbuki onlar bunu görüblər, onlar bunu yaşayıblar. Bir neçə dəfə mənə bu sözləri yazıb göndəriblər:"Xırdalıqlara getmə... Bizim böyük qələbəmizdən yaz".

Mənim üçün məhz "xırdalıqlar" əsasdır-burda həyatın istiliyi və aydınlığı var: hörüklər əvəzinə kəkil var, isti sup və kaşa qazanları var; o qazanlar ki, döyüşə gedən yüz nəfərdən cəmi yeddi nəfəri qayıdıb yeyəcək; ya da müharibədən sonra bazara gedib qırmızı ət parçalarına doyunca baxa bilməyənlər var... Hətta qırmızı çit parçaları da görə bilməyənlər var...". "Ah, mənim gözəlim, qırx il ötüb artıq, mənim evimdə indi qırmızı heç nə tapmazsan. Mən müharibədən sonra qırmızı rəngə nifrət edirəm!"

Ağrıları dinləyirəm...Ağrı ötən həyatın sübutudur. Ayrı sübut-filan yoxdu, ayrı sübutlara-dəlillərə də inanmıram. Sözlər bizi dəfələrlə həqiqətdən uzaqlaşdırmışdı.

Əzab barədə informasiyanın ən ali forması kimi düşünürəm; iztirabın birbaşa sirlə əlaqəsi var. Həyatın sirriylə əlaqəsi var onun. Bütün rus ədəbiyyatı bu barədə yazıb. Sevgidən daha çox əzabdan yazıb.

Və mənə də məhz bu barədə daha çox danışırlar...

Onlar kimdi - ruslar, yoxsa sovet adamları? Yox, onlar sovet adamları idi- ruslar da, belaruslar da, ukraynalılar da, taciklər də...

Hər halda o - sovet adamı- olub! Düşünürəm ki, belə adamlar bir daha dünyaya gəlməyəcək, bir daha olmayacaq, bunu özləri də başa düşürlər. Hətta biz, onların uşaqları, ayrı cürük. Bəs nəvələr?..

Amma mən onları sevirəm. Onlarla qürur duyuram. Onların Stalini vardı, onların QULAQ-ı vardı, onların həm də Qələbəsi olub! Bunu özləri də bilir.

Bu yaxınlarda bir məktub aldım.

"Qızım məni çox sevir, mən onun üçün qəhrəmanam, əgər o, sizin kitabı oxusa, çox məyus olacaq. Çirkab, bit, qan- bütün bunlar həqiqətdi. Mən bunu inkar eləmirəm. Bunlar haqqında xatirələr insanda xeyirxah duyğular oyada bilərmi? Onu qəhrəmanlığa hazarlaya..."

Bir daha əmin oldum ki, bizim yaddaşımız- heç də ideal alət deyil. O təkcə şıltaq və özbaşına deyil, yaddaşımız həm də it kimi zamanın boynuna zəncirlənib. Onlar başlarına gələn hadisələrə vurulublar, çünki bu, təkcə müharibə deyildi, həm də onların gəncliyi idi...

Onlar danışanda qulaq asıram... Onlar susanda da qulaq asıram...

Onların hər şeyi-sözləri də, susqunluqları da mənim üçün mətndir:

- Bu, mətbuata çıxarılmaq üçün deyil, sənin üçündür... Yaşca böyüklər... qatarda oturub dalğın görünürdülər... Kədərli idilər. Yadıma gəlir ki, gecə bir mayor mənimlə danışdı, hamı yatandan sonra o, mənimlə Stalin barədə danışdı. Çox içmişdi, cürətlənmişdi, etiraf edirdi ki, onun atası artıq on ildi düşərgədə məhbus həyatı yaşayır, qeydiyyat hüququ yoxdu. Atası sağdı, ya sağ deyil- xəbəri yoxdu. Bu mayor dəhşətli sözlər deyirdi."Mən Vətəni qorumaq istəyirəm, lakin mən o inqilabın düşməni Stalini müdafiə eləmək istəmirəm". Heç vaxt belə sözlər eşitməmişdim... Qorxdum.... Xoşbəxtlikdən, o mayor səhər yox oldu. Görünür, qatardan düşmüşdü...

-Heç yerdə danışma... Sənə bir sirr açım... Mən Ukraynadan olan Oksana ilə rəfiqə idim. İlk dəfə ondan eşitdim ki, Ukraynada dəhşətli aclıq olub. Fəlakət. Onların kəndində adamların yarısı aclıqdan ölüb. Onun kiçik qardaşları, ata-anası da aclıqdan ölüblər, özü isə sağ qalıb, ona görə ki, kolxozun at tövləsinə girib at peyini oğurlayıb və onu yeyib. Heç kim o peyini yeyə bilməyib, amma o yeyib və sağ qalıb. "İsti peyini ağıza qoymaq olmur, soyuğunu isə yeyə bilirsən. Daha yaxşısı donmuşudur, ot iyi verir". Mən dedim:"Oksana, yoldaş Stalin mübarizə aparır... O, ziyanvericiləri məhv edir, lakin onlar çoxdu..."

-Yox, -Oksana dedi,-sən axmaqsan. Mənim atam tarix müəllimiydi, mənə söyləyirdi ki, yoldaş Stalin nə vaxtsa öz cinayətlərinə görə cavab verəcək...

Mən komissarın yanına getmək istəyirdim... Hər şeyi ona danışmaq istəyirdim. Birdən Oksana düşmən olar? Bəlkə cəsusdu? İki gündən sonra Oksana döyüşdə həlak oldu... Onun heç bir doğması qalmamışdı, buna görə də qara kağızını göndərməyə adam yox idi...

Onlar bu mövzuya çox ehtiyatla və nadir hallarda toxunurlar. Hər zaman da qorxa-qorxa. Onlar indiyə kimi qorxurlar, təkcə Stalinin gipnozundan və qorxusundan yox, həm də indiki inamlarından da qorxurlar. Onun od-alovu hələ də sönməyib. Mən birbaşa sual verəndə, yəni açıq-aşkar nəyisə soruşanda onlar cavab verirlər:

-Bəlkə də bizim nəvələr bütün həqiqətləri biləcəklər.

Bəs onların özləri nə vaxt danışacaqlar? On, iyirmi ildən sonra?! Bundan ötrü gərək öz həyatlarında çox şeyi sevməsinlər...

Əlyazma çoxdandır ki, mizin üstündə durub...

Artıq iki ildir ki, nəşriyyatlardan rədd cavabı alıram. Jurnallar susurlar. Rədd cavablarında hökm adətən eynidir- müharibə çox dəhşətli təsvir edilib. Qorxunc yerlər, naturalizm çoxdur. Kommunist Partiyasının aparıcı və istiqamətverici rolu yoxdur... Bir sözlə, bizim müharibə deyil... Bəs o müharibə necə olub ki? Hansı müharibəni deyirsiz? Generallarla və müdrik generalissimusla olan müharibəni? Qansız və bitsiz müharibəni deyirsiz? Qəhrəmanlar və qəhrəmanlıqlarla olan müharibəni?

Mənimsə uşaqlıqdan yadımdadı: bir dəfə nənəmlə böyük bir əkin sahəsində idik, danışırdı: "Müharibədən sonra bu sahələrdə uzun müddət heç nə bitmədi. Almanlar geri çəkilirdi... Bu sahədə döyüşlər oldu, iki gün çəkdi... Ölənlər bir-birinin yanında sərələnmişdilər. Elə bil yol boyu ağaclar cərgəylə düzülmüşdü. Almanlar və bizimkilər. Yağışdan sonra bütün meyitlərin üz-gözü ağlamsınmış kimi görünürdü. Biz, bütün kənd düz bir ay meyitləri basdırdıq..."

Axı mən bu tarixçəni necə unudum?

Mən sadəcə qeyd eləmirəm... Mən iztirabın balaca insandan böyük insan yaratdığı yerdə insan ruhlarının ardınca düşüb onları toplayıram. Mənim üçün o, lal deyil, o, tarixin izsiz proletariatı deyil; mən onun qəlbini kəşf elədim. Mən onun dilinə qulaq asıram. Onun mətnini dinləyirəm. Bəs mənim hakimiyyətlə nə ixtilafım var? Mən anladım ki, böyük ideyaya kiçik insan lazımdır; o ideyaya böyük insan lazım deyil. O ideya üçün insan artıqdır və narahatlıq yaradır. O ideya üçün insan zəhmətkeşdir, insan işləmək üçün ona lazımdır. Mən isə insanı axtarıram... Mən o balaca böyük insanı axtarıram. Alçaldılmış, tapdalanmış, təhqir edilmiş insanı- Stalin düşərgələrindən və xəyanətlərindən keçib gəlmiş və axır ki, qələbə çalmış insanı axtarıram. Möcüzə yaratmış insanı axtarıram.

Bu Qələbəni onun əlindən heç kim ala bilməz...

On yeddi il sonra

2002-2004-cü illər

Köhnə gündəliyimi oxuyuram...

Çalışıram ki, bu kitabı yazdığım çağlarımı xatırlayım: o zaman mən necə idim. O zamankı insan artıq yoxdu, hətta o zamanlar yaşadığımız ölkə də yoxdu. Halbuki qırx bir-qırx beşdə onu müdafiə eləmişdilər, onun uğrunda həlak olmuşdular. Pəncərədən bayırda tamam başqa şeylər görünür: yeni minillik, yeni müharibələr, yeni ideyalar, yeni silahlar və tamamilə gözlənilmədən dəyişən rus (daha doğrusu rus-sovet) adamı.

Qorbaçov yenidənqurması başlanmışdı...Mənim kitabımı dərhal çap elədilər. Heyrətamiz tirajı vardı- iki milyon nüsxə. Elə bir dövr gəlmişdi ki, çoxlu sarsıdıcı şeylər baş verdi, biz yenə harasa qəzəblə cumduq. Yenə gələcəyə doğru. Biz hələ bilmirdik (ya da unutmuşduq!) ki, inqilab - hər zaman illüziya olub. Xüsusilə bizim tariximizdə.

Lakin bu, sonra baş verəcək. Mən hər gün onlarla məktub almağa başladım - qovluqlarım şişirdi. İnsanlar danışmaq istəyirdilər... Axıradək danışmaq istəyirdilər... İnsan daha azad, daha açıq olmuşdu. Və bu zaman heç bir tərəddüd və şübhə etmədən anladım ki, kitabım bitməyəcək, ona daim əlavələr eləməyə məhkum olmuşam. Təzədən yazmağı demirəm, davam eləməyi. Nöqtə qoyursan və o nöqtə də dərhal üç nöqtəyə çevrilir...

Düşünürəm ki, bu gün yəqin ki, ayrı cür suallar verərdim və o suallara da ayrı cür cavab alardım. Yəqin ki, ayrı cür kitab yazardım, tamam başqa kitab olmasa da, amma fərqlənərdi. Mənim işlədiyim sənədlər- canlı şahidlərdir, onlar torpaq kimi deyil, soyumurlar. Onlar lal olmur. Onlar bizimlə bərabər hərəkət edirlər. Bu gün mən daha çox nələr soruşardım? Nə əlavə etmək istərdim? Mənim üçün maraqlı olardı... müvafiq söz axtarıram... bioloji insan maraqlı olardı, təkcə zamanın və ideyanın adamı yox! Çalışardım ki, insan təbiətinin içinin dərinliklərinə baş vurum, qaranlığa, şüuraltına enim.

Yazardım ki, keçmiş partizan qadının yanına necə gəldim....Tosqun bir qadın idi, amma gözəlliyini hələ də itirməmişdi- o mənə danışırdı ki, onun qrupu (o və iki yeniyetmə; o, qrupun başçısıymış) kəşfiyyata gedib. Və təsadüfən dörd alman əsir götürüb. Həmin alman əsirləri ilə meşədə çox gəzib-dolaşıblar. Üçüncü gün axşam onları almanlar mühasirəyə alıblar. Aydındı ki, əsirlərlə birlikdə onlar mühasirəni yara bilməzdilər və qərar qəbul olunub: onları öldürmək! Yeniyetmələr öldürə bilmirlər: artıq üçüncü gündür ki, onlar birlikdə meşəni hərlənirlər, əgər sən bir insanla üç gün bir yerdə olursansa, hətta yad olsa belə, ona öyrəşirsən, o yaxınlaşanda artıq bilirsən ki, o, necə yeyir, o, necə yatır, onun gözləri nə rəngdədir, əlləri necədir. Yox, yeniyetmələr öldürə bilməzlər! Bunlar qadına məlum idi. Deməli, qadın özü öldürməliydi. Budur, yadına düşür- onları necə öldürdüyünü xatırlayır. Həm əsirləri, həm də yeniyetmələri aldatmalı olur. Bir almanla guya su dalınca gedir, arxadan onu güllə ilə vurur. Təpəsindən vurur. O birini kolluğa aparır... Onun bu barədə beləcə arxayın danışması məni dəhşətə gətirirdi.

Müharibədə olanlar xatırlayırlar ki, mülki şəxs üç günə hərbi adama çevrilir. Niyə üç günə? Bəlkə bu da bir mifdir? Ola bilər. İnsan orda daha sirli, daha anlaşılmaz olur.

Bütün məktublarda oxuyurdum: "Mən o zaman sizə hamısını söyləmədim, çünki o zaman ayrı dövr idi. Biz çox şeylər barədə susmağa öyrəşmişik..."; "Hər şeyi sizə etibar eləmək istəmirdim. Lap bu yaxınlaradək bu barədə danışmaq ayıb sayılardı..."; "Həkimlərin hökmü mənə məlumdur: məndə dəhşətli xəstəlik var... Bütün həqiqətləri demək istəyirəm..."

Bu yaxınlarda isə belə bir məktub aldım: "Biz qocalara yaşamaq çətindi.... Lakin biz çox cüzi və alçaldıcı təqaüdümüzə görə əzab çəkmirik. Bizi ən çox ağrıdan odur ki, bizi böyük keçmişdən qovub dözülməz, xırda bugünə gətirib çıxarıblar. Artıq heç kim bizi məktəbə, muzeyə çıxış eləməyə çağırmır, artıq biz lazım deyilik. Biz artıq yoxuq, amma biz hələ sağıq. Öz dövrünü yaşayıb başa vurmaq çox dəhşətlidir..."

Mən hələ də onları sevirəm. Onların dövrünü sevmirəm, özlərini sevirəm.

Hər şey ədəbiyyat ola bilər...

Arxivimdə məni ən çox maraqlandıran bir bloknot oldu; o bloknotda senzorun çıxartdığı epizodları qeyd eləmişdim. O bloknotda mənim senzorla söhbətlərim də qeyd olunmuşdu. Elə ordaca mən özüm çıxarıb atdığım səhifələrə də rast gəldim. Mənim içimdəki senzor, içimdəki qadağalar idi. Mənim izahatım da vardı: bəs bunları nə üçün atmışam? Kitabda bu və ya digər qeydlərdən artıq bir çoxu bərpa olunub, lakin bu bir-neçə səhifəni mən ayrıca vermək istəyirəm - bu da artıq sənəddir. Mənim yolum...

Senzorun çıxartdığı parçalardan:

"Mən gecə oyanıram... Elə bil kimsə... kimsə yanımda ağlayır... Mən müharibədəyəm...

Biz geri çəkilirik... Smolensk ətrafında hansısa qadın öz paltarını mənə verir və mən paltarımı dəyişməyə macal tapıram. Tək gedirəm... Kişilər arasında tək qadın. Bilmirəm şalvardaydım, yoxsa yay donu geyinmişdim. Birdən məndə o məsələ... başladı... Qadınla bağlı... Vaxtından əvvəl başladı. Görünür, həyəcandan olmuşdu...Qorxudan, təşvişdən və inciklikdən. İndi burda nə tapa bilərsən axı? Kolların dalında, xəndəklərdə, meşələrdəki kötüklərin üstündə yatmışdılar. Biz o qədər idik ki, meşədə hamıya yer çatmırdı. Biz özümüzü itirmişdik, karıxa-karıxa gedirdik, aldanmışdıq, heç kəsə də artıq inanmırdıq.... Bizim aviasiyamız hardadı? Tanklarımız hardadı axı? Havada tüğyan edən, uçan, guruldayan nə vardısa, hamısı almanların idi...

Bax, beləcə mən əsir düşmüşdüm...Əsir düşməmişdən bir gün əvvəl mənim iki ayağım da burxulmuşdu... Uzanmışdım və yerimi də islatmışdım... Bilmirəm, mənə hansı güc gəldi və mən gecəni süründüm. Sürünə-sürünə partizanlara gəlib çatdım...

Bu kitabı oxuyanlara da, oxumayanlara da yazığım gəlir..."

"Mən gecə növbəsində idim.... Ağır yaralıların palatasına girdim. Bir kapitan uzanmışdı... Həkimlər mənə demişdilər ki, o, gecə öləcək... Səhərə sağ çıxmayacaq... Ondan soruşuram:"Necəsən? Sənə necə kömək edim?". Heç vaxt unutmaram... Birdən kapitan gülümsədi, o əzabkeş üzdə işıq saçdı elə bil, dedi: xalatını aç, döşlərini mənə göstər... Mən arvadımı çoxdandı görməmişəm..." Mən utandım, ona nəsə cavab verdim. Çıxıb getdim, bir saatdan sonra gəldim. Gördüm ki, ölüb. O təbəssüm də eləcə sifətində donub qalmışdı..."

"Kerç ətrafındaydıq... Gecə yarı güllə yağışı altında biz barjada gedirdik. Gəminin burun hissəsi yanmağa başladı.... Və alov... alov göyərtəyə süründü... Silah-sursatlar partladı... Güclü partlayış baş verdi. Partlayış elə güclü oldu ki, barja sağ böyrü üstə əyildi və batmağa başladı. Sahil isə uzaqda deyildi, başa düşürük ki, sahil hardasa yaxındadır və əsgərlər suya tullandılar. Sahildən minomyot səsləri gəldi...Qışqırıqlar, söyüşlər, iniltilər... Mən yaxşı üzürdüm, istəyirdim ki, heç olmasa bir nəfəri xilas edim.... Heç olmasa bir nəfər yaralını... Axı bu sudur, torpaq deyil...Adam dərhal ölər. Su... Eşidirəm: kimsə yaxında gah batır, gah da çıxır. Batır, sonra suyun üzünə çıxır. Mən fürsət tapıb onu tutdum... Əlimə nəsə soyuq bir şey dəydi, sürüşkən idi...Fikirləşdim ki, bu yaralıdır, onun paltarı isə partlayışdan əynindən çıxıb. Mən özüm də lütəm. Bircə tumanda qalmışam... Qaranlıqdı...Gözüm deşilir. Ətrafda isə haray, imdad, inilti səsləri. Söyüşlər... Nəhayət, yaralıyla birlikdə sahilə çatdım.... Bu anda səmada raket parladı, gördüm ki, özümlə sahilə dartıb gətirdiyim yaralanmış yekə bir balıqdır. Balıq iriydi, adam boyda olardı. Beluqaydı... O, ölürdü... Mən onun böyrünə yıxıldım və elə üçmərtəbəli söyüş söydüm ki, gəl görəsən... Hirsimdən ağladım... Həm də bu inilti və əzabları görüb ağladım..."

"Mühasirədən çıxırdıq... Hara cumurduqsa hər tərəfdə almanlar idi. Qərara alırıq: səhər vuruşa-vuruşa mühasirəni yaracağıq. Ölürüksə, qoy ləyaqətlə ölək. Döyüşdə həlak olaq. Bizdə üç qız vardı. Onlar gecə gəlmişdilər... kim necə bacarmışdı eləcə... Hamısı, əlbəttə, bacarıqlı deyildi. Əsəblər... özünüz bilirsiz də... Belə işlər... Hər birimiz ölməyə hazırlaşırdıq...

Səhər tək-tük mühasirədən çıxdıq. Çox az adam qaldı... Cəmi yeddi nəfər... Amma əlli nəfər idik. Almanlar bizi pulemyot atəşinə tutdular... O qızları xatırlayıram, minnətdarlıq hissilə. Sağ qalanlar arasında onları tapa bilmədim... Və onlara bir daha rast gəlmədim..."

(davamı üçün növbəti səhifəyə keçiniz)

-

(davamı)

Senzorla söhbətdən:

-Bu kitabdan sonra kim döyüşə gedər? Siz qadını prmitiv naturalizminizlə alçaldırsınız. Özü də qadın-qəhrəmanı. Onu hörmətdən salırsınız. Onu adi qadın kimi göstərirsiniz. Qancıq kimi. Onlar isə müqəddəs varlıqlardır.

-Bizim qəhrəmanlığımız mikroblardan təmizlənmiş kimidir; o nə fiziologiya, nə də biologiyanın qanunları ilə hesablaşır. Ona inamaq olmaz. Lakin təkcə ruh sınaqdan çıxmayıb, həm də axı bədən sınaqdan çıxıb...

-Bu fikirlər sizdə hardandı belə? Yad fikirlərdir. Sovet düşüncəsi deyil. Siz qardaşlıq məzarlarında yatanlara gülürsünüz. Remarkı oxuyub zəhərlənmisiniz. Bizdə Remarkizm keçməz. Sovet qadını heyvan deyil..."

"Kimsə bizi satmışdı... Almanlar partizan dəstəsinin yerini bilmişdilər. Meşəni hər tərəfdən mühasirəyə aldılar. Biz sıx cəngəllikdə gizlənmişdik və bizi bataqlıqlar xilas etdi, oralara cəza dəstələri girə bilmirdi. Bataqlıq. Bura həm texnikanı, həm də adamları udurdu. Biz günlərlə, hətta həftələrlə bu bataqlıqlarda boğazımıza kimi suda qalırdıq. Bizimlə bir rabitəçi qadın vardı, təzəcə doğmuşdu. Körpə ac idi...Döş istəyirdi... Lakin ana da ac idi, süd yox idi, uşaq ağlayırdı. Cəza dəstələri isə yaxında idi.. İtlərlə... İtlər eşitsəydi, vəssalam, hamımız o dünyalıq olacaqdıq. Bütün dəstəmiz, otuz nəfər... Başa düşürsüz də, yox? Qərar qəbul etdik...

Heç kim komandirin əmrini anaya demək istəmirdi, amma ana özü bunu anladı. Bürüncəkli körpəni suya basdı və uzun müddət orda saxladı.... Körpə susdu... Ondan səs çıxmadı... Biz isə gözümüzü açıb baxa bilmirdik. Nə anaya, nə də bir-birimizin gözünün içinə baxa bilirdik..."

"Biz alman əsirlərini götürüb dəstəmizə gətirdik...Onları güllələmədik, çox asan ölüm olardı onlar üçün...Biz onları donuz kimi tikə-tikə doğradıq. Sünbəylə. Mən onlara baxmağa getdim... Gözləyirdim! Gözləyirdim ki, görüm onların gözləri ağrıdan ha vaxt bərələcək...Göz bəbəkləri...

Siz axı nə bilirsiz bu barədə?! Onlar mənim anamı balaca bacılarımla birlikdə tonqalda diri-diri yandırmışdılar, düz kəndin ortasında..."

"Müharibə deyəndə nə pişik, nə də it yadıma düşür. Mən siçanları xatırlayıram. İri siçovulları...Onların gözləri sarı-mavi rəngə çalırdı...Onlar gah görünür, gah da qeyb olurdular. Yaralarım sağalandan sonra hospitaldan çıxdım, məni arxaya, öz hissəmə göndərdilər. Bizim hissəmiz Stalinqrad yaxınlığında, səngərlərdə yerləşirdi. Komandir əmr elədi:"Bu qadını aparın qızların dəyəsinə".

Mən dəyəyə girəndə ilk növbədə təəccübləndim, orda heç bir şey yox idi. İynəyarpaq ağacların budaqlarından yer düzəldilmişdi. Vəssalam. Mənə bunu deməmişdilər... Mən dal çantamı qazmada qoyub çıxdım, yarım saatdan sonra gələndə gördüm çantam yoxdu. Nə şeylərim, nə karandaş, nə daraq... heç biri yoxdu...Məlum oldu ki, onların hamısını ildırım sürətiylə siçovullar yeyiblər...

Səhər çağı mənə siçovulların gəmirdiyi ağır yaralıların qollarını göstərdilər...

Mən hələ heç bir dəhşətli filmdə görməmişəm ki, artilleriya "yağışından" qabaq siçovullar şəhərdən qaçsın. Bu Stalinqradda deyildi, Vyazmadaydı... Səhər şəhərdə siçovul dəstələri göründü, onlar sürü halında şəhərdən çıxıb sahələrə qaçırdılar. Onlar ölümü qabaqcadan duymuşdular. Onların sayı minlərlə idi... Qara, boz siçovullar... Adamlar bu qaçan heybətli sürülərə dəhşət içində tamaşa edirdilər və öz evlərinə çəkilirdilər. Və siçovullar gözdən itən kimi dərhal gülləbaran başladı. Təyyarələr göründü. Evlər və zirzəmilər xarabaya döndü, hər yan yerlə-yeksan edildi..."

"Stalinqrad ətrafında o qədər meyit vardı ki, atlar artıq onlardan qorxmurdu. Adətən atlar ölülərdən qorxurlar. At heç vaxt ölünü tapdalamaz. Biz öz ölülərimizi yığdıq, alman meyitlər isə orda-burda səpələnmişdi. Donmuşdular. Buza dönmüşdülər... Mən və sürücü artilleriya sursatlarıyla dolu maşındaydıq, maşınımızın təkərləri altında qalan alman meyitlərinin kəllə sümüklərinin şaqqıldadığını eşidirdim... Sümüklər... Və mən xoşbəxt idim..."

Senzorla söhbətdən:

-Hə, Qələbə bizə baha başa gəlib... Amma siz qəhrəmanlıq nümunələri tapıb çıxarmalısınız. Belə nümunələr yüzlərlədir. Siz isə müharibənin çirkablarını göstərirsiniz. Nə bilim alt tuman... Sizdə belə çıxır ki, bizim qələbəmiz dəhşətli olub...Siz nəyə nail olmaq istəyirsiz axı?

-Həqiqətə.

-Siz düşünürsüz ki, həqiqət həyatda olan şeydir. Həqiqət küçədədir. Həqiqət ayağımızın altındadır. Sizin üçün həqiqət çox aşağıdadır. Yerdədir, dünyəvidir. Yox, həqiqət bizim arzuladığımız şeydir. Həqiqət arzu etdiyimiz və görmək istədiyimiz insandır!

"Hücuma keçirik...İlk alman qəsəbələri görünür... Biz gəncik. Güclüyük. Artıq dörd ildir ki, qadın üzü görmürük. Zirzəmidə şərab var. Qəlyanaltı var. Alman qızlarını tuturuq və...On nəfər bir qızı zorlayır...Qadınlar yox idi, camaat Sovet Ordusundan gizlənmək üçün qaçıb getmişdi, biz lap cavan qızları tuturduq...Qız uşaqlarını...On iki-on üç yaşlı qızları...Qız ağlayanda onu döyürdük, ağzına da əski-üskü taxırdıq. O, ağrıdan ufuldayırdı, biz isə gülürdük. İndi mən anlamıram özümü, axı mən bunu necə edə bildim?!.. Ziyalı ailəsində böyümüş bir oğlan... Hə, mən idim, o şeyləri mən edirdim...

Bizim qorxduğumuz bircə şey vardı-qızlarımızın bundan xəbəri olmasın. Bizim tibb bacılarını deyirəm. Onlar bilsəydi ayıb olardı..."

"Mühasirəyə düşdük...Meşələrə və bataqlıqlara səpələndik. Yarpaq yeyirdik, ağac qabığı gəmirirdik. Hansısa gövdəni... Beş nəfər idik, biri lap sütül oğlan idi. Orduya təzəcə çağırmışdılar. Gecə qonşu mənə pıçıldadı:

-Bu oğlan lap sütül şeydir, yarımcanlı...Onsuz da öləcək. Başa düşürsən də...

-Nə demək istəyirsən?

-İnsan əti yeməlidir. Mənə bir nəfər dustaq deyib bunu... Onlar Sibir meşələriylə düşərgədən qaçıblar...Bilərəkdən özləriylə oğlan uşağı da götürüblər, sütül...Beləliklə, xilas olublar...

Onu vurmağa gücüm çatmadı. Heyim yox idi. Lakin səhəri gün partizanlara rast gəldik..."

"Partizanlar gündüz at belində kəndə gəldilər. Evə girib başçını və oğlunu çölə çıxartdılar. Başlarına dəmir borularla zərbələr endirdilər, onlar yerə yıxıldılar, sonra partizanlar onları ölənədək döydü. Mən pəncərə qabağında oturmuşdum.. Hər şeyi görürdüm... Partizanlar arasında mənim böyük qardaşım da vardı...O, bizim evimizə girdi və məni qucaqlamaq istədi.

-Bacı! - deyə çağırdı. Mən isə qışqırdım:

-Yaxın gəlmə! Yaxın gəlmə! Sən qatilsən!

Sonra lal oldum. Düz bir ay dilim tutuldu.

Qardaşım həlak oldu...O sağ qalsaydı nolardı ki? Əgər evə qayıdıb gəlsəydi..."

"Səhər alman cəza dəstələri kəndimizi yandırdılar...Yalnız canını götürüb meşəyə qaçanlar qurtuldular. Onlar özləriylə heç nə götürə bilməmişdilər, hətta çörək belə götürə bilməmişdilər. Nə yumurta, nə sala...Gecə Nastya xala, bizim qonşu, qızını döydü, çünki qız ağlayırdı. Nastya xalanın beş uşağı onunla birlikdəydi. Yulya, mənim rəfiqəm idi, ən zəifi idi. Həmişə xəstələnərdi...Və dörd oğlan uşağı. Hamısı da balaca. Hamı da yemək istəyirdi. Nastya xala dəli olmuşdu. "Uuuuuu....uuuuuuu..." Gecə isə eşitdim, Yuliçka yalvarıb deyirdi:

-Ana, anacan, məni boğma...Mən daha ağlamayacam... Daha yemək istəməyəcəm səndən. İstəməyəcəm...

Səhər Yuliçkanı görmədim... Onu heç kim tapa bilmədi...

Nastya xala...Biz kəndə qayıdanda... kənd yanıb kül olmuşdu... Nastya xala öz bağında özünü alma ağacından asdı. Uşaqları isə ananın asılmış meyidinin yanında durub ondan yemək diləyirdilər..."

Senzorla söhbətdən:

-Bu ağ yalandır! Bu, bizim əsgərə, Avropanın yarısını azad etmiş əsgərimizə böhtan atmaqdır! Bizim partizanlara ləkə yaxmaqdır. Bizim qəhrəman xalqımıza qara yaxmaqdır! Bizə sizin xırda tarixçəniz lazım deyil! Bizə böyük tarix lazımdır! Qələbə Tarixi! Siz heç kimi sevmirsiz! Siz bizim böyük ideyalarımızı sevmirsiz! Marks və Lenin ideyalarını!

-Bəli, mən böyük ideyaları sevmirəm. Mən balaca insanı sevirəm...

Özüm çıxartdığım parçalardan:

"Bizi mühasirəyə almışdılar... Bizimlə birlikdə siyasi rəhbər Lunin də vardı... O, əmri oxudu, əmrdə deyilirdi ki, sovet əsgəri düşmənə təslim olmur. Yoldaş Stalinin dediyi kimi, bizdə əsir yoxdur, bizdə xəyanətkarlar var. Uşaqlar tapançalarını çıxartdılar... Siyasi rəhbər əmr elədi:

-Lazım deyil, uşaqlar. Yaşayın. Siz hələ gəncsiniz.

Siyasi rəhbər özü isə özünü güllələdi...

Biz qayıdıb gəldik. Artıq hücuma keçmişdik...Balaca oğlan uşağı yadıma gəlir. O, hardansa torpağın altından çıxıb üstümüzə qaçdı, qışqırırdı:

-Öldürün onu! Mənim anamı öldürün! O, almanla yatırdı...

Onun gözləri qorxudan bərəlmişdi. Oğlanın dalınca qara paltarlı qoca arvad qaçırdı. Arvad tamam qaraya bürünmüşdü. Qaça-qaça xaç vururdu.

-Uşağa qulaq asmayın! Mənim övladım öz iradəsiylə eləməyib, Allahın əmrini yerinə yetirib...!"

"Məni məktəbə çağırdılar...Mənimlə təxliyədən qayıdıb gəlmiş müəllimə danışdı:

-Mən sizin oğlunuzu başqa sinfə köçürmək istəyirəm. Mənim sinfimdə yalnız əlaçılar oxuyur...

-Axı mənim oğlum da dərslərindən yalnız "beş" alır.

-Əhəmiyyəti yoxdu. Sizin oğlunuz almanların içində yaşayıb.

-Hə, bizim üçün çox ağır idi.

-Onu demək istəmirəm. İşğal altında kim olubsa hamısı... Bu adamlar şübhəlidir... nəzarət altındadırlar... Və siz də...

-Nə? Başa düşmürəm...

-Biz onun düzgün inkişaf edəcəyinə əmin deyilik. Baxın, dili də pəltəkdir...

-Bilirəm. Qorxudan olub. Onu bizim evdə yaşayan alman zabiti döymüşdü.

-Görürsüz... Özünüz etiraf edirsiz.... Siz düşmənlə bir yerdə yaşamısız...

-Bəs bu düşməni düz Moskvaya qədər kim buraxmışdı? Bəs bizi burda, uşaqlarımızla birgə kim başlı-başına qoymuşdu?

Mən artıq hirslənmişdim, özümdən çıxmışdım...

İki gün qorxdum. Qorxdum ki, müəllimə gedib məni satar. Lakin o, oğlumu elə öz sinfində saxladı..."

"Gündüzlər almanlardan və polisaylardan qorxurduq, gecələr isə partizanlardan. Mənim sonuncu inəyimi partizanlar apardılar, təkcə pişiyimiz qaldı. Partizanlar ac idilər, kinli, acıqlı idilər. Mənim inəyimi dartıb aparanda mən də onların dalınca qaçdım... Düz on kilometr getdim. Yalvarırdım ki, qaytarın mənim inəyimi. Evdə üç uşağım gözləyir...

Müharibədə yaxşı adam nə gəzir?!..

Özmüzünkü özümüzün üstünə gəlirdi. Qolçomaq uşaqları sürgündən qayıtmışdılar. Onların valideynləri həlak olmuşdular və onlar da alman hökumətinə işləyirdilər. İntiqam alırdılar. Biri gəlib daxmada qoca müəllimi güllələdi. Bizim qonşuydu. Həmin adam idi ki, nə vaxtsa onun atasını satmışdı, onun qolçomaq olduğunu hökumətə xəbər vermişdi. Xalis kommunist idi.

Almanlar əvvəlcə kolxozları dağıtdılar, camaata torpaq payladılar. Camaat Stalindən sonra nəfəs almağa başladı. Biz töycü verirdik... Vaxtlı-vaxtında ödəyirdik pulumuzu... Sonra başladılar bizi yandırmağa. Bizi və evimizi. Mal-qaranı apardılar, adamları isə yandırdılar.... Mən təsadüfən sağ qalmışam, heç kəsə pisliyim dəyməyib, heç kimə də pislik arzulamamışam... Hamıya rəhmim gəlirdi..."

"Mən ordumuzla düz Berlinə qədər gedib çıxdım...Kəndimizə qayıdanda döşümdə ordenlər vardı- iki Şöhrət Ordeni və medallar. Üç gün evdə qaldım, dördüncü gün anam məni yuxudan durquzub dedi:

-Qızım, sənin boxçanı hazırlamışam, çıx get burdan... Get, get...Sənin kiçik bacıların var axı burda. Onları kim alacaq, hə? Hamı bilir ki, sən dörd il cəbhədə olmusan, orda kişilərlə...

Mənim qəlbimə toxunmayın. Siz də o birilər kimi mənim təltiflərimdən, mükafatlarımdan yazın..."

"Müharibə müharibədir. Sizin üçün teatr deyil...

Dəstəmiz talada dairəvi düzülmüşdü. Ortada Mişa K. və Kolya M. bizim uşaqlar durmuşdular. Mişa cəsur kəşfiyyatçıydı, qarmonda çalırdı. Kolyadan isə yaxşı oxuyan yox idi...

Hökmün oxunuşu çox uzun çəkdi: hansısa kənddə iki şüşə əldədüzəltmə araq və gecə... iki qız tələb etmişdilər.... Hansısa kənddə... bir kəndlinin paltosunu götürüblər...tikiş maşını götürüblər və dərhal da mişarlayıblar... Qonşuda... filan şeyi...

Güllələnmə hökmüdür...

Bəs onu kim güllələyəcək? Dəstə susur... Kim? Susuruq... Komandir hökmü özü yerinə yetirir..."

"Mən pulemyotçu idim. O qədər adam öldürmüşəm ki...

Müharibədən sonra doğmağa qorxurdum. Uzun müddət doğmadım. Sonra doğdum, yüngülləşdim. Özü də yeddi ildən sonra doğdum...

Lakin mən hələ də heç nəyi bağışlamamışam. Heç nə də bağışlamayacağam...Mən alman əsirlərini görəndə sevinirdim. Sevinirdim ki, onlara baxıb yazığım gəlir: ayaqlarında çəkmə əvəzinə patava vardı, başlarına da patava sarımışdılar... Onları kəndin içiylə aparırdılar, onlar xahiş edir, yalvarırdılar:

-Ana, çörək ver... Çörək ver...

Kənd camaatının onlara çörək və kartof verməsini görəndə heyrətlənirdim. Oğlan uşaqları isə əsirlərin dalınca qaçır, onları daşa basırdılar... Qadınlar isə ağlayırdı...

Mənə elə gəlir ki, mən iki həyat yaşamışam: biri "kişi" həyatı olub, biri də "qadın" həyatı...

"Müharibədən sonra...

Müharibədən sonra insan həyatı heç nə olmuşdu. Bir misal deyim...İşdən sonra avtubusda gedirəm, birdən qışqırdılar:"Oğrunu tutun!Oğrunu tutun! Mənim çantam..." Avtobus dayandı... Dərhal camaat yığışdı. Gənc zabit oğlan uşağını tutub avtobusadan düşürdür, qollarını burur və sonra qollarından birini dizinə tərəf dartır və "" shaqq!" şaqqıldadıb sındırır... Geriyə çəkilir... Və biz yolumuza davam edirik... Heç kim o uşağı müdafiə eləmədi, milis çağırmadı. Həkimə zəng vurmadı. Zabitin isə döşü orden və medallarla bəzənmişdi... Mən öz dayancağımda düşmək istədim, zabit düşüb mənə əl uzatdı: -Xanım qız, düşün!

Elə mədəni...

Ehhhh... bu hələ müharibə... Hamı, bütün müharibə adamları... hərbçilər..."

"Qızıl Ordu gəlmişdi...

Bizə icazə verdilər ki, qəbirləri qazıb güllələnən adamlarımızı çıxaraq. Bizim adətə görə gərək ağ paltarda olaydın, ağ yaylıq örtəydin, ağ köynək geyəydin. Kəndlərdən axışıb gələnlərin əyni-başı ağ idi, onlar ağ mələfəyə bürünmüşdülər... Ağ dəsmalları tikib geyinmişdilər...

Qazdıq...Kim öz meyitini tanıyırdısa götürüb aparırdı. Kimi arabada əl daşıyır, kimi baş daşıyırdı... İnsan torpaqda uzun müddət bütöv qala bilmir, hər şeyi bir-birinə qarışır. Torpağa qarışır...

Mən bacımı tapmadım, bir donun kiçik bir parçasını gördüm, mənə elə gəldi ki, bu, onunkudur, tanış idi... Babam da dedi: götürək, heç olmasa dəfn eləməyə bir şey olsun. Həmin paltarın bir kəsiyini biz eləcə balaca bir tabuta qoyduq...

Atam haqqında kağız gəldi: itkin düşüb. Başqaları da nəsə kağız almışdılar, ölüm kağızı almışdılar, anamla məni isə kənd sovetində qorxutdular: sizə heç bir yardım düşmür. Bəlkə elə atanız hansısa alman xanımı ilə yaşayır. Xalq düşmənidir!

Xruşovun vaxtında başladım atamı axtarmağa. Qırx ildən sonra. Qorbaçovun vaxtında isə mənə cavab verdilər: adı siyahıda yoxdur!

Lakin onun cəbhə yoldaşı, eyni hissədə döyüşmüş bir veteran mənə cavab verdi və mən öyrəndim ki, atam qəhrəmancasına həlak olub. Mogilyov uğrunda gedən döyüşlərdə qumbarayla birlikdə özünü tankın altına atıb...

Heyif ki, anam bu xəbəri eşidə bilmədi, o, həyatdan köçmüşdü. Anam "xalq düşməninin arvadı" damğası altında öldü. Satqın. Anam kimi qadınlar isə çox idi. Onun ömrü çatmadı bu xəbəri eşitməyə. Mən bu məktubla onun qəbrinin üstünə getdim... Oxudum məktubu..."

"Çoxumuz inanırdıq...

Düşünürdük ki, müharibədən sonra hər şey dəyişəcək... Stalin öz xalqına inanacaq. Lakin müharibə qurtarmamış artıq Maqadana eşalonlar yollanırdı...Qaliblərlə dolu eşalonlar...Əsir düşən əsgərlərimizi həbs etmişdilər, alman düşərgələrində sağ qalan adamları tutmuşdular, almanların əsir götürüb işləməyə apardıqlarının hamısını; kim ki Avropanı görmüşdü hər kəsi tutub basmışdılar. Bəs necə? Danışa bilərdi-oralarda xalq necə yaşayır... Kommunistlərsiz necə yaşayırlar. Oralarda necə evlər vardı, necə yollar... Heç yerdə kolxoz-zad yoxdur...

Qələbədən sonra hamı susdu. Hamı susur və qorxurdu. Müharibəyə qədərki dövrdə olduğu kimi..."

"Biz gedirik...

Bəs bizim dalımızca kim gələcək? Mən tarix müəllimiyəm...Yadımda qalıb ki, tarix dərsliyini düz üç dəfə dəyişdiriblər. Mən uşaqlara üç müxtəlif tarix dərsi öyrətmişəm...

Bəs bizdən sonra nə qalacaq? Nə qədər ki, sağıq bizdən soruşun. Bizdən sonra bizi uydurmayın. Soruşun...

Bilirsiz, insanı öldürmək necə çətin işdi?! Mən gizli kəşfiyyatda işləyirdim. Yarım ildən sonra tapşırıq aldım-zabitlərin yeməkxanasında ofisiant kimi işə düzəlim. Cavan, gözəl bir qız...Məni işə götürdülər. Mən sup qazanına zəhər tökməliydim və elə həmin gün də partizanlara qoşulmalıydım. Mənsə onlara artıq öyrəşmişdim, onlar düşmən idilər, lakin sən hər gün onları görürsən, onlar sənə deyirlər: "Danke şon... Danke şon.." Çox çətin iş idi... Öldürmək çox çətindi...

Bütün ömrüm boyu tarix dərsi demişəm, lakin mən bilirdim; bilirdim ki, heç bir tarixi hadisə barədə bizim tam, mükəmməl məlumatımız yoxdu. Biz bütün yaşanmış hisslərdən xəbərsizik. Bütün həqiqətləri bilmirik..."

Mən də uzun müddət bilmirdim; bilmirdim ki, bizim Qələbəmizin iki sifəti var: biri gözəl, o biri dəhşətli! Baxmaq dözülməzdir. Mənim öz müharibəm vardı...

Xatırlamaq istəmirəm...

Minsk ətrafında köhnə üçmərtəbəli bir ev var; müharibədən sonra tələm-tələsik tikilən evlərdəndir. O zaman, görünür, müvəqqəti mənzil kimi istifadəyə vermişdilər. Evin hər tərəfini yasəmən kolları basıb. Elə bu evdən axtarış başladı- düz yeddi il davam elədi. Yeddi il- heyrətamiz, əzablı yeddi il! Mən bu yeddi il ərzində özüm üçün müharibə dünyasını kəşf edirəm, hələ bizim üçün mənası axıradək məlum olmayan bu müharibə aləminə baş vururam.

Əzab çəkirəm, ağrı hiss edirəm, nifrət, qıcıq... Zəriflik və anlaşılmazlıq... Anlamağa çalışıram- ölümlə qətlin fərqi nədədir? İnsanlıqla qeyri-insanilik arasında sərhədlər hardadı? Necə ola bilər ki, insan başqa bir insanı öldürə biləcəyi haqqında ağılsız bir fikirlə təkbaşına qalsın? Hətta öldürməyə borclu olsun! Mənə aydın olur ki, müharibədə ölümdən savayı bir çox şeylər var ki, bizim adi həyatımızda mövcud olan şeylərin hamısı orda var. Müharibə - özü də bir həyatdır. Saysız-hesabsız insan həqiqəti ilə üz-üzə dayanıram. Sirr və gizlinlər. Suallar barədə düşünürəm. Əvvəllər heç bu suallar barədə fikirləşmirdim də. Məsələn: biz nə üçün şərə təəccüblənmirik? Niyə bizdə Şərə qarşı təəccüb hissi yoxdu?

Bu, uzun bir yol olacaq... Bütün ölkə boyu onlarla səyahət, yüzlərlə yazılmış lent kasetləri, min metrlərlə maqnitofon lentləri. Beş yüz görüş, qalan görüşləri saymaqdan vaz keçirəm, sifətlər yaddan çıxırdı, yalnız səslər qalmışdı. Mənim yaddaşımda xor səslənirdi. Nəhəng bir xor oxuyurdu, bəzən heç sözü eşidə bilmirsən, yalnız ağlaşma. Etiraf edirəm: bəzən gücümə inanmırdım; inanmırdım ki, bu yolu qət edəm, başa vuram. Axıradək gedib çıxam. Tərəddüd və qorxu anları da olurdu- o zaman dayanmaq istəyirdim, kənar çəkilmək istəyirdim, lakin bacarmadım artıq. Mən Şərin əsirinə döndüm, anlamaq üçün dərinə baş vurdum. İndi mənə elə gəlir ki, bəzi şeyləri bilirəm, lakin suallar getdikcə çoxalır, cavablar isə azalır.

Amma yolun lap başlanğıcında mənim bu barədə azca da olsa şübhəm yox idi...

Bu evə məni şəhər qəzetindəki xırda bir yazı gətirib çıxartdı: yazıda deyilirdi ki, bu yaxınlarda Minsk yol maşınları zavodu "Udarnik"də çalışan baş mühasib Mariya İvanovna Marozovanı təqaüdə yola salmışlar. Müharibədə bu qadın snayper olub, on bir döyüş təltifi var, onun snayperi yetmiş beş nəfəri öldürüb. Bu qadının hərbi peşəsini dinc zamanlardakı mülki peşəsiylə birləşdirmək ağlasığan şey deyildi. Qəzetdə onun mülki şəkli də verilmişdi. Bütün adi əlamətləriylə birlikdə görünürdü bu qadın.

...Balaca bir qadın idi. Tacşəkilli uzun hörüklərini qız kimi başına dolamışdı, böyük bir kresloda əyləşib üzünü əlləriylə tutaraq deyirdi:

-Yox, yox! Danışmayacam! Yenə ora qayıdım? Bacarmaram...İndiyə kimi müharibədən çəkilən filmlərə baxmıram. O zaman mən lap qız uşağı idim. Arzum vardı, xəyallar qura-qura böyüdüm, böyüyə-böyüyə arzularım da böyüyürdü... Birdən müharibə başladı. Mənim hətta sənə yazığım gəlir.... Bilirəm nə deyirəm...Bunu nə üçün bilmək istəyirsən? Dəhşətdi...

İncimirsən ki, dərhal "sən"ə keçdim? Elə bil ki, öz qızımla danışıram da...

Sonra soruşdu:

-Bəs mənim yanıma niyə gəldin? Ərimin yanına get; o, xatirələri sevir. Komandirlərini, generallarını, hər hissənin nömrəsini... hamısını yadında saxlayıb...Mənsə, yox. Mən yalnız öz başıma gələnləri xatırlayıram. Öz müharibəmi. Ətrafda çoxlu adam var, lakin sən həmişə təksən, çünki ölümlə üzbəüz gələndə insan həmişə tək olur. Mən o müdhiş tənhalığı xatırlayıram..

Qadın maqnitofunumu götürməyi xahiş elədi:

-Mənə sənin gözlərin lazımdı, mən sənin gözlərinin içinə danışacağam. Onu isə götür burdan, bizə mane olar...

Lakin bir neçə dəqiqədən sonra qadın maqnitofonu unutdu...

Mariya İvanovna Marozova (İvanuşkina), yefreytor, snayperçi:

- Bu sadə bir hekayət olacaq.... Adi rus qızının hekayəsi, belələri isə o zaman lap çox idi...

Mənim doğma kəndimin adı Dyakovskoyedir, indi onun adı dəyişib, Moskvanın Proletar rayonu adlanır. Müharibə başladı, mənim on səkkiz yaşım hələ tamam olmamışdı. Uzun hörüklərim vardı, lap dizimə qədər... Heç kəs inanmırdı ki, müharibə belə uzun çəkəcək, hamı gözləyirdi - bax indicə müharibə qurtaracaq. Düşməni geri oturdacağıq. Mən kolxoza gedirdim, sonra mühasibatlıq kursunu bitirdim, işləməyə başladım. Müharibə davam edirdi.... Mənim rəfiqələrim... mənim qızlarım deyirlər:"cəbhəyə getmək lazımdır". Hamımız hərbi komissarlıq nəzdindəki kurslara yazıldıq. Bəlkə də kimsə elə xala xətrin qalmasın yazıldı kursa, bilmirəm. Bizə orda güllə atmağı öyrətdilər, qumbara tullamağı öyrətdilər. İlk vaxtlar... Boynuma alıram, silahı əlimə almağa qorxurdum, özümü narahat hiss edirdim. Heç ağlıma belə gətirə bilməzdim ki, gedirəm kimisə öldürməyə; bunu təsəvvür edə bilmirdim, amma sadəcə cəbhəyə getmək istəyirdim, vəssalam. Bizim dərnəkdə qırx nəfər təlim keçirdi. Kəndimizdən isə dörd qız vardı, hamımız rəfiqəydik, qonşuyduq, qonşu kəndlərdən idik, beş nəfər... hə, dostlaşmışdıq... hər kənddən kimsə vardı. Təkcə qızlar idi. Axı kişilərin hamısı müharibəyə getmişdi. Yadıma gəlmir, xatırlaya bilmirəm- bizim kənddə rəqs-zad olurdu, ya yox? Olsaydı da, qız qızla rəqs edərdi. Oğlanlar qalmamışdı kənddə. Bizim kəndlərimizdən səs-səmir kəsilmişdi.

Çox keçmədi ki, komsomolun Mərkəzi Komitəsinin və gənclərin çağırışı oldu; çünki almanlar lap Moskvanın yaxılığındaydılar. Hamını Vətənin müdafiəsinə səsləyirdilər. Necə yəni, Hitler Moskvanı tuta bilər? Heç vaxt buna yol vermərik! Təkcə mən yox, bütün qızlar cəbhəyə getmək istədiklərini bildirdilər. Mənim atam artıq cəbhədəydi, vuruşurdu. Düşünürdük ki, biz yeganə hal olacağıq, xüsusi qızlar qrupu... Hərbi Komissarlığa gələndə isə gördük burda qız çoxdu. Mən ah çəkdim, ürəyim guppuldamağa başladı. Seçim çox ciddi idi. Birinci gərək möhkəm sağlamlığın olaydı, əlbəttə. Qorxurdum ki, məni götürməsinlər, çünki uşaqlıqda tez-tez xəstələnərdim. Və mənim sümüklərim də çox zəif idi, anamın mənə həmişə rəhmi gələrdi. Buna görə o biri uşaqlar tez-tez mənim xətrimə dəyirdilər. Sonra, əgər evdə cəbhəyə gedən qızdan başqa uşaqlardan heç kim qalmayıbsa, deməli, səni aparmayacaqlar, çünki ananı tək qoymaq olmazdı. Ah, bizim analar! Onların göz yaşları qurumurdu ki! Onlar bizi danlayır, bizə yalvarırdılar... Lakin mənim iki bacım və iki qardaşım vardı, doğrudur, onlar məndən yaşca çox balacaydılar, hər halda, uşaq kimi nəzərə alınırdılar. Digər tərəfdən kolxoz sədri də etiraz edirdi getməyimizə -kolxozdan hamı gedir, bəs sahədə işləyən kim olacaq? Bir sözlə, bizi cəbhəyə göndərmədilər. Biz raykom komsomola getdik. Orda da bizə dedilər ki, "olmaz!". Belə olan halda biz rayonun nümayəndə heyəti ilə birlikdə vilayət komsomol komitəsinə yollandıq. Hamımız əsirdik, odlu-alovlu idik, cəbhəyə getmək istəyirdik. Ordan da evə əliboş qayıtdıq. Və biz qərara aldıq ki, axı biz Moskvadayıq, niyə komsomolun Mərkəzi Komitəsinə getməyək? Lap yuxarıya, birinci katibə çıxaq...Sona qədər mübarizəmizi davam elətdirək. Kim məruzə edəcək, bizim xahişimizi kim çatdıra biləcək? Kimdir cəsarətli? Düşünürdük ki, bax, bu məsələdə yalqız qalacağıq; orda isə dəhlizə çıxmaq üçün adam əlindən mümkün deyildi, qalmışdı birinci katibə çıxasan... Ora bütün ölkədən gənclər gəlmişdi, işğal altında olan rayonlardan tökülüşmüşdülər, həlak olan doğmalarının qisasını almaq üçün cəbhəyə getmək istəyirdilər...Bütün İttifaqdan tökülüb gəlmişdilər...Hə, hə...Bir sözlə, bir müddət tərəddüd etdik, özümüzü itirdik...

Axır ki, axşam katibin yanında olduq. Bizdən soruşdular ki, güllə atmağı bacarmırsınızsa, cəbhəyə necə gedə bilərsiz? Biz xorla cavab veririk ki, öyrənmişik.

-Harda? Necə? Sarğı bağlamağı necə bacarırsız?

Hərbi komissarlıqdakı dərnəkdə rayon həkimi bunu da bizə öyrətmişdi. Bunu biləndə onlar susdular, bizə daha ciddi yanaşdılar. Bir dənə də üstünlüyümüz vardı- biz tək deyildik, qırx nəfər idik, hamımız da güllə atmağı bacarır, ilk tibbi yardım göstərməyi də öyrənmişik. Qərar belə oldu: gedin gözləyin. Sizin məsələniz müsbət həll olunacaq.

Evə qayıdanda necə xoşbəxt idik! Unuda bilmirəm... Hə, hə...

İki gün keçmədi ki, bizə çağırış vərəqələri gəldi...

Hərbi komissarlığa gəldik, bizi dərhal bir qapıdan içəri saldılar, o biri qapıdan çıxartdılar; mənim elə gözəl hörüklərim vardı ki... amma o qapıdan çıxanda hörüklərim artıq yox idi... Saçlarım əsgərsayağı vurulmuşdu... Paltarlarımı da götürdülər. Heç anama hörüklərimi və paltarlarımı verməyə macalım olmadı. Çox yalvarırdı ki, heç olmasa məndən nəsə bir şey ona qalsın. Bizə dərhal gimnastyorka geyindirdilər, pilotka verdilər, dal çantası... sonra da yük qatarına, küləşli vaqona doldurdular. Küləş təzəydi, hələ ondan tarlanın ətri gəlirdi.

Deyib gülə-gülə vaqona yerləşdik. Ürəklə. Zarafat eləyə-eləyə. Yadıma gəlir, çox gülürdük... Hə, hə... Gülüş səsləri....

Hara gedirik? Bilmirdik. Bir də axı bizim üçün fərqi də yox idi orda nə olacağıq. Təki cəbhə olsun! Hamı döyüşür, biz də döyüşəcəyik! Biz Şelkovo stansiyasına çatdıq, onun yaxınlığında qadın snayper məktəbi vardı. Sən demə, bizi ora aparırmışlar. Snayperlik məktəbinə. Hamı sevindi. Bu, əsl snayper məktəbidir. Güllə atacağıq.

Öyrənməyə başladıq. Bizə qarnizon xidməti barədə nizamnamələri öyrətdilər, intizam, yerlərdə necə gizlənməyi, görünməmək üçün nələr etməyi, kimyəvi müdafiə... Bütün qızlar çalışırıdılar. Snayper tüfəngini gözübağlı söküb yığmağı öyrəndik, küləyin sürətini təyin etməyi, hədəfin hərəkətlərini, hədəfə qədər olan məsafəni, xəndək qazmağı, dirsəklər üstündə sürünməyi- hər şeyi bitdə-bitdə öyrəndik. Artıq cəbhəyə getmək üçün tələsirdik... Od-alovun içinə can atırdıq. Hə, hə... Kursu bitirəndən sonra mən silah atmaqdan, döyüş və sıra təlimindən beş aldım. Yadıma gəlir ki, ən çətin iş həyəcan siqnalı veriləndə beş dəqiqəyə durub geyinmək və hazır vəziyyətdə olmaq idi. Çəkmələri öz ölçülərimizə görə, bir-iki ölçü böyük götürmüşdük ki, geyəndə rahat geyə bilək. Vaxt itirməyək, cəld olaq. Beş dəqiqə ərzində geyinib tam hazır vəziyyətdə sıraya düzlənməliydin. Elə hallar olurdu ki, yalın ayaqlarımızı çəkmələrə dürtüb sıraya düzlənərdik. Bir qız az qala ayağını bada verəcəkdi, ayaqları donmuşdu. Starşina onu gördü, iradını bildirdi, sonra bizə patavanı necə dolamağı öyrətdi. O başımızın üstündıə dayanıb deyinirdi:

-Ah, sizi, qızlar, mən sizi necə əsgər edim ki, almanların gülləsinə tuş gəlməyəsiz? Ah, qızlar, qızlar...

Hamı bizi sevirdi, hamının bizə rəhmi gəlirdi. Amma biz inciyirdik, xətrimizə dəyirdi ki, bizə rəhmləri gəlir. Məgər biz o biri əsgərlər kimi deyildik?

Budur, artıq biz cəbhəyə gəldik. Orş ətrafındayıq... Altmış ikinci atıcı diviziyasında... Komandirimiz, indiki kimi yadımdadır, polkovnik Borodkin idi; o, bizi görüb hirsləndi-qız uşaqlarını mənə calayıblar! Bu nə arvad bazırıdı belə?! Xordu, ya kordebaletdi? Bura müharibədi, rəqs meydançası deyil! Dəhşətli müharibə... Lakin sonra o, bizi yanına dəvət elədi, bizə nahar verdi. Və eşidirdik, öz adyutantından soruşur:

-Sizdə çayla içməyə şirin bir şey varmı?

Əlbəttə, biz incidik: axı o, bizi nə hesab edir? Biz döyüşməyə gəlmişik...O isə bizi əsgər kimi yox, qız uşaqları kimi qəbul edir. Biz onun qızları yerindəydik.

-Axı mən sizinlə nə edəcəyəm, əzizlərim? Sizi hardan tutub gətiriblər buraya?

Bax o, bizi belə qarşıladı, bizə belə yanaşdı. Bizsə təsəvvürümüzdə hesab edirdik ki, artıq döyüşçüyük... Hə, hə... Müharibədəydik!

Ertəsi gün o bizə əmr elədi ki, göstərək bacarığımızı; güllə ata bilirik, ya yox? Yerlərdə gizlənə bilirikmi? Yaxşı atdıq, hətta kişi snayperlərindən də yaxşı. Onları ön cəbhədən geri çağırmışdılar ki, iki günlük kurs keçsinlər. Kişi snayperlər çox təəccübləndilər ki, biz onların işlərini görə bilirik. Görünür, onlar ilk dəfə idi ki, qadın snayperlər görürdülər. Güllə atdıqdan sonra yerlərdə gizlənmək, mövqe tutmaq bacarıqlarımızı yoxladılar... Polkovnik gəlib yamaclara baxırdı, yoxlayırdı bir-bir, sonra bir torpaq təpəciyin üstündə dayandı, heç nə bilinmir, heç nə görünmürdü. Birdən ayağının altındakı gizli "təpəcik" dağıldı, ordan bir qız çıxdı:

-Oy, yoldaş polkovnik, daha dözə bilmirəm, nəfəs almaq mümkün deyil!

Hamı gülüşdü. Polkovnik gözlərinə inanmırdı ki, qızlar özlərini yaxşı "gizlədiblər".

- Qızlar barədə dediyim sözləri geri götürürəm,- deyə komandir etiraf elədi.

Amma yenə elə bil əzab çəkirdi... Uzun müddət bizə alışa bilmədi....

Biz ilk dəfə "ova" çıxdıq (snayperlər belə deyirlər!), mənimlə birlikdə Maşa Kozlova düşmüşdü. Mövqe seçdik və gizləndik, uzanmışıq, mən müşahidə edirəm, Maşa isə əlində tüfəng tutub hazır vəziyyətdə. Birdən Maşa mənə dedi:

-Atəş aç! Atəş aç! Görmürsən, almandı...

Mən cavab verirəm:

-Mən müşahidə edirəm. Sən atəş aç!

-Biz burda uzun-uzadı danışınca, o çıxıb gedər!

Mənsə öz dediyimi deyirəm:

-Əvvəlcə gərək atıcı xəritəsini tərtib edək, istiqamətləri müəyyən edək, saray hardadı, tozağacıı...

-Nədi, sən məktəbdəki kimi kağız-kuğuzla eşələnəcəksən burda? Mən bura kağız-kuğuzla məşğul olmağa gəlməmişəm, güllə atmağa gəlmişəm!

Gördüm ki, Maşa mənə hirslənib.

-Hə, atəş aç da, nəyi gözləyirsən?

Beləcə biz sözləşirdik. Bu zaman isə alman zabiti doğrudan da əsgərlərə göstərişlər verirdi. Araba yaxınlaşdı, əsgərlər cərgəylə hansısa yükü bir-birlərinə ötürürdülər. Həmin zabit isə durmuşdu, əmrlər verirdi, sonra gözdən itdi. Biz isə mübahisə edirik. Görürəm ki, o zabit artıq iki dəfə göründü, əgər biz bu dəfə də sözləşsək, vəssalam. Onu əldən buraxacağıq. Və zabit üçüncü dəfə görünəndə - ani olaraq, gah görünür, gah da itirdi- mən atəş açmağa qərar verdim. Elə bu vaxt başımdan bu fikirlər keçdi: axı o insandı, nolsun düşməndi, insandı axı! Və mənim əllərim əsməyə başladı, bütün bədənim titrədi, canıma vicvicə düşdü. Qorxu canımı bürüdü... Bəzən indi də bu hissləri yaşayıram, gah yuxuda, gah da elə ayıq olanda... Taxta hədəflərdən sonra canlı insanı nişan almaq çətin idi. Mən axı onu optik arpacığın arasından görürdüm, yaxşı görürdüm. Elə bil o, mənə yaxındı....İçimdə nəsə mənə mane olur... Nəsə mənə imkan vermir, qərar qəbul edə bilmirəm. Lakin mən özümü ələ aldım, çaxmağı çəkdim... O, əllərini yellədib yıxıldı. Öldü, yoxsa qaldı, bilmirəm. Lakin bundan sonra mən daha çox əsməyə başladım, qorxu canımı aldı və mən adam öldürmüşdüm! Bu fikrə gərək öyrəşəydin! Bəli, bir sözlə, dəhşət idi! Unutmaq olmur!..

Biz qayıdıb gəldik və rotamızda mənim başıma gələn bu əhvalatı söyləyəndə yığıncaq çağırdılar. Bizim komsomol təşkilatının katibi Klava İvanova idi, o məni inandırmağa çalışırdı:

-Onlara rəhm etmək olmaz, nifrət etmək lazımdır!

Faşistlər Klavanın atasını öldürümşdülər. Bəzən biz mahnı oxumaq istəyəndə, o bizdən xahiş edirdi ki, oxumayaq.

-Bu əclaflara qalib gələrik, onda oxuyarıq, qızlar!

Bəli... birdən-birə bizdə alınmırdı. Bu, qadın işi deyil! Nifrət eləmək, öldürmək qadın işi deyil! Bizim işimiz deyildi, yox!.. Özmüzü inandırmağa çalışmaq da lazım deyilmiş! Dilə tutmağa da ehtiyac yox idi!....

Bir neçə gündən sonra Mariya İvanovna mənə zəng vurdu və məni öz cəbhə rəfiqəsinin-Klavdiya Qriqoryevna Kroxinanın evinə dəvət elədi. Və mən yenə eşidirəm...

Klavdiya Qriqoryevna Kroxina, baş serjant, snayper:

-Birinci dəfə qorxursan... Çox qorxursan...

Biz uzanmışdıq. Mən müşahidə edirdim. Budur, gördüm ki, bir alman səngərdən qalxdı. Mən çaxmağı çəkdim və o, yıxıldı. Bilirsiz, məni nə titrətdi? Mən sümüklərimin də titrədiyini eşitdim. Başladım ağlamağa. Hədəfə atəş açanda ayrı şeydi! Amma burda sən adam öldürürsən! Sən öldürürsən! Mən! Mənə tanış olmayan hansısa insanı öldürdüm! Mən onun barəsində heç nə bilmirəm, amma onu öldürdüm!

Bu hal sonralar ötüb keçdi. Necə? Necə oldu bu? Biz artıq hücuma keçmişdik, hansısa balaca bir qəsəbənin yaxınlığında baş verdi. Deyəsən Ukraynadaydı. Biz gedəndə yolun qırağında saray, ya da bir daxma vardı, təyin edə bilmirdin axı- hər şey yanmışdı, yerində kömürlər qalmışdı... Yanmış, qaralmış daşlar.... Bu kömürlərin üstündə biz insan sümüklərini gördük, onların arasında ulduz nişanları da vardı- onlar bizim yaralılar, ya da əsirlər idi, yanıb kül olmuşdular. Bundan sonra mən nə qədər alman öldürdümsə, rəhmim gəlmədi, artıq heyfslənmirdim. Bax, o qara insan sümüklərini görəndən sonra...

...Müharibədən qayıdanda saçlarım ağarmışdı. İyirmi bir yaşım vardı, lakin saçlarım büsbütün ağarmışdı....Ağır yaralanmışdım, kontuziyam vardı, bir qulağım yaxşı eşitmirdi.... Anam məni bu sözlərlə qarşıladı:

-İnanırdım ki, sən qayıdacaqsan. Mən səndən ötrü gecə-gündüz dua eləmişəm, yalvarmışam Allaha.

Qardaşım cəbhədə həlak olmuşdi. Anam ağlayırdı:

-İndi fərqi yox idi, ya oğlan, ya da qız doğ. Amma oğlan hər halda kişidir, Vətəni müdafiə etməlidir, sən isə qızsan. Bircə şeyi Allahdan istəyirdim- qoy məni eybəcər hala salmaqdansa, öldürsələr yaxşıdı! Bütün günü stansiyaya gedirdim. Qatarların qabağına. Bir dəfə hərbi geyimdə bir qız gördüm, üç-gözü yanmışdı. Diksindim-yəni sənsən? Sonrdan o qız üçün də dualar etdim.

Mən Çelyabinsk vilayətindənəm. Bizim evin yanında hansısa mədən işləri görürdülər. Orda partlayışlar olanda (nədənsə həmişə gecələr baş verirdi!) mən dərhal yerimdən sıçrayıb şinelimi götürürdüm ki, bayıra qaçım, dəxli yoxdu, təki harasa qaçım. Anam məni tutub saxlayırdı, özünə sıxıb deyirdi:

-Ayıl, qızım, ayıl... Müharibə qurtarıb. Sən evdəsən.

Bu sözlərdən sonra özümə gəlirdim.

-Mən sənin ananam, qızım,- deyə o, yavaşca pıçıldayırdı. Çox astadan deyirdi. Bərkdən danışıq, qışqırıq məni qorxudurdu.

Otaq istidir, amma Mariya İvanovna qalın yun şala bürünüb, ona soyuq idi. Davam edir:

-Biz tez bir zamanda əsgər olduq.... Bilirsiz, fikirləşmək üçün vaxt da yox idi. Öz hisslərini yaşamaq....

Bizim kəşfiyyatçılar bir alman zabiti əsir götürmüşdülər. O alman zabiti çox təəccüblənmişdi. Təəccüblənmişdi ki, onun komandiri olduğu hissədə çoxsaylı əsgərlər yalnız başından yaralanıb və ya öldürülüblər. Demək olar ki, hamısının başına güllə təxminən eyni yerlərdən dəymişdi. "Adi atıcı bunu bacara bilməz", deyə alman zabiti hey təkrar edirdi. "Dəqiq hədəfə dəyə bilməzdi!"

-O atıcını mənə göstərin, mənim bu qədər əsgərimi öldürən atıcını mənə göstərin,- deyə alman zabiti xahiş edirdi.- Mənim hissəmə hər dəfə yeni-yeni əsgərlər gəlirdi, hər gün də onlarla əsgərim öldürülürdü...

Polk komandiri cavab verdi:

-Təəsüf ki, göstərə bilmərəm. Bu, qız idi, snayperçi qız! Lakin o, həlak oldu!

Doğrudan o, Saşa Şlyaxova idi. O, snayperlərin əlbəyaxa döyüşündə həlak oldu. Və onu nə güdaza verdi, bilirsiz? Bax, bu qırmızı şarf! O, bu şarfı çox sevirdi. Qırmızı şarf isə qarda görünür.

Və alman zabiti bu sözləri eşidəndən sonra çox heyrətləndi, bilmədi nə cür reaksiya versin. O, uzun müddət susdu. Onu Moskvaya göndərməmişdən qabaq sorğu-siual edəndə (o, çox vacib quş idi!) etirafını gizlətmədi, dedi:

-Mən heç vaxt qadınlarla vuruşmamışam. Siz hamınız gözəlsiniz... Bizim təbliğatımız isə deyir ki, Qızıl orduda qadınlar yox, hermaafroditalar vuruşur...

Belə... Heç nə də anlamadı. Hə, bax belə... Unutmaq olmur!...

Biz cüt gedirdik; qaranlıq gecədən o biri qaranlıq gecəyə kimi tək oturub pusquda durmaq ağırdı; gözlərin yorulur, yaşarır, əllərini hiss eləmirsən, gərginlikdən bədənin keyləşir. Yazqabağı, xüsusilə yazqabağı çox ağır idi. Sənin ayağının altındakı qar əriyir və sən bütün günü su içində olursan, üzürsən, hərdən də olurdu ki, yerdən yapışıb donursan...Dan yeri söküləndə durursan və gecə düşən kimi ön cəbhədən qayıdıb gəlirsən. On iki saat, bir qədər də çox qarın içində uzanıb qalırsan, bəzən də ağacın təpəsinə dırmaşırsan, ya da sarayın damına, yaxud dağılmış evin damına çıxıb gizlənirsən ki, heç kim görməsin. Çalışırdıq ki, mövqeyimizi almanlara yaxın yerlərdə seçək- yeddi yüz, səkkiz yüz metr, bəzən isə yaxın səngərlərdən bizi cəmi beş yüz metrlik məsafə ayırırdı. Sübh çağları bəzən onların danışıqlarını, gülüş səslərini eşidirdik.

Bilmirəm biz niyə qorxmurduq... İndi bunu başa düşmürəm...

Çox cəld, ildırım sürətiylə hücuma keçirdik... Sonra nəfəsimizi dərirdik...təchizat geri qalırdı: sursatlarımız qurtarırdı, ərzaq tükənirdi və mətbəxə də mərmi düşüb dağıtmışdı...Artıq üçüncü gün idi ki, suxari yeyirdik, dilimiz elə soyulmuşdu ki, heç suxariləri də yeyə bilmirdik. Mənim həmkarımı öldürmüşdülər və mən "təzə" həmkarla ön cəbhəyə yollanmışdım. Birdən "neytral" zonada dayça gördük. Elə gözəl idi ki...Quyruğu yumşaq idi. Sakitcə gəzirdi, elə bil heç nə yoxdu, müharibə-filan yoxdu. Eşitdik ki, almanlar səs-küy saldılar, dayçanı gördülər. Bizim əsgərlər də bir-birləriylə danışırdılar:

-Çıxıb gedəcək. Amma nə sup üçün yarayardı...

-Bu məsafədən avtomatla vurmaq olmaz.

Bizi görüb dedilər:

-Snayperçilər gəldi. İndi onlar dayçanın işinə baxarlar... Hə, qızlar, di tez olun! Atəş açın!

Mənim heç düşünməyə macalım olmadı və nişan alıb atəş açdım. Dayça böyrü üstə yerə yıxıldı. Mənə elə gəldi ki, bu, bəlkə də qalyusinasiyadır, dayça zərif-zərif kişnəyirdi.

Sonradan mənə çatdı: mən bunu nə üçün etdim? Elə bir gözəl heyvanı öldürdüm, sup üçün öldürdüm! Arxadan səs gəldi, kimsə hıçqırırdı. Dönüb baxdım, gördüm ki, təzə gələn həmkarımdır.

-Noolub sənə?- deyə soruşdum.

- Yazıq dayça....- qız ağlayırdı.

-Axxxxxx! Sən necə də zərif məxluqsan! Biz üç gündü acımızdan ölürük. Sən hələ şükür elə ki, bizdən heç kimi dəfn eləməmisən. Hələ sən gündə otuz kilometr qaç görüm neçə qaçırsan, özü də dolu sursatla, ac-susuz... Onda yazığın gələr... Əvvəlcə faşistləri qovaq, sonra rəhm edərik...Yazığımız gələr. Sonra... Başa düşürsən? Sonraya saxla...

Əsgərlərə baxıram, axı onlar indicə məni qızışdırıb təhrik edir, qışqırırdılar. Xahiş edirdilər. Bax, yalnız ... hə, yalnız bir neçə dəqiqə bundan qabaq... İndi heç kim mənə baxmır, sanki məni görmürlər... Hər kəs öz işiylə məşğuldu-kimi siqaret sümürür, kimi qazır... kimsə nəsə itiləyir...Mənsə... heç məni vecinə alan da yoxdu...Otur, özünçün ağla... Hönkürtü vur! Elə bil mən bunlar üçün qansoranam... qatiləm, kimi istəsəm öldürmək mənim üçün heç nədir...Mənsə uşaqlıqdan bütün heyvanları sevirdim. Məktəbə gedən vaxtım idi, bizim inək xəstələnmişdi, onu kəsdilər. Mən iki gün ağladım. Sakitləşə bilmirdim. Burda isə- part! Köməksiz bir dayçanı öldürdüm. Deyim ki... İki il ərzində ilk dayçaydı görürdüm...

Axşam yemək gətirdilər. Aşpazlar:

-Əhsən, snayper! Bu gün qazanda ətimiz var!- dedilər.

Onlar qazanları qoyub getdilər. Mənim qızlarım isə oturublar, əllərini heç nəyə uzatmırlar. Başa düşdüm. Gözümün yaşını tökdüm və taladan...çıxdım... Və qızlar da mənim dalımca qaçıb məni sakitləşdirməyə başladılar. Cəld öz qazançalarını da götürüb başladılar yeməyə...

Bax, belə bir hadisə... Hə... Unutmaq olmur!..

Gecələr, əlbəttə ki, söhbətlər olurdu. Nədən söhbət edirdik? Əlbəttə, evdən, hərə öz anası barədə danışırdı... Kimin atası, yaxud qardaşları harda vuruşur... Və bir də... müharibədən sonra kim olacağıq. Ərə necə gedəcəyik, ərlərimiz bizi sevəcəklərmi? Komandir güldü, dedi:

-Ehhh, qızlar! Sizi hamı sevir! Amma müharibədən sonra sizinlə evlənməyə qorxacaqlar. Düz hədəfə vurursunuz, boşqabı da tolazlayarsız ərin alnına və öldürərsiz onu!

Mən ərimə müharibədə rast gəldim, bir polkda xidmət edirdik. Onun iki yarası vardı, kontuziya olmuşdu. O müharibəni əvvəldən axıradək keçdi, sonra da ömrünün axırınadək hərbçi oldu. "Müharibə" sözünü ona izah eləmək lazım deyildi. Mən hardan qayıdıb gəldim? Necəyəm? Əgər yüksək tonla danışıramsa o, ya bunu eşitmir, ya da görməməzliyə vurur özünü, ya da susur. Mənsə onu bağışlayıram. Mən də artıq öyrənmişəm. İki uşaq böyütmüşük, institut bitiriblər. Biz onunla xoşbəxtik...

Sizə daha nə danışım... Beləliklə, tərxis olunandan sonra Moskvaya gəldim. Moskvadan bizə, yəni evimizə getmək vardı- gərək piyada bir neçə kilometr yol gedəydin. İndi metro var, o zaman isə köhnə albalı bağları, dərin yarğanlar vardı. Bir yarğan çox iriydi, gərək onu aşıb keçəydim. Mən gəlib çatana kimi hava artıq qaralmışdı. Əlbəttə, bu yarğandan ötüb keçməyə qorxurdum. Durub qalmışam, bilmirəm neyləyim: qayıdım, yoxsa səhərin açılmasını gözləyim? Yaxud cürət edib riskə gedim? İndi bunları xatırlayanda adamın gülməyi gəlir. Cəbhə arxada qalıb- nələr görməmişəm- müxtəlif meyitlər, amma bu yarğandan keçməyə qorxuram... Mən indiyə kimi də o meyitlərdən gələn qoxunu, maxorka iyini xatırlayıram... Nə isə, elə qız olaraq qalmışam...Vaqonda gələndə... Almaniyadan gəlirdik... evə qayıdırdıq... Kiminsə torbasından siçovul tullandı... bizim qızlar yerlərindən sıçradılar... yuxarı koykada uzuananlar dik atıldılar... Bizimlə bir kapitan vardı, çox təəccübləndi, dedi:

-Hərənizin döşündə orden var, amma siçovuldan qorxursuz!

Hə, harda qaldım, xoşbəxtlikdən qəfil yük maşını göründü. Səslədim, əl elədim. Maşın saxladı.

-Məni Dyakovskaya qədər apararsız?-soruşdum.

-Mən də ora gedirəm,- deyə qapını gənc bir oğlan açdı.

Mən kabinəyə keçdim, o mənim çamadanımı kuzova tulladı. Və getdik. Görür ki, hərbi formadayam, sinəmdə ordenlər var. Soruşur:

-Nə qədər alman öldürmüsən?

Cavab verirəm:

-Yetmiş beş!

Bir qədər istehzayla deyir:

-Yalan deyirsən, bəlkə də heç birini görməmisən?

Birdən onu tanıdım.

-Kolka Çijov deyilsən? Sən deyilsən? Yadındadı, mən sənin boynuna qırmızı qalstuk bağlamışdım?

Müharibədən əvvəl mən bir müddət öz məktəbimizdə pioner dəstə rəhbəri işləmişdim.

-Maruska, sənsən?

-Mənəm...

-Doğrudan bu, sənsən?- və dərhal əyləci basdı, maşını saxladı.

-Evə qədər apar da, yolun ortasında nə üçün saxladın?-Mənim gözlərim doldu, gördüm ki, o da ağladı. Bax, belə bir görüş oldu!

Evə çatdıq, o, çamadanı götürüb anamın yanına qaçdı və elə əlində çamadan həyətdə oynamağa başladı.

-Qızınızı gətirmişəm, tez olun çölə çıxın!

Ah... Unutmaq olmur! Axı bunu necə unudasan?

Müharibədən qayıtdım. Hər şeyi təzədən başlamaq lazım idi. Tuflidə gəzməyi öyrəndim. Axı cəbhədə üç il çəkmədə gəzmişəm. Kəmərlərə, özü də hər zaman möhkəm sıxılmış kəmərlərə öyrənmişdik. Elə bilirdik ki, don əynimizdə torba kimi sallanıb, özünü birtəhər hiss edirdin. Yubkaya dəhşətlə baxırdım... Paltara... Axı biz cəbhədə bütün günü şalvarda olurduq, axşamlar yuyurduq, altımıza qoyurduq, üstündə uzanırdıq ki, ütülənsin. Doğrudur, tam qurumurdu, şaxtada isə üstümüzə ağac qabığı örtürdük. Bəs yubkada gəzməyi necə öyrənək? Sanki ayaqların ilişir. Mülki paltarda gedirsən, tuflidə gəzirsən, zabit görəndə istər-istəməz əlin yuxarı qalxır, istəyirsən hərbi salam verəsən. Öytəşdik: dövlətin ayırdığı paylara da öyrəşdik. Gedirdin çörək dükanına, çörək götürürdün, nə qədər lazımdısa o qədər...Pul vermək yadından çıxırdı. Satıcı, səni artıq tanıyır, başa düşür, utanır yadına salmağa, sənsə pulunu vermədən çıxıb gedirsən... Sonra vicdan əzabı çəkirsən, o biri gün gəlib üzr istəyirsən, nəsə götürüsən dükandan və hamısının pulunu da ödəyirsən... Hə, gərək hər şeyə təzədən alışaydın, adi şeylərə də... Adi həyatı yadına salaydın. O zaman bizdə heç psixoterapevtlər də yox idi. Psixoanalitiklər- filanlar nə gəzirdi?! Qaçırdın qonşuya. Ananın yanına...

Mən daha nə düşünürəm...Qulaq asın. Müharibə nə qədər çəkdi? Dörd il! Çox uzun çəkdi! Nə quş, nə də gül gördüm. Yadıma gəlmir onlar. Əlbəttə, onlar vardı, lakin mən onları xatırlaya bilmirəm. Hə, hə... Qəribədi, elə deyilmi? Məgər müharibə haqqında rəngli film ola bilər? Orda hər şey qaraydı. Təkcə qanın rəngi başqaydı... Təkcə qan qırmızı rəngdəydi...

Biz lap bu yaxınlarda, cəmi səkkiz il bundan əvvəl, Maşenkanı, Alximovanı tapdıq... Artileriya diviziyasının komandirini yaralayırlar, o da komandiri xilas etməyə sürünür. Qarşısında mərmi partlayır... Düz qabağında... Komandir həlak olur, Maşa ona sürünüb çata bilmir, özünün isə hər iki ayağı tikə-tikə olur, elə olmuşdu ki, biz onu sarğıyla bağlaya bilmirdik. Xeyli əziyyət çəkdik. Gah elə, gah da belə bağlayırdıq, alınmırdı. Xərəkdə apardıq batalyonun tibb məntəqəsinə, Maşa isə yalvarıb deyirdi:

-Qızlar, xahiş edirəm, məni gülləylə vurun.... Mən belə yaşamaq istəmirəm...

Elə yalvarıb dil tökürdü ki...Belə! Onu hospitala göndərdik, özümüz isə davam elədik yolumuza, yəni hücuma. Onu axtarmağa başlayanda... Artıq onun izi itmişdi. Bilmirdik hardadı, onun başına nə gəlib? Uzun illər... Haralara yazmadıq... Heç kəs müsbət cavab vermirdi. Bizə Moskvadakı 73 saylı məktəbin ləpirçiləri kömək elədi. Bu oğlanlar, qızlar... Onlar Maşanı müharibədən otuz il sonra tapdılar. Əlillər evində tapdılar. Altayda. Çox uzaqda. Bütün bu illər ərzində o, internatlarda, əlillər evində olub. Hospitallarda yatıb, onu on dəfələrlə əməliyyat ediblər. Maşa öz sağ qalan anasını belə tanımayıb...Hamıdan gizlənib.... Biz onu görüşə gətirdik. Hamımız ağlayırdıq. Sonra onu anasıyla görüşdürdük...Otuz ildən sonra onlar bir-birlərinə qovuşdular... Ana az qala dəli olacaqdı.

O deyirdi:

-Nə yaxşı mənim ürəyim dərddən partlamayıb! Nə yaxşı!

Maşenka isə təkrar-təkrar deyirdi:

-İndi mənə görüşmək dəhşətli gəlmir. Mən artıq qocalmışam!

Bəli... Bir sözlə... Bu... müharibə idi...

Yadımdadı, gecə dəyədə oturmuşdum. Yatmamışam. Hardasa artileriya səsləri gəlir. Atan bizimkilərdir...Mən ölmək istəmirəm...Mən and içmişdim, hərbi and içmişdim ki, lazım olsa canımı da qurban verərəm... amma heç ölmək istəmirəm. Ordan sağ-salamat qayıtsan belə ürəyin ağrıyacaq. İndi düşünürəm: kaş ayağımdan, ya da əlimdən yaralanaydım, kaş canım ağrıyaydı. Qəlbim yox...Çox ağırdır, adamı ağrıdır. Axı biz tamam cavan idik, sütül idik cəbhəyə getdik. Sütül qızlar. Mən hətta müharibədə böyüdüm, boyum uzandı. Evdə anam mənim boyumu ölçdü. On santimetr uzanmışdım..."

Sağollaşanda əlini ağır-ağır uzadır, əlləri çox istidir, məni qucaqlayır, deyir:

-Bağışla....

Böyüyün, qızlar... Siz hələ sütülsünüz...

Səslər... Onlarla səs...Onlar mənim üstümə tökülür, qeyri-adi həqiqətləri açırlar...Və bu həqiqətlər mənə uşaqlıqdan tanış olan bir formula - "biz qalib gəldik" formuluna sığışmır. Doğru deyirəm, sığışmır. Bir anda kimyəvi reaksiya baş verdi: pafos insan talelərinin canlı parçasında əridi və ən qısaömürlü əşyaya döndü. Uçan və izsiz-tozsuz əşyaya!

On illərdən sonra axı mən nə eşitmək istəyirəm? Moskva ətrafında, ya da Stalinqrad ətrafındakı döyüşlərdə nələr baş verib? Hərbi əməliyyatlar, adları unudulmuş yüksəkliklərin və ya təpəliklərin alınması əməliyyatları necə baş verib? Mənə cəbhə və hissələrin hərəkəti barədə, hücumlar, geri çəkilmələr barədə, minaya düşmüş eşelonlar, partizan reydlərinin sayı barədə, bir sözlə, artıq minlərlə cild yazılmış bütün hər şey barədə hekayətlər lazımdırmı? Yox! Mən ayrı şey axtarıram. Mən mənəvi ruhu toplayıram. Mən qəlb həyatının iziylə gedirəm, mən qəlblərin səsini yazıram. Mənim üçün qəlbin yolu hadisənin özündən vacibdir; fərqi yoxdu, ya da elə əhəmiyyətli deyil- bu, necə baş verib, məni başqa şey qorxudur və narahat edir: orda insanın başına nələr gəlib? İnsan orda nələr görüb və nələri anlayıb? Həyat və ölüm haqqında düşünüb? Nəhayət, özü barədə düşünüb? Mən hisslərin tarixini yazıram... Mən qəlblərin tarixini yazıram.... Mən müharibənin və dövlətlərin tarixini yazmıram, mən qəhrəmanların məişətindən yazmıram... mən balaca bir insanın tarixindən yazıram, o insanın ki, onu adi həyatdan götürüb nəhəng hadisənin epik dərinliyinə tullayıblar. Böyük Tarixə atıblar.

Qırx birin qızları...İlk soruşmaq istədiyim şey: onlar hardan gəliblər belə? Onlar nə üçün bu qədər çox olublar? Necə olub ki, kişilərlə bərabər silaha sarılmağa cürət ediblər? Atəş açmaq, minalamaq, partlatmaq, bombalamaq- öldürmək üçün?

Hələ on doqquzuncu əsrdə Puşkin "Sovremennik" jurnalında Napoleonla müharibədə iştirak etmiş kavalerist qız Nadejda Durovanın qeydlərindən bir parçanı çap etmişdi və belə bir sual vermişdi:"Yaxşı dvoryan ailəsindən çıxmış bir qızı nə vadar edib ki, öz ata yurdunu tərk edib, cinsindən üz döndərib hətta kişiləri belə qorxudan əzablı işləri və vəzifələri öz üzərinə götürsün və döyüş meydanına atılsın? Özü də hansı döyüş meydanına? Napoleonla döyüş meydanına! Axı onu nə vadar eləmişdi? Gizli qəlb sarsıntılarımı? Xəstələnmiş təxəyyülmü? Anadangəlmə itaətsizlik meyllərimi? Sevgimi?"

Bəs, hər halda, axı bu, nə olan şeydir?! Yüz ildən sonra da eyni sual doğulur...

Andlar və dualar

"Mən danışmaq istəyirəm... Danışmaq! Ürəyimi boşaltmaq istəyirəm! Nəhayət ki, bizi də dinləyən adam tapıldı. Uzun illər susmuşuq, hətta evdə də danışmamışıq! On illərdi. Müharibədən qayıdandan sonra birinci il mən elə hey danışırdım, danışırdım. Heç kim qulaq asmırdı. Bundan sonra susdum... Yaxşı ki, sən gəldin. Mən həmişə kimisə gözləmişəm, bilirdim ki, kimsə gələcək. Gəlməlidir. O zaman mən çox gənc idim. Lap sütül qız idim. Heyf. Bilirsən niyə? Heç xatırlamağı, yadımda saxlamağı bacarmırdım...

Müharibəyə bir neçə gün qalmış mən rəfiqəmlə müharibə barədə danışırdım, biz inanırdıq ki, heç bir müharibə-zad olmayacaq! Onunla kinoya getdik, filmdən qabaq jurnal göstərdilər: Ribbentropla Molotov əl-ələ verib görüşürlər. Diktor deyirdi ki, Almaniya Sovet İttifaqının etibarlı dostudur. Bu bizim şüurumuza girmişdi.

Lakin bir ay keçmədi ki, alman hərbi hissələri artıq Moskva ətrafındaydı...

Bizim ailədə səkkiz uşaq vardı, ilk dörd nəfəri qızlar idi, ən böyüyü də mən idim. Bir dəfə atam işdən evə gəlib ağladı. Dedi:

-Bir zamanlar mən sevinirdim ki, mənim ilk övladlarım qızlardır. Gəlin olacaqlar. İndi isə... Hər ailədən kimsə cəbhəyə gedir, bizdə isə cəbhəyə gedəsi adam yoxdu... Mən yaşlıyam, məni aparmırlar, siz isə hələ sütül qızlarsız, oğlanlar da ki, balacadır.

Buna görə bizim ailədə çox narahatçılıq vardı. Hamımız sarsılmışdıq.

Tibb bacıları üçün kurs təşkil etdilər və atam da məni bacımla birlikdə ora apardı. Mənim on beş, bacımın isə on dörd yaşı vardı. Atam deyirdi:"Qələbə üçün verə biləcəyim nə varsa budur, vəssalam! Qızlarımı verirəm...". O zaman başqa şey də ağlımıza gəlmirdi.

Bir ildən sonra mən cəbhəyə getdim..." Natalya İvanovna Sergeyeva, sıravi, sanitar

"İlk günlər... Şəhərdə çaxnaşma var. Xaos. Şaxta qorxusu. Hansı cəsuslarısa tutmuşdular. Bir-birimizə ürək-dirək verir, inandırırdıq:"Təxribata uymaq lazım deyil." Fikrən də olsa heç kim inanmaq istəmirdi ki, bizim ordumuz məğlubiyyətə düçar olub və bir neçə həftə ərzində onu darmadağın ediblər. Bizi öyrətmişdilər ki, yad ərazidə vuruşacağıq."Bir metr torpağımızı belə düşmənə vermərik!.." İndi isə geri çəkilirdik...

Müharibədən qabaq şaiyələr gəzirdi ki, Hitler Sovet İttifaqına hücum etməyə hazırlaşır, lakin bu söz-söhbətlər qəflətən ciddi şəkildə kəsildi. Müvafiq orqanlar tərəfindən qabağı alındı...Yəqin bilirsiz, hansı orqanlar? NKVD... Çekistlər... Adamlar yalnız evdə, mətbəxdə, kommunal mənzillərdə, yəni öz mənzillərində pıçıldaşırdılar, bağlı qapılar arxasında, ya da vanna otaqlarında. Danışanda da su kranını açırdılar ki, birdən eşidərlər...Lakin Stalin danışanda isə... O, bizə müraciət etdi: "Qardaşlar və bacılar..." Hamı dərhal incikliyi unutdu...Bizim dayımızı, anamın qardaşını tutmuşdular, düşərgədəydi; o, dəmiryolçuydu, köhnə kommunist idi. Onu işdə həbs etmişdilər... Bilirsiz də kim? NKVD... Bizim sevimli dayımızı həbs etmişdilər və biz bilirdik ki, onun günahı yoxdu...İnanırdıq. Onun hələ vətəndaş müharibəsindən orden və medalları vardı... Lakin Stalinin müraciətindən sonra anam dedi:"Vətəni müdafiə edək, sonra araşdırarıq..." Vətəni hamı sevirdi.

Mən dərhal hərbi komissarlığa qaçdım. Anginam vardı, boğazım şişmişdi, hərarətim hələ düşməmişdi. Lakin gözləyə bilməzdim..." Yelena Antonovna Kudina, sıravi, sürücü

"Bizim anamızın oğulları yox idi... Beş qız böyüyürdü evimizdə. Müharibədir, dedilər. Mənim yaxşı musiqi duyumum vardı. Konservatoriyaya daxil olmağı arzulayırdım. Qərara aldım ki, musiqi duyumum cəbhədə lazım olar, rabitəçi olaram.

Biz Stalinqrada köçdük. Stalinqrad mühasirəyə düşəndə isə könüllü cəbhəyə yollandıq. Hamımız. Bütün ailəmiz: anam və beş qızı. Atamız isə döyüşdə idi..."Antonina Maksimovna Knyazeva, kiçik serjant, rabitəçi

"Hamının bir istəyi var: cəbhəyə getmək... Qorxu varmı? Əlbəttə, qorxu var. Lakin qorxu, vahimə olsa belə... Hərbi komissarlığa getdik, bizə dedilər: "Gedin böyüyün, qızlar, gedin..Siz hələ südəmərsiniz..." Hərəmizin on altı-on yeddi yaşı var. Lakin mən axır ki, öz istəyimə çatdım, məni götürdülər. Rəfiqəmlə birlikdə istəyirdik ki, snayper məktəbinə gedək, bizə isə dedilər: tənzimləyici olacaqsınız. Sizi öyrətmək üçün vaxt yoxdu.

Anam bir neçə gün stansiyada növbətçilik elədi - görsün bizi haçan aparacaqlar. O, məni vaqona minəndə gördü, mənə piroq verdi, onlarla yumurta uzatdı mənə... sonra huşunu itirib yıxıldı..." Tatyana Yefimovna Semyonova, serjant, tənzimləyici

"Dünya dərhal dəyişdi...Mən ilk günləri xatırlayıram... Anam axşam pəncərə qabağında dayanıb dua edirdi. Bilmirdim ki, anam Allaha inanır. O, elə hey göyə baxırdı...

Məni cəbhəyə apardılar, həkim idim. Mən Vətənə borc hissiylə müharibəyə getdim. Atam isə xoşbəxt idi ki, qızı Vətəni müdafiəyə gedir. Cəbhəyə. Səhər tezdən atam hərbi komissarlığa getdi. O, mənim attestatımı almağa getmişdi və ona görə səhər tezdən getmişdi ki, bütün kənd bilsin ki, onun qızı cəbhədədir..."Yefrosinya Qriqoryevna Breus, kapitan, həkim

"Yay idi... Sonuncu dinc gün... Axşam biz rəqsdə idik. Hərəmizin on altı yaşı vardı. Biz hamımız birlikdə gəzirdik, birlikdə hamını bir-bir evinə ötürürdük. Cüt-cüt gəzmirdik, misal üçün altı nəfər oğlan, altı nəfər qız. Beləcə gəzirdik.

Budur artıq iki həftədən sonra bizi rəqsdən evimizə ötürən o oğlanları, tank məktəbinin kursantlarını əlil və yaralı kimi sarğılı vəziyyətdə gətirdilər. Bu, dəhşət idi! Dəhşət! Kimsə gülürdüsə, onu bağışlaya bilmirdim. Necə? Gülmək olar? Nəyə sevinirsən ki? Görmürsən müharibədir?

Tezliklə atam könüllü qoşun dəstəsinə qoşuldu. Evdə kiçik qardaşlarım və mən qaldıq. Qardaşlarımın biri 34-də, o biri isə otuz səkkizdə anadan olmuşdu. Və mən anama dedim: cəbhəyə gedəcəm!...O ağladı, elə mən özüm də gecələr ağlayırdım. Lakin evdən qaçdım... Hərbi hissədən anama məktub yazdım. Ordan anam məni geri qaytara bilməzdi. Heç vaxt... " Liliya Mixaylovna Butko, əməliyyat üzrə tibb bacısı.

"Əmr verilir: düzlənin!... Boyumuza görə düzləndik, ən kiçiyi mənəm. Komandir gəlib baxır. Mənə yaxınlaşır. Deyir:

-Bu kimdi belə? Bir damcı boyu var, buna bax! Sən nə görəcəksən ki burda? Bəlkə ananın yanına qayıdasan? Böyüyərsən, sonra gələrsən!

Anam isə artıq yox idi... Anam bombardman zamanı həlak olmuşdu...

Ən güclü təəssürat... Həyatım boyu unutmaram... Müharibənin ilk iliydi, biz geri çəkilirdik...Biz kolluğun dalında gizlənmişdik və mən gördüm ki, bizim əsgərimiz silahıyla alman tankının üstünə cumdu. O, silahını tankın böyrünüə vurub qışqırırdı, ağlayırdı, qışqırırdı. Yıxılana kimi qışqırdı. Alman avtomatçıları onu vurub öldürənə kimi qışqırdı. Müharibənin ilk ilində tanklara və "messer"lərə qarşı biz tüfənglə vuruşurduq..."Polina Semyonovna Nozdraçeva, sanitar təlimatçı

"Mən anamdan xahiş edirdim... Yalvarırdım ona ki, bircə ağlamasın... Bu, gecə baş vermədi, qaranlıq da düşməmişdi, onlar ulayırdılar...Onlar ağlamırdılar, bizim analarımız... qızlarını davaya yola salan analarımız... onlar ulayırdılar. Mənim anam daş kimi donub durmuşdu. O, özünü saxlaya bildi, qorxurdu ki, mən hönkürüm. Axı mən ana uşağıydım, məni evdə əzizləyib şıltaq böyüdürdülər. İndi isə mənim saçlarımı oğlansayağı qırxıblar, bir balaca kəkil saxlayıblar. Anamla atam məni buraxmaq istəmirdi, mənsə elə tutub deyirdim: cəbhəyə, yalnız cəbhəyə gedəcəm, vəssalam! Baxın, indi muzeylərdə asılan plakatlara baxın: Vətən-Ana çağırır! Sən cəbhə üçün nə etmisən? O plakatlar mənə çox təsir etdi. Hər zaman mənim gözlərimin qarşısındaydılar. Bəs mahnılar? "Qalx ayağa, nəhəng ölkəmiz... Qalx ayağa, ölüm savaşına doğru..."

Biz cəbhəyə gedərkən yolda, platformaların üstündə öldürülmüş adamların meyitlərini görürdük və dəhşətə gəlirdik. Bu, artıq müharibə idi... Lakin gənclik gənclikdir, öz bildiyini edir, biz də oxuyurduq. Hətta şən mahnı oxuyurduq. Hansısa oynaq çastuşkanı...

Müharibənin axırına kimi bütün ailəmiz döyüşdü. Atam, anam, bacım - onlar dəmiryolçu oldular. Onlar cəbhənin arxasınca gəlirdilər, dərhal dəmir yollarını təmir edir, yolu düzəldirdilər. "Qələbəyə görə" medalını hamımız - atam, anam, bacım və mən- almışıq..." Yevgeniya Sergeyevna Sapronova, serjant, aviamexanik

"Müharibədən qabaq mən orduda telefonçu işləyirdim... Bizim hissəmiz Borisov şəhərində yerləşirdi. Müharibə elə ilk həftələrdən bizi yaxaladı. Rabitə rəisi bizi sıraya düzdü. Biz xidmət etmirdik, biz əsgər deyildik, biz könüllülərdən ibarət idik. Rəis dedi:

-Amansız müharibə başlayıb. Qızlar, sizə çox çətin olacaq. Nə qədər ki, gec deyil, kim istəyirsə evə gedə bilər. Və kim cəbhədə qalmaq istəyirsə, bir addım irəli çıxsın...

Və bütün qızlar bir nəfər kimi irəli çıxdılar. Biz iyirmi nəfər idik. Hamı Vətəni müdafiə etməyə hazır idi. Lakin müharibədən əvvəl mən heç hərbi mövzuda kitab oxumazdım, sevgi haqqında kitablar oxuyurdum. Burda isə...

Günlərlə aparatın arxasında oturardıq. Əsgərlər bizə qazançalarda yemək gətirirdilər, yeyirdik, elə oradaca da mürgü vururduq, aparatların yanında... və yenidən qulaqcıqları taxırdıq. Başımızı yumağa belə vaxt olmurdu. Buna görə də qızlardan xahiş etdim: mənim hörüklərimi kəsin!" Qalina Dmitriyevna Zapolskaya, telefonçu

"Biz hərbi komissarlığa getdik... çox gedib-gəldik...

Və nəhayət, sonuncu dəfə gələndə hərbi komissar az qala bizi divara söykədi. Dedi: heç olmasa bir ixtisasınız olsaydı dərd yarıydı! Heç olmasa sürücü, tibb bacısı... Axı nə bacarırsız? Müharibədə nə işiniz var axı? Orda nə edəcəksiniz?

Biz isə anlamırdıq. Bizim qarşımızda axı belə suallar heç vaxt qoyulmamışdı - orda nə edəcəyik? Sadəcə vuruşmaq istəyirik, vəssalam! Bizə çatmırdı ki, döyüşmək - nəyisə etməyi bacarmaq deməkdir. Nəsə konkret bir işi. Və hərbi komissar da bizi öz suallarıyla əməlli-başlı karıxdırmışdı.

Mən və bir neçə qız tibb bacısı kursuna getdik. Orda bizə dedilər ki, gərək altı ay oxuyasınız. Biz qərara aldıq: yox, gecdir! Bizə əl vermir! O biri kurslar da vardı, üç aylıq idi. Düzü, hesab edirdik ki, üç aylıq kurslar da gecdi. Uzun çəkər. Lakin bu kurslar artıq sona çatırdı. Xahiş elədik ki, bizi imtahana buraxsınlar. Məşğələlər bir ay da davam elədi. Gecələr biz hospitallarda təcrübə keçirdik, gündüzlər isə oxuyurduq. Beləliklə, biz cəmi bir ay, ya da bir qədər çox oxuduq...

Bizi cəbhəyə göndərmədilər, hospitala apardılar. Qırx birin avqust ayının sonlarıydı...Məktəblər, xəstəxanalar, klublar yaralılarla doluydu. Mən fevralda hospitaldan getdim, daha doğrusu, qaçdım, fərarilik elədim, başqa cür demək də olmaz buna. Sənədsiz-filansız, üstümdə heç nəyim yox idi, düz sanitar qatarına mindim. Xırda bir məktub yazıb qoydum: Növbəyə gəlməyəcəm. Cəbhəyə gedirəm. Vəssalam..."Yelena Pavlovna Yakovleva, starşina, tibb bacısı

"Həmin gün mənim oğlanla görüşüm vardı... Mən o görüşə uçurdum... Düşünürdüm ki, o, bu gün mənə sevgisini etiraf edəcək və deyəcək: mən səni sevirəm. Amma o, bu görüşə gələndə kədərliydi. Mənə dedi:

-Vera, müharibə başlayıb. Bizi birbaşa məktəbdən cəbhəyə göndərirlər.

O, hərbi məktəbdə oxuyurdu. Əlbəttə, elə mən özüm də dərhal özümü Janna Darkın rolunda gördüm. Yalnız cəbhə, yalnız silah! Biz bir yerdə olmalıyıq. Yalnız bir yerdə! Hərbi komissarlığa qaçdım, lakin orada mənə kəskin cavab verdilər: yalnız tibb işçiləri lazımdı! Və altı ay oxumaq lazımdı. Altı ay! Adam dəli olar. Mənim məhəbbətim isə...

Axır ki, məni inandırdılar: oxumaq lazımdı! Yaxşı, oxuyacam, amma tibb bacısı kursunu yox! Mən güllə atmaq istəyirəm! Güllə atmaq, onun kimi! Nədənsə, elə bil mən özümü artıq bu işə hazırlamışdım. Bizim məktəbədə tez-tez İspaniya müharibəsinin iştirakçıları çıxış edərdilər. Qızlar özlərini oğlanlarla bir tutardılar, bizi biri-birimizdən ayırmırdılar. Əksinə, uşaqlıqdan, məktəbdə eşidirdik: qızlar, traktorun rulu arxasında! Qızlar təyyarənin şturvalında! Bir yandan da sevgi... Mən hətta onunla birlikdə öləcəyimi də xəyalıma gətirirdim. Bir döyüşdə...

Teatr institutunda oxuyurdum. Aktrisa olmaq istəyirdim. Mənim idealım Larisa Leysner idi. Dəri gödəkçəli komissar qadın! Onun gözəlliyi də mənim xoşuma gəlirdi... " Vera Danilovçeva, serjant, snayper

"Məndən yaşca böyük bütün dostlarımı cəbhəyə apardılar... Mən hönkür-hönkür ağladım, ağladım ki, tək qalmışam, məni aparmadılar. Mənə dedilər: qız, oxumaq lazımdı!

Lakin biz hələ oxuyurduq. Tezliklə bizim dekan qarşımızda çıxış edib dedi:

-Qızlar, müharibə qurtarandan sonra oxumağınızı davam edərsiz. İndi isə Vətəni müdafiə etmək lazımdır.

Bizi cəbhəyə zavoddan hamilərimiz yola saldı. Yay idi. Yadımdadı ki, bütün vaqonlar gül-çiçək və yaşıllığa bürünmüşdü. Bizə hədiyyələr verirdilər. Mənə dadlı ev peçenyesi düşdü və bir də gözəl jaket. Mən perronda ukrayna rəqsini elə həvəslə oynayırdım ki...

Bir neçə gün yol getdik... Uzun çəkdi.... Hansısa stansiyada qızlarla vedrə əlimizdə su gətirməyə düşdük. Ətrafımıza baxanda heyrətləndik; qatarlar bir-birinin dalınca gəlirdi, qızlarla doluydu. Onlar oxuyurdular. Bizə əl edirdilər. Yaylıqla, pilotkayla...Məsələ aydın oldu: deməli, kişilər çatışmır, onlar həlak olublar, torpağın altındadı, ya da əsirlikdə...Onların əvəzinə indi bizik...

Anam mənə dua yazıb göndərmişdi. Mən onu medalyonumun içinə qoydum, bəlkə də bu dua idi mənə kömək edən...mən evə qayıtdım. Mən həmişə döyüşqabağı bu medalyonu öpürdüm... "Anna Nikolayevna Xroloviç, tibb bacısı

"Mən təyyarəçi idim...

Hələ yeddinci sinifdə oxuyanda bizə bir təyyarə uçub gəlmişdi. Bu, otuz altıncı ildəydi, təsəvvür edirsinizmi? O zaman bu, qəribə bir şey idi. Və elə o zamandan belə bir çağırış yarandı: qızlar və oğlanlar- təyyarəyə!

Mən əlbəttə, komsomolçu kimi ön sıralarda idim. Dərhal aerokluba yazıldım. Atam, doğrudur, bunun qəti əleyhinə idi. O vaxta qədər bizim ailədə hamı metallurq idi, bizim ailədə bir neçə nəsil metallurq-domnaçı olub. Və atam da hesab edirdi ki, metallurq qadın işidir, təyyarəçi isə yox! Aeroklubun rəisi bunu biləndən sonra atamı təyyarədə gəzdirməyə icazə verdi. Mən atamı təyyarəyə otuzdurdum. Biz havaya qalxdıq və elə o gündən atam susdu. Mənə heç nə demədi. Xoşuna gəlmişdi. Mən aeroklubu əla qiymətlərlə bitirdim, paraşütlə yaxşı tullandım. Müharibəyə qədər hələ bir ərə getməyə də macal tapdım, qızım da oldu.

Müharibənin ilk günlərindən bizim aeroklubda yenidənqurma işləri başladı: kişiləri cəbhəyə apardılar, onları biz əvəzlədik. Biz kursantları öyrədirdik. İş çox idi, səhərdən axşamadək işləyirdik. Ərim müharibəyə ilk gedənlərdən biri oldu. Məndə yalnız onun şəkilləri qalıb: onunla bilikdə təyyarənin böyründə durmuşuq, təyyarəçi şlemi başımda...

Mən qaldım qızımla tək. Daim düşərgələrdə yaşayırdıq. Bəs necə yaşayırdıq? Mən səhər tezdən onu bələyirəm, kaşasını verirəm və artıq səhər saat dörddən uçuruq... Axşama yaxın qayıdıram, uşaq yeyir, ya yemir, bütün ağzı-burnu kaşaya batır... Artıq heç ağlamır da... yalnız mənə baxır. Onun gözləri iridir, ərimin gözləri kimi...

Qırx birinci ilin sonlarında mənə qara kağız gəldi: ərin Moskva ətrafındakı döyüşlərdə həlak olub! O, dəstə komandiriydi.

Mən öz qızımı sevirdim, lakin onu atasının qohumlarıgilə apardım. Və cəbhəyə getmək üçün müraciət etməyə başladım...

Sonuncu gecədə... Bütün gecəni uşağın çarpayısı başında dizlərim üstə durdum..." Antonina Qriqoryevna Bondareva, qvardiya leytenantı, baş təyyarəçi

"Mənim on səkkiz yaşım tamam olmuşdu...Elə sevinirdim, elə sevinirdim ki... mənim üçün bayram idi. Amma ətrafda hamı qışqırıb deyirdi: Müharibə!!!

Yadımdadı, adamlar necə ağlayırdılar. Küçədə kimə rast gəlirdimsə ağlayırdı. Bəziləri hətta dua edirdi. Qeyri-adi hal idi...insanlar küçələrdə dua edirdilər və xaç vururdular. Məktəbdə bizə öyrətmişdilər ki, Allah yoxdu. Lakin bəs hanı bizim tanklarımız və gözəl təyyarələrimiz? Biz həmişə onları paradlarda görərdik. Qürur duyardıq! Hanı bizim sərkərdələrimiz? Fərəhsiz həyat... Əlbəttə, hamı başını itirmişdi, belə anlar vardı....Amma qısa bir müddət oldu... Sonra biz başqa şeylər barədə düşünməyə başladıq: necə qələbə çalaq?

Mən Cverdlovsk şəhərində feldşer-mama məktəbinin ikinci kursunda oxuyurdum. Dərhal fikirləşdim: bir halda ki, müharibədi, deməli, cəbhəyə getmək lazımdı! Mənim atam stajlı kommunist idi, siyasi dustaq idi. O, bizə uşaqlıqdan öyrətmişdi ki, Vətən- hər şey deməkdi, onu qorumaq lazımdı! Mən də tərəddüd etmədim-mən getməsəm bəs kim gedəcək? Mən getməliyəm..." Serafima İvanovna Panasenko, kiçik leytenant, motoatıcı batalyonun feldşeri

"Anam qatara sarı qaçdı... Mənim anam çox ciddiydi. O, heç vaxt bizi öpməzdi, tərifləməzdi. Əgər nəsə bir yaxşı iş görürdüksə, o, yalnız mehriban baxışlarıyla baxardı, vəssalam.

Və indi isə o, qaçırdı, mənim başımı tutdu, başladı məni öpməyə, öpür, öpür... Gözlərimin içinə baxır...Baxır... Çox baxır... Mən başa düşdüm ki, bir də anamı görməyəcəm. Heç vaxt. Mən bunu hiss edirdim... İstədim hər şeyi tullayam, dal çantamı da verib, qayıdım evimizə. Mənim hamıya yazığım gəlməyə başladı... Nənəmə... Kiçik qardaşlarıma...

Və birdən musiqi səsləndi... Əmr verildi: Dağılışın! Mi-nin! Va-qon-la-ra!..

Mən elə hey əlimi yellədirdim, onlara əl edirdim..." Tamara Ulyanova Ladınina, saravi, piyada

"Məni rabitə polkuna götürdülər... Heç vaxt rabitəyə getməzdim, razı olmazdım orda işləməyə... çünki mən bilmirdim döyüşmək nə deməkdir. Bizə diviziya komandiri gəlmişdi, hamı sıraya düzüldü. Bizdə bir Maşenka Sunqurova vardı. Və bu zaman həmin o Maşenka sıradan çıxıb dedi:

-Yoldaş general, icazə verin müraciət edim.

-Hə, müraciət edin, buyurun, döyüşcü Sunqurova!

-Sıravi Sunqurova xahiş edir ki, onu xidmətdən azad edəsiniz və döyüşə göndərəsiniz...

Təsəvvür edirsiz, biz hamımız bu cür köklənmişdik. Bizdə belə bir təsəvvür yaranmışdı ki, məşğul olduğumuz rabitə sahəsi ki var, bu yetərli deyil, hətta bizi alçaldır. Gərək ön cəbhədə olasan.

Generalın üzündəki təbəssüm dərhal yox oldu. Dedi:

-Mənim qızlarım! (Siz bizi o vaxt görsəydiniz! Ac, yuxusuz, bir sözlə, komandir artıq bizimlə başçı kimi yox, bir ata kimi danışırdı!). Siz, görünür, cəbhədə öz rolunuzu başa düşmürsüz, siz bizim gözümüz, qulağımızsınız, rabitəsiz ordu, qansız insan deməkdi.

Maşenka Sunqurova özünü saxlaya bilmədi:

- Yoldaş general! Sıravi Sunqurova sizin hər hansı tapşırığınızı süngü kimi dərhal yerinə yetirməyə hazırdır!

Sonralar biz onu müharibənin sonuna qədər belə çağırdıq: "Süngü."

...Qırx üçün iyununda Kursk qurşağında bizə polkun bayrağını verdilər; bizim polk isə altmış beşinci ordunun yüz iyirmi doqquzuncu rabitə polkuydu. Xüsusiydi, demək olar ki, səksən faizi qadınlardan ibarət idi. Hə, elə danışmaq istəyirəm ki, sizin də təsəvvürünüz olsun...Başa düşəsiniz ki... Bizim qəlbimizdə nələr vardı, biz necə insanlar idik, o zamanlar necəydik- eh, yəqin bir də heç zaman o vaxtkı kimi olmayacağıq, heç vaxt! O qızlar daha olmayacaq! Elə sadəlövh, elə səmimi qızlar idik ki! Elə inanırdıq ki! Bizim polkun komandiri bayrağı alanda əmr elədi: polk, bayrağın altına! Diz çökün!

Biz hamımız özümüzü xoşbəxt hiss edirdik. Bizə etibar eləmişdilər, etimad göstərmişdilər, biz də o biri polklar kimiyik indi-tank, atıcı polkları kimi! Biz ağlayırdıq, hamının gözündən yaş axırdı. Siz indi inanmazsınız, bu həyəcan və sarsıntıdan mənim bütün vücudum əsirdi! Mənim xəstəliyim də yox oldu! Mənsə "toyuq korluğu" xəstəliyinə tutulmuişdum, bu, yeməməzlikdən olmuşdu, doyunca yeyə bilmirdim, bir də sinirdən, yorğunluqdan... Hə, sonra bu xəstəliyim ötüb keçdi. Başa düşürsüz, ertəsi gün mən tamam sağalmışdım, mən sağaldım... qəlbim o qədər təsirlənib sarsıldı ki, mən sağaldım..." Mariya Semyonovna Kaliberda, baş serjant, rabitəçi

"Təzəcə böyümüşdüm...Qırx birin iyun ayının doqquzunda mənim on səkkiz yaşım tamam olmuşdu, mən artıq böyük qız oldum. İki həftə sonra isə müharibə başladı. Lənətə gəlmiş müharibə, hətta on iki gün sonra. Bizi Qaqra-Suxumi dəmiryolunun tikintisinə göndərdilər. Yalnız gəncləri yığmışdılar. Yadıma gəlir, çörəyi necə yeməyimiz. Onun tərkibində un demək olar ki yox idi, nə gəldi yeyirdik, daha çox su vardı çörəyin tərkibində. Bu çörəyi stolun üstünə qoyurdun, bir az qalırdı, görürdün ətrafında gölməçə yarandı, biz də həmin o gölməçəni yalayırdıq.

Qırx ikinci ildə mən könüllü olaraq xidmətə yazıldım...min iki yüz birinci təxliyyə hospitalına. Bu çox iri cəbhə hospitalı idi, Zaqafqaziya və Şimali Qafqaz cəbhələrinin və ayrıca olaraq Dəniz Donanması ordusunun tərkibinə daxil idi. Amansız döyüşlər gedirdi, yaralıların sayı-hesabı yox idi. Mən yaralılara yemək paylayırdım, bu vəzifə fasiləsiz olaraq gecə-gündüz icra olunurdu; səhər yemək paylamaq, biz isə hələ axşam yeməyini paylayıb qurtarmamışıq... Bir neçə aydan sonra sol ayağımı yaraladım, sağ ayağımla tullana-tullana işləyirdim. Sonradan mənə tibb bacısı vəzifəsi verdilər, o da gecə-gündüz idi, dayanmadan, yatmadan işləyirdin. Mən işdə yaşayırdım.

Qırx üçün otuz mayıdır... Düz saat birdə Krasnodara kütləvi hücum oldu, təyyarələr üstümüzə şığıdı. Mən hospitalın binasından çıxıb qaçdım ki, görüm dəmiryolu vağzalından yaralıları gətirməyə macal tapıblar, ya yox. Hərbi sursatların saxlandığı anbara iki bomba düşdü. Mənim gözlərimin qarşısında yeşiklər partladı, altı mərtəbəli bina hündürlüyünə qədər sıçrayıb düşürdülər yerə. Zərbə elə güclüydü ki, məni bir göz qırpımında kərpiç divarlara çırpdı. Huşumu itirdim... Ayılanda artıq axşam düşmüşdü. Başımı qaldırdım, barmaqlarımı tərpətməyə çalışdım, tərpənirdilər, güclə sol gözümü açdım və şöbəyə getdim, tamam qan içindəyəm. Dəhlizdə baş tibb bacısıyla rastlaşıram, o, məni tanımır və soruşur:

-Siz kimsiniz? Hardan gəlmisiz?

Bir qədər yaxın gəldim, birdən o, ah çəkdi və dedi:

-Ksenya, harda itib-batmısan? Yaralılar acından ölürlər, sənsə yoxsan".

Cəld başımı sarıdılar, sol qolumun dirsəkdən yuxarı hissəsini bağladılar və beləliklə, mən başladım axşam yeməyi paylamağa. Gözlərim qaralırdı, məni tər basırdı. Axşam yeməyini paylayanda yıxıldım. Məni ayıltdılar, mənsə bu sözləri eşidirəm:"Tez olun! Cəld olun!". Yenə də eşidirəm ki, hey tələsdirirlər.

Bir neçə gündən sonra məndən həm də ağır yaralılar üçün qan götürdülər. İnsanlar ölürdülər...

...Müharibədə elə dəyişmişdim ki, evə qayıdanda anam məni tanımadı. Mənə anamın yaşadığı evi göstərdilər, qapıya sarı yeridim, döydüm. Cavab verdilər:

-Hə, gəlin...

Mən içəri girib salam verdim, dedim:

-İcazə verin bir gecəliyə sizdə qalım.

Anam sobanı qalayırdı, mənim iki kiçik qardaşım isə döşəmədə oturmuşdular, küləşlə dolu döşəmədə, lüm-lüt idilər, geyinməyə heç nələri yox idi. Anam məni tanımadı, dedi:

-Vətəndaş, görürsüz də biz necə yaşayırıq? Nə qədər ki hava qaralmayıb o biri qapılara gedin.

Yaxına gəldim, anam yenə dediyini deyir:

-Dedim ki, o biri qapıları döyün, nə qədər ki qaranlıq düşməyib...

Bu vaxt mən diz çökdüm, onun ayaqlarını qucaqladım, dedim:

-Ana! Anacan!

İndi görün noldu- hamı mənim üstümə atıldı, elə hönkürürdülər ki! Elə inildəyirdilər ki!

İndi Krımda yaşayıram...Bizdə hər yan gül-çiçəkdir, mən hər səhər pəncərədən dənizə baxıram, lakin hələ də ağrıdan sızıldayıram, mənim üzüm hələ də qadın üzü deyil... Tez-tez ağlayıram, hər gün inldəyirəm. Öz xatirələrimlə yaşayıb inildəyirəm..." Kseniya Sergeyevna Osadçeva, baxıçı tibb bacısı

Qorxunun iyi və konfet

"Mən cəbhəyə getdim... Gözəl bir gün idi. Hava təmiz, narın-narın yağış yağırdı. Elə gözəl idi ki! Səhər evdən çıxdım, bir anlıq yerimdən tərpənmədim: görəsən mən bir də bu evə qayıdacağammı? Bağımızı görə biləcəyəmmi? Bizim küçəmizi... Anam ağlayırdı, məni tutub qucaqlamışdı, buraxmaq istəmirdi. Mənsə artıq gedirəm, anam dalımça yüyürür, yenə qucaqlayır, buraxmaq istəmir..." Olqa Mitrofanovna Rujnitskaya

"Ölmək.... Mən ölməkdən qorxmurdum... Görünür, gənc idim, ya da bəlkə daha nəsə başqa bir şey idi...Ətraf ölüm saçırdı, hər yanda ölüm görürdün, mənsə heç vaxt onun barəsində düşünmürdüm. Biz ölümdən danışmırdıq. Ölüm isə bizim böyür-başımızda dolanır, dolaşırdı, amma bizə yaxın gəlmirdi, ötüb keçirdi. Bir dəfə gecə bizim polkun ərazisində bütün rota kəşfiyyat xarakterli döyüşə atıldı. Sübhə yaxın geri çəkildi, gördük ki, neytral zonadan səs, inilti gəlir. Orda yaralı qalmışdı.

-Getmə, öldürərlər! -deyə əsgərlər məni buraxmaq istəmirdilər.- Görmürsən artıq hava işıqlanır?

Mən qulaq asmadım, süründüm. Yaralını tapdım, onu düz səkkiz saat sürüyüb dartdım, onu kəmərlə qoluma bağlamışdım. Sağ-salamat gətirib çıxartdım. Komandir bunu bildi və mənə beş gün həbs verdi-özbaşıma getdiyimə görə. Lakin polkun komandir müavini ayrı cür reaksiya verdi: o, təltif olunmağa layiqdir!

On doqquz yaşında artıq mənim döşümdə "İgidliyə görə" medalı vardı. On doqquz yaşımda artıq saçlarım ağarmışdı. On doqquz yaşımda son döyüş zamanı mən yaralanmışdım, güllə mənim fəqərə sümüklərimin arasından keçmişdi. Ayaqlarım iflic oldu... Elə bildilər ölmüşəm...

On doqquz yaşında... İndi mənim nəvəmin on doqquz yaşı var. Ona baxıram- gözümə inanmıram! Lap uşaqdı!

Mən cəbhədən evə qayıdanda bacım mənə bir qəbir göstərdi... Sən demə məni artıq ölmüş bilib dəfn ediblər...Nadejda Vasilyevna Anisimova, pulemyot rotasının sanitar təlimatçısı

"Anamı xatırlaya bilmirəm...Mənim yaddaşımda onun yalnız tutqun kölgələri qalıb...Təsəvvür edirəm...qaraltı kimi....Gah üzünü, gah da mənim üstümə əyiləndə gördüyüm fiqurasını. Çox yaxından görürəm... Bəlkə də mənə sonradan belə gəldi. O, öləndə mənim üç yaşım vardı. Atam Uzaq Şərqdə xidmət edirdi, hərbiçi idi. Mənə at sürməyi öyrətmişdi. Bu mənim uşaqlığımdan qalan ən güclü təəssürat oldu. Atam istəmirdi ki, mən naz-qəmzəli qız kimi böyüyüm. Leninqradda xalamla birlikdə yaşayanda artıq beş yaşım vardı. Bu, yadımdadı. Mənim xalam isə rus-yapon müharibəsində şəfqət bacısı olmuşdu. Mən onu anam kimi sevirdim...

Uşaqlıqda necə olmuşam? Mərc gəlirdim və məktəbin ikinci mərtəbəsindən aşağı tullanırdım. Futbolu sevirdim, oğlanlar oynayanda həmişə qapıçı qalardım. Fin müharibəsi başlayanda mən də ora getdim. Qırx birdə isə mən yeddi sinfi bitirmişdim, sənədlərimi texnikuma verməyə macal tapdım. Gördüm ki, xalam ağlayır, deyir: Müharibə! Mənsə sevinirdim, deyirdim ki, cəbhəyə gedəcəm, döyüşəcəm. Axı mən hardan biləydim ki, qan nədir?

Könüllülərdən ibarət xalq qvardiya diviziyası yaranmışdı, məni də bir neçə qızla bərabər tibb batalyonuna götürdülər. Xalama zəng vurdum.

-Cəbhəyə gedirəm, - dedim.

Mənə dedi:

-Düz evə gəl! Nahar artıq soyuyub!

Mən dəstəyi yerinə qoydum. Sonralar mənim xalama yazığım gəldi, çox heyfsləndim ona görə. Şəhərin mühasirəsi başladı, dəhşətli Leninqrad mühasirəsi... Şəhərin yarısı ölmüşdü...o isə təkcə qalmışdı, yaşlı qadın idi.

Yadıma gəlir ki, məni məzuniyyətə buraxmışdılar, xalama baş çəkməmişdən, mağazaya girdim. Müharibədən qabaq xalam konfeti çox sevirdi. Mağazada deyirəm:

-Mənə konfet verin.

Satıcı mənə baxır, dəli kimi baxır mənə. Başa düşmürdüm: axı kartoçka nədir, mühasirə nə olan şeydir? Növbədə duran adamların hamısı dönüb mənə baxdılar, mənim silahım isə özümdən böyük idi. O tüfəngi mənə verəndə düşünürdüm: axı mən ha vaxt bu tüfəng boyda olacağam?

Və birdən hamı başladı satıcıya dil-ağız eləməyə, ona dedilər:

-Qıza konfet verin! Bizim talonlardan kəsib götürün!

Və mənə konfet verdilər.

Küçədə cəbhəyə yardım toplayırdılar. Meydanın düz ortasında stollar düzmüşdülər, onların üstündə yekə sinilər vardı; adamlar gəlib o sinilərə şey-şüylərini- kimi sırğasını çıxarıb atır, kimi qızıl zinət əşyasını qoyub gedirdi. Saat gətirən kim, pul verən kim... Heç kim heç nə qeydə almırdı, heç kim heç nəyə qol çəkmirdi. Qadınlar öz barmaqlarındakı nişan üzüklərini çıxarıb verirdilər...

Bu mənzərələr mənim yaddaşımda qalıb...

Stalinin belə bir məşhur əmri vardı-227 nömrəli əmr: Geriyə yol yoxdu! Geriyə döndün- güllələnmə! Yerindəcə güllələmə! Ya da hərbi trubunala, xüsusi cərimə batalyonlarına! Ora düşənləri ölümə məhkumlar adlandırırdılar. Mühasirəni yarıb əsirlikdən qaçanları isə islah əmək düşərgələrinə göndərirdilər. Bizim arxamızca yolkəsən dəstələri gəlirdi... Özümüzkülər özümüzküləri güllələyirdilər...

Bu mənzərələr qalıb mənim yaddaşımda...

Adi tala... Yağışdan sonra yaşdı, palçıqlıdı. Gənc bir əsgər diz üstə çöküb. Eynəklidir, elə hey eynəyi gözündən düşür, eynəyini qaldırıb taxır. Yağışdan sonradır... Leninqradlı ziyalı bir cavandı...silahını əlindən alıblar. Bizim də hamımızı düzüblər. Hər yanda gölməçə, lehmə... Və... Cavan oğlanın yalvarışlı səsini eşidirik... Yalvarır... And-aman edir.... Yalvarır ki, onu güllələməsinlər, evdə onu yalqız anası gözləyir. Ağlamağa başlayır. Və birdən atəş açılır-düz onun alnından dəyir güllə! Pistoletdən. Görüntü xatirinə güllələnmədir! Yəni, kim qorxub eləsə, onu da bu aqibət gözləyir! Bir dəqiqə belə qorxsa da! Bir dəqiqə...

Bu əmr məni dərhal böyütdü. Bu barədə danışmaq olmazdı... Uzun müddət onu xatırlamadıq...Bəli, biz qalib gəldik! Amma nəyin bahasına?! Hansısa dəhşətin hesabına!

Günlərlə yatmırdıq, o qədər yaralı olurdu ki! Bir dəfə isə düz üç gün heç kim yatmadı. Məni yaralılarla dolu maşınla hospitala göndərdilər. Yaralıları təhvil verdim, geri qayıdanda maşın boş idi, elə maşındaca yatdım. Gələndə diriydim, doyunca yatıb dincimi almışdım, bizimkilər isə ayaq üstə güclə dururdular.

Komissara rast gəldim. Dedim:

-Yoldaş komissar, utanıram...

-Noolub?

-Mən yatmışam...

-Harda?

Ona yaralıları aparıb təhvil verdiyimi, gələndə yolda, boş maşında yatdığımı söyləyirəm.

Dedi:

-Hə, lap yaxşı da. Sağ ol! Heç olmasa bir nəfər normal adamımız olsun, yoxsa elə hamı yuxuludur...

Mənsə əzab çəkirdim, utanırdım. Bax belə bir vicdanla biz bütün müharibəni yaşadıq...

Tibb batalyonunda mənə yaxşı münasibət bəsləyirdilər, amma mən kəşfiyyatçı olmaq istəyirdim. Dedim ki, məni buraxmasalar, qaçacağam ön cəbhəyə. Buna görə məni komsomoldan çıxartmaq istəyirdilər, hərbi nizamnaməyə tabe olmadığım üçün. Lakin mən qaçdım...

İlk medalım "İgidliyə görə"dir...

Döyüş başladı. Şiddətli atışma gedir. Əsgərlər uzandılar. Komandir əmr elədi: İrəli! Vətən uğrunda irəli!

Onlar isə uzanmışdılar. Yenə əmr oldu, yenə uzanmışdılar. Mən kepkamı başımdan götürdüm ki, hamı görsün ki, qız qalxdı... Yalnız bu zaman onlar da ayağa qalxıb döyüşə atıldılar...

Mənə medal təqdim elədilər və elə həmin gün də döyüş tapşırığına yollandım. Və mənim həyatımda ilk dəfə o baş verdi... Bizim qadın... aybaşı...Mən gördüm ki, məndən qan gəlir və dərhal qışqırdım:

-Məni yaralayıblar...

Kəşfiyyatda bizimlə bir feldşer vardı, yaşlı kişiydi...O mənə dedi:

-Haranı yaralayıblar?

-Bilmirəm... Amma qan gəlir məndən...

O yaşlı kişi mənə bir ata kimi o zaman hər şeyi izah elədi...

Mən müharibədən sonra düz on beş il kəşfiyyata "gedirdim". Hər gecə. Yuxuda. Yuxularımda görürdüm: gah mənim avtomatım atəş açmır, gah bizi mühasirəyə alırlar... Yuxudan ayılırdım, dişlərim bir-birinə dəyirdi. Yadına sala bilmirsən- hardasan? Ordasan, yoxsa burda?

Müharibə qurtardı, mənim üç arzum vardı: birincisi, nəhayət, qarnım üstə sürünməyəcəyəm, trolleybusda gedəcəyəm! İkincisi, bütöv bir ağ baton çörəyini alıb yeyəcəyəm! Üçüncüsü, ağ yorğan-döşəkdə doyunca yatacağam, mələfələr çiçək kimi olsun, ağ mələfələr...." Albina Aleksandrovna Qantimurova, baş serjant, kəşfiyyatçı

"İkinci uşaq gözləyirəm...Mənim oğlumun isə iki yaşı var, mənsə hamiləyəm. Və birdən müharibə! Ərim cəbhədə. Mən öz valideynlərimin yanına getdim və o məsələ... Başa düşürsüz də? Abort... Halbuki o zaman bu, qadağan idi... Necə doğaydım? Ətrafda yalnız göz yaşı görürdüm... Müharibədir! Ölüm oylağında necə doğasan?

Şifrləmə kurslarını bitirdim və cəbhəyə yolladılar. İstəyirdim ki, doğulmamış uşağımın qisasını alım, onu doğmadığım üçün intiqam alım...Qızıma görə... Qız olacaqdı, qız...

Xahiş elədim ki, məni ön cəbhəyə yollasınlar. Qərargahda saxladılar..." Lyubov Arkadyevna Çarnaya, kiçik leytenant, şifrəçi

"Şəhərdən çıxırdıq... Hamı çıxırdı... Günorta üstü, qırx birin səkkiz iyununda biz, Smolensk Pedaqoji İnstitutunun tələbələri mətbəənin həyətinə yığışmışdıq. Çox uzun çəkmədi. Köhnə Smolensk yoluyla şəhərdən çıxdıq, üzü Krasnoe istiqamətinə. Ehtiyatla tərpənirdik, qruplarla hərəkət edirdik. Günün axırında isti səngidi, getmək asan oldu, bir qədər cəld hərəkət etməyə başladıq, dala baxmırdıq... Dala baxmağa qorxurduq...Düşərgədə dayandıq, yalnız bu zaman arxaya, şərqə baxdıq. Üfüq tamam qırmızı rəngə boyanmışdı, qırx kilometrlik bir məsafədən bizə elə gəlirdi ki, bütün göy üzü qırmızı rəngdədi... Aydın idi ki, on ev, yüz ev yanmırdı...Bütün Smolensk od içindəydi...

Mənim təzə donum vardı, büzməliydi. Don mənim rəfiqəmin, Veranın xoşuna gəlirdi. O, bu donu bir neçə dəfə öz əyninə tutmuşdu. Mən söz vermişdim ki, bu donu ona toyunda hədiyyə edəcəyəm. O da ərə getməyə hazırlaşırdı. Oğlan da yaxşı oğlan idi.

Və birdən müharibə başladı. Səngərlərə gedirik. Bütün şeylərimizi yataqxananın komendantına təhvil veririk. Bəs don necə olsun?

-Götür, Vera, götür bunu, - deyə mən şəhərdən çıxanda Veraya dedim.

Götürmədi. Dedi ki, söz verdiyin kimi, toyumda hədiyyə edərsən. Həmin od-alov içində o don da yandı.

İndi biz bütün günü yol gedirdik, dönüb geri baxırdıq. Bizə elə gəlirdi ki, kürəyimiz yanır. Bütün gecəni dayanmırdıq, gedirdik, hava işıqlananda isə işləyirdik. Tank əleyhinə istehkamlar düzəldir, xəndəklər qazırdıq. Xəndəklərin uzunluğu yeddi metr, dərinliyi üç metr yarım idi. Mən xəndək qazıram, əlimdəki bel elə bil od tutub yanır, qum gözümə qırmızı görünür. Gözümün qarşısında evimiz canlanır, gül-çiçəkli, yasəmənli həyətimizlə birgə... Ağ yasəmənlər...

Biz çaybasar çəmənliklərdəki çaylar arasında daxmalarda yaşayırdıq. İsti və rütubət. Ağcaqandlar. Yatmamışdan qabaq ağcaqanadları daxmalardan qovuruq, səhər isə yenə görürsən ki, qaşınırıq. Rahat yata bilmirdin.

Ordan məni sanitar hissəyə apardılar. Orda yan-yana düzülüb döşəmədə uzanmışdıq. Biz çox idik, hamımız xəstələnmişdik. Yüksək hərarətimiz vardı. Titrətmə tutub məni. Uzanıb ağlayıram. Palatanın qapısı açıldı, həkim qapıda durub (içəri girə bilmirdi, otaq ağzınacan xəstələrlə doluydu!) dedi:

-İvanova, qanında palzmodi var!

Deməli məndə! Həkim bilmirdi ki, plazmodidən qorxduğum kimi heç bir şeydən elə qorxmuram- özü də altıncı sinifdə oxuyanda mən bu xəstəlik barədə dərslikdən oxuyandan bəri ondan qorxmağa başlamışdım! Birdən reproduktordan səs gəldi: Qalx ayağa, nəhəng ölkə!...

Mən ilk dəfə olaraq bu mahnını orda eşitdim. Öz-özümə dedim:"Sağalan kimi birbaşa cəbhəyə gedəcəm!

Məni Kozlovkaya gətirdilər- Roslavldan çox da uzaq deyildi. Gətirib otuzdurdular bir skamyada; oturub gözləyirəm, özümü güclə saxlayıram ki, yıxılmayım, elə bil yuxuda qəflətən səs eşidirəm:

-Bu qızdı?

-Bəli,- feldşer cavab verir.

-Yeməkxanaya aparın. Əvvəlcə yedizdirin.

Budur, artıq mən çarpayıdayam. Siz bunu başa düşərsiniz- mən tonqalın qırağında yerdə uzanmamışdım artıq, ağacın altındakı sığınacaqda da deyildim. İndi mən isti hospital otağında yatırdım. Mələfə üstündə. Mən yeddi gün yuxulu oldum, yatdım. Mənə söyləyirdilər: səni tibb bacıları durquzurdu, yemək verirdilər, sonra yatırdın. Mənsə bunu xatırlamırdım.Yeddi gündən sonra ayılanda həkim gəldi, məni müayinə edəndən sonra dedi:

-Orqanizmi möhkəmdir. Sağalacaq.

Sonra yenə yuxuya getdim.

...Cəbhədə öz hərbi hissəmlə birlikdə dərhal mühasirəyə düşdüm. Qida norması beləydi: gündə iki suxarı. Öldürülmüş adamları basdırmağa vaxt çatmırdı, onların üstünə sadəcə qum tökür, üzlərini də pilotkayla örtürdük...

-Əgər sağ qalsaq,- komandir dedi,- səni arxa cəbhəyə göndərəcəm. Əvvəllər elə bilirdim qadın burda heç iki gün tab gətirməz. Öz arvadımı təsəvvür edirəm...

Mən bu sözlərdən incidim, mənim üçün bu sözlər ölümdən betər idi- necə yəni, belə bir zamanda arxa cəbhədə oturasan?! Mən ağıl və qəlbimin gücünə tab gətirirdim, fiziki cəhətdən yox! Fiziki ağırlıq...Hərbi sursatları daşımağımız yadıma gəlir, palçıqda topları dartırdıq, xüsusilə Ukraynada, torpaq yağışdan sonra ağırlaşmışdı, yazda xəmir kimi olurdu. Öz silah dostlarımızın qəbrini qazmaq, onları qardaşlıq qəbiristanlığında basdırmaq üçün düz üç gün, üç gecə yatmadıq... Bu da çox ağır idi... Biz artıq ağlamırdıq... ağlamaq üçün də güc lazım idi. Yatmaq istəyirdik. Doyunca yatmaq, yenə də yatmaq...

Mən postda dayanmadan dala-qabağa yeriyirdim ki, yatmayım, öz-özümə şeir deyirdim. O biri qızlar mahnı oxuyurdular. Mahnı oxuyurdular ki, yatmasınlar, yıxılmasınlar..."Valentina Pavlovna Maksimçuk, topçu

"Minskdən yaralıları çıxarırdıq...Mən hündürdaban ayaqqabıda idim, boyum balaca olduğuna görə utanırdım. Dabanlarımdan biri qopub düşdü, birdən qışqırdılar: Desant!

Mən ayaqyalın qaçmağa başladım, ayaqqabılarımı əlimdə tutmuşdum, çox gözəl tuflilər idi.

Bizi mühasirəyə alanda gördüm ki, burdan çıxa bilməyəcəyik; sanitarka Daşayla xəndəkdən ayağa durduq, artıq gizlənmək istəmirik, ayaq üstəyik: düşünürük ki, əsir düşməkdənsə, qoy elə bizi vursunlar, başımıza güllə dəysin. Yoxsa bizim başımıza oyun açarlar, zorlayarlar...Ayağa qalxa bilən yaralı əsgərlərdən də bizim kimi durdular...

Mən ilk dəfə faşist əsgəri görəndə dilim tutuldu, bir kəlmə danışa bilmədim. Onlar isə gənc, şən oğlanlar idilər, hamı gülürdü. Harda dayanırdılarsa, harda quyu və ya su görürdülərsə başlayırdılar yuyunmağa. Qolları həmişə çirməli olurdu. Yuyunurdular, elə hey yuyunurdular...Ətraf qan içində, çığırtı, inilti, onlar isə yuyunurdular, elə hey yuyunurdular... Və bizdə elə bir nifrət oyanırdı ki...Mən evə gəldim, iki dəfə paltarımı dəyişdim. Onlar evdəydilər, içimdə onlara qarşı qəzəb, nifrət... Mən gecələr yata bilmirdim. Necə yataydım? Onları bizim torpaqda görəndə isə qonşumuz Klava xalanı iflic vurdu. Onun evinin içində... Klava xala tez öldü, çünki buna dözə bilmədi..." Mariya Vasilyevna Jloba, gizli kəşfiyyatçı

"Almanlar kəndə girdilər...Onlar iri qara motosikletlərdə gəlmişdilər...Mən gözlərimi bərəldib onlara baxırdım: gənc və şən cavanlar idi. Elə hey gülürdülər. Şaqqanaq çəkib gülürdülər! Onların kənddə, sənin torpağında olması, hələ bir deyib-gülməsi...ürəyimi partladırdı.

Mən yalnız qisas barədə düşünürdüm...Xəyalıma necə öləcəyimi gətirir, mənim haqqımda kitab yazacaqlarını təsəvvür edirdim. Adım yaşayacaq. Bunlar mənim arzularım idi, xəyallarım idi...

Qırx üçdə mənim qızım oldu... Biz artıq ərimlə meşəyə, partizanların yanına getmişdik. Bataqlıq ərazisində doğdum, ot tayasının içində. Örtüyü nəfəsimlə qurutdum, qoynuma, qoltuğumun arasına qoyurdum ki, isinsin, sonra körpəmi bürüyürdüm. Hər tərəf yanmışdı, kəndi adamlarla birlikdə yandırmışdılar. Camaatı məktəb binasına, kilsəyə salıb bağlamışdılar... Sonra da benzin töküb od vurmuşdular. Mənimlə beş yaşlı bacım qızı qalmışdı, o, bizim söhbətimizi eşidib soruşdu:

-Manya xala, mən yansam, məndən nə qalacaq? Təkcə çəkmələrim...

Bax, bizim uşaqlar bizdən bu şeyləri soruşurdular...

Mən özüm şam qalıqlarını yığırdım...Rəfiqəmin ailəsi üçün yığırdım...Onların küllərinin içində sümüklərini tapdıq, bir parça paltarları qalmışdı, balaca bir nişanədən heç olmasa onların kim olduğunu tanıya bildik. Hərə özünkünü axtarırdı. Mən bir parça tapıb qaldırdım, rəfiqəm dedi:

-Anamın koftasıdır!

Və dərhal da huşunu itirdi. Kimi sümükləri mələfəyə, kimi də balış üzünə yığırdı. Nə gətirdik- rəfiqəmlə heç yarım çanta yığa bilmədik. Yığdıqlarımızın hamısını qəbirə qoyduq. Hər şey qaraydı, sümüklərdən başqa. Onlar ağ idi... Və yanıb kül olmuş sümüklər də vardı....Mən artıq sümük külünü də tanımağa başlamışdım... O, ağ, ağappaq olur...

Bundan sonra məni hara göndərirdilərsə, qorxmurdum. Uşağım hələ körpəydi, üç aylığından artıq onu özümlə tapşırıq yerinə yetirməyə aparırdım. Komissar məni göndərəndə özü ağlayırdı... Şəhərdən dəva-dərman gətirirdim- bint, sarğı məmulatları, zərdab...Paçamın arasına soxurdum, uşağın bələyinə bürüyürdüm və gətirirdim. Meşədə yaralılar ölürdülər. Ona görə də getmək lazım idi. Getmək lazım idi! Başqa heç kim gedə bilməzdi, keçə də bilməzdi! Hər tərəf alman faşistləriylə doluydu, polisay postları qurmuşdular. Bircə mən keçə bilirdim. Körpəylə... O, bələkdə idi...

Bunları indi demək dəhşətdir... Ah.... çox ağır gəlir! Körpədə süni qızdırma yaratmaq və onun ağlaması üçün onu duzla silirdim. Qıpqırmızı olurdu, səpkilər yaranırdı, uşaq çığırırdı, dəng edirdi...Postlarda saxlayırdılar.

-Yatalaq! Pan.... Yatalaq xəstəliyi....

Onlar da məni cəld qovurdular ki, çıxım gedim, uzaqlaşım ordan, deyirdilər: bek! bek!

Mən körpəmi duzla silirdim, onun böyür-başına sarımsaq qoyurdum. Yazıq körpəm... hələ bir ona döşümdən süd də verirdim.

Postu keçən kimi meşəyə girirdim, ağlaya-ağlaya! Ağlayırdım, qışqırırdım! Uşağıma yazığım gəlirdi! İki gündən sonra isə yenə qayıdırdım..."Mariya Timofeyevna Savitskaya-Radyukeviç, partizan dəstəsinin rabitəçisi

"Mən nifrət etməyi öyrəndim... Ömrümdə ilk dəfəydi ki, bu hissin nə olduğunu bildim...Onlar nə ixtiyarla bizim torpaqlarda gəzirlər?! Onlar kimdi axı?! Bu səhnələri görəndə qızdırmam qalxırdı. Axı onlar nə üçün burdadılar?

Əsir dəstələri ötüb keçirdi, yollarda yüzlərlə meyit qalırdı... Yüzlərlə...Kimin ki, gücü tükənirdi, onları yerindəcə güllələyirdilər. Onları qovurdular, mal kimi. Ölülərə daha ağlamırdıq. Onları dəfn eləməyə belə vaxtımız çatmırdı-ilahi, nə qədər idilər! Uzun müddət yerdə qalırdılar... Dirilər ölülərlə bir yerdə yaşayırdı...

Ögey bacıma rast gəldim. Onların kəndini yandırmışdılar.

Onun üç oğlu vardı, heç biri artıq yoxdu! Evi də, uşaqları da yandırmışdılar! Bacım yerdə oturub başını yellədirdi, o tərəf bu tərəfə yellədirdi, o, öz faciəsini, fəlakətini yırğalayırdı! Ayağa durur, bilmir hara getsin, kimin yanına getsin.

Biz meşəyə getdik: atam, qardaşlarım və mən. Bizi heç kim məcbur eləməmişdi, heç kəs bizimlə təbliğat aparmamışdı, özümüz getdik. Anam qaldı, inəklə qaldı kənddə..."

Yelena Fyodorovna Kovalevskaya, partizan

"Mən dərhal, düşünmədən qərar verdim...Mənim cəbhəyə lazım olan ixtisasım vardı. Bir an belə tərəddüd etmədim, getdim. Ümumiyyətlə, deyim ki, o zaman evdə oturmaq istəyənlərə çox nadir hallarda rast gələrdin. Gözləmək. Bir nəfəri xatırlayıram...Cavan qadın idi, qonşumuz idi... O tez-tez mənə etiraf edib deyirdi:

-Mən həyatı sevirəm. Mən pudralanmaq, ənlik-kirşan sürtmək istəyirəm. Mən ölmək istəmirəm...

O qadından başqa daha heç kimi xatırlamıram ki, belə desin. Ola bilsin, susurdular, çəkinirdilər. Amma bilmirəm, sizə cavab verə bilmirəm.

Öz otağımdan güllərimi çıxarıb qonşuma verdiyimi xatırlayıram. Qonşudan xahiş elədim:

-Zəhmət olmasa bu güllərə su verin. Mən tezliklə qayıdacam...

Mən düz dörd ildən sonra qayıtdım...

Evdə oturub qalan qızlar bizə həsəd aparırdılar, qadınlar isə ağlayırdı. Mənimlə gedən qızlardan biri durub baxırdı; hamı ağlayır, o, isə durub baxırdı. Sonra götürüb gözlərini su ilə islatdı. Burun dəsmalını da yaş edib gözlərinə sürtdü. Axı ayıbdı, hamı ağlayır, bircə o, ağlamır. Məgər biz bilirdik ki, müharibə nə olan şeydir? Gənc idik... Mən indi gecə yuxudan dəhşət içində durub ayılıram, yuxuda görürəm ki, müharibədəyəm...Təyyarə uçur, mənim təyyarəm havaya qalxır, yüksəkliyə... sonra enir...yerə gəlir... Başa düşürəm ki, qəzadır, yıxılıram... enirəm...Son dəqiqələr....Və elə dəhşətli gəlir ki, adama...Gözlərini açmayınca... yuxu gördüyünü anlamayınca... çox dəhşətli gəlir sənə. Yaşlı adam ölümdən qorxur, cavan isə gülür... O, ölməzdir, qorxmazdır! Mən öləcəyimə inanmırdım..." Anna Semyonovna Dubrovina-Çekunova, qvardiya baş leytenantı, təyyarəçi

"Mən tibb məktəbini bitirmişdim...Evə gəldim, atam xəstələnmişdi. Birdən müharibə başladı. Yadıma gəlir- səhər idi... Mən bu dəhşətli xəbəri səhər bildim... Ağacların yarpaqlarında şeh hələ qurumamışdı... dedilər müharibədir! Elə mənim çəmən və ağac yarpaqlarının üstündə gördüyüm o şehlər... elə aydın görürdüm ki, onları, cəbhədə də onları xatırlayırdım. Təbiətdə baş verənlərlə adamların başına gələnlər arasında ziddiyyət yaranmışdı. Günəş işıq saçırdı....Mənim sevimli çobanyastığılarım çəmənlikdən boy atmışdılar, orda-burda görünürdülər...

Yadıma gəlir ki, qarğıdalı kolları arasında gizlənmişik, günəşli havadır. Alman avtomatçıları atəş açırlar, sakitlikdir. Yalnız qarğıdalı yarpaqlarının xışıltıları eşidilir. Almanlar yenə avtomatdan atəş açırlar...Düşünürsən: bu qarğıdalı yarpaqlarının xışıltısını yenə nə vaxtsa eşidəcəksənmi? Ah, bu xışıltı səsi...." Mariya Afanasyevna Qaraçuk, hərbi feldşer

"Məni anamla birlikdə arxa cəbhəyə -Saratova təxliyə elədilər... Təxminən üç aya mən orda xarrat peşəsinə yiyələndim. Biz on iki saat dəzgah arxasında dayanırdıq. Ac-yalavac idik. Fikrimizdə bircə şey vardı- cəbhəyə getmək! Heç olmasa orda birtəhər yemək yeyərik. Suxarı və şirin çay. Yağ da verərlər. Bilmirəm bunları kimdən eşitdik. Ola bilsin ki, stansiyaya gələn yaralılardan. Aclıqdan qurtulduq... əlbəttə, məlum məsələ idi, biz komsomolçuyduq. Rəfiqəmlə hərbi komissarlığa getdik, amma boynumuza almadıq ki, zavodda işləyirik. Yoxsa bizi aparmazdılar. Beləliklə, bizi cəbhəyə yazdılar.

Ryazan piyada məktəbinə göndərdilər. Biz ordan pulemyot bölməsinin komandirləri kimi çıxdıq. Pulemyot ağır silahdır, onu dalımıza şələləyib aparırdıq. At kimi. Gecədir. Postda durursan, hər səsi tutursan. Siçovul kimi. Hər xışıltıdan ehtiyatlanırsan...Müharibədə sən, necə deyərlər, yarım insan, yarım vəhşisən. Bu, belədir...Başqa cür sağ qala bilməzsən. Əgər təkcə insan olsan, salamat qalmazsan! Məhv olarsan! Müharibədə gərək özün haqqında da nəsə düşünəsən. Nəsə bir şey fikirləşəsən...Yadına salasan ki, insan həmişə insan olmayıb...Mən alim deyiləm, sadə mühasibəm, amma mən bunları bilirəm.

Varşavaya qədər gedib çıxdım...Həmişə də piyada, necə deyərlər, piyada qoşunlarıyla... biz müharibənin proletariatı idik. Şalvarla sürünürdük...Daha məndən heç nə soruşmayın... Mən müharibə haqqında yazılan kitabları sevmirəm... Qəhrəmanlar haqqında kitablardan xoşum gəlmir... Biz xəstə-xəstə, öskürə-öskürə irəli gedirdik, yatmırdıq, çirkab içindəydik, əyin-başımız pis kökdə idi... Tez-tez ac-yalavac qalırdıq... Amma qalib gəldik!" Lyubov İvanovna Lyubçik, avtomatçılar vzvodunun komandiri

"Bilirdim ki, atamı öldürüblər... Qardaşım həlak olub. Ölmək, yaşamaq- artıq mənim üçün fərqi yox idi. Bircə anama yazığım gəlirdi. O, bir göz qırpımında gözəl bir qadından qoca arvada döndü. Taleyindən küsdü, atamsız yaşaya bilmirdi.

-Niyə gedirsən müharibəyə?- anam soruşdu.

-Atamın intiqamını almağa.

-Atan səni əlində silah görsəydi dözməzdi buna...

Atam isə uşaqlıqda mənim saçlarımı hörərdi. Saçlarıma bant bağlayardı. Atam gözəl geyim-keçimi anamdan daha çox sevirdi.

Mən telefonçu qızlar batalyonunda xidmət edirdim. Ən çox yadımda qalan komandirin telefon dəstəyində qışqırmasıydı. O çığırıb tələb edirdi:

-Kömək! Kömək göndərin! Tələb edirəm!

Hər gün beləydi... "Ulyana Osipovna Nemzer, serjant, telefonçu

"Mən qəhrəman deyiləm...Mən gözəl qız idim, məni uşaqlıqdan şıltaq böyütmüşdülər...Müharibə başladı... Ölməyə həvəsim yox idi. Atəş açmaq qorxulu şeydir, heç vaxt ağlıma gəlməzdi ki, atəş açacağam. Oy, nə danışırsız! Qaranlıqdan belə qorxurdum, qalın meşədən qorxurdum!

Əlbəttə, vəhşi heyvanlardan da qorxurdum...Oyyy! Təsəvvür etmirəm! Necə yəni, canavarla, ya da vəhşi qabanla üz-üzə gəlmək olar? Hətta uşaqlıqda itdən də qorxurdum, məni balaca olanda çoban iti dişləmişdi, mən onlardan qorxurdum! Siz nə danışırsız? Mən beləydim, vallah! Amma hər şeyi mənə partizan dəstəsində yaşadığım həyat öyrətdi...Güllə atmağı öyrəndim - tüfəngdən, pistoletdən və pulemyotdan. Lazım olsa, indi də göstərə bilərəm. Yadımdan çıxmayıb. Bizi hətta öyrədirdilər ki, bel və bıçaqdan başqa heç bir silahın yoxdusa, nə etmək lazımdı. Daha qaranlıqdan qorxmurdum. Vəhşi heyvanlardan da...Amma ilandan... ondan , bircə ondan qorxurdum. Gecələr canavarların ulartısı gəlirdi. Bizsə öz dəyəmizdə oturmuşduq. Heç nəyimiz yox idi. Canavarlar isə amansız, ac-yalavac! Bizim qazdığımız dəyələr elə xırda, elə darısqal idi ki, yuvacığa bənzəyirdi. Meşə bizim evimiz idi. Partizan evi. Oy, nə danışırsız! Mən müharibədən sonra meşədən qorxmağa başladım...İndi heç vaxt meşəyə getmirəm...

Lakin müharibədə olanda düşünürdüm ki, gərək evdə, anamın yanında qalaydım. Mənim gözəl anamın...Anam çox gözəl qadın idi. Oy, siz nə danışırsız? Yox, mən bunu etməzdim... Özüm bunu etməzdim. Yox, qətiyyən yox!.. Amma... Bizə dedilər ki... Şəhəri almanlar tutub və mən bildim ki, yəhudiyəm. Lakin müharibədən qabaq biz hamımız mehriban yaşayırdıq: ruslar, tatarlar, almanlar, yəhudlilər... Hamımız bir idik. Yox, siz nə danışırsız! Mən heç "cühud" sözünü eşitməmişdim: atam, anam və kitablarla nəfəs alırdım. Bizə cüzamlı xəstələr deməyə başladılar və hər yerdən də qovurdular. Bizdən qorxurdular. Hətta bizim bəzi tanışlarımız bizə salam belə vermirdilər. Onların uşaqları da salam vermirdi. Qonşularımız deyirdi:

-Bütün şeylərinizi qoyun, onsuz da onlar sizə artıq lazım deyil.

Müharibədən qabaq biz onlarla dost idik. Volodya əmi, Anya xala... Siz nə danışırsız?!

Anamı güllələdilər. Bu hadisə bizim gettoya öçürülməyimizdən bir neçə gün əvvəl baş verdi. Bütün şəhərdə əmrlər asılmışdı: yəhudilərə səkilərdə gəzməyə, bərbərxanalarda saç kəsdirməyə, mağazalarda alış-veriş etməyə icazə verilmir... Gülmək olmaz... oxumaq olmaz...Oy, nə danışırsız?! Anam buna öyrəşməmişdi, o həmişə dalğın və huşsuz gəzirdi. Görünür, inanmırdı ki belə bir şey ola bilər. Bəlkə də mağazaya gedibmiş? Onunla kobud rəftar ediblər, nəsə kobud söz deyiblər, o da gülüb. Necə gözəl qadın idi!.. Müharibədən qabaq o, filarmoniyada oxuyurdu, hamı onu sevirdi. Oy, siz nə danışırsız?! Mən təsəvvür edirəm... Əgər o belə gözəl olmasaydı... Bizim anamız... Əgər o, mənimlə, ya da atamla birgə olsaydı...Bütün ömrüm boyu bu barədə fikirləşirəm... Yad adamlar onu gecə gətirdilər, meyidini gətirdilər. Paltosunu və çəkmələrini çıxartmışdılar, yox idi. Dəhşət idi. Dəhşətli bir gecə yaşadıq! Dəhşətli! Kimsə onun paltosunu və çəkmələrini götürmüşdü. Qızıl nişan üzüyünü də barmağından çıxarıb götürmüşdülər. Atamın hədiyyəsiydi...

Gettoda bizim evimiz yox idi, bizə yad bir evdə çardağı verdilər. Atam skripkanı götürdü, o müharibədən qabaq bizim ən qoymətli əşyamız idi, atam istəyirdi onu satsın. Mənim çox pis anginam vardı. Uzanmışdım... Yüksək hərarətlə uzanmışdım və danışa da bilmirdim. Atam nəsə ərzaq almaq istəyirdi, yemək almaq istəyirdi. Qorxurdu ki, mən öləm. Anasız öləm...Anamın nəvazişli sözləri, anamın əlləri arasında yox... Mən şıltaq idim... Sevimliydim...Mən atamı düz üç gün gözlədim... sonra tanışlarımız xəbər verdilər ki, onu da öldürüblər... Dedilər ki, skripkadan ötəri öldürüblər atamı... Bilmirəm, bahalıydı, ya yox, amma atam çıxanda dedi ki, buna bir banka bal və bir tikə yağ versələr yaxşı olar. Oy, siz nə danışırsız?! Mən anasız qaldım! Mən atasız qaldım!..

Atamı axtarmağa getdim...Heç olmasa ölüsünü tapmaq istəyirdim, istəyirdim ki, bir yerdə olaq. Mən qara deyildim, açıq rəngdəydim, saçlarım, qaşlarım da açıq idi və buna görə də şəhərdə mənə heç kim toxunmadı. Bazara gəldim... Orda atamın dostuna rast gəldim, o, artıq kənddə öz valideynlərinin yanında yaşayırdı. Mənim atam kimi musiqiçi idi. Volodya əmi. Mən hər şeyi ona danışdım...O, məni arabaya mindirib üstümü kürklə örtdü. Arabada donuz balaları ciyildəyir, toyuqlar qaqqıldayırdı. Biz uzun yol getdik. Oy, nə danışırsız?! Axşamadək yol getdik. Mən yatdım, sonra yuxudan durdum...

Beləliklə, bir də gördüm ki, partizanların yanındayam..." Anna İosifovna Strumilina, partizan

"Parad idi...Bizim partizan dəstəmiz Qızıl Ordu hissələri ilə birləşmişdi və paraddan sonra bizə dedilər ki, silahı təhvil vermək lazımdır. Biz şəhəri bərpa eləməyə getdik. Biz isə başa düşə bilmirdik: axı necə ola bilər? Müharibə gedir, hələ bircə Belarusiya azad edilib, biz isə silahı təhvil veririk. Bizim hər birimiz istəyirdik döyüşləri davam etdirək. Və beləliklə biz hərbi komissarlığa gəldik; bizim bütün qızlarımız... Mən dedim ki, tibb bacısıyam, xahiş edirəm məni cəbhəyə göndərəsiniz. Söz verdilər: biz sizi qeydiyyata götürərik, ehtiyac olsa çağırarıq. İndi isə gedin, işləyin.

Gözləyirəm. Çağırmırlar. Yenə hərbi komissarlığa gedirəm... Dəfələrlə ora gedirəm... Və nəhayət, mənə açıq şəkildə dedilər ki, sənə ehtiyac yoxdu, cəbhədə kifayət qədər tibb bacıları var. Amma Minskdə kərpiçləri daşımaq lazımdır... Şəhər xarabaya qalıb... Soruşursuz ki, bizim qızlar necəydilər? Bizdə Çernova adlı bir qız vardı, hamiləydi, o, qarnında gələcək çağası, böyründə isə mina daşıyırdı. İndi özünüz təyin eləyin, necə qızlarımız vardı... Biz elə beləcə idik. Bizi tərbiyə etmişdilər ki, Vətən və biz eyni şeylərdir. O biri rəfiqəm vardı - öz qızını şəhərə aparırdı, uşağın paltarı altından isə gizli vərəqələr bağlamışdı, qız anasına deyir:

-Ana, mənə istidir,- deyə əllərini yuxarı qaldırırmış.

Küçədə isə almanlar. Hər yanda alman əsgərləri. Polisaylar. Almanı aldatmaq olardı, polisayları isə çox çətin. Polisay özününküdür, sənin həyatını, təbiətini beş barmağı kimi bilir. Sənin fikirlərini göydə qapır.

Hətta uşaqlar da... Biz onları öz dəstəmizə götürmüşdük. Axı onlar uşaq idilər. Onları necə xilas edək? Biz onları arxa cəbhəyə göndərirdik. Onlar isə uşaq evlərindən qaçıb cəbhəyə gəlirdilər. Onları qatarlarda, yollarda tuturdular, geri göndərirdilər. Lakin onlar yenə aradan çıxır, ön cəbhəyə gəlirdilər.

Tarix hələ yüz illər boyu araşdıracaq: bu nə idi belə? Bunlar nə cür adamlar olublar? Hardan çıxmışdılar? Hardan belə peyda olublar? Təsəvvar edirsiz: hamilə qadın mina ilə gəzir...Axı o, uşaq gözləyirdi?.. Sevirdi, yaşamaq istəyirdi. Və, əlbəttə, qorxurdu da. Lakin o gedirdi...Stalinə görə yox, öz övladları naminə gedirdi. Onların gələcək həyatları naminə gedirdi. O sürünmək istəmirdi, qul kimi yaşamaq istəmirdi. O, düşmənə əyilmək istəmirdi... Ola bilsin, biz kor olmuşuq və hətta, boynuma alıram, çox şeyi də bilməmişik və başa düşməmişik, lakin biz kor da olsaq, namuslu idik, təmiz idik! Bizim iki canımız, iki həyatımız vardı. Siz bunu başa düşməlisiniz..."Vera Sergeyevna Romanovskaya, partizan dəstəsində tibb bacısı

"Yay girmişdi...Mən tibb texnikumunu bitirmişdim. Diplom almışdım. Və... Müharibə! Dərhal hərbi komissarlığa çağırdılar və əmr elədilər:

-Sizə iki saat vaxt verirəm! Yığışın! Cəbhəyə göndəririk!

Mən hər şeyimi balaca bir çamadana yığdım.

-Nə götürdünüz özünüzlə müharibəyə?

-Konfet.

-Necə?

-Hə, bir çamadan konfet. Texnikumdan sonra mənim təyinatımı kəndə vermişdilər, ora getmək üçün mənə yol xərci vermişdilər. Pulum vardı, mən də o pula bir çamadan şokolad aldım. Bilirdim ki, müharibədə mənə pul lazım olmayacaq. Çamadanda konfetlərin üstünə isə kursu bitirəndə qızlarla birlikdə çəkdirdiyimiz şəklimizi qoydum. Gəldim hərbi komissarlığa. Hərbi komissar soruşdu:

-Sizi hara göndərək?

Dedim:

-Rəfiqəm hara, mən də ora...

Biz rəfiqəmlə birlikdə Leninqrad vilayətinə gəlmişdik, rəfiqəm on beş kilometr uzaqda yerləşən qonşu kənddə işləyirdi. Hərbi komissar gülür, deyir:

-Elə sənin rəfiqən də belə dedi.

O, çamadanımı götürüb məni stansiyaya aparacaq yük maşınına qoyanda soruşdu:

-Çamanda nə var belə? Yaman ağırdı...

-Konfetdir. Ağzına qədər konfetlə doludur...-dedim.

O, susdu. Daha gülmədi. Gördüm ki, özünü birtəhər hiss elədi, görünür, utandı. O, cavan da deyildi. Bilirdi məni hara yola salır..." Mariya Vasilyevna Tixomirova, feldşer

"Mənim taleyim dərhal həll olundu...

Hərbi komissarlıqda elan asılmışdı: "Sürücülər lazımdı". Mən də sürücülük kursunu bitirmişdim... Altı aylıq... Hətta mənim müəllim olduğuma belə fikir vermədilər (Müharibədən qabaq pedaqoji məktəbdə oxumuşdum). Müharibədə müəllim kimin nəyinə lazımdı? Ora əsgər lazımdı. Biz çox idik. Bir batalyon qız.

Bir dəfə təlim vaxtıydı... Nədənsə bunu xatırlayanda gözlərim həmişə dolur...Yaz idi. Biz güllə atmaqdan gəlirdik. Geri qayıdırdıq. Mən bənövşə dəstəsi yığdım. Balaca bir buket idi. Onu silahın ucundakı süngüyə bağladım. Və beləcə də gedirəm.

Düşərgəyə qayıtdıq. Komandir hamımızı sıraya düzdü və məni çağırdı. Mən sıradan çıxıram... Və tüfəngimin süngüsündə də bənövşə dəstəsi olduğunu unutmuşam. Komandir isə başladı məni danlamağa: əsgər əsgər olmalıdı, gül toplayan yox!

O, anlaya bilmirdi: belə bir şəraitdə güllər barədə necə düşünmək olar? Kişilər bunu başa düşməzdi... Lakin mən bənövşələri atmadım. Sakitcə onları süngüdən ayırıb cibimə qoydum. Bu bənövşələrə görə mənə növbədənkənar üç naryad verdilər...

Bir dəfə də postda durmuşdum. Gecə saat ikidə növbətçilər gəlib məni dəyişmək istədilər. Mən isə imtina etdim. Məni əvəzləyəni göndərdim yatmağa: sən səhər durarsan burda. İndi qoy mən durum...

Razılaşdım ki, səhər sübhədək mən durum, təki quşların cəh-cəhinə qulaq asım, onların sübh nəğməsini dinləyim. Əvvəlki həyatımı mənə yalnız gecə xatırladırdı. Dinc həyatımı.

Biz cəbhəyə yola düşəndə küçəylə gedirdik, adamlar divar kimi durub baxırdılar:qadınlar, qocalar, uşaqlar. Və hamı ağlayırdı:"Qızlar cəbhəyə gedir". Biz bir batalyon qız idik.

Mən rul arxasındayam... Döyüşdən sonra ölən əsgərlərimizin meyitini yığırıq, onlar hər yana səpələniblər. Hamısı da gənc. Cavan, südəmər oğlanlar. Birdən gördük ki, bir qız da yıxılıb... Qız həlak olmuşdu... Hamımız susduq..." Tamara İllarionovna Davidoviç, serjant, sürücü

"Mən cəbhəyə necə getdim... İnanmazsınız... Düşünürdüm ki, qısa müddətə gedib qayıdacam. Tezliklə düşmənə qalib gələcəyik! Bircə sevimli yubkamı götürdüm, iki cüt corab və tuflilərimi götürdüm. Biz Varonejdən geri çəkilirdik, lakin yadıma gəlir ki, mağazaya girdik və mən özümə bir cüt də tufli aldım, hündür daban idi. Yadıma gəlir- geriyə çəkilirik, ətraf qara tüstü (amma mağaza açıq idi, qəribəydi!) və nədənsə özümə də tufli almaq istədim. İndiyə kimi yadımdadı-elə gözəl tuflilər idi ki! Bir də ətir aldım...

Əvvəlki dinc həyatdan dərhal imtina etmək çox çətin idi. Təkcə ürək yox, bütün bədənin müqavimət göstərirdi. Xatırlayıram ki, o mağazadan çıxıb qaçanda necə sevinirdim. Əlimdə də tufli. Mənim ruhum qanadlanmışdı. Ətraf isə tüstüydü... Gurultu...Mən artıq müharibədə idim, amma müharibə barədə düşünmək istəmirdim. İnanmırdım.

Lakin hər tərəfdən gurultu səsləri gəlirdi..." Vera İosifovna Xoreva, hərbi cərrah

-

(davamı)

Həyat və varlıq

"Arzu edirdik... Döyüşmək istəyirdik...

Bizi vaqonlarda yerləşdirdilər və məşğələlərə başladıq. Heç nə evdə təsəvvür etdiklərimiz kimi deyildi. Səhər sübh durmaq lazım idi, bütün günü qaçaqaçda. İçimizdə isə hələ də əvvəlki həyat yaşayırdı. Bölmə komandirimiz kiçik serjant Qulyayev dörd sinif qurtarmışdı, bizə nizamnamə öyrədir, özü isə ayrı-ayrı sözləri belə səhv tələffüz edirdi. Buna görə qəzəblənirdik. Bizə elə gəlirdi ki, axı o, bizə nəyi öyrədəcək? Lakin o, bizə ölməmək üçün nə etməli olduğumuzu öyrətdi...

Karantindən sonra hərbi and içdik, starşina geyimlərimizi gətirdi: şinel, pilotka, gimnastyorka, yubka, alt paltarı əvəzinə bezdən tikilmiş iki kişi uzunqol köynəyi, sarğı əvəzinə uzunboğaz çorab və dabanı nallı ağır amerikan botinkaları və gödək corablar... Rotada ən balacaboy mən idim, boyum yüz əlli üç santimetr idi, otuz beş ölçülü ayaqqabı geyirdim və təbii ki, hərbi sənayedə belə xırda ölçülü hərbi geyimlər tikmirdilər, o ki qaldı Amerika ola, bizə belə şeylər heç göndərməzdi...Mənə qırx iki ölçüdə çəkmələr verildi və mən onları geyəndə və çıxaranda iplərini açmırdım; və çox ağır idilər, onlarla gəzəndə ayaqlarımı sürütdəyirdim. Daş örtüklü körpüdən addımlayıb keçəndə ayaqlarımın altından qığılcımlar çıxırdı, mənim addımlarım nizami addımlardan başqa nəyə desən oxşayırdı. İlk marşı xatırlamaq çox ağırdı. Mən qəhrəmanlıq göstərməyə hazır idim, amma otuz beş ölçülü çəkmə əvəzinə qırx iki ölçülü çəkmə geyməyə qəti hazır deyildim. Çox ağır və çox qeyri-normal bir hal idi! Çox əcayib!

Komandir mənim necə addımladığımı gördü və məni sıradan çağırdı.

-Smirnova, necə addımlayırsan? Səni öyrətməyiblər? Ayaqlarını niyə qaldırmırsan? Sənə növbədənkənar üç naryad elan edirəm!..

Mən cavab verdim:

-Oldu yoldaş baş leytenant, növbədənkənar üç naryad!

Döndüm ki, gedəm, yıxıldım, botinkalarım ayağımdan çıxdı... Ayaqlarım sürtülməkdən qana bulaşmışdı...

Yalnız o zaman aydın oldu ki, mən yeriyə bilmirəm. Rotanın çəkməçisi vardı, Parşin, ona əmr edildi ki, mənim üçün köhnə plaş-çadır materialından otuz beş ölçülü çəkmə tiksin..." Nonna Aleksandrovna Smirnova, sıravi, topçu

"O qədər gülməli şeylər də olurdu ki...

İntizam, nizamnamə, fərqlənmə nişanları - bütün bu hərbi hikmətləri dərhal qavramaq olmurdu. Növbədə durub təyyarələri qoruyurduq. Nizamnamədə deyilirdi ki, əgər kimsə gəlsə, deməlisən:"Dur! Kimdi gələn?" Mənim rəfiqəm polk komandirini görüb qışqırır:

-Dayan! Kimdi gələn? Bağışlayın, amma mən atəş açacağam!

Bağışlayın siz məni.... Haaaaa! Haaaa! Haaaa!" Antonina Qriqoryevna Bondareva, qvardiya leytenantı, baş təyyarəçi

"Qızlar peşə məktəbinə uzun hörüklərlə gəlmişdilər... Telləri vardı... Mənim də hörüklərim vardı, dolamışdım başıma...Bəs onları necə yuyaq? Harda qurudaq? Tutaq ki, yuduq və birdən həyəcan siqnalı verdilər, qaçmaq lazımdı... Bizim komandirimiz Marina Raskova əmr elədi ki, hörükləri kəsək. Qızlar hörüklərini kəsdilər və başladılar ağlamağa. Lilya Litvyak isə, sonralar məşhur təyyarəçi olacaqdı, heç cür öz hörüklərini kəsmək istəmirdi.

Mən Raskovaya dedim:

- Yoldaş komandir, sizin əmriniz yerinə yetirildi. Bircə Litvyak imtina etdi.

Marina Raskovada qadın mülayimliyi olsa da, çox ciddi komandir idi. O mənə dedi:

-Sən necə partorqsan! Əmrin yerinə yetirilməsinə nail ola bilmirsən! Geri dön və marş irəli!

Paltarlar, dabanlı tuflilər...Heyf onlara- torbalarda gizlətmişdik. Gündüzlər çəkmələrdə gəzirdik, axşamlar isə heç olmasa bir neçə dəqiqə tufliləri geyinib güzgünün qabağında özümüzə baxırdıq. Raskova bunu gördü və bir neçə gündən sonra belə bir əmr verdi: bütün qadın paltarlarını bağlamada evə göndərin! Vəssalam! Amma sizə deyim ki, yeni təyyarəni idarə eləmək üçün bizə iki il yox, yarım il bəs elədi!

Təlim-məşq günlərinin əvvəllərində iki ekipajımız həlak oldu. Dörd tabut hazırlamışdıq. Bütün üç polkun qızları hönkür-hönkür ağlayırdı.

Raskova çıxış elədi:

-Dostlar! Göz yaşlarınızı silin! Bu bizim ilk itkilərdir. Hələ bundan sonra itkilərimiz çox olacaq. Öz qəlbinizi yumruğunuzun içində sıxın!..

Sonralar, müharibədə biz rəfiqələrimizi dəfn eləyəndə ağlamırdıq. Göz yaşlarımızı boğmuşduq.

Qırıcı təyyarələrdə uçurduq. Yüksəkliyin özü qadın orqanizmi üçün bir yük idi, qorxulu bir yük idi. Bəzən qarnımız bel sütununa elə sıxılırdı ki... Lakin qızlarımız uçurdular və hava vuruşmasında mahir düşmən təyyarəçilərini vururdular, özü də necə! Bax belə! Bilirsiz, biz uçuşa gedəndə kişilər təəccüblə baxıb deyirdilər: təyyarəçi qızlar gedir! Onlar bizimlə qürur duyurdular..." Klavdiya İvanovna Terexova, aviasiya kapitanı

"Payızda məni hərbi komissarlığa çağırdılar... Komissar məni qəbul elədi və soruşdu:

-Tullanmağı bacarırsız?

Etiraf elədim ki, qorxuram. O, desant qoşun hissələrini uzun-uzadı təriflədi: gözəl geyim, hər gün şokolad...

Lakin mən uşaqlıqdan hündürlükdən qorxurdum. Komissar dedi:

-Artileriyaya getmək istəyirsiz?

Guya mən bilirdim ki, top artilleriyası nədir?

Sonra o, təklif elədi:

-Onda gəlin sizi partizan dəstəsinə yollayaq.

-Bəs oradan anama, Moskvaya necə məktub yollayacam?

Komissar mənim təyinat kağızımı götürüb qırmızı qələmlə yazdı:

-Səhra cəbhəsinə...

Qatarda bir cavan kapitan mənə vuruldu. Bütün gecəni bizim vaqonda qaldı. O, artıq müharibədə bir neçə dəfə yaralanmışdı. Mənə xeyli baxdı, sonra dedi:

-Veroçka, bircə ruhdan düşməyin, kobud qadına dönməyin! İndi siz elə zərifsiniz ki! Mən artıq hər şeyi görmüşəm!

Sonra da elə bu mövzuda nələrisə dedi. Əlavə elədi ki, təəssüf ki, müharibədən təmiz çıxmaq çətindi. Cəhənnəmdən təmiz çıxmaq olar?

Mən rəfiqəmlə İkinci Ukrayna Cəbhəsinin dördüncü Qvardiya ordusuna çatmaq üçün düz bir ay yol getdik. Baş cərrah bir neçə dəqiqəlik çıxıb bizə baxdı, sonra cərrahiyyə otağına çağırdı.

-Bax, sizin cərrahiyyə stolunuz budur...

Sanitar maşınları bir-birinin dalınca gəlirdi, böyük maşınlar idi...yaralılar yerdə, xərəklərdə uzanıb qalıblar. Biz yalnız soruşuruq:

-Birinci kimi götürək?

-Kim ki susur,- deyə bizə cavab verirlər.

Bir saatdan sonra isə artıq mən cərrahiyyə əməliyyatı edirdim. Və beləcə davam elədi... Günlərlə... bir balaca mürgüləyirsən, sonra yenə cərrahiyyə stolu...Gözlərini dərhal silir, yuyursan, keçirsən iş başına. Yaralıların üçündən biri artıq ölüydü. Hamıya kömək etməyə vaxt çatmırdı. Daha doğrusu, yetişə bilmirdik hamıya. Üçündən biri ölürdü...

Jmerinka stansiyasında dəhşətli bombardmana düşdük. Qatar dayandı və biz düşüb qaçdıq. Bizim siyasi işlər üzrə müavin dünən əməliyyat olunmuşdu, kor bağırsağını kəsib götürmüşdülər, bu gün isə o, qaçırdı. Bütün gecəni meşədə oturduq, bizim qatar isə yonqara dönmüşdü. Səhərə yaxın alman təyyarələri meşəni başladılar bombalamağa. Hara qaçasan? Köstəbək kimi yerin içinə girməyəcəksən ki? Mən tozağacından yapışıb durdum: ah, ana, anacan! Görəsən mən öləcəyəm? Sağ qalsam, dünyanın ən xoşbəxt adamı olacağam!

Sonradan tozağacından yapışıb durduğumu kimə söyləyirdimsə, gülürdü. Axı mənə hər an güllə və ya qəlpə dəyə bilərdi! Ayağa durub ağacı qucaqlamışdım, ağac ağappaq, mən isə...Gülməliydi!

Qələbə gününü Vyanada qarşıladım. Biz zooparka getmişdik. Çox istəyirdim ki, ora gedim. Əsir düşərgəsinə baxmağa da getmək olardı. Hamını aparırdılar, göstərirdilər. Mən getmədim... İndi təəccüblənirəm: axı mən nə üçün getmədim? Nəsə bir xoş ovqatlı bir şey istəyirdim. Gülməli. O biri həyatın üzünü görmək istəyirdim..." Vera Vladimirovna Şevaldışeva, baş leytenant, cərrah

"Biz üç nəfər idik... Anam, atam və mən... Birinci atam cəbhəyə getdi. Anam da onunla birgə getmək istəyirdi; o tibb bacısı idi, lakin atamı ayrı, anamı da ayrı cəbhələrə göndərdilər. Mənimsə cəmi on altı yaşım vardı...Məni götürmək istəmirdilər. Mən hərbi komissarlığa getdim, dəfələrlə getdim, bir ildən sonra isə məni də apardılar.

Biz qatarla uzun yol getdik. Bizimlə birlikdə əsgərlər hospitallardan geri qayıdırdılar, cavan oğlanlar idilər. Onlar bizə cəbhədən danışırdılar, biz də ağzımızı açıb onlara qulaq asırdıq. Deyirdilər ki, bizi indi gülləbarana tutacaqlar, biz də oturub gözləyirdik: görəsən gülləbaran ha vaxt başlayacaq? Guya gedib deyəcəkdik: baxın, biz oddan-alovdan keçib gəlmişik!

Gəlib çatdıq. Bizə silah vermədilər, bizə qazanxanaya baxmağı tapşırdılar. Mənim yaşıdım qızların hamısı ev qızlarıydı, ata-analarının sevimli qızlarıydı... Onları şıltaq böyütmüşdülər. Mən də evin bircə uşağıydım. Burda isə odun daşıyırıdıq, peçləri yandırırdıq. Sonra sabun əvəzinə qazanlara kül tökürük, çünki sabun qurtarmışdı, gətirəcəkdilər. Bütün paltarlar çirklidir, yamaqlıdır. Qanlıdır... Qışda qanlı paltarlar ağır olur..." Svetlana Vasilyevna Katıxina, camaşırxana dəstəsinin döyüşçüsü

"İndiyə kimi ilk yaralı əsgərim yadımdadır... Üzünü xatırlayıram...Onun orta omba sümüyü qırılmışdı. Təsəvvür edirsiz, sümük sallanmışdı, qəlpə yarasıydı, hər şey çölə çıxmışdı. O sümük... Mən nəzəri cəhətdən bilirdim neyləmək lazımdır, lakin mən ona yaxınlaşanda və onu bu vəziyyətdə görəndə özümü çox pis hiss elədim, ürəyim ağzıma gəldi. Birdən eşidirəm:

-Bacıcan, bir az su iç!

Bu sözləri həmin o yaralı deyirdi. Mənə yazığı gəlirdi. Bu mənzərə indi də gözümün qabağındadır. O yaralı əsgər sözləri deyəndən sonra elə bil mən ayıldım: Ax! Düşünürəm: Ay səni Turgenevin məlun qadın qəhrəmanı! Əsgər ölür, onun, zərif məxluqun isə ürəyi bulanır! Buna bax da, sən allah!

Dərhal paketi açıb onun yarasını bağladım, yüngülləşdim, necə lazımdı yaralıya yardım elədim.

İndi müharibə haqqında filmlərə baxıram: tibb bacısı ön cəbhədədir, elə səliqəli geyinib ki, tərtəmizdir. Şalvarda deyil, yubkadadır...Pilotkası da kəkilinin üstündə! Düz deyil, vallah! Əgər filmdəki kimi olsaydı biz yaralıları daşıyıb sürüyə bilərdik?...Yubkada, böyür-başında kişilər, sən sürünə bilərsən, ya da əyilib yaralını götürə bilərsən? Düzünə qalsa, yubkaları bizə müharibənin sonunda verdilər, özü də parad forması üçün. Məhz o zaman bizə alt trikotaj paltarları verdilər, əvvəllər kişi köynəkləri geyinirdik. O zaman biz sevincimizdən bilmirdik neyləyək. Gimnastyorkalarımızın yaxasını açırdıq ki, görünsün..." Sofya Konstantinovna Dubnyakova, baş serjant, sanitar təlimatçısı

"Bombardman... Bombalar... bombalar yağır... bombalar... Hamımız harasa qaçırıq... Mən də qaçıram. Kiminsə iniltisini eşidirəm: kömək edin, kömək edin!.." Lakin mən qaçıram... Bir neçə dəqiqədən sonra mənə nəsə aydın olur, nəsə anlayıram- axı mənim belimdə sanitar çantası var! Özüm-özümdən utanıram. Qorxu hara itib getdi, bilmirəm! Geri qayıdıram! Yaralı əsgər zarıyır, inildəyir. Ona sarı cumuram, yarasını sarıyıram. Sonra ikincisini, üçüncüsünü...

Gecə döyüş bitdi. Səhər isə qar yağdı. Qarın altında meyitlər var... Çoxlarının əlləri yuxarı qalxıb. Göyə sarı!.. Məndən soruşun: xoşbəxtlik nədir? Cavab verim: həlak olanlar arasında qəflətən diri adam tapmaq!.." Anna İvanovna Belyay, tibb bacısı

"İlk öldürülmüş insan gördüm... Onun başının üstündə durub ağlayıram... Ona ağlayıram... Birdən yaralı məni çağırır: ayağımı sarı!

Onun ayağı şalvarının içində oynayırdı, ayağı kəsilb düşmüşdü. Mən onun şalvarını kəsib cırıram. Yaralı isə deyir: mənim kəsilmiş ayağımı yanıma qoy! Qoy bura!

Mən də qoyuram.

Onların huşu başında olanda heç vaxt kəsilmiş ayaqlarını və əllərini qıraqda qoyub qalmağa razı olmazlar...Götürürlər. Öləndə isə xahiş edirlər ki, kəsilmiş ayaqlarla, əllərlə birlikdə basdırsınlar onları. Müharibədə düşünürdüm: heç vaxt heç nəyi unutmayacam! Lakin unudursan...

Cavan, maraqlı bir oğlan. Həlak olub, meyiti yerdədir. Mən elə bilirdim ki, həlak olanların hamısını hərbi şərəflə dəfn edirlər, onu isə götürüb qoz ağaclarının arasına sürüyürlər. Qəbir qazırlar... Tabutsuz-filansız, torpağı qazıb və basdırırlar. Günəş çıxmışdı, gün şüaları onun üstünə də düşürdü...İsti yay günüdür.... Nə plaş-çadır vardı, nə də örtük-filan... Heç nə... Eləcə gimnastyorkada, qalifədə dəfn edirlər. Əynindəkilər təptəzəydi, görünür, təzə gələn əsgərlərdən idi. Beləcə xəndəyə qoyub basdırırlar. Xəndək çox da dərin deyildi, elə qazırdılar ki, meyiti uzada bilsinlər. Yarası da çox böyük deyildi, amma ölümcül idi, gicgahından dəymişdi güllə, qan çox deyildi, elə bil canlı insandır, uzanıb yatıb, bənizi ağappaqdır bircə.

Güllə yağışından sonra bombardman başladı. Bu yeri alt-üst elədilər. Bilmirəm orda nə qaldı...

Mühasirədə adamları necə basdırırdılar? Elə ordaca, bizim oturduğumuz kiçik səngərlərin içində, qazırdıq, vəssalam! Təpəcik qalırdı yalnız! Əlbəttə, əgər almanlar, ya da onların tankları oralara gəlib çıxırdılarsa, əzib keçirdilər. Adi torpaq qalırdı. Heç bir iz-filan qalmırdı. Çox vaxt meşədə, ağacların altında basdırırdıq həlak olanları... Bu palıd ağaclarının altında... Bu tozağaclarının altında...

Mən indiyə kimi meşəyə gedə bilmirəm. Xüsusilə qoca palıd ağacları olan meşəliyə... Orda otura bilmirəm..." Olqa Vasilyevna Korj, süvari qoşun hissəsində sanitar təlimçisi

"Cəbhədə səsim batdı... Çox gözəl səsim vardı...

Evə qayıdandan sonra səsim açıldı. Axşam qohum-əqraba yığışmışdı, içdik, dedilər:

-Hə, Varka, oxu!

Mən də oxudum...

Mən cəbhəyə gedəndə materialist idim. Ateist idim. Yaxşı oxuyan və yaxşı öyrədilən nümunəvi sovet məktəblisi idim. Cəbhədə isə... Orda başladım dua etməyə... Döyüşdən qabaq həmişə dua edirdim, öz dualarımı oxuyurdum. Gizlicə. Xəlvəti oxuyurdum dualarımı. Ehtiyat edirdim. Çünki... O zamanlar biz tamam ayrı adamlar idik... Başa düşürsüz? Biz ayrı cür düşünürdük, anlayırsız da... Çünki... Mən sizə bir hadisə danışım... Bir dəfə aydın oldu ki, təzə gələnlər arasında mömin adam var; o, dua edəndə əsgərlər ona gülürdülər.

-Hə, axı sənin Allahın sənə nə kömək edib? Əgər Allah varsa, bəs bu işlərə necə dözür?

Onlar inanmırdılar. Mömin adamın İsa peyğəmbərin çarmıxa çəkilmiş ayaqları altına yıxılıb qışqırmasına, dua etməsinə inanmırdılar; deyirdilər ki, əgər o səni sevirsə, niyə səni xilas etmir?

Müharibədən sonra mən Bibliyanı oxudum... İndi bütün həyatım boyu onu oxuyuram... Və həmin mömin adam güllə atmaq istəmirdi, özü də cavan adam da deyildi. İmtina edirdi, deyirdi:

-Bacarmıram! Mən öldürməyəcəm!

Hamı öldürməyə razıydı, ondan başqa. Bəs zaman? Zaman isə... Elə dəhşətli zaman idi ki...Ona görə ki... O mömini tribunala verdilər, iki gündən sonra güllələdilər... Belə!

Zaman ayrı zaman idi. Adamlar ayrı adamlar idi... Sizi necə başa salım? Necə...

Xoşbəxtlikdən mən... Mən öldürdüyüm adamları görmədim... Lakin... Hər halda.... İndi başa düşürəm ki, mən öldürmüşəm... İndi bu barədə düşünürəm... Çünki... çünki qocalmışam... Öz qəlbim barədə dua edirəm. Qızıma vəsiyyət eləmişəm ki, mən öləndən sonra mənim bütün orden və medallarımı muzeyə yox, kilsəyə aparsın. Qoy təhvil versin keşişə... Onlar mənim yuxuma girirlər.... Ölülər... Mənim öldürdüklərim... Mən onları görməsəm də, onlar gəlib girirlər yuxuma, mənə baxırlar. Mən də baxıb arayıram- bəlkə kimsə yaralıdı, ya ağır yaralıdı, onu bəlkə hələ xilas etmək olar... Bilmirəm necə deyim... Amma onların hamısı ölüb..." Vera Borisovna Sapqir, serjant, topçu

"Mənim üçün ən dözülməz hal amputasiya idi... Tez-tez ayaq kəsirdilər...mən isə dözə bilmirdim...güclə aparıram ayağı ki, ləyənçəyə qoyum...Yadımdadı, onlar çox ağır idi. Sakitcə götürürsən ki, yaralı eşitməsin, elə bil uşağı əlində aparırsan... Balaca uşağı... Xüsusilə, əgər ayağı dibdən kəsirdilərsə...dizdən yuxarı... Mən öyrəşə bilmirdim. Yaralılar narkoz altında inildəyirlər, ya da söyüş söyürlər. Üçmərtəbəli rus söyüşləri. Mənim üst-başım həmişə qan olurdu... Gah qırmızı, gah qara qan...

Bu barədə anama heç nə yazmırdım. Yazırdım ki, hər şey yaxşıdır, isti geyinmişəm, ayaqlarım da istidir. Axı anam artıq üç nəfəri cəbhəyə yola salmışdı, onun üçün son dərəcə ağır idi... "Mariya Selivestrovna Bojok, tibb bacısı

"Mən Krımda doğulub boya-başa çatmışam... Odessanın yaxınlığında...Qırx birinci ildə Kordım rayonunun Slobodsk məktəbinin onuncu sinfini bitirdim. Müharibə başlayanda ilk günlər radionu dinləyirdim... Bildim ki, geri çəkilirik... Hərbi komissarlığa qaçdım, evə göndərdilər. İki dəfə getdim, yenə rədd cavabı verdilər mənə. İyulun iyirmi səkkizində gördüm ki, bizim Slobodsk kəndindən hərbi hissələrimiz geri çəkilirlər, mən də heç bir çağırış vərəqi-zadı gözləmədən onlara qoşuldum, cəbhəyə getdim.

İlk yaralı əsgər görəndə bayıldım. Sonra bu hal ötüb keçdi. İlk dəfə döyüşçünün ardınca güllə yağışı altında sürünəndə elə qışqırdım ki, səsim gurultunu batırırdı. Sonradan buna da öyrəşdim. On gündən sonra mən yaralandım, qəlpəni özüm çıxartdım, özüm-özümü sarıdım...

Qırx ikinin iyirmi beşi dekabrıydı... Bizim əlli altıncı ordunun üç yüz otuz üçüncü diviziya Stalinqrad yaxınlığında yüksəkliyi ələ keçirmişdi. Düşmən nəyin bahasına olur olsun həmin mövqeyi qaytarmaq istəyirdi. Döyüş başladı. Üstümüzə tanlklar gəlirdi. Lakin onları artilleriyamız dayandırdı. Almanlar geri oturdular. Neytral zonada yaralı leytenant qalmışdı, artilleriyaçı Kostya Xudov. Onu sürüyüb gətirmək istəyən sanitarları vurub öldürmüşdülər. Leytenanta sarı iki sanitar it (mən onları ilk dəfəydi görürdüm!) süründü, onları da vurub öldürdülər.

Nəhayət, mən, qulaqlı papağımı çıxarıb, ayağa durdum, müharibədən qabaq bir sevimli mahnı vardı- Mən səni igidliyə göndərdim- başladım onu oxumağa, əvvəlcə astadan, sonra isə ucadan. Hər iki tərəf, almanlar da, bizimkilər də susdular... Kostyaya yaxınlaşdım, əyildim, onu kirşəyə qoyub gətirdim. İndi qayıdıram, düşünürəm: nolaydı kürəyimdən vurmayaydılar, qoy başımdan vursunlar. Bax... indicə atacaqlar... indicə... Həyatımın son anlarıdır... İndicə... Maraqlıdır: mən ağrı hiss edəcəyəm, ya yox? Anacan, necə dəhşətlidir! Lakin heç bir güllə atılmadı...

Əynimizdəki formanı heç cür təmiz saxlaya bilmirdik- daim qan içində olurdu. Mənim ilk yaralım baş leytenant Belov, son yaralım isə minomyot vzvodunun serjantı Sergey Petroviç Trofimov olub. Yetmişinci ildə o, bizə qonaq gəlmişdi, mən qızlarıma onun yaralanmış başını göstərdim, hələ də iri çapıq yerləri qalmışdı. Mən ümumilikdə od-alov içindən dörd yüz səksən bir nəfər yaralı çıxartmışam. Jurnalistlərdən kimsə hesablayıb yazmışdı: bütöv bir atıcı batalyonu!..

Biz özümüzdən iki-üç dəfə ağır kişiləri dartıb gətirirdik. Həm də yaralılar daha ağır olurlar. Onun özünü, silahını da sürüyüb gətirirsən; yaralının əynində şinel, çəkmələr...Üstünə elə biıl səksən kiloqram yük qoyursan və özünlə bərabər sürüyürsən. Gəlib qoydun... yenə gedirsən, o birinin dalınca. Yenə gedirsən... səksən kilo, yetmiş kilo... Və bir hücumda bu, beş-altı dəfə təkrar olunur. Sənin isə cəmi qırx səkkiz kilo çəkin var- balet çəkisi. İndi artıq inanmağın gəlmir... Heç özüm də inanmıram..." Mariya Petrovna Smirnova (Kuxarskaya), sanitar təlimatçi

"Qırx ikinci il... Tapşırığa yollanırıq. Cəbhə xəttini keçmişik, hansısa qəbiristanlığın yanında durmuşuq. Bilirik ki, almanlar bizdən təxminən beş kilometrlik məsafədə durublar. Gecəydi. Onlar daim işıq saçan raketlər atırdılar. Onlara paraşüt raketlər deyirlər. Bu raketlər uzun müddət işıq saçır və ətrafı gur işıqlandırır. Vzvod komandiri məni qəbiristanlığın qırağına gətirdi, mənə raketlərin atıldığı yeri göstərdi və bir də almanların çıxa biləcəyi kolluqları nişan verdi.

Mən ölülərdən qorxmuram, uşaqlıqdan qəbiristanlıqdan qorxmamışam, lakin mənim iyirmi iki yaşım vardı, ilk dəfəydi postda dururdum... Və mən bu iki saat içində qocaldım, saçlarım ağardı... Səhər ilk dəfə olaraq başımda ağ saçlar gördüm. Mən durub kolluğa baxırdım, kolluq tərpənirdi, hərəkət edirdi və mənə elə gəldi ki, ordan almanlar gəlir... Və daha kimsə irəliləyir... Əcayib bir şey, qorxunc bir adam... Mən isə təkəm...

Məgər bu, qadın işidir? Gecə qəbiristanlıqda postda durmaq qadın işidir məgər? Kişilər buna adi baxırdılar, onlar artıq öyrənmişdilər buna - postda durmaq lazımdır, yaxud atəş açmaq lazımdır...Bizim üçün isə bütün bunlar gözlənilməz və qəfil baş vermişdi. Otuz kilometr piyada yerimək olar? Özü də hərbi sursatlarla birlikdə. İstidə. Atlar yıxılırdılar..." Vera Safronovna Davıdova, sıravi piyada

"Soruşursan ki, müharibədə ən dəhşətli şey nə idi? Məndən cavab gözləyirsən... Bilirəm, nəyi gözləyirsən... Düşünürsən ki, mən belə cavab verəcəm: ən qorxunc, ən dəhşətli şey ölümdür, hə? Ölmək?

Belədi, ya yox? Mən sizin qardaşınızı tanıyıram... Jurnalistciyəzlər... Haaa, haaaa, haaa... Niyə gülmürsən, hə?

Mən isə sənə belə cavab verəcəm... Mənim üçün müharibədə ən dəhşətli şey kişi trusikləri geyinmək idi... Bax, bu dəhşətli idi. Və bu da məni nəsə... İfadə etməyəcəm... Əvvəla, yaxşı deyil, heç yaxşı deyil...Sən müharibədəsən və Vətən uğrunda ölməyə hazırlaşırsan, əynində isə kişi trusikləri var. Bir sözlə, gülməli görünürsən. Yaxşı deyil. O zamanlar kişi trusikləri uzun və enliydi. Sətin parçadan tikirdilər. Bizim dəyədə on qız vardı, hamısı da kişi trusiki geyinmişdi. Ah! Aman Allah! Qışda da, yayda da! Dörd il!

Sovet sərhəddini keçdik... Bizim siyasi dərslərimizdə komissarın dediyi kimi canavarı öz yuvasında yaxaladıq. Polşada elə ilk kəndddən sonra bizim əynimizi dəyişdirdilər, yeni forma və geyim verdilər. Və.... vəəə! Və.... İlk dəfə olaraq qadın trusikləri, lifçikləri gətirdilər. Bütün müharibə ərzində ilk dəfə olaraq! Haaaa! Haaa, haaa! Məlumdu da... biz ilk dəfə olaraq bu dörd ildə normal qadın alt paltarları gördük...

Niyə gülmürsən? Ağlayırsan.... Niyə, niyə axı ağlayırsan?" Lola Axmetova, sıravi, atıcı

"Məni cəbhəyə götürmədilər... On altı yaşım təzəcə tamam olmuşdu, hələ on yeddiyə çox vardı. Bizim feldşeri isə götürdülər, çağırış vərəqi gətirmişdilər ona. O isə çox ağlayırdı, evdə kiçik oğlu qalmışdı. Mən hərbi komissarlığa getdim, dedim:

-Onun əvəzinə məni götürün!

Anam qoymurdu, deyirdi:

-Nina, sənin axı yaşın çatmır?! Bəlkə də müharibə tez qurtaracaq.

Ana anadır, neyləmək olar?!

Döyüşçülər mənə gah suxari saxlayır, gah da qənd verirdilər. Məni qoruyurdular. Mən bilmirdim ki, bizdə "katyuşa" var, bizim arxamızda, sığınacaqda gizlətmişdilər. Birdən "katyuşalar" başladı atəş açmağa. Onlar od-alov saçır, hər tərəfdən uğultu, gurultu eşidilir, hər yan yanırdı. Bu mənzərə məni heyrətə gətirmişdi, mən heyrətdən donub qalmışdım, qorxurdum - oddan, alovdan, gurultudan qorxurdum. Və qorxudan gölməçəyə yıxıldım və pilotkamı itirdim. Döyüşçülüər gülüb qaqqıldaşdılar.

-Nolub sənə, Ninoçek? Sevimli qızcığaza nooldu ki? Qorxdun?..

Əbəyaxa döyüşlər... Nə yadımda qalıb? Şaqqıltı! Xırıltıları unuda bilmirəm...

Əlbəyaxa döyüşlər başlanır... və dərhal bu şaqqıltı-xirtdənək səsləri...sümüklər sınır, insan sümükləri şaqqıldayır, xarç eləyir...Vəhşi səslər, bağırtılar...Hücum başlayanda mən də döyüşçülərlə bahəm, bir qədər arxada gedirəm... təsəvvür elə ki, yanbayan. Hər şey mənim gözlərium önündə baş verir... Kişilər bir-birlərinə xəncər, süngü soxurlar...Bir-birlərini deşirlər, sümüklərini sındırırlar... Süngülər ağızlara, gözlərə soxulur... Ürəklərə, qarınlara girir... Və bu... Bunu necə təsvir edəsən axı? Bir sözlə, qadınlar heç vaxt bu cür kişilər görməyiblər, onlar evdə kişiləri belə görümürlər axı! Nə qadınlıar, nə də uşaqlar...Çox dəhşətdi, dəhşətli işlər görürdülər...

Müharibədən sonra evə qayıtdım, Tulaya. Gecələr elə hey qışqırırdım. Gecələr anamla bacım daim mənim yanımda otururdular....Mən öz qışqırığımla yatırdım..." Nina Vladimirovna Kovelenova, baş serjant, atıcı rotasının sanitar təlimatçısi

"Biz Staliqrada gəlib çatdıq... Orda ölüm savaşları gedirdi. Ən dəhşətli ölüm döyüşlərinin getdiyi yerlər! Su və hava qırmızı rəngə çalırdı... Budur, biz Volqanın bu sahilindən o biri sahilinə keçməliyik. Bizi eşitmək istəyən yoxdur.

-Nə? Qızlar? Sizin nə işiniz var burda? Bizə atıcılar və pulemyotçular lazımdı, rabitəçilər yox!

Biz isə çox idik, səksən nəfər! Axşama yaxın hündürboy qızları götürdülər, məni və bir qızı isə götürmədilər, dedilər sizin boyunuz alçaqdır. Hələ balacasınız, böyüməmisiz. Ehtiyatda saxlamaq istədilər. Lakin mən elə hönkürtü vurdum ki...

İlk döyüşdə zabitlər mənim başımı səngərdəki sipərdən aşağı salırdılar, mənsə başımı çıxarıb baxmaq istəyirdim, özüm görmək istəyirdim hər şeyi... Hansısa maraq məni buna vadar edirdi, uşaq marağı... Sadəlövh idim də... Komandir qışqırır üstümə:

-Sıravi Semyonova! Sıravi Semyonova, dəli olmusan? Sənin ananı...İndi vurub öldürərlər səni!

Bunu anlaya bilmirdim. Necə yəni, məni öldürə bilərlər?! Axı mən elə təzəcə gəlmişəm cəbhəyə? Hələ bilmirdim ölüm necə olur, adi ölümdən belə başım çıxmırdı. Bilmirdim ki, ölümdən xahiş etmirlər, ona yalvarmırlar.

Köhnə yük maşınında könüllü xalq dəstələrini aparırdılar. Qocalar və cavanlar. Onların hər birinə iki qumbara verib döyüşə göndərmişdilər, silahsız idilər. Silahı gərək döyüşdə əldə edəydin. Döyüşdən sonra yarasını sarımağa döyüşçü yox idi... Hamı həlak olmuşdu..." Nina Alekseyevna Semyonova, sıravi, rabitəçi

"Mən müharibəni əvvəldən axıradək yaşadım...

İlk yaralını sürüyüb çıxarırdım, öz ayaqlarım da taqətdən düşüb. Sürüyürəm və öz-özümə pıçıldayıram:

-Nolaydı, ölməyəydi! Kaş ölməyəydi!

Onu sarğıyla bağlayıram və başlayıram ağlamağa, nəsə ona xoş sözlər deyirəm. Yanımdan komandir ötürdü. Üstümə qışqırdı, hətta söyüş də söydü...

-Nə üçün qışqırdı üstünüzə?

-Rəhm etmək, yazığı gəlmək olmazdı! Ağlamaq olmazdı! Taqətdən, gücdən düşərdim, yaralılar isə çox idi...

Gedirik... Ölənlər çoxdur, hamısı yerdə sərələniblər... Başları qırxılı, yaşıla çalır, gün vuran kartof kimi... Elə kartof kimi səpələniblər... Neçə qaçırdılarsa eləcə də şumlanmış yerdəcə qalıblar... Kartof kimi..." Yekaterina Mixaylovna Rabçayeva, sıravi, sanitar təlimatçi

"Harda baş verib deməyəcəm... Hansı yerdə olub... Bir dəfə təxminən iki yüz nəfər yaralının arasında təkəm, saraydayıq. Yaralıları birbaşa döyüş meydanından gətirirdilər, çox idilər. Hansısa kənddə.... Bilmirəm, yadımdan çıxıb... Gör nə qədər vaxt keçib!.. Yadımdadır ki, düz dörd gün yatmadım, oturmadım, hərə bir yandan qışqırırdı:

-Bacı! Bacı! Kömək elə, əzizim!

Mən də gah buna, gah da ona tərəf qaçırdım. Bir dəfə ayağım ilişdi və yıxıldım və dərhal yuxuya getdim. Qışqırtıdan oyandım, komandir, cavan leytenant idi, həm də özü də yaralanmışdı, salamat böyrü üstə dikəlib qışqırırdı:

-Susun! Əmr edirəm, susun! Danışmayın!

O, başa düşmüşdü ki, mənim gücüm yoxdu, lakin hamı köməyə səsləyir, yaraları incidirdi.

-Bacı! Bacıcan!

Mən duran kimi cumdum, özüm də bilmirəm hara cumuram. Və yalnız o zaman cəbhədə olduğum müddət ərzində ilk dəfəydi ki, ağladım.

Budur...Öz ürəyini heç vaxt tanıya bilməzsən. Qış vaxtı bizim hissəmizin yanından alman əsirlərini aparırdılar. Onlar soyuqdan donurdular, üşüyürdülər, başlarına cırıq-yırtıq ədyallar bağlamışdılar, nimdaş şinellərdə idilər. Şaxta isə qılınc kimi kəsirdi, göydə quş uçmurdu. Quşlar da donmuşdu. Bu kalonda bir əsgər də addımlayırdı... Oğlan idi... Onun üzündəki göz yaşları donmuşdu... Mən isə kirşədə yeməkxanaya çörək daşıyırdım. O cavan oğlan da gözünü kirşədən çəkmirdi. Məni görmürdü, təkcə kirşəyə baxırdı. Çörək... Çörək... Mən bir dənə çörək götürdüm, böldüm və yarısını ona verdim. O, götürür.... Götürür və inanmır. İnanmır... İnanmır gözlərinə!

Mən isə xoşbəxt idim... Xoşbəxt idim ki, nifrət etməyi bacarmırdım. Özüm də özümə mat qalmışdım..." Natalya İvanovna Sergeyeva, sıravi, sanitar

Anamın yanına bircə mən qayıtdım...

Moskvaya gedirəm... Nina Yakovlevna Vişnevskaya haqqında bildiklərim bir neçə sətirdir, bloknotuma yazmışam: on yeddi yaşında cəbhəyə gedib, beşinci ordunun otuz ikinci tank briqadasının birinci batalyonunda sanitar təlimatçı olub. Məşhur Proxorovka ətrafında gedən döyüşlərdə iştirak edib; bu döyüşlərdə həm alman, həm də sovet tərəfindən düz min iki yüz tank və özüyeriyən top qarşı-qarşıya gəlib. Dünya tarixində ən böyük tank savaşlarından biri olub.

Mənə onun ünvanını Borisovdan olan məktəbli ləpirçilər verdilər; onlar öz məktəb muzeylərinə doğma şəhərlərini azad edən otuz ikinci tank briqadası haqqında geniş materiallar toplamışdılar. Adətən tank briqadalarında kişi sanitar təlimçilər xidmət edirdilər, burda isə bir qız olub! Dərhal yola düşdüm...

Artıq fikirləşirəm ki, bu onlarca ünvan arasından kimin ünvanını seçim? İlk vaxtlar hansı qarşıma çıxırdı hamısını yazırdım. Mənə zəncirvari ünvanlar ötürürdülər, döyüşçü qızlardan bir-birinin dalınca zənglər gəlirdi. Məni öz görüşlərinə dəvət edirdilər, ya da sadəcə çay və piroq süfrəsinə qonaq çağırırdılar. Mən başladım bütün ölkədən məktublar almağa, ünvan da cəbhə poçtuyla ötürülürdü. Yazırdılar:"Sən artıq bizimkisən, sən də artıq cəbhə qızlarından birisən".

Tezliklə anladım: hamısını yazmaq mümkün də deyil, seçim və axtarış üçün nəsə ayrı bir prinsip lazımdır. Hansı prinsip? Əlimdə olan ünvanları saf-çürük eləyərkən özüm üçün belə bir prinsip müəyyən etdim: müxtəlif hərbi ixtisaslı qadınların səsini yazmağa çalışmaq. Axı bizim hər birimiz həyatı öz işi-gücü, ixtisası vasitəsilə, həyatda, yaxud da hadisədə öz iştirak payı vasitəsilə görür.

Güman etmək olardı ki, (bu müqayisənin şərti olduğuna baxmayaraq!) tibb bacısı ayrı bir müharibə görüb, çörək bişirən isə bir başqa müharibəni görüb, desant qadın bir başqa, təyyarəçi qadın isə tamam ayrı cür müharibə görüb, avtomatçılar vzvodunun komandiri isə beşinci bir müharibə görüb... Onlardan hər biri müharibəni öz çərçivəsində, öz radiusunda görüb- birinin dairəsi cərrahiyyə stolu olub:"

O qədər kəsik ayaq və qol görmüşəm ki...Hətta inanmağım gəlmirdi ki, hardasa bütöv bədənli kişi var. Mənə elə gəlirdi ki, onların hamısı ya yaralıdı, ya da həlak olublar..." (A. Demçenko, baş serjant, tibb bacısı); o birinin dairəsi- səyyar mətbəxin qazançaları olub:"Döyüşdən sonra olurdu ki, heç kim sağ qalmayıb... Kaşayla dolu qazan, sup qazanları qalıb, kimə verəsən?..." (İ . Zinina, sıravi, aşpaz); üçüncünün dairəsi-təyyarəçi kabinəsi olub:"Bizim düşərgəmiz meşədə yerləşirdi. Mən uçuşdan qayıdıb gəldim və meşəyə getmək istədim, yayın ortalarıydı, çiyələklər yetişmişdi.

Cığırla gedirdim, gördüm bir alman uzanıb... Artıq qaralmışdı... Qorxu bürüdü canımı. Bu vaxta qədər heç vaxt öldürülmüş adam görməmişdim, amma bir il idi ki, döyüşürdüm. Orda, göydə ayrı müharibə gedir.... Uçanda, beynində yalnız bir fikir dolaşır: hədəfi tapmaq və vurmaq, yerə qayıtmaq. Biz meyitlərə rast gəlməmişdik. Bu qorxunu yaşamamışdıq..." (A. Bondareva, qvardiya leytenantı, baş təyyarəçi). Partizan qadın üçün müharibə isə yanan tonqal qoxusu kimi assosiasiya yaradır: "Tonqalda hər şey, çörək də, xörək də bişirirdik, kömür qalanda kürkümüzü, dəri çəkmələrimizi qurudurduq. Gecələr isə qızınırdıq... " (Y. Vısoçkaya).

Lakin uzun müddət düşüncələrlə təkbaşına qalmaq müyəssər olmur; bələdçi qadın çay gətirir. Kupedə dərhal səs-küy qopur, şən-əhval ruhiyyəli tanışolmalar başlayır. Ənənəvi olaraq ortaya "Moskovski" şüşəsi qoyulur, ev qəlyənaltısı düzülür və... beləliklə, bizdə adətən deyildiyi kimi, qəlb söbətləri başlanır. Ailə gizlinlərindən, siyasətdən, sevgidən, nifrətdən, rəhbərlərdən, qonşulardan...söhbətlər gedir.

Bir həqiqəti çoxdan başa düşmüşdüm: biz yol adamlarıyıq və söhbət eləməyi xoşlayırıq...

Mən də danışıram: hara gedirəm, nə üçün gedirəm? Mənim yol yoldaşlarımdan ikisi müharibədə olub, biri lap Berlinə kimi gedib çıxıb, istehkamçı batalyonun komandiri olub. İkincisi isə Belarus meşələrində partizanlıq eləyib, üç il. Dərhal müharibədən danışırıq.

Sonradan yadımda qalan danışıqlarımızı bloknotuma yazdım.

-Biz artıq ölən bir nəsilik! Mamontlar! Biz o nəsildənik ki, bizim nəsil inanırdı. İnanırdıq ki, həyatda insan həyatından da yüksəkdə duran nəsə bir şey var. Vətən və böyük ideya! Həm də Stalin! Niyə yalan danışım? Necə deyərlər, mahnıdan sözləri çıxara bilməzsən ki!

-Əlbəttə... bu... Bizim dəstəmizdə cəsur bir qız vardı...Dəmir yolunu partlatmağa getmişdi. Müharibədən qabaq bütün ailəsi -atası, anası, iki böyük qardaşı repressiyaya məruz qalmışdı. O xalasıyla yaşayırdı, anasının bacısı... Müharibə başlayan kimi partizanları axtarmağa başlayır. Dəstədə gördülər ki, qız çox qorxulu bir işə girişib... O sübut etmək istəyirdi ki... Hamını təltif elədilər, onu isə yox. Bir dəfə də onu təltif eləmədilər. Medal vermədilər ona, çünki valideynləri xalq düşməni idilər. Bizim ordumuza gəlməmişdən qabaq onun bir ayağını kəsmişdilər. Mən hospitalda ona baş çəkdim... Qız ağlayırdı...Deyirdi:

-İndi mənə inanarlar, hamı inanar...

Çox gözəl qız idi...

-Mənim yanıma iki qız gəlmişdi, istehkamçı vzvodların komandirləriydi...Kadrlar şöbəsindən hansısa axmaq onları göndərmişdi mənim yanıma. Dərhal geri göndərdim. Çox narazıydılar. İkisi də istəyirdi ki, ön cəbhəyə getsinlər və mina keçidləri düzəltsinlər.

-Niyə onları geri göndərdiniz?

-Səbəblər vardı. Birincisi, mənim kifayət qədər yaxşı serjantlarım vardı, onlar həmin işləri qızlardan yaxşı görə bilərdilər. İkincisi, hesab edirdim ki, qadının ön zonada nə işi var. Cəhənnəmin istisində nə ölümü var onların! Bəs qədər kişi var! Həm də bilirdim ki, onlar üçün gərək ayrıca blindaj düzəldəydin, müxtəlif qız işləriylə məşğul olmaq üçün fəaliyyət sahəsi təşkil edəsən. Çox başağrısıydı.

-Deməli, sizin fikrinizcə, müharibə qadın işi deyil?

-Tarixi yadımıza salsaq, görərik ki, bütün zamanlarda rus qadını ərini, qardaşını, oğlunu təkcə müharibəyə yola salmayıb, təkcə onları həsrətlə gözləməyib. Vaxtilə knyaginya Yaroslavna qala divarlarına dırmaşıb ordan düşmənin başına ərimiş qətran tökürmüş. Lakin biz kişilər vicdan əzabı çəkirdik, özümüzü günahkar hiss edirdik ki, bizim qızlarımız vuruşurlar, mən bu əzabı indi də yaşayıram. Yadıma gəlir ki, geri çəkilirdik. Payız idi, günlərlə yağış yağır, dayanmır. Yolun qırağında həlak olmuş bir qız sərələnib...Uzun hörükləri vardı, o tamam palçıq içindəydi...

-Əlbəttə, əlbəttə... Mən eşidəndə ki, bizim tibb bacıları mühasirə vaxtı müqavimət göstəriblər, yaralıları döyüş meydanlarında qoruyaraq döyüşüblər, çünki yaralılar uşaq kimidilər, köməksiz, o zaman mən bunu anladım... Yadıma gəlir ki, iki qız neytral zonayla sürünürdü, snayper tüfəngiylə kimisə öldürmək lazım idi. Hə, hə... Hisslərimi cilovlaya bilmirəm... Axı bu, əlbəttə, hər halda "ov" idi... Mən özüm də atmışam... Axı mən kişiyəm...

-Axı onlar doğma torpaqlarını müdafiə edirdilər? Vətəni xilas edirdilər...

-Əlbəttə, əlbəttə... Belə qadınla ola bilsin ki, kəşfiyyata gedərdim, amma onu almazdım. Hə, əlbəttə... Biz axı qadın barədə düşünəndə öyrənmişik ona ana və gəlin kimi baxaq. Nəhayət, gözəl xanım kimi baxmışıq ona. Kiçik qardaşım danışırdı ki, bizim şəhərin küçələriylə alman əsirlərini aparırmışlar. O da, o biri uşaqlar kimi quşatanlarla kalonu daşa basırmış. Anam bunu görəndə onu vurub. Əsirlər isə sütül gənclər imiş, Hitler sonuncu cavan adamları seçib cəbhəyə göndərirmiş. Qardaşımın yeddi yaşı vardı, lakin o xatırlayırdı ki, anamız o almanlara baxanda ağlayırmış və deyirmiş:"Sizi müharibəyə göndərən yerdə ananız kor olaydı!" Müharibə kişi işidir. Məgər haqqında yazılası kişilər yoxdu ki?

-Yoxx, yox... Mən- şahidəm! Yox! Müharibənin ilk aylarını gəlin yadımıza salaq:aviasiya yox, sərhəd boyu bütün təyyarələrimiz yerdə vurulmuş vəziyyətdə, havaya belə qalxa bilmədilər... Rabitə yox, tanklar yanır, kibrit qutuları kimi, köhnə tanklar idi. Milyonlarla əsgərimiz və zabitimiz əsir düşüb... Milyonlarla! Budyonnı süvari hissələri tanklara qarşı vuruşurdu. Atlar metala qarşı! Ay yarımdan sonra artıq alman ordusu Moskava ətrafındaydı... Leninqrad üzük qaşı kimi blokadada.... Professorlar könüllü dəstələrə yazılırdılar. Qoca professorlar! Və qızlar da könüllü olaraq cəbhəyə çan atırdılar, qorxaq özü döyüşə getməz! Bu qızlar igid, qeyri-adi qızlar idi! Statistika var: ön cəbhə zonalarında tibb işçilərinin itkisi atıcı batalyonlarındakı itkidən sonra ikinci yerdə gedirdi. Piyada qoşunlarında. Məsələn, döyüş meydanından yaralı çıxarmaq nə deməkdir? Mən indi sizə bir əhvalat danışacam...

Biz hücuma keçmək üçün ayağa qalxdıq, lakin hamını pulemyotla biçdilər. Batalyon qırıldı. Hamı yerə yıxılmışdı. Hamısı ölməmişdi, çoxlu yaralı da vardı. Almanlar atəş açır, atəş səsləri kəsmirdi. Birdən gözlənilmədən xəndəkdən bir qız, sonra ikinci qız, daha sonra üçüncü qız... çıxdı. Heç kim gözləmirdi bunu. Onlar başladılar yaralıları sarımağa, dartıb səngərlərə gətirməyə, hətta almanlar da bir müddət təəccübdən susdular.

Axşam saat ona qədər qızlar ağır yaralanmışdılar, lakin hər biri maksimum iki-üç nəfər döyüşçünün həyatını xilas etmişdi. Onları çox xəsisliklə təltif edirdilər, müharibənin əvvəlində təltiflər o qədər də çox olmurdu. Yaralını döyüş meydanından gərək onun şəxsi silahıyla birgə çıxaraydın. Tibb məntəqəsində ilk sual bu olurdu: silah hanı?

Müharibə başlayanda silah çatışmırdı. Tüfəng, avtomat, pulemyot- bütün bu silahları da sürüyüb gətirmək lazım idi. Qırx birdə əsgər həyatını xilas etməyə görə iki yüz səksən bir nömrəli əmr çıxdı: ağır yaralanmış on beş nəfəri şəxsi silahıyla birgə döyüş meydanından çıxarmağa görə "Döyüş xidmətlərinə görə" medalı, iyirmi beş nəfəri xilas etdiyinə görə Qırmızı Ulduz Ordeni, qırx nəfəri xilas etdiyinə görə Qırmızı Bayraq ordeni, səksən nəfəri xilas etdiyinə görə isə Lenin ordeni ilə təltif nəzərdə tutulsun. Lakin mən sizə güllə yağışı altında hələ yalnız bir nəfərin həyatının necə xilas edilməsini təsvir etdim. Bilirsiz bu, nə demək idi?..

-Əlbəttə, əlbəttə... Mənim də yadıma gəlir... Hə, hə...Kəşfiyyatçılarımızı kəndə göndərmişdilər. Orda da alman qarnizonu yerləşirdi. İki nəfər getdi.... Ardınca bir nəfər də getdi... Heç kim qayıtmadı. Komandir qızlardan birini çağırıb dedi:

-Lyusya, sən gedəcəksən...

Qıza çoban paltarı geyindirdilər, yola çıxartdılar...Bəs nə etməli? Çıxış yolu vardı? Kişiləri öldürürdülər, qadın isə keçə bilərdi. Əlbəttə...Lakin qadının əlində tüfəng görmək...

-Qız qayıdıb gəldi?

-Familyasını unutmuşam...Adı yadımda qalıb- Lyusya. O, sonralar həlak oldu.

Hər ikisi uzun müddət danışmadı. Sonra həlak olanlar üçün badələrini qaldırırlar. Söhbətin mövzusu ayrı səmtə yönəlir- müharibədən əvvəl ən yaxşı komandir kadrlarını məhv edən Stalin haqqında danışırlar. Hərbi elitanı məhv etdiyindən, otuz yeddinci ildə amansız kollektivçilik hərəkatından, düşərgə və sürgünlərdən danışırlar. Danışırlar ki, otuz yeddi olmasaydı, bəlkə qırx bir də olmazdı. Bəlkə də Moskvaya qədər geri çəkilməzdik və qələbə üçün bu qədər qurban da verməzdik.

Soruşuram:

-Müharibədə sevgi, məhəbbət olurdumu?

-Cəbhə qızları arasında o qədər gözəllər vardı ki....Lakin biz onlarda qadınlıq görmürdük. Mənim fikrimcə onlar ecazkar qızlar idi. Lakin onlar bizim dostlarımız idilər, bizi döyüş meydanlarından sürüyüb çıxarırdılar. Xilas edirdilər, bizə qulluq edirdilər. Məni yaralı vəziyyətdə iki dəfə meydandan çıxarıblar. Axı onlara necə pis münasibət bəsləyə bilərdim? Axı siz qardaşınıza ərə gedə bilərsiniz? Biz onlara "bacı" deyirdik.

-Bəs müharibədən sonra?

-Müharibə qurtarandan sonra o qızlar müdafiəsiz qaldılar. Dəhşətli dərəcədə. Elə götürək mənim arvadımı. Çox ağıllı qadındır, o da müharibədə olmuş qızlara qarşı pisdir. Hesab edir ki, o qızlar müharibəyə nişanlı tapmaq üçün gediblər, orda eyş-işrətlə məşğul olublar. Lakin həqiqətdə isə belə deyildi- biz axı sizinlə səmimi söhbət edirik! O qızların əksəriyyəti namuslu qızlar idi. Təmiz qızlar idilər. Lakin müharibədən sonra...

O çirkabdan, ölümdən, bit-birədən sonra...Nəsə gözəl, səliqəli, güləş bir qadın istəyirdin...Mənim bir dostum vardı, onu yadımdadı ki, cəbhədə gözəl bir qız sevirdi. Tibb bacısıydı. Lakin oğlan o qızla evlənmədi, tərxis olunandan sonra ayrı birisini, qılıqlısını tapdı. Və indiyə kimi də o qadınla xoşbəxt deyil. İndi o, müharibədəki sevgisini xatırlayır, o qız ona dost ola bilərdi. Lakin cəbhədən sonra dostum onunla evlənmək istəmədi, çünki o qızı düz dörd il nimdaş çəkmələrdə və kişi gödəkçələrində görmüşdü. Biz çalışırdıq ki, müharibəni unudaq. Və öz qızlarımızı da unutmuşuq...

-Əlbəttə... əlbəttə... Çox cavan idik. Yaşamaq istəyirdik...

Beləcə həmin gecəni heç birimiz yatmadıq. Səhərədək söhbət elədik.

...Metrodan çıxan kimi dərhal sakit bir Moskva həyətinə daxil oluram. Həyətdə qum təpəcikləri və uşaqlar üçün yelləncəklər var. Gedə-gedə telefondakı təəccüblü səsi yadıma salıram:"Gəlmisiz? Birbaşa mənim yanıma? Veteranlar Şurasında heç nəyi dəqiqləşdirmək istəmirsiz? Onlarda mənim haqqımda bütün məlumatlar var, yoxlayıblar hamısını". Hətta mən bir qədər özümü itirdim. Əvvəllər düşünürdüm ki, əzab və iztirab insanı müstəqil, azad edir, onda insan yalnız özünə məxsus olur. Onu öz yaddaşı müdafiə edir. İndi isə məlum olur ki, yox, hər zaman belə olmur. Çox vaxt bu bilgi və hətta həddən artıq çox bilmək (adi həyatda belə olmur) ayrıca mövcuddur - elə bil hansısa toxunulmaz ehtiyatdır, ya da çoxqatlı külçədəki qızıl tozcuqları kimidir. Gərək boş süxuru uzun müddət qaşıyasan, çöküntüləri qazmaqla bərabər, nəhayət o, parıldayacaq! Və o, sənə hədiyyə verəcək! İstədiyini alacaqsan!

Belə. Doğrudan biz axı necəyik-nədən yoğrulmuşuq, hansı materialdan yapılmışıq? Anlamaq istəyirəm ki, bizim bu qədər möhkəm və davamlı olmağımız nədəndir görəsən? Bax elə mən də buna görə, bunun üçün bura gəlmişəm...

Qapını çox da hündür olmayan dolu bir qadın açır. Salamlaşmaq üçün kişi kimi sağ əlini mənə uzadır, o biri əlindən isə balaca nəvəsi tutub. Nəvənin soyuqqanlı təmkinindən və və adi marağından başa düşürəm ki, bu evdə qonaq-qara çox olur. Bu ev qonaqları həmişə gözləyir.

Böyük otaqda demək olar ki, adi ev əşyası yoxdur, genişlikdir. Rəflərdə kitablar var, əksəriyyəti hərbi memuarlardır, çoxlu böyüdülmüş müharibə şəkilləri var, tankçı papağı sığın buynuzundan asılıb, pardaxlanmış balaca stolun üstündə bir neçə xırda tank görürəm, hamısının üstündə yazı var: "N" hərbi hissəsinin əsgərlərindən", "Tank məktəbi kursantlarından"... Divanda mənim yanımda üç oyuncaq gəlincik "oturub"- hamısı hərbi formadadır. Otaqda hətta pərdə və oboylar da xaki rəngindədir.

Başa düşürəm ki, burda müharibə bitməyib və heç vaxt da bitməyəcək.

Nina Yakovlevna Vişnevskaya, starşina, tank batalyonunun sanitar təlimatçısi:

-Nədən başlayım? Mən hətta özümçün mətn də hazırlamışam... Yaxşı... olsun, qoy elə ürəyim nə istəyir onu deyim. Necə olub... Danışım... dost kimi danışım...

Ondan başlayım ki, tank qoşunlarına qızları həvəssiz götürürdülər. Demək olar ki, heç götürmürdülər. Mən ora necə düşdüm? Biz Kalinin vilayətində Konakovo şəhərində yaşayırdıq. Səkkizinci sinifdə imtahanlarımı verdim və doqquza keçirdim. Bizlərdən heç kim o vaxt bilmirdi müharibə nə olan şeydir. Bizim üçün müharibə hansısa bir oyun idi, kitab təsviriydi. Biz inqilab romantikası, idealları altında tərbiyə almışdıq, böyümüşdük. Biz kitablara inanırdıq... Düşünürdük ki, müharibə tezliklə bizim qələbəmizlə bitəcək. Tez bir zamanda...

Bizim ailəmiz böyük bir kommunal evdə yaşayırdı, orada ailələr çox idi və hər gün müharibəyə adamlar yola salırdılar; Petya əmi, Vasya əmi... Biz onları yola salırdıq... biz uşaqları daha çox maraq bürümüşdü. Biz onların dalınca qatara qədər gedirdik və musiqi səslənəndə qadınlar ağlayırdı- bütün bunlar bizi heç də qorxutmurdu, əksinə, əyləndirirdi. Diqqətimizi cəlb edirdi. Nəfəs orkestri həmişə "Slavyanka marşı"nı çalırdı. Adam istəyirdi ki, qatara minib getsin. Bu musiqi sədaları altında.

Bizə elə gəlirdi ki, müharibə hardasa uzaqlardadır. Məsələn, hərbi formanın düymələrindən mənim xoşum gəlirdi. Onlar parıldayırdılar. Mən artıq sanitarlıq kursuna gedirdim, lakin bütün bunlar mənə uşaq əyləncələri kimi gəlirdi. Sonra məktəbi bağladılar, bizi isə müdafiə məqsədi ilə tikilən obyektlərdə işləməyə göndərdilər. Saraylarda yerləşdirdilər, təmiz döşəmələrin üstündə yatırdıq. Biz hətta qürur duyurduq ki, müharibəylə bağlı hansısa işin qulpundan yapışmağa gedirik. Bizi zəif batalyona yazdılar. Səhər saat səkkizdən, axşam saat səkkizə qədər işləyirdik, gündə on iki saat. Biz tanklar əleyhinə xəndəklər qazırdıq. Hamımızın, oğlan və qızlarımızın cəmi on beş-on altı yaşı vardı...

Bir dəfə işlədiyimiz zaman qışqırtı eşitdik: kimi "Hava hücumu!", kimi "Almanlar!" deyirdi. Böyüklər gizlənməyə qaçdılar, bizim üçün isə maraqlıydı- görəsən, alman təyyarələri necə olur? Alman özü necədir? Təyyarələr ötüb keçdilər, lakin biz heç nə görə bilmədik. Hətta dilxor da olduq...

Bir azdan həmin təyyarələr qayıdb gəldilər, artıq lap aşağıdan uçurdular. Hamı qara krestləıri gördü. Heç kəsdə qorxu hissi belə yaranmadı, yalnız maraq naminəydi... Birdən təyyarələr pulemyotdan atəş açdılar, birbaşa üstümüzə güllə yağışı yağdı və bizim gözlərimizin qabağındaca uşaqlar yıxıldılar, onlarla bir yerdə oxuyurduq və bir yerdə də işləyirdik. Bizi elə bil don vurdu, heç nə başa düşə bilmirdik: bu nədir belə? Durub baxırdıq...Elə bil kimsə bizi yerə mıxlamışdı... Və artıq bizdən yaşca böyüklər cumub bizi yerə sərdilər, buna baxmayaraq, hələ də qorxu hiss etmirdik...

Çox keçmədi ki, almanlar artıq şəhərin yaxınlığında idilər- hardasa on kilometrlik bir məsafədə, top gurultuları eşidilirdi. Qızlarla bilikdə hərbi komissarlığa qaçdıq: əlbəttə ki biz də müdafiəyə qoşulmalıydıq!Tərəddüdsüz-filansız! Lakin hamını götürmədilər. Güclü, dözümlü qızları, özü də on səkkiz yaşı tamam olmuş qızları götürdülər. Ən yaxşı komsomolçuları. Hansısa kapitan tank qoşunları hissəsinə qızlar seçirdi. Əlbəttə, o, mənə heç qulaq da asmadı, çünki hələ on yeddi yaşım vardı. Boyum da cəmi bir metr altmış idi.

-Piyada əsgər yaralansa,- deyə o, mənə izah edirdi,- yerə yıxılır. O zaman ona sarı sürünmək olar, yerində də sarğını bağlamaq olar, ya da onu dartıb sığınacağa sürümək olar. Lakin tankçı sənin üçün piyada deyil...Əgər onu tankın içində yaralasalar, onda gərək onu ordan - lyukdan çıxarasan. Sən belə bir oğlanı ordan çıxara bilərsən? Bilirsən tankçılar necə boylu-buxunlu olur? Tanka girmək lazım gələndə atəş altında gərək girəsən, daim atırlar, mərmi qırıntıları böyür-başından uçur. Sən heç bilirsən tankın yanmağı nədir?

-Məgər mən o biri komsomolçu qızlar kimi deyiləm?- Başladım ağlamağa.

-Əlbəttə, komsomolçusan. Amma çox balacasan.

Mənimlə bir kursada oxuyan rəfiqələrimi isə götürdülər. Onlar hündürboy, güclü qızlar idilər. Mənə ayıb gəlirdi- onlar gedirlər, mən isə qalıram!

Təbii ki, valideynlərimə heç nə demədim. Gəldim rəfiqələrimi ötürməyə, qızların mənə rəhmi gəldi: məni maşının kuzovunda brezentin altında gizlətdilər. Açıq yük maşınında gedirdik, müxtəlif rəngli örpəklər vardı başımızda. Kimi qara, kimi göy, kimi qırmızı örpək bağlamışdı... Mənim başımda isə örpək əvəzinə anamın koftasıydı. Sanki müharibəyə yox, bədii özfəaliyyət konsertinə gedirik.

Tamaşa! Lap kinoydu... İndi o anları xatırlayanda adamın gülməyi gəlir...Şura Kiselyova hətta gitarasını da götürmüşdü. Gedirik, artıq səngərlər görünür, əsgərlər bizi görüb qışqırırlar:"Artistlər gəldi! Artistlər gəldi!"

Qərargaha gəlib çatdıq, kapitan əmr elədi ki, düzlənək. Hamı düşdü, mən də axırda düşdüm. Qızlar torbalarıyla, mənsə əliboş. Çünki mən qəflətən gəlmişdim, özümlə heç nə götürə bilməmişdim. Şura öz gitarasını mənə verir:

-Götür, heç olmasa əlində bir şey olsun!

Qərargah rəisi çıxır, kapitan ona məruzə edir.

-Yoldaş podpolkovnik! Xidmət eləmək üçün on iki qız sizin sərəncamınızda hazırdır!

Rəis bizə tərəf baxdı, dedi:

-On iki nəfər deyil axı, on üç nəfərdi!

Kapitan isə təkidlə bildirir:

-Xeyr, yoldaş podpolkovnik, on iki nəfərdir!

Kapitan özünə əmin idi, sonra o, dönüb dala baxanda məni gördü və dərhal:

-Sən hardan çıxdın?- deyə təəccüblə soruşdu.

-Vuruşmağa gəlmişəm, yoldaş kapitan!

-Gəl görüm bura!

-Mən rəfiqəmlə birlikdə gəlmişəm!

-Rəfiqənlə yaxşı olar ki, rəqsə gedəsən! Bura isə müharibədir! Yaxın gəl görüm!

Anamın koftası başımda eləcə də kapitana yaxınlaşdım. Sanitar drujinaçısı vəsiqəmi göstərirəm. Başlayıram dil tökməyə:

-Əmilər, arxayın olun, mən güclüyəm. İnanın mənə... Mən tibb bacısı da işləmişəm... Qan vermişəm... Xahiş edirəm... siz...

Mənim bütün sənədlərimə baxandan sonra podpolkovnik əmr elədi:

-Evə göndərin! Elə ilk yol maşınıyla!

Maşın gələnəcən müvəqqəti olaraq məni vzvodun tibb məntəqəsinə göndərdilər. Oturub tənziflərdən tampon düzəldirəm. Qəragaha hansısa maşının yaxınlaşdığını görən kimi tez qaçıb girirəm meşəyə, orda iki-üç saat oturub gözləyirəm ki, maşın çıxıb getsin, sonra qayıdıram.

Beləliklə, üç gün keçdi və bizim batalyon döyüşə girdi. Otuz ikinci tank briqadasının birinci tank batalyonu. Hamı döyüşə getdi, mən isə yaralılar üçün dəyə, yer hazırlayırdım. Yarım saat keçmədi ki, yaralıları gətirməyə başladılar... Həlak olanları da... Bu döyüşdə bizim qızlardan biri də həlak oldu. Və beləliklə, mən yaddan çıxdım, artıq öyrəşmişdilər mənə. Rəhbərliyin heç yadına düşmürdü...

Bəs indi nə etməli? İndi hərbi forma geymək lazım idi. Hamımıza torba vermişdilər ki, öz şeylərimizi ora qoyaq. Torbalar təptəzəydi. Mən onların qayışlarını kəsdim, altlıqlarını sökdüm və əynimə geyindim. Hərbi yubka alındı. Çox da nimdaş olmayan bir gimnastyorka da tapdım, kəmərlə bağladım belimə, başladım qızların qabağında özümü göstərməyə. Və elə təzəcə o tərəf bu tərəfə fırlanırdım ki, starşina içəri girdi, onun dalınca isə hissə komandiri.

Starşina:

-Düzlən!- deyə əmr etdi.

Podpolkovnik içəri girdi və starşina ona məruzə edir:

-Yoldaş podpolkovnik, icazə verin müraciət edim! Qızlar bir pis iş görüblər! Mən onlara arxa çantaları paylamışam ki, şey-şüylərini qoysunlar, onlar isə özləri giriblər içinə!

Və bu zaman hissə komandiri məni gördü, dedi:

-Ahaaaa... bu, sənsən, "dovşan!" Yaxşı, starşina, qızları geyindirmək lazımdı!

Artıq yol maşını, evə qayıtmaq məsələsini heç kim yadına salmırdı. Bizə hərbi forma verdilər. Tankçıların brezent şalvarları, dizlərinin üstündə də yarlıqlar vardı; bizə isə nazik çit kombinezonlar verildi. Torpağın yarısı demək olar ki, metal qırıntılarla qarışmışdı, daş-kəsək üzə çıxmışdı, bizim əyin-başımız da sürtünməkdən cırıq-cırıq olurdu; axı biz tankda oturmurduq, yerlə sürünürdük. Tanklar tez-tez yanırdı. Tankçının bütün bədəni yanıq-yanıq olurdu, əlbəttə, əgər ölməmişdisə. Biz də yanırdıq, çünki yanan adamı tankın lyukundan çıxarırdın, od-alovun içinə girirdin. Bu, həqiqətdi... Lyukdan adamı çıxartmaq çox çətindi, xüsusilə qabaqdakı atıcını. Ölmüş adam diridən qat-qat ağır olur. Mən bunu tezliklə bildim...

Biz hazırlıqsız, təlim görməmiş qızlar idik, kimin hansı rütbədə olduğunu bilmirdik; starşina bütün günü bizi öyrədirdi ki, biz artıq əsl əsgərik, rütbəcə böyük olan hər bir kəsi salamlamaq lazımdı.

- Səliqəli, şıq geyinməlisiniz, kəmər belinizdə kip bağlanmalıdır, şinelininizin düymələri açıq olmamalıdır.

Əsgərlər isə görürdülər ki, biz lap südəmər qızlarıq, bizimlə başlayırdılar zarafata. Bir dəfə məni vzvodun sanitar-tibb məntəqəsindən çay dalınca göndərdilər. Aşpaza yaxınlaşdım. O da mənə baxıb soruşdu:

-Hə, nə üçün gəlmisən?

-Çay üçün...

-Çay hələ hazır deyil...

-Niyə?

-Aşpazlar qazançada yuyunurlar. Qoy yuyunsunlar, sonra çay qaynadarıq...

Mən də inandım. Bunu çox ciddi qəbul elədim. Öz vedrəmi götürüb qayıtdım geri. Həkimə rast gəldim, dedi:

-Niyə əliboş qayıdırsan? Çay hanı?

-Aşpazlar qazançada yuyunurlar. Çay hələ hazır deyil.

O, başını iki əlli tutdu, soruşdu:

-Nə? Hansı aşpaz qazançada yuyunur?

Məni geri qaytardı, o aşpaza da yaxşıca dərs verdi, sonra mənə iki vedrə çay tökdülər. Çayı gətirəndə rastıma siyasi şöbənin rəisiylə, briqada komandiri çıxdı. Mən dərhal öyrəndiklərimi yadıma saldım: hər kəsi salamlamaq lazımdır, çünki biz sıravi döyüşçülərik. Onlar da iki nəfər idilər, qarşıma çıxmışdılar. Mən onların ikisini də necə salamlayım axı? Gələ-gələ fikirləşirdim. Mənə çatanda, vedrəni yerə qoydum, hər iki əlimi hərbi qaydada qaldırıb, əvvəlcə birinə, sonra da o birisinə salam verirəm. Onlar isə gedirdilər, əvvəlcə məni görmədilər, birdən təəccübdən yerlərində donub qaldılar, soruşdular:

-Belə salamlaşmağı sənə kim öyrədib?

-Starşina... Deyir ki, gərək hər bir kəsi salamlayasan.. Siz də iki nəfərsiz axı... birlikdə gedirsiz...

Biz qızlar üçün orduda hər şey çətin idi. Rütbələri fərqləndirmək ikiqat çətin idi. Orduya gələndə hələ rombşəkilli nişanlar, kubiklər, düzbucaqlı şpallar vardı... Bu fərqlənmə nişanlarından baş çıxarmaq çətin məsələydi. Deyirdilər- bu paketi kapitana apar. Bəs kapitanı necə ayırasan? Sən gedib çıxana kimi "kapitan" sözünün özü də yadından çıxırdı. Gəlib çatıram, deyirəm:

-Əmican, əmi, bunu o əmi verdi ki, sizə çatdırım...

-Nə əmi? Hansı əmi?

-O da....həmişə gimnastyorkada gəzir.... Kitelsiz əmi...

Yadımızda qalmırdı, bu leytenantdı, yoxsa kapitan? Yadımızda qalan oydu ki, filan oğlan qəşəngdi, o biri qəşəng deyil, filan oğlan kürən saçlıdır, yaxud hündürboydur. Beləcə də deyirdik: "O hündürboy oğlan var e, o!"

Əlbəttə... mən yanmış kombinezonları, yanmış əlləri, yanmış üzləri görəndə... mən... Təəccüblüdür! Mən göz yaşlarımı itirmişdim...Qadının ən böyük vergisi onun göz yaşlarıdır...Mən onu itirmişdim... Tankçılar yanan tankdan çıxırlar, əyin-başları od içindədir. Tüstü qalxır. Çox vaxt onların əlləri və ayaqları yaralı olurdu. Bu çox ağır yaralılar idi. Uzanıb xahiş edir: ölsəm anama yaz, arvadıma yaz!.. Mən isə bacarmırdım. Mən bilmirdim axı kiməsə ölüm barədə yazmaq necə olur?!

Nəhayət, tankçılar mənim özümü götürüb Ukrayna kəndinə gətirdilər, ayaqlarımdan yaralanmışdım. Kirovoqrad kəndi idi. Sanitar-tibb məntəqəsinin yerləşdiyi daxmanın sahibəsi məni görüb dilləndi:

-Ah, gör nə südəmər oğlandır!

Tankçılar güldülər:

-Ay arvad, nə oğlan, bu cavan qızdır!

Arvad yanımda oturub mənə baxmağa başladı.

-Nə qız? Nə qız axı? Sən ki qəşəng oğlansan, cavan...

Mən saçlarımı kəsdirmişdim, kombinezondaydım, tankçı papağı qoymuşdum- xalis oğlana oxşayırdım! Arvad mənim üçün taxtda yer düzəltdi, hətta donuz balası kəsdi ki, tez sağalım. Həmişə də təəssüflə deyirdi:

-Bəyəm kişilər bəs eləmirdi ki? Uşaqları aparıblar cəbhəyə!.. Lap südəmər qızları...

Onun sözlərində...onun göz yaşlarından...Bir müddət bütün cəsarətim məni tərk etdi... özümə yazığım gəldi, anama yazığım gəldi. Axı mənim burda, kişilərin arasında nə işim var? Mən qız uşağıyam. Birdən ayaqsız qayıtdım evə? Onda bəs necə olacaq? Beynimdə müxtəlif fikirlər dolaşırdı... Həəəə, həəə, müxtəlif fikirlər... Boynuma alıram...

On səkkiz yaşım olanda Kursk Qövsündə məni "Döyüş xidmətlərinə görə" medalı və Qırmızı Ulduz ordeni ilə təltif etdilər. On doqquz yaşımda İkinci dərəcəli Böyük Vətən müharibəsi ordeni ilə təltif edildim. Hissəmizə təzə əsgərlər gələndə (hamısı cavan oğlanlar idi) əlbəttə, onlar təəccüblənirdilər. Onların da on səkkiz-on doqquz yaşları vardı, amma istehzayla soruşurdular:

-Bu medalları nəyə görə alıbsan?

Yaxud:

-Sən heç döyüşdə olmusan?

Bəzən də məni dolayırdılar, gülürdülər, deyirdilər:

-Tankın zirehindən güllə keçirmi içəri?

Onlardan birini sonradan döyüş meydanında güllə yağışı altında sarıdım, familyası yadımdan çıxmayıb- Şeqolevatıx. Onun ayağı sınmışdı və mən onun üstünə şinel örtəndə, məndən bağışlanmasını xahiş etdi:

-Bacı, bağışla məni, sənin xətrinə dəymişəm... Sən mənim xoşuma gəlirsən...

Sevgi, məhəbbət haqqında nə bilirdik ki? Nə bilirdiksə məktəb vaxtından bilirdik, məktəbli sevgisiydi...Məktəbli sevgisi isə uşaqlıq məhəbbətidir. Mühasirəyə düşməyimiz yadıma gəlir...Torpağı əllərimizlə qazırdıq, başqa heç nəyimiz yox idi...Nə bel... Heç nə...Bizi hər tərəfdən sıxışdırmışdılar. Biz qərara aldıq: gecə ya mühasirəni yaracaq, ya da həlak olacağıq. Düşünürdüm ki, yəqin ki, öləcəyik...Bilmirəm, bunu danışım, ya yox? Bilmirəm...

Nəsə, torpağı qazıb gizləndik. Oturmuşuq. Gecəni gözləyirik. Gözləyirik ki, gecə olsun, mühasirəni yaraq. Və leytenant Mişa T. batalyon komandiri yaralandığı üçün onun vəzifəsini icra edir, iyirmi yaşı var; başladı xatırlamağa ki, rəqsi sevirdi, gitarada çalmağı xoşlayırdı. Sonra soruşur:

-Sən heç olmasa dadına baxmısan onun?

-Nəyin? Nəyin dadına baxmışam? - Özüm də acından ölürəm, yemək istəyirəm.

-Nəyin yox? Kimin..."Baba" piroqunun!

Müharibədən qabaq belə piroqlar vardı. Adı da beləydi- Baba!

-Yooox!

-Mən də yox! Hələ dadmamışam. Bax, ölərsən, sevginin nə olduğunu da bilməzsən... Bizi gecə öldürəcəklər...

-Get atdanmağının dalınca! Gicin biri gic!

Mənə indi çatdı ki, o, nəyə işarə edirmiş.

Həyatın nə demək olduğunu bilməyə-bilməyə həyat uğrunda ölürdülər. Bütün bunlar haqqında yalnız kitablardan oxumuşdular. Mən məhəbbət haqqındakı kinoları sevirdim...

Tank qoşunları hissələrində sanitar-təlimçilər tez tələf olurdular. Bizim üçün tankın içində yer nəzərdə tutulmayıb, zirehli tankın ki, başına çıxdın yalnız bir fikir beynində dolaşır: bircə ayaqların tırtıla ilişməsin! Və həm də izləyirsən: harda tank yanır... Dərhal tullanmalısan və o tanka tərəf sürünməlisən... Cəbhədə biz beş qız idik: Lyuba Yasinskaya, Şura Kiselyova, Tonya Bobkova, Zina Latış və mən. Konakov qızları... tankçılar bizi belə çağırırdılar. Və bütün qızlar həlak oldular...

Lyuba Yasinskayanın ölümündən qabaqkı döyüşdə biz onunla axşam bir yerdəydik,

oturub söhbət edirdik. Qırx üçüncü il idi... Bizim diviziyamız Dnepr çayına yaxınlaşırdı. Birdən o, mənə dedi:

-Bilirsən, mən bu döyüşdə öləcəyəm. Nəsə ürəyimə damıb. Getdim starşinanın yanına, xahiş elədim ki, mənə təzə dəyişək alt paltarı versin. O isə xəsislik elədi, dedi:"Sən axı bu yaxında almısan!". Gəl səhər mənimlə gedək onun yanına, ikimiz də xahiş edək.

Mən onu sakitləşdirdim. Dedim:

-Axı biz səninlə iki ildi ki, birlikdə döyüşürük. İndi artıq güllə də bizdən qorxur.

Səhər axır ki, o, məni starşinanın yanına getməyə razı saldı və biz starşinadan xahiş elədik ki, ona bir cüt təzə dəyişək alt paltarı versin. Budur, əynində təzə dəyişək alt köynək geyinib, ağappağ, bağları da vardı...O al-qan içində idi... Ağ qırmızı rənglərin qarışığı, qan rəngi... indiyə kimi də gözlərimin qabağından getmir. O elə özünü bu cür də təsəvvür eləmişdi...

Biz onu dördümüz də plaş-çadırın içinə apardıq. Elə ağır gəldi ki bizə! Həmin döyüşdə çox adam həlak oldu. Yekə bir qardaşlıq məzarı qazdıq. Hamısını ora qoyduq, hər birini qoyduq, baş daşısız, həmişəki kimi, Lyubanı isə üstdən qoyduq. Mənə heç cür çatmırdı ki, artıq Lyuba yoxdur, onu bir daha görməyəcəm.

Fikirləşirəm: heç olmasa ondan nəsə xatirə kimi bir şey götürüm. Onun barmağında üzük vardı- bilmirəm qızıl idi, yoxsa sadəydi, bilmirəm. Mən onu götürdüm. Uşaqlar məni qoymurdular götürməyə: götürmə, pis əlamətdi. Budur, vidalaşma vaxtıdır, adətən hər kəs bir ovuc torpaq atır qəbirə, mən də atdım və həmin üzüyü də tulladım qəbirə... Lyubanın üstünə... Və həmin anda yadıma saldım ki, o üzüyünü çox sevirdi... Onların ailəsində atası bütün müharibəni keçib sağ-salamat qayıtmışdı. Və qardaşı da qayıtmışdı. Kişilər qayıtmışdılar... Lyuba isə həlak oldu...

Şura Kiselyova...O bizim aramızda ən gözəliydi. Elə bil aktrisaydı. Yandı. O ağır yaralıları küləşliyin arasında gizlətmişdi, atışma başladı və küləş yanmağa başladı. Şura öz canını qurtara bilərdi, lakin bunun üçün gərək yaralıları qoyub qaçaydı, yaralılardan isə heç kim tərpənə bilmirdi... Yaralılar yandılar... Şura da onlarla birlikdə yandı....

Yalnız bu yaxınlarda Toni Bobkovanın ölümünün təfərrüatlarını bilmişəm. O, sevdiyi adamı mərmi qəlpəsindən qorumaq üçün özünü onun qabağına verib. Qəlpələr uçurlar, özü də bu hansısa saniyə ərzində baş verir... Gör necə yetirib özünü? Toni leytenant Petya Boyçevskini sinəsiylə örtüb, o, leytenantı sevirdi. Leytenant sağ qaldı.

Otuz ildən sonra Prtya Boyçevski Krasnodardan gəlib məni tapdı, cəbhə silahdaşlarımızın görüşündə... Və bütün bunları mənə özü danışdı. Biz onunla birlikdə Borisova yollandıq və həmin döyüş yerlərini axtardıq, Tonyanın həlak olduğu yeri tapdıq. Petya onun qəbrindən bir ovuc torpaq götürdü... apardı... öpdü....

Biz beş nəfər idik- Konakov qızları... Təkcə mən qayıtdım anamın yanına..."

O, qəflətən şeir deməyə başlayır... mənim üçün gözlənilməzdir...

O qız cəsur,

igid idi cəbhədə,

zirehli tanklara dırmaşırdı qorxmadan,

Vətənin yolunda keçdi canından-

Nə güllədən qorxdu,

nə də qəlpədən.

İçində bir ürək yanır o qızın,

Unutma o günü,

unutma, ey dost-

al-qan içindəki qız paltarını...

Etiraf edir ki, bu şeiri cəbhədə özü yazıb. Mən artıq bilirəm ki, qızlardan çoxu cəbhədə şeir yazıblar. Onların üzünü elə indi də cidd-cəhdlə köçürürlər, o şeirlər ailə arxivlərində saxlanılır; səliqəsiz və riqqət doğuran şeirlərdir! Onların arxasında cəbhə albomları var, mənə demək olar ki, hər evdə bunları göstərirlər, tez-tez bu albomlar mənə qızların ilk məhəbbət albomlarını xatırladır. Orada sevgi albomları, burada isə ölümdən bəhs edən albomlar!

"Mənim mehriban ailəm var. Yaxşıdır. Uşaqlarım, nəvələrim...Lakin mən müharibədə yaşayıram, mən bütün günü ordayam... On il bundan qabaq dostum Vanya Pozdnyakovu axtardım. Biz elə bilirdik o, həlak olub, sən demə, sağ qalıb. Onun tankı - o, komandir idi- Proxorovka kəndi ətrafında iki alman tankını məhv etdi, onun tankını isə yandırdılar. Ekipaj həlak olmuşdu, bircə Vanya sağ qalmışdı-lakin gözsüz, bütün bədəni yanmışdı. Onu hospitala apardılar, lakin düşünmürdük ki, o sağ qala. Onun bədənində bir dənə də salamat yer qalmamışdı. Bütün dərisi... Bütün dərisi yanmışdı...Tikə-tikə soyulmuşdu... Mən otuz ildən sonra onun adresini tapdım...Ömrün yarısı getmişdi...Yadıma gəlir: pilləkənlə qalxıram, ayaqlarım bir-birinə dolaşır: görəsən bu odur? O özü mənə qapını açır, əliylə mənə toxunur, tanıyır, soruşur: "Ninka, sənsən? Sənsən, Ninka?"

Uzun illərdən sonra məni tanıyır...

Anası tamam qoca bir arvad idi. Anasıyla yaşayırdı. Anası bizimlə bir stolda oturur, başlayır ağlamağa. Deyirəm:

-Niyə ağlayırsız? Sevinmək lazımdır...Cəbhə silahdaşları görüşürlər.

O isə mənə deyir:

-Mənim üç oğlum müharibəyə getmişdi, ikisi həlak oldu. Vanya isə sağ qaldı, evə döndü.

Vanyanın iki gözü də yoxdu. Anası bütün ömrü boyu əlindən tutub onu gəzdirir. Mən Vanyadan soruşdum:

-Vanya, sonuncu dəfə sən nə gördün, haranı gördün? Proxorovka döyüş meydanını, tank savaşını...yəqin... O günü xatırlayırsanmı?

Bilirsiz o, mənə nə cavab verdi?

-Bir şeyə təəssüf edirəm-yanan tankı tərk etməyə ekipaja tez komanda verdim...Onsuz da uşaqlar həlak oldular. Lakin biz hələ bir dənə də alman tankını vura bilərdik...

Görün nəyə təəssüf edir?... Bu günə kimi...

Biz onunla müharibədə xoşbəxt idik...Aramızda heç bir söz-söhbət olmamışdı. Heç bir... Lakin xatırlayıram ki...

Mən nə üçün sağ qaldım? Nəyə görə? Düşünürəm... Düşünürəm ki, ona görə sağ qaldım ki, bu barədə hamıya danışam..."

Nina Yakovlevna ilə görüşümüz davam edirdi, lakin sonrakı görüşlərimiz yazılı şəkildə davam etdi, yəni məktublaşırdıq. Onun söylədiklərini maqnitofon lentinə yazdıqdan sonra, ən təsiredici və sarsıdıcı epizodları seçib ayıraraq söz verdim ki, yazı çıxan kimi ona bir nüsxə göndərəcəyəm.

Bir neçə həftədən sonra Moskvadan ağır bir banderol alıram, açıram: qəzet kəsikləri, məqalələr, müharibə veteranı Nina Yakovlevna Vişnevskayanın Moskva məktəblərində apardığı hərbi-vətənpərvərlik işləri barədə rəsmi hesabatlar.

Mənim ona göndərdiyim material da geri qaytarılıb, o yazıdan çox az bir hissə qalıb, yazı başdan ayağa qaralanıb: qazanlarda yuyunan aşpazlar barədə zaraftlarla dolu cümlələrin üstündən xətt çəkilib, hətta bu sözlər də-əmi, əmican, mənə o əmi dedi ki...sizə bunu çatdırım... - çıxarılıb. Leytenant Mişa T. barədə tarixçə səhifəsində isə qıraqlardan hiddətlə qoyulmuş sual işarələri vardı, böyründə isə yazılmışdı: "Mən öz oğlum üçün qəhrəmanam! O, mənə müqəddəs ilahə kimi baxır! Bu sözlərdən sonra o, mənim barəmdə nə düşünər?"

Sonralar mən bir insanda yaşayan bu iki həqiqət barədə dəfələrlə düşündüm: xəlvətə qovulmuş öz həqiqəti, bir də özgə həqiqəti, daha doğrusu, zamanın ruhundan qidalanan həqiqəti. Qəzetlərin qoxusundan mayalanan həqiqət. Birinci həqiqət çox nadir hallarda ikincinin total hücumu qarşısında tab gətirə bilir. Məsələn, əgər mənzildə xatirə danışan adamın doğmalarından, tanış-qohumlarından, ya da qonşularından biri (xüsusilə kişilər) varsa, o səmimi olmur, çox şeyləri açıb ağartmır. Lakin mənimlə təkbətək olanda isə daha səmimi və açıq olur. Bu söhbət artıq ictimaiyyət üçün idi, tamaşaçıya hesablanmışdı. Onun şəxsi baxışlarına daxil olmaq mümkün olmurdu, dərhal onun möhkəm daxili müdafiə xətti ilə üzləşirdim. Özünə nəzarət. Daim düzəlişlər olurdu. Hətta bir qanunauyğunluq müəyyən edildi: dinləyici nə qədər çox olsa, hekayət də bir o qədər soyuq və ütülü olmalıdır. Lazım olan şeylərə diqqət yetirməli. Dəhşət artıq nəhəng görünməyə başlamışdı, lakin insanın içindəki anlaşılmaz və qaranlıq şeylər isə dərhal izah edilən kimi görünürdü.

Mən keçmişin çöllüyünə düşmüşdüm, elə bir hamar üzünə ki, orda yalnız heykəllər uzaqdan görünürdü. Məğrur və sirli heykəllər. Bax Nina Yakovlevna ilə də belə bir yaşantı baş verirdi: mənim üçün ayrı bir müharibə xatırlayırdı ("qızım, bunları danışıram ki, sən müharibədə bizim qızların nələr yaşadığını başa düşəsən!"), o biri müharibəni isə auditoriyaya danışırdı - qəzetlərin yazdığı və o biri veteranların söylədikləri kimi- gəncləri ibrətamiz nümunə götürmək ruhunda tərbiyə etmək üçün qəhrəmanlar və qəhrəmanlıqlar barədə söyləyirdi. Hər dəfə də məni heyrətləndirən sadə və insani şeylərə bu inamsızlıq idi, həyatı ideala dəyişmək istəkləri idi. Adi istiliyi soyuq parıltıyla əvəz eləmək.

Mən mətbəxdə onunla oturub çay içməyimizi unuda bilmirdim. Hər ikimiz ağlayırdıq.

Bizim evdə iki müharibə yaşayır...

Minskdə Kaxovski küçəsində boz bir panel ev var-şəhərin yarısı bu görkəmsiz, ilbəil miskinləşən çoxmərtəbəli binalarla tikilib. Lakin bu panel ev hər halda xüsusidir. "Bu evdə bir mənzil iki müharibə yaşayır", mənə qapını açanda bu sözləri eşidəcəyəm. Baltik dənizi qoşunlarında döyüşən birinci dərəcəli starşina Olqa Vasilyevna Podvışenskayadır. Piyada qoşunlarında isə onun əri, serjant Saul Henrixoviç vuruşub.

Hər şey təkrar olunur...Mən yenə ailə albomuna uzun-uzadı baxıram; son dərəcə sevgiylə, səliqəylə tərtib edilib albom, həmişə də mənzilin görünən yerində qoyulur ki, gələn qonağın diqqətini cəlb eləsin, elə öz diqqətlərini də çəksin. Bu albomların hər birinin öz adı var: "Bizim nəsil", "Müharibə", "Toy", "Uşaqlar", "Nəvələr". Öz şəxsi həyatına insanın belə ehtiramlı münasibəti mənim xoşuma gəlir- keçmiş və yaşanmış həyata sənədli sevgi hissi! Doğma adamlara məhəbbət! Belə hisslərlə yaşayan evlərə çox nadir hallarda rast gəlirəm- insanlar öz əsil nəcabətinə, şəcərə xəttinə belə ehtiramla yanaşsınlar. Halbuki mən yüzlərlə evdə olmuşam, müxtəlif ailələrdə olmuşam, sadə və ziyalı ailələrində. Şəhər və kənd ailəsində. Şəcərəyə ehtiramla yanaşan ailələrə nadir hallarda rast gəlmişəm. Görünür, bizdə tez-tez baş verən müharibələr və inqilablar keçmişlə əlaqəni, əsil, köklə əlaqələri unutdurub bizlərə, nəsil şəcərəsiylə bağlı tellərin qorunub saxlanmasına mane olub. Çox keçmişə boylanmağı unutdurub! Nəsillə qürur duymağı unutdurub! Biz unutmağa tələsmişik- izləri itirməyə tələsmişik. Çünki qorunan şəhadət dəlil ola bilərdi və o da həyat bahasına başa gələ bilərdi. Baba və nənədən başqa heç kim o biri əcdadlarını tanımır, öz kökünü axtarmır. Tarix yaradıblar, lakin bu günlə yaşayıblar. Qısa yaddaşla. Burda isə ayrı bir yaddaş bağları var...

-Bu, doğrudanmı mənəm?-deyə Olqa Vasilyevna gülür və mənimlə yanaşı divanda oturur, əlinə də bir şəkil götürür - o şəkildə dənizçi formasındadır, döyüş medalları və ordenləri sinəsini bəzəyir.- Bax, bu şəklə hər dəfə baxanda beləcə təəccüblənirəm. Saul bu şəkli bizim altı yaşlı nəvəmizə göstərəndə uşaq soruşdu:

-Nənə, sən əvvəllər oğlan olmusan, hə?

-Olqa Vasilyevna, siz dərhal cəbhəyə getdiniz?

-Mənim üçün müharibə təxliyə zamanı başladı....Mən öz evimi və gəncliyimi tərk etdim. Bizi bütün yolboyu bombardman etdilər, atəşə tutdular, təyyarələr lap qatarın üstündən uçurdu. Yadıma gəlir ki, bir qrup peşə məktəbinin oğlanı vaqondan tullanıb qaçdı, hamısı da qara şineldə idi. Ah, bu necə bir hədəf idi! Onların hamısını təyyarədən açılan atəşlə vurdular, çünki lap yerə yaxın məsafədən uçurdular. Bizdə belə bir hiss vardı, güllələdilər! Bir-bir biçdilər...Təsəvvür edirsinizmi?

Biz zavodda işləyirdik, bizə yemək verirdilər, pis deyildi. Amma qəlbimiz alışıb yanırdı...Və mən hərbi komissarlığa müraciət elədim. Bir dəfə, iki dəfə, üç dəfə yazdım... Qırx ikinin iyununda çağırış vərəqəsi aldım. Otuz qız idik, bizi Ladoqa gölüylə açıq barja gəmisində atəş altında mühasirədə qalan Leninqrada yolladılar. Yadımdadır ki, Leninqrada gəldiyimiz ilk gündə bəyaz gecəni və dənizçiləri gördük. Qara geyimdə gedirdilər. Hiss etdik ki, vəziyyət ağırdır, şəhərdə heç kim gözə dəymir, yalnız projektorlar işləyir, dənizçilər gözə dəyir. Vətəndaş müharibəsində olduğu kimi- ətraf lentlərlə dövrələnmişdi. Təsəvvür edirsinizmi? Elə bil kinoya baxırdıq...

Şəhər tamam mühasirəyə alınmışdı. Cəbhə çox yaxın idi. Üç nömrəli tramvayla Kirov zavoduna getmək olurdu, ordan isə cəbhə xətti başlayırdı. Hava açılan kimi də artilleriya guruldayırdı... Özü də birbaşa nişan alıb vururdular. Vururdular... vururdular... vururdular... İri gəmilər körpüdə -pirsdə lövbər salmışdılar. Onları əlbəttə, örtüb gizlətmişdilər, lakin bəzən onları da vururdular. Biz tüstü daşıyırdıq. Xüsusu dəstə yaradılmışdı, onlar tüstüdən maskalanmaq üçün nəzərdə tutulmuşdu. Bu dəstəyə torpedo katerlərinin keçmiş diviziya komandiri kapitan-leytenant Aleksandr Boqdanov başçılıq edirdi. Qızlarımızın orta texniki təhsili vardı, bəziləri institutun birinci kursundan sonra gəlmişdi. Bizim vəzifəmiz tüstü buraxıb gəmiləri qorumaq idi. Atəş başlayan kimi matroslar deyirdi:

-Yaxşı olardı ki, qızlar tüstünü göydən asaydılar. Belədə daha arxayınçılıq olardı.

Biz xüsusi qarışıq maddələr olan maşınlarla gəlirdik, bu vaxt isə hamı sığınacaqda olurdu. Biz isə necə deyərlər özümüzü atəşin qabağına verirdik. Axı almanlar elə bu tüstü pərdəsini nişan alırdılar...

Bilirsiz, bizə mühasirə yeməyi verirdilər, birtəhər dözürdük. Birincizi, gənc idik, bu çox mühüm amildir, ikincisi də biz özümüz də leninqradlılara məəttəl qalmışdıq. Axı bizi nə iləsə təmin edirdilər, az da olsa yeməyimiz vardı, şəhərdə isə camaat acından yolda gedə-gedə qırılırdı. Dərhal ölürdülər. Şəhərdən yanımıza uşaqlar gəlirdi, biz də onları öz xırda ərzaq payımızla yedizdirirdik. Onlar uşaq deyildilər, onlar qocalmış balaca uşaqlar idi. Mumiyaya dönmüşdülər. Onlar bizə mühasirə həyatının menyusu, əgər belə demək mümkündürsə, barədə danışırdılar: dəri kəmərlər və təzə çəkmələrdən sup, rəngsazın işlətdiyi yapışqan məhlulu, xardaldan hazırlanmış kökələr...

Şəhərdə bütün it və pişikləri kəsib yemişdilər. Qarğalar, sağsağanlar yoxa çıxmışdı. Hətta siçan və siçovulları tutub yeyirdilər. Onları nədəsə bişirib yeyirdilər... Sonra uşaqlar daha gəlmədilər, biz isə onları çox gözlədik. Görünür, ölmüşdülər. Mən belə düşünürəm... Qışda Leninqrad yanacaqsız qaldı, bizi şəhərin bir rayonuna göndərdilər ki, evləri dağıdaq, taxta parçaları gətirək.

Ən ağır an bu idi ki, evə yaxınlaşırsan...görürsən ev salamatdır, yaxşı vəziyyətdədir, sakinləri isə ya ölüblər, ya da çıxıb gediblər, amma çox vaxt evlərin sakinlərinin öldüyünü zənn edirdik. Çünki bunu stolların üstündəki qablardan, qalan əşyalardan bilirdik. Bir müddət heç kəsin əli gəlmirdi evi uçurtmağa. Təsəvvür edirsiz? Hamı durub baxırdı və nəyisə gözləyirdi. Yalnız komandir gəlib lingi götürəndən sonra biz də başlayırdıq söküb dağıtmağa.

Ağac tədarük etməklə məşğul idik, döyüş sursatlarıyla dolu yeşikləri daşıyırdıq. Yadımdadı, bir yeşik daşıyırdım, guppultuyla yerə yıxıldım, yeşik məndən çox ağır idi. Bu bir. İkincisi, biz qadınlar üçün ağır işlərin sayı-hesabı yox idi. Məsələn, beləsi. Mən sonralar bölmə komandiri oldum. Bütün bölmə lap cavan oğlanlardan ibarət idi. Biz bütün günü katerdə olurduq. Motorlu kater çox da böyük deyildi, heç bir ayaqyolu-filan yoxdu. Ehtiyac olanda oğlanlar elə bortdan aşağı buraxırdılar, vəssalam. Bəs mən? Bir-iki dəfə mən özümü saxladım, sonra gördüm mümkün deyil, özümü katerdən suya atdım və üzməyə başladım. Oğlanlar qışqırdılar:

-Starşina suya düşüb!

Çıxartdılar.

Bax, bu da sadə bir nüans... Amma bu, xırda bir iş deyil axı? Sonra mən müalicə olundum...Təsəvvür edirsiz? Bəs silah? Bu da qadın üçün ağırdı. Əvvəlcə bizə tüfəng vermişdilər, bizdən uzun idi. Qızlar gedir, süngülər isə düz yarım metr yuxarıda.

Kişilərə hər şey asandı. Tez öyrəşirlər.. Bu asketik həyata alışırlar...Tərki-dünya vəziyyəti, həyat ləzzətlərindən məhrum olma kimi münasibətlərə tez alışırdılar... Biz isə darıxırdıq, xiffət çəkirdik, ev üçün dəhşətli dərəcədə burnumuzun ucu göynəyirdi, ana üçün, rahatlıq üçün darıxırdıq. Bizimlə bir moskvalı qız vardı, Nataşka Jilina, onu "İgidliyə görə"medalıyla təltif etdilər və mükafat olaraq bir neçə günlüyə evə buraxdılar. O, qayıdan gün biz onu iyləyirdik. Lap növbəyə durmuşduq ki, onu qoxulayaq, ona deyirdik ki, səndən evin iyi gəlir. Bax belə bir həsrət vardı ev üçün...

Evdən məktub gələndə elə sevinirdik ki...Atam yazmışdı məktubu, xəttindən tanıdım...İstirahət üçün bir dəqiqə vaxtımız olanda nəsə tikirdik, nəsə bir dəsmal tikirdik. Bizə ayağımıza sarımağa potava verirdilər, biz isə ondan şərf düzəldirdik, boğazımıza dolayırdıq. Nəsə bir qadın işiylə məşğul olmaq istəyirdik. Bax məhz elə bu qadın işi çatışmırdı, sadəcə səbrimiz çatmırdı kişi işlərinə. Nəsə bir bəhanə axtarırdıq ki, əlimizə iynə-sap keçsin, nəsə tikək, heç olmasa bir müddət öz təbii görkəmimiz yerinə gəlsin. Əlbəttə, gülürdük də, sevinirdik də, lakin bütün bunlar müharibədən qabaqkı kimi olmurdu. Bu hal nəsə xüsusi bir hal idi...

Maqnitafon sözləri yazır, intonasiyanı qoruyub saxlayır. Pauza yaranır. Ağlamaq səsi eşidilir. Qadın karıxır. Başa düşürəm ki, insanın danışdıqlarını kağız üzərinə köçürmək və orada həkk eləməklə onun söylədikləri zaman keçirdiyi halın fərqi çoxdur. Mən hər zaman təəssüf etmişəm ki, o gözləri, o əlləri maqnitafon lentinə köçürə bilməmişəm. Onların söhbət zamanı keçirdikləri hallarını, onların şəxsi həyatlarını köçürə bilməmişəm. Ayrıca, özəl həyatlarını. Onların "mətn" formalarını.

-Axı bizim iki müharibəmiz var.... Doğru deyirəm...-Saul Herixoviç söhbətə qoşulur.-Xatırlamağa başlayan kimi hiss edirəm ki, o öz müharibəsini, mən isə öz müharibəmi yada salıram. Bax, məndə də belə bir şey olub: o sizə ev barəsində danışdı və dedi ki, nəsə deyəsən qızı iyləyirdilər...növbəyə düzülüblər o evdən qayıdan qızı iyləmək üçün... Lakin mən bunu xatırlamıram...Yadımdan çıxıb... O zaman axı belə şeylər xırda şeylər hesab olunurdu. Boş bir şey idi. Və o deyəsən hələ sizə matros papaqları barədə danışmayıb. Olya, niyə unudubsan, hə?

-Unutmamışam. Bu ən əziz... Həmişə bu hadisəni tarixin yaddaşından çıxarmağa qorxmuşam...Hər dəfə... Hadisə belə olmuşdu: sübh tezdən bizim katerlər dənizə getdi. Onlarca kater... Çox keçmədi ki, döyüş səslərini eşitməyə başladıq. Biz gözləyirdik... Qulaq asırdıq.... Döyüş bir neçə saat çəkdi və elə bir an gəlib çatdı ki, artıq şəhərə yaxınlaşırdılar. Lakin birdən hardasa yaxında atəş səsləri kəsildi. Alatoranlıqda mən sahilə çıxdım: gördüm ki, dəniz sularının üzərində matros papaqları üzür. Bir-birinin dalınca. Papaqlar və dalğalar arasında qırmızı ləklər...Hansısa yonqarlar...

Bizim uşaqlar idi, hardasa suya tullamışdılar onları... Uzun müddət durub baxdım, matros papaqları hələ də üzürdülər. Əvvəlcə saymağa başladım, sonra daha saya bilmədim. Qayıdıb gedə bilmirdim, baxa da bilmirdim. Dəniz suları qardaşlıq qəbiristanlığına dönmüşdü...Saul, mənim burun dəsmalım hardadı? İndicə əlimdə tutmuşdum axı?.. Axı onu hara qoydum?

-Mən arvadımın hekayətlərindən bəzi epizodları yadımda saxlamışam, necə deyərlər, nəvələrimiz üçün. Onlara tez-tez öz müharibəmi yox, onun müharibəsini danışıram. Və mən görmüşəm ki, onun müharibəsi onlara daha maraqlı gəlir,- deyə Saul Henrixoviç davam edir.-Mənimki daha çox konkret hərbi biliklərdir, onunku isə hiss, duyğudur. Hisslər isə hər zaman faktlardan güclü olub, daha aydın olub. Bizim piyada qoşunlarında da qızlar vardı. Qızlardan biri aramızda görünən kimi özümüzü düzəldirdik. Təsəvvür edirsiz? Yox, təsəvvür etməzsiniz...

Və dərhal sözünə əlavə edir:

-Bu sözü mən də arvadımın dilindən eşitmişəm. Siz təsəvvür etməzsiniz: müharibədə qadın səsini eşitmək necə yaxşı şeydi! Qadın səsi.

Müharibədə sevgi olubmu? Olub! Bizim müharibədə rast gəldiyimiz qadınlar gözəl də həyat yoldaşıdırlar. Sadiq dostdurlar. Kim ki müharibədə evlənib, ən xoşbəxt adamdır, ən xoşbəxt cütlükdür. Bax elə biz də biri-birimizi cəbhədə sevdik. Od-alov və ölümün arasında sevdik. Bu, möhkəm bağlardır. Doğrudur, başqa şeylər də olub, inkar etmirəm, çünki müharibə uzun sürdü və biz müharibədə çox idik. Lakin mən daha çox onun işıqlı tərəflərini xatırlayıram. Nəcib tərəflərini.

Müharibədə mən daha yaxşı oldum...Şübhəsiz! İnsan kimi mən daha yaxşı oldum, çünki orda çox iztirab vardı. Mən çox iztirab, əzab-əziyyət gördüm və özüm də çox iztirab çəkdim. Orda həyatda əsas olmayan şey dərhal süpürülüb gedir, artıq şey kimi! Orda... başa düşürsüz... Lakin müharibə bizdən intiqam aldı. Lakin... Biz bunu etiraf eləməkdən qorxuruq. Özümüz özümüzdən qorxuruq... Müharibə bizi qovub yaxaladı... Bizim qızlarımızın heç də hamısının şəxsi taleyi alınmadı...

Niyə? Onların anaları cəbhəçi olmuşdu və qızlarını da cəbhədə necə tərbiyə almışdısa eləcə də tərbiyə eləmişdi. Ataları da eləcə. Eyni əxlaqla tərbiyə olunmuşduq. Cəbhədə isə insan, sizə bunu artıq dedim, dərhal görünür: necədir və dəyəri nədir! Orda gizlənə bilməzsən! Onların qızlarının təsəvvürü belə yox idi ki, həyat başqa şeydir, ev həyatı ilə cəbhə həyatı tamam ayrı-ayrı şeylərdir. Onlara dünyanın amansız üzü barədə heç kim bir söz deməmişdi. Bu qızlar ərə gedəndə çox asanca yoldan ötənin birinə rast gəlirdilər, onlar da qızları aldadırdı, çünki o qızları aldatmaq suiçim kimi bir şey idi. Bizim cəbhə dostlarımızın bir çox uşaqlarının başına da belə bir oyun gəldi. Bizim qızın da...

-Nədənsə biz uşaqlarımıza müharibə barədə danışmırdıq. Görünür, qorxurduq və bir də onlara yazığımız gəlirdi. Biz düz eləmişdikmi?- Olqa Vasilyevna fikrə gedir.-Mən heç ordenlərimin kötüklərini taxmırdım. Bir dəfə elə oldu ki, mən onları dartıb cırdım və bir də sinəmə vurmadım. Müharibədən sorna mən çörək zavodunun direktoru işlədim. Müşavirəyə gəlirəm, bizim trestin rəisi də qadın idi, o, mənim sinəmdəki döyüş ordenlərimin kötüklərini gördü və hamının yanında mənə dedi:

-Nədi, kişi-zadsan bəyəm, kötükləri yaxana taxmısan?

Onun özünün də əmək ordeni vardı, həmişə də pencəyinin yaxasından taxırdı, mənim hərbi təltiflərim isə nədənsə onun acığına gedirdi. Biz kabinetdə təkbətək qalanda mən dənizçi kimi ona dişimin dibindən çıxanı dedim, rəis özünü narahat hiss elədi. Lakin hər halda ondan sonra mənim də həvəsim olmadı ordenlərimin kötüklərini taxmağa. İndi də taxmıram. Lakin onlarla fəxr edirəm.

Yalnız onilliklər keçəndən sonra tanınmış jurnalist Vera Tkaçenko "Pravda" qəzetində bizim haqqımızda yazdı ki, biz də müharibədə olmuşuq. Yazdı ki, qadın cəbhəçilər də var və onlar həyatda tənha yaşayırlar, öz şəxsi həyatlarını qura bilməyiblər, indiyə kimi də mənzilləri yoxdur, axı biz o müqəddəs qadınların qarşısında borcluyuq?! Bu yazıdan sonra bizə başladılar yavaş-yavaş diqqət göstərməyə. Bizim qadın-cəbhəçilərimizin hərəsinin artıq qırx-əlli yaşı vardı, onlar yataqxanalarda yaşayırdılar. Nəhayət, onlara da ayrıca mənzil verməyə başladılar.

Mənim rəfiqəm... Adını çəkməyəcəyəm, birdən məndən inciyər... Hərbi feldşer idi... Üç dəfə yaralanmışdı. Müharibə qurtarandan sonra tibb institutuna daxil oldu. Öz doğmalarından heç kimi tapmamışdı, hamı həlak olmuşdu. Çox dəhşətli dərəcədə kasıb yaşayırdı, gecələr binaların giriş qapılarını yuyurdu ki, birtəhər çörək pulu olsun. Bununla belə heç kimə demirdi ki, Vətən müharibəsi əlilidir, güzəştləri var, bütün sənədlərini də cırıb tullamışdı. Mən ondan soruşdum:

-Axı niyə bu sənədləri cırıb tulladın?

O isə ağladı, dedi:

-Məni kim alardı axı?

-Yaxşı, eybi yox, lap düz eləmisən...

O, daha bərkdən hönkürdü:

-İndi həmin sənədlər mənim karıma gələrdi. Ağır xəstəyəm.

Təsəvvür edirsinizmi? İndi də ağlayır.

Qələbənin otuz beş illiyinin bayram edilməsi münasibətilə Sevastopol şəhərinə, şöhrətli rus dənizçi şəhərinə yüz matros dəvət etmişdilər; onlar Böyük Vətən müharibəsi veteranlarıydı, bütün hərbi-dəniz donanmalarından gəlmişdilər, o cümlədən, üç qadın. Onlardan ikisi də biz idik: mən və rəfiqəm. Və Hərbi Dəniz Donanmasının admiralı bizim hər birimizin qarşısında diz çökdü, xalqın qarşısında bizə çox sağ ol dedi, əllərimizdən öpdü. Bunu unutmaq olar?

-Müharibəni unutmaq istəyərdinizmi?

-Unutmaq? Unutmaq....- deyə Olqa Vasilyevna sualı təkrar edir.

- Biz onu unutmağı bacarmırıq,- Saul Herixoviç sükutu pozur,- Bizdən asılı deyil. Olya, yadındadı, Qələbə günü biz lap əldən düşmüş bir qoca qadın gördük, anaydı, boynundan köhnə bir plakat asmışdı:"1942-ci ildə Leninqradın mühasirəsində itkin düşmüş Tomas Vladimiroviç Kulnevi axtarıram." Üzündən bilinirdi ki, onun səksən yaşı olar. Gör neçə illərdir axtarır? Və ölənədək də axtaracaq. Biz də beləcə, ölənədək xatırlayacağıq...

-Mən isə istərdim müharibəni unudam. Mən istəyirəm...- deyə Olqa Vasilyevna astaca, demək olar ki, pıçıltıyla dillənir.- Mən istəyirəm ki, heç olmasa bircə gün də olsa müharibəsiz yaşayım. Müharibə barədə düşünməyim, yaddaşsız qalım... Heç olmasa bircə gün...

Onlar mənim yadımda cəbhə şəkillərindəki kimi qalırlar; şəkillərdən birini mənə bağışlayırlar. Bu şəkillərdə onlar cavandılar, məndən bir az kiçik. Bütün hər şey dərhal başqa bir məna alır. O məna elə bil yaxın gəlir. Və bu şəkildəki gənclərə baxıram və artıq o şəkillər mənə indicə eşitdiyim və maqnitafona yazdıqlarımdan fərqli şeylər danışırlar. Bizim aramızdakı zaman yox olur.

Telefon dəstəyi güllə atmır

Müxtəlif cür qarşılayır və müxtəlif cür də danışırlar...

Bəziləri elə telefondaca başlayırlar danışmağa:"Xatırlayıram... Yadımdadı....Elə bil dünən olub..."; bəziləri isə görüşü və söhbəti uzun müddətə təxirə salırlar: "Hazırlaşmaq lazımdı... Yenə o cəhənnəmi yaşamaq üçün gərək özünü kökləyəsən..." Valentina Pavlovna Çudayeva o müsahiblərdəndir ki, uzun müddət danışmağa qorxur, öz həyəcan və təşviş dolu aləminə bizi könülsüz buraxır; mən vaxtaşırı bir neçə ay ona zəng vurdum, bir dəfə telefonda düz iki saat danışdıq və nəhayət, qərar verdik ki, görüşək. Elə ertəsi gün.

Budur, mən gəlmişəm...

-Piroq yeyəcəyik. Səhərdən əlləşirəm,- deyə qapının kandarında məni qucaqlayır.- Söhbət etməyə isə vaxtımız var. Hələ bir ağlayacağam da... Mən çoxdandı öz kədərimlə yaşayıram... Birinci növbədə piroq yeyək. Qara soğanla. Bizim Sibirdəki kimi. Gəl, gəl içəri. Keç. Bağışla ki, dərhal "sən"ə keçdim. Cəbhədən qalıb: "Hə, qızlar! Gəlin, qızlar!" Biz hamımız beləyik, sən ki artıq bilirsən... Eşitmisən... Büllur qabı görürsən...Zəhmətlə qazanmamışıq... Ərimlə nə yığmışıqsa hamısını göz bəbəyi kimi qoruyuruq, tənəkə qutusunda saxlayırıq...bir-iki orden və medalları da. Servantdadı, sonra göstərərəm.

Məni otağa dəvət edir.

-Mebeli görürsən, o da köhnədir. Heyfimiz gəlir dəyişməyə. Əgər əşyalar evdə çoxdan qalırsa, onda onların ürəyi peyda olur. İnanıram buna.

Məni öz rəfiqəsi Aleksandra Fyodorovna Zençenkoyla tanış edir, Leninqradın mühasirəsi zamanı komsomol işçisi olub.

Mən açılmış süfrənin ətrafında otururam. Piroqlar... Lap yaxşı, olsun, həm də axı Sibir piroqudur! Qara soğanla. Heç vaxt beləsini dadmamışam.

Üç qadın oturmuşuq. İsit piroqlar. Söhbət isə dərhal müharibədən düşür.

-Bircə onun sözünü suallarla kəsməyin,- deyə Aleksandra Fyodorovna mənə xəbərdarlıq edir.-Dayansa, başlayacaq ağlamağa. Ağladısa, susacaq, daha danışmayacaq. Sözünü kəsməyin...

Valentina Pavlovna Çudayeva, serjant, artilleriya komandiri:

- Mən Sibirdənəm... Uzaq Sibirdən olan bir qız uşağını müharibəyə getməyə nə vadar etdi? Uzaq Sibir, dünyanın axırı adlanır... Dünyanın axırı barədə isə mənə bir fransız jurnalisti bir görüşdə sual vermişdi. Nədənsə muzeydə o mənə başladı baxmağa, özü də gözlərini məndən çəkmədi, mən də hətta başladım özümü narahat hiss eləməyə. Axı o, nə istəyir? Niyə belə baxır? Axırda o, mənə yaxınlaşdı və tərcüməçi vasitəsilə məndən xahiş elədi ki, mən ona müsahibə verim. Mən, əlbəttə, çox həyəcanlandım. Düşünürdüm: axı o, məndən nə istəyir? Axı o, muzeydə mənə qulaq asdı. Görünür, onu başqa şey maraqlandırırdı. İlk növbədə mən ondan kompliment eşitdim:"Bu gün necə də cavan görünürsüz!.. Necə oldu ki, müharibəni yaşaya bildiniz?" Mən cavab verdim:"Bu onu sübut edir ki, sizin başa düşdüyünüz kimi, biz çox cavan yaşımızda cəbhəyə getmişdik". Onu isə başqa şey maraqlandırırdı. O mənə sual verir ki, bəs, onun anlamına görə Sibir dünyanın axırıdır.

"Yox!" dedim,"görünür sizi bu maraqlandırır: bizdə total səfərbərlik olubmu? Və nə üçün mən, məktəbli bir qız cəbhəyə yola düşmüşəm?"

O da başını razılıq əlaməti olaraq tərpədir.

"Yaxşı", deyirəm, "mən bu suala cavab verərəm". Və mən ona bütün həyatımı danışıram, indi sənə danışacağım kimi. Jurnalist ağladı... Fransız ağladı... Axırda etiraf elədi:

-Xanım Çudayeva, məndən inciməyin. Biz fransızlar üçün Birinci dünya müharibəsi ikinci dünya müharibəsindən daha üzüntülü olub. Və biz o müharibəmni xatırlayırıq- hər yanda qəbir, hər yanda heykəllər...Sizin müharibəniz haqqında isə çox az bilirik. Çox adam bu gün düşünür ki, Hitleri məğlub edən təkcə Amerika olub, özü də xüsusilə cavanlar belə düşünürlər. Sovet adamlarının qələbə üçün dörd il ərzində qurban verdiyi iyirmi milyon insan həyatı barədə məlumat çox azdır. Sizin sarsıntılarınız, üzüntüləriniz barədə, hədsiz, ölçüyəgəlməz əzablarınız, iztirab və məşəqqətləriniz barədə adamlar məlumatsızdır. Sizə təşəkkür edirəm, siz mənim qəlbimi riqqətə gətirdiniz!

...Mən öz anamı xatırlamıram. O, çox tez həlak oldu. Atam Novosibirsk icraiyyə komitəsinin səlahiyyətli nümayəndəsi idi; iyirmi beşinci ildə onu doğulduğu kəndə göndərdilər, çörək dalınca. Ölkə ehtiyac içində idi, qolçomaqlar çörəyi gizlədirdi, onu kifləndirib çürüdürdü. O zaman mən doqquz aylıq idim. Anam da atamla birlikdə doğma kəndlərinə getmək istəyirdi, atam da onu özüylə aparıb. Anam bacımla məni də özüylə götürüb, bizi kimə tapşırıb getsinlər, kimsə yox imiş. Atam hansısa qolçomağa vaxtilə muzdurluq edirmiş, elə həımin qolçomağı yığıncaqda hədələyərək deyibmiş: biz bilirik çörək hardadır, əgər özünüz verməsəniz biz özümüz tapacaq və zorla onu götürəcəyik. İnqilab naminə götürəcəyik.

Həmin axşam yığıncaq qurtarıb, bütün doğmalar bizə yığışıblar. Atamın beş qardaşı vardı- onların hamısı sonradan Böyük Vətən müharibəsindən qayıtmadılar-gəliblər bizə, ənənəvi Sibir pelmeni yeməyə. Oturacaqlar pəncərənin qabağındaymış... Anam da kürəyi pəncərəyə sarı oturubmuş, bir kürəyi pəncərəyə, o birisi isə atama sarı oturubmuş. Atam isə pəncərə olmayan tərəfdə oturub. Aprel ayı imiş... Bu vaxtlar Sibirdə hələ də şaxtalar olur. Görünür anama soyuq olub, üşüyüb. Mən bunu sonralar, böyüyəndə başa düşdüm. Anam durub atamın kürkünü çiyinlərinə atıb və başlayıb məni əmizdirməyə. Bu zaman güllə açılıb, hədəf atam imiş, onun kürkünü görüb nişan alıblar...Anam bircə bu sözü deyə bilib:"Pa..." Və məni isti pelmenin üstünə atıb... Onun iyirmi dörd yaşı vardı...

Elə həmin kənddə babam sonralar kənd sovetinin sədri olub. Onu zəhərləyiblər, suyuna strixnin töküblər. Babamın dəfn mərasimindən çəkilən fotoşəkilləri indi də saxlayıram. Qəbirin üstündə qumaş parçada bu sözlər də yazılıb: "Sinfi düşmənin əliylə öldürülüb!"

Mənim atam vətəndaş müharibəsinin qəhrəmanıdır, Çexoslovakiya korpusunun qiyamına qarşı hərəkət edən zirehli qatar komandiri olub. Otuz birinci ildə Qırmızı Bayraq ordeni ilə təltif olunub. O zaman bu orden çox tək-tük adamlara verilirdi, xüsusilə Sibirdə. Belə adamlara çox hörmət edirdilər, hər yerdə ehtiram göstərilirdi onlara. Atamın bədənində on doqquz yara vardı, salamat yeri yox idi. Anam danışırmış ki, əlbəttə, mənə yox, qohumlarımıza söyləyirmiş ki, ağqvardiyaçı çexlər atama iyirmi il katorqa sürgünü kəsmişdilər. Anam böyük bacıma hamiləymiş, Tasyaya, doğuşa bir ay qalıbmış, katorqada onlardan xahiş edib ki, atamla görüş versinlər. Türmədə uzun bir dəhliz varmış, ona atamın yanına getməyə icazə verməyiblər, deyiblər:

-Bolşevik cındası! Bu dəhlizdə sürün!..

Və anam doğuşa bir neçə gün qalmış həmin uzun sement döşəməli dəhlizlə sürünüb. Bax, onlar anama belə bir görüş veriblər. Anam atamı görəndə onu tanımayıb. Bütün saçları ağarıbmış. Ağ saçlı qoca. Atamın isə cəmi otuz yaşı varmış.

Bax, mən belə bir ailədə böyümüşdüm, belə bir atanın qızıydım! Əgər düşmən yenidən mənim torpağıma soxulmuşdusa, mən evdə oturub laqeyd qala bilərdimmi? Məndə atamın qanı vardı... Mən onun qanındanam...Atam çox əzablı illər yaşamışdı...Otuz yeddinci ildə ondan yuxarıya danos yazmışdılar, ona böhtan atmaq istəyiblər...Onu xalq düşməni etmək istəyirdilər. Stalinin dəhşətli "təmizləmə əməliyyatları"nı deyirəm də...Yejovizm dövrü... Yoldaş Stalinin dediyi kimi, meşə qırılır, yonqarlar uçur. Yeni bir sinfi mübarizə elan edilmişdi ki, ölkə daim qorxu içində yaşasın. İtaətlə yaşasın. Lakin atam Kalininin qəbuluna düşə bilmişdi, onun şərəfli adını bərpa etdilər. Atamı hamı tanıyırdı.

Bütün bunları mənə sonralar doğma qohumlarımız danışmışdılar...

Budur... Qırx birinci il gəldi... Mənim məktəbdə son zəngimdir. Bizdə hərəmizin hansısa bir planı, arzusu vardı...gənc qızlar idik də! Buraxılış gecəsindən sonra biz hamımız Ob çayıyla adaya yollandıq. Elə şən, elə mehriban, xoşbəxt idik ki...Hələ də, necə deyərlər, əlimiz oğlan əlinə dəyməmişdi, mənim heç bir oğlan dostum belə yox idi... Qayıdrıq, sübhü adada qarşılamışdıq...Şəhərə gəlib çatanda gördük ki, səs-küy, ağlaşma var...

Camaat həyəcanlıdır, hər yanda "Müharibə! Müharibə!" sözlərini eşidirik. Hər yanda radioya qulaq asırlar. Hələ bizə heç nə çatmır. Nə müharibə? Elə xoşbəxtik ki! Bizim gözəl planlarımız var: kim hara gedəcək oxumağa, kim kim olacaq.... Birdən müharibə! Böyüklər ağlayırdılar, biz isə qorxmurduq, biz biri-birimizi əmin edirdik, inandırırdıq ki, heç bir ay keçməyəcək, faşistlərin başını əzəcəyik! Müharibədən qabaqkı mahnılar oxuyurduq! Əlbəttə, bizim ordumuz düşməni elə öz ərazisində də məhv edəcək! Heç bir şübhə-filan yoxdu buna!.. Bir damçı belə şübhə yoxdu!..

Amma evlərə qara xəbərlər gələndə və dəfn mərasimlərini görəndə hər şeyi anlamağa başladıq. Mən sadəcə alışıb-yanırdım:"Necə yəni, deməli, yalan-palandı hər şey?" Almanlar artıq Qızıl Meydanda parada hazırlaşırdılar...

Mənim atamı cəbhəyə aparmadılar. Lakin o, inadla hərbi komissarlığa gedirdi. Sonra o getdi. O xəstəliklə, o ağ saçlarıyla, o yaralarıyla getdi cəbhəyə. Onda vərəm xəstəliyi vardı. Bir balaca müalicə olunmuşdu. Amma yaşı da az deyildi. Lakin o, cəbhəyə getdi. Özü də Stalin diviziyasına yazıldı, orda çoxlu sayda Sibirlilər vardı. Bizə də elə gəlirdi ki, bizsiz müharibə müharibə deyil, biz də döyüşməliyik! Silah verin bizə! Bütün sinif hərbi komissarlığa getdi. Və beləliklə fevralın onunda mən cəbhəyə getdim. Analığım çox ağladı:

-Valya, getmə! Sən nə edirsən? Axı çox zəifsən, arıqsan... Sənnən döyüşçü çıxar?

Mən uzun müddət raxitli olmuşam. Uzun müddət. Bu, anam öldürüləndən sonra baş vermişdi. Beş yaşına kimi yeriyə bilməmişəm... Və birdən özümdə güc tapdım!

Bizi iki ay isti vaqonlarla apardılar. İki min qız idik... Bütöv bir eşelon. Sibir eşelonu.

Cəbhəyə yaxınlaşdıqca nələr görürdük? Bir məqam yadıma gəlir. Heç vaxt unutmaram onu...dağıdılmış stansiyadır, perronda isə matroslar əlləri üstündə atılıb-düşürlər...Onların ayaqları yox idi, qoltuqağacları yox idi...Onlar əlləriylə gəzirdilər... Bütün perron onlarla doluydu...Hələ bir siqaret də çəkirdilər...Bizləri görüb gülürdülər. Zarafatlaşırlar. Ürəyim guppultuyla döyünür... Gup-gup-gup! Biz hara gedirik? Hara hazırlaşırıq belə? Hara? Cəsarətli olmaq üçün mahnı oxuyurduq, çox oxuyurduq!

Bizimlə birlikdə komandirlər də vardı, onlar bizə təlim keçirdilər. Bizə kömək edirdilər. Biz rabitə işini öyrənirdik. Ukraynaya gəlib çatdıq və bizi ilk dəfə orada bombardman elədilər. Biz isə həmin vaxt sanitar-profilaktika məntəqəsində, hamamda idik. Biz yuyunmağa gedəndə orda bir əmi növbə çəkirdi, hamama baxırdı. Biz ondan utandıq, qız uşaqlarıyıq, bilirsiz də...Lakin bombardman başalayan kimi biz hamımız onun üstünə qaçdıq, həmin əminin, xilas olunmaq üçün...Nəyəsə büründük, yarı çılpaq halda... Mən başıma dəsmal bağlamışdım, mənim qırmızı dəsmalım vardı...Hamamdan çıxıb qaçdıq... Baş leytenant vardı, o da cavan bir oğlan idi, qışqırdı:

-Ay qız, sığınacağa! Dəsmalı tullayın! Öznüzü göstərməyin!...

Mənsə ondan qaçıram, deyirəm:

-Özümü göstərmirəm! Anam icazə vermirdi yaş başla gəzim!

Bombardmandan sonra baş leytenant məni tapdı, dedi:

-Niyə mənə qulaq asmırsan? Mən sənin komandirinəm.

Mən ona inanmadım. Dedim:

-Bircə bu çatmırdı! Mənim komandirimə bax!..

Onunla dilləşirəm, südəmər oğlan uşağı kimi qəbul edirəm onu. Həmyaşıdıq.

Bizə iri şinellər verdilər, hamısı enliydi; biz bu şinellərin içində yellənirdik, gəzmirdik. Əvvəllər bizim üçün çəkmə də tikmirdilər. Çəkmələr vardı, lakin hamısı kişi çəkmələri idi, ölçüləri də kişi ölçüləri. Sonradan bizim çəkmələri dəyişdilər, ayrı çəkmələr verdilər-çəkmənin burnu qırmızıydı, boğazı qara kirzadan idi. Artıq bunları biz güclə əldə etdik! Hamımız arıq-uruq qızlar idik, kişi gimnastyorkaları əynimizdə sallanırdı. Kimsə gimnastyorkanı bədəninə uyğun daraldıb yanlarını tikirdi. Axı bizə başqa şeylər də lazım idi! Qız idik də! Starşina başladı ölçülərimizi götürməyə. Gülürük! Batalyon komandiri gəlir, deyir:

-Hə, starşina, de görüm qızların şey-şüylərinin hamısını yoluna qoydun?

-Ölçülərini götürdüm. Təmin edəcəyik,- deyə starşina cavab verir.

Və beləliklə mən təyyarəvuran zenit topu hissəsində başladım rabitəçilik eləməyə. Bütün günü növbətçi olurdum, rabitə əlaqəsinə girirdim. Və bəlkə də atamın ölüm xəbəri gəlməsəydi mən elə müharibənin axırınadək rabitəçi olacaqdım. Mənim sevimli atamdan başqa heç kimim yox idi. Mənə ən doğma insan. Yeganə sevimli atam! Mən başladım xahiş eləməyə: "Qisas almaq istəyirəm! Mən atamın ölümünün hayıfını çıxmaq istəyirəm!" Öldürmək istəyirdim!.. Güllə atmaq istəyirdim...Lakin mənə sübut etməyə çalışırdılar ki, artilleriyada telefon çox vacibdir... Amma telefon dəstəyi güllə atmır... Mən polk komandirinə raport yazdım. O, imtina etdi. O zaman mən çox da götür-qoy eləmədim, diviziya komandirinə yazdım. Bizə polkovnik Krasnıx gəldi, hamını sıraya düzdü və soruşdu:

-O kimdi bölmə komandiri olmaq istəyən?

Mən sıradan çıxdım: napnazik boynum, arıq və elə həmin nazik boynumda isə avtomat asılıb. Avtomat ağır idi, yetmiş bir patronu var. Görünür, mənim elə bir yazıq görkəmim vardı ki, polkovnik güldü. İkinci sual verdi:

-Hə, nə istəyirsən?

-Güllə atmaq istəyirəm, atəş açmaq istəyirəm!- dedim.

Bilmirəm o, nə düşündü, amma uzun müddət susdu. Heç nə demədi. Sonra dönüb getdi. "Vəssalam. Yəqin rədd edəcəklər!" deyə düşündüm. Birdən görürəm ki, komandirimiz qaçıb gəldi, dedi:

-Polkovnik icazə verdi!..

Bunu anlayırsan? Məgər bunu indi başa düşmək olar? İstəyirəm ki, sən mənim o zamankı hisslərimi də başa düşəsən..Nifrətsiz atəş aça bilməzsən. Bu müharibəydi, ov deyildi! Yadımdadı ki, siyasi dərslərdə bizə İlya Erenburqun "Onu öldür!" məqaləsini oxuyardılar. Almana rast gəldin dərhal öldür onu! Məşhur məqaləydi, hamı oxuyurdu, hamı o məqaləni əzbərləyirdi. O məqalə məndə də güclü təəssürat oyatdı, bütün müharibəni o məqalə mənim çantamda gəzdi və bir də atamın qara kağızı... Vurmaq! Vurmaq! Mən qisas almalıyam!..

Qısamüddətli kursu qurtardım, çox qısa müddətdə- üç aylıq kursa getdim. Güllə atmağı öyrəndim. Budur, artıq mən topçuların komandiriyəm. Və məni min üç yüz əlli yeddinci zenit polkuna göndərdilər. İlk vaxtlar burnumdan və qulağımdan qan açılırdı, mədəm korlanmışdı....

Boğazım quruyurdu, ögüyürdüm...Gecələr yox, gündüzlər qorxulu olurdu. Elə bilirsən təyyarə düz sənin üstünə şığıyır, sənin topunun üstünə düşəcək. Səninlə toqquşacaq! Bu bir anda baş verəcək! Bax bu an... bu dəqiqə o, səni xurd-xəşil edəcək! Vəssalam! Bu da son! Yox, bu, qız işi deyildi!.. Bu, onun qulaqları və gözləri üçün deyildi! Bizdə əvvəlcə "səksən beşlər" idi, bu zenitlər Moskva ətrafında özlərini yaxşı göstərmişdilər, sonradan onları tank əleyhinə işlətmək üçün göndərdilər və bizə isə "otuzyeddimillimetrlik"ləri verdilər. Rjevski istiqamətində gedən döyüşləri nəzərdə tuturam...

Orda elə döyüşlər gedirdi ki... Yazda Volqada buzlar əriməyə başladı...Və biz nələr gördük? Gördük ki, qırmızı-qara buz qatı üzür, buz parçasının üstündə iki-üç alman əsgəri və bir rus əsgəri var. Onlar elə beləcə bir-birinə sarılı vəziyyətdə həlak olmuşdular. Onlar o buz parçasının üstündəcə donmuşdular və o buz parçası da teyxə qan içindəydi. Ana Volqa tamam qan içindəydi!..

Birdən susdu. Dedi:

-Bir az istirahət etmək lazımdı... Yoxsa hönkürməyə başlayaram, görüşümüzü də korlayaram...

Sonra o, pəncərəyə tərəf dönür, özünü, üz-gözünü düzəldir. Az sonra isə gülümsəməyə başlayır, deyir:

-Doğrusu, ağlamağı sevmirəm. Uşaqlıqdan ağlamamağa öyrənmişəm...

-Mənsə Valyaya qulaq asdıqca Leninqradın mühasirəsini xatırlayırdım,- deyə indiyə kimi susan Aleksandra Fyodorovna Zençenko söhbətə qoşulur.-Xüsusilə bir hadisə heç cür yadımdan çıxmır. Bizim hamımızı sarsıtmışdı o hadisə. Bizə dedilər ki, hansısa qoca arvad hər gün pəncərəni açır və parçdan suyu küçəyə tökür. Və hər dəfə də suyu daha uzağa atır. Əvvəl düşündük ki, yəqin dəli olub da...axı mühasirədə hər cür adama rast gəlirsən. Sonra getdik arvadın yanına ki, görək nə üçün belə edir. Görün o, bizə nə dedi:

-Əgər faşistlər Leninqrada girsələr, mənim küçəmə gəlsələr, mən onları qaynar suyla yandıracağam... Mən çox qocayam, artıq heç nəyə gücüm çatmır, amma belədə bu işi bacararam, onları qaynar suyla yandıraram...

Arvad məşq edirmiş... Hər gün məşq edirmiş. Mühasirə də təzəcə başlamışdı. Hələ isti su vardı...O qadın çox ziyalı bir qadın idi. Mən indi də onun simasını xatırlayıram. O, mübarizə formasını seçmişdi, gücü çatanı seçmişdi. Həmin anı təsəvvür etmək lazımdı... Düşmən artıq şəhərin beş addımlığında, döyüşlər Narv qapılarının yanında gedir. Kirov zavodunun sexləri atəşə tutulur... Ölmək çox asanlaşıb, nəsə eləmək lazımdı... Hansısa hərəkət, fəaliyyət...Bəlkə kömək elədi? Bax minlərlə adam bu cür düşünürdü...

-Mən söz tapmaq istəyirəm... Bunları necə ifadə edim, hansı sözlə?...- deyə bu vaxt Valentina Pavlovna bilmirəm bizdən, yoxsa özündən soruşur.- Mən müharibədən əlil kimi qayıtdım. Qəlpə məni kürəyimdən yaralamışdı. Çox da böyük yara deyildi, amma məni qar təpəsinə tulladı. Bir neçə gün keçə çəkmələrimi quruda bilmədim, yadımda deyil, ya odun yox idi, ya da növbə mənə çatmırdı; peç çox xırdaydı, biz isə çox idik... Hamımız bir balaca peçin ətrafına toplaşırdıq. Məni qar topasının içindən tapıb çıxaranda artıq ayaqlarımı möhkəm don vurmuşdu. Görünür, üstümü qar örtübmüş, amma nəfəs alırdım, qarın üstündə dəlik əmələ gəlibmiş...Belə...

Məni sanitar itlər tapdı. Qarı eşələyib mənim qulaqlı papağımı tapıb gətiriblər. Orada mənim ölüm pasportum vardı- bu pasportları hamı üçün yazırdılar: hansı doğmaları var, hara xəbər vermək lazımdır... Məni qarın içindən çıxardıb plaş-çadıra gətirdilər, mənim gödəkçəm qan içində idi... Lakin heç kim ayaqlarıma fikir vermirdi...

Mən altı ay hospitalda yatdım. Ayağımı kəsmək istəyirdilər, dizdən yuxarı hissəni, çünki qanqrena başlamışdı. Və bu vaxt bir qədər qorxdum, ağciyərlik elədim, istəmirdim şikəst qalam. Nə üçün yaşayım axı? Kimə lazımam? Atam yox, anam yox! Həyata yük olacağam! Axı mən kimə lazımam kötük parçası kimi? Özümü öldürəcəyəm! Boğacağam özümü!.. Və tibb bacısından xahiş elədim ki, mənə böyük dəsmal gətirsin... Hospitalda isə hamı məni hirsləndirirdi, sataşırdılar mənə:"Hə, nənə burdadı... Burda qoca nənə uzanıb..." Hospitalın rəisi məni birinci dəfə görəndə soruşdu:

-Sənin neçə yaşın var?

-On doqquz,- dərhal cavab verdim,- Tezliklə on doqquz olacaq...

Rəis güldü.

-Ooooo! Yaşlısan! Yaşlı! Əməlli-başlı qocalmısan ki!

Və beləliklə sanitar Maşa xala da məni belə çağırmağa başladı, bu da məni hirsləndirirdi. Maşa xala mənə deyirdi:

-Mən sənə dəsmal verərəm, amma səni gərək əməliyyata hazırlayaq. Amma mən sənə nəzarət edəcəyəm. Qızım, nəsə sənin gözlərindən heç xoşum gəlmir. Birdən pis iş görərsən a?

Mən susuram...Və görürəm ki, düz deyir, məni əməliyyata hazırlayırlar. Bilmirdim heç əməliyyat nə olan şeydir, heç vaxt belə şey mənimlə baş verməmişdi, indi bilirəm, bədənimdə coğrafi xəritə var, o zaman isə təxminən anlayırdım.

İri dəsmalı balışımın altında gizlətdim və gözlədim ki, ara sakitləşsin. Qoy hamı yatsın. Çarpayılar isə dəmirdəndi və fikirləşirəm: dəsmalı bağlayaram çarpayıya və özümü boğaram. Bircə gücüm çataydı... Lakin Maşa xala bütün gecəni məndən aralanmadı. O, məni qorudu. Yatmadı... Qorudu bu gic qızını...

Mənim palata həkimim isə cavan bir leytenant idi, hospital rəisinin ardınca gəlirdi. O rəisdən xahiş edir:

-Verin mən edim! Verin mənə, mən yoxlayım...

Rəis deyir:

-Nəyi edəsən, hə? Onun artıq bir barmağı qaralıb. Qızın on doqquz yaşı var. Bizim ucbatımızdan öləcək.

Sən demə mənim palata həkimim əməliyyatın əleyhinə imiş. O başqa bir üsul təklif edirdi, o vaxt üçün təzə bir metod. Xüsusi iynə vasitəsilə dərinin altına oksigen yeritmək. Oksigen qidalandırır... Əlbəttə, mən dəqiq deyə bilmərəm bunu. Həkim deyiləm axı...Və həmin o cavan leytenant hospitalın rəisini yola gətirir. Beləliklə, onlar mənim ayağımı kəsmədilər.

Oğlan deyən metodla müalicə etməyə başladılar. Və iki aydan sonra mən artıq gəzməyə başladım. Qoltuqağacıyla, əlbəttə, ayaqlarım əski kimiydi, heç bir gücü, dayağı yox idi. Mən onları hiss eləmirdim, onları yalnız görürdüm. Sonradan qoltuq ağaclarsız gəzməyə başladım. Məni təbrik edirdilər: ikinci dəfə doğuldun! Hospitaldan sonra istirahət düşürdü mənə. Nə istirahət? Har gedim? Kimin yanına gedim? Öz hissəmə qayıtdım, öz zenit bölməmə! Orda da partiyaya keçdim. On doqquz yaşında...

Qələbə gününü Şərqi Prussiyada qarşıladım. İki gün idi ki, sakitlik idi, heç kim atəş açmırdı. Gecənin bir yarısıydı, qəflətən siqnal gəldi: "Hava hücumu!" Hamımız durub qaçdıq. Gördük qışqırırlar:"Qələbə! Təslim!" Təslim- aydın oldu, amma qələbə bizə belə çatdı:"Müharibə qurtardı! Müharibə qurtardı!" Hamı başladı göyə güllə atmağa. Kim necə bacarırdı, kimi avtomatdan, kimi tapançadan...Topdan atəş açırdılar... Kimi göz yaşlarını silir, kimi hoppanıb düşür və deyirdi:"Mən sağam! Mən salamatam!" Başqa birisi yerə yıxılıb torpağı qucaqlayır, daşı bağrına basırdı. Sevincdən... Mənsə durub baxıram, mənə isə indi-indi çatır-müharibə qurtarıbsa, deməli, mənim atam da evə heç vaxt qayıtmayacaq. Müharibə qurtardı... Komandir isə xəbərdarlıq edir: Tərxis olmayacaq, o vaxta kimi ki, patronlara görə pul ödəyəsiniz. Siz nə etdiniz? Gör nə qədər patron işlətdiniz?

Bizə elə gəlirdi ki, dünyada həmişə sülh olacaq, innən belə heç kim heç vaxt müharibə istəməyəcək. Bütün güllələr və silahlar məhv edilməlidir. Onlar axı nəyə lazımdır? Biz nifrət etməkdən yorulmuşduq! Biz atəş açmaqdan yorulmuşduq.

Və mən elə evə dönmək istəyirdim ki! Eybi yox, qoy atam da, anam da olmasın! Ev olsun! Ev elə bir qüvvədir ki! Ev onun içində yaşayan insanlardan da nəsə böyük bir şeydir, nəsə elə evin özündən də böyükdür! Elə bir şeydi ki... İnsanın gərək evi olsun...Analığıma baş əyirəm... o məni bir ana kimi qarşıladı. Sonralar mən ona ana deyirdim. O, məni gözləyirdi, çox gözləmişdi məni... Halbuki hospitalın rəisi artıq ona yazıbmış ki, qızınızın ayağını kəsəcəyik, şikəst qayıdacaq evə... Qoy o, buna hazır olsun. Və üstəlik bildirmişdi ki, bir qədər sizinlə yaşayacaq, sonra qızınızı götürəcəklər... Lakin analığım istəyirdi ki, mən evə dönüm...

O, məni gözləyirdi... Mən atama çox oxşayırdım...

Biz cəbhəyə on səkkiz-on doqquz yaşlarında getmişdik, iyirmi-iyirmi dörd yaşında isə qayıtdıq. Əvvəlcə sevinc hissləriylə yaşadıq, sonra isə dəhşət oldu: biz nə işlə məşğul olacağıq? Dinc həyatdan qorxurduq...Rəfiqələrim insititut bitirə bildilər, bəs biz kim olacaqdıq? Heç nəyə yaramırıq, ixtisasımız yoxdur... Nə biliriksə o da müharibəyə aiddir, nə bacarırırqsa elə o da müharibədir!

Müharibədən aralanmaq istəyirdik! Onun barəsində düşünməkdən qurtulmağa can atırdıq! Mən şinellərdən dərhal özümə bir palto tikdim, düymələrini dəyişdirdim. Bazarda kirza çəkmələrimi satdım, özümə tufli aldım.İlk dəfə əynimə don geydim, gözlərim yaşardı. Güzgüyə baxanda özüm-özümü tanımadım; axı biz düz dörd il şalvar geyinmişdik!

Kimə deyə bilərdim ki, mən yaralıyam, kontuziyalıyam! Hünərin var de, kim səni işə götürərdi? Kim səni alardı? Biz balıq kimi susurduq. Heç kimə demirdik ki, müharibədə döyüşmüşük. Bir-birimizlə əlaqə saxlayırdıq, yazışırdıq. Sonradan bizə ehtiramla yanaşdılar, bizi şərəfləndirdilər... otuz ildən sonra... Bizi görüşlərə dəvət elədilər...

Amma ilk dövrlər biz əriyib getmişdik, hətta orden və medallarımızı belə taxmırdıq. Kişilər taxırdı, qadınlar isə yox... Kişilər qalib idilər, qəhrəman idilər, nişanlıydılar... Onlar üçün müharibə olmuşdu... bizə isə ayrı gözlə baxırdılar. Tamam başqa gözlə... Mən sizə deyim: bizim qələbəmizi bizdən almışdılar! Qələbəni yavaş-yavaş adi qadın xoşbəxtliyinə dəyişirdilər! Qələbəni bizimlə bölüşmürdülər! Çox ağır idi, ağrılıydı... Anlaşılmazlıq idi... Çünki cəbhədə kişilərin bizə qarşı münasibəti çox gözəl olmuşdu, bizi hər zaman müdafiə edir, qoruyurdular...

Amma dinc dövrdə... mən hələ qadına cəbhədəki kimi yaxşı münasibət bəsləyən kişiyə rast gəlmədim. Geri çəkiləndə istirahət etmək üçün uzanırdıq, torpağın üstündə isə heç nə yox idi, onlar-kişilər bizə öz şinellərini verirdilər, özləri isə gimnastyorkada qalırdılar. "Qızları! Qızları bürümək lazımdı!" deyirdilər. Hardasa bint, yaxud tənzif tapan kimi verirdilər:"Al, götür! Sənə lazım olar!.." Son tikələrini bizimlə bölüşdürürdülər. Biz müharibədə onlarda xeyirxahlıq və istilikdən başqa bir şey görmədik. Bəs müharibədən sonra? Mən susuram... Susuram... Onları xatırlamağa bizə nə mane olur? Dözüləməz xatirələr...

Mən ərimlə Minskə gəldim. Heç nəyimiz yox idi:mələfə, stəkan, çəngəl... heç nə! İki şinel, iki gimnastyorka, vəssalam. Xəritə tapdıq, yaxşı vəziyyətdəydi, bez parçadan idi, onu yaxşıca islatdıq... Böyük xəritə idi... Budur, baxın, bu həmin o bez mələfədir-bizim ilk mələfəmiz...Sonra qızımız anadan oldu, onu plyonka elədik. Xəritəni deyirəm...İndiki kimi yadımdadı- dünyanın siyasi xəritəsiydi... Qızımız isə çamadanda yatırdı... Fanerli çamadanımız vardı, ərim onu cəbhədən qayıdanda gətirmişdi, nənni kimi istifadə edirdik ondan. Evimizdə sevgidən başqa heç nəyimiz yox idi. Qoy deyim... Bir dəfə ərim gəlib dedi:

-Gedək, bir divan görmüşəm, tullayıblar, köhnə divandır...

Və biz o divanı gətirməyə getdik, gecə getdik ki, kimsə görməsin. İlahi, biz o divana görə necə sevinirdik!

Bunca belə biz xoşbəxt idik. Mənim çoxlu rəfiqələrim peyda olmağa başladı! Çətin zaman idi, lakin biz ruhdan düşmədik. Kartoçkayla qənd alan kimi bir-birimizə zəng vururduq:

-Qənd payımı almışam, gəl çay içək!

Üstümüzdə heç nə yox idi, altımızda heç nə yox idi! Bu xalçalar... bu büllur qablar... yox idi! Heç nə! Və biz xoşbəxt idik! Xoşbəxt idik ki, sağ qalmışdıq. Deyirdik-gülürdük. Küçələri gəzib-dolaşırdıq...Mən elə hey hər şeylə maraqlanırdım, hər tərəfə maraqla baxırdım- halbuki maraqlı heç nə yox idi, ətrafda dağıdılmış, səpələnmiş daşlar, evlər, ağaclar qırıq-qırıq... Lakin bizi sevgi hissi isidirdi. İnsan insana lazım idi, hamı bir-birinə möhtac idi. Sonralar biz biri-birimizdən uzaqlaşmağa başladıq, hər kəs öz evinə, öz qınına girdi, öz ailəsinə sığındı, o zamanlar isə hamı bir yerdəydi. Çiyin çiyinə, cəbhədəki səngərlərdə olduğu kimi...

İndi məni tez-tez hərbi muzeyə görüşə dəvət edirlər... Xahiş edirlər ki, ekskursiya aparım. İndi - hə, dəvət edirlər! Qırx ildən sonra! Qırx il! Bu yaxınlarda mən cavan italyanlar qarşısında çıxış elədim. Onlar məni sorğu-suala tutdular: hansı həkim məni müalicə edib? Xəstəliyim nə olub? Nədənsə mənə dedilər ki, psixiatra müraciət eləmişəm, ya yox? Hansı yuxuları görürsünüz? Müharibə yuxunuza girirmi? Sanki rus qadını, əlində silah döyüşən rus qadını onlar üçün tapmacadı! O necə qadındır axı- həm sarğı bağlayıb, yaraları sarıyıb, xilas edib, həm də atəş açıb, vurub, partladıb? Kişiləri öldürüb...Onları bir sual da maraqlandırırdı: ərə getmişəmmi? Onlar əmin idilər ki, mən "yox" deyəcəm. Deyəcəyəm ki, təkəm. Mənsə güldüm. Dedim:

-Hamı müharibədən bir qənimət gətirir, mən də özümə ər gətirdim. Mənim bir qızım var. İndi nəvələrim böyüyür...

Mən sənə sevgidən danışmadım... Artıq danışa bilmərəm, çünki ürəyim tab gətirməz. Gələn dəfə... Hə, sevgi olub! Olub! Məgər insan məhəbbətsiz yaşaya bilər? Yaşaya bilərmi? Sevgisiz sağ qalmaq olarmı? Cəbhədə bizim batalyon komandiri mənə vurulmuşdu...O məni bütün müharibədə qorudu, heç kimi yaxına buraxmadı ki, mənə yanaşsın. Tərxis olunduqdan sonra hospitalda məni tapdı. O zaman sevgisini etiraf elədi... Yaxşı, sevgidən sonra danışaram... Sən gəl a, mütləq gəl. Mənim ikinci qızım olarsan. Əlbəttə, mən çox uşaq arzulayırdım, uşaqları sevirəm. Lakin bircə qızım var... Qızım... Xəstə oldum, səhhətim imkan vermədi doğmağa, gücüm yox idi. Oxuya da bilmədim, tez-tez xəstələnirdim. Mənim ayaqlarım, bütün ayaqlarım...Onlar məni yolda qoyurlar... Təqaüdə qədər Politexnik institutunda laborant işləyirdim, hamı məni sevirdi. Professorlar, tələbələr. Çünki mənim içimdə sevgi aşıb-daşırdı, mən həyat eşqiylə yaşayırdım. Mən həyatı elə sevirdim, elə başa düşürdüm ki....Müharibədən sonra yalnız sevinclə, sevgiylə yaşamaq istəyirdim. Allah insanı güllə atmaq, adam vurmaq üçün yaratmayıb, Allah insanı sevgiyçün yaradıb. Sən necə düşünürsən?

İki il bundan qabaq bizim qərargah rəisi İvan Mixayloviç Qrinko mənim qonağım oldu. O, artıq çoxdandı təqaüdə çıxıb. Bax elə bu stolun arxasında oturmuşdu. Mən də piroq bişirmişdim. Mənim ərimlə söhbət edirlər, xatırlayırlar...Bizim qızlar haqqında danışdılar...Mən də sanki birdən özümdən çıxıb qışqırıram:

-Hörmət, deyirsiz, ehtiram gösətrirlər onlara?! Axı qızlar demək olar ki, hamısı tənhadır. Ərə getməyiblər. Kommunalkalarda yaşayırlar. Onlara kim mərhəmət göstərib? Kim onları müdafiə edib? Müharibədən sonra siz hara yoxa çıxdınız? Satqınlar!!

Bir sözlə, onların bayram əhval-ruhiyyəsini korladım...

Qərargah rəisi bax orda, sənin əyləşdiyin yerdə oturmuşdu.

-Sən mənə göstər görüm kim xətrinə dəyib!-deyə yumruğuyla stolun üstünə vurdu.-Kim sənin xətrinə dəyib? Sən mənə onu göstər bircə!

Sonra üzr istədi, dedi:

-Valya, mən sənə heç nə deyə bilmərəm, göz yaşlarımı axıtmaqdan başqa...

Bizə yazığınız da gəlməsin. Lazım deyil. Biz qürurluyuq. Qoy lap on dəfə tarixi yazıb-pozsunlar, dəyişdirsinlər. Stalinlə, ya Stalinsiz tarixi! Amma bizim qələbəmiz tarixdə qalacaq! Biz qalib gəldik! Bizim iztirablarımız qalib gəldi! Yaşantılarımız qalib gəldi! Bunlar cır-cındır deyil! Bu kül deyil! Bu, bizim həyatımızdır. Biz hələ ki sağıq...Daha heç nə deməyəcəm... Vəssalam, bu qədər!..

Mən sağollaşıb çıxanda o mənim üçün piroq büküb qoydu.

-Sibir piroqlarıdır,-dedi,- xüsusidir. Beləsini mağazalarda tapmazsan...

Sonra mənə ünvan və telefonlar olan uzun bir siyahı verib əlavə edir:

-Səni görəndə hamı sevinəcək. Gözləyirlər. Qoy bunu da izah edim sənə: xatırlamaq dəhşətlidir, xatırlamamaq isə ikiqat dəhşətdir.

Və mən onların niyə belə ağız dolusu danışdıqlarını indi başa düşürəm...

-

(davamı)

Bizi xırda medallarla təltif edirdilər...

Mən poçt qutumu səhərlər açıram...

Mənim şəxsi poçtum daha çox hərbi komissarlığı və ya muzeyi xatırladır.

"Aviasiya polkunun təyyarəçisi Marina Raskovadan salamlar", "Sizə "Jeleznyak" briqadasının partizan qızlarının tapşırığı ilə yazıram...", "Minsk gizli təşkilatının qızları... təbrik edirlər...Sizə başladığınız işdə uğurlar...", "Hamam-camaşırxana dəstəsinin sıravi qızları Sizə müraciət edirlər..." Mənim bütün axtarışlarım ərzində yalnız bir neçə məyusedici rədd cavabları olub:"Yox! Bu, dəhşətli yuxu kimi gəlir... Danışa bilmərəm! Danışmayacağam!" və yaxud:"Xatırlamaq istəmirəm! İstəmirəm! Uzun müddət idi yadıma düşmürdü..."

Bir məktubu da yadımda saxlamışam, göndərənin ünvanı yox idi. "Mənim ərim Şöhrət Ordenləri almışdı, müharibədən sonra on il həbs düşərgəsində yatdı...Vətən öz qəhrəmanlarını belə qarşıladı. Qalibləri! Universitetdə bir yerdə oxuduğu tələbə yoldaşına məktub yazmışdı. Yazmışdı ki, Qələbəmizlə öyünmək ona çox ağır gəlir - öz torpaqlarımızı, özgə ərazilərini rus meyitləri ilə doldurduq. Qana buladıq. Onu dərhal tutdular... Paqonlarını çıxartdılar...

Stalinin ölümündən sonra Qazaxıstandan qayıdıb gəldi...Xəstəydi. Uşaqlarımız yoxdu. Mənə müharibəni xatırlamaq lazım deyil...Mən elə bütün ömrüm boyu döyüşürəm..."

Öz xatirələrini yazmağa hamı ürək eləmir, axı hamıda alınmır, ağ kağıza bütün hiss və düşüncələrini etibar etmək çətindir. "Göz yaşları mane olur..." (A. Burakova, serjant, radist). Yazışmalar isə, əksinə, sənə yalnız ünvanlar və yeni adlar verir.

"Bədənimdə bəs qədər metal var...Vitebsk ətrafında yaralanmışam və qəlpələri indiyə kimi ürəyimin bir neçə santimetrliyində daşıyıram. İkinci qəlpə sağ böyrümdədir. İki dənəsi isə qarın nahiyyəmdə...

Mənim ünvanım budur... Gəlin... Daha yaza bilmirəm, göz yaşlarım imkan vermir, heç nə görə bilmirəm..." V. Qromova, sanitar təlimatçı

"Böyük təltiflərim yoxdu, yalnız medallardır. Bilmirəm, mənim həyatım sizə maraqlı gələcəkmi? Amma onu kiməsə danışmaq istərdim..." V.P. Voronova, telefonçu

"...Mən ərimlə Uzaq Şimalda, Maqadanda yaşayırdım. Ərim sürücüydü, mən isə nəzarətçi. Müharibə başlayan kimi hər ikimiz cəbhəyə getmək üçün müraciət etdik. Bizə dedilər ki, harda ehtiyac varsa orda da işləyin. Sonra biz yoldaş Stalinə teleqarm vurduq, yazdıq ki, biz əlli min manat (o vaxt bu, böyük məbləğ idi və bizim də elə bütün sərvətimiz bundan ibarət idi) tank istehsalı üçün köçürürük və arzumuz da odur ki, cəbhəyə gedək. Bizə hökumətdən təşəkkür məktubu gəldi. Və qırx üçdə məni ərimlə birlikdə Çelyabinsk tank texniki-peşə məktəbinə göndərdilər və biz oranı eksternlə bitirdik .

Və elə oradaca bizə tank verdilər. Biz hər ikimiz baş mexanik-sürücü idik, lakin tankda isə yalnız bir mexanik-sürücü olmalıdır. Komandir qərara aldı ki, məni "İS-122" nömrəli tanka komandir, ərimi isə baş mexanik-sürücü təyin eləsin. Və beləcə düz Almaniyay kimi getdik. Hər ikimizin yaraları var. Təltiflərimiz də var.

Orta çəkili tanklarda qızlar çox idi, amma ağır tankda bircə mən idim. Hərdən düşünürəm: kaş hansısa bir yazıçı mənim həyatımı qələmə alaydı. Özüm bacarmıram..." A. Boyko, kiçik leytenant, tankçı

"Qırx ikinci il idi...Məni divizion komandiri təyin elədilər. Polk komandiri xəbərdarlıq elədi:

-Kapitan, nəzərə alın ki, siz qeyri-adi divizyonu qəbul edirsiz- "qızlar"divizyonunu! Divizyonun yarıdan çoxu qızdı, onlara gərək xüsusi yanaşma olsun, xüsusi diqqət və qayğı!

Əlbəttə, mən bilirdim ki, orduda qızlar xidmət edir, lakin yaxşı təsəvvür edə bilmirdim. Biz təcrübəli zabitlər bir qədər ehtiyatla yanaşırdıq bu məsələyə - yəni "zəif məxluq"un hərbi işin öhdəsindən gəlməsinə şübhəylə baxırdıq. Axı əsrlərdən bəri bu iş kişi işi hesab olunub. Deyək ki, tibb bacıları qəbul olunandır. Onlar hələ birinci dünya müharibəsi zamanı özlərini yaxşı göstərmişdilər, hələ vətəndaş müharibəsində də nümunə idilər.

Bəs bu qızlar zenit artilleriyasında nə iş görəcəklər? Orda ağır sursatları daşımaq lazımdır axı! Onları batareyada necə yerləşdirəcəyik? Axı orda bircə dənə dəyə var?! Ora yalnız kişilər üçün hesablanıb! Qızlar gərək saatlarla dəmir cihazların üstündə otursun, topların oturacaqları da dəmirdəndi, onlar necə oturacaqlar orda? Axı qız uşaqlarına olmaz! Və nəhayət, onlar harda yuyunacaqlar, harda saçlarını qurudacaqlar? Çoxlu suallar yaranırdı... qeyri-adi bir iş idi bu!..

Başladım batareyaları gəzib yoxlamağa. Etiraf edirəm ki, özümü narahat hiss edirdim: postda qız görmək, əlində də silah, qüllədə binoklla qız görmək! Axı mən özüm ön cəbhədən gəlmişdim. Onlar müxtəlif xarakterdə idilər- utancağı, ürəksizi, əzilib-büzüləni, cəsarətlisi, odlu-alovlusu vardı. Hərbi intizama tabe olmağı hamı bacarmırdı, qadın təbiəti ordu qaydalarının əleyhinədir. Bəzən görürdün ki, əmri yerinə yetirmək yadından çıxır, bəzən evdən məktub alanda səhərədək ağlayır...

Cəzalandırırsan, sonra da rəhmin gəlir, qərarını dəyişdirirsən. Fikirləşirdim: vəssalam, bu qadın tayfasıyla mən batacağam! Lakin çox keçmədi ki, mənim bütün şübhələrim yox oldu. Qızlar əsl əsgər oldular. Biz onlarla amansız bir yol keçdik. Gəlin. Hələ çox söhbətimiz var..." İ. A. Levitskiy, yeddi yüz səksən dördüncü zenit-artilleriya polkunun beşinci divizyonunun keçmiş komandiri

Ünvanlar müxtəlifdir-Moskva, Kiyev, Krasnodar vilayətinin Apşeronsk şəhəri,Vitebsk, Volqaqrad, Yalutarovsk, Suzdal, Qaliç, Smolensk... Bunların hamısını necə əhatə edəsən? Ölkə nəhəngdir. Və burada bir hadisə dadıma çatır. Gözlənilməz xəbər.

Günlərin birində poçtalyon mənə dəvətnamə gətirir, altmış beşinci ordunun generalı P. İ. Batov veteranlar adından məni dəvət edir: "Adətən biz 16-17 mayda Moskvada Qızıl Meydanda toplaşırıq. Adət, ənənə, mərasim...Kimin ki, hələ gücü var, gəlir. Murmanskadan, Karaqandadan, Alma-Atadan, Omskdan... Hər yandan gəlirlər. Bizim ucsuz-bucaqsız Vətənimizin hər yerindən gəlirlər... Bir sözlə, Sizi gözləyirik..."

..."Moskva" mehamanxanası. May ayı-Qələbə ayıdır. Hə yanda qucaqlaşırlar, ağlayırlar, şəkil çəkdirirlər. Sinələrə sıxılmış gül-çiçəklər yaxalara taxılmış orden və medalları görünməz edir. Mən bu izdahama girirəm, o məni qaldırır və aparır, dalınca aparır istər-istəməz; çox keçmir ki, mən bu tanış olmayan aləmə girirəm. Tanış olmayan adada. Tanıdığım və tanımadığım adamların əhatəsindəyəm, amma bir şeyi bilirəm- mən onları sevirəm. Adətən onlar bizim aramızda itib-batırlar, görünmürlər, çünki köçüb gedirlər; getdikcə azalırlar, lap az qalırlar, biz isə çoxalırıq; lakin onlar ildə bir dəfə bir yerə toplaşırlar; yığışırlar ki, heç olmasa bir anlıq da olsa öz zamanlarına uçub getsinlər. Onların zamanı isə xatirələrdir, onların xatirələri!

Yeddinci mərtəbədə əlli ikinci otaqda beş min iki yüz əlli yeddinci hospital yığışmışdı. Stolun başında baş həkim, kapitan Aleksandra İvanovna Zaytseva oturmuşdu. Məni görüncə sevindi, hamıyla tanış etdi, elə bil biz bir-birimizi yüz ildi tanıyırıq. Mənsə tamam təsadüfən bu qapını döydüm. Elə fikirləşib-eləmədən döydüm qapını.

Bloknotuma yazıram: Qalina İvanovna Sazonova - cərrah, Yelizaveta Mixaylovna Ayzenşteyn-həkim, Valentina Vasilyevna Lukina-tibb bacısı, Anna İqnatyevna Qorelik-baş əməliyyat bacısı və tibb bacıları-Nadejda Fyodorovna Potujnaya, Klavdiya Proxorovna Borodulina, Yelena Pavlovna Yakovleva, Angelina Nikolayevna Timofeyeva, Sofya Filimonovna Semenyuk, Larisa Tixonovna Deykun.

Kuklalar və tüfənglər

"Ehhhh, qızlar, qızlar, bu müharibə nə alçaq şeymiş!.. Müharibəyə bizim gözümüzlə baxasan... Arvad gözüylə... Onda o, sənə dəhşətdən də dəhşətli görünər. Buna görə də bizdən heç kim soruşmur..."

"Yadınızdadı, qızlar, isti qatarlarda getməyimiz...Əsgərlər bizə gülürdülər, bizim silah tutmağımıza gülürdülər. Silahı silah kimi tutmurduq, bax belə tuturduq... Hətta indi... Bax kuklanı necə tuturuq, elə..."

"Adamlar ağlayır, qışqırırdılar... Mən də o sözü-"Müharibə!" sözünü eşidirəm. Fikirləşirəm: nə müharibə, axı sabah səhər bizim institutda imtahan var? İmtahan- çox vacibdi! Nə müharibə-filan ola bilər ki?

Bir həftədən sonra isə bombardman başladı, artıq biz insanları xilas edirdik. Tibb institutunun üçüncü kursunu bitirmişdik... indiki zamanda bu, çox şey deməkdi. Lakin ilk günlər o qədər qan gördüm ki, başladım ondan qorxmağa. Bu da sənin yarım həkimin! Bu da sənin praktikaya görə aldığın "beş". Lakin insanlar özlərini yaxşı aparırdılar. Bu da bizi ruhlandırırdı.

Qızlar, mən sizə danışmışam...Bombardman qurtarıb, görürəm ki... qabağımdakı torpaq tərpənir. Tez yüyürürəm və başlayıram qazmağa. Əlim sifətə, saçlara dəyir... Qadın idi...Onu torpaqdan qazıb çıxartdım və başladım ağlamağa, onun başının üstündə oturub ağladım. O isə gözlərini açdı, soruşmadı heç nə baş verib, həyəcanla dedi:

-Mənim çantam hardadı?

-İndi çanta vaxtıdır? Tapılar da.

-Orda mənim sənədlərim vardı.

O, özü barədə düşünmürdü - sağdı, yoxsa yaralıdı? Bircə partiya bileti və hərbi biletini fikirləşirdi. Dərhal başladım onun çantasını axtarmağa. Tapdım. Qadın çantanı sinəsinə sıxdı və gözlərini yumdu. Çox keçmədi ki, sanitar maşını gəldi və biz onu maşına qoyduq. Mən bir də yoxladım, çantası yerindəydi.

Axşam evə gəldim, bunları anama danışdım və dedim ki, mən də cəbhəyə gedirəm..." "Bizimkilər geri çəkilirdilər... Biz də küçəyə çıxmışdıq... Yaşlı bir əsgər yanımızdan ötürdü, daxmamızın yanında dayandı, düz anamın ayaqlarına çökdü: "Ana, bağışla... Qızcığazı xilas elə! Qızcığazı xilas eləyin!" O zaman mənim on altı yaşım vardı, hörüklərim də uzun idi... Bax belə...Qaşlarım qapqaraydı..."

"Bizim cəbhəyə getməyimiz yadıma gəlir... Bir maşın qız... Yekə bir yük maşınıydı, üstü bağlı. Gecəydi, hər yan qaranlıq idi, ağacların budaqları bizim maşının brezentinə dəyirdi, biz də gərgin vəziyyətdə... Yəqin elə güllələrdir... Bizi atəşə tutublar... Müharibədə hər şey dəyişir- sözlər də, səslər də... Müharibədir... Eh, indi hər dəqiqə müharibə sənin yanındadır! "Ana" deyirsən, tamam ayrı cür səslənir, "ev" deyirsən başqa cür səslənir, tamam ayrı cür...Onlara nəsə bir şey də əlavə olunmuşdu: daha çox sevgi qatılmışdı o sözlərə, daha çox qorxu qatılmışdı onlara. O sözlərə nəsə ayrı şeylər də qatılmışdı...

Amma ilk gündən mən əmin idim ki, onlar bizi məğlub edə bilməyəcəklər. Bizim ölkəmiz böyük idi. Ucsuz-bucaqsız idi..."

"Anamın qızıydım...Heç vaxt şəhərimizdən qırağa çıxmamışdım, özgə bir evdə gecələməmişdim, amma minomyot batareyasında həkim kimi fəaliyyətə başladım. Ah, mənim başıma nələr gəldi! Minomyotlar atan kimi mən dərhal kar olurdum. O dünyanı görürdüm, elə bil mənim bədənimə od vururdular. Oturub pıçıldayırdım:"Ana! Anacan... anacan..." Biz meşədə dururduq. Səhər çıxırsan çölə, sakitlikdir, şeh düşüb yarpaqlara. Doğrudanmı müharibədir? Hər şey gözəl, hər şey yaxşı olanda... düşünürdün ki...

Bizə demişdilər ki, yalnız hərbi forma geyinmək lazımdır- mənim boyum isə bir metr əllidir. Şalvarın içinə girirdim və qızlar da şalvarı mənim üçün büküb götürmüşdülər... Mən də öz paltarımda gəzirdim, komandirlərdən də gizlənirdim. Lakin məni intizamı pozduğuma görə qarovulxanaya basdılar..."

"Heç inanmazdım, heç vaxt...Özümü belə tanıya bilmirdim- dərhal yuxuya gedə bilərəm! Sırayla gedirsən ayaq üstündə yatırsan, qabaqda gedənə ilişirsən, dərhal ayılırsan, yenə yatırsan. Əsgər yuxusu həmişə şirin olur. Bir dəfə qaranlıqda sırada addımlayırdım, irəli getməkdənsə, yana tərəf yırğalandım, mən də gedirəm, amma yata-yata gedirəm, çöllükdür...Az qaldı hansısa kanala yıxılım, ayılıram və dərhal qaça-qaça özümüzünkülərə çatıram.

Əsgərlər oturub dincini alırlar, üç nəfər bir siqareti çəkir. Birinci çəkənə kimi ikinci və üçüncü gözlərini yumur. Hətta xoruldayırlar..."

"Unutmaram: yaralı gətirdilər, xərəkdən götürdük... Kimsə onun əlini götürüb yoxladı: yox, o, ölüb! Uzaqlaşdıq. Və birdən həmin yaralı nəfəs almağa başladı. Mən də diz üstə çöküb ağlayıb qışqırıram: həkim çağırın, həkim! Həkimi durquzurlar, silkələyirlər, o, isə kötük kimi yerə yıxılır, bərk yatır. Hətta naşatırla da onu oyada bilmədilər. Çünki həkim üç gün idi ki, yatmırdı.

Qışda necə ağır yaralılar olurdu! Qanlı gimnastyorlkalar donmuşdu, qar suları, kirzə çəkmələr qan içində, donuq-donuqdur...Kəsib çıxartmaq olmur. Hamısı meyit kimidi, buza dönüblər.

Pəncərədən bayıra baxırsan- qışdır. Təsvirəgəlməz bir gözəllik var. Sehirli yolka ağacları ağappaqdır. Bir anlıq hər şeyi unudursan... Və yenidən..."

"Bu, xizəkçilər batalyonu idi... Orda yalnız onuncu sinif şagirdləriydi... Onları pulemyotla biçmişdilər... Birini gətirirlər, ağlayır. Biz də onun yaşındayıq, lakin özümüzü böyük hiss edirdik. Onu qucaqlayıb deyirsən:"Körpəsən, əziz balam!" O isə deyir: əgər sən orda olsaydın, belə deməzdin! Körpə!

O, ölür və bütün gecəni qışqırır"Ana! Ana!"

Orda Kurskdan iki oğlan vardı, biz onlara "Kursk bülbülləri" deyirdik. Gedirdik onları oyatmağa, yatırdılar, ağız suları dodaqlarına yayılıb. Lap körpə uşaqlar kimiydilər..."

"Günlərlə əməliyyat stolunun arxasından çəkilmirdik... Durursan, əllərin isə öz-özbaşına yanına düşür. Elə olurdu ki, başın sözünə baxmır və sən birbaşa əməliyyat olunan adama dəyirsən. Yatmaq! Yatmaq! Yatmaq! Ayaq üstə qalmaqdan ayaqlarımız şişmişdi, kirzə çəkmələri ayaqlarımıza olmurdu! Gözlərimiz o qədər yorulurdu ki, yummağa da çətinlik çəkirdik...

Mənim müharibəmin üç qoxusu vardı:qan, xloroform və yod... "

"Oxxxxx! Yaralar... İri, dərin, dəlmə-deşikli yaralar...Adam dəli ola bilərdi... Başda, bağırsaqlarda, bütün bədəndə mərmi, qumbara, güllə qəlpələri- metalla birlikdə bədəndən əsgər şinellərinin düymələrini də çıxarırdıq, gimnastyorkaların, şinellərin, dəri kəmərlərin tikələrini də çıxarırdıq! Bir əsgərin bütün sinəsi yarılmışdı, ürəyi görünürdü... amma döyünürdü, lakin əsgər ölürdü... Sonuncu sarğını dolayıram və özümü ağlamaqdan güclə saxlayıram. Düşünürəm ki, bircə tez qurtarım, gedib bir küncə çəkilim, hönkürtü vurum... Birdən yaralı deyir:"Çox sağ ol, bacı!" və əlində nəsə var, xırda metal bir şeydir, mənə uzadır. Baxıb görürəm ki, xaç formasında qılınc və bir də tüfəng.

-Niyə mənə verirsən?- soruşuram.

-Anam deyirdi ki, bu talisman sənə kömək edər, bəladan qurtarar. Amma artıq o, mənə lazım deyil. Bəlkə sən daha bəxtli olarsan, düşər sənə?- deyib üzünü divara çevirir.

Artıq axşama yaxın saçlarımdakı qan xalat vasitəsilə bədənimə sızır, bütün günü şapkada və maskada...Rəngim qapqara qaralır, əzgin-yorğun haldayam, hərədən bir şey hopub bədənimə... Sidik, nəcis...

Başqa bir vaxt görürsən ki, çağırırlar:

-Bacı, mənim ayağım ağrıyır...

Baxıb görürsən ki, heç ayaqları da yoxdur... Ən çox ölüləri daşıyanda qorxurdum, külək mələfəni qaldırır və o, sənə baxır. Apara bilmirdim, gözləri açıq idisə bağlayırdım gözlərini...

"Yaralı gətirmişdilər... Sarğılı vəziyyətdə xərəkdə uzanmışdı, onun başından vurmuşdular, azca üzü görünürdü, o, məni kiməsə oxşatdı və başladı çağırmağa: Larisa, Larisa... Laroçka...

Görünür, sevdiyi qızın adıydı. Amma mənim də adım Larisadır axı. Və bilirəm ki, bu adamı heç vaxt heç yerdə görməmişəm. Buna baxmayaraq məni çağırır. Yaxınlaşdım, heç nə anlamıram, baxıram.

-Sən gəldin? Gəldin?

Mən onun əlindən tuturam, əyilirəm...

-Bilirdim ki, sən gələcəksən...

Nəsə pıçıldayır. Amma mən başa düşmürəm nə pıçıldadığını. İndi bu səhnəni sakitcə təsvir edə bilmirəm, ağlamaq istəyirəm.

-Mən, - deyir,- cəbhəyə gedəndə səni öpə bilmədim. Öp məni...

Və mən əyilib onu öpürəm. Onun göz yaşları bintdən çıxıb süzüldü, sonra yox oldu. Vəssalam. O, öldü..."

Ölümqabağı ölüm və heyrət barədə

"İnsanlar ölmək istəmirdilər...Biz hər iniltiyə, hər qışqırtıya qaçırdıq. Bir yaralı öldüyünü hiss edib mənim çiyinlərimdən bax beləcə tutdu, qucaqladı və buraxmadı. Ona elə gəlirdi ki, kimsə böyründə olsa, əgər tibb bacısı onun yanındadısa, deməli ölməz. O xahiş elədi:

- Bircə beş dəqiqə də yaşaya biləydim. Bircə iki dəqiqə..."

Bəziləri sakitcə, səssiz ölürdü, bəziləri isə qışqırırdı:"Ölmək istəmirəm!" Söyüş söyürdülər. Sənin ananı... Birdən bir yaralı başladı oxumağa... Moldavan mahnısı oxudu... İnsan ölür, amma yenə də inanmır öləcəyinə. Sən axı görürsən; görürsən ki, tüklərin altından sarımtıl rənglər əmələ gəlir, əvvəlcə insanın üz-gözünü bürüyür, sonra da bütün bədənini...O meyit kimi uzanıb, üzündə isə hansısa heyrət var. Sanki uzanıb və düşünür: necə yəni, mən ölmüşəm? Doğrudanmı, mən ölmüşəm?

Hələ ki eşidir... Son ana qədər danışırsan onunla... yox, yox, məgər ölmək olar? Öpürsən onu, qucaqlayırsan: nooldu, nooldu sənə? O, isə artıq ölüb, gözlərini tavana zilləyib baxır, mənsə hələ ona nəsə pıçıldayıram... Onu sakitləşdirirəm, təsəlli verirəm. Onların familyaları silinib gedib, unutmuşam, amma sifətləri yadımda qalıb..."

"Yaralıları gətirirdlər...Onlar ağlayırlar... Ağrıdan ağlamırlar, gücsüzlükdən ağlayırlar. İlk dəfə onları cəbhəyə gətirəndə bəziləri dərhal atəş aça bilmirdi. Onlara silah da verməmişdilər, ilk illərdə silah çatışmırdı, qızıla bərabər idi. Almanlarda isə tank, minomyot, aviasiya...Cəbhə yoldaşları döyüş meydanlarında yıxılırdı, onlar isə onun silahını götürürdülər. Qumabaraları götürürdülər. Boş əllə döyüşə gedirdilər... Elə bil dalaşmağa, əllə dalaşmağa gedirlər...

Və dərhal tanklara tuş gəlirdilər..."

"Onlar öləndə... İlahi, necə baxırdılar adama!.. Necə baxır..."

"Mənim ilk yaralım... Güllə onun boğazına dəymişdi, bir neçə gün yaşadı, amma heç nə danışa bilmədi...

Əl kəsirdilər, ayaq kəsirdilər, qan yoxdur, qan gəlmirdi... Bir balaca salamat ət parçası görürdün... sonra qan gəlməyə başlayırdı. Mən indi də toyuğu bölüb parçalaya bilmirəm, ağ təmiz əti kəsə bilmirəm...Mənim dilim-ağzım quruyur..."

"Almanlar hərbiçi qadınları əsirliyə götürmürdülər... Dərhal güllələyirdilər. Ya da öz əsgərlərinin qabağına çıxarıb göstərirdilər: baxın, bunlar qadın deyil, idbardılar.

Və biz də daim iki patron saxlayırdıq özümüz üçün, iki patron; işdir, biri boşa getsə, ikincidən istifadə edək!

Bizim bir tibb bacımız əsir düşdü... Bir gündən sonra biz almanları kənddən qovub çıxaranda gördük ki, hər yanda ölü atlar səpələnib, motosikletlər, zirehli maşınlar... O tibb bacısını tapdıq:gözlərini çıxarmışdılar, döşlərini kəsmişdilər... Onu nəcisin içinə salmışdılar... Şaxtaydı və o qız da ağappağ, saçları da ağarmışdı. Onun on doqquz yaşı vardı.

Onun çantasından bir məktub tapdıq, evdən gəlmişdi, bir də yaşıl rezin quşcuğaz. Uşaq oyuncağı..."

"Biz geri çəkilirdik... Bizi bombalayırdılar. Birinci il geri çəkilirdik, elə hey geri çəkilirdik. Faşist təyyarələri çox yaxından uçurdular, hər adama belə hücum edirdilər. Sənə həmişə elə gəlir ki, təyyarə səni qovur. Mən də qaçıram... Görürəm və eşidirəm ki, təyyarə mənə sarı gəlir... Təyyarəçini də görürəm, onun üzünü də... o da görür məni, görür ki, qızam... Sanitar arabasıdır... Arabanın yan-yörəsini atəşə tutur, gülür... Bizimlə məzələnir... Elə mənfur, elə dəhşətli gülüş... Və bir də gözəl üz...

Dözə bilmirəm... Qışqırıram... Qarğıdalı kollarının arasına qaçıram, o da məni təqib edir... meşəyə cumuram, ardımca gəlir... məni yerə yıxır... Kolluqdur...Artıq ordan durub qaçıram meşəyə, yaşıl yarpaqların arasına...Qorxudan burnumdan qan açılır, bilmirəm: sağam, ya yox? Yox, sağam...O vaxtdan təyyarədən çox qorxuram. Təyyarə hardasa uğuldayanda, mən artıq əsməyə başlayıram, artıq heç nə barədə düşünmürəm, bir şeydən başqa- bax bu saat mənim üstümə şığıyacaq, harda gizlənim? Hara gedim ki, o səsi eşitməyim, görməyim? İndiyə kimi də təyyarə səsinə dözə bilmirəm. Uçmuram..."

Ehhhh, qızlar, qızlar...

"Müharibədən qabaq ərə getməyə hazırlaşırdım...Öz musiqi müəllimimə. Dəli bir sevgi tarixçəsi. Mən ona dəlicəsinə vurulmuşdum... Və o da məni sevirdi... Anam qoymadı, dedi:"Hələ balacasan! Yaşın çatmır!"

Çox keçmədi ki, müharibə başladı. Mən cəbhəyə getmək üçün müraciət elədim. Evdən çıxıb getmək istəyirdim, böyük qız olmaq istəyirdim. Evdə ağlayırdılar, yır-yığış edib məni yola salmağa hazırlaşırdılar. İsti corablar, alt paltarları...

Elə ilk öldürülmüş adamı birinci gün gördüm...Təsadüfən. Məktəbi hospital eləmişdilər, mən də məktəbin həyətində idim. Qəlpə bizim feldşeri ölümcül yaraladı və o, həlak oldu. Mən düşündüm: anama bax e, deməli, ərə getməyə yaşım çatmır, balacayam, amma müharibəyə getməyə yaşım çatır? Ah, mənim sevimli anam!.."

"Təzəcə gəlib çatmışdıq...Hospital qurmuşuq, bizə yaralı gətirirlər... Və birdən əmr gəlir: təxliyə olunuruq! Yaralıları maşınlara yığırıq... Maşın çatmır... Kimisə qoyuruq, kimisə qoya bilmirik maşına... Bizi tələsdirirlər:

-Buraxın onları, qalsınlar. Özünüz çıxın gedin!

Sən hazırlaşırsan, onlar isə sənə baxırlar. Səni baxışlarıyla yola salırlar. Onların baxışlarında hər şey var: inciklik, tale ilə barışmaq... Xahiş edirlər:

-Qardaşlar! Bacılar! Bizi faşistlərə qoyub getməyin! Güllələyin bizi!

Elə qəmli bir mənzərəydi ki! Kim ki, ayağa qalxa bilir, bizimlə gəlir. Ayağa dura bilməyənlər isə uzanıb qalırlar. Sənsə onlardan heç birinə kömək edə bilmirsən, gücün çatmır kömək göstərməyə. Gözlərinin içinə baxmağa qorxursan... Çox cavan idim, ağlayırdım... ağlayırdım...

Hücuma keçəndə artıq biz heç bir yaralını qoyub getmirdik, hətta alman yaralılarını da...Mən bir müddət onlarla işlədim. Öyrəşirəm, yaralarını sarıyıram, elə bil heç nə olmayıb. Lakin qırx birinci il yadıma düşəndə... öz yaralılarımızı qoyub getməyimizi və onların bizim yaralılara divan tutumasını...Onların başına oyun gətirirblər... Biz görmüşdük bunu...Yadıma düşəndə alman yaralısının yanına getmirəm... Yox, bir daha onun yanına getməyəcəm... Amma sabahı gün gedirəm, yarasını sarıyıram..."

"Biz xilas edirdik...Lakin çoxları təəssüf edirdi ki, onlar tibb işçiləridir, yalnız sarımağı bacarırlar, əllərində silah döyüşə getmirlər...Atəş açmırlar... Mənə bu hiss tanış gəlir. Yadıma gəlir... qarın üstündəki qan qoxusu daha güclü olurdu..."

"Müharibənin axırında... Mən evə məktub yazmağa qorxurdum. Yazmayacam, düşünürəm, birdən məni öldürdülər? Anam ağlayacaq, deyəcək ki, bura bax e, müharibə qurtarır, lap Qələbə ərəfəsində mənim qızım həlak olur...Bu barədə heç kim danışmırdı, amma düşünürdülər. Biz hiss edirdik ki, tezliklə qalib gələcəyik. Artıq yaz gəlmişdi.

Birdən gördüm ki, səma göy rəngədid... Gömgöy..."

"Nə yadımda qalıb... yadımdan çıxmayan nədir? Sükut...palatalardakı qeyri-adi ölü sükut... ağır yaralıların yatdığı palataların sükutu... Ən ağır anlar... Onlar bir-birlərilə danışmırdılar. Heç kimi çağırmırdılar. Çoxlarının yaddaşı belə itmişdi. Bir çoxu isə elə beləcə uzanmışdı sakitcə... sükut içində. Düşünürdü. Harasa baxır və düşünürdü. Çağırırsan da eşitmir. Onlar nə barədə düşünürdülər görəsən?.."

Atlar və quşlar barədə

"Yol gedirdik... elə hey gedirdik... Stansiyada yanbayan iki qatar dayanıb... Biri yaralılarla doludur, o biri isə atlarla... Budur, birdən bomba yağışı başladı. Vaqonlar yanmağa başladı...Biz vaqonun qapılarını açmağa başladıq ki, onlar düşüb qaçsınlar... onlar isə düşüb atların vaqonlarına tərəf cumdular, atları xilas etməyə başladılar...Yaralı adam qışqıranda çox dəhşəıtli olur, yaralı at kişnəyəndə ondan da dəhşətlidir. Axı atlar günahkar deyil, onlar insanın əməlinə görə cavabdeh deyillər! Və yaralılardan heç kim meşəyə qaçmadı, hamı atları xilas eləməyə cumdu. Hamı, kim bacarırdı onlar!

Demək istəyirəm ki.... Demək istəyirəm ki, faşist təyyarələri yerə çox yaxın uçurdular. Çox yaxın məsəfədən uçurdular... Sonralar mən fikirləşdim: alman təyyarəçiləri hər şeyi görürmüşlər! Doğrudanmı onlar utanmırdılar bu səhnələrdən? Görəsən onlar nə düşünürdülər..."

"Bir hadisə yadıma düşür...Biz qəsəbəyə gəlmişdik, meşənin qırağında isə öldürülmüş partizanların cəsədləri vardı. Onların başına nə oyun açmışdılar... bunu deməyə dilim gəlmir... ürəyim tab gətirməz...Onları tikə-tikə doğramışdılar... Bağırsaqlarını tökmüşdülər donuz kimi... Onlar qalmışdılar orda... Böyür-başlarında isə atlar... otlayırlar... Görünür, atlar partizanların idi... Yəhərləri də vardı hətta...Ya da ola bilsin, almanlardan qaçıb gizləniblərmiş, sonra qayıdıblar geri...ya da almanlar onları götürə bilməyiblər...başa düşmək olmurdu... Atlar uzağa getməmişdilər. Ot çox idi. Yenə bir fikir gəlir beynimə: axı bu adamlar atların gözü qarşısında insanların başına necə müsibətlər gətiriblər? Atların yanında. Atlar onlara baxırmışlar..."

"Əkin sahələri və meşə yanırdı...Otlaqlardan tüstü qalxırdı. Mən yanan inək və itləri görmüşəm...Qeyri-adi bir qoxu gəlirdi. Tanış olmayan bir qoxu. Mən görmüşəm... Pamidorla, kələmlə dolu yanmış çəlləkləri...Quşlar yanırdı. Atlar... Çox şelər... Yanıb kül olmuş çox şeylər yollarda tökülüb qaralmışdı. Və bu qoxuya da öyrəşmək lazım idi...

Mən onda başa düşdüm ki, hər şey yanıb kül ola bilər...hər şey. Hətta qan da yana bilər..."

"Bombardman zamanı bizim yanımıza bir keçi qaçıb gəldi. Bizimlə bərabər yanımızda uzandı. Sadəcə yanımızda uzandı və başladı mələməyə. Bombardman qurtardı, keçi bizimlə gedir, bizdən aralanmır, insanlara ümid edir... axı canlıdır, o da qorxurdu...Hansısa kəndə gəlib çatdıq, bir qadına deyirik:

-Götürün bu keçini, yazıqdı...

Onu xilas etmək istəyirdik..."

"Mənim palatamda iki nəfər uzanmışdı... Biri alman idi, o biri də bizimkiydi, yanmış tankçı. Palataya girib yaxınlaşıram:

-Özünüzü necə hiss edirsiz?- soruşuram.

-Mən yaxşıyam, - deyə bizim tankçı cavab verir.- Amma o pisdir.

-Axı o, faşistdir...

-Yox... Mən pis deyiləm, onun vəziyyəti yaxşı deyil...

Onlar artıq düşmən deyildilər, insan idilər...sadəcə iki yaralı insan yanbayan uzanmışdı. Onların arasında nəsə bir insani münasibət yaranır. Dəfələrlə müşahidə edirdim ki, bu münasibət sürətlə yaranırdı..."

"Bilirsiz, necə... axı necə...yadınızda deyil? Quşlar payızda necə uçur? Yadınızdadır? Uzun-uzun qatarlar... Dəstə-dəstə... Bizim artilleriyamız və almanlarınkı guruldayır...Quşlar isə uçurlar...Onlara necə qışqırıb deyəsən? Necə xəbərdarlıq edəsən ki, bura gəlməsinlər... Artilleriyadan atəş açırlar... Necə deyəsən, hə? Quşlar isə yerə tökülürlər... vurulmuş quşlar..."

"Bizim palatamıza yaralı esesçiləri gətirdilər. Sarımaq üçün...Eses zabitləriydi... Tibb bacısı mənə yaxınlaşır, deyir:

-Onların yarasını necə bağlayacağıq? Bərk bağlayaq, yoxsa normal?

-Normal. Onlar yaralıdır...

Biz onların yarasını incitmədən, ağrıtmadan bağladıq. Sonra ikisi qaçdı. Onları tutdular, palataya gətirdilər..."

"Mənə deyəndə ki... "Müharibə qurtardı!" bax bu sözləri mənə deyəndə mən steril stolunu götürüb oturdum. Biz həkimlə sözləşmişdik ki, müharibə qurtarsa, steril stolunda oturacağıq...Nəsə qeyri-adi bir şey edəcəyik. Axı mən bu stola heç kimi yaxın buraxmırdım... Mənim əlcəyim vardı, maska taxırdım, steril xalatım vardı və hamıya nə lazım idisə özüm paylayırdım: tampon, alətlər...Həmin stollarla... Və budur, indi özüm oturmuşam həmin stolda...

Nə arzulayırdıq? İlk növbədə, əlbəttə, qələbə çalmağı, ikinci isə sağ qalmağı...Biri deyirdi: "Müharibə qurtarandan sonra çoxlu uşaq doğacağam", o biri deyirdi:"Mən instituta girəcəyəm", kimsə "mən isə bərbərxanadan çıxmayacağam! Özümə baxacağam, saçlarımı düzəldəcəyəm...", yaxud:"Özümə qəşəng ətirlər alacağam. Şərf və broşkalar alacağam..."

Budur, vaxt yetişdi: hamı birdən susdu...

"Kəndi azad etmişdik... Axtarırıq ki, su hardan götürək. Bir həyətə girdik, quyudan su çəkən mancanağ gördük... Taxtadan qayrılmış quyu idi... Güllələnmiş ev sahibinin meyiti həyətin ortasında uzanıb qalmışdı. Onun yanında isə iti oturmuşdu. İt bizi görən kimi zingildəməyə başladı. Əvvəlcə bizə çatmadı, o, bizi harasa çağırırdı...Bizi daxmanın içinə apardı...Dalınca getdik. Qapının kandarında ev sahibinin arvadının və üç uşağının meyitləri... İt onların yanında oturub başladı ağlamağa...Doğurdan ağlayırdı...İnsan kimi ağlayırdı it..."

"Biz öz kəndimizə daxil olanda... təkcə peçlər qalmışdı orda... vəssalam. Təkcə peçlər. Ukraynada kəndləri və qəsəbələri azad edəndə gördük ki, onların heç nələri yoxdu... bostanlarda bircə qarpızları qalmışdı...İnsanlar yalnız bu qarpızlarla dolanırmış, başqa heç nəylə... Onlar bizi qarşıladılar, qarpız gətirdilər...gül-çiçək əvəzinə qarpız...

Mən evə döndüm. Dəyədə anam, üç uşaq, itimiz bişmiş qu quşunu yeyirdi.Qu quşlarını bişirirdilər, özləri də yeyir, itə də verirdilər. Və it yeyirdi...Müharibədən qabaq bizdə o qədər bülbül vardı ki...Müharibədən sonra düz iki il onların səsini heç kim eşitmədi, bütün yer alt-üst olmuşdu, torpağı necə deyərlər təzədən qaydasına saldılar. Çox əlləşdilər. Bülbüllər nəhayət üçüncü il görünməyə başladı. Onlar hara uçub getmişdilər? Heç kim bilmir. Onlar öz yerlərinə düz üç ildən sonra gəldilər.

Camaat ev tikdi, o zaman bülbüllər də uçub gəldi... "

"Mən çöl güllərini dərməyə başlayanda müharibə yadıma düşür. O zaman biz gül qırmazdıq. Gül-çiçək yığırdıq yalnız dəfn olanda... Kiminləsə vidlaşanda..."

"Eh, qızlar... qızlar... müharibə necə alçaq şey imiş!.. Bu müharibə...Gəlin rəfiqələrimizin xatirəsini yad edək..."

Bu, mən deyildim...

Daha çox nə yadda qalır?

İnsan səsi...sakit və tez-tez çaşan heyrətedici səs. İnsan özü-özünə heyrət edir, təəccüblənir, insan başına gələn müsibətlərin qarşısında təəccüb edir. Keçmiş yox olub gedib, keçmiş ildırım kimi çaxıb, göz çıxarıb və itib, o - insan isə qalıb. O, adi həyatın əhatəsində qalıb. Ətrafda hər şey adidir, onun yaddaşından başqa. Mən də buna şahid oluram. İnsanların xatirələrinə və necə xatırlamalarına şahid oluram...

Nə barədə danışmaq istədiklərinin, nəyi unutmaq və ya yaddaşlarının görünməz küncünə dürtmək istədiklərinin şahidi oluram. Unutmaq istədiklərinin üstünə pərdə çəkirlər. Söz tapmaq istəyəndə əziyyət çəkirlər, məyus olurlar, lakin unutduqları ifadələri, tam mənasını qarşısındakı adamın başa düşə biləcəyi ümidi ilə axtarıb tapmağa çalışırlar.

O zaman görmədikləri və anlamadıqları şeyləri indi görmək və anlamaq istəkləri ilə danışırlar. Orda, müharibədə...Özləri-özlərinə baxmaq istəyirlər, yenidən özləriylə görüşmək istəyirlər. Hər şeydən əvvəl onların hər biri iki adamdı-o zamankı adam və indiki adam; cavan və qoca adam...Müharibədəki adam və müharibədən sonrakı adam. Müharibədən çox sonrakı adam. Məni bir hiss heç vaxt tərk eləmir - mən eyni vaxtda iki səs eşidirəm...

Orda, Moskvada, Qələbə günündə mən Olqa Yakovlevna Omelçenko ilə görüşdüm. Qadınların hamısı yaz paltarında idi, açıq rəngli yaylıqlar örtmüşdülər, o isə hərbi geyimdəydi, hərbi beret qoymuşdu. Hündürboy, güclü qadın idi. Danışmırdı və ağlamırdı. Elə hey susurdu, lakin bu, nəsə bir özgə susqunluq idi. Adama elə gəlirdi ki, bu susqunluqda sözsüz bir hekayət gizlənib. Elə bil o bütün günü özü-özüylə söhbət edir. Ona özgə bir adam lazım deyil.

Biz tanış olduq, sonra isə mən Polosk şəhərinə, onun yanına getdim.

Qarşımda müharibənin daha bir səhifəsi açıldı; bu səhifənin qarşısında hər hansı bir təxəyyül, fantaziya susar...

Olqa Yakovlevna Omelçenko, atıcılıq rotasının sanitar təlimçisi:

- Anamın talismanı...Anam istəyirdi ki, mən də onunla birlikdə təxliyyə olunum. Bilirdi ki, cəbhəyə getməyə can atıram. Buna görə də bizim yüklərimizi daşıyan at arabasına bağlamışdı məni. Mən də xəlvəti kəndiri açdım və qaçdım...Kəndirin bir parçası da əlimə bağlanmış vəziyyətdə...aradan çıxdım...

Hamı gedir...Qaçırlar... Neyləməli, hara getməli? Cəbhə xəttinə necə çıxmalı? Yolda bir dəstə qıza rast gəldim. Biri dedi:

-Anam burda, yaxında yaşayır, gedək bizə.

Gecə gəldik, qapını döydük. Anası qapını açır, bizə təəccüblə baxır- üst-başımız bulaşıq, pal-paltarımız cırılıb. Hökmlə dedi:

-Evə girməyin, kandarda durun.

Biz itaət edirik.

Anası yekə bir çuqun qazan gətirdi, əyin-başımızı soyundurdu. Biz başımızı küllə yuduq (sabun artıq yoxa çıxmışdı!), sonra sobanın üstünə çıxdıq, mən bərk yuxuya getdim. Səhər o qızın anası bizə borş bişirdi, kəpəkdən kartofla çörək bişirdi. O çörək və borş bizə elə ləzzət verdi ki! Beləliklə, biz orda dörd gün qaldıq, anası bizi yedizdirdi. Az-az verirdi, qorxurdu ki, doyunca yesək, ölərik. Beşinci gün qadın bizə dedi:

-Gedin.

Bir az əvvəl isə qonşu arvad gəlmişdi, biz də sobanın üstündə oturmuşduq. Anası bizə barmağıyla işarə elədi ki, səsimizi çıxarmayaq. O, qonşularına belə deməmişdi ki, qızı evdədi, hamı bilirdi ki, onun qızı cəbhəyə gedib. O qız isə evdə tək idi, anasının yeganə qızıydı...Buna görə də anası ayıb sayırdı, utanırdı ki, qızı qayıdıb gəlib, cəbhədə qalıb döyüşmür.

Gecə bizi durquzdu, hərəmizə bir bağlama yemək qoydu. Hər birimizi qucaqlayıb dedi:

-Gedin...

-Öz qızını saxlamaq istəmədi?

-Yox. O, qızını öpdü və dedi:"Atan döyüşür, sən də get döyüş!"

Yolda o qız mənə söylədi ki, tibb bacısıdır, mühasirədə olub...

Uzun müddət müxtəlif yerlərdə vurnuxdum, nəhayət, Tambov şəhərinə gəlib çıxdım, hospitala düzəldim. Hospitalda yaxşıydı, xeyli müddət ac qalmışdım, sonra burda düzəldim, kökəldim də, dolu bədənli bir qız oldum. On altı yaşım tamam olanda mənə dedilər ki, artıq mən də tibb bacıları, həkimlər kimi qan verə bilərəm. Hər ay qan verməyə başladım. Hospitalda daim yüz litrlərlə qan lazım olurdu, qan çatışmırdı. Birdəfəlik beş yüz qram qan verirdim, hər ay iki dəfə yarımlitr-yarımlitr... Donor payı da alırdım: bir kilo qənd, kiloqram manna yarması, kiloqram kolbasa... Orqanizmi bərpa eləmək üçün...Mən baxıcı qadın Nyura xalayla dostluq edirdim. Onun yeddi uşağı vardı, əri müharibənin ilk günlərində həlak olmuşdu. Böyük oğlunun on bir yaşı vardı, ərzaq dalınca gedəndə yolda kartoçkasını itirmişdi. Mən də öz donor payımı onlara verirdim. Bir dəfə həkim mənə dedi:

-Gəl sənin ünvanını yazaq, birdən sənin qanının düşdüyü bir adam peyda ola bilər...

Biz ünvanı kağıza yazıb yapışdırdıq butulkanın üstünə.

Bir müddət keçəndən sonra...iki ay keçdi üstündən... növbədən sonra getdim yatmağa, təzəcə uzanmışdım. Gördüm məni durquzurlar:

-Dur ayağa! Tez ol, dur, qardaşın gəlib!

-Nə qardaş? Mənim qardaşım yoxdu...

Bizim yataqxanamız sonuncu mərtəbədəydi, aşağı düşdüm, gördüm ki, bir cavan, qəşəng oğlan durub, leytenantdır. Soruşuram:

-Omelçenkonu kim çağırıb?

O da cavab verir:

-Mən...- və mənə kağız parçası göstərir, həkimlə birlikdə yapışdırdığımız həmin o kağız parçasını.- Budur... Mən sənin qan qardaşınam...

Mənə iki alma gətirmişdi, bir torba konfet. O zaman konfet almaq mümkün deyildi. İlahi! Elə dadlı konfetlər idi ki! Hospital rəisinin yanına getdim, dedim:

-Qardaşım gəlib!

Məni buraxdılar. Cavan leytenant dedi ki, teatra gedək. Mən isə heç vaxt teatrda olmamışdım. İndi isə teatra getmək fürsəti düşüb, özü də oğlanla. Qəşəng oğlandır. Zabitdir!

Bir neçə gündən sonra o, çıxıb getdi, onun təyinatı Voronej cəbhəsinəydi. Mənimlə vidalaşmağa gələndə pəncərəni açdım və ona əl elədim. Mənə icazə vermədilər gedib görüşməyə, çünki çoxlu ağır yaralı gətirmişdilər.

Heç kimdən məktub almırdım, hətta təsəvvürüm belə yox idi ki, məktub almaq necə olur. Birdən mənə üçkünc bir məktub təqdim edirlər, açıb oxuyuram: "Sizin dostunuz, pulemyot vzvodunun komandiri qəhrəmancasına həlak olub..." Bu o idi, mənim qan qardaşım...Özü yetimlər evində böyümüşdü, görünür, onda olan yeganə ünvan mənimkiymiş...Mənim ünvanım...Gedəndə o, məndən çox xahiş elədi ki, mən bu hospitalda qalım, müharibədən sonra məni asan tapa bilsin. "Müharibədə itmək asandır" deyə qorxurdu. Və bir aydan sonra isə mən məktub aldım ki, o həlak olub...Və mən elə dəhşətli anlar yaşadım ki...Ürəyimə elə bil ox dəydi... Və mən qərara aldım ki, cəbhəyə gedim, öz qanımın qisasını alım... bilirdim ki, hardasa mənim qanım axıb...

Lakin cəbhəyə getmək heç də asan deyildi. Hospital rəisinə üç raport yazdım, dördüncü dəfə isə qəbuluna gəldim.

-Əgər siz məni cəbhəyə buraxmasaz, mən qaçacağam, - dedim.

-Yaxşı...yaxşı... bir halda ki, inadkarlıq göstərirsən... mən sənə təyinat verərəm.

Ən dəhşətlisi əlbəttə ki, ilk döyüş idi. Çünki axı heç nə bilmirsən hələ...Göy guruldayır, torpaq uğuldayır, sənə elə gəlir ki, bu saat ürəyin partlayacaq...dərin indicə soyulacaq... Bilməzdim ki, torpaq belə silkələnə bilər. Hər şey silkələnir, hər şey guruldayırdı... Yer yırğalanırdı...Bütün yer...Mən sadəcə bacarmırdım... Bilmirdim bunlara necə dözüm...Fikirləşirdim ki, bağrım çatdayacaq, dözməyəcəyəm. Elə bir dəhşət yaşadım ki... Və birdən özümü toparlayıb qəti qərara gəldim: qorxmamaq üçün komsomol biletimi götürdüm, bir yaralının qanına sürtdüm və ürəyimin başındakı cibimə qoyub düymələdim. Bu hərəkətlə də özümə söz verdim. And içdim. And içdim ki, dözəcəyəm...Ən başlıcası isə qorxmamlıyam! Çünki ilk döyüşdə qorxsam sonra bir addım belə irəli gedə bilməyəcəyəm! Məni ön cəbhədən çıxarıb tibb sanitar batalyonuna göndərərlər. Mən isə yalnız ön cəbhədə olmaq istıəyirdim, istəyirdim ki, ha vaxtsa heç olmasa bir faşistin üzünü görüm... Şəxsən...Və biz hücuma keçirdik, otlaq sahələrlə addımlayırdıq, kəmərimizə qədər ot çıxmışdı... Artıq bir neçə il idi ki, bu əkin sahələrində heç nə əkmirdilər. İrəli getmək çox çətin idi. Bura Kursk dairəsiydi...

Döyüşdən sonra qərargah rəisi məni çağırdı. Dağılmış bir komacıq, bomboş, heç nə yoxdur. Bircə dənə stul var, rəis də ayaq üstədir. Məni stulda otuzdurdu, dedi:

-Hə, deməli... baxıram sənə və düşünürəm: axı səni nə vadar eləyib ki, bu cəhənnəmə gələsən? Səni milçək kimi öldürərlər. Axı bu, müharibədir! Adamın ətini tikə-tikə doğrayırlar! Gəl səni göndərim heç olmasa tibb məntəqəsinə. Yaxşı, birdən səni öldürsələr... birdən gözsüz, ya da əlsiz qaldın? Sən heç bu barədə fikirləşmisən?

-Bəli, yoldaş polkovnik, fikirləşmişəm,- dedim.-Bircə xahişim var: məni rotadan çıxartmayın.

-Yaxşı, get!- elə qışıqrdı ki, qorxdum. Özü də üzünü çevirdi pəncərəyə...

Döyüşlər ağır idi...Əlbəyaxa döyüş oldu...Dəhşət... Bu, insan üçün deyil...Vururlar, süngünü hara gəldi soxurlar, bir-birlərinin boğazından tutub boğurlar... Sümüklər şaqqıldayır, sındırılır...Ulayırlar... Qışqırırlar... İnilti. O şaqqıltı... Aman Allah, o şaqqıltı... Unutmaq olmur! Sümüklərin şaqqıltısı... Eşidirsən, beynin titrəyir...Beyinlər yarılır... Doğranır... Müharibə üçün bunlar dəhşətli şeylərdir. Orda insanlığa aid heç nə olmur. Kimsə desə ki, müharibə qorxulu deyil, inanmaram. Heç kimə inanmaram. Budur, almanlar səngərlərdən qalxıb gəlirlər...Onlar həmişə qolları dirsəklərinə qədər çirməli vəziyyətdə gəlirdilər. Beş-on dəqiqə keçir və... hücum. Sən əsməyə başlayırsan. Vic-vicə düşür canına. Lakin bu, ilk atəş səsinə qədər olur...Orda isə...Komanda verilən kimi daha heç nəyi eşitmirsən, heç nə yadında qalmır...hamıyla bərabər qalxırsan ayağa və qaçırsan. Daha qorxu barədə düşünmürsən. İkinci gün isə sən artıq yata bilmirsən, artıq sənin canını qorxu hissləri bürüyür. Hər şeyi yadına salırsan, xatırlayırsan, təfərrüatlarına kimi və sənə indi-indi çatır ki, səni orda öldürə bilərdilər. Yalnız bu zaman dəhşətə gəlirsən. Hücumdan sonra yaxşı olar ki, üzlərə baxmayasan; o üzlər tamam başqalaşır, ayrı cür olur, adi insan üzləri deyil. Onlar heç özləri də bir-birlərinə baxa bilmirlər. Hətta ağaclara da baxa bilmirlər. Yaxınlaşırsan birinə... dərhal "get burdan!Geeeeet!" deyir. Bilmirəm, onu ifadə edə bilmirəm, o vəziyyəti bilmirəm necə ifadə edim. Söz tapa bilmirəm. Sənə elə gəlir ki, deyəsən hamının başına hava gəlib, hətta onlar bir qədər gözlərinə vəhşi heyvan kimi görünürlər. Yaxşısı budur görməyəsən onları. Mən hələ də inana bilmirəm ki, sağ qalmışam. Salamatam...Yaralanmışam, kantuziyalı olmuşam, amma sağam, bədənim yerindədir, gözlərimə inanmıram...

Gözlərimi yumuram, bütün hər şeyi yenə qarşımda görürəm...

Mərmi hərbi sursat olan anbara dəymişdi, alov qalxdı. Bir əsgər də yaxınlıqda durmuşdu, qoruyurdu anbarı, o od tutub yandı. O, artıq qara ət parçasına dönmüşdü...Yalnız tullanıb-düşürdü...Bir yerdə çabalayırdı... Hamı da baxırdı, xəndəklərdə durub baxırdılar, heç kim də tərpənmirdi, hamı özünü itirmişdi...Mən də bir mələfə götürdüm, qaçdım həmin yanan əsgərin yanına, örtdüm üstünü və dərhal onun yanında uzandım. Onu yerə sıxdım. Torpaq soyuqdur... Bax belə... O bir qədər yırğalandı, sonra ürəyi dayandı... susdu...

Mən büsbütün al-qan içindəyəm... Köhnə əsgərlərdən biri yaxınlaşdı, qucaqladı məni, eşidirəm ki, deyir:

-Müharibə qurtarandan sonra, əgər bu qız sağ qalsa... onsuz da ondan adam çıxmayacaq... vəssalam... işi bitdi...

Heyif! Heyif ki, mən belə bir dəhşətin içindəydim, özü də çox gənc yaşımda! Məni əsməcə tutmuşdu, məni qolları üstündə apardılar dəyəyə. Ayaqlarım sözümə baxmırdı...Ayaqlarım titrəyirdi, elə bil bədənimə tok vururdular...Sözlə ifadə edilə bilməyən yaşantılar...

Və budur, yenə döyüş başladı...Sevsk ətrafında almanlar hər gün yeddi-səkkiz dəfə hücuma keçirdilər. Mən isə həmin gün yaralıları hələ döyüş meydanından sürüyüb çıxarıram, özü də silahlarıyla birgə. Sonuncu yaralıya sürünüb çatanda (qolu tamam qırılmışdı, tikə-tikə olub sallanmışdı)... damarları görünürdü, onu qan aparmışdı...Təcili qolunu kəsmək lazım idi ki, sarımaq mümkün olsun. Başqa cür mümkün deyildi. Mənim isə nə bıçağım, nə də qayçım var. Çantam o qədər o tərəf bu tərəfə yırğalanıb ki, alətlər düşüb. Nə etməli? Və mən onun damardan sallanmış yumşaq ətini dişlərimlə kəsdim. Tüpürdüm və başladım tənziflə bağlamağa... Binti sarıyıram, yaralı isə deyir:

-Bacı, cəld ol, mən hələ döyüşəcəyəm!

Yarası hələ istiydi...

Bir neçə gündən sonra bizə alman tankları hücum edəndə iki nəfər əsgərimiz qorxub qaçdı... Və bütün sıramız dağıldı...Cəbhə yoldaşlarımızın əksəriyyəti həlak oldu. Mənim sürüyə-sürüyə dartıb xəndəklərə gətirdiyim yaralılar əsir düşdü. Onların dalınca maşın gəlməliydi...Və həmin o iki nəfər qorxub qaçanda panika düşdü. Yaralıları qoyub qaçdılar. Biz sonradan yaralıların uzandığı xəndəklərə gələndə gördük ki, kiminin gözlərini çıxarıblar, kiminin qarnına süngü soxublar...Mən o mənzərəni görəndən sonra bir gecədə qaraldım. Axı onları mən bir yerə yığmışdım... Mən... Mən çox qorxdum, çox...

Səhər bütün batalyonu sıraya düzdülər, həmin o iki qorxağı da sıradan çıxartdılar. Hökm oxudular: güllələnsin! Yeddi nəfər lazım idi ki, hökmü yerinə yetirsin. Üç nəfər çıxdı, qalanları isə yerində durub baxırdı. Mən də avtomatı götürüb çıxdım qabağa. Necə çıxdımsa... Qız uşağı... əlimdə avtomat... Hamı mənim ardımca qabağa çıxdı... Onları bağışlamaq olmazdı. İki nəfərə görə uşaqların çoxu həlak olmuşdu!

Və biz hökmü yerinə yetirdik! Avtomatı çəkdim, atəş açıldı, və bu, mənə dəhşət kimi göründü. O iki nəfərə yaxınlaşdım. Onlar yerə yıxılmışdılar... Birinin üzündə canlı təbəssüm vardı...

Bilmirəm, indi onları bağışlayardımmı? Deyə bilmərəm...Yalan danışmayacağam. Hərdən ağlamaq istəyirəm. Alınmır, ağlaya bilmirəm...

Mən müharibədə hər şeyi unutmuşdum. Əvvəlki həyatımı unutmuşdum. Hər şeyi... Sevgini də unutmuşdum...

Mənə kəşfiyyatçılar rotasının komandiri vurulmuşdu. Öz tabeçiliyində olan əsgərlərdən mənə məktublar göndərirdi. Xırda kağızlarda...Bir dəfə onunla görüşə getdim. Dedim:

-Yox! Mən artıq həyatda olmayan bir adamı sevirəm!

O da mənə bax beləcə yaxınlaşdı, düz gözlərimin içinə baxdı və dönüb çıxıb getdi. Güllə atırdılar, o isə heç əhəmiyyət vermirdi, irəli gedirdi...Sonradan, biz artıq Ukraynada olanda, böyük bir kəndi faşistlərdən azad elədik. Dedim, qoy gedim bir kəndə baxım. Hava açıq idi, ağ komalar...Kəndin arxa tərəfində isə qəbiristanlıq vardı, torpaq qəbirlər təzəydi...Bu kənd uğrunda ölən əsgərlərimiz burda dəfn eləmişdilər. Heç özüm də bilmirəm, necə oldu ki, o qəbirlər məni çəkdi. Taxta lövhəciklərin üstündə şəkil vardı, ölənlərin familyalarını yazmışdılar. Hər qəbirin üstündə vardı... Birdən gözümə tanış sifət dəydi-mənə sevgisini bildirən kəşfiyyatçılar rotasının komandirinin şəkli... Onun familyası...Və mən özümü çox pis hiss elədim. Dəhşət məni bürüdü...Elə bildim o, məni görür, o diridir, ölməyib...Bu vaxt onun rotasının uşaqları da qəbirin üstünə gəlirlər. Hamı məni tanıyırdı, onlar mənə məktub gətirirdilər. Heç biri mənə baxmadı, heç biri, elə bil mən yox idim orda. Mən görünməz olmuşdum onlar üçün. Sonralar düşündüm ki... mən o zaman döyüşçüləri görəndə...mənə elə gəlir... düşünürəm ki...onlar istəyirdilər ki, mən də həlak olam. Mənim sağ olmağım onlara ağır gəlirdi... Hər halda mən belə hiss elədim...Elə bil mən günahkar idim onların qarşısında...Mən idim komandirlərinin ölümünə bais... Və onların qarşısında da...

Müharibədən qayıdandan sonra mən ağır xəstələndim. Uzun müddət xəstəxanaları dolaşdım, axırda bir qoca professora rast gəldim. O da başladı məni müalicə eləməyə...O məni daha çox sözlə müalicə edirdi, dərmanla yox. O mənim xəstəliyimi mənə izah edirdi. Deyirdi ki, əgər mən cəbhəyə on səkkiz-on doqquz yaşlarında getsəydim, orqanizm möhkəmlənərdi... amma mən çox erkən-on altı yaşımda getmişəm cəbhəyə, bu da mənə ağır zərbələr vurub.

-Əlbəttə, dərman da lazımdı,- deyə o, izah edirdi,- dərmanla sağalmaq olar, lakin, əgər öz sağlamlığınızı bərpa eləmək istəyirsinizsə, əgər yaşamaq istəyirsinizsə, mənim sizə yeganə məsləhətim budur: ərə getmək lazımdır və mümkün qədər çox uşaq doğmaq lazımdır! Yalnız bu halda siz sağala bilərsiniz! Hər uşaqdan sonra orqanizm dirçələcək!

-Bəs sizin neçə yaşınız vardı?

-Müharibə qurtaranda mənim iyirmi yaşım vardı. Əlbəttə, mən heç ərə getmək barədə fikirləşmirdim.

-Niyə?

-Özümü çox yorğun hiss edirdim, öz yaşıdlarımdan daha qoca hiss edirdim. Rəfiqələrim rəqs edir, şənlənirdilər, mən isə bacarmırdım, həyata qoca gözləriylə baxırdım. Başqa dünyadan baxırdım həyata... Qarımış qız kimi! Cavan oğlanlar mənə yaxınlaşır, qulluğumda dururdular. Lap südəmər oğlanlar! Lakin onlar mənim qəlbimi görə bilmirdilər. Onlar bilmirdilər ki, mənim qəlbimdə nələr baş verir. Bax, mən sizə bir günüm barədə danışdım... Sevsk ətrafındakı döyüşlərdən... Hələ bir günüm barədə... müharibədəki bir günüm barədə...Həmin gündən sonrakı gecə mənim qulaqlarımdan qan gəlməyə başladı. Səhər durdum, elə bil ağır bir xəstəlikdən qalxıram. Balışım qan içindəydi...

Hospitalda? Bizim əməliyyat otağında arakəsmənin dalında iri bir təknə qoyulmuşdu, biz ora kəsilmiş ayaq və qolları qoyurduq...Ön cəbhədən kapitan gəlmişdi, öz yaralı dostunu gətirmişdi, bilmirəm necə oldu ki, o, təknəyə baxdı və ordakı kəsilmiş qolları və ayaqları gördü- huşunu itirib özündən getdi...yıxıldı...

Xatırlaya bilərəm... xatırlaya bilərəm. Dayanmadan...Əsas nəyi xatarlayıram?

Mən müharibənin səsini xatırlayıram. Yadıma gəlir ki, ətraf uğuldayırdı, guruldayırdı, silkələnirdi, od-alovdan çırtıldayırdı...Müharibədə insanın ürəyi qocalır. Müharibədən sonra mən bir daha gənc hiss eləmədim özümü...Bir daha cavan olmadım... Bax, budur ən başlıca şey! Mənim fikrimdi...

-Ərə getdinizmi?

-Getdim. Beş oğul doğub tərbiyə eləmişəm. Beş oğul! Allah mənə qız vermədi. Mənim üçün ən təəccüblüsü oydu ki, o cür dəhşət və sarsıntıdan sonra mən gözəl övladlar dünyaya gətirdim. Yaxşı ana oldum və yaxşı nənə ola bildim.

İndi mən bütün hər şeyi xatırlayıram və mənə elə gəlir ki, o qız mən olmamışam, hansısa başqa bir qız olub müharibədə..."

Mən dörd kasetlə evə qayıtdım (iki günlük söhbətin yazısıyla). Daha "bir müharibə" ilə. Müxtəlif hisslər yaşayırdım: sarsıntı və qorxu, təəccüb, heyrət və fəxarət hissləri. Maraq və şaşqınlıq, zəriflik. Evə gələndən sonra bəzi epizodları dostlarıma danışdım. Mənim üçün gözlənilməz olsa da, həmı bir ağızdan belə dedi:

-Həddən artıq dəhşət! O qadın necə dözüb bunlara? Nə əcəb dəli olmayıb?

Yaxud:

-Biz adətən başqa müharibə haqqında oxuyurduq. O müharibədə dəqiq sərhəd vardı: onlar və biz, xeyir və şər! Bəs bu müharibədə?

Hətta biri belə dedi:

-Əgər bütün bunlar təsvir olunsa, onda bu, müharibə haqqında sonuncu kitab olacaq!

Əlbəttə, bizlərdən heç kəs bunların hamısına inanmaq istəmirdi. Lakin mən hamının gözünün dolduğunu gördüm, hamı fikrə getmişdi. Görünür, onlar da mənim kimi düşünürdülər. Baxın, yer üzündə minlərlə müharibə olub (bu yaxınlarda oxudum ki, irili-xırdalı onların sayı üç mindən çox olub!), lakin müharibə bəlkə də hər zaman bəşəriyyətin ən başlıca sirlərindən biri olub və olaraq da qalır. Heç nə dəyişməyib. Mən böyük tarixi insana kimi qısaltmağa çalışıram ki, nəyisə anlayım. Söz tapmaq istəyirəm. Lakin sanki icmal üçün çox da böyük olmayan və rahat ərazidə - bir insan qəlbinin ərazisində- hələ çox şey anlaşılmazdır, tarix kimi görünmür. Çünki mənim qarşımda canlı göz yaşları, canlı hisslər dayanıb. Mənim qarşımda canlı insan sifəti dayanıb- söhbət zamanı o sifətdə ağrı və qorxunun kölgələri oynaşır. Hərdən hətta insan əzabının, insan iztirablarının güclə sezilən gözəlliyinin qiyamçı gümanı içinə soxulamq istəyirsən. Və bu zaman mən özüm-özümdən də qorxuram...

Bircə yol var-insanı sevmək! Onu sevə-sevə anlamaq.

Mən o gözləri indi də xatırlayıram...

Axtarış davam edir...Bu dəfə mənə uzağa getmək lazım olmur...

Minskdə yaşadığım küçə Sovet İttifaqı Qəhrəmanı Vasili Zaxaroviç Korjun adını daşıyır; o, vətəndaş müharibəsinin iştirakçısı, İspaniyadakı müharibənin qəhrəmanı və Böyük Vətən müharibəsində partizan briqadasının komandiri olub. Onun barəsindəki kitabı hər bir belarus oxuyub, heç olmasa məktəb vaxtı, yaxud onun haqqında çəkilən filmə baxıb. Belarus əfsanəsi. Mən onun ad-familyasını yüz dəfələrlə məktub və teleqramların üstünə yazmışam, amma heç vaxt onun haqqında real insan kimi düşünməmişəm. Nə vaxtsa canlı insan olan bir şəxsi mif artıq çoxdan əvəz edib. Mif onun ikinci üzü ölub. Lakin bu dəfə mən tanış küçəylə artıq yeni hisslərlə gedirdim: şəhərin o biri ucuna troleybusla yarım saatlıq yol qət edirəm və onun qızlarıyla görüşürəm- hər ikisi cəbhədə olub, döyüşüb, bir də onun arvadını görürəm. Mənim gözümdə əfsanə canlanır, dirilir və insan həyatına dönür, göydən yerə enir. Böyük kiçik olur. Səmaya və ya dənizə baxmağı nə qədər sevsəm də, bütün hallarda qum dənəciyinə mikroskop şüşəsiylə baxmaq mənə daha çox maraqlı gəlir. Bir damçının dünyası. Orda mənim kəşf elədiyim o böyük və inanılmaz həyat! Axı nə vaxta kimi kiçiyi kiçik, böyüyü böyük adlandırmaq olar? Mən artıq çoxdandı ki, onları bir-birindən ayıra bilmirəm? Mənim üçün bir insan - o qədər çoxdu ki! Onda hər şey var- lap içində aza bilərsən!

Ünvanı tapıram - yenə iri, yöndəmsiz çoxmərtəbili bir binadır. Budur, üçüncü blok, liftdə yeddinci mərtəbənin düyməsini basıram...

Qapını bacılardan kiçiyi- Zinaida Vasilyevna açır. Şəkillərdəki atasınınkı kimi eynilə qalın qara qaşları, inadkar və dik baxışları var.

-Hamımız yığışmışıq. Səhər bacım Olya Moskvadan gəlib. O, Moskvada yaşayır. Patris Lumumba adına Univeristetdə dərs deyir. Anamız da burdadır. Sizin sayənizdə axır ki, görüşdük.

Hər iki bacı-Olqa Vasilyevna və Zinaida Vasilyevna Korj süvari qoşun dəstəsində sanitar-təlimatçı olublar. Oturub anaya-Feodosiya Alekseyevnaya baxırıq. Və o da söhbətə başlayır:

-Hər yan od içində...Bizə dedilər ki, təxliyyə olunmaq lazımdı... Çox uzun yol getdik. Stalinqrad vilayətinə çatdıq. Uşaqlı qadınlar arxada, kişilər isə qabaqda...Kombaynçılar, traktorçular-hamı gedir. Yadıma düşür: bir nəfər adamla dolu yük maşınında taxtanın üstünə çıxıb qışqırdı:

-Analar! Bacılar! Arxa cəbhəyə gedin, taxıl yığın ki, biz düşmənə qalib gələk!

Və hamı kepkalarını çıxarıb bizə baxır. Biz isə özümüzlə yalnız uşaqlarımızı götürməyə macal tapmışdıq. Onların əllərindən tutmuşuq. Kimi öz uşağının əlindən tutub, kimi qucağında aparır. O isə yenə qışqırır:

-Analar, bacılar! Arxa cəbhəyə gedin, taxıl yığın, çörək lazımdı...

Bütün sonrakı söhbətimiz zamanı o bir söz belə söyləmədi. Qızları isə hərdən astaca analarının əlini sığallayırdılar, onu sakitləşdirməyə çalışırdılar.

Zinaida Vasilyevna:

-Biz Pinskdə yaşayırdıq... Mən artıq on dördü ötmüşdüm. Olyanın isə on altı yaşı vardı. Qardaşım Lyonya isə on üç yaşdaydı... Biz də həmin günlər Olyanı uşaq snatoriyasına yola salmışdıq, atamız da bizimlə kəndə getmək istəyirdi. Onun doğma qohumlarının yanına...Lakin həmin gecəni faktiki olaraq o evə gəlmədi. Atam Vilayət Partiya komitəsində işləyirdi, gecə yarı onu çağırdılar və evə səhər gəldi. Mətbəxə qaçdı, ağzına bir iki tikə atıb bizə dedi:

-Uşaqlar, müharibə başlayıb. Heç yana getməyin. Məni gözləyin.

Gecə biz evdən çıxdıq. Atamın İspaniya müharibəsindən xatirə kimi saxladığı sevimli ov tüfəngi vardı, çox gözəl idi, patrondaşı da vardı. Ona igidliyə görə tüfəngi hədiyyə vermişdilər. O, tüfəngi qardaşıma atıb dedi:

-Sən indi ailədə başçısan...kişisən... anandan, bacılarından muğayat olmalısan...

Bu tüfəngi biz bütün müharibə ərzində qoruduq. Nə yaxşı şeyimiz vardısa, hamısını satdıq, ya da çörəyə dəyişdik. Tüfəngi isə saxladıq, qoruduq. Ondan ayrıla bilmirdik. O, atamızın yadigarı idi, onun xatirəsi idi. Sonra o, bizə, maşının içinə yekə bir kürk də tulladı, ən isti şeyi də o kürk idi, qalmışdı.

Stansiyada qatara mindik, lakin Qomelə çatmamış güclü atışmaya düşdük. Komanda gəldi:

-Vaqonlardan çıxıb qaçın, kolluqlar arasına girin, yerə uzanın!

Atışma qurtarandan sonra... əvvəlcə sakitlik yarandı... sonra qışqırıq səsləri gəldi... Hamı qaçmağa başladı... Anam qardaşımla vaqona minə bildi, mənsə qaldım. Çox qorxdum... Çox! Heç vaxt tək qalmamışdım! İndi isə tək idim! Mənə elə gəlir ki, bir müddət nitqimi də itirdim...Mən lal oldum...Kimsə məndən nəsə soruşurdu, mən isə susurdum...Sonra hansısa bir qadına qoşuldum, ona yaralıları sarımaqda kömək elədim- o qadın həkim idi. Ona "yoldaş kapitan" deyirdilər. Və beləliklə mən onun sanitar-tibb dəstəsinə qoşulub getdim. Onlar mənə nəvaziş göstərir, yedizdirirdilər, lakin birdən ayılıb soruşdular:

-Neçə yaşın var sənin?

Başa düşdüm ki, əgər düzünü desəm məni hansısa uşaq evinə göndərəcəklər. Bax bunu dərhal anladım, ağlım işlədi. Axı mən belə güclü adamları itirmək istəmirdim. Mən də onlar kimi döyüşmək istəyirdim. Axı bizə həmişə təlqin edirdilər ki, (atam da deyirdi) biz özgə ərazilərdə vuruşacağıq, müharibə müvəqqətidir, tezliklə qələbəmizlə qurtaracaq. Mənsiz qələbə olar? Mənim başımda belə uşaq fikirləri dolaşırdı. Dedim ki, on altı yaşım var, və məni dəstədə saxladılar. Çox keçmədi ki, kursa göndərdilər. Bu kurslarda dörd ay oxudum. Oxuyurdum və daim yaralılara qulluq edirdim. Müharibəyə alışırdım... Əlbəttə, alışmaq da lazım idi... Peşə məktəbində oxumurdum, elə orda, batalyonun tibb-sanitar məntəqəsində. Biz geri çəkilir, yaralıları da özümüzlə daşıyırdıq.

Yollarla getmirdik, yolları bombalayırdılar, atəşə tuturdular. Baqaqlıqlarla, meşə qıraqlarıyla, dağınıq halda gedirdik. Müxtəlif dəstələrə bölünüb gedirdik. Hardasa birləşirdik, hardasa... deməli, döyüşə girirdik...Bax , beləcə, elə hey gedirdik... yol gedirdik və gedirdik... Əkin sahələri ilə gedirdik. Nə məhsul-filan! Gedirdik, biçənəkləri tapdalayıb keçirdik.Amma həmin il o qədər taxıl vardı ki! Taxıl zəmiləri boy vermişdi, otlar yamyaşıl, günəşli hava...lakin öldürülmüş adamlar var hər tərəfdə, uzanıblar orda-burda, qan var hər təfədə...Öldürülmüş insanlar və heyvanlar. Ağaclar qapqara qaralmışdı...Stansiyalar dağıdılmışdı... Qapqara vaqonlardan adamlar asılıb...yanmış adamlar...Beləcə Rostova qədər gəlib çıxdıq. Orda bombardman zamanı mən yaralandım. Özümə qatarda gəldim, eşidirəm ki, ukraynalı yaşlı əsgər gənc əsgəri danlayır:

-Heç anan səni doğanda belə ağlamayıb, sənsə ağlayırsan!

Və birdən gördü ki, mən gözlərimi açmışam, dedi:

-Əzizim, sənsə hönkür, qışqır-bağır, yüngülləşərsən! Sənə olar!

Anam yadıma düşdü və mən də başladım ağlamağa...

Hospitaldan sonra mənə istirahət düşürdü, hansısa məzuniyyət...mən də başladım anamı axtarmağa. Anam da məni axtarırdı. Bacım Olya da bizi axtarırdı. Ah, möcüzə! Biz hamımız Moskvada tapıldıq, ümumi tanışımız vasitəsilə. Hamımız ona yazdıq və beləliklə tapıldıq. Möcüzəydi! Anam Stalinqrad ətrafında bir kolxozda yaşayırdı. Və mən də getdim ora. Qırx birinci ilin sonlarıydı...

Necə yaşayırdılar? Qardaşım traktorla işləyirdi, hələ uşaq idi, on üç yaşında...Əvvəlcə qoşquçuydu, bütün traktorçular cəbhəyə gedəndən sonra traktorçu oldu.Gecə-gündüz işləyirdi. Anam traktorun arxasınca gedirdi, ya da onun yanında otururdu, qorxurdu ki, uşağı yuxu tutar və paymal olar. Onlar ikisi bir yerdə kiminsə evində yerdə yatırdılar...Soyunmurdular, çünki üstlərinə örtməyə bir şey yox idi. Bax, beləydi onların həyatı... Çox keçmədi ki, Olya da gəldi, onu hesabdar qoydular. Lakin Olya hərbi komissarlığa ərizə yazırdı ki, onu cəbhəyə yollasınlar. Hər dəfə də rədd cavabı gəlirdi. Və biz qərara aldıq - mən artıq cəngavər qız idim-ikimiz də Stalinqrada gedək və orda hansısa dəstəyə qoşularıq. Anamızı sakitləşdirirdik, aldadırdıq ki, Kubana gedəcəyik, ora varlı yerdi, atamızın dostları vardı Kubanda...

Məndə köhnə bir şinel, gimnastyorka və iki dənə də şalvar vardı. Birini Olyaya verdim, onun heç nəyi yox idi. İkimizə bir cüt çəkməmiz vardı. Anam bizə qoyun yunundan corab toxumuşdu, isti bir şey idi, nəleyinə də oxşayırdı. Biz altmış kilometr piyada getdik, düz Stalinqrada qədər. Birimiz çəkmə geyirdik, birimiz anamın toxuduğu nəleyini. Aradabir dəyiş-düyüş edirdik. Şaxtada gedirdik. Fevral ayıydı, donurduq. Acımızdan ölürdük. Anamız bizə yola nə qoymuşdu? Sümüklərdən bişirilmiş nəsə bir soyuq həlməşik və bir neçə kökə. Biz isə elə ac idik ki...Yuxuya gedəndə də yuxuda yemək görürdük...Yuxuda mənim başımın üstündə çörək kömbələri uçurdu.

Stalinqrada çatdıq, orda isə vəziyyət ağır idi. Bizim hayımızda deyildilər. Heç kim bizi eşitmək belə istəmirdi. O zaman qərara aldıq ki, Kubana gedək. Anamın istədiyi yerə. Atamın tanışlarının ünvanına. Hansısa yük qatarına mindik, mən şineli geyinib oturdum, Olya isə taxçanın altına girdi. Sonra şineli Olyaya verirəm, özüm girirəm taxçanın altına. Əsgərlərlə işimiz yox idi. Bizim bir qəpik belə pulumuz da yox idi...

Kubanda düşdük... Hansı bir möcüzəyləsə Kubana düşdük... Tanışlarımızı tapdıq. Və orda bizə dedilər ki, könüllü kazak korpusu yaradılır. Bu, dördüncü kavaleriya kazak korpusuydu, sonralar qvardiya oldu. O, yalnız könüllülərdən yaranmışdı. Orda bütün yaş qruplarından adamlar cəmləşmişdi: vaxtilə Budyonnı və Voroşilovla hücumlarda iştirak etmiş kazaklar, gənclər. Bizi götürdülər. İndiyə kimi bilmirəm niyə? Görünür, ona görə ki, çox xahiş elədik, yalvardıq. Gedəcəyimiz başqa yer də yox idi. Bizi eyni qoşun hissəsinə yazdılar. Hər birimizə geyim forması və at verdilər. Öz atını gərək yemləyəydin, içirdəydin, qulluğunda duraydın. Hər şeyi özün eləməliydin. Yaxşı ki, uşaqlıqda bizim atımız olmuşdu. Və mən də nədənsə ona öyrəşmişdim, sevirdim atı. Mənə at veriləndə, mindim, qorxulu heç nə yox idi! Doğrudur, bütünlüklə alınmırdı, amma qorxmurdum. Mənim atım kiçik idi, quyruğu yerə dəyirdi, lakin cəld idi, sözəbaxan idi. Və beləliklə mən tezliklə atla gəzməyi öyrəndim. Hətta fors da eləməyə başladım...Sonralar macar və rumın atlarında çapırdım. Və atları o qədər sevdim ki, o qədər onları yaxından tanımağa başladım ki, indi də at görəndə yanından laqeyd ötüşə bilmirəm. Qucaqlayıram onu. Biz atın ayaqları altında yatırdıq. At sakitcə ayaqlarını aralayır, insana toxunmur. At ölmüş adamı heç vaxt tapdalamaz, əgər insan yaralanıbsa ondan heç vaxt aralanmaz və onu qoyub qaçmaz. Çox ağıllı heyvandır. Süvari əsgər üçün at dost deməkdir. Sadiq dost.

İlk döyüş sınağı... Bu, Kuşevskaya stansiyası ətrafında bizim korpusumuz tanklara qarşı döyüşdə iştirak edərkən baş verdi. Kuşevskaya döyüşündən sonra -Kuban kazaklarının süvari dəstəsinin məşhur hücümu-bizim korpusa qvardiya korpusu adı verildi. Dəhşətli döyüş oldu... Olyayla mənim üçün isə lap dəhşətliydi, çünki biz hələ qorxurduq, çox qorxurduq. Mən heç olmasa hesab edirdim ki, bir az döyüşdə olmuşam, bilirdim bu nə deməkdir... Amma...Süvari dəstəmiz sel kimi düşmən üzərinə şığıyanda-çərkəzi çuxalar yellənir, qılınclar göydə, atlar fınxırır... at isə uçanda elə bir gücə malik olur ki... Bax bütün o süvari seli tankların üstünə şığıdı, artilleriyaya tuş gəldi... elə bil cəhənnəm yuxusu görürdün. Qeyri-real səhnələr... Faşistlər isə çox idilər. Lap çox. Onlar avtomatlarını qabağa tutub tankların böyründəcə irəliləyirdilər... lakin onlar dözə bilmədilər bu hücumun qarşısında... başa düşürsüz, bu selin qarşısında tab gətirə bilmədilər...Avtomatlarını atıb qaçdılar... Bütün sursatlarını qoyub qaçırdılar... Bax belə bir mənzərəydi...

Olya Vasilyevna da söhbətə qoşulur, həmin döyüşü xatırlayır:

-Mən yaralıları sarıyırdım... Böyrümdə faşist uzanmışdı, düşündüm ki, ölüb. Ona diqqət vermirdim, amma o, yaralanmışdı... Və məni öldürmək istəyirdi...Hiss etdim ki, kimsə mənə toxunur, dərhal döndüm...Ayağımla onun avtomatına bir zərbə endirməyə macal tapdım. Mən onu öldürmədim, heç yarasını da sarımadım, beləcə çıxıb getdim. O, qarnından yaralanmışdı...

Zinaida Vasilyevna davam edir:

-Mən də bir yaralı dartıb gətirirdim, gördüm ki, iki alman əsgəri tankdan çıxır. Tankı vurmuşdular, görünür, onlar da özlərini xilas etmək üçün çıxmışdılar. Bir saniyə geciksəydim və avtomatımdan atəş açmasaydım, onlar məni də, yaralını da öldürəcəkdilər. Qəfil oldu. Döyüşdən sonra həmin almanlara yaxınlaşdım, gözləri açıq yıxılıb qalmışdılar. Mən o gözləri indi də xatırlayıram... Biri çox gözəl idi, cavan alman... Heyif! Yazığım gəlirdi! O faşist olsa da, yenə rəhmim gəldi...Bu hiss uzun müddət qəlbimdən uçub getmədi. Öldürmək istəmirdim, başa düşürsüz...Qəlbimdə elə bir nifrət var idi ki...axı onlar bizim torpağımıza nə üçün gəliblər? Özün öldür görüm necə öldürürsən? Dəhşətdi...Başqa söz yoxdu... Çox dəhşətlidir... Özün öldürəndə...

Döyüş qurtardı.Yüzlərlə kazak yerlərinə qayıdır, Olya isə yoxdu. Mən dəstənin ardınca gedirəm, dalda gəlirəm, hər yana baxıram...Axşam düşür. Olya isə yoxdur...Zəncirvari xəbər ötürürlər ki, bəziləri, o cümlədən Olya qalıblar ki, yaralıları yığıb gətirsinlər...Heç nə edə bilmədim, yalnız gözləməli oldum. Dəstədən geri qalıram, gözləyirəm, yenə də qaçıb dəstəyə çatıram; ağlayıram- doğrudanmı elə ilk döyüşdə bacımı itirdim? Hardadı bacım? Ona nə olub? Bəlkə də hardasa ölür, məni çağırır...

Olya...Olya da göz yaşlarını boğa bilmir, ağlayır...

-Məni gecə tapdı...Bütün kazaklar bizim görüşməyimizi görüb ağladılar. Biz bir-birimizə sarılmışdıq və qopa bilmirdik. Və yalnız bu zaman anladıq ki, bizə bir yerdə, bir hissədə vuruşmaq olmaz. Yaxşısı budur ayrılaq. Əgər birimiz ölsək, o birimiz dözə bilməyəcək, heç vaxt tab gətirə bilməyəcək...Qərara aldıq ki, mən başqa qoşun hissəsinə gedim. Bəs necə ayrılaq? Necə?

Lakin sonradan ayrı-ayrı hissələrdə vuruşduq...Əvvəlcə ayrı qoşun hissəsinə getdim. Sonra isə tamam ayrı bir diviziyaya düşdüm. Təsadüf düşəndə bir-birimizə salam göndərirdik, sağ-salamat olduğumuzu öyrənirdik... Hər addımda ölümlə üz-üzə gəlirdim. Ölümü gözləyirdim... Yadımdadı, Ararat ətrafında... Biz qumun üstündə durmuşduq. Ararat almanlar tərəfindən alınmışdı. Milad bayramıydı, almanlar bayram edirdilər. Bizdən bir qoşun ayırdılar və qırxmillimetrlik batareyanı ayırdılar. Hardasa beş saat yol getdik, bütün gecəni getdik. Sübh çağı bizim kəşfiyyatçılara rast gəldik, onlar bizim qabağımıza çıxmışdılar.

Kənd aşağıda yerləşirdi...Elə bil piyalənin içindəydi...Almanların heç vaxt ağlına gəlməzdi ki, biz bu qumsal yolu keçib gələ bilərik, buna görə də onlar arxadan həmlə gözləmirdilər. Arxaya da az adam qoymuşdular. Biz onların arxasına keçmişdik, özü də sakitcə və xəlvəti. Dağdan düşüb dərhal qarovulçuları götürdük və həmin kəndə girdik. Şığıdıq. Almanlar tamam soyunmuş haldaydılar, yalnız avtomatları əllərindəydi. Yolka qurmuşdular...Hamı sərxoş vəziyyətdəydi. Və hər həyətdə də ən azı iki-üç tank vardı. Tanketkalar da vardı, zirehli maşınlar da. Bütün texnika. Biz dərhal yerindəcə texnikalarını partlatdıq və... elə atəş, elə gurultu, elə partlayış, elə panika qopdu ki...Aləm dəydi bir-birinə...Elə bir vəziyyət yaranmışdı ki, güllə hər an özünkünə dəyə bilərdi. Hamı qorxurdu bundan...Hər yan yanırdı...Milad yolkası da yanırdı...

Mənim səkkiz yaralım vardı...Onları yuxarıya, dağa qaldırırdım...Lakin görünür bizimkilər hücum zamanı bir səhv buraxmışdılar: almanların rabitəsini kəsməmişdilər. Və alman artilleriyası da bizi topa tutdu, minomyotlardan və uzaqvuran topları işə saldılar. Mən öz yaralılarımı cəld sanitar arabasına yerləşdirdim. Və onlar yola düşdülər...Və bu vaxt mənim gözlərimin qarşısında mərmilərdən biri arabaya dəydi və onlar havaya sovrulub tikə-tikə oldulur. Mən yaxınlaşıb baxanda orda bircə nəfər sağ qalmışdı. Bir yandan da almanlar dağa dırmaşırdılar... Yaralı məndən xahiş edirdi:

-Məni qoy burda, bacı... Çıx get... Artıq mən ölürəm...

Onun qarnı dağılmışdı...Bağırsaqları tökülmüşdü... Bütün bunları... O özü bağırsaqlarını yığır, qarnına basırdı...

Elə bildim ki, atım yaralının qanına bulaşıb... Lakin baxıb gördüm ki, yox, at da yaralanıb, böyründən. Məndə bir neçə qənd vardı, ata verdim. Artıq hər tərəfdən atəşə tuturlar; bilmirsən bizimkilər hardadı, almanlar harda... On metr gedirsən, yaralıya rast gəlirsən...Bu vaxt fikirləşirəm ki, araba tapıb hamısını bir yerə yığmaq lazımdır. Gedirəm- görürəm ki, aşağıya üç yol uzanır: sağa, sola, düz...Özümü itirdim...Hansı yolla gedim? Atın yüyənini möhkəm tutmuşdum. At məni özü aparırdı. Birdən mənə elə bil hardansa qeyri-ixtiyari bir fəhm gəldi, elə bil mənə nəsə pıçıldadılar: hardasa eşitmişdim ki, atlar yola yaxşı bələd olurlar və onların fəhmi var. Və yol ayrıcına çatmamış atın yüyənini boşaltdım və at məni tamam başqa istiqamətə apardı...Mən özüm bunu bacarmazdım... At məni apardı, apardı... apardı...

Mənim artıq gücüm tükənmişdi, düşünürdüm ki, mənim üçün artıq fərqi yoxdu, hara aparır-aparsın. Nə olur-olsun! At gedirdi, sonra gördüm ki, başını fırladır, elə bil sevinir, mən artıq cilovu da qaldırmışdım, əlimdə tutmuşam... Əyilib atın böyründəki yaranı da əlimlə tuturam. At is daha inamla, daha sevinclə irəliləyir və... birdən elə fınxırdı ki... kiminsə səsini eşitdi. Mən isə ehtiyat elədim- birdən almanlar olar?! Əvvəlcə atı buraxdım, artıq özüm də təzə iz görmüşdüm: atlar tapdalamışdılar, araba təkərlərinin yeri qalmışdı, təxminən əllidən çox adam keçmişdi. Və iki yüz-üç yüz metr məsafədə at arabayla düz qarşı-qarşıya gəldi. Arabada yaralılar vardı və mən bizim dəstənin sağ qalan döyüşçülərini gördüm.

Artıq bizə kömək gəlmişdi, arabalar, taçankalar...Əmr olunmuşdu: bütün yaralıları yığıb götürmək! Güllə yağışı altında hamısını yığdıq, bir nəfər belə qalmadı-yaralıları da, həlak olanları da...Mən də taçankada getdim, hamısını tapdım və həmin o qarnından yaralanan döyüşçümüzü də tapdım, hamısını gətirdim. Yalnız öldürülmüş atlar qaldı. Artıq hava da açılmışdı, gedirsən, görürsən ki, bütöv bir ilxı yıxılıb qalıb. Gözəl, güclü atlarımız...Külək onların yallarını yelləyirdi...

Bizim oturduğumuz böyük otağın bütün divarları bacıların müharibəyə qədərki və müharibə şəkilləri ilə bəzədilmişdi. Budur, bu şəkildə bacılar məktəblidir, əllərində gül, başlarında balaca şlyapa. Şəkil müharibədən iki həftə qabaq çəkilib. Adi uşaq çöhrələri -orda bir qədər gülməli, bir qədər də ani ciddilik sezilir, böyük görünmək istəyi gizlənib...Bu şəkildə isə onlar kazak çərkəzi çuxasında, qvardiya gön keçə çəkmələrində...Qırx ikidə çəkdiriblər. İlə, zamana görə fərq bilinir, üzlər başqa ifadəlidir, bu şəkildə insan tamam ayrı cür görünür. Bu şəkli isə Zinaida Vasilyevna anasına cəbhədən göndərib: gimnastyorkada, döşündə də ilk "İgidliyə görə" medalı! Bu şəkli isə bacılar Qələbə Günündə çəkdiriblər...Çöhrələrin hərəkət edən cizgilərini yadımda saxlamağa çalışıram:yumşaq uşaq cizgilərindən arxayın qadın baxışlarına doğru hərəkət edir, hətta bu baxışlarda bir qədər amansızlıq və sərtlik də sezilir. Bu dəyişikliyin çox qısa bir zaman kəsiyində-bir neçə ayın içində baş verməsinə inanmağın gəlmir. Adi vaxtda bu işi aram-aram görürlər, dəyişiklik nəzərəçarpmadan baş verir, insanın sifət cizgilərinin dəyişmə prosesi uzun sürür. Üzdə qəlbin şəklini çəkməyə uzun zaman tələb olunur. Lakin müharibə adamların özünəməxsus cizgilərini qəflətən və sürətlə yaratdı. Müharibə öz porteretlərini yazdı.

Olqa Vasilyevna:

-Biz böyük bir kəndi azad etdik. Üç yüz həyət vardı. Almanların hospitalı da ordaydı, qoyub qaçmışdılar. Yerli xəstəxana binasında yerləşirdi. Mənim ilk gördüyüm şey nə oldu? Həyətdə böyük bir xəndək qazmışdılar. Xəndəkdə yaralı alman əsgərləri-güllələmişdilər. Almanlar gedəndə öz yaralı əsgərlərini güllələmişdilər. Görünür, onlar düşünüblər ki, bunu etməsələr, biz edəcəyik. Elə bilirdilər ki, biz də yaralılarla onlar kimi rəftar edirik. Onlar bizim yaralıları da güllələyirdilər. Lakin hospitalda təkcə bir palata sağ qalmışdı, görünür, onlara vaxtları çatmayıb. Qaçıblar. Bəlkə də özləri belə ediblər, çünki həmin palatada qalan yaralı əsgərlərin ayaqları yox idi.

Biz həmin palataya girəndə onlar bizə nifrətlə baxırdılar; görünür, düşünürdülər ki, onları öldürəcəyik. Tərcüməçi dedi ki, biz yaralıları öldürmürük, müalicə edirik. Bu zaman onlardan biri başladı tələb etməyə: üç gündür heç nə yemirik, üç gündür bizim yaramızı sarımayıblar...

Mən baxdım, doğurdan da mənzərə dəhşət doğururdu. Həkim onlara baxmayıb. Yaralar qaysaq bağlayıb, çirklənib, bintlər yaranın içinə girib...

-Sizin onlara yazığınız gəldi, hə?

-Bilmirəm, deyə bilmərəm ki, o zaman mən hansı hissləri yaşadım-mərhəmət, yoxsa rəhm? Amma hər halda şəfqət hissi vardı. Amma mən onu hiss etmirdim. Bu, tamam başqa bir şeydir... Bizdə belə bir hadisə olmuşdu... Bir əsgər əsiri vurdu, yumruqla vurdu... mənə elə gəldi ki, belə şey olmaz, ona görə də əsiri müdafiə elədim...Halbuki başa düşürdüm... o əsgərin ürəyinin qışqırığını...O əsgər məni tanıyırdı...Məndən yaşca da böyük idi, söyüş söydü. Amma daha əsiri vurmadı...Əvəzində isə mənə ana söyüşü söydü..."Yadından çıxıb... sənin ananı...!"

Əlbəttə, mən heç nəyi unutmamışdım. Mənim yadıma o çəkmələr düşürdü...Almanlar xəndəklərin qırağına kəsilmiş çəkməli ayaqları düzmüşdülər. Qış idi, kəsilmiş çəkməli ayaqlar boyunbağı kimi sıralanmışdılar...O çəkmələr...Bizim yaralı döyüşçülərin ayaqları... Onlardan yalnız o ayaqlar qalmışdı...Döyüşçü dostlarımızın kəsilmiş çəkməli ayaqları...

Dənizçilərin bizə köməyə gəlməsini yadıma salıram...Onlardan çoxu minaya düşdü, həlak oldu... Biz minalanmış zonaya girmişdik. O dənizçilər günün altında sərələnmişdilər yerə.... Çox qaldılar orda...Meyitlər şişmişdilər və adama elə gəlirdi ki, onların alt köynəklərinin altında qarpız var. Böyük bir çöllükdə iri qarpızlar...Yekəydilər... uzanmışdılar.

Mən unutmamışam. Heç nəyi unutmamışam. Lakin mən əsir düşmüş adama əl qaldırmazdım... heç olmasa ona görə ki, onlar müdafiəsizdilər. Bax bunu hər kəs özü üçün qərar vermişdi... bu, çox vacib idi.

Zinaida Vasilyevna:

-Budapeşt ətrafında gedən döyüşlər. Qış idi...Mən bir yaralı serjantı dartırdım, pulemyotçular dəstəsinin komandiri idi. Mən özüm şalvar geyinmişdim və bədənimə isidici canlıq sarımışdım, qulaqlı papaq vardı başımda. Onu sürüyəndə görürəm ki, qarın üstündə qaraya çalan bir yer var... Kömür rəngində... Başa düşdüm ki, ora dərin bir çaladır. Mənə də bu lazım idi, düşürəm həmin çalaya... orda isə kimsə canlı tərpənir, hiss edirəm ki, sağdır, hansısa dəmiri dişləriylə qıcırdır... Dönüb baxıram- alman zabitidir, yaralıdır, ayağından yaralanıb, uzanıb və avtomatını da mənə tuşlayıb. Papağın altından isə saçlarım çölə tökülüb, sanitar çantam belimdə, üstündə də qırmızı xaç...Mən dönəndə o, mənim üzümü gördü, başa düşdü ki, qızam, qışqırdı:"Haaaa!". Deməli, onun sinir sistemi pozulmuşdu və o, avtomatını kənara tulladı. Onun üçün artıq fərqi yox idi...

Və biz üç nəfər çalada durmuşduq-bizim yaralı, mən və alman. Çala balacaydı, ayaqlarımız bir-birinə dəyir. Mən də onların qanına bulaşmışam, qanımız qarışıb bir-birinə. Almanın iri gözləri vardı, həmin gözlərlə mənə baxırdı; mən nə edəcəyəm? Lənətə gəlmiş faşist! O, dərhal avtomatını tulladı, başa düşürsüz? Bu mənzərəni... Bizim yaralı heç nə başa düşmür, dərhal pistolet çıxarır...Dartınır, almanı boğmaq istəyir...O isə mənə baxır... Mən o gözləri indi də xatırlayıram... Bizimkini sarıyıram, o biri isə qan içində uzanıb...Bir ayağı tamam parçalanıb... Bir az da ötsə öləcək... Bunu yaxşı başa düşürəm. Bizim yaralını sarıyıb qurtarmamış, almanın paltarlarını cırıram, dərhal onu sarıyıram və bağlayıram. Yenə öz yaralımızla əlləşməyə başlayıram. Alman deyir:"Qut! Qut!" Yalnız bu sözləri deyir, təkrar edir. Bizim yaralı hələ ki huşunu itirməyib, mənim üstümə qışqırıb nəsə dedi...Hədələdi... Mənsə onu sığalladım, sakitləşdirdim. Sanitar arabası gəldi, hər ikisini çıxarıb apardı.. Almanı da... Başa düşürsüz?

Olqa Vasilyevna:

-Kişilər qadınları ön cəbhədə görənd sifətləri çönürdü, ayrı cür olurdular; hətta qadın səsi elə bil onları təzədən dünyaya gətirirdi. Bir dəfə mən gecə vaxtı dəyənin kənarında oturub özüm üçün yavaşca zümzümə edirdim. Fikirləşdim ki, hamı yatıb, heç kəs eşitməz. Səhər komandir mənə dedi:

-Biz yatmamışdıq...Qadın səsi üçün burnumuzun ucu göynəyir...

Tankçının yarasını sarıyıram... Döyüş gedir, gurultu... O, soruşur:

-Adınız nədir, qız?

Hətta nəsə bir kompliment də dedi. Mənə çox qəribə gəldi- öz adımı belə bir gurultu içində dilə gətirib demək qəribəydi: Olya!

Daim çalışırdım ki, səliqəli və qamətli görünüm. Və mənə tez-tez deyirdilər:

-İlahi, bu qız döyüşdə olub görəsən? Elə təmiz, səliqəli...

Həmişə qorxurdum ki, birdən məni öldürərlər, qoy səliqəli və gözəl olum...Mən həlak olmuş çox qızlar görürdüm... Onlar palçıq, çirkab içində, suda...Belə də şey olar?! Dəhşət...Mən belə ölmək istəmirdim...Hərdən güllə yağışından qorunurdum, üz-gözümü gizlədirdim ki, güllə dəyməsin. Əllərimi. Mənə elə gəlir ki, bizim bütün qızlarımız bu barədə düşünürdülər. Kişilər isə bizə gülürdülər. Bu onlara əyləncə kimi gəlirdi. Yəni, gör də, ölüm barədə yox, gic bir şey barədə düşünürlər! Böş-böş şeylər barədə!

Zinaida Vasilyevna:

-Ölümü ram etmək olmaz...Yox...Ona alışmaq...Biz almanlardan qurtulub dağlara çıxırdıq. Qarnından ağır yaralanmış beş nəfər döyüşçümüz qalmışdı. Hamının qarnı dağılmışdı, ölümcül yaralar idi... Bir, uzağı iki günə onlar öləcəkdi...Onları götürə bilməmişdik, nədə aparaydıq? Heç nə yox idi...Məni və o biri sanitar təlimçimiz Oksanoçkanı onların yanında bir daxmada qoyub dedilər:

-İki gündən sonra gəlib sizi burdan aparacağıq...

Bizim dalımızca bir də üç gündən sonra gəldilər. Düz üç gün biz o yaralıların yanında qaldıq. Onların ağlı başındaydı, güclü adamlar idi. Ölmək istəmirdilər...Bizdə isə bir qədər toz halında dərman vardı, daha heç nə yox idi...Onlar bütün günü su içmək istəyirdilər, xahiş edirdilər, lakin onlara içmək olmazdı. Bəziləri başa düşürdü, bəziləri isə söyürdülər....Ana-bacı söyüşü...Kimi bizə parç atır, kimi də çəkmə tullayırdı...Mənim həyatımda ən dəhşətli üç gün...Onlar bizim gözümümzün qabağında can verir, ölürdülər... Bir-birinin dalınca... Biz isə yalnız baxırdıq...

İlk təltifim...Məni "İgidliyə görə" medala təqdim eləmişdilər. Lakin mən onu almağa getmədim. İncimişdim. Gülməliydi! Başa düşürsüz də necə? Mənim rəfiqəmi "Döyüş xidmətlərinə görə", məni isə "İgidliyə görə" medalı ilə! Rəfiqəm yalnız bir döyüşdə olmuşdu, mən isə Kuşevsk stansiyası əməliyyatında və başqa əməliyyatlarda iştirak eləmişdim. Mənə ayıb gəlirdi: ona bir döyüşə görə artıq "Döyüş xidmətlərinə görə", mənə isə belə çıxır ki, bir xidmətə görə, bir dəfə özümü göstərmişəm...Komandir gəldi, məsələni biləndə gülməkdən uğundu. Sonra mənə izah etdi ki, "İgidliyə görə" medalı ən böyük medaldır, demək olar ki, ordendir.

Donbasda Makeyevka ətrafında gedən döyüşlərdə məni yaraladılar, ombadan. Xırda daş boyda qəlpə girmişdi buduma. Hiss edirəm ki, qan gəlir, fərdi sarğı paketini yaramın üstünə qoydum. Və başlayıram qaçmağa, ora-bura, yaralıları sarıyıram. Özüm də utanıram deməyə ki, ombamdan yaralanmışam. Ayıbdı, qız uşağıyam, yanımı göstərə bilmərəm ki! On altı yaşında qız uşağı bunu ayıb sayır, ya da kiməsə deməyə utanar. Etiraf etməyə çəkinirəm. Beləcə qaçıram, sarğıları bağlayıram, ta ki qan çox itirdiyimdən bayıldım. Çəkməm qanla dolmuşdu...

Bizimkilər baxmışdılar, elə biliblər ölmüşəm. Düşünüblər ki, qoy qalsın, sanitarlar gəlib götürər. Döyüş isə davam edirdi. Bir az da keçsəydi, mən doğurdan da öləcəkdim. Lakin tankçılarımız kəşfiyyata gəlirlər, görürlər ki, döyüş meydanında qız uzanıb. Mən papaqsız uzanıb qalmışdım, papağım harasa düşmüşdü. Onlar görürlər ki, qan mənim altımdan axır, deməli, sağam. Məni götürüb tibb batalyonuna gətirirlər. Ordan isə hospitala yollayırlar. Əvvəlcə bir hospitala, sonra başqa bir hospitala gəldim. Həəəəə...Və beləcə çox keçmədi ki, mənim müharibəm bitdi... Yarım ildən sonra məni səhhətimə görə tərxis elədilər. Mənim isə on səkkiz yaşım vardı...Sağlamlığım isə yoxdu daha! Üç yaram, ağır kontuziya! Lakin qız uşağıyam və mən, əlbəttə, bunu gizlədirdim, yaralarım barədə danışırdım, kontuziyanı isə gizlədirdim. Və beləliklə bu yaralar özünü göstərdi- məni yenə hospitala apardılar. Mənə əlillik verdilər... Bəs mən neylədim? Bu sənədləri cırıb tulladım. Hətta puldan da imtina elədim. Gərək komissiyaya gedəydin, o qədər komissiyadan keçməliydin ki...Özün haqqında danışmalıydın, kontuziyanı nə vaxt almısan, nə vaxt yaralanmısan? Harana dəyib qəlpə?

Hospitalda süvari qoşun komandiri və starşina mənə baş çəkməyə gəldilər. Müharibə zamanı komandir mənim çox xoşuma gəlirdi, lakin cəbhədə o, məni görmürdü. Qəşəng kişiydi, hərbi forma ona yaraşırdı. Hərbi forma bütün kişilərə yaraşır. Bəs qadınlar necə görünürdülər? Şalvarda, hörüklərə icazə yox idi, hamının hörüyü kəsilib, oğlansayağı saç vurdurublar. Yalnız müharibənin qurtarmasına az qalmış artıq bizə icazə vermişdilər ki, tel və hörük saxlayaq. Hospitalda mənim saçlarım yerinə gəlmişdi, artıq uzun hörüklərim vardı, yaxşılaşmışdım, bir qədər kökəlmişdim və onlar... Gülməli vəziyyət alındı... Hər ikisi mənə vurulmuşdu...Dərhal mənə vuruldular! Bütün müharibə boyu bir yerdə olmuşuq, heç nə olmamışdı aramızda, indi isə onlar ikisi də mənə vuruldu; süvari dəstənin komandiri və starşina mənə evlənmək təklif etdilər. Sevgi! Sevgi...Ah, biz necə onu arzulayırdıq! Necə xoşbəxt olmaq istəyirdik!

Bu, qırx beşinci ilin sonlarında baş verdi...

Müharibədən sonra hər şeyi unutmaq, tez unutmaq istəyirdim. Bacımla mənə atamız kömək elədi. Atam müdrik insan idi. O, bizim medal və ordenlərimizi, təşəkkür məktublarımızı götürüb gizlətdi, dedi:

-Müharibə oldu, döyüşdünüz, qurtardı! İndi unudun! Müharibə olub keçdi, indi başqa zəmanə, başqa həyatdı! Tuflilərinizi geyinin. Siz mənim gözəl qızlarımsınız! Oxumaq lazımdır, ərə getmək lazımdır.

Olya yeni həyata alışa bilmirdi. O, çox məğrur idi. Əsgər şinelini əynindən çıxartmaq istəmirdi. Yadımdadı ki, atam anama dedi:

-Mənəm günahkar! Belə qız uşaqları müharibəyə getdilər.Müharibə onları sındıra bilmədi. Amma bütün həyatları boyu döyüşəcəklər.

Mənə də orden və medallar vermişdilər. Hansısa xüsusi talonlar vermişdilər ki, hərbi mağazalardan özümə nəsə alım. Mən özümə rezin çəkmələr aldım, ən son dəbdə, palto, pal-paltar, tuflilər... Şineli satmağa qərar verdim. Gedirəm bazara... Mən açıq yay paltarındayam. Saçlarıma sancaq da vurmuşam... Nə gördüm orda? Cavan oğlanlar- əlsiz, ayaqsız...Bütün xalq... döyüşmüşdü... Ordenlərlə, medallarla... Kimin əlləri salamatdı, əldədüzəltmə ayaq satırdı... Qadın lifçikləri, tumanları... O biri isə əlləri yoxdu...ayaqları yoxdu... Göz yaşları içində yuyunur. Qəpik dilənir...Onların heç bir əlil arabası yox idi. Onlar əldədüzəltmə taxta arabalarla gəzirdilər...Əli olan adamları itələyə-itələyə gəzirdilər...Sərxoş idilər. Nəğmə oxuyurdular:"Unuduldum...Atıldım..." Bax, belə mənzərələrlə qarşılaşdım. Mən bazardan çıxıb getdim, şinelimi satmadım. Və Moskvada yaşadığım müddətdə, təxminən beş il, mən bazara gedə bilmədim. Qorxurdum. Qorxurdum ki, şikəst olmuş insanlardan kimsə məni görər, tanıyar və qışqırar:

-Axı sən məni od-alovun içindən o vaxt nə üçün çıxartdın? Nə üçün xilas elədin məni, hə?

Bir cavan leytenant yadıma düşdü...Onun ayaqları... Birini qəlpə kəsib qoparmışdı, o biri isə sallanmışdı, hələ tam qopmamışdı... Mən onu sarıyırdım...Bomba yağışı altında... O isə mənim üstümə bağırırdı:

-Uzatma! Öldür məni! Tez elə, öldür! Mən sənə əmr edirəm!..

Başa düşürsüz? Bax, mən həmişə o leytenanta rast gəlməkdən qorxurdum...

Və mən hospitalda yatanda orda hamı cavan qəşəng bir tankçını tanıyırdı. Adı Mişaydı...Onun familyasını heç kim bilmirdi, hamı onun adını bilirdi... Onun ayaqlarını kəsdilər, sağ əlini də kəsdilər. Bircə sol əli qalmışdı. Çox dibdən kəsmişdilər ayaqlarını, protezləri də daşımaq qeyri-mümkün idi. Onu kolyaskada gəzdirirdilər. Onun üçün xüsusi hündür kolyaska düzəltmişdilər; hamı, kim bacarırdı, onu gəzdirirdi. Hospitala çoxlu mülki şəxs gəlirdi, əhali gəlirdi, qulluq edirdilər yaralılara, kömək edirdilər, xüsusilə Mişa kimi ağır yaralılara yardım edir, qulluq göstərirdilər. Qadınlar, məktəblilər... Hətta uşaqlar da... O Mişanı əllərində, qucaqlarında gəzdirirdilər. Və o da ah-uf eləmirdi, ruhdan düşmürdü. O, elə yaşamaq istəyirdi ki! Onun cəmi on doqquz yaşı vardı. Nə yaşamışdı ki! Bilmirəm, yadımda deyil, onun doğmaları vardı, ya yox, amma o bilirdi ki, onu darda qoymazlar, o inanırdı ki, onu unutmazlar. Müharibə bizim torpağımızda olmuşdu, hər yan dağıdılmışdı. Biz kəndləri azad edəndə kəndlər kül içindəydi, insanların təkcə torpağı qalmışdı. Təkcə torpaq.

Biz bacımla həkim olmadıq, halbuki müharibədən qabaq həkim olmağı arzulamışdıq. İmtahansız-filansız tibb institutuna girə bilərdik, bizim də cəbhə qızları kimi imtiyazlarımız vardı. Amma biz insan əzabı çox görmüşdük, insan ölümü çox görmüşdük, artıq yetərdi, bu əzabları, sarsıntıları görməkdən doymuşduq, daha görmək istəmirdik. Hətta təsəvvürümüzə belə gətirmək istəmirdik. Və düz otuz ildən sonra mən öz qızımı tibb institutuna girməkdən çəkindirdim, halbuki qızım çox istəyirdi ki, həkim olsun...On illərdən sonra...Gözlərimi yumanda görürəm ki... yazdır. Biz hansısa əkin sahəsiylə addımlayırıq, indicə buralarda döyüş qurtarıb... yaralı əsgərləri axtarırıq... Əkin sahəsi dağıdılıb, cavan zəmilər...İki ölüyə rast gəlirəm- biri bizimkidir, cavandır, o biri də gənc alman. Cavan taxıl zəmiləri üstündə uzanıblar, göyə baxırlar... Elə bilirsən heç ölməyiblər. Sadəcə göyə baxırlar...Mən o gözləri indi də unuda bilmirəm...

Olqa Vasilyevna:

-Müharibənin son günlərində mənim yadımda qalan bir hadisə oldu: deməli, gedirik, birdən hardansa musiqi səsi eşidildi. Skripka çalırdılar... Bax həmin gün mənim üçün müharibə qurtardı... Elə bir möcüzəydi ki...Birdən musiqi səsi. Ayrı bir səs eşidirsən...Mən elə bil yuxudan ayıldım... Bizim hamımıza elə gəlirdi ki, bu göz yaşları dənizindən sonra gözəl bir həyat olacaq. Gözəl həyat. Qələbədən sonra....O gündən sonra... Bizə elə gəlirdi ki, bütün insanlar çox gözəl, xeyirxah olacaqlar, yalnız bir-birlərini sevəcəklər. Hamı bir-birinə qardaş, bacı olacaq... Biz o günü necə də gözləyirdik...

Biz güllə atmırdıq...

Müharibədə çox adam olur...Müharibədə çox işlər olur...

Təkcə ölümlə bağlı çox zəhmət çəkmirsən, elə öz həyatın uğrunda da əlləşirsən. Müharibədə təkcə atəş açmırlar, öldürmürlər, minalamırlar, minadan təmizləmirlər, bombalamırlar, partlatmırlar, əlbəyaxa döyüşə atılmırlar... Müharibədə həmçinin paltar yuyurlar, kaşa bişirirlər, çörək bişirirlər, mətbəx qazanlarını təmizləyirlər, atlara qulluq edirlər, maşınları təmir edirlər, qəbir daşlarını yontalayırlar, tabutlara mismar vururlar, poçt daşıyırlar, çəkmələrin altına nal vururlar, tütün gətirirlər. Hətta müharibə böyük şeylərdən yox, kiçik şeylərdən ibarət olur. "Ordakı yüklər bizim adi qadın işlərimiz idi..."deyə Aleksandra İosifovna Mişutina xatırlayır. "Ordu qabaqda gedirdi, onun ardınca "ikinci cəbhə"-camaşırçılar, aşpazlar, avtomexaniklər, poçtalyonlar..."

Onlardan kimsə mənə yazmışdı: "Biz qəhrəman deyilik, biz pərdə arxasındaydıq". Bəs bu pərdə arxasında nə vardı?..

Botinkalar və lənətə gəlmiş ağac parçası

"Palçıqla gedirik, atlar bu palçıqda batırlar, ya da yıxılıb ölürlər. Arabalar doludur...Əsgərlər sursatları götürüb daşıyırlar. Arabalar çörək və paltar daşıyır. Tütün yeşikləri daşıyırlar. Görürəm ki, bir maxorka yeşiyi palçığın içinə düşür. Dalınca üçmərtəbəli rus söyüşləri gəlir... Sursatları qoruyurlar, maxorkaları qoruyurlar...

Ərim mənə deyir, həmişə də təkrar edir: "Yaxşı-yaxşı bax! Bu -dastandır! Dastan!"

Tatyana Arkadyevna Smelyanskaya, hərbi jurnalist

"Müharibəyə qədər xoşbəxt yaşayırdım... Atamla, anamla. Atam fin müharibəsindən qayıtmışdı. Sağ əlindəki bir barmağını itirmişdi və mən ondan soruşdum:

-Ata, müharibə nəyə lazımdır?

Müharibə isə tezliklə gəldi və mən hələ əməlli-başlı böyüməmiş gəldi müharibə. Minskdən təxliyyə olundum. Bizi Saratova gətirdilər. Mən orda kolxozda işləyirdim. Bir gün kənd sovetinin sədri məni yanına çağırdı, dedi:

-Qızım, bütün günü sənin haqqında fikirləşirəm.

Təəccüb elədim.

-Əmi, nə düşünürsüz ki?-soruşdum.

-Bax bu lənətə gəlmiş ağac parçası olmasaydı! Bu lənətəgəlmiş taxta parçası...taxta protez...

Durub matdım-matdım onun üzünə baxıram. Heç nə başa düşmürəm. O deyir:

-Kağız gətiriblər. Cəbhəyə iki nəfər lazımdı...Heç kimi də göndərə bilmirəm. Özüm gedərdim, amma... bu lənətəgəlmiş ağac parçası...Sənə isə olmaz-səni təxliyyə ediblər. Bəlkə gedəsən? Mənim iki qızım var-sən və Mariya Utkina.

Mariya hündürboy qız idi, mən isə yox. Belə də, ortaboylu idim.

-Gedərsən?

-Mənə əsgər dolağı verəcəklər?

Biz cır-cındır içindəydik, özümüzlə nə götürəcəkdik ki?

-Sən elə yaxşı qızsan ki... sənə orda botinka verəcəklər.

Mən də razılaşdım.

...Bizi eşelondan düşürtdülər. Dalımızca bir əmi gəlmişdi-sağlam, bığlı bir kişiydi, onunla heç kim getmədi. Bilmirəm niyə soruşmadım, fəal deyildim, özümü dərhal hara gəldi birinci soxmurdum. Bu kişi bizim xoşumuza gəlmədi. Sonra gözəl bir zabit gəldi. Kuklaydı! O bizi dilə tutdu, biz də getdik. Hərbi hissəyə gəldik, gördük o bığlı kişi də ordadı, gülür.

-Hə, əyriburunlar, mənimlə gəlmədiniz?

Mayor bizi tək-tək çağırdı, soruşdu:

-Nə bacarırsan?

Biri cavab verir: "İnək sağıram", o biri deyir "evdə kartof bişirirdim, anama kömək edirdim."

Məni də çağırdı. Soruşdu:

-Bəs sən nə bacarırsan?

-Paltar yumağı.

-Görürəm, yaxşı qızsan. Amma xörək bişirə bilsəydin...

-Bişirə bilirəm, -dedim.

Bütün günü yemək bişirirəm, gecə gəlirəm, əsgərlərin paltarlarını yumaq lazımdı. Postda dururdum. Mənə qışqırırdılar:

-Qarovulçu! Qarovulçu!

Mənimsə cavab verməyə taqətim yoxdu. Səs verməyə belə gücüm çatmır..."

İrina Nikolayevna Zinina, sıravi, aşpaz

"Mən sanitar qatarında gedirdim...Yadımdadır, ilk həftəni ağladım: birincisi ona görə ki, anasız yol gedirdim, ikincisi isə, kupedə indi yük qoyulan üçüncü yataqyerində idim. Ora mənim "otağım" idi.

-Cəbhəyə gedəndə neçə yaşınız vardı?

-Səkkizinci sinifdə oxuyurdum, ilin sonuna kimi oxumadım, cəbhəyə qaçdım. Sanitar qatarındakı bütün qızlar mənim yaşıdlarım idi.

-İşiniz nədən ibarət oldu?

-Biz yaralılara qulluq edirdik, onları yedizdirir, içizdirir, yaralıya ləyən verirdik. İşimiz bundan ibarət idi. Mənimlə bahəm məndən yaşca böyük bir qız növbətçilik edirdi. İlk vaxtlar onun mənə rəhmi gəlirdi, deyirdi:

-Utka (xəstələr üçün sidik qabı - tərc.) istəsələr, məni çağır!

Yaralıların vəziyyəti ağır idi: kiminin əli, kiminin ayağı yox idi. Birinci gün mən o qızı çağırdım köməyə, sonra isə (axı o qız mənimlə bütün günü və gecəni qala bilməzdi!) tək qaldım. Budur, birdən yaralı məni çağırır:

-Bacı, utkanı gətir!

Mən utkanı ona ötürürəm və görürəm ki, o, götürmür. Baxıram- əlləri yoxdur! Bilmirəm nə edim, necə edim, bir neçə dəqiqə durub baxıram. Karıxmışam. Başa düşürsüz də? Mən kömək etməliydim ona... Mən isə bilmirəm o nədir, necədir...Mən heç onu görməmişdim...Kursda belə bunu bizə öyrətməmişdilər..." Svetlana Nikolayevna Lyubiç, sanitar növbətçi

"Mən güllə atmamışam... Əsgərlər üçün sıyıq bişirirdim. Buna görə mənə medal verdilər. Mən müharibə barədə heç fikirləşmirəm də. Axı mən döyüşməmişəm? Sıyıq bişirmişəm, əsgər supu bişirmişəm...Qazanları, çəlləkləri daşımışam... Çox ağır idilər... Yadımdadı, komandir bir dəfə hirsləndi, dedi:

-Bu çəlləkləri nə güllələyərdim!.. Axı sən müharibədən sonra necə doğacaqsan?

Bir dəfə komandir götürüb bütün çəlləkləri güllələdi. Sonra hansısa qəsəbədən daha xırda çəlləklər tapdıq.

Cavan döyüşçülər ön cəbhədən gəlirlər, onlara istirahət verilir. Yazıqlar çirk içində, üzülmüş vəziyyətdəydi, əlləri, ayaqları donurdu. Xüsusən özbəklər və taciklər şaxtadan qorxurdular. Axı onların vətənində həmişə günəş olur, istidir, burda isə otuz -qırx dərəcə şaxta. Qızına bilmir, ona yemək verirsən. Əlini ağzına belə apara bilmir..." Aleksandra Semyonovna Masakovskaya, sıravi, aşpaz

"Mən paltar yuyurdum... Bütün müharibəni təknəylə bahəm başa vurdum. Əllə yuyurduq. Canlıqları, gimnastyorkaları...Pal-paltarları gətirirdilər, yırtıq, cırıq, bit basmış paltarları... Ağ xalatlar, bunlar hamısı elə belə ağlar idi, əslində isə qanlıydılar, ağ deyildilər, qırmızı ağlar... Könə qan ləkəsindən qaralmış mələfələr, ağlar... İlk suda yuya bilmirsən, su qırmızı və ya qaradır... Gimnastyorka qolsuzdur və bütün sinəsi güllədən deşik-deşik olub... Şalvarın bir ayağı yoxdu... Sən də göz yaşları içində onları yuyursan, yaxalayırsan...

Və bu gimnastyorkaların qalaq-qalaq yığılması...Gödəkçələr...Onlardan lap dağ əmələ gəlirdi...Yadıma düşəndə indi də qollarım ağrıyır. Qışda gödəkçələr çox ağır olurdu, onların üstündəki qan ləkələri buza dönürdü. Mən indi onları tez-tez yuxuda görürəm... Onlardan qara bir dağ əmələ gəlirdi..." Mariya Stepanovna Detko, sıravi, paltaryuyan

"Müharibədə qəribə, möcüzəli şeylər də baş verirdi...Birini söyləyim sizə...

Anya Kaburova çəmənliyin üstündə uzanmışdı... Bizim rabitəçi qız idi. O, ölürdü, güllə ürəyinə dəymişdi. Bu zaman bizim üstümüzdən durnalar uçdu, qatarla. Hamı göyə baxdı, Anya da gözlərini açdı. Səmaya baxdı, dedi:

-Heyf, qızlar!

Sonra susdu və bizə gülümsəyib dedi:

-Qızlar, doğurdanmı mən öləcəyəm?

Bu zaman bizim poçtalyon qaçıb gəlir, Klavaydı adı, qışqırır:

-Ölmə! Ölmə! Evdən sənə məktub gətirmişəm...

Anya da gözlərini yummur, gözləyir...

Bizim Klava onun yanında oturur, məktubu açır. Anasından gəlmişdi, oxuyur:

-Mənim əziz, sevimli qızım...

Mənim yanımda həkim durmuşdu, deyirdi:

-Bu, möcüzədir, möcüzə! Bu qız tibbin bütün qanunlarına rəğmən hələ də yaşayır...

Məktubu oxuyub qurtardılar...

Və yalnız o zaman Anya gözlərini əbədi yumdu..."

Mariya Nikolayevna Vasilevskaya, serjant, rabitəçi

"Mənim ixtisasım...Mən bərbərlik edirdim, əsgərlərin saçlarını kəsirdim...Bir də görürəm yanıma qız gəlib. Bimirəm onun saçlarını necə kəsim. Onun saçları uzun idi, yellənirdi. Komandir gəlib deyir:

-Bu qızın saçlarını "oğlansayağı"kəs...

-Axı o, qadındır?

-Yox, o, əsgərdir. Müharibədən sonra yenə qadın olar.

Kəssəm də saçlar yenə gəlir. Bir balaça saçları çoxalan kimi gecələr qızların saçlarını bururdum. Biqudi əvəzinə bizdə qozalar olurdu. Küknar ağacının quru qozaları...Onlarla heç olmasa kəkilləri burmaq olurdu..." Vasilisa Yujinina, sıravi, bərbər

"Mən çox az kitab oxumuşam... Gözəl danışıq qabiliyyətim yoxdur... Biz əsgərlərin pal-paltarlarını yuyur, ütüləyirdik...Bizim qəhrəmanlığımız da bundan ibarət idi. Atla gəzirdik, qatarlara az minirdik, atlar yorulub əldən düşürdü, demək olar ki, biz piyada Berlinə qədər getdik. Xatırlamalı olsam, onda deyə bilərəm ki, biz də nə lazımdı eləmişik: yaralıları daşımaqda kömək eləmişik, Dnepr çayından sursatları gətirirdik, çünki maşınla aparmaq olmazdı, gərək əllə daşıyaydın; bir neçə kilometr yolu əllə sursat daşıyırdıq. Dəyələr qazırdıq, körpülər qururduq...

Bir dəfə mühasirəyə düşdük, qaçdım, hamı kimi mən də atəş açırdım. Bilmirəm, öldürmüşəm, ya öldürməmişəm, deyə bilmərəm. Lakin qaçırdım və qaça-qaça güllə atırdım, hamı kimi.

Mənə elə gəlir ki, mən çox az xatırladım. Amma o qədər şeylər olmuşdu ki! Yadıma düşər... Yadıma düşəcək... sən yenə də gəl..." Anna Zaxarovna Qorlaç, sıravi, paltaryuyan

"Mənim tarixçəm çox kiçikdir...

Starşina məndən soruşur:

-Qız, sənin neçə yaşın var?

-On səkkiz, noolub ki?

-O olub ki, bizə yetkinlik yaşına çatmamış qızlar lazım deyil!

-Nə istəsəniz edəcəyəm, heç olmasa çörək bişirərəm...

Məni beləcə götürdülər..." Natalya Muxametdinova, sıravi, çörək bişirən

"Məni hərbi hissəyə katib kimi götürmüşdülər...Məni dilə tutub qərargaha apardılar ki, orda, necə deyərlər, mirzəlik edim. Mənə dedilər: bilirik ki, müharibədən qabaq sən fotoqraf işləmisən, bizdə də fotoqraf olacaqsan.

Yaxşı yadımdadır: mən ölümün şəklini heç çəkmək istəmirdim. Ölənlərin şəklini çəkmək istəmirdim. Əsgərlər istirahət edəndə, papiros çəkəndə, güləndə, təltif olunanda şəkil çəkirdim. Heyif ki, o zamanlar rəngli plyonkalarım yox idi. Yalnız ağ-qara şəkillər çıxarırdım. Polkun bayrağını gətirəndə... Mən bunu gözəl çəkə bilərdim...

Bu gün isə...Jurnalistlər yanıma gəlib soruşurlar:

-Siz ölənlərin şəklini çəkmisiz? Döyüş meydanını...

Mən başladım arxivimi axtarmağa. Ölüm şəkilləri çox azdır... Kimsə həlak olurdu, uşaqlar xahiş edirdilər: ölənin sağ vaxtı şəkli varmı? Biz onun sağ ikən şəklini axtarırdıq... Elə şəklini ki, orda gülümsəsin..." Yelena Vilenskaya, serjant, hərbiçi katib

"Biz tikirdik... Dəmir yolları, ponton körpüləri, blindajlar tikirdik. Cəbhə xətti yaxın idi. Qazma işlərini gecələr aparırdıq ki, bizi görməsinlər.

Meşə ağaclarını qırırdıq. Mənim bölməmdəki qızların əksəriyyəti gənc idilər. Bir neçə kişi də vardı. Ağacları necə gətirirdik? Hamımız bir nəfər kimi yapışıb dartırdıq. Bir ağacı bütün bölmə dartıb gətirirdi. Əllərimizdə qanlı suluqlar əmələ gəlmişdi... Hələ çiyinlərimizi demirəm..." Zoya Lukyanovna Verjbitskaya, tikinti batalyonunun bölmə komandiri

"Mən pedaqoji texnukumu qurtarmıışdım... Müharibə başlayanda diplom aldım. Bizə təyinat vermədilər, axı müharibəydi! Göndərdilər evə. Evə gələndən bir neçə gün sonra hərbi komissarlığa çağırdılar. Anam buraxmadı, əlbəttə, çox cavan idim. On səkkiz yaşım təzəcə tamam olmuşdu. Anam dedi:

-Səni qardaşının yanına göndərəcəm, deyərəm, evdə yoxsan...

-Axı mən komsomolçuyam, ana!- dedim.

Hərbi komissarlıqda bizə dedilər: cəbhəyə çörək bişirən qadınlar lazımdı!

Bu, çox ağır işdir. Bizim səkkiz dəmir peçimiz vardı. Dağıdılmış qəsəbəyə, ya da şəhərə gəlirik, peçləri quraşdırırıq. Peçləri qalamaq üçün odun lazımdı, iyirmi-otuz vedrə su, beş kisə də un. On səkkiz yaşlı qızlar... Biz bu un kisələrini daşıyırıq, hər kisədə isə yetmiş kiloqram un var. İkimiz birlikdə yapışırıq və gətiririk. Yaxud xərəyə qırx buxanka çörək qoyub aparırıq. Məsələn, mən qaldıra bilmirdim. Gecə-gündüz peçin yanında... Bəziləri təknələrdə xəmir yoğururdu, yenə xəmir yoğurmaq lazımdı axı... Bombalayırlar, biz isə çörək bişirməkdə davam edirik..." Mariya Semyonovna Kulakova, sıravi, çörək bişirən

"Mən isə müharibədə düz dörd il maşın sürdüm...İşarələrə görə maşın sürürdüm: "Şukinin təsərrüfatı", "Kojuranın təsərrüfatı"... Bazadan tütün, papiros, silisium... hər şey götürürdük. Döyüşçülərimizə lazım olan hər şey... və yola düzəlirdik. Bəzən maşınla, bəzən isə arabayla... çox vaxt da bir və iki əsgərin müşaiyəti ilə piyada. Belimizdə daşıyırıq. Səngərlərə arabayla getmək olmaz, almanlar təkərlərin cırıltısını eşidə bilərdi. Ona görə də belimizdə daşıyırdıq. Belimizdə, mənim əzizim..." Yelena Nikiforovna İyevskaya, sıravi, təchizatçı

"Müharibə başlayanda mənim on doqquz yaşım vardı... Mən Vladimirsk vilayətinin Murome şəhərində yaşayırdım. Qırx birinci ilin oktyabrında bizi, komsomolçuları apardılar Murom-Qorki-Kulebaki avtomobil yolunun tikintisinə. Biz ordan qayıdanda bizi cəbhəyə səfərbər etdilər.

Məni Qorkiyə, poçt işçiləri kursuna göndərdilər. Kursu bitirəndən sonra döyüşən orduya- altmışıncı atıcı diviziyasına düşdüm. Polk poçtunda zabit idim. Adamların necə ağladıqlarını öz gözlərimlə görmüşəm - məktubları öpürdülər, cəbhədə açıb oxuyurdular, ağlayırdılar. Əksəriyyətinin valideynləri həlak olmuşdu, ya da düşmənin işğal etdiyi ərazilərdə yaşayırdı. Onlara yaza bilmirdilər. O zaman biz yazırdıq, Naməlum qız adından: "Əziz əsgər, bu məktubu sənə Naməlum qız yazır. Sən düşməni necə vurub məhv edirsən? Evə nə vaxt Qələbəylə dönəcəksən?". Gecələr oturub mətn düşünərdik... Müharibə ərzində mən yüzlərlə belə məktub yazmışam..." Mariya Alekseyevna Remnyova, kiçik leytenant, poçt işçisi

Xüsusi "K" sabunu və qauptvaxt barədə

"Mayın 1-də mən ərə getdim...İyunun 22-də isə müharibə başladı. İlk alman təyyarələri başımızın üstündən uçmağa başladı. Mən o zaman Kiyevə, uşaq evinə gətirilmiş ispan uşaqlarına baxırdım. Otuz yeddinci il İspaniyada Vətəndaş müharibəsini nəzərdə tuturam... Biz bilmirdik nə edək, ispan uşaqları isə başladılar həyətdə səngər qazmağa. Onlar artıq hər şeyi bilirdilər... Uşaqları arxa cəbhəyə göndərdilər, mən isə Penza vilayətinə getdim. Mənə belə bir tapşırıq verdilər: tibb bacıları üçün kurs təşkil etmək! Qırx birinci ilin sonunda mən özüm bu kurslarda imtahan götürdüm, çünki bütün həkimlər cəbhəyə getmişdi. Sənədləri təqdim elədim, özüm də cəbhəyə getmək üçün müraciət elədim. Məni Stalinqrad ətrafına göndərdilər, ordunun səhra hospitalına. Qızların arasında yaşca ən böyüyü mən idim. Mənim rəfiqəm Sonya Udruqovanın - mən indi də onunla dostluq edirəm- o zaman on altı yaşı vardı. O, yalnız doqquzuncu sinfi bitirmişdi və bir də tibb kursunu. Üç gün idi ki, cəbhəyə gəlmişdik, gördüm Sonya meşədə oturub ağlayır. Yaxına gəldim, soruşdum:

-Soneçka, niyə ağlayırsan axı?

-Niyə başa düşmürsən? Mən artıq üç gündü ki, anamı görmürəm.

Bu əhvalatı onun yadına salanda Sonya gülməkdən uğunur.

Kursk qövsündə məni hospitaldan göndərdilər səhra camaşırxana dəstəsinin siyasi işlər üzrə rəis müavini. Paltaryuyanlar könüllü qızlardan ibarət idi. Birdən elə olurdu ki, biz at arabaları ilə gedirdik: ləyənlər, təknələr taqqıldayır, samovarlar qaynayır, üstündə isə qızlar oturub, qırmızı, yaşıl, göy, boz yubkalı qızlar. Hamı bizə baxıb gülür:

-Ora baxın, paltaryuyan ordu gəlib çıxdı!

Mənə isə "paltaryuyan komissar" deyirdilər. Sonralar mənim qızlarım da əyin-başlarını dəyişdilər, necə deyərlər, ağıllı-başlı paltarlar geyinməyə başladılar.

İş çox ağır idi. Paltaryuyan maşın yox idi, onu heç yada salan da yox idi. Əllə yuyurduq... Qadın əlləriylə... Biz gəlirdik, bizə bir koma, ya da dəyə verirdilər. Biz orda alt-paltarları, köynəklər, gimnastyorkalar yuyurduq, qurulamaqdan əvvəl onu xüsusi "K" sabunu ilə isladırdıq, bu, ondan ötrüydü ki, bit basmasın. Dust da var idi, toz halında dezinfeksiya maddəsiydi, amma kömək eləmirdi, buna görə də "K" sabunundan istifadə edirdik. Bu sabun çox pis qoxu verirdi, dəhşətli qoxuydu. Həmin yerdə ki, biz paltar yuyub qurudurduq, orda da yatırdıq. Bizə iyirmi-iyirmi beş qram sabun verirdilər, bir əsgərin paltarını yumaq üçün. Əsgərin paltarı isə qapqara olub, torpaq rənginə dönüb. Bizim qızların əksəriyyəti bu ağır əməkdən xəstəliyə tutuldu- bəzilərinin yırtıqları, qrıjaları əmələ gəldi, bəzilərinin əlləri "K" sabunundan ekzema oldu, dırnaqları qopub düşdü. Fikirləşirdik ki, dırnaqlarımız bir daha çıxmayacaq. Hər halda, iki gün istirahət edirdik, amma yenə də başlayırdıq paltar yumağa...

Qızlar mənim sözümə baxırdılar...

Bir dəfə təyyarəçilərin olduğu yerə gəldik. Bütöv bir hissə idi. Təsəvvür edirsinizmi, bizi görən kimi... biz isə çirkli, yamaqlı, cırıq paltarlarda... bu oğlanlar isə saymazyana deyirdilər:

-Paltaryuyanlara bax da... Gözlərimiz aydın...

Mənim qızlarım az qala ağlasınlar, deyirlər:

-Rəis, görürsən, baxın görün bizə nə deyirlər...

-Darıxmayın, qızlar, biz onlara göstərərik...

Və biz öz aramızda sözləşirik. Axşam mənim qızlarım nə yaxşı şeyləri varsa, geyinib çıxırlar çəmənliyə. Qızlarımızdan biri qarmoşkada çalır. Onlar isə oynayırlar. Sözü bir yerə qoymuşduq: heç bir təyyarəçiylə rəqs oynamayaq!

Təyyarəçilər yaxınlaşırlar. Qızlarımız isə heç biriylə oynamır. Bütün gecəni təyyarəçilər bir-biriylə oynadılar. Nəhayət, yalvarmağa başladılar:

-Bir axmaq sizə söz dedi, siz isə hamıdan incimisiz...

Ümumiyyətlə, könüllüləri qaupvaxta salmağa icazə yox idi. Lakin yüz qız bir yerdə olanda nə edəsən axı? Bizdə saat on bir oldu, yatmaq vaxtıydı. Qızlar çalışırdılar ki, aradan çıxsınlar. Qızlardı da...Mən onları qaupvaxta salırdım. Bir dəfə qonşu hissədən komandirlər gəldi, mənim iki qızım isə qaupvaxtda idi.

-Necə? Könüllüləri qauptvaxta salarlar?- deyə məndən soruşurlar.

Mən də sakitcə cavab verirəm:

-Yoldaş polkovnik, rəhbərliyə yazın. Sizin öz işinizdi. Lakin mən intizam uğrunda mübarizə aparmalıyam. Və məndə nümunəvi qayda var.

Onlar beləcə çıxıb getdilər.

Möhkəm intizam vardı. Bir dəfə bir kapitana rast gəldim, mənim evimin yanından keçirdi; mən də çıxırdım ki, onu gördüm. O dayandı və dedi:

-İlahi! Siz burdan çıxdınız? Bilirsiz burda kim yaşayır?

-Bilirəm.

-Axı burda siyasi işlər üzrə rəis müavini yaşayır. Bilirsiz necə zalım qadındır?

Deyirəm ki, heç eşitməmişəm.

-İlahi! O qadın heç vaxt gülmür! Həmişə sərt, əsəbi olur!

-Siz onunla tanış olmaq istəyərdinizmi?

-Aman Allah! Yox!

Və bu vaxt mən etiraf edirəm:

-Gəlin tanış olaq! Siyasi işlər üzrə rəis müavini mənəm!

-Yox, ola bilməz! Axı onun haqqında mənə demişdilər ki...

Mən öz qızlarımı qoruyurdum. Bizim Valya adında bir gözəl qızımız vardı. Necə oldusa, məni on günlük qərargaha çağırdılar. Gələndə mənə dedilər ki, bütün bu günlər ərzində Valya məntəqəyə gec gəlib. O, hansısa bir kapitanla gəzir. Gəzib, ya gəzməyib, artıq keçmişdə qalmışdı. İki ay keçdi və mən öyrəndim ki, Valya hamilədir. Onu yanıma çağırdım.

- Valya, bu necə ola bilər axı? İndi sən hara gedəcəksən? Sənin analığın (onun anası yox idi, analığı vardı) dəyədə yaşayır.

O isə ağlayır, deyir:

-Siz günahkarsız. Əgər getməsəydiniz, bu hadisə də olmazdı.

Onlar mənimlə öz anaları kimi danışırdılar, böyük bacı kimi.

Valyanın paltosu çox nazik idi, hava isə artıq soyumuşdu, mən ona öz şinelimi verdim. Mənim Valyam çıxıb getdi...

Qırx beşinci ilin səkkiz martı idi. Biz özümüz üçün balaca bir bayram şənliyi düzəltmişdik. Hardansa konfet tapmışdıq. Mənim qızlarım küçəyə çıxırlar və görürlər ki, iki alman əsgəri meşədən gəlir. Avtomatlarını da sürüyə-sürüyə gəlirlər. Yaralıdırlar... Mənim qızlarım onları dövrəyə alırlar. Və mən də siyasi rəhbər kimi raport yazıram ki, bu gün səkkizi martda mənim paltaryuyan qızlarım iki alman əsgərini əsir götürüblər.

Ertəsi gün komandirlərin yığıncağı oldu, siyasi işlər idarəsinin rəisi ilk növbədə bunu dedi:

-Hə, yoldaşlar, sizi sevindirmək istəyirəm: tezliklə müharibə qurtaracaq. Dünən iyirmi birinci səhra camaşır dəstəsinin paltaryuyan qızları iki alman əsir götürüblər.

Hamı alqışladı.

Müharibə gedəndə bizi təltif etmədilər. Müharibə qurtarandan sonra isə mənə dedilər:

-İki nəfəri təltif edin.

Mən təəccüb elədim. Söz alıb çıxış etdim, dedim ki, mən paltaryuyan dəstənin siyasi işlər üzrə rəis müaviniyəm və paltaryumanın da necə ağır bir zəhmət olduğunu bilirəm, qızlarımızdan çoxu qrıja olub, əlləri suluq bağlayıb, xəstəlik tapıblar, qızlar isə hamısı cavandı, maşın kimi işləyiblər. Məndən soruşurlar:

-Sabaha qədər təltif üçün təqdimat materialı hazırlaya bilərsiz? Biz yenə təltif edəcəyik...

Biz də bütün gecəni dəstə komandiri ilə birlikdə oturub siyahı tərtib elədik. Qızların bir çoxu "İgidliyə görə" və "Döyüş xidmətlərinə görə" medallarıyla, bir nəfər isə "Qırmızı Ulduz" Ordeni ilə təltif olundu. Ən yaxşı paltaryuyan qadınımız təknədən bir addım da aralanmadı, gecə-gendüz paltar yudu. Elə olurdu ki, heç kim işləyə bilmirdi, taqətləri olmurdu, yıxılırdılar. Lakin o qadın isə işləyirdi, dayanmadan. Yaşlı qadın idi, onun bütün ailə üzvləri həlak olmuşdu.

Qızları evlərinə yola salanda istədim onlara nəsə verəm. Hamısı Belarusdan və Ukraynadan idi, oralar isə büsbütün dağıdılmışdı. Onları boş əllə necə buraxasan? Biz isə bir alman kəndində durmuşduq, orda tikiş sexi vardı. Mən getdim ora baxmağa. Xoşbəxtlikdən tikiş maşınları salamat durmuşdu. Və beləliklə evə yola salınan hər bir qıza biz bir hədiyyə gətirdik: mən elə sevinirdim, elə xöşbəxt idim ki! Öz qızlarım üçün bundan başqa heç nə edə bilmədim. Vəssalam.

Hamı evə getmək istəyirdi, amma qorxurdu. Heç birimiz bilmirdik ki, bizi evdə nələr gözləyir..." Valentina Kuzminiçna Bratçikova-Borşevskaya, leytenant, səhra paltaryuyan dəstəsinin siyasi işlər üzrə rəis müavini

"Mənim atam... Mənim sevimli atam kommunist idi, müqəddəs adam idi. Mən həyatda ondan yaxşısına rast gəlməmişəm. Atam məni tərbiyə edib deyirdi:

-Sovet hökuməti olmasaydı mən kim olardım? Yoxsulun biri. Bir qolçomağın əlinin altında muzdurluq edərdim. Sovet hökuməti mənə hər şey verdi, mən təhsil aldım. Mühəndis oldum, indi körpülər tikirəm. Bütün bunlara görə mən bizim doğma hökumətimizə borcluyam.

Mən də Sovet hökumətini sevirdim. Stalini sevirdim. Bizim bütün rəhbərləri sevirdim. Atam məni belə öyrətmişdi.

Müharibə gedirdi. Mən artıq böyümüşdüm. Axşamlar atamla birlikdə "Beynəlmiləl" və "Müqəddəs müharibə" mahnılarını oxuyurduq. Atam akkardionda çalırdı. Mənim on səkkiz yaşım olanda o, mənimlə bahəm hərbi komissarlığa getdi...

Ordudan evə məktub yazırdım ki, körpülər tikirəm və onları mühafizə edirəm. Bizim ailəmiz üçün bu, böyük bir sevinc idi. Atam bizim hamımızı körpüləri sevməyə alışdırmışdı, biz körpüləri uşaqlıqdan sevirdik. Mən dağıdılmış körpü görəndə - onu bombalamış və partlatmışdılar- ilk növbədə elə bilirdim ki, o, bir canlı varlıqdır, strateji obyekt deyil. Mən ağlayırdım...Mən yollarda yüzlərlə dağıdılmış körpü görürdüm, kiçik və böyük körpülər, müharibədə birinci növbədə onları dağıtmışdılar. Hədəf nömrə bir körpü olur. Biz dağılmış xarabalıqların yanından ötəndə mən həmişə düşünürdüm: görəsən bütün bunların yenidən qurulması üçün neçə illər lazım olacaq? Müharibə vaxtı öldürür, müharibə insanın qiymətli vaxtını məhv edir. Yaxşı yadımdaydı ki, atam bir körpünü bir neçə ilə tikərdi. Gecələr layihə sənədləri ilə əlləşər, cizgilər çəkərdi, hətta bazar günləri də onların üzərində baş sındırardı. Müharibədə ən çox heyfsləndiyim şey vaxt idi... Atamın vaxtı...

Atam çoxdandı həyatda yoxdu, lakin mən yenə onu sevirəm. Mənə deyəndə ki, atam kimi adamlar axmaq və kor olublar, Stalinə inanıblar, Stalindən qorxublar, Lenin ideyalarına inanıblar- inanmıram onlara! Mənə inanın - onlar yaxşı və təmiz adamlar idi, onlar Leninə və Stalinə yox, kommunist ideyasına inanırdılar! İnsan üzlü sosializmə inanırdılar! Hamı üçün xoşbəxtlik ideyasına inanırdılar! Hər kəs üçün! Xəyalpərvər, idealist adamlar idi- bəli! Amma kor adamlar deyildilər! Heç vaxt bu sözlərlə razılaşmaram! Heç vaxt! Müharibənin ortalarında bizdə əla tanklar və təyyarələr istehsal edildi, yaxşı silahlar gəldi, lakin buna baxmayaraq, bizdə inam olmasaydı dəhşətli düşmən olan Hitler ordusuna, bütün Avropanı ayaqlar altına almış intizamlı, güclü, yaxşı silahlanmış orduya qalib gələ bilməzdik. Onun belini sındıra bilməzdik! Bizim əsas silahımız İnam idi, qorxu deyildi, sizə vicdanlı partiyaçı sözü deyirəm (mən müharibədə partiya sıralarına keçdim və indiyə kimi də kommunistəm!). Mən öz partiya biletimdən utanmıram və ondan da imitina etməmişəm... Halbuki bir çoxları ondan imtina etdilər... lakin onlardan bəziləri də mənim dostlarımdır. Lakin mənim inamım o vaxtdan bəri bir azca dəyişib. Qırx birdən bəri..." Tamara Lukyanovna Torop, sıravi, mühəndis-inşaatçı

"Voronej ətrafında alman qoşunlarını durdurduq... Onlar uzun müddət şəhəri ala bilmədilər. Bomabalayırdılar, hey bombalayırdılar...Təyyarələr bizim Moskovka kəndinin üstündən uçurdu. Mən hələ düşməni görməmişdim, onun yalnız təyyarəsini görmüşdüm. Lakin tezliklə müharibənin nə demək olduğunu bildim...

Bizim hospitala xəbər verdilər ki, Voronejin lap yaxınlığında bizim qatarlardan birini bombardman ediblər. Həmin yerə gəldik və gördük ki...Nə gördük? Qiymələnmiş ət parçaları...Deyə bilmirəm....Oyyyy.... Oyyyy.... Oyyyy! İlk növbədə bizim professorun səsini eşitdim, o qışqırdı:

-Xərək gətirin!

Mən hamıdan yaşca kiçik idim, on altı yaşım təzəcə tamam olmuşdu, hamı mənə baxırdı ki, ürəyim getməsin, yıxılmayım. Biz relslərin üstüylə gedirdik, vaqonlara girirdik. Xərəklərə qoymağa salamat adam tapa bilmirdik, vaqonlar yanırdı, nə inilti, nə də bir qışqırtı eşidirdik. Salamat adam qalmamışdı. Mən ürəyimi tutmuşdum, qorxudam gözlərim yumulmuşdu. Biz hospitala qayıdandan sonra hərə bir yana sərələndi: kimi başını stola söykəmişdi, kimi stullara, beləcə yuxuya getmişdilər.

Mən növbəmi çəkib qurtarandan sonra evə getdim. Ağlamaqdan gözlərim qızarmışdı, çarpayıda uzandım və təzəcə gözlərimi yummaq istəyirəm ki, yenə o səhnələri görməyə başladım... Anam işdən qayıtdı və Mitya əmi də gəldi. Anamın səsini eşidirəm:

-Bilmirəm, Lenanın başına nə gələcək. Bir bax, hospitala gedəndən bəri qızın sir-sifəti gör nə günə düşüb...Heç özünə oxşamır, susur, heç kimlə danışmır, yuxuda qışqırır. Onun təbəssümü hara yox olub axı? Hara gedib onun gülüşləri? Sən axı özün görürdün ki, o, necə şən qız idi. İndi heç zarafat da etmir.

Mən anamın səsini eşidirəm və gözlərimdən yaş axır...

...Qırx üçüncü ildə Voroneji azad etdilər və mən də hərbi mühafizə dəstəsinə getdim. Orda yalnız qızlar xidmət edirdi. Hərəsinin on yeddi-iyirmi yaşı olardı. Cavan, gözəl idilər, bu qədər gözəl qız görməmişdim. İlk tanışlığım Mariya Proxorovayla oldu; o Tanya Fyodorova ilə rəfiqə idi. Onlar bir kənddən idilər. Tanya ciddi qız idi, təmizliyi, səliqə-səhmanı sevirdi, Marusya isə oxumağı, oynamağı xoşlayırdı. Oynaq, şıltaq çastuşkalar oxuyurdu. Daha çox sürmələnməyi sevirdi, güzgü qabağında oturub saatlarla dodaqlarını boyayardı. Tanya ona acıqlanardı:

-Bəsdi boyadın özünü, formanı ütülə, çarpayını səliqəyə sal.

Bizdə Paşa Litavrina adlı qız da vardı, çox fədakar qız idi. O da Şura Batişeva ilə dostluq edirdi, Şura utancaq idi, sadəydi və bizim hamımızdan sakit idi. Lyusya Lixaçova isə tellərini burmağı xoşlayardı, saçlarını ki yığıb sarıdı, dərhal gitaranı götürərdi, başlayardı çalmağa. O gitarayla yatırdı, gitarayla da dururdu. Bizdə yaşca ən böyük Polina Neverova idi, onun əri cəbhədə həlak olmuşdu, o, həmişə qəmli gəzərdi.

Hamımız hərbi geyimdə gəzirdik. Anam məni birinci dəfə hərbi geyimdə görəndə rəngi ağardı, dedi:

-Sən orduya getmisən?

Mən onu sakitləşdirdim.

-Yox, anacan, axı mən sənə demişdim-körpüləri qoruyuram.

Anam ağladı:

-Müharibə tezliklə qurtaracaq. Və sən də bu şineli əynindən çıxararsan!

Mən də elə düşünürdüm.

Müharibənin qurtarması xəbərini eşidəndən iki gün sonra bizim qırmızı guşədə yığıncaq oldu. Mühafizə rəisi yoldaş Naumov çıxış elədi, dedi:

-Mənim əziz döyüşçülərim, müharibə qurtardı. Lakin dünən mən əmr almışam: Qərb tərəfdəki yola hərbi mühafizə döyüşçüləri lazımdı.

Zaldan kimsə qışqırdı:

- Axı orda benderlər var?!

Naumov susdu və sonra davam elədi:

-Bəli, qızlar, orda benderlər var! Onlar Qızıl Orduyla vuruşurlar. Lakin əmr əmrdir, onu yalnız icra edirlər. Kim getmək istəyirsə, xahiş edirəm qarovul rəisinin adına ərizə yazsın. Könüllülər gedəcək!

Biz kazarmaya qayıtdıq və hərə öz koykasına uzandı. Sükut yarandı. Heç kim öz doğma yurdundan uzaqlara getmək istəmirdi. Və heç kim müharibədən sonra ölmək istəmirdi. Ertəsi gün bizi yenə yığdılar. Mən rəyasət heyətində oturmuşdum, stolun üstünə qırmızı parça örtmüşdülər. Və düşünürdüm ki, mənim burda oturmağım sonuncu dəfədir.

Mühafizə rəisi nitq söylədi:

-Babina, mən bilirdim ki, sən birinci gedəcəksən. Və qızlar, sizin hamınıza əhsən deyirəm. Qorxmadınız. Müharibə qurtarıb, evə getmək olar... amma siz öz Vətəninizi qorumağa gedirsiz.

İki gündən sonra biz getdik. Bizə yük vaqonu verdilər, vaqonların döşəməsində küləş vardı, ot qoxusu gəlirdi.

Strıy adlı şəhərin olduğunu əvvəllər heç eşiməmişdim. İndi bu şəhər bizim xidmət elədiyimiz yer idi. Şəhər xoşuma gəlmədi, kiçik idi, qorxuluydu, hər gün dəfn musiqisi eşidirdin, kimisə basdırırdılar: ölən ya milis, ya kommunist, ya da komsomolçu olurdu. Yenə ölüm görməyə başladıq. Qalya Korobkinayla dostlaşmışdıq. Qalya orda həlak oldu. Bir qızla da tanış olmuşdum...Onu da gecə doğradılar....Və mən orda zarafat etməyi və gülməyi birdəfəlik unutdum..." Yelena İvanovna Babina, hərbi mühafizə dəstəsinin döyüşçüsü

Ərimiş podşipnik (maşın hissəsi - tərc.) və rus söyüşü haqqında

"Mən büsbütün atama çəkmişəm... Mən onun qızıyam...

Mənim atam Miron Lenkov savadsız bir oğlan olub və Vətəndaş müharibəsində vzvod komandirliyinə qədər yol keçmişdi. Əsl kommunist idi. O, vəfat edəndən sonra biz anamla Leninqradda qaldıq. Məndə nə qədər yaxşı cəhətlər varsa, bu şəhərə borcluyam. Mənim kitab oxumağa həvəsim vardı. Lidiya Çarskayanın romanlarını oxuyanda hönkür-hönkür ağlayırdım, Turgenevin romanlarını çox sevirdim. Poeziyanı xoşlayırdım...

Qırx birinci ilin yayı...İyun ayının sonunda biz nənmgilə, Dona gəldik. Müharibə bizi yolda yaxaladı. Çöllükdə dərhal atlılara, süvari dəstələrə rast gəldik, çaparlar əllərində hərbi komissarlıqların çağırış vərəqələrini tutmuşdular, paylayırdılar. Kazak qadınları kazakları müharibəyə yola salarkən oxuyur, içir və ağlayırdılar. Mən Bokov stanitsasının hərbi komissarlığına gəldim. Mənə qısa və sərt cavab verdilər:

-Uşaqları cəbhəyə aparmırıq! Komsomolçusan? Çox gözəl. Kolxoza kömək elə.

Kürəklə qızmar günəş altında taxıl yığırdıq. Sonra tərəvəz yığırdıq. Mənim barmaqlarımdakı suluqlar artıq bərkimişdi, dodaqlarım paralanmışdı, sir-sifətim istidən yanmışdı. Məni kənd qızlarından fərqləndirən bircə şey vardısa o da çoxlu şeir əzbərdən bilməyim idi; əkin sahələrindən evə qayıdarkən uzun yol boyu əzbərdən şeirlər söyləyirdim.

Müharibə isə getdikcə yaxınlaşırdı. Oktyabrın 17-də faşistlər Taqanroqu işğal elədilər. Adamlar təxliyyə olundu. Nənəm evdə qaldı və məni bacımla birlikdə yola salanda dedi:

-Siz cavansınız, özünüzü qoruyun!

Oblivskaya stansiyasına qədər yolu beş günə qət etdik. Səndəllərimizi çıxarıb tullamalı olduq, yırtılmışdılar. Stanitsaya ayaqyalın gəlib çatdıq. Stansiyanın rəisi hamıya xəbərdarlıq etdi:

-Üstüörtülü vaqonlar gözləməyin, açıq vaqonlara oturun. İndi parovozu verəcəyik, sizi Stalinqrada göndərəcəyik.

Bizim bəxtimiz gətirdi, yulaf dolu açıq vaqonlara yerləşdik. Yalın ayaqlarımızı taxılın içinə soxduq, dəsmallarla üstümüzü örtdük...Bir-birimizə sıxılıb yuxuya getməyə çalışdıq. Çörəyimiz çoxdan qurtarmışdı, bal da həmçinin yox idi. Son günlər bizi kazak arvadları yedizdirirdilər. Biz əl uzatmağa utanırdıq, pulumuz yox idi, onlar isə bizi dilə tutur, deyirdilər:

-Yeyin, balalar, yeyin. İndi hamıya ağırdı.Gərək bir-birimizə kömək edək.

Mən özümə söz verdim ki, o adamların yaxşılığını heç vaxt unutmayım. Heç vaxt! Heç bir halda! Və unutmamışam da!

Stalinqradddan gəmiylə, sonra yenə qatarla Medvediçka stansiyasına gecə saat ikidə gəlib çatdıq. İzdihamın dalğası bizi vaqondan perrona atdı. Biz iki bacı sırsıraya dönmüşdük, hərəkət edə bilmirdik, gah dayanır, gah da bir-birimizdən tuturduq ki, yıxılmayaq. Qırıntı kimi səpələnib əzilməyək; bir dəfə mənim gözümün qarşısında qurbağanı maye oksigenin içindən çıxarıb atmışdılar döşəməyə, o da xurd-xəşil olub yapışmışdı döşəməyə. Xoşbəxtlikdən bizimlə birlikdə gələn adamların yadına düşdük. Adamla dolu araba gəldi və bizi də arabanın arxasına bağladılar. Sırıqlı gödəkçə geyindirdilər bizə və dedilər:

-Gəlin, yoxsa şaxtadan donarsınız. Qızınmasanız, sizi aparmaq olmaz.

Biz əvvəlcə yıxılırdıq, sonra gedirdik, daha sonra isə qaçmağa başladıq. Beləcə arabanın dalınca on altı kilometr qaçdıq...

Frank kəndi... 1 May kolxozu. Kolxoz sədri mənim Leninqraddan olmağıma və doqquz sinif qurtarmağıma çox sevindi. Dedi:

-Çox yaxşı oldu. Burda mənə kömək edərsən. Mühasib kimi...

Mən bir anlıq sevindim. Lakin birdən direktorun başı üstündən asılmış plakatı gördüm: "Qızlar, sükan arxasına!"

-Kontorda oturmayacağam,- sədrə dedim,- əgər öyrətsələr, traktor sürə bilərəm.

Traktorlar işləmirdi, onların üstünü qar basmışdı. Biz onları qardan təmizlədik, qaydaya saldıq, əllərimizi isti metala vurub yandırdıq, pas atmış, möhkəm bağlanmış boltlar sən demə qaynaq edilibmiş. O boltları saat əqrəbinin əks istiqamətinə burmaq mümkün deyildi, qızdırdıq, başladıq o biri istiqamətə burmağa. Elə bu anda... Elə bil briqadir İvan İvanoviç Nikitin torpağın altından çıxdı. O, yeganə traktorçu idi və bizim də himayəçimiz idi. O başını ikiəlli tutdu və rus söyüşləri yağdırmağa başladı. Ay... səni! Sənin ananı.... Onun söyüşləri hayqırtıyla çıxırdı!... Bir dəfə mən hətta ağlamışdım da...

Əkin sahəsinə dala verməklə çıxdım: mənim ST3 traktorumun sürət qutusunda çarxların əksəriyyəti dişsiz idi. Onlar sadəcə hesablamışdılar ki, iyirmi kilometr qət edəndən sonra hansısa traktor xarab olacaq, o zaman ondan sürət qutusunu çıxarıb mənimkinə qoyacaqlar.Belə də oldu. Mənim kimi traktorçu olan Saroçka Qozenbuk, radiatordan su süzüldüyünü görməmişdi və matoru tökmüşdü. Ay... sənin! Sənin ananı...

Mən müharibədən qabaq heç velosiped sürə bilmirdim, amma burda traktor sürürəm! Matoru qızdırdılar, bütün qaydalara rəğmən- açıq alovla qızdırdılar. O zaman bildim ki, çəkib bərkitmə nədir. Və bu prosedurdan sonra traktoru necə işə salmaq olar. Döndərə bilməzsən, yarıdönmüş vəziyyətdə də işə sala bilməzsən...Sürtkü materialları və yanacaq hərbi vəziyyətə uyğun normada verilir. Hər damlasına görə başınla cavab verməlisən. Eləcə də ərimiş podşipnikə görə...Ay səni! Sənin ananı... Hər damcıya görə...

Həmin gün...Sahəyə çıxmamışdan əvvəl mən karterin kranını açdım, traktorun yağını yoxlamaq istəyirdim. Nəsə bir zərdab gəlməyə başladı. Briqadiri haylayıram, deyirəm ki, təzə yağ tökmək lazımdır, o da yaxınlaşdı, damçını əlinə sürtüb sildi, nəyə görəsə iylədi və dedi:

-Qorxma! Hələ bir gün də işləmək olar!

Mənsə mübahisə edirəm:

-Olmaz! Özünüz demişdiniz axı!

Traktoru işə salan kimi dərhal tırtıldadı.

-Elə başına girəni deyirsən! Yığmısız məni boğaza! Şəhər kuklaları! Savadlı çıxıblar mənimçün! Axxxxx... səni! Lap sənin ananı...Sür görüm... Sənə belə lazımdı...

Sürdüm. İstidir. Traktordan tüstü çıxır. Nəfəs almaq belə olmur. Lakin bütün bunlar boş şeydi... Podşipniklər görən necədi? Mənə elə gəlir ki, şaqqıldayırlar. Saxlayıram traktoru. Səs kəsilir elə bil. Yenə güc verirəm traktora, hərəkət edən kimi səs gəlir, şaqqıldayır! Və birdən oturacağımın altından taqqıltı gəlir- tuk-tuk-tuk!

Motoru söndürüb lyuka baxıram-iki sürgü podşipniki tamam əriyib! Yerə düşüb çarxları qucaqladım, müharibə ərzində ikinci dəfəydi möhkəm ağlamağa başladım. Özüm günahkaram: axı gördüm yağ necədi? Söyüşdən qorxdum! Ona gərək söyüşlə də cavab verəydim! Yandırıb tökəydim onu! Yox, bir, çürümüş ziyalı!

Dönüb səs gələn tərəfə boylandım. Vəssalam, iş bitdi! Kolxoz sədri gəlir, direktor MTS-də onun yanında, siyasi işlər üzrə rəis və əlbəttə, bizim briqadir! Elə ondan oldu!

O isə durub hərəkət edə bilmir. Hər şeyi anlayıb. Susur. Axxxx! Səni....Sənin ananı...

MTS direktoru da hər şeyi başa düşdü, dedi:

-Neçəsi dağılıb?

-İkisi...- cavab verdim.

Müharibə zamanının qanununa görə - bu iş məhkəməlikdir! Maddə: səhlənkarlıq və ziyankarlıq!

Siyasi rəhbər briqadirə çönüb deyir:

-Niyə öz qızlarını qorumursan? Mən bu uşağı necə məhkəməyə verə bilərəm?

Nəsə, bu da ötüşdü. Elə danışıqla. Lakin briqadir mənim yanımda daha söyüş söymədi. Mən isə söyüş söyməyi öyrəndim... Axxx... səni! Ananı...Beləcə...

Sonra xoşbəxtlik baş verdi: anam tapıldı. Anam gəlib çıxdı və biz yenə ailəlikcə bir yerdə olduq. Anam qəflətən dedi:

-Məncə, sən məktəbə getməlisən.

Dərhal başa düşmədim.

-Hara?

-Sənin əvəzinə onuncu sinfi kim bitirəcək?

Bütün bu yaşantılardan sonra yenidən parta arxasında oturmaq adama qəribə gəlirdi; misal həll eləmək, inşa yazmaq, almanları əzmək əvəzinə onların fellərini əzbərləmək...qəribəydi! Özü də bu, o zaman idi ki, artıq almanlar Volqaya çıxmışdılar!

Mənə bir qədər də gözləmək lazım idi; dörd aydan sonra on yeddi yaşım tamam olacaqdı. On səkkiz yox, heç olmasa on yeddi olsun! Və onda heç kim məni evə qaytara bilməz! Heç kim! Raykomda hər şey yaxşı oldu, hərbi komissarlıqda isə mübarizə aparmalı oldum! Yaşıma görə, görmə qabiliyyətimə görə! Lakin yaşım görmə qabiliyyətimi unutdurdu! Yaş barədə söhbət gedəndə mən hərbi kamissara "bürokrat" dedim... Və aclıq elan elədim... Onun yanında oturdum və iki gün yerimdən tərpənmədim, onun təklif elədiyi çörək parçasını da geri itələdim, isti çayı da...Ona hədə-qorxu gəldim ki, acından öləcəyəm, amma əvvəlcə məktub yazıb qoyacağam ki, mənim ölümümdə kimdir günahkar...Deyə bilmərəm o, qorxdu və inandı sözlərimə, amma hər halda, məni tibbi komissiyaya göndərdi. Bunlar hamısı bir otaqda baş verirdi. Və həkim mənim görmə qabiliyyətimi yoxlayanda əllərini yellətdi və komissar da bərkdən güldü, dedi ki, nahaq yerə aclıq elədin. Mənə yazığı gəldi. Lakin cavab verdim ki, mən elə aclıq etdiyimə görə heç nə görmürəm. Pəncərəyə yaxınlaşdım, şoğərib cədvələ sarı və başladım hönkür-hönkür ağlamağa...O qədər ağladım ki... Çox ağladım...Və həmin cədvəlin aşağısındakı sətirləri də əzbərlədim... Sonra gözümün yaşını silib dedim ki, yenidən komissiyadan keçməyə hazıram... Və keçdim...

Qırx ikinci ilin noyabr ayının onunda əmrə görə on günlük ehtiyat ərzaq götürərək biz (iyirmi beş nəfər qız) köhnə yük maşınının kuzovuna minib "Əmr verilib!" mahnısındakı "vətəndaş müharibəsinə" sözlərini "Vətənimizi qorumağa" sözləriylə əvəz edərək oxuya-oxuya yola düzəldik. Hərbi and içdiyimiz Kamışindən Volqanın sol sahil boyu düz Kapustin Yaraya gəlib çıxdıq. Orda ehtiyat polku yerləşirdi. Və orda, minlərlə kişi arasında, hətta özümüzü itirdik. Müxtəlif hissələrdən "alıcılar" gəlirdi, ehtiyat əsgərlərdən yığıb aparırdılar. Onlar bizi görməməzliyə vururdular. Hər dəfə də guya bizi görmürdülər...

Yolda mən Annuşka Rakşenko və Asya Basina ilə dostlaşdım. Hər ikisinin heç bir ixtisası yox idi, mən də özümkünü hərbi ixtisas hesab eləmirdim. Buna görə də kimi çağırırdılarsa biz üç nəfər dərhal üç addım irəli çıxırdıq, düşünürdük ki, yerdə hər hansı ixtisasa dərhal yiyələnəcəyik. Lakin bizdən yan keçirdilər.

Lakin bir dəfə əmrə müvafiq olaraq irəli çıxanda cavan baş leytenant imtina edə bilmədi. Çünki o, "alıcı" kimi əmr vermişdi:

-Sürücülər, traktorçular, mexaniklər, üç addım irəli!

Mən üç addım yox, beş addım irəli çıxıb dedim:

-Niyə siz yalnız kişiləri götürürsünüz? Axı mən də traktorçuyam!

O, təəccübləndi, dedi:

-Ola bilməz! De görüm traktorun işləmə qaydası necədi...

-Bir, üç, dörd, iki.

-Bəs podşipnikləri tökmüsənmi?

Mən də etiraf etdim ki, iki podşipniki tökmüşəm...

-Yaxşı. Götürürəm səni. Düzgünlüyünə görə.

Sonra başını yellədib davam elədi işinə.

Mənimlə bahəm rəfiqələrim də durmuşdu. Bərabər durmuşduq. Baş leytenant özünü elə aparırdı ki, guya onları görmür. Elə belə də olmalıdır. Axxx, səni! Sənin ananı...

Hissə komandiri təzə gələnlərlə tanış olandan sonra baş leytenanta belə bir sual verdi:

-Bu qızları niyə gətirmisən?

Leytenant karıxdı və cavab verdi ki, bizə yazığı gəlib, birdən harasa düşərlər, onları toyuq kimi üzərlər...

Komandir köks ötürdü, dedi:

-Yaxşı, birini mətbəxə, o birini anbara, kimin yazı savadı varsa, o da qərargaha gəlsin.

Bir qədər susduqdan sonra əlavə etdi:

-Yazıqdılar... Gözəl qızlardı.

Ən "savadlısı" mən idim, lakin katib işləmək, mirzəlik eləmək? Və bizim gözəlliyimizin buna nə dəxli var axı? Hərbi intizamı unudub birbaşa dik-dik dilləndim:

-Biz könüllü gəlmişik! Biz Vətəni müdafiə eləməyə gəlmişik! Yalnız döyüş hissələrinə gedəcəyik...

Nəyə görəsə polkovnik dərhal təslim oldu, dedi:

-Döyüş hissəsinə? Qoy olsun! İkisini dəzgah başına, bu dillini isə mator yığımı emalatxanasına...

Beləliklə, bizim hərbi xidmətimiz qırx dördüncü zirehli tank səhra emalatxanasında başladı. Biz sanki təkərli zavod idik. Maşınların içində işləyirdik, onları "səyyar emalatxanalar" adlandırırdılar. Maşınlarda dəzgahlar quraşdırılmışdı, frezerçi, yonma, qaynaq, cilalama dəzgahları. Elektrik stansiyası, tökmə və vulkanizasiya dəzgahları. Hər dəzgahda iki adam işləyirdi. Hər biri on iki saat, fasiləsiz olaraq. Nahar, səhər yeməyi, axşam yeməyində ortaq əvəzləyirdi. Kimsə naryada gedirdisə, deməli, onu əvəzləyən adam iyirmi dörd saat işləməliydi. Qarda, palçıqda işləyirdik. Bomba yağışı altında işləyirdik. Və artıq heç kim bizə "gözəl" demirdi. Lakin müharibədə gözəl qızlara heyfi gələnlər çox idi. Bizə daha çox rəhm edirdilər. Doğru deyirəm. Onları dəfn eləməyə adamın ürəyi gəlmirdi. Anaya onun qızının ölüm xəbəri haqqında yazmağa heç kimin ürəyi gəlmirdi... Axxxxx... səni! Sənin belə ananı...

İndi tez-tez yuxu görürəm...Bilirəm ki, yuxu görəcəyəm yenə... lakin onları yadımda saxlaya bilmirəm...Bircə hiss yaşayır içimdə-mən hardasa olmuşam...Və qayıtmışam... Yuxuda gördüklərin bir anlıq olur, həyatda bu gördüklərinə bir ömür də bəs eləməz...Hərdən yuxuyla, reallığı qarışdırıram- hansı yuxudur, hansı həyatdır?.. Məncə, Zimovnikdə idi...gəlmişdim ki, ikicə saat gözümün yuxusunu alam...bombardman başladı. Axxx... səni... Sənin ananı...Qoy öldürsünlər məni...belə gözəl yuxudan ayrılmaq olardı...İki saatlıq yuxu böyük sevinc idi...Hardasa yaxında nəsə qopdu. Ev silkələndi. Mən isə yatırdım...

Qorxu hissi məni tərk etmişdi, bu hiss yox olmuşdu. Söz verirəm. Yalnız ən dəhşətli hava hücumundan sonra dişlərim bir-birinə dəydi, və bu, çox da çəkmədi. Mən indiyə kimi özümü cəsur sayardım... Lakin müharibədən bir neçə il sonra orqanizmim müxtəlif nahiyyələrində anlaşılmaz, dözülməz ağrılar hiss etməyə başladım. Bu ağrılar daim baş verirdi. Mütəxəssislərə müraciət elədim. Ən təcrübəli nevropotoloq məndən soruşanda ki, neçə yaşım var, təəccübləndi:

-Necə? İyirmi dörd yaşında siz bütün vegetativ sinir sistemini dağıtmısız?! Bəs necə yaşayacaqsınız?

Cavab verdim ki, yaxşı yaşamağa hazırlaşıram. Birincisi, mən sağam! Sağ qalmağı elə arzulayırdım ki! Bəli, mən salamat qaldım, lakin müharibə həyatından bir neçə ay keçəndən sonra mənim oynaqlarım şişdi, sağ əlim dəhşətli dərəcədə ağrımağa başladı və işləmədi, görmə qabiliyyətim daha da korlandı, böyrəyim sallandı, ciyərim xarablaşdı və dərhal aydın oldu ki, mənim vegetativ sinir sistemim dağılıb. Lakin mən bütün müharibəni arzulamışdım ki, oxuyacam, təhsil alacağam. Və universitet də mənim üçün ikinci Stalinqrad oldu. Mən onu bir il tez başa vurdum, başqa cür buna gücüm çatmazdı. Dörd il bir şineldə-qış, yaz, payız bir gimnastyorkada... Axxxxx, səni! Sənin ananı..." Antonina Mironovna Lenkova, zirehli tank səhra emalatxanasının avtomobil çilingəri

-

(davamı)

Əsgər olmaq tələb edilirdi...Mənsə daha gözəl olmaq istəyirdim...

Bir neçə il ərzində artıq yüzlərlə hekayət lentə yazılmışdı...Mənim kitab rəflərimdə yüzlərlə kaset var, onlar qruplaşdırılıb; mindən çox redaktə olunmuş çap vərəqi qarşımdadır- kasetlərə qulaq asıram, vərəqləri oxuyuram...

Müharibə dünyası öz gözlənilməz tərəfləriylə qarşımda yenidən açılır. Əvvəllər özüm-özümə bu sualları verməzdim: axı necə ola bilər-məsələn, illərlə səngərlərdə, ya da yalın torpaq üstündə qalanan tonqalın ətrafında yatasan? Necə ola bilər ki, illərlə çəkmədə və şineldə gəzəsən, nəhayət, gülə bilməyəsən, rəqs oynamayasan? Yay paltarları geyməyəsən? Tufli və gülləri yadından çıxarasan?.. Axı onların hərəsinin on səkkiz-iyirmi yaşı olub?!

Adətən belə düşünürəm: qadın həyatında müharibəyə yer yoxdur. Müharibə qadın həyatında ola bilməz, ora girmək qadağandır! Lakin səhv etmişəm...Tezliklə, artıq elə ilk görüşümdə bir şeyi müşahidə elədim: nədən danışırlar-danışsınlar, hətta ölümdən də danışanda qadınlar mütləq gözəllik barədə düşünür, onu xatırlayırlar . Bəli! Gözəllik onların mövcud olmasının ayrılmaz və məhv edilməsi mümkün olmayan tərkib hissəsi olub! "O tabutda uzanmışdı- elə gözəl idi ki! Elə bil gəlin idi..."(A. Stroçeva, piyada), ya da "Məni medalla təltif etməliydilər, mənim gimnastyorkam isə köhnəydi. Mən özümə marlidən yaxalıq tikmişdim. Axı heç olmasa marli ağ idi! Mənə elə gəldi ki, həmin anda mən çox gözəl idim, güzgü isə yox idi, mən özümə baxa bilmirdim. Bizim hər şeyimizi bombardman edib dağıtmışdılar..." (N. Yermakova, rabitəçi).

Onlar öz sadəlövh qız fəndlərindən, xırda sirlərindən, görünməz əlamətlərdən həvəslə və şövqlə danışırdılar; "kişi" məişətindəki müharibədən, "kişi" işlərindəki müharibədən danışırdılar və bütün hallarda çox istəyirdilər ki, özləri olsunlar, qadın olaraq qalsınlar. Öz təbiətlərinə sadiq qalsınlar. Yaddaşları təəccüb doğurur (hər halda, qırx il ötüb müharibədən!), müharibənin çoxsaylı xırda detallarını belə xatırlaya bilirlər. Yadda saxlayıblar. Detalları, çalarları, rəngləri, səsləri. Onların dünyasında məişətlə varlıq birləşib -onlar müharibə haqqında həyatın anı kimi danışırlar. Həyatdakı fəaliyyət kimi yox, mən bunu dəfələrlə müşahidə eləmişəm - onların danışdıqlarında xırda bir detal böyük bir şeyə qalib gəlir, hətta tarixə də...

"Heyf, mən müharibədə gözəl idim...Mənim ən gözəl çağlarım orda keçdi. Yanıb kül oldu. Sonra mən sürətlə qocaldım..." (Anna Qalay, avtomatçı)

Uzun illərdən sonra bir çox hadisələr qəflətən böyüyür, bir çox hadisələr isə xırdalaşır. Böyüyən hadisələr insanidir, intimdir, o hadisələr həm mənə, həm də elə onların özünə də çox maraqlı, cəlbedici görünür, doğma və yaxın görünür. İnsani dəyərlər qeyri-insani dəyərlərə qalib gəlib, yalnız ona görə ki, onlar insanidir. "Sən mənim göz yaşlarımdan qorxma. Mənə yazığın gəlməsin. Qoy mənimçün ağrılı olsun, lakin mən sənə minnətdaram-çünki öz gəncliyimi xatırladım..." (K.S. Tixonoviç, serjant, topçu)

Mən belə bir müharibənin olduğunu bilmirdim. Hətta mən o müharibəni ağlıma da gətirmirdim...

Kişi çəkmələri və qadın şlyapaları

"Biz torpağın içində yaşayırdıq...Köstəbək kimi...Bizdə bir qədər bəzək-düzək şeyləri qalmışdı. Yazda budaqlar qırıb gətirirdik, qoyurduq üstünə. Sevinirdik. Axı sabah sən qəflətən olmaya da bilərdin. Bu barədə öz-özümüzə düşünürdük. Xatırlayırsan... Yadına düşür.... Bizim qızlardan birinə evdən yun paltar göndərmişdilər. Biz ona həsəd aparırdıq, halbuki bizə mülki geyimi icazə vermirdilər. Starşina isə kişiydi, yun paltarı görüb donquldandı:

-Yaxşı olardı ki, sənə mələfə göndərəydilər. Daha faydalı bir şey!

Bizim mələfəmiz və balışımız yox idi. Biz budaqların, küləşin üstündə yatırdıq. Mənim sırğalarım vardı, gizlətmişdim, gecələr onları taxırdım və onlarla yatırdım...

Birinci dəfə kontuziya olanda heç nə eşitmədim və danışa da bilmirdim. Öz-özümə deyirdim: əgər səsim bərpa olunmasa özümü qatarın altına atacağam. Mən elə oxuyurudum ki... birdən səsim tutuldu. Lakin səsim bərpa olundu.

Xoşbəxt idim, sırğa taxırdım. Növbəyə gedirəm, sevincdən qışqırıram:

- Yoldaş baş leytenant, növbətçi filankəs məruzə edir...

-Bu nədir belə?

-Nə?

-Rədd ol burdan!

-Noolub ki?

-Dərhal sırğaları qulaqlarından çıxart! Belə də əsgər olar?

Baş leytenant qəşəng oğlan idi. Bizim bütün qızlar ona bir balaca vurulmuşdu. O bizə deyirdi ki, müharibəyə əsgər lazımdı, yalnız əsgər. Əsgər lazım idi... Mən isə daha gözəl olmaq istəyirdim... Mən qorxurdum ki, ayaqlarım şikəst olar. Mənim gözəl ayaqlarım vardı. Kişiyə nə var ki? Onun üçün o qədər də qorxulu deyil, lap ayaqlarını itirsə belə...Onsuz da qəhrəmandı! Nişanlıdı! Qadın isə şikəst oldu, vəssalam. Taleyi həll olundu! Qadın taleyi..." Mariya Nikolayevna Şelokova, serjant, rabitə bölməsinin komandiri

"Mən bütün müharibəni gülümsəmişəm...Hesab edirdim ki, mən gülümsəməliyəm, tez-tez gülməliyəm, çünki qadın işıq saçmalıdır. Cəbhəyə yola düşməzdən qabaq qoca professor bizə belə öyrətmişdi:

-Siz hər bir yaralıya deməlisiz ki, onu sevirsiz. Ən güclü dərman sevgidir! Sevgi insanı yaşadır, ona güc verir.

Yaralı uzanıb. Çox inildəyir, yarası incidir. Ağlayır, sənsə ona deyirsən:

-Mənim əzizim, mənim sevimlim...

-Sən məni sevirsən, bacı? (Onlar bütün gənc qızlara bacı deyirdilər).

-Əlbəttə, sevirəm. Amma tez sağal!

Onlar inciyirdilər, söyürdülər, biz isə heç vaxt. Bircə kəlmə kobud söz işlətsən, dərhal cəzalanırsan, qaupvaxta gedirsən.

Çox çətin idi... Əlbəttə, ağır idi...Hətta yubkada maşının kuzovuna minmək belə ağır idi- ətrafda o qədər əsgər vardı...Yük maşınları isə hündür idi, xüsusi sanitar maşınlarıydı. Düz kəlləsinə çıx görüm, necə çıxırsan!.." Vera Vladimirovna Şevaldışeva, baş serjant, cərrah

"Bizə vaqon verdilər... Yük vaqonları...On iki qız idik, qalanları kişiydi. On-onbeş kilometr getmişdik ki, qatar dayandı. Yenə on-onbeş kilometr gedirik, yenə qatar dayanır. Nə su var, nə tualet... Başa düşürsüz də?

Dayanacaqda kişilər tonqal qalayırdılar, paltarlarını çıxarıb qurudurdular. Bəs biz harda qurudaq? Hansısa sığınacağa qaçırdıq, orda soyunurduq. Mənim toxunma yun köynəyim vardı, bit basmışdı. Baxanda adamın ürəyi bulanırdı. Başa daraşan bitlər olur, paltara daraşan bitlər olur, dəriyə daraşan bitlər var...Məndə onların hamısı vardı... Mən axı kişilərin yanında soyuna bilməzdim....Paltarlarımı da yandıra bilməzdim... Ayıbdı. Köynəyimi tulladım və bir paltarda qaldım. Hansısa stansiyada bir qadın mənə kofta və köhnə tufli gətirib verdi.

Çox uzun yol getdik qatarla, sonra düşüb piyada getdik. Şaxtaydı. Mən gedirdim və əlimdə də güzgü tutmuşdum, özümə baxırdım: görəsən donmamışam ki? Axşama yaxın görürəm ki, yanaqlarımı don vurub. Gör nə qədər axmaq idim...Eşitmişdim ki, yanaqları don vuranda onlar ağarır... Mənimki isə qıpqırmızıydı. Düşünürəm ki, kaş o yanaqları daim don vuraydı... Səhəri gün yanaqlarım qaraldı..." Nadejda Vasilyevna Alekseyeva, sıravi, teleqrafist

"Bizdə gözəl qızlar çox idi... Hamama getdik, hamamın yanında bərbərxana vardı. Və bir-birimizə baxa-baxa qaşlarımızı rəngləmişdik. Komandir görüb hiddətləndi:

-Nədir, bala gəlmisiz, yoxsa döyüşməyə?

Bütün gecəni ağladıq, göz-qaşımızı sildik. Komandir səhər gəlib hər birimizə təkrar-təkrar dedi:

-Mənə əsgər lazımdı, xanım yox! Xanımlar müharibədən sağ çıxmırlar!

Çox sərt komandir idi. Müharibəyə qədər o, riyaziyyat müəllimi olmuşdu..." Anastasiya Petrovna Şeleq, kiçik serjant, aerostat

"Mənə elə gəlir ki, iki həyat yaşamışam-kişi və qadın həyatını...

Mən hərbi məktəbə girəndə orda dəmir intizam vardı: təlimlərdə, nizami sırada, kazarmada- hər yerdə hərbi intizam vardı, nizamnaməyə görə hərəkət edirdik. Qızlara da heç bir güzəşt yox idi. Yalnız bu sözləri eşidirdin:

-Danışığı kəsin! Danışıq səsləri gəlir, kəsin!

Axşamlar tələsirsən ki, gedib oturasan, tikişlə məşğul olasan....Nəsə bir qadın işi görəsən də... Qəti icazə verilmirdi...Və beləcə biz evsiz qalmışdıq, ev qayğılarıyla yaşamırdıq, nəsə özümüz deyildik orda. Bircə saat istirahət verirdilər: Lenin otağında otururduq, məktub yazırdıq, azad gəzmək olardı, danışmaq olardı. Lakin gülmək olmazdı, bərkdən danışmaq olmazdı. İcazə verilmirdi.

-Mahnı oxumağa necə, icazə verirdilər?

-Yox, olmazdı...

-Niyə?

-İcazə verilmirdi. Sırada olardı, nizami sırada gedirsən, komanda verilsə, oxuya bilərdin. Komanda verilirdi:"Oxu!" Oxuyurdun.

-Belədə isə, olmazdı, hə?

-Yox, olmazdı. Nizamnəməyə görəydi bu.

-Alışmaq çətin idi, hə?

-Məncə, buna heç alışmadım da. Elə yatmaq istəyirdin ki, birdən "Qalxın!" əmri verilirdi. Yataqdan durub yel kimi cumurduq. Geyinməyə başlayırsan, qadınlarda paltar çoxdu axı, bir də görürsən, paltarın biri yerə düşür, birini tapmırsan...Həhayət, kəmər əlində qaça-qaça geyinib-soyunma otağına cumub şinelini götürürsən, ordan da silah otağına. Orda beli götürürsən, çexoluna salırsan, kəmərindən asırsan, çantanı üstündən aşırırsan, birtəhər düymələyirsən. Silahını götürüb dərhal çaxmağı bağlayırsan və dördüncü mərtəbədən demək olar ki, tullana-tullana düşürsən aşağı. Sırada özünü qaydaya salırsan. Bütün bunlara isə çox az vaxt verilir.

Bax, bu isə artıq cəbhədə olan vaxtdır...Mənim çəkmələrimin ölçüsü üç dəfə iriydi...əyilirdi ayağımda, içinə qum-toz dolurdu. Ev sahibəsi iki yumurta gətirdi.

-Götür yola, o qədər arıqsan ki...çöp kimi sınarsan.

Mən də o görməsin deyə sakitcə yumurtaları sındırıram, çox xırdaydılar, çəkmələrimi təmizləyirəm onlarla. Əlbəttə, yemək istəyirdim, amma qadının gözəl olmaq istəyi qalib gəlir. Bilmirsiz siz, şinel nə olan şeydir, çox ağırdı, kişi şineli, kəməri, bütün bunları daşımaq bilirsiz necə ağırdı...Şinelin boğazımı qıdıqlamasını heç sevmirdim...hələ çəkmələri demirəm. Yerişin dəyişirsə, bütün hər şeyin dəyişir...

Yadıma gəlir ki, biz çox kədərliydik. Daim qəmli gəzirdik..." Stanislava Petrovna Volkova, kiçik leytenant, istehkamçı vzvodunun komandiri

"Bizi əsgər eləmək asan deyildi... Yox, asan deyildi...

Hərbi geyimlərimizi almışdıq. Starşina bizi sıraya düzüb dedi:

-Corablarınızı düzəldin!

Corablarımızı düzəldirik. Corablarımız bərabər səviyyədədir. Özümüz isə...çəkmələrimiz iri ölçüdədir, hamısı-qırx-qırx bir ölçüdə... Starşina deyir:

-Corablar... corablar!

Sonra əmr edir:

-Kursant qızlar, dördüncü adamın sinəsinə baxın!

Bizdə alınmır, o isə səsinə güc verir, qışqırır:

-Orda gimnastyorkanın cibinə nə qoymusuz belə?

Biz gülürük.

-Gülməyi kəsin!- yenə qışqırır.

Salamlaşmanı dəqiq və düzgün qəbul etmək üçün hər şeylə- stullardan tutmuş ta asılmış plakatlara qədər - məcbur edirdi ki, salamlaşaq. Ah, o, bizimlə necə əziyyətlər çəkdi!

Hansısa şəhərdə bizi nizami sırayla hamama aparırdılar. Kişiləri kişi bölməsinə, qadınları isə qadın bölməsinə. Qadınlar qışqırır, qapı-pəncərələri açıb deyirlər:

-Əsgərlər gəlir!

Bizi ayıra bilmirdilər axı, qızdılar, yoxsa oğlan! Bizim saçlarımız vurulmuşdu, oğlansayağı, hərbi formadaydıq. Bir dəfə də tualetə getmişdik, qadınlar milis çağırdılar. Biz də ona deyirik:

-Bəs hara gedək?

O da arvadların üstünə qışqırır:

-Görmürsüz, bunlar qızdı?

-Nə qız, onlar əsgərdilər..." Mariya Nikolayevna Stepanova, mayor, atıcılıq korpusunun batalyonunda rabitə rəisi

"Yadıma gəlir yollar... Yol... Gah irəli, gah da geri...

Biz İkinci Belarusiya Cəbhəsinə gələndə bizi diviziyada saxlamaq istədilər. Dedilər: siz qadınsınız, ön cəbhəyə lazım deyil, olmaz!

Biz isə dedik:

-Yox, biz snayperik, bizi hara lazımdı ora da göndərin!

Bizə dedilər:

-Sizi onda bir polka göndərərik, orda bir yaxşı polkovnik var, qızları qoruyur...

Müxtəlif komandirlər vardı. Bizə elə belə də dedilər.

Həmin polkovnik bizi bu sözlərlə qarşıladı:

-Baxın, qızlar, bir halda ki, döyüşməyə gəlmisiz, onda döyüşün, başqa işlərlə məşğul olmayın. Burda hər yan kişidir, qadın isə yoxdu. Lənət şeytana, mən bunu sizə necə izah eləyim! Müharibədi, qızlar, müharibə!.."

O, bilirdi ki, biz qız uşaqlarıyıq.

Alman qəsəbələrinin birində bizi gecələmək üçün yşayış qəsrində yerləşdirdilər. Çoxlu otaqları, geniş zalları vardı qəsrin. Elə gözəl zallar idi! Şkaflarda gözəl paltarlar da vardı. Qızlar hərəsi özünə bir paltar seçdi. Sarı bir don və bir də xalat mənim xoşuma gəldi, sözlə ifadə edə bilmirəm! Elə gözəl xalat idi ki! Uzun, yüngül bir xalat... Yumşaq idi. Yatmaq vaxtıydı, hamı yorulmuşdu. Biz həmin paltarları geyinib yerimizə girdik. Xoşumuza gələn paltarları geyinmişdik, dərhal yuxuya getdik. Mən don geyindim, üstündən də xalatı...

Bir dəfə də şlyapa emalatxanasına girdik, qoyub qaçmışdılar... Burda özümüzə şlyapalar seçdik və heç olmasa bu şlyapaların başımızda bir müddət qalması naminə elə bütün gecəni oturan yerdə yatdıq. Səhər durduq... Yenə güzgüyə baxdıq...Hamı şlayapasını çıxartdı, yenə gimnastyorka və şalvar geyindik. Özümüzlə heç nə götürmədik. Yolda iynə belə adama ağır gəlir. Qaşığı çəkmənin boğazına soxursan, vəssalam..." Bella İsakovna Epşteyn, serjant, snayperçi

"Kişilər... Başqa cür olurlar... Onlar bizi həmişə başa düşmürdülər...

Lakin biz öz pokovnikimizi-Ptiçını çox sevirdik. Ona "Batya" deyirdik. O başqalarına bənzəmirdi, bizim qadın qəlbimizi başa düşürdü. Moskva ətrafında, geri çəkilirdik, ən ağır vaxt idi, o isə bizə dedi:

-Qızlar, Moskva yaxındadır. Mən sizi bərbərxanaya aparacağam. Qaşlarınızı, kirpiklərinizi boyayın, saçlarınızı hördürün. İcazə olmasa da, mən istəyirəm ki, siz gözəl olasınız. Müharibə uzun çəkəcək... Uzun çəkəcək müharibə...

Bizi hansısa bərbərxanaya gətirdi. Qadın idi bərbər. Saçlarımızı düzəltdirdik, boyandıq. Və elə xoşbəxt görünürdük ki..." Zinaida Prokofyevna Qomaryova, teleqrafçı

"Ladoqa gölü buz bağlamışdı, biz də gölün üstündə qaçırdıq... Hücuma keçirdik...Və birdən bizi atəşə tutdular... Güllə yağışına. Hər tərəf sudur, yaralayırlar, insan birbaşa suya girir. Mən də sürünürəm, yaralıları sarıyıram, o birinə tərəf sürünürəm, ayağından vurublar, huşunu itirir, lakin məni itələyir, öz "kisəsinə" başını soxur, "NZ" axtarır, yeməyə- heç olmasa ölüm qabağı bir şey salsın ağzına...Biz buz üstə çıxanda ərzaq almışdıq. Mən onun ayağını sarımaq istəyirəm, o isə ərzaq kisəsini axtarır, yemək istəyir; kişilər aclığı çox pis keçirirdilər, aclığa dözə bilmirdilər. Aclıq onlar üçün ölümdən betər idi...

Özüm haqqında yadıma nə düşür...Əvvəlcə ölümdən qorxursan...Sənin bir addımlığında olur, təəccüb və maraqla baxırsan. Sonradan isə yorğunluqdan nə təəccüblənirsən, nə də maraqlanırsan. Gücün daim tükənir. Hətta gücdən tamam düşürsən. Bircə qorxu qalır canında: öləndə çirkin olmayasan. Qadın qorxusu...Bircə mərmi səni tikə-tikə etməsin...Bilirəm bu, necə olur...Tikələri özüm yığmışam..." Sofya Konstantinovna Dubnyakova, sanitar təlimatçı

"Yağış tökürdü... dayanmaq bilmirdi...Palçıqda qaçırıq, adamlar palçığa batırlar, yıxılırlar. Yaralılar, ölənlər var. Bu bataqlıqda heç ölmək istəmirsən. Qara bataqlıq. Axı cavan qız uşağı orda necə uzanıb qala bilər!.. Bir dəfə də Belarus meşələrində...Orşan meşələrindəyik, orda ayısoğanı kolları var, xırda kollardır...Xəccəgülləri mavidir. Bütün çəmənlik mavi rəngdədir. Bu çəmənlikdə ölmək nə yaxşı olardı! Bax burda elə uzanmaq olar! Hələ südəmərdi, on yeddi yaşı var!.. Bunu özüm-özümçün deyirəm, özüm üçün ölümü belə təsəvvür edirdim...

Düşünürdüm ki, ölmək harasa uçub getmək deməkdir. Bir dəfə biz gecə ölüm barədə danışdıq... Bu, bircə dəfə oldu... Bu sözü dilimizə gətirməyə qorxurduq..." Lyubov İvanovna Osmolovskaya, sıravi, kəşfiyyatçı

"Bizim polk tamamilə qadınlardan ibarət idi... Qırx ikinci ilin may ayında cəbhəyə getdik...

Bizə "Po-2" təyyarəsi verdilər. Balacaydı, asta gedirdi. Təyyarə yalnız alçaqdan uçurdu, çox da hündürə qalxmırdı. Yerin üstündən. Müharibədən qabaq bu təyyarələrdə gənclər uçmağı öyrənirdilər və heç kimin ağlına gəlməzdi ki, bir vaxt bu təyyarəni hərbi məqsədlər üçün istifadə edəcəklər. Təyyarə ağac məmulatlarından hazırlanmışdı, büsbütün fanerdən ibarət idi, üstünə perkal vurulmuşdu. Daha doğrusu, elə marli idi. Güllə dəyən kimi o saat alışırdı, elə havada alışıb yanırdı, heç yerə düşmürdü. Kibrit kimi. Bircə detalı vardı ki, o da metaldan idi-motoru! M-11 motoru! Sonralar, artıq müharibənin sonlarında bizə paraşüt verdilər, şturmanın kabinəsinə pulemyot qoydular. Lakin ona qədər heç bir silah yox idi. Bircə dörd bomba saxlayan ayaqlar vardı, vəssalam. İndi olsaydı, bizi kamikadze adlandırardılar, bəlkə elə biz də o vaxt kamikadze olmuşuq! Bəli! Olmuşuq! Lakin qələbə bizim həyatımızdan qiymətli hesab olunurdu. Qələbə!

Soruşursuz ki, biz necə dözmüşük? Cavab verirəm...

Təqaüdə çıxmamışdan əvvəl məni bir fikir elə hey gəmirirdi: necə yəni, mən işləməyəcəyəm? Bəs əlli ildən sonra ikinci institutu nə üçün qurtarmışam? Tarixçi oldum. Belədə isə bütün ömrüm boyu geoloq olmuşam. Lakin yaxşı geoloq həmişə çöldə olur. Mənim isə artıq gücüm qalmamışdı. Həkim gəldi, kardioqrama elədilər və məndən soruşurlar:

-Siz nə vaxt infarkt keçirmisiz?

-Nə infarkt?

-Sizin ürəyiniz büsbütün çapıq-çapıqdır...

Görünür, bu çapıqlar müharibədən qalıb. Sən hədəfin üstünə uçursan, əsim-əsim əsirsən. Bədənin titrəyir, çünki altdan atırlar, qırıcı təyyarələr, toplar sənə atəş açırlar...Bir çox qızlar dözmədilər, məcbur olub polku tərk etdilər. Əsasən gecələr uçurduq. Bəzən gündüzlər də tapşırığa göndərmək istəyirdilər, lakin dərhal imtina edirdilər. Çünki bizim təyyarələri avtomatla da vurmaq olurdu...

Bir gecədə on ikiyə qədər uçuş edirdik. Mən məşhur təyyarəçi Pokrışkini görmüşəm... O, döyüş təyyarəsində yerə enəndə görmüşəm onu...Güclü kişiydi, onun bizim kimi nə iyirmi, nə də iyirmi üç yaşı vardı...Təyyarəsini yanacaqla doldururdular, bu vaxt texnik onun köynəyini çıxartdı və başladı sıxmağa. Elə bil leysan yağışın altından çıxıb gəlmişdi. Bax beləcə tər tökülürdü köynəyindən. İndi siz bizim nələr çəkdiyimizi asanca təsəvvür edərsiniz...Yerə enən kimi heç kabinədən çıxmağa heyin olmur, səni dartıb çıxarırlar. Dərhal yerə uzadırlar...

Bizim silah daşıyan qızlarımızın əməyini heç demirəm! Onlar gərək dörd bombanı-yüz kilolarla olan bombaları- əllə gətirib təyyarənin altına bağlasınlar! Beləcə bütün gecəni işləyirdilər. Bir təyyarə gedir, o biri gəlir! Bizim orqanizmimiz o dərəcədə dəyişmişdi ki, qadın olduğumuzu hiss etmirdik. Qadına dair nə vardısa...heç biri yox idi...Aybaşı-filan... Özünüz başa düşürsünüz də... Müharibədən sonra isə çoxları uşaq doğa bilmədi...

Hamımız papiros çəkirdik. Mən də çəkirdim, adama elə gəlir ki, bir qədər sakitləşirsən. Yerə qondun-bütün bədənin titrəyir, papiros çəkirsən- sakitləşirsən! Biz dəri pencəklərdə, şalvarlarda, gimnastyorkalarda, qışda isə üstəlik yun gödəkçələrdə gəzirdik. İstər-istəməz yerişində, duruşunda, hərəkətlərində kişi əlamətləri sezilir. Müharibə qurtarandan sonra bizim üçün xaki parçadan paltarlar tikdilər. Qəflətən hiss elədik ki, biz qızıq..." Aleksandra Semyonovna Popova, qvardiya leytenantı, şturman

"Bu yaxınlarda mənə medal verdilər... Qırmızı Xaçdan... Qızıl medal- Beynəlxalq "Florens Naytinqeyl" medalı. Hamı məni təbrik edirdi və təəccüblənirdi:

-Necə yəni? Necə ola bilər ki, siz yüz qırx yeddi yaralını sürüyüb çıxarda bilmisiz? Müharibə şəkillərində nərmənazik bir qız olmusuz...

Mən bəlkə də onların iki yüzünü çıxartmışam! O vaxt kim idi sayan? Mənim heç ağlıma belə gəlmirdi axı sayım! Biz heç bunu başa da düşmürdük! Döyüş gedir, adamlar qan itirirlər, mənsə oturub yazmalıydım və hesab-kitab aparmalıydım? Mən heç vaxt gözləmirdim ki, döyüş qurtarsın. Sürünürdüm döyüş gedə-gedə, yaralıları yığırdım. Əgər qəlpə yarası alıbsa və əgər mən onun yanına bir-iki saatdan sonra sürünəcəyəmsə, onda mənim nə işim qalıb ki orda?! Gedib görərəm ölüb də...

Üç dəfə yaralanmışam, üç dəfə kontuziya olmuşam. Müharibədə kim nə arzulayırdı? Kimi evə dönmək istəyirdi, kimi Berlinə qədər getmək istəyirdi, mənsə bir şey arzulayırdım-on səkkiz yaşım tamam olanadək yaşayım! Nədənsə tez ölməkdən qorxurdum. Hətta on səkkiz yaşa çatmamış! Şalvarda gəzirdim, pilotka qoyurdum, həmişə də cırıq idi, nimdaş idi şalvarım, çünki daim sürünürsən, diz üstə gəzirsən, hələ üstəlik ağır yaralını da dartıb gətirirsən. İnanmırdım ki, haçansa ayaq üstə duracam, gəzəcəm, daha sürünməyəcəm. Bu, mənim arzum idi! Bir dəfə diviziya komandiri gəldi, məni görüb soruşdu:

-Bu uşaq, yeniyetmə kimdi belə? Niyə saxlamısız onu? Göndərin getsin dərsini oxusun...

Yadımdadı, bint çatışmırdı... Elə ağır güllə yaraları olurdu ki... bütün paketi yaranın üstünə qoymalı olurdun. Bütün alt paltarlarımı cırıb uşaqlardan xahiş edirəm:

-Alt tuman-köynəyinizi çıxarın, tez olun, döyüşçülərim ölür.

Onlar başa düşürdülər, çıxarıb parça-parça edirdilər, mən onlardan utanmırdım, sanki qardaşlarım idi, mən də oğlan uşağı idim...onların arasında yaşayırdım. Gedirik, üç nəfər əl-ələ tutub gedirik, ortadakı bir-iki saat yatır. Sonra yerimizi dəyişirik.

Berlinə qədər gedib çıxdım. Reyxstaqın üstündə imzam var. Bu sözləri yazdım orda:"Mən, Sofya Kunçeviç, gəldim bura ki, müharibəni öldürüm".

Qardaşlıq qəbiristanlığı görən kimi onun qarşısında diz çökürəm. Hər bir qardaşlıq qəbiristanlığının qarşısında... Yalnız dis çökürəm..." Sofya Adamovna Kunçeviç, starşina, atıcılıq rotasının sanitar təlimatçısı

Qız diskantı və dənizçi xurafatı haqqında

"Mən eşitmişəm... Sözləri... Zəhər kimi sözləri... Daş kimi sözləri... Gedib döyüşmək kişi istəyi idi...Məgər qadın öldürə bilər? Bu, normal hal deyil, bunu yalnız qeyri-normal, yararsız qadınlar edə bilər...

Yox! Min dəfə yox! Yox, bu insan istəyi idi. Müharibə gedirdi, mən də adi həyatımı yaşayırdım... Qız həyatımı... Lakin qonşum məktub almışdı-ərini yaralamışdılar. Hospitalda yatırdı. Mən fikirləşdim:"O yaralanıb, bəs onun əvəzinə kim vuruşacaq?"

Bir nəfər qolsuz gəlmişdi- bəs onun əvəzinə kim vuruşacaq? İkincisi ayaqsız idi- bəs onun əvəzinə kim? Mən yazdım, xahiş elədim, yalvardım ki, məni orduya götürsünlər. Bizi belə tərbiyə eləmişdilər- ölkəmizdə bizsiz heç bir iş ola bilməz! Bizi ölkəni sevməyə öyrətmişdilər. Onunla qürurlamağa öyrətmişdilər. Bir halda ki, müharibə başlayıb, deməli biz də nə iləsə kömək göstərməliyik. Tibb bacıları lazımdır, deməli, tibb bacısı kimi getməliyik! Topçular lazımdı- deməli, topçu olmalıyıq!

Cəbhədə kişilərə oxşamaq istəyirdikmi? İlk vaxtlar çox istəyirdik:qısa saçlar, hətta yerişimizi də dəyişdirmişdik. Sonralar isə yox, istəmədik! Sonralar üz-gözümüzü boyamaq istəyirdik, qənd yemirdik, saxlayırdıq ki, onunla alnımızı nişastalayaq... Çəndə başımızı yumaq üçün su gətirəndə xoşbəxt olurduq. Uzun yol gedəndə yumşaq ot axtarırdıq... Otları qırırdıq və ayaqlarımıza sürtürdük... Başa düşürsüz də, otla yuyunurduq...Axı bizim də öz xüsusiyyətlərimiz vardı, qız uşaqlarının... Ordu bu barədə düşünməmişdi... Ayaqlarımız yamyaşıl olurdu... Yaxşı ki, starşina yaşlı adam idi, hər şeyi başa düşürdü, arxada gəzdirdiyimiz torbadakı artıq şeylərə, alt paltarlarına göz yumurdu... Cavan olsaydı tullayacaqdı hamısını...Mütləq! Qız uşağı üçün artıq şey nə ola bilər axı? Olurdu ki, gündə iki dəfə gərək dəyişəsən... Biz alt köynəklərimizin qollarını cırırdıq, onlar isə cəmi iki dəst idi. Bu da eləyir dörd qolun əskisi..." Klara Semyonovna Tixonoviç, baş serjant, topçu

"Mən müharibəyə qədər hərbi nə varsa hamısını sevirdim...Kişi geyimlərini... Aviasiya məktəbinə müraciət elədim ki, qəbul qaydalarını mənə göndərsinlər. Hərbi geyim mənə yaraşırdı. Nizami sıranı xoşlayırdım, dəqiqliyi, kəsik-kəsik komanda verməyi sevirdim. Hərbi məktəbdən cavab gəldi:

-Əvvəlcə onuncu sinfi qurtarın.

Əlbəttə, müharibə başlayanda bu əhval-ruhiyyə ilə evdə qalmaq olmazdı. Lakin məni cəbhəyə götürmədilər. Heç cür götürmədilər, çünki on altı yaşım vardı. Hərbi komissar dedi ki, biz sənin kimi uşaqları cəbhəyə götürsək, düşmən bizim haqqımızda nə düşünər? Müharibə hələ indi başlayıb...yetkinlik yaşına çatmamış qızları cəbhəyə göndərək?

-Düşməni məhv etmək lazımdı!-dedim.

-Onu sənsiz də məhv edəcəklər!-cavab verdi.

Mən onu inandırmağa çalışırdım ki, hündürboyam, mənə heç kim on altı yaş verməz, çox verər. Kabinetində durub getmirəm. Deyirəm- ora yazın on səkkiz, on altı yox!

Komissar isə cavab verir:

-Sən indi belə deyirsən, sonra gör məni necə yada salacaqsan?

Müharibədən sonra isə mən hərbini istəmədim; hərbi ixtisas üzrə getməyə həvəsim olmadı. Tələsirdim ki, bütün bu müdafiə formasını əynimdən çıxardım... Məndə indiyə kimi şalvara bir qıcıq var. Nifrət edirəm şalvara.... Hətta meşəyə də gedəndə şalvar geymirəm. Göbələk yığmağa, giləmeyvə yığmağa gedəndə geymirəm. Nəsə adi bir şey geymək istəyirəm, qadın paltarı..." Klara Vasilyevna Qonçarova, sıravi, topçu

"Biz müharibəni dərhal hiss elədik...Texnikumu qurtarandan sonra elə həmin gün "alıcılar" peyda oldu, hissələrdən gəlib yeni-yeni əsgər yığıb aparanları belə çağırırdılar. Onlar həmişə kişi xeylaqları olurdu. Hiss olunurdu ki, onların bizə yazığı gəlir. Biz onlara bir gözlə baxırdıq, onlar isə bizə başqa gözlə baxırdılar. Biz cərgədən çıxıb irəli cumurduq ki, bizi tez aparsınlar cəbhəyə, bizi görsünlər, özümüzü göstərək, amma onlar bizə yorğun-arğın gözləriylə baxırdılar. Bilirdilər ki, bizi hara göndərəcəklər. Hər şeyi başa düşürdülər.

...Bizim polkumuz kişilərdən ibarət idi, cəmi iyirmi iki qadın vardı. Bu, səkkiz yüz yetmişinci uzaq məsafələri bombalayan polk idi. Biz evdən iki-üç cüt alt paltarı götürmüşdük, çox da götürmək olmazdı. Bizi bombaladılar və əlimizdə nə varsa onunla da qaldıq, elə canımızı götürüb qaçmışdıq. Kişilər yolasalma məntəqəsinə getdilər, onları orada geyindirdilər.. Bizim üçün isə heç nə yox idi. Bizə patava verdilər və biz də bu patavalardan özümüzə tuman və lifçik tikdik. Komandir bildi və bizi danladı.

Yarım il ötdü...Və o qədər ağır yüklü günlər yaşadıq ki, qadın olmağımızı unutduq. Biz artıq qadın deyildik...Bizdə hər şey qurtarmışdı...Bioloji sikl dayanmışdı...Anlayırsız da? Çox dəhşətliydi! Bir daha qadın ola bilməyəcəyin barədə düşünməyin özü belə dəhşətdir!.." Mariya Nesterovna Kuzmenko, baş serjant, silah anbardarı

"Biz çalışırdıq...İstəmirdik ki, bizim haqqımızda desinlər:"Ah, bu qadınlar!"

Və kişilərdən daha çox çalışırdıq. Biz sübut etməliydik ki, kişilərdən əskik deyilik. Bizə isə uzun müddət yuxarıdan aşağı baxırdılar, münasibət yaxşı deyildi:"Arvadlara bax, döyüşən çıxıblar!.."

Bəs necə kişi olmalı? Mümkün deyil kişi olmaq! Bizim düşüncəmiz başqa şeydi, təbiətimiz isə tamam ayrı bir şey! Bizim bioloji quruluşumuz...

Gedirik...İki yüz qızıq... Arxadan da iki yüz kişi gəlir. Qızmar günəş... İsti yay günüdür. Otuz kilometr yolu getməlisən. Marş! Otuz kilometr! Dəhşətli isti var!.. Bizim keçdiyimiz qumun üstündə qırmızı ləkələr əmələ gəlir....Qırmızı qan ləkələri... Başa düşürsüz də... O məsələ... Bizə aid olan məsələ... Gizlətmək olar onu? Əsgərlər də dalımızca gəlir, özlərini elə göstərirlər ki, guya görmürlər heç nə...Ayaqlarının altına baxmırlar.... Əynimizə geyindiyimiz şalvarlar quruyub, elə bil şüşədəndi. Şalvarlarımız kəsirik, yara var, qan iyi də gəlir. Bizə axı heç nə verməmişdilər...Biz başladıq güdməyə... Əsgərlər öz köynəklərini kolların üstünə sərəndə bir-iki dənəsini götürək...Sonralar onlar məsələdən agah oldular, gülməyə başladılar.

-Starşina, bizə yenə alt paltarları verin. Qızlar bizimkiləri götürüblər...

Yaralılar üçün pambıq və bint çatışmırdı...O ki qalsın qadın alt paltarı... Qadınlar üçün alt paltarları bəlkə də iki ildən sonra peyda oldu. Biz kişi trusik və maykalarında gəzirdik...Gedirdik... Çəkmələrdə... Ayaqlarımız da bişib! Gedirik...Bərədə bizi parom gözləyir. Çatırıq bərəyə, birdən bizi bombalamağa başlayırlar. Bombardman dəhşətdi, kişilər hara gəldi qaçıb gizlənirlər, bizi çağırırlar....Biz isə bombardmanı eşitmirik, onun hayında deyilik, çaya girməyə tələsirik. Suya girməyə... Su! Su! Və suda o qədər otururuq ki, bütün hər şeyimiz yaş olur. Bomba yağışı altında!.. Bax bu.... Bizim üçün ölümdən də betər bu ayıbı örtmək idi! Qızlarımızdan bir neçəsi elə sudaca həlak oldu...

Bəlkə də ilk dəfə olaraq onda mən kişi olmaq istədim...İlk dəıfə olaraq...

Və budur... Qələbə! İlk vaxtlar küçədə gəzirəm, inanmıram ki, Qələbədir! Stol arxasında otururam, yenə inamıram ki, Qələbədir! Qələbə!!! Bizim Qələbəmiz..." Mariya Semyonovna Kaliberda, serjant, rabitəçi

"Artıq Latviyanı azad etmişdik...Dauqavapils ətrafındaydıq. Gecəydi, təzəcə yerimə girməyə hazırlaşırdım. Birdən qarovulun səsini eşidirəm, qışqırır:

-Dayan! Kimdi gələn?

Və on dəqiqə sonra məni komandirin yanına çağırırlar... Komandirin dəyəsinə girirəm, görürəm ki, bizim yoldaşlar oturublar. Bir nəfər də mülki geyimdə kişi oturub. Onu yaxşı xatırlayıram. Bütün illər ərzində mən kişiləri yalnız hərbi geyimdə görmüşdüm. Şineldə. Bu adam isə qara paltodaydı, plüş yaxalığı vardı.

-Sizin köməyiniz lazımdı,-deyə mülki geyimli kişi dilləndi.-Burdan iki kilometr aralıda mənim arvadım doğur. Təkdir, evdə ondan başqa heç kim yoxdu.

Komandir soruşur:

-Ora neytral zonadır. Özünüz bilirsiz də...təhlükəlidir.

-Qadın doğur. Mən ona kömək etməliyəm.

Mənə beş avtomatçı verdilər. Cəld sarğı materialları olan çantamı hazırladım. Mənə yaxınlarda flanel patavası vermişdilər, onu da özümlə götürdüm. Getdik. Daim atəş açırlar.

Bəzən güllə çatmır, bəzən də yanımızdan ötür. Meşə elə qaranlıqdır ki, hətta ay da görünmür. Nəhayət, uzaqdan bir evin silueti göründü. Bura xutor idi. Biz evə girəndə mən qadını gördüm. O, döşəmənin üstündə uzanmışdı, hansısa köhnə əski-üskü içində. Əri dərhal pəncərələrə pərdə çəkdi. İki avtomatçı həyətdə, ikisi də qapıda durdu. Biri də əlində fənər mənə kömək edir, işıq salır. Qadın inildəməkdən özünü güclə saxlayır, ağrıyırdı. Mən də elə hey ona deyirəm:

-Dözün, əzizim. Dözün, qışqırmaq olmaz! Dözün.

Axı bura neytral zonadır. Əgər düşmən bir şey hiss eləsə, yaxud görsə, üstümüzə mərmi yağdıracaq. Lakin əsgərlər uşağın doğulması xəbərini eşidəndə... qışqırdılar: "Ura! Ura!". Demək olar ki, sakitcə, çox astadan qışqırdılar. Ön cəbhədə uşaq doğulmuşdu!

Su gətirdilər. Qaynatmaq üçün yer yox idi. Körpəni soyuq suyla sildim. Onu öz patavama bükdüm. Evdə heç nə yox idi, yalnız köhnə əski parçaları vardı, onların da üstündə ana uzanmışdı.

Beləliklə, mən bu xutora bir neçə gecə gəlib getdim. Axırıncı dəfə hücum qabağı gəldim və xudahafizləşdim.

-Mən bir daha sizə gələ bilməyəcəyəm. Gedirəm.

Qadın latış dilində ərindən nəsə soruşdu. O da mənə tərcümə elədi:

-Arvadım soruşur ki, sizin adınız nədir?

-Anna.

Qadın yenə nəsə dedi. Əri yenə tərcümə elədi:

-Deyir, çox gözəl addı. Və sizin şərəfinizə biz də qızımızın adını Anna qoyuruq.

Qadın azca qalxdı, o, hələ ayağa dura bilmirdi və mənə özünün ən gözəl sədəfli pudra qutusunu uzatdı. Bilinirdi ki, bu, onun ən qiymətli əşyasıydı. Mən pudra qutusunu açdım... pudranın qoxusu... nə gözəl idi, ilahi!... Ətrafda atəş səsləri...top gurultuları... və pudra qoxusu... Nəsə belə bir şey...Mən indi də ağlamaq istəyirəm...Pudra qoxusu... o sədəfli pudra qutusu.... Körpə uşaq.... Qız uşağı.... Nəsə ev şəraiti...Əsl qadın həyatından bir səhnə..." Anna Nikolayevna Xroloviç, qvardiya leytenantı, feldşer

"Qadınlar donanmada... Bu nəsə qadağan idi, hətta qeyri-təbii görünürdü. Hesab olunurdu ki, qadın gəmiyə bədbəxtlik gətirir. Mən özüm əslən Fastovdanam, bizim kənddə arvadlar anama ölənə qədər sataşırdılar: sən kimi doğmusan? Bu qızdı, yoxsa oğlan?

Mən birbaşa Voroşilovun özünə yazdım ki, məni Leninqrad artilleriya texniki məktəbinə qəbul eləsinlər. Və yalnız onun şəxsi göstərişiylə məni ora götürdülər. Yeganə qız idim ora daxil oldum.

Məktəbi bitirəndən sonra məni quruda saxlamaq istəyirdilər. O zaman mən qadın olduğumu boynuma almadım. Məni xilas edən ukrayna familyam oldu: Rudenko. Lakin bir dəfə özümü ələ verdim. Göyərtəni yuyurdum, birdən səs eşitdim, dönüb baxdım: matros pişiyi qovurdu, pişik gəmiyə necə gəlib düşmüşdü, məlum deyildi; görünür hələ ilk dənizçilərdən belə bir xurafat qalıb ki, pişik və qadın gəmiyə bədbəxtlik gətirir. Pişik gəmini tərk eləmək istəmirdi, o elə fintlər göstərirdi ki, dünya şöhrətli futbolçular belə ona həsəd aparardı. Gəmidə gülüş qopdu. Elə bu vaxt pişik az qala suya düşəcəkdi, mən qorxdum və qışqırdım. Və görünür bu, elə bir qız diskantıydı ki, kişi gülüşləri dərhal kəsildi. Araya sükut çökdü.

Komandirin səsini eşidirəm:

-Qaravul, gəmiyə qadın gəlmişdi?

-Xeyr, yoldaş komandir!

Bu vaxt ikinci bir səs-küy qopur- gəmidə qadın var!

...Mən Hərbi-Dəniz Donanmasının təcrübəli ilk qadın zabiti olmuşam. Müharibədə gəmiləri və dəniz piyadalarını silahla təmin eləmişəm. O zaman ingilis mətbuatı yazmışdı ki,rus donanmasında hansısa anlaşılamaz bir varlıq-kişidi, yoxsa qadın- döyüşür. Və çox heyf, bu "kortikli xanımı" heç kim almayacaq. Məni heç kim almayacaq?! Yox, yanılırsan, cənab yaxşı, alacaq, özü də ən gözəl zabit alacaq məni!..

Mən xoşbəxt arvad olmuşam, xoşbəxt ana və nənəyəm. Ərimin müharibədə həlak olması mənim günahım deyil. Donanmanı isə mən sevirdim və bütün həyatım boyu sevmişəm..." Taisiya Petrovna Rudenko-Şevelyeva, kapitan, Moskva donanma ekipajının rota komandiri, hazırda istefada olan podpolkovnik

"Mən zavodda işləyirdim...Qorki vilayətinin Kstov rayonundakı Mixalçikovo kəndində yerləşən asma zavodda... Kişiləri cəbhəyə çağırmağa başladılar, onlar cəbhəyə gedəndən sonra məni də zavodda dəzgah başına qoydular və başladım kişi işi görməyə. Ordan keçirtdilər istilik sexinə, gürzvuran. Bu sexdə gəmilər üçün zəncir hazırlayırdıq.

Cəbhəyə getmək üçün müraciət elədim, lakin zavodun rəhbərliyi müxtəlif bəhanələr gətirməklə məni zavodda saxlamaq istəyirdilər. Sonra raykom komsomola yazdım və qırx ikinci ilin martında çağırış vərəqəsi aldım. Bir neçə qız idik, bütün kənd bizi yola salırdı. Qorkiyə qədər otuz iki kilometr yolu piyada getdik, orda bizi təyinat üzrə müxtəlif hissələrə böldülər. Məni orta kalibrli yeddi yüz səksən dördüncü zenit artilleriya polkuna göndərdilər.

Çox keçmədi ki, məni bir nömrəli tuşlayıcı təyin elədilər. Lakin bu, mənim üçün yetərli deyildi, istəyirdim topları dolduran olam. Dörudur, bu kişi işiydi: on altı kiloqramlıq mərmini qaldırmaq lazım idi və intensiv atəş açmaq lazım idi, beş saniyəyə...Lakin nahaq yerə gürzvuran işləməmişdim ki! Bir ildən sonra mənə kiçik serjant rütbəsi verildi və məni ikinci dəstənin komandiri təyin elədilər. Orda iki qız və dörd kişi vardı. Lülədən çıxan güclü atəşdən topun lüləsi qıpqırmızı qızarırdı, atəş açmaq çox təhlükəliydi, bütün qaydalara zidd olaraq onları nəm ədyallarla soyudurduq. Top dözmürdü, amma insanlar dözürdülər. Mən dözümlüyəm, güclü qızam, lakin bilirəm ki, müharibədə dinc həyatdakından daha çox lazımlı idim. Hətta fiziki cəhətdən olsa belə. Hardansa mənə naməlum güc gəlirdi...

Radio Qələbə xəbəri verəndə mən topçu dəstəmi ayağa qaldırdım və son əmrimi verdim:

-Azimut- on beş sıfır-sıfır! Bucaq yüksəkliyi- on sıfır! Partlayıcı yüz iyirmi! Temp-on!

Sürgüyə özüm yaxınlaşdım və dörd il müharibədən sonra Qələbəmizin şərəfinə dörd top mərmisiylə yaylım atəşi açdım.

Top gurultusuna mövqedə dayanan bütün batareyalar qaçıb gəldi, batalyon komandiri Slatvinski də. Özbaşıma atəş açdığıma görə o, hamının yanında əmr elədi ki, məni qaupvaxta salsınlar, sonra öz əmrini ləğv elədi. Və biz hamımız indi öz şəxsi silahlarımızdan yaylım atəşləri açdıq, qucaqlaşdıq və öpüşdük. Araq içdik, mahnı oxuduq. Sonra da bütün gecəni və gündüzü ağladıq..." Klavdiya Vasilyevna Konovalova, kiçik serjant, zenit top batareyasının komandiri

"Mənim çiynimdə əl pulemyotu asılıb... Onun ağır olduğunu dilimə gətirmirəm. O zaman kim məni ikinci nömrə kimi sayar? Deyərdilər, yarımçıq adam, yararsız döyüşçüdür, əvəzləmək lazımdı. Mətbəxə basardılar. Bu isə ayıb idi. Allah eləməsin bütün müharibəni mətbəxdə olasan! Onda mən göz yaşı tökərdim...

-Qadınları da eynilə kişilər kimi tapşırığa göndərirdilər?

-Bizi qorumağa çalışırdılar. Döyüş tapşırığına getmək üçün gərək xahiş edəydin, ya da ona layiq olaydın. Özünü göstərəydin. Cəsurluq lazım idi. Belə bir iş üçün xarakterin möhkəm olmalıydı...Və bunu da hər qız bacarmazdı. Bizim mətbəxdə Valya adında bir qız işləyirdi. Çox yumşaq, həlim, utancaq təbiətli idi, onu əlində silah təsəvvür eləmək mümkün də deyildi. Son məqamda əlbəttə atəş aça bilərdi, lakin onu döyüş tapşırığına yollamaq qətiyyən olmazdı. Özü də buna can atmırdı. Mən? Mən isə can atırdım. Mən arzulayırdım bunu!

Lakin məktəbdə çox sakit qız olmuşam...Nəzərə çarpmazdım..." Qalina Yaroslavovna Dubovik, Stalin adına on ikinci süvari partizan briqadasının partizanı

"Əmr verildi: iyirmi dörd saatdan sonra təyin olunan yerdə olmalı!... Təyinat- yeddi yüz on üçüncü səyyar səhra hospitalı...

Yadımdaı, hospitala gələndə əynimdə qara markizet don, ayaqlarımda basanojka, donun üstündən də ərimin plaşını geyinmişdim. Dərhal hərbi geyim verdilər, mənsə imtina elədim: hamısı əynimə çox böyük idi. Hospitalın rəisinə məruzə elədilər ki, mən hərbi intizama riayət eləmirəm. O isə heç bir tədbir görmədi, dedi ki, gözləyin, bir neçə gündən sonra özü dəyişəcək əynini.

Bir neçə gündən sonra bizi ayrı yerə köçürtdülər, bizi bombalayırdılar. Biz kartof əkilən sahələrdə gizlənmişdik, bir az qabaq isə yağış yağmışdı... Təsəvvür edin, mənim markizet donum nə günə düşdü! Basanojkalarımı demirəm! Ertəsi gün mən artıq əsgər paltarı geyindim. Bütöv hərbi geyimdə oldum...

Beləcə mənim hərbi yolum başlandı... Ta Almaniyaya kimi...

Qırx ikinci ildə yanvarın əvvəllərində biz Kursk vilayətinin Afonevka kəndinə girdik. Dəhşətli şaxtalar vardı. İki məktəb binası tamam yaralılarla doluydu. Xərəklərdə uzanmışdılar, döşəmənin üstündə, küləşin içində...Maşın və yanacaq çatışmırdı ki, yaralıların hamısını arxaya gətirəsən. Hospitalın rəisi qərara aldı ki, Afonevka və qonşu kəndlərin at arabalarından ibarət dəstə təşkil eləsin. Səhəri arabalar gəldi. Arabaları qadınlar idarə edirdilər. Xizəklərin üstündə evdə toxunan ədyallar, gödəkçələr, balışlar, hətta tük döşəklər də vardı. İndiyə kimi unuda bilmirəm o səhnələri... Gözlərim dolur, ağlayıram hər dəfə. Hər bir qadın bir yaralı götürürdü, yerləşdirirdi arabasına və yavaşca deyirdi:

-Oğlum, əziz balam! Mənim sevimlim! Mənim gözəl oğlum!

Hər qadın özüylə bir qədər ev yeməyi götürmüşdü, isti kartofa qədər gətirmişdi. Onlar yaralıları öz ev əşyalarına bürüyür, xizəklərdə ehtiyatla yerləşdirirdilər. İndiyə kimi qulaqlarımda o dualar səslənir, arvadların yavaşdan söylədikləri dualar:"Mənim əzizi balam, döz!", "Mənim gözəl oğlum...". Heyf! İndi də peşmançılıq hissi məni tərk etmir, axı niyə o arvadlardan heç birinin adını belə soruşmadıq?!

Yadıma gəlir ki, bir dəfə də azad olunmuş Belarusiya ərazisində hərəkəıt edirdik, kəndlərdə bir nəfər kişiyə belə rast gəlmirdik. Bizi yalnız qadınlar qarşılayırdılar. Bircə qadınlar qalmışdı..." Yelena İvanovna Varyuxina, tibb bacısı

Dəhşətin sükutu və xəyalın gözəlliyi

"Məgər mən söz tapa bilirəm ki? Necə atəş açırdım, necə vuruşurdum -danışa bilərəm ki? Necə ağlayırdım! Yox! Danışmaq mümkün deyil! Heç danışılası da deyil! Bir şeyi bilirəm: müharibədə insan qorxulu və dəhşətli olur, insan ağlasığmaz olur müharibədə! Onu necə başa düşəsən?

Siz yazıçısınız. Özünüz bir şey fikirləşin. Nəsə gözəl bir şey düşünün. Bit və çirkabdan uzaq olsun, qusuntusuz... Araq və qan qoxusundan uzaq...Həyat kimi dəhşətsiz olsun...Qorxusuz..." Anastasiya İvanovna Medvedkina, sıravi, pulemyotçu

"Bilmirəm...Yox, mən başa düşürəm siz nə soruşursuz! Lakin gücüm çatmır danışmağa. Mənim dilim bərbad vəziyyətdədir...Necə təsvir edəsən? Gərək...Qıcolma var e...Sıxılma...O məni boğur, sıxır məni; hərdən gecə sakitcə oturub xatırlayanda qəflətən boğuluram... Qıc oluram. Canıma vic-vicə düşür. Bax belə...

İfadə edə bilmirəm- hardasa var bu sözlər...Şair lazımdı... Dante kimi..."Anna Petrovna Kalyaqina, sanitar təlimçi

"Hərdən musiqi səsləri eşidirəm... Ya da mahnı... Qadın səsi... Və orda müharibədə yaşadığım hissləri, duyğuları tapıram... Nəsə onlara oxşar bir şey...

Mən müharibə haqqında kinoya baxıram-həqiqət deyil! Kitab oxuyuram- düz yazmırlar! Müharibəni düzgün göstərmirlər! O deyil e...Həmin şey alınmır... Özüm də danışsam, yenə alınmır... O dəhşəti bildirmir... gözəlliyi çatdıra bilmirsən... Bilirsiz, müharibədə səhərlər necə gözəl olurdu? Döyüşdən qabaq... Baxırsan və bilirsən ki, bu səhər sənin üçün sonuncu səhər ola bilər...Torpaq elə gözəl olurdu ki... Hava da...Günəş də..." Olqa Nikitiçna Zabelina, hərbi cərrah

"Biz gettoda yaşayırdıq...hər tərəf tikanlı məftillər idi...Yadıma gəlir, çərşənbə axşamıydı... Nədənsə mən sonralar buna diqqət yetirdim- çərşənbə axşamıydı... Çərşənmə axşamı...Ay və tarix yadımda deyil. Lakin çərşənbə axşamıydı...Təsadüfən pəncərəyə yaxınlaşdım... Bizim evin qarşısındakı skmayda oğlan və qız oturub öpüşürdülər. Mən heyrətləndim. Hər tərəfdə talan, hər tərəfdə atəş səsləri... güllələnmə...Onlar isə öpüşürdülər...Heyrətdən sarsıldım. Bu dinc mənzərədən sarsıldım, heyrətləndim...

Bizim küçə uzun deyildi. Küçənin o başından alman patrulu göründü. Onlar da həmin mənzərəni gördülər. Yaxşı gördülər. Heç nə anlaya bilmədim... Əlbəttə, heç anlamağa da macalım oplmadı...Qışqırtı...Gurultu. Atəş səsləri... Mən...Düşünə bilmirəm. Başa düşə bilmirəm... Macal tapmadım....İlk duyğum qorxu oldu...Bircə onu gördüm ki, oğlan və qız ayağa durdular və yıxıldılar...İkisi də yıxıldı.

Sonra...Bir gün keçdi... İki gün ötdü... Üçüncü gün də...Beynimdə isə hey fikirlər dolaşır... Axu bunu başa düşmək lazımdır: onlar evdə yox, küçədə öpüşürdülər. Nə üçün? Onlar elə beləcə də ölmək istəyirmişlər... Əlbəttə...Bilirdilər ki, onsuz da gettoda həlak olacaqlar. Onlar ayrı cür ölmək istəyirmişlər. Əlbəttə, bu sevgiydi. Başqa nə ola bilərdi? Nə ola bilərdi axı ondan başqa?.. Yalnız sevgiydi...

Sizə söylədim...Axı bu da həqiqət idi, gözəl alındı... Bəs həyatda? Həyatda çox dəhşətlər gördüm...Yaşadım... Bəli....Daha nələr? İndi düşünürəm... Onlar mübarizə aparırdılar...Beləcə... Onlar gözəl ölmək istəyirdilər. Əminəm ki, bu, onların seçimiydi..." Lyubov Eduardovna Kresova, gizli siyasi iş aparan

"Mən? Danışmaq istəmirəm... Yox... Amma, hə... Sözün qısası... O barədə danışmaq olmaz..." İrina Moiseyevna Lepitskaya, sıravi, atıcı

"Şəhərdə dəli olmuş bir qadın gəzib dolaşırdı...O heç vaxt yuyunmurdu, heç vaxt saçlarını daramırdı. Onun beş uşağını öldürmüşdülər. Uşaqlarının hamısını öldürmüşdülər. Özü də müxtəlif cür öldürmüşdülər. Birinin başına güllə vurmuşdular, birinin qulağına...

O qadın küçədə adama yaxınlaşırdı... Hər hansı bir adama... Deyirdi: "Mən sənə söyləyəcəyəm- uşaqlarımı necə öldürüblər...Hansından başlayım? Vasenkadan... Deyim ki, onun qulağından vurdular? Tolikin də başından vurdular?... Hansından başlayım, hə?

Hamı ondan qaçırdı. O qadın dəli olmuşdui, ona görə də danışa bilirdi..."

Antonina Albertovna Vıjutoviç, partizan tibb bacısı

"Bir şey yadımda qalıb: "Qələbə!" qışqırıqları! Bütün günü qışqırırdılar: Qələbə! Qələbə! Qardaşlar! Biz qalib gəldik!... Və biz xoşbəxt idik! Xoşbəxt!" Anna Mixaylovna Perepelka, serjant, tibb bacısı

Xanım qızlar, bilirsizmi ki, minaaxtaranlar vzvodunun komandiri ikicə ay yaşayır?..

Biz hamımız bir şeydən danışırıq...Nə olur-olsun, nədən danışırıq-danışaq, yenə həmin şeyin üstünə gəlirik...Çox vaxt ölüm barədə danışırıq. Onların ölümə qarşı münasibətindən- axı ölüm hər an onların başı üzərində hərlənirdi. Elə yaxın olub ki! Adiləşmişdi ölüm, həyat kimiydi! Anlamağa çalışıram: bu sonsuz ölmək anları arasında necə sağ qalmaq olar? Hər gün görüb baxmaq. Düşünmək. İstər-istəməz barışmalı olursan.

Bu barədə danışmaq olarmı? Bizim sözlərimiz və hisslərimiz o yaşantıları necə yaşayacaq? Nələri izah eləmək mümkün olacaq, nələri olmayacaq? Daha çox suallar yaranır, cavablar isə azalır.

Hərdən görüşlərdən sonra evə belə bir fikirlə qayıdıram: iztirab yalqızlıq deməkdir.

Ölgün bir təcridolunma! Bəzən də düşünürəm ki, iztirab-idrakın xüsusi bir növüdür. İnsan həyatında elə şey var ki, onu başqa cür ötürmək və yadda saxlamaq mümkün deyil, xüsusən də bizlərdə. Bizim dünyamız belə qurulub, biz də belə doğulmuşuq.

Bu fəslin qəhrəmanlarından biri ilə biz Belarusiya Dövlət Universitetinin auditoriyalarında görüşdük. Mühazirədən sonra tələbələr səs-küylə, şən əhval-ruhiyyə ilə dəftər-kitablarını örtürdülər. "Bəs biz o zaman necə idik?" deyə qəhrəmanım mənim ilk sualıma elə sualla da cavab verdi.

-Bax belə! Mənim indiki tələbələrim kimiydik. Sadəcə əyin-başımız, ənlik-kirşanımız başqa cür idi. Dəmir üzüklər, şüşəli muncuqlarımız vardı. Rezindən şap-şaplarımız...Bu cins şalvarlar, maqnitofonlar yox idi.

Mən auditoriyadan çıxmağa tələsən tələbə izdihamının dalınca baxıram, hekayət isə başlanır:

-Müharibədən qabaq mən rəfiqəmlə bahəm universiteti bitirmişdik... Müharibə zamanı isə istehkam məktəbini qurtardıq. Cəbhəyə artıq kiçik zabit qismində yollandıq...Kiçik leytenant kimi...Bizi belə qarşıladılar:

-Əhsən, qızlar! Yaxşı ki, gəldiniz! Lakin sizi heç hara göndərməyəcəyik. Bizim qərargahda qalacaqsınız!

Bura mühəndis qoşunlarının qərargahıydı. Bu sözləri eşidəndən sonra biz dönüb gedirik, cəbhə komandanı Malinovskini axtarmağa gedirik. Qəsəbədə səs yayıldı ki, hansısa iki qız komandanı axtarır. Bu zaman bir zabit bizə yaxınlaşdı və dedi:

-Sənədləriniz göstərin.

Baxdı. Soruşdu:

-Komandanı niyə axtarırsız? Axı sizə mühəndis-ihtehkamçı qoşunlarının qərargahı lazımdır?

Biz də cavab veririk:

-Bizi minaaxtaranlar vzvodunun komandiri kimi göndəriblər. Amma qərargahda saxlamaq istəyirlər. Biz isə yalnız vzvod komandiri olmaq isətəyirik, yalnız ön cəbhədə!

Bu zaman həmin zabit bizi yenə mühəndis-istehkam qoşunlarının qərargahına aparır. Uzun-uzadı söhbət edirlər, adamlar yığışır, hərə bir məsləhət verir, bəziləri hətta gülür. Biz isə inad göstəririk, öz sözümüzün üstündə durub deyirik ki, bizim əlimizdə təyinat var, biz yalnız minaaxtaranlar vzvodun komandiri olmalıyıq. O zaman bizi aparan həmin zabit hirslənib özündən çıxır:

-Xanım qızlar! Heç bilirsiz minaaxtaranların vzvod komandiri nə qədər yaşayır? Yalnız iki ay...

Biz təkrar edirik:

-Bilirik, buna görə də ön cəbhəyə getmək istəyirik.

Onların başqa yolları qalmır, bizə təyinat verirlər.

-Di yaxşı, biz sizi beşinci zərbə ordusuna göndəririk. Zərbəçi ordu nə deməkdir, yəqin ki, bilirsiz, elə adından məlumdur. Bu ordu daim öndə gedir...

Bizi o qədər qorxutdular ki... Biz isə sevinirdik, deyirdik:

-Razıyıq!

Beşinci zərbə ordusunun qəragahına gəlib çıxdıq. Orda hansızsa ziyalı kapitan oturub, bizi çox yaxşı qarşıladı. Lakin bizim ön cəbhəyə getmək niyyətmizi biləndə, özü də vzvod komandiri kimi, başını ikiəlli tutdu:

-Yox! Yox! Nə danışırsız? Sizin üçün burda, qərargahda iş taparıq. Zarafat edirsiz, nədir? Orda axı yalnız kişilərdir! Qadın gəlib komandir olacaq? Bu, ağılsızlıqdır! Nə danışırsız? Qəti olmaz!

Onlar qərargahda bizi düz iki gün dilə tutdular. Daha doğrusu...Yola gətirmək istədilər. Biz isə geri çəkilmədik: yalnız minaaxtaranlar vzvodunun komandiri! Öz sözümüzün üstündə durduq! Lakin bu hələ hamısı deyildi. Nəhayət...Nə oldu? Nəhayət, təyinat aldıq. Məni öz vzvodumun yanına gətirdilər... Əsgərlər baxırlar... kimi istehzayla, kimi nifrətlə... bəziləri isə çiyinlərini çəkib şaşqın haldadır... Hər şey aydın olur. Batalyon komandiri təqdim edir, deyir:

-Bizə yeni vzvod komandiri təyin ediblər!

Hammı heyrətdən uğuldayır:

-Uuuuuu!

Hətta biri "Tfuuu!" deyə yerə tüpürür.

Bir ildən sonra mənə Qırmızı Ulduz ordeni təqdim ediləndə elə həmin uşaqlar (sağ qalanları) məni əlləri üstündə dəyəyə gətirdilər. Onlar mənimlə qürur duyurdular.

Müharibənin rəngini soruşsanız, deyərəm ki, müharibə torpaq rəngində olur. İstehkamçı üçün! Qara, sarı, gilli torpaq rəngində olur müharibə...

Hardasa biz irəliləyirdik...Meşədə gecələyirik. Tonqal qaladıq, tonqal yanır, hamıda onun ətrafında sakit-sakit oturub, bəziləri hətta mürgü vurur. Məndə yuxulayıram, tonqala-baxa-baxa... Gözü açıq yatıram: hansısa ağcaqanadlar, mığmığalar vızıldaşırlar. Tonqalın ətrafında uçuşur, bütün gecəni vızıldaşırlar. Nə səs, nə hənirti var. Ağcaqandlar isə sakitcə elə tonqalın üstündəcə yox olurlar. Onları başqaları əvəz edir, onlar da uçuşurlar... Daha doğrusu...Elə biz də belə idik. Gedirdik. Yol gedirdik. Axınla gedirdik.

Mən iki aydan sonra ölmədim, iki aydan sonra yaralandım. Birinci dəfə yüngül yaralandım. Və beləcə ölüm haqqında daha fikirləşmədim..." Stanislava Petrovna Volkova, kiçik leytenant, minaaxtaran vzvodunun komandiri

"Uşaqlıqda... Mən öz uşaqlığımdan başlamaq istəyirəm...Müharibədə daha çox uşaqlıq çağlarımı xatırlamaqdan qorxurdum. Məhz uşaqlığımı...Müharibədə ən vacib şey nədir? Xatırlamaq olmaz! Zərif hisslər olmaz! Qadağandır!"

Hə, bax, uşaqlıqda atam mənim saçlarımı dibindən qırxmışdı. Bizi, qızlarla birlikdə müharibəyə aparanda saçlarımızı bərbərlər qırxanda, bax o mənim yadıma düşdü. Biz birdən-birə nərmə-nazik əsgərlərə çevrildik. Bəzi qızlarımız hətta qorxdular. Mənə isə adi gəldi, asanlıqla alışdım. Mənim təbiətim beləydi. Atam nahaq yerə köks ötürüb deməmişdi:

-Qız yox, oğlan böyüyür evimizdə.

Buna mənim bircə meylim səbəb olmuşdu ki, buna görə valideynlərimdən dəfələrlə şapalaq yemişdim. Qışda qarla örtülmüş Ob çayının üstündə təhlükəli deşiyin üstündən tullanardım. Dərsdən sonra atamın köhnə pambıq şalvarını götürüb geyinərdim və keçə çəkmələrə bağlayardım. Pambıq köynəyi də şalvarın içinə salıb kəmərlə möhkəmcə bərkidərdim. Başımda da qulaqlı papaq olardı, çənəmin altına qədər dartıb bağlayardım. Belə görkəmdə lap ayıya oxşayırdım. Adım-addım çayın qırağına gedərdim. Sonra var gücümlə qaçıb hündürlükdən qar yığınının içinə tullanardım...

Ehhh! Sən ozaman nə hisslər keçirirsən...Elə bil uçurumdan yuvarlanırsan, uçursan, başın qarın içinə batır, gizlənib qalırsan orda...Sənə ruh verir! Mənimlə bahəm o biri qızlar da bu hərəkəti edirdi, lakin onlarda belə asan alınmırdı... Gah ayaqları burxulur, gah da bərkimiz qara çırpılır, gah da nəsə bir hadisə baş verirdi. Mən isə oğlandan da çevik və yüngül idim.

Uşaqlığım barədə düşünürdüm...Çünki birbaşa qan barədə danışmaq istəmirəm... Lakin başa düşünürəm ki, bu vacibdir, bu, əlbəttə, vacibdir. Mən kitab oxumağı sevirəm. Mən başa düşürəm...

Biz qırx ikinci ilin sentyabr ayında Moskvaya gəldik...Bütün həftəni bizi dəmiryolunun həndəvərində gəzib-dolaşdıq. Biz Kuntsevo, Perova, Oçakova stansiyalarında qalırdıq, hər yerdə eşelonlardan qızlar düşürdülər. Necə deyərlər, "alıçılar" gəlirdilər, müxtəlif qoşun hissələrindən, qoşun növlərindən komandirlər gəlirdilər, bizimlə təbliğat işləri aparırdılar, bizə snayperliyi öyrədirdilər, sanitar təlimçiliyi, radistliyi izah edirdilər... Bütün bunlar məni yoldan çıxara bilmədi. Nəhayət bütün eşelondan on üçü nəfər qız qaldıq. Hamımızı bir isti qatara yerləşdirdilər. Cəmi iki vaqon qalmışdı- bizimki və qərargah vaqonu. Bizə iki gün heç kim yaxınlaşmadı. Biz gülürdük, mahnı oxuyurduq:"Unudulmuşuq!Atılmşıq!" Nəhayət, ikinci günün sonunda şeleon rəisiylə bərabər bizim vaqona sarı üç nəfər zabit gəlir.

"Alıcılar!" Onlar hündürboy, qamətli,çiyinlərində səliqəli aşırma qayışları olan zabitlər idi. Şinellləri səliqəli, çəkmələri par-par parıldayırdı, mahmızları da vardı! Belə de! Belələrini heç vaxt görməmişdik! Onlar qəragha olan vaqona girdilər, biz də qulağımızı divara dayayıb qulaq asmağa başladıq. Görəsən nə danışacaqlar? Rəis bizim siyahını göstərirdi və qısa xarakteristika verirdi: bax, filankəs filan yerdəndir, təhsili var... belədir... Nəhayət, eşitdik: hamısı münasibdir!

Bu vaxt rəis vaqondan düşüm əmr elədi ki, sıraya düzlənək. Soruşdular:

-Döyüş sənətini öyrənmək istəyirsiz?

Necə yəni istəyirik! Əlbəttə! Özü də lap çox istəyirik! Arsulayırıq! Hətta qızlarımızdan heç biri soruşmadı: harda və necə?

Əmr verildi:

-Baş leytenant Mitropolskiy, qızları məktəbə aparın!

Hər birimiz öz torbasını çiyninə saldı, iki-iki getdik, bizi Moskva küçələri ilə zabit apardı. Sevimli Moskva... Paytaxt....Hətta bu ağır günlərdə də gözəl idi... Doğma Moskva... Zabit iti addımlarla gedirdi. Addımları iriydi, bizi ona çata bilmirdik. Yalnız Qələbənin otuz illiyində Sergey Fyodoroviç Mitropolskiy Moskvada görüş zamanı bizə-Moskva hərbi-mühəndislik məktəbinin kursantlarına- etiraf etdi ki, Moskva küçələri ilə bizi apardığına görə utanırmış. O, çalışırdı ki, bizdən bir qədər aralansın, ona diqqət yetirməsinlər. Bu qız dəstəsinə... Biz bunu başa düşmürdük...bilmirdik bunu və demək olar ki, qaça-qaça ona çatmaq istəyirdik. Görünür biz yaxşı olmuşuq!

Belə!..Elə məşğələlərin ilk günlərində mənə növbədənkənar iki naryad verdilər:gah auditoriyanın soyuq olması, gah da bir başqa şey məni qane etmirdi. Bilirsiz də... məktəbli vərdişləri... Və beləcə layiqli cəzamı aldım- növbədənkənar bir naryad, sonra ikincisini... Sonrdan daha tez-tez naryad verildi mənə.

Küçədə qarovula düzüləndə kursantlar məni görüb gülürdülər: şatatlı növbətçi! Onlara əlbəttə, gülməli gəlirdi. Mənsə məşğələlərə getmirdim, gecələr yatmırdım. Gündüzlər isə bütün günü kətilin yanında qapıda durur, gecələr isə mastikayla kazarmanı silirdim. Necə olurdu? İndi izah edərəm... Lap təfsilatıyla başa salaram... O zaman lif süpürgəsi, yaxud ona oxşar süpürgə-filan yox idi. O zamanlar... Hamı yatandan sonra çəkmələrini çıxarırdın ki, mastikaya bulaşmasın, ayaqlarını köhnə şinelin parçalarıyla sarıyırdın, elə bil lapta düzəldirsən, iplə bağlanmış lapta... Mastikanı döşəmənin hər yerinə səpələyirsən, şotkayla silməyə başlayırsan, kapronla yox, saçaqlı şotkayla, tüklər də çıxıb yapışır döşəməyə... və bundan sonra ayaqlarınla başlayırsan silməyə...Döşəmə güzgü kimi parıldamalıydı... Sən də beləcə bütün gecəni elə bil rəqs edirsən! Ayaqların uöuldayır, taqətdən düşür, tərdən gözlərin də islanır, belini bel əyə bilmirsən! Səhər isə heç gücün qalmır rotaya qışqırasan: "Rota, qaaalxxx!" Gündüzlər də oturmaq olmur, çünki növbətçi bütün günü ayaq üstə tumbanın yanında durmalıdır. Bir dəfə mənimlə qəribə bir hal baş verdi... Fülməli... Durmuşam tumbanın yanında, kazarmanı silib-yığışdırıb təzəcə qurtarmışdım...Özü də elə yatmaq istəyirdim ki... Yuxum gözümdən tökülür, hiss edirəm ki, indi yıxılacağam...Tumbanın üstündə oturub yuxuya getdim. Birdən eşidirəm ki, kimsə qapını açıb içəri girir, dik atıldım və qarşımda batalyon üzrə növbətçini gördüm. Mən də əlimi başıma uzadıb məruzə edirəm:

-Yoldaş baş leytenant, rota istirahətdədir!

O da gözlərini bərəldib mənə baxır və gülməkdən özünü güclə saxlayır. Və birdən mən başa düşdüm ki, axı mən solaxayam və qeyri-ixtiyari sol əlimi papağıma sarı aparmışam, salamlaşmaq üçün. Dərhal çalışdım ki, əlimi dəyişim, artıq gec idi. Yenə cərimələndim.

Mənə uzun müddət çatmırdı ki, bu hansısa oyun deyil, nə də məktəbdir! Bura hərbi məktəbdir. Müharibəyə hazırlıqdır! Komandirin əmri tabeçilikdə olan əsgər üçün qanundur!

Sonuncu imtahanda yadımda sonuncu sual qalıb:

-Minaaxtaran həyatda neçə dəfə səhv edir?

-Minaaxtaran həyatda bir dəfə səhv edir.

-Bax belə... qızım...

Ardınca isə adi hərbi qaydada müraciət:

-Azadsınız, kursant Bayrak!

Beləliklə, müharibə... Əsl müharibə...

Məni vzvoduma gətirdilər. Komanda verildi: Vzvod, düzlən! Vzvod isə heç yerindən tərpənmək istəmir, vecinə deyil. Kimi uzanıb, kimi papiros çəkir, kimi kolların arasında xışıltı salıb. Nə isə... özlərini elə aparırlar ki, guya məni görmürlər. Onlara ayıb gəlirdi. Ayıb gəlirdi ki, hər şeyi görən kişilər-kəşfiyyatçılar hansısa iyirmi yaşında olan bir qıza tabe olmalıdırlar. Mən bunu yaxşı başa düşürdüm və məcbur olub əmr verdim:Azad!

Birdən atəş başladı... Gölməçəyə tullandım, şinelim də lap təzəydi, aşağıya əylib palçığa batdım, böyürdə isə əriməmiş qar var. Cavanlar üçün nə var ki! Şinel həyatdan qiymətlidir! Qıza bax da, gic! Və mənim əsgərləeim də gülürlər.

Belə... Mühəndis kəşfiyyatı nə deməkdir? Döyüşçülər gecə neytral zonada bir-iki xəndək qazırdılar. Dan yeri sökülməmiş mən bir bölmə komandiriylə həmin xəndəyə süründük. Döyüşçülər isə bizi maskirovka edirlər, yəni üstümüzü örtürlər. Beləcə biz bütün günü orda uzanıb qalırıq, artıq hərəkət-filan eləmirik, qorxuruq. İki saat ötür, artıq əl-ayaq donmağa başlayır, halbuki gön dəridən olan çəkmə və yun gödəkçədəsən. Dörd saatdan sonra isə hazır sırsıra olursan! Qar yağır... Qar qıza dönürsən...Və bütün bunlar qışda baş verir. Yayda isə istidə qalırsan, ya da yağışın altında uzanıb qalırsan xəndəkdə. Bütün günü izləyirik, diqqətlə müşahidə edirik, ön cəbhənin müşahidə xəritəsini tərtib edirik: yer səthi hansı yerlərdə dəyişikliyə məruz qalıb? Əgər təpəciklər və ya qabarcıqlar, yaxud da kəsəklər əmələ gəlibsə, qar çirklənibsə, ot-ələflə qarışıbsa, elə bizə də bu lazımdı... Bizim hədəfimiz...Aydındı:o yerlərdə alman istehkamçıları mina basdırıblar. Ora minalanmış sahədir. Əgər onlar sahəni məftil çəpərə alıblarsa, deməli onun eni və uzununu müəyyən etmək lazımdır. Hansı minalardan istifadə ediblər- piyada əleyhinə, tank əleyhinə, yaxud mina-sürprizlərdir? Biz düşmənin atəş nöqtələrini müəyyənləşdirirdik...

Ordumuzun hücumundan qabaq biz gecələr işləyirdik. Yerləri qarış-qarış yoxlayırdıq. Minalanmış sahələrdən dəhlizlər açırdıq. Bütün günü də yerin üzündə qarnı üstə, kürək əlimizdə... Mən də bir məkikçi kimi gah bu bölmədə, gah da o biri bölməyə baş vururdum. Mənim "minalarım" həmişə çox olurdu.

Müxtəlif hadisələr baş verirdi...Lap kino çəkmək olar... Çoxseriyalı film...

Zabitləri səhər yeməyinə dəvət eləmişdilər. Mən də razılıq verdim, adətən istehkamçılara isti yemək nəsib olmurdu, biz əsasən ayaqaltında qalırdıq, yəni torpağın içində yaşayırdıq. Hamımız mətbəx süfrəsi arxasında olanda rus sobasına diqqət yetirdim, qapaqla örtülmüşdü. Yaxına gəldim və qapağa baxmağa başladım. Zabitlər araya qoyub sataşırlar: qadına bax da, bardaqlarda da gözünə mina görünür! Mən də zarafata cavab verirəm və dərhal görürəm ki, aşağıda, qapağın sol tərəfində xırda bir deşik var. Diqqətlə baxıram və görürəm ki, nazik bir məftil var və düz peşin içinə girir. Və dərhal oturanlara sarı dönüb deyirəm:

-Ev minalanıb! Evi tərk edin!

Zabitlər susdular. Heç kəsin durmağa həvəsi yoxdu. Ətdən qoxu gəlir, qaynadılmış kartof...

Yenə təkrar etdim:

-Dərhal otağı tərk edin!

Sonra minatəmizləyənlərlə başladıq işə. Əvvəlcə qapağı götürdük. "Məftili" qayçıyla kəsdik... Orda nə gördük? Orda... Sobanın içində iplə bağlanmış bir neçə bəzəkli litrlik krujka var. Əsgərin arzusu! Qazançadan da yaxşıydı! Sobanın dibində isə qara kağıza bükülmüş iki iri bağlama var. İyirmi kilo partlayıcı maddə. Bu da sənin bardağın!

Ukraynada gedirdik. Bura Stanislavskaya vilayəti idi, indiki İvano-Frankovsk. Vzvod tapşırıq aldı: hansı vasitəylsə zavodu minalayıblar, əgər saat mexanizmi qurulubsa onda hər an partlayış baş verə bilər. İti addımlarla tapşırığı icra eləməyə girişdik. Hava istiydi, yüngül geyimdəydik. Sırayla gedirik. Uzaqvuran artilleriyaçıların yanından ötəndə birdən xəndəkdən biri çıxıb qışqırdı: Hava hücumu! Rama!

Mən xəndəkdən başımı qaldırıb göyə baxıram. Heç bir təyyarə görmürəm. Ətraf sakitlikdir, səs-küy yoxdu. Bəs o "rama" hardadı? Birdən mənim istehkamçılarımdan biri xahiş elədi ki, sıradan çıxsın. Görürəm ki, o, həmin xəndəyə sarı gedir və xəndəyə düşüb həmin artilleristin qulağının dibinə bir şillə vurur. Heç nə başa düşmədim və bu zaman artilleriyaçı qışqırdı:

-Qardaşlar, bizimkiləri vururlar!

Xəndəklərdən o biri artilleriyaçılar çıxdılar bizim istehkamçını mühasirəyə aldılar. Mənim bzbodum çox fikirləşmədi, minaxtaranları, torbalarını və kürəklərini tullayıb xəndəyə cumdular ki, yoldaşlarını müdafiə eləsinlər. Dava başladı. Mən başa düşmürəm nə olub? Başa düşmürəm ki, vzvod nə üçün davaya atılıb! Bizim üçün hər an qiymətliydi, burda isə davadır... Əmr verirəm:

-Vzvod düzlən!

Heç kim mənə məhəl qoymur! O zaman tapançamı götürüb havaya bir güllə atdım. Blindajdan zabitlər çıxıb gəldilər! Hamını sakitləşdirənə kimi bir müddət keçdi. Mənim vzvoduma bir kapitan yaxınlaşdı, soruşdu:

-Kimdi başçı?

Mən məruzə elədim. Onun gözləri bərəldi və hətta özünü də itirdi. Sonra yenə soruşdu:

-Nə baş verib burda?

Cavab verə bilmədim. Həqiqətən səbəbini bilmirdim. O zaman mənim köməkçim çıxıb nə baş verdiyini danışdı. Onda bildim ki, "rama" nə deməkdir. Sən demə "rama" ayıb sözdü və qadına aiddir. Nəsə "fahişə" sözünə yaxındır. Cəbhə söyüşlərindəndir...

Bilrsiz...Biz açıq söhbət edirik. Təmiz danışırıq... Mən müharibədə nə sevgi, nə uşaqlıq barədə düşünürdüm. Çalışırdım yadıma salmayam bunları. Ölüm barədə də eləcə. Təmiz söhbət edirik də, mmmm! Hə, bax... Dedim artıq, mənim yaşamaq çoxlu qadağan olunmuş duyğularım vardı. Xüsusən bütün zərif və qılıqlı şeyləri özümə qadağan eləmişdim. Hətta bunlar barədə düşünməyi də! Xatırlamağı da!

Yadımdadı ki, Lvovu azad edəndən sonra ilk dəfə bizə bir neçə günlük istirahət verdilər. Yəni bir neçə gecəlik! İlk dəfə olaraq bütün müharibə ərzində... Şəhər kinoteatrında batalyon kinofilmə baxırdı. Yumşaq kreslolarda oturmaq adama qəribə gəlirdi. Gözəl şərait görmək, rahatlıq, sakitlik... bunlar hamısı qəribə gəlirdi adama... Film başlamışdan orkestr çaldı, artistlər çıxış elədi. Foyedə rəqs başlandı. Poleçka, krakovyak, padespa r əqsləri oynadılar, şübhəsiz, daha sonra da rus rəqsləri. Xüsusilə mənə müsiqi təsir elədi... İnanmağım gəlmirdi ki, hardasa vuruşurlar, güllə atırlar və biz də tezliklə yenə ön cəbhəyə gedəcəyik. İnanmağım gəlmirdi ki, ölüm hardasa yanımızda gəzib-dolaşır.

Artıq bir gündən sonra mənim vzvoduma əmr edildi ki, dəmir yoluna qədər gedən bir məsafəni minadan təmizləmək lazımdır. Orada bir neçə maşın minaya düşüb partlamışdı. Minalar... Şosse yolunun qırağıyla kəşfiyyatçılar minaaxtaranlarla birlikdə yola düzəldi. Soyuq yağış çiləyirdi. Hamı su içində olmuşdu. Mənim çəkmələrim şişmişdi, ağırlaşmışdı, elə bil altlığı dəmirdən idi. Mən çineli qatlayıb kəmərlə belimdən bağlamışdım ki, ayaqlarıma ilişməsin. Məndən qabaqda Nelka adlı itim gedirdi.Boğazına qayış bağlamışdım, əlımdə idi. Mina, ya da nəsə bir sursat tapsaydı yanında oturacaq və gözləyəcəkdi.Ta ki, o yeri minadan təmizləyənəcən. Mənim sədaqətli dostum... Budur, Nelka oturdu... Gözləyir və zingildəyir... Bu tərəfdən də xəbər verirlər: leytenant, general çağırır! Geri boylanıb baxıram-kənd yolunun qırağında bir "villis" durub gözləyir. Mən dərhal yol qırağındakı arxı tullanıram və şinelimin ətəklərini düzəldirəm, kəmərimi bərkidirəm və papağımı düzəldirəm. Buna baxmayaraq mənim görkəmim heç də ürəkaçan deyil.

Maşına sarı qaçıram, qapını açıb məruzə edirəm:

-Yoldaş general, sizin sərəncamınıza...

-Azad! -deyə dillənir.

Amma "düzlən" əmri verilən formada durmuşam. General heç mənə tərəf baxmadı, maşının şüşəsindən yola baxır. Əsəbidir, tez-tez saatına baxır. Mən isə durmuşam, gözləyirəm. O isə buyuruqçusuna üzünü çevirib soruşur:

-Hanı bəs o minaaxtaranların komandiri?

Mən yenə məruzə eləmək istəyirəm:

-Yoldaş general...

Və nəhayət o mənə sarı dönüb:

-Dayan bir, sən mənim nəyimə lazımsan?

Mən hər şeyi başa düşdüm və gülməkdən özümü güclə saxladım.

Onun buyruqçusu da tez başa düşdü məsələni və dedi:

-Yoldaş general, bəlkə elə o qızdır komandir?

General gözlərini mənə tuşladı.

-Sən kimsən?

-Minaaxtaranlar vzvodunun komandiri, yoldaş general!

-Sən vzvod komandirisən?- general heyrətləndi.

-Bəli, yoldaş general!

-Sənin minaaxtaralarındı işləyənlər?

-Elədir ki, var, yoldaş general!

-Nə "general-general" salmısan?!..

Maşından düşdü. Bir neçə addım irəli getdi, sonr mənə sarı dönüb yerində durdu. Başdan-ayağa məni süzdü. Və köməkçisinə:

-Gördün?

Məndən isə soruşdu:

-Sənin neçə yaşın var, leytenant?

-İyirmi, yoldaş general!

-Hardansan?

-Sibirliyəm.

Sonra məni uzun-uzadı sorğu-sula tutdu, təklif elədi ki, onların tank qoşunları hissəsinə keçim. Mənim pis görkəmdə olduğuma qəzəbləndi-mən buna yol vermərəm, dedi. Sonra dedi ki, onlara minaaxtaranlar su və hava kimi lazımdır. Sonra da məni kənara çəkib meşəni göstərdi:

-Bax, orda durublar mənim tanklarım. Mən istəyirəm onları bu dəmir yolundan keçirim. Relslər və şpallar çıxarılıb, lakin yol minalana bilər. Tankçılara xidmət elə, yolları yoxla. Burdan ön cəbhəyə keçmək daha rahat və yaxındır. Qəfil zərbənin nə olduğunu bilirsən?

-Bəli, bilirəm, yoldaş general.

-Onda salamat qal, leytenant. Hökmən qələbəyə qədər sağ qal. Artıq qələbə yaxındadır. Başa düşürsən də!

Dəmiryolu doğurdan da minalanmışdı. Biz yoxladıq. Hamı qələbəyə qədər yaşamaq istəyirdi...

Qırx dördüncü ilin oktyabrında bizim batalyonumuz iki yüz onuncu minaaxtaranlar dəstəsinin tərkibində Dördüncü Ukrayna cəbhəsinin qoşunlarıyla birgə Çexoslovakiya ərazisinə girdi. Hər yerdə bizi sevinclə qarşıladılar. Bizə gül dəstələri, meyvə, siqaret qutuları atırdılar... Yollara xalçalar döşənmişdi... Qızın vzvod komandiri olması və kişilərə rəhbərlik eləməsi və üstəlik də özü minaaxtaran olması sensasiya yaratmışdı. Mənim saçlarım oğlansayağı vurulmuşdu, şalvarda və kiteldə gəzirdim, yerişim dəyişmişdi, kiçi yerişlərinə bənzəyirdi, bir sözlə yeniyetmə gəncə oxşayırdım. Hərdən kəndə at belində gedirdim, bu zaman məni tanımaq və fərqləndirmək daha çətin olurdu-lakin qadınlar fəhmlə mənim qadın olduğumu anlayır və mənə daha çox diqqətlə baxırdılar. Qadın fəhmi... Gülməliydi...Əntiqəydi! Mən qalacağım mənzilə gəldim və ev sahibəsi bildi ki, sakinoi zabitdir, amma kişi deyil. Təəccübdən hamının ağzı açıq qalmışdı... Səssiz kinoydu! Lakin mənə bu... M-m.... Mənim hətta xoşuma da gəlirdi bu... Onları təəccübləndirmək mənim xoşuma gəlirdi... Polşada da belə oldu. Yadımdadı, bir kənddə qoca arvad mənim başımı tumarladı. Mən də başa düşürdüm: "Ço pani roqi na mne şuka?" Yəni, o qadın çox təəccüb edirdi və deyirdi ki, heyf, mənə sadəcə yazığı gəlir, "belə cavan qız olasan?"

Minalar isə hər addımda... Çox idi minalar. Bir dəfə bir evə girdik, kimsə xrom çəkmə gördü, şkafın yanındaydı... Əlini uzatmaq istəyirdi ki, baxsın, birdən aydın oldu ki, onlar minalanıblar. Rastımıza minalanmış kreslolar, komodlar, kuklalar, çilçıraqlar... çıxırdı. Kəndlilər xahiş edirdilər ki, pamidor, kartof, kələm çərgələrini minalardan təmizləyək. Vzvodumuz bir kənddə taxıl zəmisini minalardan təmizləməli oldular, hətta dərz bağlamaq üçün toxmaqları da yoxladılar.

Beləcə Çexoslovakiya, Polşa, Macarısatan, Rumıniya, Almaniyaya qədər gəldim...Lakin yaddaşımda təəssüratlar çox az qalıb, əsasən yerlərdə görməli yerlər şəkil kimi yadımda qalıb...Qaya parçaları...Hündür otlar...Onlar doğrudanmı hündür idilər? Bəlkə elə bizə elə gəlib? Çünki onları ötüb keçmək çox çətin idi, oralarda burğu şupları və minaaxtaranlarla işləmək çox əziyyətli idi. Köhnə otlar...Kolları pitraq basıb... Yadıma çoxsaylı çaylar və yarğanlar düşür. Meşə çəngəllikləri, tamam məftillərlə əhatələnmiş sahələr, mina basdırılan yerlərin pöhrələnməyi...Bxımsız çiçək ləkləri...Orda daim mina gizlədilirdi. Almanlar çiçək ləklərini sevirdilər. Bir dəfə qonşu sahədə belə kartof qazıb çıxarırdılar, biz də böyürdə mina axtarırdıq...

Rumıniyada Dej şəhərində bir gənc rumın qadının evində qalırdım, o rusça yaxşı danışırdı. Məlum oldu ki, nənəsi rusdur. Qadının üç uşaq vardı. Əri cəbhədə həlak olmuşdu. Rumıniya könüllülər diviziyasında vuruşurmuş. Lakin o qadın gülməyi xoşlayırdı, şənlənməyi sevirdi. Bir dəfə məni də özüylə bərabər rəqsə dəvət elədi. Öz paltarlarını mənə təklif elədi. Cazibə qüvvəsi böyük idi. Mən şalvar, gimnastyorka, xrom çəkmə geyinmişdim, bütün bunların üstündən isə rumın milli kostyumu: uzun ətəkli yun köynək, zolaqlı dar yubka, arxadan da qara belbağı. Başıma güllü iri qotazlı şal bağladım. Mən bütün yayı dağlarda sürünmüşdüm və sifətim qapqara qaralmışdı, yalnız saçlarımdan ağ tellərim görünürdü. Burnumun qabığı soyulmuşdu və əsl rumın qızlarına oxşayırdım. Rumın qızına...

Onların klubu yox idi və gənclər bir nəfərin evinə yığışırdılar. Biz gələndə artıq musiqi çalınırdı, rəqs oynayırdılar. Mən demək olar ki, batalyonumuzun bütün zabitlərini orda gördüm. Əvvəlcə qorxdum ki, məni tanıya bilərlər, ifşa edərlər, buna görə də uzaqda oturdum, özümə diqqəti cəlm elətdirmədim, bir qədər də yaylıqla üzümü örtdüm. Heç olmasa baxmaq istəyirdim... Hə, uzaqdan baxaram da...Lakin məni bir neçə dəfə rəqsə dəvət edəndən sonra bizim zabitlərdən biri dodaqlarımı boyadığıma görə, qaşlarıma sürmə çəkdiyimə görə məni tanımadı, və bütün bunlar mənə gülməli gəldi, şənləndim. Ürəkdən şənləndim... Mənə gözəlsən deyəndə xoşuma gəlirdi. Komplimentlər eşidirdim... Rəqs oynadım, çoxlu rəqs oynadım...

Müharibə qurtardı amma biz hələ bir il də sahələri minadan təmizlədik, gölləri, çayları təmizləyirdik. Müharibədə hər şeyi suya tullayırdılar. Əsas məsələ o idi ki, hədəfi tapasan. Vaxtında. İndi isə başqa şeylər barədə düşünməliydin... Həyat haqqında fikirləşməliydin... Minaaxtaranlar üçün müharibə müharibədən bir neçə ildən sonra bitdi, onlar hamıdan çox döyüşdülər. Qələbədən sonra partlayış gözləmək bilirsiz nədir, hə? Bu anı gözləmək... Yox, yox!... Qələbədən sonrakı ölüm ən dəhşətli ölümdür. İki dəfə ölürsən!

Bax belə!.. Qırx altıncı ildə yeni il gecəsi mənə hədiyyə verdilər: on metr qırmızı sətin parça! Mən güldüm:

-Axı bu mənim nəyimə lazımdır? Məgər tərxis olunandan sonra özümə qırmızı don tikəcəyəm? Qələbə donu!

Gözləyirdim... Tezliklə mənim tərxis olunmağım barədə əmr gəldi. Mənə batalyonda təntənəli yolasalma mərasimi təşkil elədilər. Gecədə zabitlər mənə nazik saplarla toxunmuş iri mavi dəsmal bağışladılar. Bu dəsmala görəı mən mavi dəsmal haqqında mahnını oxumalıydım. Və mən həmin gecə onlar üçün oxudum.

Qatarda temperaturum qalxdı. Sifətim şişdi, ağzım açılmırdı. Ağıl dişlərim çıxırdı.... Mən müharibədən qayıdırdım..." Appolina Nikonovna Litckeviç-Bayrak, kiçik leytenant, minaaxtaranlar vzvodunun komandiri

Bircə dəfə baxaydım...

İndi isə sevgi barədə hekayət olacaq...

Sevgi insanın müharibədə yeganə şəxsi hadisəsidi. Ondan qalan hər şey, hətta ölüm də ümumidir.

Mənim üçün gözlənilməz nə oldu? Onlar ölümdən daha çox sevgi barədə açıq-aşkar danışırdılar. Bax bu! Hər dəfə də nəyisə sübut etmirdilər, elə bil müdafiə olunurdular; hər dəfə də hardasa xəttin kənarında dayanırdılar, sərhəddi keçmirdilər...Onu sayıqlıqla qoruyurdular. Onlar arasında gizli bir razılaşma vardı- burdan oyana olmaz! Pərdə dərhal örtülürdü. Nədən müdafiə olunurdular- anlaşıqlı idi, müharibədən sonrakı incikliklərdən və böhtanlardan. Axı onlara olan olmuşdu! Müharibədən sonra onlar üçün bir müharibə də oldu, bu müharibə o birindən heç də az dəhşətli olmadı. Əgər kimsə axıradək səmimi olmağa qərar verirdisə, məyusedici etiraflar yağışı yağırdı və mütləq sonda bir xahiş edirdi: "mənim familyamı dəyişdirin", ya da "bizim dövrümüzdə bu barədə açıq danışmaq olmazdı... ayıb sayılardı..." deyirdi. Mən daha çox romantik və faciəvi səslər eşidirdim.

Əlbəttə, bu bütün həyat və bütün həqiqət deyil. Lakin bu, onların həqiqətidir. Müharibə nəslinin yazıçılarından birinin doğru-dürüst etirafı kimi:"Lənətə gəlsin müharibəni- bizim ulduz vaxtımızı!" Bu parol idi, onların həyatına dair ümumi bir epiqraf idi.

Bütün hallarda: orda -müharibədə sevgi necə olub? Ölümün bir addımlığında... o necə olub?

Axmaq qadın və may qızılgülləri

"Müharibə sevgimi əlimdən aldı...Mənim yeganə sevgimi...

Şəhəri bombalayırdılar. Bacım Nina mənim yanıma qaçdı, xudahafizləşirik. Artıq fikirləşirik ki, bir daha görüşməyəcəyik. O mənə deyir:

-Mən sanitar drujinaçılara qoşulmaq istəyirəm. Amma bilmirəm onları necə tapım...

Yadımdadı: mən ona baxdım, yay idi, onun əynində yüngül paltar vardı və mən onun sol çiynində xal işarəsi gördüm. O mənim doğma bacım idi, mənsə onu ilk dəfə idi ki, görürdüm. Ona baxıram və fikirləşirəm:"Mən səni hər yanda tanıya bilərəm".

Elə kəskin bir hiss idi ki... Elə bir məhəbbət idi ki... Qəlbin şövqlənir...

Minskdən hamı çıxıb gedirdi. Yolları atəşə tuturdular, meşələrlə gedirdik. Hardasa qız səsi eşidirəm, qışqırır: "Ana, müharibə!" Bizim hissəmiz geri çəkilir. Biz də geniş bomboş sahələrlə gedirik, sünbüllər boy atıb, yolun kənarında isə bir kəndli koması görünür. Artıq Smolenskdir... Yolun kənarında bir qadın durub, adama elə gəlir ki, bu qadın öz daxmasından hündürdür, əynində rus milli bəzəkləri olan kətan don var. Qadın xaç işarəsi vurur və başını aşağı əyir, əsgərlər gedirlər, qadın isə baş əyir, deyir: "Qoy Allah sizi evinizə qaytarsın!". O qadın demək olar ki, hər bir əsgərin önündə baş əyir, bu sözləri deyir. Hamının gözləri yaşarmışdı...

Mən o qadını bütün müharibə boyu yaddan çıxara bilmədim... Başqa bir hal... bu da Almaniyada oldu. Biz almanları qovurduq. Hansısa qəsəbəyə girmişik...Həyətdə iki ləçəkli alman qadını oturmuşdu, kofe içirdilər. Elə bil heç müharibə-zad olmamışdı... Mən düşündüm:"İlahi, bizim evlər dağıdılıb, bizdə xarabalıqlar, adamlar torpağın üstündə yatır, ot yeyirlər, siz isə burda oturub kofe içirsiz!" Bizim maşınlar böyürdən ötürlər, əsgərlərimiz gedirlər... O qadınlar isə kofe içirdilər...

Sonralar mən öz ölkəmizdə yol gedirdim... Nə gördüm? Kənd əvəzinə yerində bircə soba qalıb. Qoca bir kişi oturub, arxada üç nəvəsi ayaq üstə durub, görünür, həm oğlunu, həm də gəlinini itirib. Qoca arvadı da çör-çöp yığır, sobanı qalasın. Kürkünü asıb, deməli, meşədən gəliblər. Və o sobanın üstündə bişirilməyə heç nə yox idi.

Bax belə bir kəskin hisslər... Belə bir sevgi...

...Bizim eşelon dayandı. Yadımda deyil, nə baş vermişdi- ya yolları təmir edirdilər, ya da parovozu dəyişirdilər...Mən də bir tibb bacısıyla oturmuşam, böyrümüzdə də iki əsgər kaşa bişirir. Hardansa iki alman əsiri bizə yaxınlaşır, başlayırlar yalvarmağa ki, onlara yemək verək. Bizdə çörək vardı. Biz çörəyi yarı böldük və onlara verdik. Kaşa bişirən əsgərlər isə bizim hərəkətlərimizi müzakirə edirlər, mən bunları eşidirəm:

- Ora bax, həkimlər bizim düşmənə çörək verirlər!

Nəsə bu ovqatda söhbət edirlər, deyirlər: onlar nə bilir əsl müharibə nədir! Oturublar hospitalda, hardan bilsinlər axı?!..

Bir müddət keçir, artıq o biri alman əsirləri həmin əsgərlərimizə yaxınlaşırlar və həmin o əsgər, bir az əvvəl bizi məzəmmət edən, alman əsrlərindən birinə deyir:

-Nə var, yemək istəyirsən?

Əsir isə durub baxır...Gözləyir. O biri əsgərimiz isə çörək buxankasını yoldaşına uzadır, deyir:

- Di yaxşı, kəs ver ona bir parça...

Həmin əsgərimiz də bir parça çörək kəsib almana verir. Almanlar çörəyi götürürlər, amma getmirlər, dayanıblar, görürlər ki, kaşa bişir.

-Yaxşı, kaşa da ver onlara...- əsgərlərdən biri deyir.

-Axı hələ hazır deyil!

-Eşitdinizmi?

Almanlar sanki başa düşürlər, durub gözləyirlər. Əsgərlər kaşaya sala tökdülər, sonra da əsirlərə konserv qutularında kaşa verdilər.

Bax, bu da rus əsgərinin ürəyi. Onlar bizi mühakimə edirdilər, amma özləri də əsirlərə çörək verdilər, hələ bir kaşa da... Bax mənim yadımda qalan anlar bunlardır...

Və elə bir kəskin hissdir ki... Elə güclü...duyğulardır...

Müharibə çoxdan qurtarmışdı... Mən sanatoriyaya hazırlaşırdım... Karib böhranı vaxtıydı. Dünyada yenə gərginlik artmışdı. Hər şey yırğalanırdı. Çamadanımı hazırlayıram, paltarlarımı götürdüm, koftalarımı büküb qoydum. Mənə elə gəlir ki, heç nəyi yaddan çıxarmamışam... Çantamı götürürəm, sənədlərimlə birlikdə, ordan hərbi biletimi də götürürəm. Düşünürəm:"Ola bilsin nəsə baş versin, ordan birbaşa hərbi komissarlığa gedərəm!"

Mən artıq dənizdəyəm, istirahət edirəm. Stol arxasında kiməsə söylədim ki, bura gələndə özümlə hərbi biletimi də götürmüşəm. Elə belə dedim, heç bir şərhsiz-filansız. Bizim stolda oturan kişilərdən biri elə həyəcanlandı ki, gəl görəsən. Dedi:

-Yox, yalnız rus qadını sanatoriyaya gedəndə hərbi biletini götürər və düşünər ki, əgər bir müharibə-zad olsa, dərhal hərbi komissarlığa getsin!

Mən onun həyəcanlı çıxışını yaxşı xatırlayıram. Onun qürurla və fəxarət hissiylə söylədiklərini... Beləcə ərim mənə baxırdı. O baxışlarla baxırdı mənə ərim...

Uzun girişə görə məni bağışlayın...Mən ardıcıl danışa bilmirəm. Fikirlərim həmişə səpələnir, qaçır, hisllərim coşur-daşır...

Mən ərimlə bahəm cəbhəyə getdim. İkimiz bir yerdə.

Çox şeyi unutmuşam. Halbuki hər gün xatırlayıram, hər gün...

Döyüş qurtarmışdı...İnanmırdın ki, sakitlikdir. O, çəmənliyi əliylə sığallayırdı, çəmənlik yupyumşaq idi... Sonra mənə baxdı. Baxdı... Elə baxışlarla baxdı ki...

Onlar qrupla kəşfiyyata yollandılar. İki gün gözlədik onları... İki gün yatmadım...Mürgü vururdum. Gözlərimi açıb görürəm ki, o, mənim yanımda oturub, mənə baxır. "Yıxıl yat" deyir. Mənsə "yatmağa heyfim gəlir" deyirəm.

Elə bir kəskin hisslər idi ki... Elə bir sevgiydi ki... Ürək şövqlənirdi...

Çox şeyləri unutmuşam. Demək olar ki, hər şeyi unutmuşam. Amma düşünürdüm ki, unutmayacağam. Heç vaxt unutmayacağam.

Biz artıq Şərqi Prussiyadan ötüb keçirdik. Artıq hamı Qələbə barədə danışırdı. O isə həlak oldu... Bir dəqiqənin içində... Qəlpədən... Qəfil və ani ölüm. Bir saniyədə baş verdi. Mənə dedilər ki, onları gətiriblər... qaçdım... Mən onu qucaqladım, qoymurdum onu götürsünlər. Qoymurdum basdırmağa...Müharibədə dərhal və tez basdırırlar; gündüz ölübsə, dərhal bütün ölənləri yığırdılar və böyük bir xəndək qazırdılar, qoyurdular hamısını xəndəyə və üstünü də torpaqla örtürdülər. Bəzən də elə olurdu ki, üstünə quruca qum tökürdülər. Və bu quma çox baxsaydın, görərdin ki, qum tərpənir. Titrəyir. Qum dalğalanır. Çünki orda... Çünki orda mənim üçün hələ də canlı insanlar yatırdı; onlar bir az əvvəl sağ idilər, canlıydılar...Mən onları görürəm, mən onlarla söhbət edirəm...İnanmıram... Biz daim gedirik, irəliləyirik, amma inanmırıq ki, onlar ordadır... Harda?

Mən qoymadım onu dərhal basdırsınlar. İstəyirdim ki, bir gecə də saxlayım, birlikdə bir gecə də olaq. Onun yanında oturmaq istəıyirdim. Baxmaq istəyirdim ona... Onu sığallamaq istəyirdim...

Səhər...Qərara aldım ki, onu evə aparım. Belarusiyaya. Bu isə bir neçə min kilometrdir. Hərbi yollar...Qarışıqlıq...Hamı elə bildi ki, mən dəli olmuşam. "Sən sakitləşməlisən. Yatmalısan." deyirdilər. Yox! Yox! Mən gah bu generalın, gah da o generalın yanına getdim. Axırda cəbhə komandanı Rakassovskinin yanına getdim. Əvvəlcə imtina elədi...Fikirləşdi ki, başı xarab olub bu qadının! Qardaşlıq məzarlarında nə qədər adam yatır, yad torpaqlarda...

Bir də cəhd elədim, qəbuluna düşdüm.

-İstəyirsiz, mən sizin qarşınılzda diz çöküm?

-Mən sizi başa düşürəm... Lakin o, artıq ölüb...

-Mənim ondan uşağım yoxdur. Bizim evimiz yanıb kül olub. Hətta foto şəkillərimiz də itib. Heç nə qalmayıb. Əgər mən onu Vətənə aparsam, heç olmasa bir qəbir qalar yadigar. Və mənim də müharibədən sonra qayıdan yerim olar.

Susur. Kabinetində var-gəl edir. O baş-bu başa. Sual verirəm:

-Yoldaş marşal, siz nə vaxtsa sevmisiz? Mən ərimi yox, sevgimi basdırıram...

Susur.

-Onda mən də istəyirəm burda öləm. Onsuz nə üçün yaşayıram axı?

O, uzun müddət susdu. Sonra yaxın gəldi və mənim əlimdən öpdü.

Mənə bir gecəlik xüsusi təyyarə verdilər. Mən təyyarəyə oturdum...Tabutu qucaqladım... Və huşumu itirdim..." Yefrosinya Qriqoryevna Breus, kapitan, həkim

"Bizi müharibə ayırdı... Ərim cəbhədəydi. Mən isə əvvəlcə Xarkova təxliyyə olundum, sonra isə Tatarıstana. Orda işə düzəldim. Və günlərin bir günü məni axtarırlar, mənim qızlıq famiılyam Lisovskaya idi. Hamı çağırır: "Sovskaya! Sovskaya!"

Mən də cavab verdim ki, mənəm Sovskaya.

Mənə deyirlər:

-Gedin enkevedeyə, buraxılış vərəqi alın və Moskvaya uçun!

Niyə?

Heç kim izah edə bilmir, mən də bilmirəm. Müharibə dövrüdür!..

Yol gedirəm, düşünürəm: bəlkə ərim yaralanıb? Bəlkə məni onun yanına aparırlar? Mən isə artıq dörd ay idi ki, ondan heç bir məktub almırdım. Xəbər-ətər yox idi. Mən fikirləşirdim ki, əgər onu tapsam, ayaqsız, əlsiz, ya da şikəst vəziyyətdə dərhal götürüb evə aparacağam. Birtəhər yaşayarıq.

Moskvaya gəlib çatıram. Deyilən ünvana gəlirəm. Orda yazılıb: Belorusiya KP MK. Yəni Belarusiya hökuməti. Orda mənim kimi adamlar çoxdur. Hamı yığışıb. Biz maraqlanırıq: Nə olub? Niyə çağırıblar? Bizi bura nə üçün yığıblar?

Deyirlər:

-Hamısını biləcəksiniz!

Bizi böyük bir zala topladılar. Orada Belarusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi yoldaş Ponomorenkonu gördük, o biri rəhbərlər də ordaydılar. Məndən soruşdular:

-Hardan gəlmisinizsə ora getmək istəyirsinizmi?

Axı mən hardan gəlmişdim? Əlbəttə, Belarusiyadan. Əlbəttə, ora getmək istəyirəm! Və beləliklə, mənə xüsusi məktəbə göndəıriş verirlər. İstəyirlər ki, məni düşmənin arxasına xüsusi tapşırıqla göndərsinlər.

Məşğələləri bitirən kimi səhərisi gün bizi maşına mindirib cəbhə xəttinə apardılar. Sonra piyada xeyli yol getdik. Cəbhənin nə olduğunu bilmirdim və neytral zonanın da necə olduğunu görməmişdim. Bizə komanda verildi:"Hazırlaşın! Bir nömrəli hazırlıq!" Və bu zaman raketlər göyə atıldı. Hər tərəf qardır, ağappağdı. Görürəm ki, biz də sırayla uzanmışıq. Çoxuq. Raketlərin işığı söndü. Atəş səsləri yoxdu. Yeni əmr verildi:"Qaçın!" Və biz də qaçdıq. Beləcə cəbhə xəttini keçdik...

Partizan dəstəsinə hansısa möcüzə vasitəsilə mənə ərimdən məktub gəldi. Mən necə sevinirdim, ilahi! Necə gözlənilməz xəbər! İki il idi ki, mənim ondan xəbərim yox idi. Və birdən təyyarə göydən bizə yemək və sursat atdı... Poçt da gəldi... Və bu poçtda, brezent torbada mənə məktub vardı. O zaman mən məktubla MK-ya müraciət etdim. Yazdım ki, hər şey edəcəyəm, bütün tapşırıqları yerinə yetirəcəyəm, bircə ərimlə bir yerdə olum. Və bu məktubu da dəstəmizin komandirindən gizlin təyyarəçiyə ötürdüm. Tezliklə xəbər gəldi: rabitəylə xəbər verdilər ki, tapşırığı yerinə yetirəndən sonra bizim xüsusi qrupumuzu Moskvada gözləyirlər. Bütün xüsusi qrupu! Yeni təyinat yerinə göndərəcəklər... Hamı gəlməlidir, Fedosenko isə mütləq burda olmalıdır.

Təyyarəni gözləyirik. Həmin gecə isə zülmət idi. Elə bil çəlləyin içindəsən. Hansısa təyyarə göydə fırlanır. Sonra bizim üstümüzə bomba yağışı tökülür. Bu almanların "messerşmitt" təyyarəsi idi. Almanlar bizim məntəqəni gözaltı eləmişdilər. Alman təyyarəsi yenidən dövr eləmək üçün getdi. Bu zaman isə bizim təyyarə yerə enir-"U-2", küknar ağacının altına qonur, mən də orda durmuşam. Həmin təyyarəçi oturan kimi dərhal qışqırdı ki, gəl, min, çünki o, alman təyyarəsini görmüşdü. Dərhal qalxmaq istəyirdi ki, gözdən itsin. Mən təyyarənin qanadından yapışıram, qışqırıram: məni Moskvaya apar! Mənim icazəm var!

O, hətta söyüş də söydü, dedi: otur!

Beləcə biz onunla bərabər, ikimiz uçduq. Yaralılar yox idi... Heç kim yox idi!

May ayında Moskvada mən keçə çəkmələrində gəzirdim. Teatra da keçə çəkmələrdə gedirdim. Hər şey gözəl idi. Ərimə məktub yazıram: necə görüşək? Mən hələ də ehtiyatdayam...Lakin mənə söz verirlər...Hər yerdə də xahiş edirəm ki, məni ərimin olduğu yerə göndərin. Heç olmasa iki gün möhlət verin mənə, heç olmasa ona bircə dəfə baxım, sonra qayıdıb gələrəm, hara istəyirsiz göndərin. Hamı çiyinlərini çəkir. Lakin mən axır ki, poçt nömrəsi vasitəsilə öyrənirəm ki, ərim harda vuruşur. Və onun yanına gedirəm. Əvvəlcə vilayət partiya komitəsinə gəlirəm, əlimdəki ünvanı göstərirəm, sənədlərimi göstərirəm ki, mən onun arvadıyam, deyirəm: ərimlə görüşmək istəyirəm! Cavab verirlər ki, mümkün deyil, o ön cəbhədədir, qayıdın geri! Necə? Geri? Bu kökdə- əzgin-yorğun, ac-susuz təzədən geri qayıdım? Hərbi komendantın yanına getdim. O, mənə baxıb əmr elədi ki, mənə pal-paltar versinlər. Mənə gimnastyorka və kəmər verdilər. Komendant başladı məni dilə tutmağa:

-Bilirsiz... ora, sizin əriniz olan yer çox təhlükəlidir...

Oturub ağlayıram, bu vaxt onun ürəyi yumşalır və mənə icazə vərəqi verir.

-Çıxın şoseyə,- deyir,- orda tənzimləyicini görəcəksiniz, o sizə hara getməyi göstərəcək...

Şoseni tapdım, tənzimləyicini tapdım, o da məni bir maşına otuzdurdu və mən yola düşdüm. Hərbi hissəyə gəlirəm, hamı təəccüblənir...Hər yerdə hərbi geyimli adamlar və bircə mən...

-Sən kimsən?-soruşurlar. Mən heç nə deyə bilmirəm, deyə bilmirəm ki, filankəsin arvadıyam. Necə deyə bilərsən axı? Hər tərəfi bombalayırlar... Cavab verirəm ki, tibb bacısıyam. Hətta bilmirəm nə üçün belə deyirəm.

-Gözləyin,- dedilər,-hələ altı kilometr də irəli getmək lazımdır.

Necə gözləyim? O boyda yol qət eləmişəm, gəlmişəm, necə gözləyim? Birdən ön xəttədən maşın gəlir, nahar dalınca gəlib, maşında bir starşina vardı-kürən saçlı, çopur sifət. Deyir:

-Hə... Fedosenkonu tanıyıram...O, lap səngərdə vuruşur...

Starşinaya yalvardım. Məni götürdülər, gedirəm, heç nə görünmür yolda... Meşəlikdir... Meşə yoludur...Mənim üçün təzədir-ön cəbhə xətti, lakin heç kim gözə dəymir... Hərdənbir güllə səsləri eşidirəm. Gəlib çatdıq. Starşina soruşur:

-Fedosenko hardadı?

Cavab verirlər:

-Onlar dünən kəşfiyyata gediblər. Hava işıqlandığına görə orda qalıblar, gözləyirlər...

Lakin onlarla əlaqə var, rabitə əlaqəsi. Rabitəylə ona xəbər verirlər ki, bacısı gəlib. Nə bacı? Hansı bacı?

Deyirlər ki, kürən saçlıdır. Onun bacısı isə qara saçlıdır. Kürən saçlıdırsa, o, dərhal anlayır, hansı bacıdır. Bilmirəm, o necə aradan çıxmışdı və tezliklə Fedosenko peyda oldu... Biz görüşdük... Sevinc anları yaşadıq...

Mən onun yanında bir gün qaldım, ikinci gün dedim:

-Get qərargaha, məruzə elə. Mən buirda səninlə qalacağam.

O, komandanlığın yanına getdi, mən isə nəfəsimi belə dərmirəm: görəsən nə deyəcəklər? Birdən deyərlər ki, iyirmi dörd saat vaxt veririk- o qadının burdan çıxıb getməsinə! Axı bura cəbhədir! Başa düşmək olar! Və birdən görürəm ki, dəyəyə rəislər gəlir- mayor, polkovnik. Əl verib görüşürlər. Sonra isə dəyədə otururuq, içirik və hər birimiz söz deyirik; deyirik ki, arvadı ərini səngərdə tapıb- bu, əsl arvaddır! Sənədləri də var! Axı bu, elə bir qadındır ki! Baxım görüm o necə qadındır! Onlar elə sözlər dedilər ki... Onlar ağlayırdılar...Mən həmin gecəni bütün ömrüm boyu xatırlayıram... Daha nə qaldı danışmağa?

Məni sanitar kimi götürdülər. Onlarla birlikdə kəşfiyyata gedirdim. Minomyotla atəş açırlar, görürəm ki, kimsə yıxıldı. Düşünürəm- ölüb, yoxsa yaralanıb? Qaçıram ora, minomyot isə susmur, komandir qışqırır:

-Hara soxulursan, axmaq arvad!

Sürünürəm- görürəm sağdır... Sağdır!

Dnepr çayının kənarında aylı bir gecədə mənə Qırmızı Bayraq ordeni verdilər. Ertəsi gün ərim yaralandı, ağır yaralandı. Biz birlikdə qaçırdıq, birlikdə bataqlığa girirdik, sürünürdük. Pulemyot sağ tərəfdən çiynimizdən asılmışdı, biz isə sol böyrümüzlə sürünürdük. Özü də bataqlıqla. Biz yerə elə sıxılmışdıq ki, pulemyot onun sağ çiynindəydi, onu sol budundan yaraladılar. Ombaya yaxın yerdən. İndi sarğı qoy görüm necə qoyursan! Düz yanından dəymişdi güllə. Hər yer partlayırdı, hər yan palçıq, torpaq da ... Hamı da ora cumur. Biz mühasirədən çıxırdıq. Yaralıları hara aparasan? Heç hara! Tibb ləvazimatları da yox! Bircə ümid qalıb- mühasirəni yaracağıq! Mühasirədən çıxan kimi ərimi düz hospitala qədər müşaiyət elədim. Mən onu hospitala gətirənə kimi artıq qançır eləmişdi. Yeni il idi... Qırx dördüncü il gəlirdi...O isə ölür... Mən başa düşürdüm ki, o, ölür... O dəfələrlə orden və medal almışdı... bütün ordenlərini yığdım, qoydum onun böyrünə...Həkimlər yaralılara baxmağa gəldilər, o isə yatmışdı...Həkim yaxınlaşıb dedi:

-Siz burdan getməlisiz. O, artıq ölüb.

-Sakit. O, hələ sağdır...-cavab verirəm.

Ərim gözlərini açıb deyir:

-Nəsə tavan mavi oldu...

Mən yuxarı baxıram, deyirəm:

-Yox, mavi deyil tavan, Vasya, ağdı...

Ona elə gəlirdi ki, tavan mavidir. Qonşu yaralı ona deyir:

-Hə, Fedosenko, sağ qalsan, gərək arvadını qolların üstündə gəzdirəsən...

-Elə qollarım üstündə gəzdirəcəm...- Vasya razılaşır.

Bilmirəm, görünür, o, hiss edirdi ki, öləcək, buna görə də mənim əllərimdən tutub sinəsinə qoydu və öpdü. Sonuncu dəfə öpəndə dedi:

-Lyuboçka, heyif, hamı Yeni ili qeyd edir, biz isə səninlə burda... Amma darıxma, hələ bizim qarşımızda yeni illər çox olacaq...

Onun ömrünə bir neçə saat qalmışdı...O, yerini batırmışdı və onun yataq dəstlərini dəyişdirmək lazım idi... Mən onun üçün təmiz mələfə saldım, ayağını təzədən sarıdım, sonra da onu balışına qoymaq lazım idi... axı o, kişiydi... ağır idi... Mən onu dartıram, əyilirəm üstünə, bir qədər də lap yaxından yapışıram bədənindən və hiss edirəm ki, vəssalam, artıq... bir az da keçsə, artıq o, dünyasını dəyişəcək...Axşam idi. Saat on on beş dəqiqə...Lap dəqiqəsinə kimi yadımda qalıb...Mən özüm ölmək istəyirdim...Lakin mən bizim körpəni bətnimdə daşıyırdım... Və yalnız bu, məni saxlayırdı. Yalnız bətnimdəki çağaya görə o günləri yaşaya bildim. Mən onu yanvarın 1-də dəfn elədim. Otuz səkkiz gündən sonra isə bizim oğlumuz oldu. Oğlum qırx dördüncü ildəndir. Özünün də uşaqları var. Ərimin adı Vasili idi, oğlum Vasili Vasilyeviçdir, nəvəm də var, adı Vasyadır...Vasilyok..." Lyubov Fominiçna Fedosenko, sıravi, sanitar

"Görürdüm... Hər gün... Lakin barışa bilmirdim. Cavan, qəşəng kişi ölür... Dadına çatmaq istəyirsən...öpmək istəyirsən... Nəsə ona bir qadın duyğusu yaşatmaq istəyirsən... axı həkim kimi ona heç cür kömək edə bilmirsən! Onda heç olmasa gülümsəməlisən. Tumarlamalısan. Əlindən tutmalısan...

Müharibədən çox illər sonra bir kişi mənə etiraf etdi ki, mənim o vaxtkı təbəssümümü yadında saxlayıb. O, mənim üçün adi bir yaralıydı, mən onu hətta xatırlamıram da. O deyirdi ki, mənim təbəssümüm onu həyata qaytarıb, o dünyadan necə deyərlər bu dünyaya qaytarıb... Qadın təbəssümü..." Vera Vladimirovna Şevaldışeva, baş leytenant, xirurq

"Birinci Belarusiya cəbhəsinə gəldik...İyirmi yeddi qız idik. Kişilər bizə heyrətlə baxırdılar. "Paltaryuyan, telefonçu yox, snayperçi qızlar gəlib! Biz birinci dəfədi belə qızlar görürük! Necə qızlardı, ilahi!"

Starşina bizim şərəfimizə şeir yazmışdı. Mənası beləydi: qızlar may qızılgülləri kimi ətirli olsunlar; qoy müharibə onların qəlbini sındırmasın!

Cəbhəyə gedəndə hər birimiz and içdik: orda heç bir sevgi macərası olmayacaq! Əgər sağ qalsaq, müharibədən sonra hər şey olar! Müharibəyə qədər isə biz hələ heç kimlə öpüşməmişdik. Biz bu şeylərə çox ciddi baxırdıq. İndiki gənclər kimi deyildik. Bizim üçün öpüşmək bütün həyatın boyu sevmək demək idi. Cəbhədə sevgi qadağan olunmuşdu, komandanlıq xəbər tutsaydı bir qayda olaraq sevgililərdən birini digər hissəyə göndərirdi, sadəcə onları bir-birindən ayırırdı. Biz öz sevgimizi qoruduq. Biz öz uşaqlıq andımıza naxələf çıxdıq... Biz sevirdik...

Mənə elə gəlir ki, əgər müharibədə sevməsəydim, bəlkə də sağ qalmazdım. Sevgi xilas etdi... Məni sevgi xilas etdi..." Sofya Kriqel, baş serjant, snayper

"Sevgi barədə soruşursuz? Həqiqəti söyləməkdən qorxmuram... Mən pepeje idim, yəni piyada-səhra arvadı...Müharibədə arvad. İkinci arvad. Qeyri-qanuni...

Birinci batalyon komandirinin...

Mən onu sevmirdim. Yaxşı adam idi, lakin mən onu sevmirdim. Bir neçə aydan sonra onun yanına dəyəyə getdim. Hara gedəsən? Hər yanda kişi...Bu qədər kişi arasında qorxa-qorxa yaşamaqdansa yaxşısı budur elə biri ilə yaşayasan...Döyüş vaxtı o qədər də qorxulu deyildi, amma döyüşdən sonra...xüsusilə istirahətə, yenidən təşkil olunmağa gedəndə... Güllə atılan kimi, atəş səsləri qopan kimi çağırırlar:"Bacı! Bacı!". Döyüşdən sonra isə hamı səni qoruyacaq...Gecə dəyədən çıxmırsan... O biri qızlar sizə deyiblər, ya deməyiblər, bilmirəm, boyunlarına alıblarmı? Yəqin utanıblar...Susublar... Məğrurlar! Lakin hər şey olub orda! Çünki ölmək istəmirdin... Adam öz cavanlığına heyfi gəlirdi... Əlbəttə, kişilər üçün də çətin idi- dörd il qadınsız yaşamaq....Bizim orduda bordellər yox idi...və bizə dərman da vermirdilər. Hardasa, bəlkə də buna diqqət verirdilər...Bizdə isə yox! Dörd il... Komandirlər özlərinə rəva görə bilərdilər belə şeyləri... sadə əsgərə isə olmazdı.... İntizam. Lakin bu barədə susurlar...Adətən danışmırlar bu barədə...Yox... Mən, məsələn, batalyonda yeganə qadın idim... ümumi dəyədə yaşayırdım. Kişilərlə birlikdə. Mənə yer ayırmışdılar, nə yer- elə dəyə özü altı metrdən ibarət idi! Mən gecələr yuxudan durur, əllərimlə itələyirdim kimlərisə, bəzən birinə bir şillə, bəzən o birinin əlinin üstünə vururdum. Mən yaralandım və məni hospitala apardılar, orda da əllərimi yellədirdim. Baxıcı qız gecə məni oyadıb deyir:

-Noolub sənə?

Kimə deyə bilərsən axı?

Birinci komandirim qəlpə yarasından həlak oldu. İkinci isə batalyon komandirim oldu...

Mən onu sevirdim. Mən onunla döyüşə gedirdim, istəyirdim hər zaman yanında olum. Mən onu sevirdim, onun isə sevimli arvadı vardı, iki uşaq atasıydı. O mənə ailəsinin şəklini göstərirdi. Və mən bilirdim ki, müharibədən sonra əgər sağ qalsa, o, ailəsinin yanına qayıdacaq. Kaluqaya. Nolsun? Bizim elə xoşbəxt anlarımız olurdu ki! Biz bu xoşbəxtliyi yaşadıq! Döyüşdən qayıdırıq... Dəhşətli döyüşdən... Biz sağ qalmışıq...Onun məndən başqa heç kəslə belə gözəl əlaqəsi olmayıb! Heç kimlə belə alınmazdı! Mən bunu bilirdim... Bilirdim ki, o, mənsiz xoşbəxt ola bilməyəcək. Heç kimlə mənimlə yaşadığı xoşbəxtliyi yaşaya bilməyəcək! Heç kimlə! Biz müharibədə onunla çox xoşbəxt idik! O müharibədəki xoşbəxtliyi daha heç kimlə yaşaya bilməyəcəkdi. Heç vaxt!

Müharibənin sonlarında mən hamilə oldum. Elə istəyirdim ki...Lakin qızımızı mən özüm böyütmüşəm...O mənə kömək eləmədi. Heç barmağını belə uzatmadı. Heç bir hədiyyə... heç bir məktub belə yollamadı...Açıqlama... Müharibə qurtarmışdı...sevgi də qurtardı...Mahnı kimi...O, qanuni arvadının yanına getdi, uşaqlarının yanına qayıtdı. Mənə öz şəklini xatirə kimi qoyub getdi. Mən isə müharibənin qurtarmasını istəmirdim...Bunu demək dəhşətdi... Ürəyini açmaq, açıb boşaltmaq...Mən dəliyəm! Mən sevirdim! Bilirdim ki, müharibə ilə bahəm sevgi də bitəcək! Onun sevgisi....Lakin hər halda mənə o duyğuları və hissləri yaşatdığına görə ona minnətdaram... Mən ona görə o zərif hisslərin nə demək olduğunu anladım...Mən onu həyatım boyu sevdim, illəri yola verib o hisslərlə bu günə kimi yaşayıram. Mən indi yalan danışa bilmərəm. Yaşlı qadınam. Bütün həyatım boyu o hisslərlə yaşadım... Və mən heyfslənmirəm də...

Qızım məni məzəmmət edirdi, deyirdi:

-Ana, nəyə görə onu sevirsən axı?

Mən isə sevirəm...Bu yaxınlarda bildim ki, o, vəfat edib. Çox ağladım... Hətta buna görə qızımla küsdüm, qızım mənimlə mübahisə etdi:

-Niyə ağlayırsan? O sənin üçün çoxdan ölüb!

Mənsə onu indi də sevirəm. Müharibəni xatırlayıram- mənim həyatımın ən gözəl çağları- mən orda xoşbəxt idim...

Xahiş edirəm, familyamı yazmayın...Qızımın xatirinə..." Sofya K-viç, sanitar təlimatçı

"Müharibə vaxtı...

Məni hissəyə gətirdilər... Ön cəbhəyə. Komandir məni bu sözlərlə qarşıladı:

-Papağınızı çıxarın, xahiş edirəm.

Mən təəccübləndim...Papağımı çıxartdım... Hərbi komissarlıqda bizim saçımızı oğlansayağı vurmuşdular. Lakin hərbi düşərgələrdən ta ki cəbhə xəttinə gəlib çıxana kimi saçlarımız da bir qədər uzanmışdı. Yellənirdi. Xırda-xırda qıvırcıqlar vardı...İndi bunları görə bilməzsən...Qocalmışam... Və budur, komandir baxır, mənə baxır, deyir:

-Mən iki ildir qadın görmürəm...Baxmaq istəyirəm.

Müharibədən sonra...

Məm kommunal mənzildə yaşayırdım. Qonşularımın hamısının ərləri vardı. Mənim xətrimə dəyirdilər. Məni təhqir edirdilər... Gülürdülər... "Ha-ha-ha! De görüm, müharibədə nələr eləmisən kişilərlə?"

Onlar mənim sup qazanıma uksus, duz tökürdülər. Gülürdülər mənə...

Mənim komandirim də ordudan tərxis olundu. Mənim yanıma gəldi və biz evləndik. Nigah bağladıq və evləndik. Vəssalam. Toysuz-filansız. Bir ildən sonra o, başqa qadının yanına getdi. Bizim fabrikin yeməkxana müdirəsinin yanına. Mənə dedi:

-Ondan ətir iyi gəlir, səndən isə çəkmə və patava qoxusu...

Beləcə tək yaşayıram. Bu dünyada heç kimim yoxdu. Sağ ol ki, sən gəldin..." Yekaterina Nikitiçna Sannikova, serjant, atıcı

"Mənim ərim isə...Yaxşı ki, evdə yoxdur... O, işdədir. Mənə ciddi şəkildə əmr edib...Bilir ki, mən bizim eşq macəramızı danışmağı xoşlayıram...Bir gecənin içində bintlərdən öz gəlinlik donumu necə tikdim...Özüm tikdim...Bintləri isə qızlarla bərabər düz bir aya yığıb saxlamışdıq. Qənimət bintlər!... Mənim əynimdə əsl gəlinlik donu vardı! Fotomuz qalıb! Mən bu dondayam, çəkmədə. Lakin çəkmlər görünmür, bu mənim yadımdadır! Yadımdadır ki, çəkmədəyəm! Kəmərciyimi isə köhnə qulaqlı pilotkamdan düzəltmişdim...Əla kəmərcik idi. Mən neynirəm...Dediyimi deyirəm...Ərim göstəriş verib ki, sevgidən bir kəlmə də danışma... Bir kəlmə də... Müharibədən isə... olar. Çox ciddidir. Xəritəylə öyrədirdi...İki günə mənə öyrətdi ki, hansı cəbhə harda dayanıb... Bizim hissəmiz hardadır...Mən götürüb özüm üçün qeydlər aparıram...Oxuyuram...

Nəyə gülürsən? Oy, nə yaxşı ki sən gülürsən! Mən də gülürdüm... Məndən tarixçi çıxar? Yaxşısı budur mən sizə şəkillərimi göstərim, donumu, bintdən tikdiyim donumu...

Orda özüm-özümdən necə də xoşum gəlir!...Ağ donda... Şəkildə..." Anastasiya Leonidovna Jardetskaya, yefreytor, sanitar təlimatçı

Göydə qəribə sakitlik və itirilmiş üzük

"Mən cəbhəyə Kazandan getdim, on doqquz yaşım vardı...

Yarım ildən sonra anama məktub yazdım ki, mənə iyirmi beş-iyirmi yeddi yaş verirlər. Hər gün dəhşət və qorxu içindəydik. Qəlpələr yanımızdan uçur, sənə elə gəlir ki, sənin dərini soyurlar. Adamlar ölürlər. Hər gün ölürlər, hər saat ölürlər... Sənə elə gəlir ki, hər an ölürlər... Üzlərini örtməyə mələfələr çatışmır. Alt paltarlarında yerləşdiririk. Palatalarda qəribə bir sükunət yaranıb. Belə sükunəti mən heç harda görməmişəm. İnsan öləndə həmişə göyə baxır, heç vaxt sənə, yaxud yana baxmır. Yalnız göyə baxır...Tavana... Elə bil tavan onun üçün göydür, səmadır, o da səmaya baxır...

Mən özüm-özümə deyirdim ki, bu cəhənnəmdə mən heç bir sevgi sözü eşidə bilmərəm. Buna inana bilmirdim. Müharibə neçə ildir davam edir, mən hələ bir mahnı-filan eşitməmişəm. Hətta məşhur "Dəyə" mahnısını da yadıma sala bilmirəm. Bir mahnı belə... Bir şey yadımda qalıb: evdən çıxıb cəbhəyə gedəndə bizim bağımızda albalı ağacları çiçək açmışdı. Gedirəm və dönüb dala baxıram...Sonra görünür yolda da bağlara rast gəldim...axı o bağlar da müharibədə gül açmışdı. Amma mənim yadıma gəlmir... Məktəbdə elə güləyən idim ki... İndi isə heç vaxt gülmürəm...O zamanlar hansısa qız qaşlarını düzəltsəydi, ya da dodaqlarını boyasaydı dərhal qəzəblənərdim. Qəti əleyhinə idim: necə ola bilər- necə ola bilər ki, belə bir ağır zamanda o qız kiminsə xoşuna gəlmək istəyir?

Ətrafda yaralılar doludur... Ətraf inildəyir... Ölənlərin sifətləri sarımtıl-yaşıl olur. Sən onda sevinc barədə düşünə bilərsən? Öz xoşbəxtliyin barədə necə düşünə bilərsən? Mən bunu sevgiylə bağlamaq istəmirdim. Bax bununla... Mənə elə gəlirdi ki, orda, elə bir şəraitdə sevgi dərhal ölər. Təntənəsiz, gözəlliksiz məhəbbət olar? Müharibə qurtaracaq, gözəl həyat olacaq! Sevgi də... Orda isə... Yox... Orda olmazdı... Yoxdu! Birdən ölsəm, onda necə? Məni sevən adam da əzab çəkəcək! Yazığım gəlir! Heyfslənirəm! Bax belə bir hisslərlə yaşayırdım...

Mənim indiki ərim orada mənim qulluğumda dururdu, məndən gözünü çəkmirdi. Biz cəbhədə görüşdük. Mən ona qulaq asmaq belə istəmirdim.

-Yox, yox, müharibə qurtarar, ondan sonra bu barədə söhbət edərik...

Yadımdadı, bir dəfə o, döyüşdən qayıtmışdı, məndən xahiş elədi:

-Səndə bir koftadan-zaddan varmı? Xahiş edirəm geyinəsən. Qoy görüm, koftada necə olursan...

Mənim isə gimnastyorkadan başqa heç nəyim yox idi.

Mən cəbhədə ərə gedən bir rəfiqəmə də dedim:

-Sənə gül bağışlamadı.Sənin qulluğunda durmadı. Və birdən ərə getdin! Məgər bu, sevgidir?

Mən onun hisslərini heç cür qəbul edə bilmirdim.

Müharibə qurtardı... Biz bir-birimizə baxırdıq və inanmırdıq ki, müharibə qurtarıb və biz sağ qalmışıq. Bax indi biz yaşayacağıq... Sevəcəyik... Biz isə bunları çoxdan unutmuşduq. Bacarmırdıq. Mən evə gəldim, anamla getdim özümə paltar tikdirməyə. Mənim müharibədən sonrakı ilk donum.

Mənim növbəm çatır, soruşurlar:

-Necə fasonda istəyirsiniz?

-Bilmirəm.

-Necə yəni, siz atelyeyə gəlmisiz, bilmirsiz hansı fasonda don istəyirsiz?

-Bilmirəm...

Mən isə düz beş il bir don belə görmədim. Mən hətta paltarın necə tikildiyini belə unutmuşdum. Bilmirdim, necə yaxalıq olar, necə kəsirlər, necə biçirlər...Nazik bel, hündür boy... Bunlar mənim üçün anlaşılmaz idi. Özümə dabanlı tufli aldım, otaqda gəzdim, sonra onları çıxartdım. Bir küncə qoyub fikirləşdim:"Mən tuflidə gəzməyə heç vaxt alışmayacam!.." Mariya Seliverstovna Bojok, tibb bacısı

"Mən xatırlamaq istəyirəm...Demək istəyirəm ki, mən müharibədən qeyri-adi gözəl hisslər gətirdim. Bunları heç bir sözlə ifadə etmək olmaz. Kişilər bizə necə heyrət və heyranlıqla yanaşırdılar! Mən onlarla bir dəyədə yaşayırdım; bir taxta yatırdım, bərabər tapşırığa yollanırdıq...Mən soyuqdan donanda, dodaqlarım, ağzım, ağzımın suyu donanda hiss edirdim ki, bax indicə huşumu itirəcəyəm, dərhal xahiş edirdim:

-Mişa, mənim şubamın düymələrini aç, məni qızındır.

O da məni qızındırırdı. Deyirdi:

-Hə, necədi, özünə gəldin?

-İndi yaxşıdı,- deyirdim.

Mən həyatda beləsinə bir də rast gəlmədim. Lakin Vətən darda olanda şəxsi həyat barədə düşünmək olmazdı.

-Amma sevgi olub da, yox?

-Əlbəttə, olub. Mən sevgiyə rast gəlmişəm...Lakin məni bağışlayın, bəlkə də düz demirəm və bu heç də təbii səslənmir, lakin mən ürəyimdə o adamları mühakimə edirdim. Hesab edirdim ki, sevgiylə məşğul olmağın zamanı deyildi. Ətraf Şərdir. Nifrət. Məncə, əksəriyyət belə düşünürdü... Mənim rəfiqələrim belə hesab edirdilər...

-Bəs müharibəyə qədər necəydiniz?

-Oxumağı sevirdim. Gülməyi sevirdim. Təyyarəçi olmaq istəyirdim. Sevgi haqqında heç düşünmürdüm də! O mənim üçün həyatda əsas şey deyildi. Əsas şey Vətən idi. İndi düşünürəm ki, biz çox sadəlövh olmuşuq..." Yelena Viktorovna Klenovskaya, partizan

"Hospitalda... Onlar hamısı xoşbəxt idi. Onlar ona görə xoşbəxt idilər ki, sağ qalmışdılar. İyirmi yaşlı leytenant əzab çəkirdi, onun bir ayağını kəsmişdilər. Lakin məlum oldu ki, bu ümumxalq kədəridi və onun sağ qalması da xoşbəxtlikdi; böyük bir iş olmayıb ki- bir ayağı yoxdu da! Əsas odu ki, sağ qalıb! Onun sevgisi də olacaq! Arvadı da olacaq! Hər şeyi olacaq! İndi ona elə gəlir ki, təkayaqlı olmaq dəhşətdi, amma o zaman onlar tək ayaqla tullanıb düşür, siqaret çəkir, gülürdülər. Ümumiyyətlə, onlar qəhrəman idilər! Nə danışırsız?!

-Siz müharibədə kiməsə vurulmuşdunuzmu?

-Əlbəttə, axı biz cavan idik. Yeni yaralıları gətirən kimi biz də mütləq kiməsə vurulurduq. Mənim rəfiqəm bir baş leytenanta bənd olmuşdu; o, çox yerdən yaralanmışdı. Rəfiqəm mənə onu göstərdi. Amma əlbəttə, mən də başladım onu sevməyə. Onu aparanda məndən şəklimi xahiş elədi. Mənim isə cəmi bir şəklim vardı-hardasa bir stansiyada çəkdirmişdim. Mən də şəklimi götürdüm ki, ona verəm, sonra fikirləşdim: birdən bu, sevgi olmaz e! Mənsə ona şəkil bağışlayıram. Budur, onu artıq aparırlar, əlimi ona uzadıram, ovcumda da şəkil, açmaq da istəmirəm. Bu da mənim məhəbbətim... Elə bundan ibarət oldu sevgim...

Sonralar Pavlik adında bir nəfər də oldu, o da leytenant idi. Çox ağrıyırdı, yaraları incidirdi, mən onun balışının altına şokolad qoydum... Və beləliklə biz artıq müharibədən sonra görüşəndə, iyirmi il sonra, o, başladı mənim rəfiqəm Liliya Drozdovaya o şokolada görə təşəkkür eləməyə. Liliya isə dedi:

-Nə şokolad?

O zaman mən etiraf elədim ki, o şokoladı mən qoymuşdum... və o da məni öpdü... iyirmi ildən sonra..." Svetlana Nikolayevna Lyubiç, sanitar drujinaçı

"Bir dəfə konsertdən sonra... Böyük bir təxliyyə hospitalında...Baş həkim mənə yaxınlaşdı və xahiş elədi:

-Bizim bir palatada çox ağır yaralı var, tankçıdır. Demək olar ki, heç bir şeyə reaksiya vermir. Bəlkə sizin mahnınız ona kömək etdi?

Palataya getdim. Nə qədər ömrüm varsa, o adamı unutmayacağam-möcüzə nəticəsində yanan tankdan çıxmışdı, başdan ayağa yanmışdı. O, çarpayıda hərəkətsiz uzanmışdı, sir-sifəti qapqara, gözü yox idi, üzü görünmürdü. Boğazı qıc olurdu və mən bir neçə dəqiqə özümü ələ ala bilmədim. Sonra yavaş-yavaş astadan oxumağa başladım... Və gördüm ki, yaralının sifəti azca tərpəndi... Nəsə pıçıldadı. Mən əyildim və eşitdim:

-Bir də oxuyun...

Mən onun üçün oxudum, çox oxudum, bütün repertuarımı onun üçün oxudum... Nəhayət, baş həkim dedi:

-Deyəsən yuxuya getdi..." Liliya Aleksandrovskaya, müğənni

"Bizim batalyon komandirimiz və Lyuba Silina... Onlar bir-birlərini sevirdilər! Hamı görürdü və bilirdi...O döyüşə gedirdi, Lyuba da onunla bərabər gedirdi...Lyuba deyirdi ki, əgər o, onun gözləri qarşısında ölməsə və son anda onu görməsə özünü bağışlaya bilməz...

-Qoy bizi bir yerdə öldürsünlər...- Lyuba deyirdi.-Bir gülləylə ikimizi də...

Onlar birlikdə ölmək, ya da birlikdə yaşamaq istəyirdilər. O zaman bizim sevgimiz bu günlə sabahın arasında bölünmürdü, bizim üçün yalnız bu gün vardı. Hər kəs bilirdi ki, sən indi sevirsən, amma bir dəqiqədən sonra ya səni, ya da onu öldürə bilərlər. Müharibədə hər şey sürətlə baş verirdi: həyat da, ölüm də. Biz bir neçə il ərzində müharibədə bütün həyatımızı yaşadıq. Mən bunu heç vaxt heç kimə izah edə bilmədim. Orda- başqa zaman vardı...

Bir döyüşdə batalyon komandiri ağır yaralandı, Lyuba isə yüngül yaralanmışdı...Çiynində sıyrılmış yara yeri vardı... Artıq hamiləydi, buna görə də batalyon komandiri ona məktub yazıb verdi:

-Vənim valideynlərimin yanına get. Mənim başıma nə iş gəlir-gəlsin, sən mənim arvadımsan. Və bizim ya oğlumuz, ya da qızımız olacaq...

Sonralar Lyuba mənə yazdı: onun valideynləri Lyubanı qəbul etməyiblər və uşağı da tanımaq istəməyiblər. Batalyon komandiri isə həlak olmuşdu.

Uzun illər hazırlaşırdım...İstəyirdim onun yanına gedəm, qonaq gedəm, nəsə alınmadı ki, alınmadı. Biz qəlb dostlarıydıq. Amma ora -Altay çox uzaqdır. Bu yaxınlarda məktub aldım ki, Lyuba vəfat edib. İndi onun oğlu məni dəvət edir- onun qəbrini ziyarət eləməyə...

Getmək istəyirəm..." Nina Leonidovna Mixay, baş serjant, tibb bacısı

"Qələbə Günü...

Biz ənənəvi olaraq görüşə toplaşmışdıq. Və budur, mən mehmanxanadan çıxıram, qızlar mənə deyirlər:

-Lilya, hardasan səhərdən? Biz çox ağladıq...

Sən demə bir kişi onlara yaxınlaşıb, qazax imiş, soruşub:

-Siz hardansız, qızlar? Hansı hospitaldan?

-Kimi axtarırsız?

-Mən hər il bura gəlirəm və bir tibb bacısını axtarıram. O mənim həyatımı xilas edib. Mən onu sevirdim. Tapmaq istəyirəm onu...

Qızlar gülürlər. Deyirlər:

-İndiyə tibb bacısı qalar, axtarmayın, o, artıq nənədir...

-Yox...

-Yəqin arvadınız var? Uşaqlarınız?

-Nəvələrim, uşaqlarım var... Arvadım var... Amma ürəyimi itirmişəm... Qəlbim yoxdu... bilirsiz...

Qızlar mənə bunu danışanda birlikdə xatırladıq: o qazax mənimki deyil ki?

...Qazax oğlanı gətirmişdilər... Lap südəmər cavan idi. Biz onu yenidən əməliyyat elədik. Onun bağırsağında yeddi-səkkiz deşik vardı. Ümidsiz xəstəydi. O laqeyd və heysiz uzanmışdı və mən onu görürdüm. Diqqətim də ondaydı. Bir an boş olan kimi qaçırdım yanına, soruşurdum:

-Necəsən?

Onun damarına özüm iynə vururdum, hərarətini ölçürdüm və o, yavaş-yavaş dirçəldi. Yaxşılaşmağa başladı. Biz isə yaralıları çox saxlamırdıq hospitalda. Biz birinci cəbhə xəttindəydik. Təcili yardım göstərirdik, ölümdən xilas edirdik və sonra da göndərirdik geri, o biri hospitallara, müalicə olunmağa...Və onu da artıq aparmalıydılar.

O xərəkdə uzanıb, mənə deyirlər ki, o, səni çağırır.

-Bacı, yaxın gəl.

-Nə var? Nə istəyirsən? Hər şey yaxşıdır səndə... Səni arxa cəbhəyə göndərirlər...Hər şey yaxşı olacaq. Hesab elə ki, sən artıq sağsan, yaşayacaqsan...

O xahiş edir:

-Çox xahiş edirəm. Mən valideynlərimin yeganə övladıyam. Sən mənim həyatımı xilas elədin.

Və mənə bir hədiyyə verir. Üzük. Balaca bir üzük.

Mən isə üzük taxmırdım, xoşum gəlmirdi üzük taxmaqdan. Mən imtina edirəm:

-Götürə bilmərəm, - deyirəm.- Yox, götürə bilmərəm...

O, israr edir, xahiş edir, yaralılar ona dəstək verirlər.

-Götür də... Təmiz qəlblə verir sənə...

-Axı bu mənim vəzifəmdir- yaralıya baxmaq! Başa düşürsüz?

Nəsə, məni dilə tutdular axır ki. Doğrudur, mən o üzüyü sonralar itirdim. Barmağımda oynayırdı, böyük idi; bir dəfə yatmışdım, maşın atıb-tuturdu məni və üzük də harasa düşdü. Çox heyfsləndim...

-Siz o kişini tapdınız?

-Biz görüşə bilmədik. Bilmirəm heç, həmin adamdılr, ya yox? Lakin biz onu bütün günü qızlarla birlikdə axtardıq...

...Qırx altıncı ildə evə gəldim. Soruşurlar:

-Hərbi geyimdə, yoxsa mülki formada gəzəcəksən?

Əlbəttə, hərbi formada. Hətta onu əynimdən çıxartmaq fikrim də yoxdur. Axşam Zabitlər evinə rəqsə getdim. İndi baxın görün, hərbi qızlara necə münasibət bəsləyirdilər. Deyəcəyəm, siz də eşidəcəksiz...

Mən tufli, paltar geyinmişdim, şinel və çəkmələrimi qarderoba verdim.

Bir hərbiçi mənə yaxınlaşdı və məni rəqsə dəvət elədi.

-Siz,- dedi,-yəqin buralı deyilsiz. Çox ziyalı qızsınız...

Və bütün axşamı o mənimlədir. Buraxmır özündən aralı. Rəqslər qurtardı, mənə deyir:

-Nömrənizi verin. (Qarderob nömrəsini).

Və qabaqda getdi. Qarderobda isə ona çəkmə və şinel verirlər.

-Yox, bu deyil...- deyir.

Mən yaxınlaşıram:

-Yox, mənimkidir...

-Axı siz mənə cəbhədə olduğunuzu demədiniz?..

-Siz soruşdunuz ki?

O, özünü itirdi. Mənə baxa bilmədi. Özü də təzəcə müharibədən gəlmişdi...

-Niyə belə təəccübləndiniz?

-Mən təsəvvür edə bilmirdim ki, siz orduda olmusuz... Başa düşürsüz, cəbhə qızı...

-Sizi nə təəccübləndirdi ki? Mən təkəm, adamım yoxdu, hə? Ərsizəm və hamilə deyiləm, hə? Kürk geyinməmişəm və məndən "Kazbek" iyi gəlmir? Söyüş söymürəm, hə?

Ona məni ötürməyə icazə vermədim.

Və mən həmişə fəxr etmişəm ki, cəbhədə olmuşam. Vətəni müdafiə eləmişəm..." Liliya Mixaylovna Butko, əməliyyatçı tibb bacısı

Mənim ilk öpüşüm...

"Kiçik serjant Nikolay Beloxvostik...Oy, baxın, mən qızardım, hələ bir nənə də olmuşam, yenə qızarıram... O zaman isə cavan idim. Çox gənc idik. Düşünürdüm...Əmin idim... İnanırdım ki... Heç kimə etiraf eləməmişəm, hətta rəfiqəmə də... onu sevdiyimi...Əməlli-başlı vurulmuşdum ona. Mənim ilk sevgim... Bəlkə də yeganə sevgim? Kim bilir... Fikirləşirdim: rotada heç kim bilməz! Əvvəllər heç kim mənim bu qədər xoşuma gəlməmişdi. Gəlmişdisə də, bu qədər yox! O isə... Mən daim onun haqqında düşünürdüm... Hər dəqiqə... Bu, əsl sevgiydi. Mən hiss edirdim. Bütün əlamətləri... Vay, vay, gördünüz, yenə qızardım...

Biz onu dəfn elədik. O, plaş-çadırda uzanmışdı, təzəcə həlak olmuşdu. Almanlar bizi atəşə tuturlar. Onu dərhal basdırmaq lazımdır.... Elə bu dəqiqə... Köhnə tozağacıları tapdıq, köhnə palıd ağacının yanındakı ağacı seçdik...Ən yekəsini... Bax o ağacın yanında... Çalışdım ki, yadımda saxlayam... Sonra gəlib bu yeri tapa bilim. Kəndin qurtaracağı... yolayrıcında...Necə yadda saxlamalı? Axı necə yadda saxlayasan, əgər sənin gözlərin önündə artıq bir tozağacı yanıb kül olur?.. Necə? Onunla vidalaşırıq... Mənə deyirlər:

-Birinci sən vidalaş!

Ürəyim qopur. Anladım... Anladım ki, sən demə hamı bizim sevgimizdən xəbərdar imiş. Hamı bilirmiş... Beynimdə bir fikir ildırm kimi çaxır: bəlkə elə o da bilirmiş? Budur... O, uzanıb... İndicə onu qəbirə qoyacaqlar... Üstünü örtəcəklər.... Qum tökəcəklər üstünə...Lakin mən dəhşətli dərəcədə sevindim ki, yəqin o da sevgimdən xəbərdar olub. Bəlkə elə mən də onun xoşuna gəlmişəm? Sanki o, canlıdır, ölməyib və indi mənə cavab verəcək...Yadıma düşür ki, Yeni ildə o, mənə alman şokoladı verdi. Mən onu düz bir ay yemədim, cibimdə gəzdirdim.

İndi mənə bunlar çatmır... lakin bütün ömrüm boyu xatırlayıram... O anı...Bombalar tökülür...O isə plaş-çadırda uzanıb... O an... Mən isə sevinirəm... Durub öz-özümə gülümsəyirəm. Dəlinin biri! Sevinirəm ki, yəqin o da mənim sevgimdən xəbərdar imiş...

Yaxın gəldim və onu öpdüm. O vaxta kimi heç bir kişini öpməmişdim... O, birincisiydi..." Lyubov Mixaylovna Qrozd, sanitar təlimatçı

Güllənin və insanın təkliyi

"Mənim tarixçəm ayrıca tarixçədir...Mən həmişə susuram... Nə izah edə bilərəm axı? Mən öz taleyimi özüm yazmamışdım... Allaha inanmağa başlamışam. Dualar məni sakitləşdirir. Qızım üçün dua edirəm...

Anam məsəl deyərdi. Bu məsəli sevərdi:"Güllə-axmaqdır, tale isə cani". Bütün bəla və müsibətlərdə onun belə bir məsəli vardı. Güllə təkdir, insan da təkdir, güllə hara istəsə uçur, lakin tale də insanı necə istəsə hərləyir, fırladır. Ora-bura, bura-ora. İnsan- tükdür, sərçə tükü. Axırı necə olacaq heç vaxt bilmir. Bunu biz bilmərik...Bu sirri agah eləməyə bizə icazə verilməyib. Bir dəfə qaraçı qadın mənim falıma baxdı, müharibədən qayıdırdıq. Qaraçı stansiyadaydı, bizi qırağa çəkdi...Möhtəşəm bir sevgi vəd etdi mənə... Mənim alman saatım vardı, qoluma taxmışdım, çıxarıb verdim ona... İnandım ona...

İndi o sevgiyçün təzədən ağlamaq istəmirəm...

Mən müharibəyə böyük ruh yüksəkliyi ilə hazırlaşırdım. Komsomolçu kimi. Hamı ilə birlikdə. Biz yük vaqonlarında gedirdik, vaqonların üstündə qara mazutla yazılmışdı:"Qırx adam-səkkiz at". Biz isə yüz nəfər idik.

Cəbhədə snayper oldum. Rabitəçi də ola bilərdim, faydalı peşəydi-həm müharibədə, həm də mülkidə. Qadın peşəsidir. Lakin dedilər gərək güllə atasan. Güllə atdım. Yaxşı atırdım. İki Şöhrət ordenim var, dörd medalım. Bütün müharibə boyu almışam bunları.

Qışqırtı eşitdik- Qələbə! Qələbə elan elədilər! İlk duyğum yadıma düşür- sevinc hissləri! Və dərhal onun dalınca qorxu hissi! Panika!Panika! Bundan sonra necə yaşayacaqsan? Atam Stalinqrad ətrafında həlak olmuşdu. İki böyük qardaşım itkin düşmüşdü - elə müharibənin əvvəlində. Bircə anam və mən qalmışdıq. İki qadın. Necə yaşayacağıq? Qızlarımızın hamısı dalğın, kədərliydi... Axşam dəyədə yığışdıq...Hər kəs öz gələcəyi barədə düşünür; düşünürdük ki, bizim həyatımız hələ indi-indi başlayır. Həm sevinirdik, həm də qorxurduq. Əvvəllər ölümdən qorxurduq, indi də həyatdan. Hamımız üçün qorxuydu həyat! Döğru deyirəm! Həqiqət idi! Danışırıq, deyirik, sonra da oturub susuruq.

Ərə gedəcəyikmi? Ya getməyəcəyik? Sevgiylə, yoxsa sevgisiz? Çobanyastığıyla fala baxırdıq... Çaya əklil atırdıq, şam yandırırdıq... Yadımdadı, bir kənddə bizə dedilər ki, orda cadugər yaşayır. Hamımız cumduq onun yanına. Hətta bizimlə bərabər bir neçə zabit də gəldi. Qızların isə hamısı gəlmişdi. O cadugər su ilə fala baxırdı. Əlimizə baxıb fal açırdı. Bir dəfə də şarmanka çalandan bükülü kağışlar -biletciklər çəkib çıxartdıq. Mənə xoşbəxt biletlər düşmüşdü... Hanı bəs mənim xoşbəxtliyim, hə? Hardadı o?

Vətən bizi necə qarşıladı? Ağlamaqsız danışa bilmirəm...Qırx il ötüb, indiyə kimi də yanaqlarım alışır... Kişilər susurdu, qadınlar isə... Qadınlar üstümüzə bağırırdılar:

-Bilirik, orda siz nə işlə məşğul olmusuz? Bizim cavan ərlərimizi yoldan çıxarıbsız! Cəbhə qəhbələri...Müharibə qancıqları...

Bizi hər vasitəylə təhqir edirdilər... Lüğətdə olmayan söyüşlərlə...

Məni rəqsdən bir oğlan ötürür; birdən halım xarablaşır, ürəyim sıxılır. Gedirəm, otururam qar təpəsinin üstündə.

-Nooldu sənə?-soruşur.

-Heç nə,- deyirəm.- Çox rəqs oynadıq...

Amma həqiqətdə isə yaralarım idi, İki yara almışdım, incidirdi.... Müharibənin vurduğu yaralar... Lakin zərif olmağı öyrənmək lazım idi. Zəif və incə olmaq...çəkmələrdə isə ayaqların üzür... Qırx ölçüdədir...Adət etməmişdim ki, kimsə məni qucaqlasın. Özüm-özümə cavabdeh olmağı öyrənmişdim. Nəvazişli sözlər gözləyirdim, amma onları başa düşə bilmirdim. Onlar mənə uşaq sözləri kimi gəlirdi. Cəbhədə kişilər arasında- sərt rus söyüşləri eşidirdin. Öyrəşmişdi qulağın bu sözlərə. Rəfiqəm mənə öyrədirdi ki, şeir oxu, Yesenini oxu. Kitabxanada işləyirdi.

Çox keçmədi ki, ərə getdim. Bir ildən sonra. Bizim zavodun mühəndisinə getdim. Mən sevgi arzulayırdım. İstəyirdim evim, ailəm olsun. Evdən uşaq plyonkalarının qoxusu gəlsin... İlk plyonkaları iylədim, çox iylədim, amma burnuma o qoxu dəymədi. Qoxunu duya bilmədim. O xoşbəxtlik qoxusunu... O qadın iyini duya bilmədim. Müharibədə qadın qoxusu yoxdur, ordan yalnız kişi qoxusu gəlir. Müharibədən kişi iyi gəlir...

Mənim iki uşağım var- oğlan və qız. İlkim oğlandır. Yaxşıdır. Ağıllı oğlandır. İnstitut bitirib. Memardır. Qız isə... Mənim qızım... Qızcığazım...Beş yaşında yeriməyə başladı... ilk sözü də yeddi yaşında dedi :"ana!" İndiyə kimi o sözlər ki, var, onda alınmır, "mama" əvəzinə "mumu" deyir, "papa" əvəzinə "pupo" deyir. O...indi... Mənə indi də elə gəlir ki, bu həqiqət deyil. Bu bir səhvdir! Qızım dəlixanadadır... Düz qırx ildi ordadı... Mən təqaüdə çıxan kimi onun yanına hər gün gedirəm. Mənim günahım... Mənim qızım...

Artıq neçə illərdir ki, bir sentyabar gələndə mən ona əlifba alıram. Biz onunla əlifbanı bütün günü oxuyuruq. Hərdən ordan qayıdıb evə gələndə mənə elə gəlir ki, mən oxumağı və yazmağı yadırğamışam. Danışa bilmirəm. Və heç bunların heç biri indi mənə lazım da deyil. Bunlar nəyə lazımdı axı?

Mən cəzalanmışam... Nəyə görə? Bəlkə ona hörə ki, adam öldürmüşəm? Bəzən bu haqda da düşünürəm... Qocalıqda vaxt çox olur.... Düşüncələr... Fikirlər... Səhərlər diz çökürəm, pəncərənin qabağına gəlirəm... Allaha yalvarıram... Hamı üçün, hamının adından yalvarıram...Ərimdən incimirəm... Onu çoxdan bağışlamışam. Mən qız doğanda... O bizə baxdı... baxdı... Bir qədər bizimlə oldu.... sonra... sonra çıxıb getdi. Gedəndə də məzəmmət elədi, danladı:

-Məgər ağlı başında olan qadın müharibəyə gedər? Güllə atar? Bax elə buna görə də mənə ağıllı-başlı uşaq doğa bilmədin...

Mən ondan ötrü də dua edirəm...

Bəlkə o, düz deyir, hə? Mən hərdən bu barədə də düşünürəm... Bu - mənim günahımdır...

Mən Vətəni canımdan artıq istəyirdim. Dünyada hər şeydən əziz idi Vətən. Mən sevirdim... İndi bunu kimə demək olar, hə? Bunları kimə söyləyəsən? Qızıma...Təkcə qızıma... yalnız ona...Mən müharibəni xatırlayıram ona, o isə düşünür ki, mən ona nağıl danışıram. Uşaq nağılları... Qorxulu uşaq nağılları...

Familiyamı yazmayın. Lazım deyil..." Klavdiya S., snayper

Noxud dənəsi boyda bulba (belarus dilində kartof - tərc.) son tikələr...

Daha bir müharibə oldu...Bu müharibədə xəritə üzərində heç kim neytral zonanın hardan keçdiyini qeyd eləmirdi, heç kim cəbhə xəttinin hardan başlandığını qeyd eləmirdi. Orda heç kim əsgərlərin hamısını saya bilmirdi. Nə qədər silah-sursat var- onu deyə bilməzdi...Nə qədər zenit toplardan atəş açılır, pulemyotlardan, ov tüfənglərindən...Köhnə silahlardan... Bu müharibədə nəfəs dərmək və yenidən hücuma keçmək yox idi... çoxları təkbətək vuruşurdu... Çoxları tənha ölürdü... Bu müharibədə ordu döyüşmürdü, diviziya, batalyon, rota, xalq-partizanlar və gizli qruplar vuruşmurdu. Bu müharibədə-kişilər, qocalar, qadınlar, uşaqlar döyüşmürdü. Tolstoy bunu "xalq qəzəbinin çoxüzlü ehtirası" adlandırırdı və "istiliklə örtülmüş vətənpərvərliyin" ehtirası adalndırırdı. Hitler isə öz generallarına şikayət edirdi ki, "Rusiya qaydasız vuruşur".

Bu müharibədə ölmək ən qorxulu iş deyildi. Qorxulusu başqa şey idi...Özümüzü cəbhədə olan əsgər kimi təsəvvür edək, əsgərin ailəsi də ətrafında- uşaqları, arvadı, qoca valideynləri...Hər an gərək hazır olasan onları da qurban verməyə. Fəlakətə qurban verməyə. Xəyanətdə olduğu kimi cəsarətdə də çox vaxt şahidlər olmur.

Və bu müharibə barədə biz hamıdan az bilirdik. Bəlkə də ona görə ki, bu müharibə adi müharibədən fərqli olaraq daha amansız, daha qəddar olub.

Yadıma gəlir ki, bizim kəndlərdə Qələbə Günündə sevinmirdilər, ağlayırdılar. Çox ağlayırlar. Xiffət çəkirlər. "Elə dəhşətli idi ki... Mən bütün doğmalarımı dəfn eləmişəm, mən müharibədə öz qəlbimi basdırdım..." (V.Q.Androsik, gizli təşkilatın üzvü)

Əvvəlcə yavaş, sakit tonda başlayırlar, axırda isə demək olar ki, hamı qışqırır.

"Mən şahidəm...

Sizə bizim partizan dəstəsinin komandiri haqqında danışacağam...Familyasını yazmayın, çünki onun doğmaları sağdır. Bunları oxumaq onlar üçün ağır olar...

Rabitəçilər dəstəyə xəbər verdilər: komandirin ailəsini gestapoya aparıblar-arvadını, iki azyaşlı qızını və qoca anasını. Hər yerdə də elan asıblar, bazarda vərəqələr paylayırlar: əgər komandir təslim olmasa, ailəsini asacaqlar. Fikirləşmək üçün iki gün vaxt var. Polisaylar kəndbəkənd düşüb təbliğat aparırdılar: qırmızı komandirlərin heç öz uşaqlarına da yazığı gəlmir! Onlar qorxunc adamlardı. Onlar üçün həyatda müqəddəs heç nə yoxdur. Təyyarədən meşələrə vərəqələr atırdılar...Komandir təslim olmaq istəyirdi, özünü güllələmək istəyirdi. Onu heç vaxt tək qoymurdular. Ona nəzarət edirdilər. Özünü güllələyə bilərdi...

Moskvayla əlaqə yaratdılar. Vəziyyəti məruzə elədilər. Təlimat aldılar...Elə həmin gün dəstədə partiya yığıncağı çağırdılar. Yığıncaqda qərar qəbul olundu: alman təxribatına uymamalı. Kommunist kimi o, partiya intizamına tabe oldu...

İki gündən sonra şəhərə kəşfiyyatçılar göndərdilər. Onlar dəhşətli xəbər gətirdilər: komandirin bütün ailə üzvlərini asıblar. Elə ilk döyüşdə komandir həlak oldu...Bilmək olmadı necə öldü. Təsadüfən. Düşünürəm ki, o, elə ölmək istəyirdi...

Ölülər susurlar...Kaş ölülərin bizə nə demək istədiklərini biləydik! Yaşaya bilərdikmi? Ağlayıram və yenə ağlayıram. Söz əvəzinə gözlərimdən yaş süzülür..." (V. Korotayeva, partizan).

Mənsə onlardan xahiş edirəm: danışın...Susmaq olmaz. Şeytana güzgünü göstərmək lazımdır- düşünməsin ki, o, görünməzdir, onun izləri qalmır. Onları inandırıram...

Mənim özümə də inam lazımdır ki, davam edə biləm...

İçində mina olan səbət, məxməri oyuncaq və ikonanın üstündəki örtük

"Mən tapşırığı yerinə yetirmişdim...Və bundan sonra qəsəbədə qala bilməzdim, dəstəmizin yanına getdim. Bir neçə gündən sonra anamı gestapoya apardılar. Qardaşım qaça bilmişdi, amma anamı aparmışdılar. Anama işgəncə veriblər, sorğu-suala tutublar ki, qızın hardadı. Anam iki il orda oldu. İki il faşistlər əməliyyatları zamanı onu və digər qadınları özlərindən qabağa buraxırdılar...Onlar partizan minalarından qorxurdular, həmişə yerli əhalini özlərindən qabağa qovurdular. Minaya düşsələr qoy onlar düşsünlər, partlasınlar, alman əsgəri isə salamat qalsın. Canlı sədd... Onlar mənim anamı da beləcə iki il aparıb gətirdilər...

Dəfələrlə olub: pusquda oturub gözləyirik, birdən görürük ki, qadınlar gəlir, arxalarında isə almanlar. Yaxınlaşıblar, görürsən ki, qabaqda gələnlər arasında öz anan da var. Ən dəhşətlisi budur ki, gözləyəsən. Gözləyəsən ki, komandir əmr versin: atəş açın! Hamı qorxu içində bu komandanı gözləyir. Biri pıçıldayır: odur, gələn mənim anamdır! O biri deyir-odur, gələn mənim bacımdır! Kimsə öz balasını görür....Mənim anam həmişə ağ örpəkdə gəlirdi. O, hündürboy qadın idi, həmişə adamların arasında fərqlənirdi. Özüm görə bilmirdim, mənə dərhal xəbər verirdilər ki, anan gəlir... Komanda verilsə, atmalıydın! Özün də bilmirsən hara atırsan. Başında bir fikir var: ağ örpəyi gözdən qoymamaq- sağdı, yoxsa yıxıldı? Ağ örpəkli anam... Hamı qaçır, güllə dəyir, bilmirsən ölüb, ya qalıb...İki gün özümə gələ bilmirəm, bir neçə gün huşsuz kimi gəzirəm; sonra rabitəçimiz qəsəbədən gəlir, xəbər gətirir ki, sağdır anan. Yenə havalı kimi oluram. Narahatam, yenə növbəti dəfə həmin hadisə təkrar olunur...Mənə elə gəlir ki, indi olsaydı mən tab gətirə bilməzdim...Lakin mən onlara nifrət edirdim... Mənə nifrət kömək edirdi...İndiyə kimi qulaqlarımdan uşağın səsi, qışqırığı getmir-onu quyuya tulladılar! Siz heç quyuya atılan uşağın səsini, qışqırığını eşitmisiz? Uşaq quyuya yuvarlanır və qışqırır, elə bil o dünyadan qışqırır, haray qoparır. O uşaq çığırtısı deyildi, o, insan qışqırtısı deyildi...Bəs cavan bir oğlanın mişarla kəsilməsi səhnəsini necə, görmüsüz?.. Bizim partizan idi...Bundan sonra ha vaxt tapşırığa getdinsə ürəyin yalnız bir arzuyla döyünür: onları öldürmək! Daha çox öldürmək! Ən dəhşətli üsulla öldürmək! Mən əsir düşmüş faşistləri görəndə onları boğub öldürmək istəyirdim... Hər hansı birisini... Boğmaq... Əllərimlə boğub öldürmək istəyirdim... Dişlərimlə parçalamaq istəyirdim... Mən onları öldürməzdim, bu onlar üçün asan ölüm olardı. Mən onları nə silahla, nə də tüfənglə öldürərdim...

Qırx üçüncü ildə faşistlər geri çəkiləndən az öncə mənim anamı güllələdilər...Mənim anam isə elə yaxşı ana idi ki... O, özü bizə xeyir-dua vermişdi.

-Gedin, uşaqlarım, siz yaşamalısız. Elə belə sadəcə ölməkdənsə... gedin... Asanlıqla ölmək yaxşı deyil...

Anam böyü-böyük sözlər demirdi, təntənəli sözlər yağdırmırdı, o, sadəcə sadə qadın sözləri tapıb deyirdi bizə. O istəyirdi ki, biz yaşayaq, oxuyaq, xüsusilə təhsil alaq...

Onunla bir kamerada yatan qadınlar danışırdılar ki, hər dəfə onu çıxarıb aparanda xahiş edirdi:

-Ah! Qadınlar, sizdən bircə xahişim budur ki, əgər ölsəm, mənim uşaqlarıma kömək edəsiniz!

Müharibədən sonra həmin qadınlardan biri məni öz ailəsinə götürdü, halbuki onun iki balaca uşağı vardı. Bizim evimizi faşistlər yandırmışdılar. Kiçik qardaşım partizan dəstəsində həlak olmuşdu, anamı güllələmişdilər. Atam isə cəbhədəydi. O cəbhədən yaralı qayıtdı, xəstəydi. Çox yaşamadı, tezliklə vəfat elədi. Bütün ailədən bircə mən qaldım.Tək qaldım. Həmin qadın özü də kasıb idi, üstəlik iki azyaşlı uşağı vardı... Mən qərara aldım ki, çıxıb gedəm, harasa uzaqlara. O qadın isə ağlayırdı, məni getməyə qoymurdu.

Biləndə ki, anamı güllələyiblər huşumu itirdim. Özümə yer tapa bilmirdim, daim narahat idim. Mən mütləq... Mən mütləq onu tapmalıyam...Onları isə güllələyib qəbirlərini isə ağır maşınlarla hamarlamışdılar...Tank əleyhinə iri bir xəndəkdə...Mənə təxminən göstərdilər ki, anan harda durmuşdu. Mən yüyürdüm oraya, qazdım torpağı, əllərimlə meyitləri bir-bir çevirib baxdım...Mən anamı barmağındakı üzüyünə görə tanıdım... Mən o üzüyü gördüm... Görən kimi də qışqırdım... sonrası yadımda deyil...Heç nə yadımda deyil...Hansısa qadınlar onu çıxartdılar, konserv bankası ilə su götürüb yudular, sonra dəfn elədilər. Mən həmin bankanı indi də saxlayıram.

Hərdən gecələr uzanıb düşünürəm:anam mənim ucbatımdan həlak oldu. Yox, mənə görə yox...Əgər mən doğmalarıma görə qorxub vuruşmağa getməsəydim, əgər o birilər də... üçüncü, dördüncü...beşinci... adamlar da qorxub döyüşməyə getməsəydilər...onda bu gün olmazdı... indi əldə etdiklərimiz olmazdı. Amma özümə deyirəm... Unudum...Ah, mənim anam necə gedirdi...Komanda verildi....Mən isə onun gəldiyi tərəfə atəş açırdım... Onun ağ örpəyi...Siz heç vaxt bilməzsiniz ki, bu yaşantılarla yaşamaq necə ağırdı. O günlərdən uzaqlaşdıqca adama daha ağır gəlir. Hərdən gecələr pəncərəmin önündə gəncin gülüşünü yaxud səsini eşidirəm...titrəyirəm, əsirəm, elə bilirəm ki, həmin o uşağın çığırtısıdır, uşağın qışqırtısıdır. Birdən ayılıram və hiss edirəm ki, nəfəs ala bilmirəm. Yanmışların qoxusu gəlir burnuma və boğuluram...Siz bilmirsiz, yanmış insan cəsədinin qoxusu necə olur! Xüsusilə yayda...Çox təşviş doğurur... şirin bir qoxudur. Mən indi də o qoxunu duyuram... Mən rayon icraiyyə komitəsində işləyirəm, hardasa yanğın olanda ora gedirəm... sənədləri tərtib edirəm. Lakin əgər desələr ki, hardasa ferma yanıb və heyvanlar da yanıb... mən heç vaxt ora getmirəm...Bacarmıram. Onlar mənə müharibəni xatırladır... Qoxular... İnsanlar necə yanıb kül olurdular...Gecə yuxudan ayılırsan, qaçırsan ki, özünə ətir vurasan... Lakin sanki elə ətirdən də o qoxular gəlir....Hər yandan gəlir...

Uzun müddət qorxudan ərə getmədim. Uşaq doğmağa qorxurdum. Birdən müharibə yenə başlayar və mən yenə cəbhəyə gedərəm! Bəs onda uşaqlar necə olar? İndi ölümdən sonrakı həyat barədə kitabları oxumağı sevirəm. Orda nə var? Görəsən mən orda anamla görüşəcəyəmmi?" Antonina Alekseyevna Kondraşova, Bıtoş partizan briqadasının paritzanı, kəşfiyyatçı

"Mənim ilk təəssüratım... Mən alman gördüm...Elə bil səni kimsə vurdu... bütün bədənin ağrıyır... hər bir hüceyrən sızıldayır- necə ola bilər axı, almanlar burda olsun? Nifrət güclüydü. Nifrət doğmalar, sevimli adamlar üçün qorxmaqdan, öz ölümündən qorxmaqdan da güclüydü! Əlbəttə, biz öz doğmalarımız haqqında fikirləşirdik, lakin bizim başqa seçimimiz yox idi. Düşmən cinayətkarcasına bizim torpağa soxulmuşdu!... Düşmən odla, qılıncla gəlmişdi...

Məsələn, məlum olanda ki, məni tutacaqlar, mən meşəyə qaçdım. Partizanlara qoşuldum. Getdim, evdə də yetmiş beş yaşlı anamı, özü də təkcə qoyub getdim. Biz onunla razılaşdıq ki, o, özünü kor, kar kimi qələmə verəcək, ona toxunmazlar. Əlbəttə, bununla mən özüm-özümü sakitləşdirirdim.

Mən çıxıb gedəndən sonra ertəsi gün faşistlər evimizə soxulmuşdular. Anam yalandan özünü korluğa və karlığa qoymuşdu, razılaşdığımız kimi. Onlar anamı dəhşətli dərəcədə döymüşdülər, işgəncə vermişdilər: qızın hardadı? Anam uzun müddət xəstə yatdı..." Yadviqa Mixaylovna Saviçkaya, gizli təşkilatın üzvü

"Mən elə ömrümün sonuna kimi belə qalacağam...Beləcə... o zamankı kimi... müharibədə olduğum kimi...Hə, sadəlövh... romantik... xəyalpərvər... Saçlarım ağarana kimi...Bu, mənəm...

Mənim rəfiqəm Katya Simakova partizanların rabitəçisi idi. Onun iki qızı vardı. Hər ikisi balacaydı... Altı-yeddi yaşları var idi də... O bu qızların əllərindən tutub şəhərə gedirdi, harda və neçə dənə texnika var, hansı texnika var, bütün bunları yadında saxlayırdı. Qarovul ona qışqırır, o isə ağzını açıb ona dil göstərir, yalandan özünü gicliyə qoyurdu. Bir neçə il davam elədi bu... Ana öz qızlarını qurban verirdi...

Bizdə Zajarskaya familyalı qadın da vardı, qızının adı Valeriya idi. Qızın yeddi yaşı vardı. Yeməkxananı partlatmaq lazım idi. Biz qərara aldıq ki, minanı sobaya qoyaq. Lakin minanı aparıb qoymaq lazım idi. Anası dedi ki, minanı onun qızı aparacaq! O, minanı səbətə qoydu, üstündən də bir-iki dənə uşaq kostyumu, məxməri oyuncaq, iyirmi-otuz dənə yumurta və yağ. Beləliklə, o qız minanı yeməkxanaya gətirdi. Deyirlər ki, ana fəhmi hər şeydən güclü olur. Yox, daha güclü ideyadır! Daha güclü inamdır! Mən belə düşünürəm... Mən hətta buna əminəm. Əminəm ki, əgər belə analar olmasaydı, belə uşaqlar, qızlar olmasaydı və onlar minanı ora aparmasaydılar, biz qalib gələ bilməzdik! Bəli, həyat- yaxşı şeydi! Gözəldi! Lakin ondan da qiymətli şeylər var..." Aleksandra İvanovna Xramova, Antopol gizli raykom partiya təşkilatının katibi

"Bizim dəstəmizdə Çimuki qardaşları vardı... Onlar öz kəndlərində pusquya düşmüşdülər, atışma olmuşdu və onları hansısa sarayda yandırmışdılar...Onlar patronları qurtarana kimi vuruşublar... Sonra yana-yana saraydan çıxıblar...Onları arabayla gəzdirirmişlər ki, kimsə tanısın, kimsə desin ki, onlar kimlərdəndir. Kimsə onları satsın...

Bütün kənd durmuşdu. Onların atası və anası da durub baxırdı. Heç kim səsini çıxarmırdı. Hansı ana ürəyi buna dözər, hə? Öz övladlarının meyitini görsün, qışqırmasın? Lakin o ana bilirdi ki, əgər ağlasa, onda bütün kəndi yandıracaqlar. Təkcə ananı yox, hamını öldürəcəklər. Öldürülmüş bir alman əsgərinə görə bütün kəndi yandırırdılar. O ana bilirdi bunu... Hər şeyə görə təltif var...Lakin bu ana üçün ən yüksək Qəhrəmanlıq ulduzu da azdır...Susduğuna görə..." Polina Kasperoviç, partizan

"Mən partizan dəstəsinə anamla birgə qoşuldum...Anam partizanların pal-paltarlarını yuyur, onlar üçün yemək bişirirdi. Lazım gələndə postda da dururdu. Bir dəfə mən tapşırığa getmişdim, anama xəbər veriblər ki, məni asıblar. Bir neçə gündən sonra qayıdıb gələndə anam məni görən kimi iflic oldu, onun nitqi bir neçə saat tutuldu. Bütün bunları biz yaşadıq...

Biz yolda bir qadın gördük, huşunu itirib yıxılmışdı. Qadın yeriyə bilmirdi, sürünürdü və düşünürdü ki, artıq meyitdir. O hiss edirdi ki, ondan qan gəlir, lakin ona elə gəlirdi ki, bu dünya deyil, o biri dünyadır. Biz onu silkələyib ayıldanda bir qədər özünə gəldi və danışmağa başladı... O qadın deyirdi ki, onları güllələyiblər, onu və beş uşağını gətirib güllələdilər. Onları saraya gətirəndə artıq onun beş uşağını güllələmişdilər. Onları güllə ilə vurub öldürəndən sonra sevinirdilər, şənlənirdilər... Sonuncu uşaq qalmışdı, südəmər oğlan idi, körpə. Faşist körpəni göstərib anaya deyir:

-Onu göyə tulla, mən onu göydə vuracağam...

Ana isə öz körpəsini elə atır ki, özü öldürsün onu... Öz körpəsini özü öldürsün... Faşist onu öldürə bilməsin, macal tapmasın onu öldürməyə...Qadın deyirdi ki, yaşamaq istəmir, bütün bunlardan sonra dünyada yaşamaq istəmir...yalnız o biri dünyaya getmək istəyir... İstəmir ki...

Mən öldürmək istəmirdim... Mən öldürmək üçün gəlməmişəm bu dünyaya. Mən müəllim olmaq istəyirdim. Lakin kəndi necə yandırdıqlarını gördüm... Qışqıra bilmirdim, bərkdən ağlaya bilmirdim...Biz kəşfiyyata gəlmişdik və elə o zaman həmin kəndə yaxınlaşdıq. Mən yalnız barmaqlarımı gəmirə bildim...Mənim barmaqlarımda elə o vaxtdan çapıq yerləri qalıb. Mən barmaqlarımı elə möhkəm gəmirdim ki, qan gəldi. Ətim görünürdü... Yadımdadı adamların çığırtıları... Eşidirdim, görürdüm... İnəklər də böyürürdülər... Toyuqlar da qaqqıldaşırdılar... Hamı qışqırır, çığırırdı... Mənə elə gəlirdi ki, heyvanlar da insan kimi qışqırırdılar. Bütün canlılar çığırırdı. Yanırdılar, çığırırdılar.

Bunları mən demirəm, bunları mənim dərdim söyləyir sizə..." Valentina Mixaylpvna İlkeviç, partizan dəstəsinin rabitəçisi

"Biz bilirdik...Hamı bilirdi ki, biz qalib gəlməliyik...

Sonralar camaat elə bilirdi ki, atamı rayon partiya komitəsi xüsusi tapşırıq üçün orda saxlayıb...Onu heç kim saxlamamışdı, heç bir tapşırıq-filan da verməmişdilər. Biz özümüz qərar verdik ki, mübarizə aparaq. Bizim ailədə heç bir panika olmadı, xatırlamıram bunu. Amma böyük kədər, dərd vardı, bəli, bu, vardı! Amma panika yox idi, hamı inanırdı. İnanırdı ki, qələbə bizim olacaq. Almanlar birinci gün idi ki, bizim kəndə girmişdilər. Atam axşam skripkada "İnternasional"ı çaldı. O, nəsə eləmək istəyirdi. Bununla etirazını bildirmək istəyirdi...

İki, ya da üç ay keçdi... Dəqiq bilmirəm...

O, yəhudi uşağı idi... Oğlan uşağı... Alman onu velosipedə bağlamışdı, uşaq da ardınca qaçırdı. İt küçüyü kimi. Alman:"Şnel!Şnel!" deyirdi və gülürdü. Cavan alman idi... Nəhayət, bu əyləncə onu bezdirdi və velosipedi saxlayıb oğlana dedi: diz üstə çök!..Dördayaqlı kimi iməklə!.. İt kimi sürün... Tullan, tut! "Hundik! Hundik!" Taxta parçasını atdı və əmr elədi: get onu bura gətir! Oğlan durur, qaçır və taxtanı götürüb gətirirdi. Alman qəzəbləndi... Başladı uşağı vurmağa... Söyməyə. Ona göstərirdi ki, sən taxtanı dişlərinlə götürüb gətirməlisən, it kimi...Özü də dörd ayaqlı... Oğlan dişləriylə taxtanı gətirdi...

Alman əsgəri düz iki saat oğlanla oynadı. Sonra onu yenidən velosipedinə bağlayıb qayıtdı. Oğlan it kimi onun dalınça qaçırdı...Gettoya tərəf gedirdilər...

Siz soruşursunuz ki, biz niyə mübarizə aparmağa başladıq?..Güllə atmağı öyrəndik..." Valentina Pavlovna Kojemyakina, partizan

"Necə unudaq...Yaralılar qaşıqla duz yeyirdilər...Sırada familyasını eşidən kimi döyüşçü irəli çıxır və elə əlində silah yerə yıxılır, zəiflikdən...Aclıqdan yerə yıxılırdı...

Xalq bizə kömək edirdi. Əgər xalq bizə kömək eləməsəydi, partizan hərəkatı heç mövcud da olmazdı. Xalq bizimlə birlikdə vuruşurdu. Bəzən göz yaşlarıyla, amma bizə kömək edirdilər, deyirdilər:

-Əziz balalarımız, dərdi birlikdə çəkəcəyik...Qələbəni gözləyəcəyik.

Son tikələrini qırıntılarına kimi yığıb tökürlər, bizə çörək verirlər. Bizim üçün meşəyə torbalar, bağlamalar yığıb düzəldirlər. Bəziləri "mən bu qədər verirəm!", digərləri "mən də bir belə verirəm" deyirlər, sonra "bəs sən, İvan, nə qədər verə bilərsən? Bəs Mariya, sən?" deyə soruşurlar. O da cavab verir:

-Hamı kimi...mən də eləcə...Axı mənim uşaqlarım da var!

Biz yerli əhali olmasaydı neyləyərdik! Bütöv bir ordu meşədəydi- biz onlarsız, camaatsız məhv olardıq. Axı camaat əkir, becərirdi, uşaqları və bizi yedizdirirdilər...Geyindirirdilər... bütün müharibə boyu. Gecələr işləyirdilər, yəni atəş açılmayana qədər işləyirdilər. Yadımdadı, bir dəfə bir kəndə gəlmişdik, orda yas vardı- yaşlı bir adamı dəfn edirdilər. Qocanı gecə öldürmüşdülər. Taxıl əkirmiş. Taxılı elə ovcundaca möhkəmcə sıxıb qalmışdı. Barmaqlarını elə bərk qatlamışdı ki, aça bilmirdilər. Elə beləcə əlində taxıl qoydular qəbirə...

Bizim silahımız vardı, biz özümüzü müdafiə edə bilərdik. Bəs onlar? Partizana çörək verdiyinə görə-güllələnmə! Mən bir gecə qaldım və getdim. Əgər kimsə gedib satsaydı ki, mən orda gecələmişəm, yəni həmin daxmada qalmışam, vəssalam, evin bütün sakinlərini güllələyəcəkdilər. Mənim gecələdiyim evdə isə bir qadın yaşayırdı, ərsiz qadın idi, üç uşağı da vardı. Uşaqlar balacaydılar. Biz gələndə o qadın bizi qovmurdu, peçi yandırırdı, pal-paltarımızı yuyurdu...Son tikəsini də bizə verirdi. "Yeyin, igidlərim!" Bulbamız yazda xırda-xırdadır, lap noxud dənəsi boyda. Biz yeyirik, uşaqlar isə sobanın üstündə oturublar, ağlayırlar. Bu noxud dənəsi boyda olan bulbalar isə sonuncu tikələrdir..." Aleksandra Nikiforovna Zaxarova, Qomel vilayətinin ikiyüz iyirmi beşinci polkunun partizan dəstəsinin komissarı

"Birinci tapşırıq...Mənə vərəqələr gətirdilər. Mən onları balışa tikdim. Anam yer saldı və əlini balışa vuranda nəsə hiss elədi. Balışın üzünü cırdı və həmin vərəqələri gördü. Başladı ağlamağa. "Sən özünü də, məni də məhv edəcəksən" dedi. Sonradan isə o mənə kömək eləməyə başladı.

Bizə tez-tez partizan rabitəçiləri gəlirdilər. Atları bağlayıb içəri girirdilər. Sizcə qonşular görmürdülər? Görürdülər və bilirdilər. Mən deyirdim ki, bunlar qardaşımındır, kənddən gəlib. Amma hamı yaxşı bilirdi ki, mənim kənddə qardaşım yoxdur. Mən onlara minnətdaram, bizim küçəmizdə yaşayanların hamısının qabağında diz çökməliyəm. Bir kəlmə kifayət idi ki, bizim bütün ailəmiz məhv olsun. Bircə nəfər barmağıyla bizim qapını işarə versəydi, vəssalam. Amma heç kim eləmədi... Bir nəfər belə bizi satmadı... Müharibədə mən insanları çox sevdim, elə sevdim ki, bu sevgim bir daha və heç vaxt bitməyəcək...

Azad olunandan sonra... Mən küçəylə gedirəm, hər tərəfə boylanıb baxıram: artıq yenə qorxurdum, yenə küçəylə getməyə ürək eləmirdim, rahat gəzə bilmirdim. Gedirəm, maşınları sayıram, vağzalda qatarları sayıram...Uzun müddət özümə gələ bilmirdim, hələ də ayılmamışdım köhnə vərdişlərimdən... Tərgidə bilmirdim..." Vera Qriqoryevna Sedova, gizli təşkilatın üzvü

"Mən artıq ağlayıram...Göz yaşlarım süzülür...

Biz daxmaya girdik, orda heç nə yoxdu...iki dənə oturacaq və stol. Hətta krujka da yox idi ki, su içəsən. Camaatın hər şeyini əlindən almışdılar. Küncdə yalnız ikona vardı, üstünə örtük salınmışdı...

Nənəylə baba oturublar. Bizim partizanlardan biri çəkmələrini çıxartdı, patavaları elə cırıq-cırıq olmuşdu ki...heç onları sarıya bilmirdi. Çöldə isə yağış, palçıq, çəkmələr də yırtılıb...Və həmin nənə ikonaya sarı yeriyib, örtüyü çəkir və partizana verib deyir:

-Mənim balam, bəs sən necə gedəcəksən?

Evdə daha heç nə yox idi..." Vera Safronovna Davıdova, partizan

"İlk günlər...Mən kəndin kənarından iki yaralı gətirdim... Biri başından yaralanmışdı, o biri əsgərin ayağına isə qəlpə dəymişdi. Həmin qəlpəni özüm çıxartdım, yaranın üstünə nöyüt tökdüm, başqa şey tapa bilmədim. Mən artıq bilirdim ki... Bilirdim ki, nöyüt infeksiyanın qarşısını alır...

Mən onların hər ikisinə qulluq elədim, ayaq üstə qaldırdım. Əvəlcə biri, sonra isə o biri getdi meşəyə. Sonuncu əsgər çıxanda istəyirdi ayağımdan öpsün.

-Əziz bacım! Sən mənim həyatımı xilas elədin.

Ad-familya söhbəti yox idi. Yalnız- qardaş-bacı vardı.

Arvadlar axşam mənim daxmama gəlirdilər. Söhbət edirdilər:

-Deyirlər, almanlar Moskvanı alıblar.

-Heç vaxt!- mən deyirdim.

Elə həmin o arvadlarla da biz işğaldan sonra kolxozu dirçəltdik, məni kolxoz sədri qoydular. Bizim kənddə dörd qoca kişi və beş nəfər yeniyetmə qalmışdı- on üç yaşları vardı. Onlar mənim əkinçilərim idilər. İyirmi atımız vardı, atlara qotur düşmüşdü, onları müalicə eləmək lazım idi. Bax bizim təsərrüfatımız bunlardan ibarət idi. Təkərlər yox idi, xamıtlar yox idi. Arvadlar bellə işləyirdilər, torpağı şumlayırdılar, inək və öküzlərin üstündə malalayırdılar, öküzlərin quyruqlarını bururdular; onlar oturanda durmaq bilmirdilər. Onları yerindən dəbərtmək hünər istəyirdi. Mənim qoçaqlarım gündüzlər malalayır, axşamlar isə

düyünçələri açırdılar, hamı eyni yemək yeyirdi-yastı kökə! Siz bilmirsiz bu nədir.Turşəngin toxumlarıdır...Bilmirsiz? Belə bir ot var. Quzuqulağı da deyirlər. Yoncaları qoparırdıq. Və bütün bunları birlikdə həvəngdəstə ilə əzirdik. Və o kökələri bişirirdik. Bax belə bir çörək hazırlayırdıq...

Payızda belə bir tapşırıq gəldi:beş yüz səksən kubmetr meşəni qırmalıyıq. Kiminlə? Mən öz on iki yaşlı igidimi və on yaşlı qızımı götürdüm, o biri arvadlarla birlikdə. Beləliklə, biz bu işin öhdəsindən də gəldik...Taxta-şalbanları təhvil verdik..." Vera Mitrofanovna Tolkaçyova, partizanların rabitəçisi

İosif Georgiyeviç Yasyukeviç və onun qızı Mariya danışırlar; onlar müharibədə Rakassovski adına briqadanın Petrakov adına partizan dəstəsində rabitəçi olublar.

İosif Georgiyeviç:

-Hər şeyi Qələbə üçün verdim... Hər şeyimi... Ən doğma adamımı da...Oğlanlarım cəbhədə vuruşurdular. İki bacıoğlumu partizanlarla əlaqə saxladıqları üçün güllələdilər. Mənim bacımı, yəni o uşaqların anasını faşistlər yandırdılar... Öz evində... Camaat danışırdı ki, tüstü çəkilib gedəndən sonra da bacım ayaq üstə dümdüz şam kimi durmuşmuş, əlində də ikona. Müharibədən sonra günəş batanda elə bilirəm yenə nəsə yanır...

Mariya:

-Mən qız uşağıydım, on üç yaşım vardı. Bilirdim ki, atam partizanlara kömək edir. Başa düşürdüm. Gecələr bizə hansısa adamlar gəlirdilər. Nəsə qoyur, nəsə götürüb gedirdilər. Atam tez-tez məni götürüb arabayla aparırdı, deyirdi:

-Otur burda və yerindən də durma.

Təyin olunan yerə çatanda o, həmin yerdən silah və vərəqələr çıxarırdı.

Sonradan məni stansiyaya göndərməyə başladı. Mənə öyrətdi ki, nəyi yadda saxlamaq lazımdır. Mən də orada gecəyə kimi xəlvətcə kolların arasında durub sayırdım: neçə vaqon keçdi, neçə vaqon gəldi, nə apardılar, görünürdü- silah, tank, əsgərlər. Almanlar gündə iki-üç dəfə kollara atəş açırdılar.

-Qorxmurdun?

-Mən balacaydım, elə sivişib gedirdim ki, məni heç kim görə bilmirdi. Amma həmin gün...Yaxşı yadımdadır: atam iki dəfə çalışdı ki, xutordan çıxsın, yəni yaşadığımız xutordan. Meşənin qırağında partizanlar onu gözləyirdilər. İki dəfə arabayla getdi, hər dəfə də patrullar onu geri qaytardılar. Qaranlıq düşdü. Atam məni çağırdı:

-Mariyka...

Anam da dilləndi:

-Yox, uşağı qoymaram göndərəsən...

Və məni atamın əlindən almağa çalışdı.

Lakin mən meşəylə qaçdım, necə demişdi mənə, eləcə. Orda bütün yol-cığırı beş barmağım kimi bilirdim, doğrudur, qaranlıqdan qorxurdum. Partizanları tapdım, onlar gözləyirdilər, hamısını onlara çatdırdım, atam nə demişdi hamısını. Lakin qayıdanda artıq səhər açılırdı. Bəs alman patrullarını necə ötüb gedim? Meşəni gəzib dolandım, elə gah ora, gah da bura hərləndim, gölə düşdüm. Əynimdə atamın pencəyi, çəkmələr, hamısı batdı. Birtəhər donmamış yerdən çıxdım...Qarın üstündə ayaqyalın qaçmağa başladım...Xəstələndim... Necə çarpayıya uzandımsa bir daha ayağa qalxmadım...Ayaqlarımı don vurmuşdu. Həkimlər, dərmanlar yox idi. Anam məni otlarla müalicə edirdi. Palçıq qoyurdu...

Müharibədən sonra həkimə gətirdilər. Lakin artıq gec idi. Mən elə yataq xəstəsi kimi qaldım...Otura bilirəm. Lakin çox az... uzanıb pəncərədən baxıram.. Müharibəni xatırlayıram...

İosif Georgiyeviç:

-Mən onu qollarım üstündə gəzdirirəm...Qırx ildi. Körpə uşaq kimi. İki il bundan qabaq arvadım öldü. Mənə dedi ki, hər şeyi bağışladım. Səni bağışlayıram. Cavanlıq günahlarımı... Hamısını... Amma Mariykanı bağışlamadı...Gözlərindən oxudum...Mənsə qorxuram ölməyə, onda bəs Mariykaya kim baxar...Qalacaq tək. Onu kim qolları üstündə gəzdirəcək? Gecələr kim onun üçün dua oxuyacaq? Allahdan xahiş edəcək...

-

(davamı)

Analar və atalar

Minsk vilayətinin Volojin rayonunun Ratınçı kəndi. Paytaxtdan oraya bir saatlıq yoldur. Adi belarus kəndidir. Taxta evlər, rəngli çəpərlər, küçələrdə xoruzlar, qazlar. Uşaqlar qumsal yerlərdə oynayırlar. Qoca arvadlar dükan qabaqlarındakı skamyalarda. Mən də onlardan birinə yaxınlaşıram, bütün küçə yığışır. Danışırlar. Hamı bir ağızdan danışır.

Hərə özündən, hamı isə bir şeydən danışır: necə işləyiblər, necə əkib-biçiblər, partizanlar üçün necə çörək bişiriblər, uşaqları necə qoruyublar, falabaxanların və qaraçıların yanına necə gediblər, yuxularını necə yozublar və Allahdan nələr diləyiblər...Ərlərinin müharibədən qayıtmasını gözləyiblər.

İlk üç familyanı qeyd edirəm: Yelena Adamovna Veliçko, Yustina Lukyanovna Qriqoroviç, Mariya Fyodorovna Mazuro. Sonrakıları yazmaq olmur, ağlaşma qoymur...Hərə bir şey danışır:

"Ax, qızcığazım mənim! Mənim gülüm-çiçəyim, mən Qələbə Gününü sevmirəm! Ağlayıram həmin gün! Oyyyy! Ağlamaq tutur məni! Elə ki, yadıma düşür, hər şey təzədən qayıdır... Xoşbəxtlik dağın başında, bədbəxlik isə sənin çiyinlərində...

Almanlar bizi toyuq kimi ütdülər, hər şeyimizi də götürüb apardılar. Bircə quru daşımız qaldı. Meşədən gəldik, gördük heç nəyimiz qalmayıb. Bircə pişiklərimiz qalmışdı. Nə yeyirdik? Yayda gedib giləmeyvə yığırdım, göbələk yığırdım. Mənim bir külfət uşaqlarım vardı.

Müharibə qutarandan sonra kolxoza getdik. Əkirdim, becərirdim, şumlayırdım. Kotanı özümüzə bağlayırdıq, dartırdıq at əvəzinə. At yox idi, onları öldürmüşdülər. İtləri belə güllələmişdilər. Anam bizə deyirdi: mən öləndən sonra bilmirəm ürəyim necə olacaq, amma qollarım heç olmasa dincini alar. Mənim qızımın on yaşı vardı, mənimlə işləyirdi. Briqadir gəldi, gördü ki, bu balaca qız mənimlə axşama kimi külüng vurur...Biz elə hey biçirik, biçirik, artıq günəş də meşənin arxasına çəkilib... Gün bəs eləmirdi bizə... Normanı iki dəfə artıq yerinə yetirirdik. Axı bizə heç pul da vermirdilər, sadəcə olaraq bir əməkgünü başa çatanda quş qoyurdular. Yayda əkin sahəsinə gedirsən, payızda heç bir kisə un almırsan. Bircə kartofla uşaqları böyüdürdük..."

"Müharibə də qurtardı...Mən isə tək qaldım. Mən həm inəyəm, həm öküzəm, hə arvadam, həm də kişi...Vay-vay-vay!"

"Müharibə fəlakətdir...Mənim daxmamda bircə uşaqlarım vardı. Nə oturmağa stulumuz, nə də bir sandığımız vardı. Lüt-üryan idik. Qoza yeyirdik, yazda ot yeyirdik...Mənim qızım məktəbə getdi, yalnız o zaman mən ona ilk dəıfə olaraq botinka ala bildim. Qızım elə botinkalarıyla yatırdı. Çıxartmaq istəmirdi. Bax belə yaşayırdıq! Ömür qurtarır, amma xatırlamağa heç nə yoxdu! Yalnız müharibə var..."

"Şayiə gəzirdi ki, bizim əsirləri gətiriblər, kim özünkünü tanısa, apara bilər. Bizim arvadlar da qalxıb qaçmağa başladı həmin yerə! Axşam kimi özünkünü, kimi özgəsini gətirdi. Və onlar elə şeylər danışırdılar ki, adamın inanmağı gəlmirdi:insanlar diri-diri çürüyürmüşlər, acından ölürmüşlər, ağaclardakı bütün yarpaqları yeyirmişlər...Otları...Torpağın içindən kökləri, gövdələri çıxarıb yeyirmişlər...

Ertəsi gün mən yenə həmin yerə qaçdım, lakin özümkünü tapmadım. Düşünüdüm ki, kiminsə oğlunu xilas edim. Gördüm kimsə, qara bir oğlan mənə baxır, Saşko çağırırdılar... indi mənim nəvəmin adı da Saşkadır. O oğlanın on səkkiz yaşı vardı...Mən almana salam verdim, yumurta verdim, dedim ki, o mənim qardaşımdır. Xaç vurdum. Biz onunla evə gəldik, lakin tək yumurtayla qala bilməzdik. O çox zəif idi. O əsirlər heç bir ay deyildi bizdə qalmışdılar, bir zəhər tuluğu gəlib çıxdı bizim kəndə. Hamı kimi yaşayırdı, arvadı da vardı, iki uşağı vardı... Gedib komendaturaya xəbər verdi ki, biz evimizdə özgə bir adam saxlayırıq. Ertəsi gün almanlar motosikletlə gəldilər. Xahiş edirik, diz çökürük ki, aparmayın... onlar isə aldatdılar bizi, dedilər ki, yaxına, evin yanına aparırlar. Mən Saşkoya babamın kostyumunu verdim... Düşünürdüm ki, o, yaşayacaq...

Lakin onları kəndin kənarına apardılar...Və hamını avtomatla güllələdilər... Hamısını. Biri də qalmadı. Axı onlar çox cavan idilər, lap südəmər cavanlar idilər... Elə yaxşı oğlanlar idilər ki! Və biz qərara aldıq ki, onları basdıraq... Doqquz nəfər idik...Yəni o əsirlər doqquz qadının evində qalırdılar... Beşimiz onları xəndəklərdən çıxarır, dördümüz isə güdürük ki, almanlar görməsinlər. Əllə götürmək olmazdı, yayın qızmar çağıydı, onlar isə artıq dörd gün idi ki, orda uzanıb qalmışdılar...Və bellə də toxunmağa qorxuruq...O zaman mizin üstünə qoyub daşıyırıq. Su da götürmüşdük, burunlarımızı bağlamışdıq. Az qala özümüz də xəndəyə yıxılacaqdıq...Meşədə bir qəbir qazdıq, onları bir-birinin yanına qoyduq...Mələfəylə üstünü örtdük...Ayaqlarını örtdük...Basdırdıq.

Düz bir il narahat olduq, sakitləşə bilmirdik. Onlar üçün ağlayırdıq. Hər birimiz fikirləşirdik: bəs mənim ərim və ya oğlum hardadı? Onlar sağdırlarmı? Çünki müharibəyə gedəni gözləyirsən, torpağın altında uyuyanı isə yox, heç vaxt!... Ay-ay-ay!.."

"Mənim çox yaxşı ərim vardı, xeyirxah idi. Biz onunla yalnız il yarım yaşaya bildik. O gedəndə mən körpəmi bətnimdə gəzdirirdim. Lakin o, qızımızı görə bilımədi, mən qızımı onsuz doğdum. Ərim yayda getdi, mən isə payızda doğdum.

Hələ demək olar ki, bir il də körpəmi əmizdirdim. Bir dəfə çarpayıda oturmuşdum, uşağı əmizdirirdim...Pəncərəm döyüldü.

-Lena, kağız gəlib!- dedilər.- Ərindən gəlib...

Arvadlar poçtalyonu buraxmamışdılar gəlsin, özləri məktubu gətirmişdilər.

Mən yerimdəcə quruyub qalmışdım, qucağımda da körpə... Döşümdən də süd axır...Birdən yerə yıxıldım və uşaq başladı çığırmağa, qorxmuşdu. Qız bir də döşümü götürmədi. Bu xəbəri mənə şənbə günü verdilər, aprel ayı idi...Pasxaya bir həftə qalmış axır şənbə günü...Kağızda oxudum ki, mənim İvanım həlak olub, Polşada... Onun qəbri Qdansk şəhəri yaxınlığındadır...

O, 17 mart 1945-ci ildə həlak olub...Nazik bir kağız idi...Biz artıq Qələbəni gözləyirdik... bax elə bugün, ya sabah ərlərimiz qayıdacaq...Bağçalarımız gül-çiçək açmışdı...

Qızım qorxudan uzun müddət xəstəlik tapdı. Ta ki məktəbə gedənə qədər. Kimsə qapını bərkdən döyəndə, ya da bərkdən qışıqranda uşaq qorxurdu. Gecələr ağlayırdı. Mən onunla çox əziyyət çəkdim, görünür, yeddi il yuxu getməmişdi gözlərimə... Mənim gözlərim yalnız qaraltı görürdü.

Dedilər Qələbə çalmışıq! Kişilər yavaş-yavaş evlərinə qayıdırdı. Lakin yola saldıqlarımızdan xeyli az adam qayıtdı. Yarıdan da az. Qardaşım Yuzik birinci gəldi. Amma şikəst idi. Onun da bir qızı vardı. Dörd yaşında...Mənim qızım onlara oynamağa getmişdi. Bir dəfə gördüm ki, qaçıb gəlir və ağlayır. Deyir:

-Mən onlara getməyəcəm...

-Niyə ağlayırsan?-soruşuram. Deyir:

-Oleçkanı (onların qızının adıydı) atası dizlərinin üstünə qoyub oxşayır...Mənim isə atam yoxdu...Mənim anam var...

Sonra biz qucaqlaşdıq...

Beləcə, iki-üç il...Küçədən qaçıb üstümə gəlir, deyir:

-Mən evdə gəzəcəm...Birdən atam gələr, məni küçədə o biri qızlarla oynayan görər, tanımaz, axı o, məni görməyib...

Onu evdən küçəyə oynamağa qova bilmirdim. Bütün günü evdə otururdu. Atasını gözləyirdi. Bizim atamız isə qayıtmadı..."

"Mənimki müharibəyə gedəndə o qədər ağladı ki...deyirdi ki, uşaqları qoyub gedir. Uşaqlara yazığı gəlirdi. Uşaqlar isə körpəydilər, hələ heç nəyi qanmırdılar. Qanmırdılar ki, onların atası var. Əsəs buydu ki, hamısı da qəşəng uşaq idi. Ən kiçiyini hələ qucağımda gəzdirirdim. O balacanı götürüb sinəsinə sıxdı. Sonra çağırdılar, çıxdı çölə, mən də onun dalınca qaçıram. Eşidirəm:

-Sırada düzlən!

Əmr verilir. O isə uşağı buraxmaq istəmir. Elə sıraya uşaq qucağında düzülür... Hərbiçi onun üstünə çəmkirir, o isə göz yaşlarıyla uşağı bağrına basır. Uşağın bələyi teyxə yaş idi. Biz onun dalınca ta kəndin qurtaracağına kimi qaçdıq. Təxminən beş kilometr qaçdıq. Bizimlə bərabər o biri arvadlar da qaçırdılar. Uşaqlar artıq yorulub əldən düşüblər, yıxılırlar. Mən isə qucağımdakıyla qaçıram, heyim qalmayıb. Volodya isə (mənim ərim) dönüb baxır, mən isə qaçıram, hey qaçıram...Uşaqları hardasa yolda qoyuram... Təkcə balacası qucağımdadır... Ona çatmaq istəyirəm..

Bir ildən sonra qara kağız gəldi: sizin əriniz Vladimir Qriqoryeviç Almaniyada, Berlin yaxınlığında həlak olub. Mən heç onun qəbrini belə görməmişəm. Bir qonşum müharibədən qayıtmışdı, sağ-salamat idi, o biri qonşum isə ayaqsız qayıtmışdı. Mən elə təəssüf elədim ki! Kaş mənimki də qayıdaydı, kaş ayaqsız, əlsiz qayıdaydı, amma qayıdaydı, sağ olaydı! Mən onu qollarım üstündə saxlayardım..."

"Mənim üç oğlum atasız qaldı...Dərz vurdum, taya bağladım, odun yardım, meşədən odun daşıdım, kartof əkdim, ot daşıdım... Hamısını özüm elədim... Kotanı özüm dartırdım, belimə bağlayırdım qoşqunu, əkirdim, becərirdim, şumlayırdım...Çox heyif! Bizdə hər iki evdən birində ya dul qalmış qadın, ya da hərbiçi qadın yaşayır. Biz kişisiz qaldıq. Atsız qaldıq. Atlarımızı da müharibəyə aparmışdılar. Beləcə mən... Mən qabaqcıl idim, iki fəxri fərman veriblər mənə, bir dəfə də mənə on metr çit parça veriblər. Bilirsiz necə toy-bayram edirdik! Mən uşaqlarıma əyin-baş tikdim, hər üçünə köynək tikdim!"

"Müharibədən sonra...Həlak olanların oğlanları təzəcə boya-başa çatırdılar. Böyüyürdülər. On üç-on dörd yaşları vardı. Lakin onlar artıq böyüklər kimi düşünürdülər. Evlənmək istəyirdilər. Kişi yox idi, cavan arvadlar isə çox idi...

Bax, əgər mənə desəydilər ki, inəyini ver, müharibə olmayacaq. Verərdim! İstəyirəm mənim uşaqlarım mənim gördüklərimi görməsinlər. Gecə-gündüz elə hey öz bədbəxtliyimin səsini eşidirəm..."

"Pəncərəyə boylanıb baxıram, elə bilirəm odur, oturub orda... Hərdən elə olur ki, axşamlar o görünür gözlərimə...Mən artıq qocalmışam, onu isə həmişə cavan görürəm...Onu cəbhəyə yola salanda necə görmüşdümsə, eləcə...Yuxuma girəndə də cavan olur...Orda elə mən də cavanam...

Bizim bütün qadınlara qara kağız göndərirdilər- mənə isə yazmışdılar- itkin düşüb! Göy mürəkkəblə yazmışdılar. İlk on ili hər gün gözlədim. İndi də gözləyirəm. İnsan nə qədər ki, yaşayır, gərək ümidini itirməsin..."

"Arvad tək necə yaşasın? Adam gəlir, kömək edir, ya da etmir. Fərq eləməz, eyni şeydir. Hərə bir söz atır... Hərə bir söz deyirdi... İt hürər, karvan keçər...Lakin İvan gərək öz beş nəvəsini görəydi. Hərdən mən onun portretinin yanında durub nəvələrə göstərirəm. Onlarla danışıram... "

"Ay-ay-ay... Bizim ilahəmiz...Mərhəmətli..."

"Müharibədən dərhal sonra yuxu gördüm: həyətə düşürəm, görürəm ki, ərim həyətdə gəzir... Hərbi formadadır... Məni çağırır...eşidirəm... Ədyalı üstümdən atdım və cəld pəncərəni açdım... Görürəm sakitılikdir. Hətta quşlar belə oxumur. Yatıblar. Külək yarpaqları tərpədir.... Yüngülcə vıyıldayır...

Səhər on dənə yumurta götürüb qaraçının yanına getdim. O, karta baxıb dedi:

-Ərin artıq yoxdu, əbəs yerə gözləmə...Evin ətrafında gəzən onun ruhudu...

Biz isə onunla bir-birimizi sevib evlənmişdik. Böyük sevgiydi..."

"Bir falabaxan mənə öyrətmişdi ki, hamı yatandan sonra, qara yaylıq bağla başına və otur güzgünün qabağında. Baxarsan, o da görünəcək. Sən onu görəcəksən... Ona toxunmaq lazım deyil, paltarına da toxunmayasan. Onunla yalnız danış...

Mən bütün gecəni oturdum...Düz səhərə yaxın o, gəldi...Heç nə demədi, susdu, göz yaşı tökdü. O, beləcə üç dəfə göründü. Çağırırdım, gəlirdi. Ağlayırdı. Sonralar mən daha onu çağırmadım. Yazığım gəlir..."

"Mən də öz ərimlə görüşü gözləyirəm...Gecə-gündüz gözləyirəm, ona söyləyəcəklərim var... Mənə ondan heç nə lazım deyil, sadəcə qoy mənə qulaq assın. Yəqin o da orda qocalıb. Mənim kimi".

"Mənim torpağım... bax orda... həyətim... bulbalar, çuğundurlar...qazıb çıxararam... Bax, hardasa ordadır...mən də ora tələsirəm... Bacım mənə deyir:

-Sən torpağa yox, göyə bax...Yuxarı... Onlar ordadı...

Bizim daxmamıza and olsun... Evimiz lap yaxındadır... Bizdə qalarsan...Bir gecə qalsan, çox şey öyrənərsən, yazarsan...Qan su deyil, heyifdi axıb getsin...amma qan tökülür...Mən televizorda görürəm...Hər gün...

Bizdən yazmaya da bilərsən...Daha yaxşı olar ki, yadda saxlayasan...Bax, biz səninlə danışdıq, söhbət etdik. Ağladıq. Və sən də, gedəndə bizə bir baş çək, bizim daxmamıza gəl. Yad adam kimi bir dəfə yox, iki dəfə gəl. Öz evin kimi. Daha heç nə lazım deyil. Sadəcə baş çək..."

Balaca həyat və böyük ideya barədə

"Mən həmişə Stalinə inanırdım...Mən Stalinə inanırdım... Kommunistlərə inanırdım. Özüm də kommunist olmuşam. Kommunizmə inanmışam.... Bunun üçün yaşamışam, bunun üçün sağ qalmışam. Xruşşovun XX qurultaydakı məruzəsindən sonra, onun Stalinin səhvlərindən danışmasından sonra mən xəstələndim, yatağa düşdüm. Mən inana bilmirdim. İnana bilmirdim ki, bunlar həqiqətdir. Acı və qorxulu həqiqət.... Mən özüm müharibədə qışqırmışam:

-Vətən uğrunda! Stalin uğrunda!

Məni heç kim məcbur eləməmişdi... Mən inanırdım... Bu, mənim həyatımdır...

Budur...

Partizan dəstəsində iki il döyüşdüm... Son döyüşdə yaralandım. Ayağımdan. Huşumu itirdim. Güclü şaxta vardı. Ayılanda hiss etdim ki, əllərim donub. İndi əllərim yaxşıdır, işləyir, o zaman isə qapqara idi...Ayaqlarım da əlbəttə, donmuşdu. Şaxta olmasaydı, bəlkə də ayaqlarımı xilas eləmək olardı. Onlar qan içindəydi, mənsə yerdə çox qalmışdım. Məni tapdılar, o biri yaralılarla birlikdə bir yerə gətirdilər- biz çox idik. Birdən almanlar yenə bizi mühasirəyə aldılar. Dəstəmiz gedir... Mühasirəni yarırlar. Bizi isə odun kimi xərəyin üstünə qalaq-qalaq yığıblar, baxmağa vaxt yoxdu, rəhm etməyə vaxt yoxdu! Hamımızı meşənin lap qalın yerinə gətirirlər. Gizlədirlər. Beləcə bizi aparırdılar, sonra mənim yaralandığımı Moskvaya xəbər verirlər. Axı mən Ali Sovetin deputatı idim. Böyük adam idim, mənimlə fəxr edirdilər. Mən isə ən aşağı təbəqədən idim, adi kəndliydim. Kəndli ailəsindən. Erkən yaşlarımdan partiya sıralarına daxil olmuşdum...

Ayaqlarımı itirdim... Kəsdilər... Məni elə meşədə xilas elədilər. Əməliyyat ən primitiv yolla həyata keçirildi. Məni stola uzatdıalr ki, əməliyyat eləsinlər. Heç yod yox idi. Adi mişarla ayağımı kəsdilər. Hər iki ayağımı...Stola qoydular... Yod yoxdu... O biri dəstəyə, altı kilometr yol getdilər yod üçün. Mənsə stolun üstündə uzanıb qalmışam... Narkozsuz.... Narkoz əvəzinə əldə düzəltmə araq... Heç nə yox idi, adi mişardan savayı heç nə...Dülgər mişarı...

Moskva ilə əlaqə yaratdılar ki, təyyarə göndərsinlər. Üç dəfə təyyarə gəldi, fırlandı, fırlandı, qona bilmədi. Hər tərəfdən atəşə tuturdular. Dördüncü dəfə təyyarə endi, lakin artıq mənim hər iki ayağım kəsilmişdi. Sonralar İvanov şəhərində və Daşkənddə yenidən dörd dəfə ayaqlarımı kəsdilər, dörd dəfə ayaqlarım qanqrena elədi. Hər dəfə də hissə-hissə kəsirdilər. Və belə alındı- dibdən kəsdilər. İlk vaxtlar ağlayırdım... Hönkür-hönkür ağlayırdım... Təsəvvür edirdim: mən yerdə necə sürünəcəyəm... gəzə bilmirəm... sürünəcəyəm! Və özüm də bilmirəm mənə nə kömək elədi, məni kim qoruyub saxladı... Özümü necə dilə tutdum, necə saxladım...Əlbəttə, xeyirxah admlara rast gəldim. Yaxşı adamlar çox idi. Bizim bir həkimimiz vardı, onun da bir ayağı yox idi. O mənim barəmdə deyirmiş (bunu mənə sonradan o biri həkimlər dedilər):

-Mən bu qadının qarşısında diz çökürəm! Mən o qədər kişi əməliyyat eləmişəm, amma beləsini görməmişəm...Heç cınqırını da çıxarmır.

Bəli, mən dözürdüm...Mən adamlar arasında güclü olmağa alışmışam...

Sonradan Disniyə gəldim. Öz şəhərimə. Qoltuq ağaclarında gəldim. Mən indi pis gəzirəm. Çünki qocalmışam... O zamanlar isə bütün şəhəri gəzib-dolaşırdım, yorulmurdum. Özü də piyada. Protezlərdə qaçırdım. Kolxoza da gedirdim. Məni rayon icraiyyə komitəsi sədrinin müavini təyin elədilər. Böyük vəzifəydi. Kabinetdə oturmurdum. Kəndbəkənd, sahəbsahə gəzirdim. Mənə bir balaca kömək etmək istəyənlərdən bəzən inciyirdim də. Savadlı kolxoz sədrləri o zamanlar az idi...Məsələn, kampaniya-filan olanda rayondan yerlərə nümayəndələr göndərirdilər ki, nəzarət eləsinlər. Bazar ertəsi günləri bizi raykom partiyaya çağırır, tapşırıq verirdilər. Kimi hara göndərirlər. Səhər oturmuşam pəncərədən baxıram, görürəm hamı raykoma gedir, camaat raykoma tərəf gedir... Mənə isə zəng vurmurlar... Acığıma gəldi, incidim və mən də hamı kimi sayılmaq istəyirdim.

Və nəhayət zəng gəldi. Birinci katib idi:

-Fekla Fyodorovna, gəlin zəhmət olmasa...

O zaman necə xoşbəxt olurdum. Halbuki kəndlərə getmək mənim üçün əziyyət idi- iyirmi kilometr, otuz kilometr yol... Bəzi yerlərə maşınla, bəzi yerlərə də piyada. Gedirəm, meşədir, birdən yıxılıram, dura bilmirəm. Çantamı qoyuram ki, ona söykənib təkan verə bilim. Ya da bir ağacdan-zaddan tapıram ki, dikələ bilim. Yoluma davam edim. Mən təqaüd də alırdım və işləməsəydim də dolana bilərdim, özüm üçün yaşayardım. Lakin mən özgələri üçün yaşamaq istəyirdim. Mən kommunistəm...

Mənim özümün heç nəyi yoxdu. Ordenlər, medallar və fəxri fərmanlardır, vəssalam. Evi dövlət tikib. Evim böyükdür...çünki orda uşaq yoxdu, ona görə böyük görünür.... Tavanlar hündürdür... Bacımla birlikdə orda yaşayırıq... O, mənim bacımdır., mənim anamdır, mənim dayəmdir. Mən indi qocayam, yaşlaşmışam...Səhər özüm dura bilmirəm...

İkimiz yaşayırıq. Keçmişlə yaşayırıq. Bizim gözəl keçmişimiz olub. Çətin. ağır yaşayırdıq, lakin gözəl, namusla, vicdanla yaşayırdıq... mən özüm-özümdən utanmıram. Öz həyatımdan utanmıram... Mən namusla yaşamışam..." Fekla Fyodorovna Struy, partizan dəstəsinin üzvü

"Bizi zəmanə o cür eləmişdi. Özümüzü göstərdik. O zamandan bir daha olmayacaq. Bu, təkrar olunmayacaq. O zaman isə bizim ideyamız da özümüz kimi cavan idi. Lenin təzəcə ölmüşdü. Stalin diriydi, çevik idi...Mən pioner qalstukunu elə fəxrlə taxırdım ki... Komsomol nişanını yaxama vururdum...

Budur, birdən müharibə başladı. Və biz də özümüzü göstərdik...Əlbəttə, Jitomirdə tezliklə gizli təşkilat fəaliyyət göstərməyə başladı. Mən dərhal ora girdim, sorğu-sualsız. Tərəddüd etmədən. Yəni, qarşımda belə suallar olmadı- gedim-getməyim, yaxud qorxuludur-qorxulu deyil? Bu barədə heç söhbət ola bilməzdi...

Bir neçə aydan sonra bizim gizli qrupumuzu izləməyə başladılar. Qrupumuzun üzvlərini satmışdılar. Məni gestapo tutdu...Əlbəttə, qorxurdum. Bu mənim üçün ölümdən də qorxuluydu. Mən işgəncələrdən qorxurdum...İşgəncələrdən... Birdən dözə bilmədim? Hər birimiz belə fikirləşirdi...Təklikdə... Mən, misal üçün, uşaqlıqdan hər hansı bir ağrını pis keçirirdim. Lakin biz hələ özümüzü tanımırdıq, necə güclü olduğumuzu bilmirdik...

Sonuncu dindirmədən sonra məni üçüncü dəfə güllələnəcək adamların siyahısına saldılar; həmin dindirməni sayca artıq üçüncü müstəntiq aparırdı, özü də demişdi ki, təhsilinə görə tarixçidir...Həmin faşist bir şeyi anlamaq istəyirdi: biz nə üçün beləyik? Nə üçün bizim üçün ideya daha əhəmiyyətlidir?

-Həyat ideyadan yüksəkdir,- o, deyirdi.

Mən isə, əlbəttə, onunla razı deyildim, o da qışqırırdı, məni vururdu.

-Nədir? Nədir sizi məcbur edən belə olmağa, bu ideyayla yaşamağa? Niyə ölümü sakitcə qarşılayırsınız? Nə üçün kommunistlər düşünürlər ki, kommunizm bütün dünyada qalib gələcək?- deyə soruşurdu. O, rusca gözəl danışırdı. Mən də qərara aldım ki, ona hər şeyi danışım, onsuz da öldürəcəklər, qoy bilsin ki, biz güclüyük. Düz dörd saata yaxın məni sorğu-suala tutdu, mən də cavab verdim. Necə bilirdim eləcə. Məktəbdə, universitetdə marksizm-leninizmi öyrənməyimdən dedim. Aman Allah! O, nə günə düşürdü! Əlləri ilə başını tutur, otaqda az qala o tərəf bu tərəfə qaçırdı. Birdən heykəl kimi durub üzümə baxır, baxır, yenə baxırdı... Lakin bu dəfə vurmadı...

Mən onun qarşısında durmuşdum...Mənim saçlarımın yarısı kəsilmişdi, amma bundan əvvəl iki qalın hörüyüm vardı...Acımdan da ölürəm...Əvvəlcə bir tikə də olsa çörək arzuladım...Sonra heç olmasa qabığını arzuladım... daha sonra isə bir qırıntısını...Onun qarşısında durmuşam... Gözlərim alışıb yanır...O, uzun müddət mənə qulaq asdı. Mənə qulaq asırdı, döymürdü...Yox, o, hələ qorxmurdu... Hələ qırx üçüncü il idi. Lakin nəsə hiss edirdi, hiss edirdi ki, nəsə bir təhlükə var. Və elə bunu istəyirdi öyrənsin? Onları hansı təhlükə gözləyir? Mən ona dedim, cavab verdim ona. Lakin mən gedəndən sonra o, məni güllələnəcək adamların siyahısına daxil etmişdi...

Güllələnmədən qabaqkı gecə mən bütün həyatımı gözlərim önünə gətirdim. Öz qısa ömrümü xatırladım...Mənim ən xoşbəxt anlarım-bombardmana görə on kilometrlərlə evdən uzaqlaşmış atamla anamın qayıdıb evə dönmələrini görəndə olmuşdu. Onlar qəti qərara gəlmişdilər- evdən bir addım da çölə çıxmayacaqlar! Evdə qalacaqlar! Mən bilirdim-bilirdim ki, biz mübarizə aparacağıq! Bizə elə gəlirdi ki, qələbə asan olacaq və tezliklə qalib gələcəyik. Mütləq! Birinci işimiz bu oldu ki, yaralıları tapdıq, onları xilas elədik. Onlar əkin sahələrində,çəmənlikdə, kanallarda, xəndəklərdə, sürünə-sürünə gəlib pəyələrdəcə yıxılıb qalmışdılar. Mən səhər kartof yığmağa gedəndə birini elə bizim bostanda tapdım. O, ölürdü... Cavan zabit idi, adını deməyə belə gücü qalmamışdı. Nəsə pıçıldayırdı... Başa düşmək olmurdu...Ümidsizliyə qapıldığım yadıma gəlir...Lakin mənə elə gəlir ki, mən heç vaxt o günlərdəki kimi xoşbəxt olmamışdım...Sanki mənim üçün valideynlərim ikinci dəfə həyata gəlmişdilər...Lakin buna qədər mən düşünürdüm ki, atam siyasətdən uzaq adamdır, lakin o, bitərəf bolşevik idi. Mənim anam savadsız kəndli qadını idi,o, Allaha inanırdı. Bütün müharibə boyu Allaha dua edirdi. Necə? İkonanın qabağında diz çökürdü, deyirdi:

-Xalqı xilas elə! Stalini xilas elə! Kommunist Partiyasını o şeytan Hitlerdən xilas elə!

Hər gün gestapoda sorğu-sual zamanı mənə elə gəlirdi ki, bax, elə bu saat qapı açılacaq, atamla anam içəri girəcək...Mən bilirdim hara düşmüşəm və mən xoşbəxtəm ki, heç kimi satmadım. Biz ölümdən çox satılmaqdan qorxurduq. Məni həbs edəndə anladım ki, əzab-əziyyət zamanı gəldi. Mən bilirdim ki, mənim ruhum bədənimdən güclüdür!

İlk dindirlməmi yadıma sala bilmirəm...Mən huşumu itirmişdim...Hansısa çarxla əllərimi burdular və mən də ilk dəfə huşumu itirdim. Mənə elə gəlir ki, qışqırmadım, halbuki əvvəlcə mənə başqalarının necə qışqırdıqlarını göstərdilər. Növbəti sorğu-suallarda artıq ağrı hiss eləmirdim, bədənim daşlaşmışdı. Faner bədən idi. Bir fikir beynimdə dolaşırdı: yox, vəssalam! Yox, mən onların gözü qarşısında ölməyəcəyəm! Bütün dindirilmə qurtarandan sonra, məni kameraya gətirib salırdılar, bax bu zaman ağrılar başlayırdı. Bədənimdə ağrı hiss edirdim. Bütün bədənim yaraydı, başdan-ayağa...Lakin dözmək lazım idi. Dözdüm! Qoy anam bilsin ki, mən insan kimi ölürəm, heç kimi də ələ verməmişəm! Ana!

Döyürdülər, asırdılar. Həmişə də lüm-lüt olurdun. Tamam lüt. Şəkillərimizi çəkirdilər. Yalnız əllərinlə döşlərini örtə bilirdin...Mən görürdüm... necə dəli olurdular...Görmüşəm... Görmüşəm ki, balaca Kolenka, onun heç bir yaşı da yox idi, biz ona "ana" deməyi öyrədirdik, onu anasının əlindən alanda, uşaq elə bil anladı ki, anasını sonuncu dəfə görür və ilk dəfə olaraq qışqırdı:Ana! Bu söz deyildi, bu təkcə elə belə söz də deyildi... Sizə söyləmək istəyirəm... Hamısını danışmaq istəyirəm...Oooo, mən orda necə adamlar gördüm, ilahi! Onlar gestaponun zirzəmisində ölürdülər... Onların igidliyi, cəsarəti... bunları yalnız daş divarlar bilirdi! Və indi, müharibədən qırx il sonra, mən fikrən də olsa onların qarşısında diz çökürəm.

Onlar deyirdilər: Ölmək hər şeydən asandır! Amma yaşamaq...Ah, necə yaşamaq istəyirdilər... Biz inanırdıq: qələbə olacaq, tezliklə qələbə bizimlə olacaq! Lakin bir şeyə şübhə edirdik- görəsən qələbəyə qədər yaşayacağıq? O böyük günə qədər sağ qalacağıq, ya yox?

Bizim kamerada balaca bir pəncərə vardı, üstünə pərdi taxtası vurmuşdular; gərək kimsə səni qaldıraydı və sən də ordan bir balaca göyü görəydin... Biz isə hamımız çox zəif idik, heç bir birimizin belinə çıxa bilməzdik. Lakin bizim aramızda bir Anya vardı, paraşütçü idi. Onu təyyarədən arxa cəbhəyə tullayanda tutmuşdular, qrupları pusquya düşmüşdü. Bax o, qan içində olsa da, birdən dedi:

-Məni bir balaca qaldırın, mən pəncərədən baxmaq istəyirəm! Oranı istəyirəm!

İstəyirəm, vəssalam! Biz hamımız birlikdə onu qaldırdıq, Anya qışqırdı:

-Qızlar, orda gül var...

O zaman hər birimiz istədik baxaq. "Mən də... mən də..." Və hardansa elə bil bizə güc verildi, bir-birimizə kömək elədik. O zəncirotu hardan gəlib çıxmışdı dama və orda bitmişdi-baş aça bilmirdik. Məəttəl qalmışdıq. Bu gülə baxıb hərə ürəyində bir niyyət tutdu. İndi düşünürəm ki, elə hamı ürəyində tutmuşdu:görəsən mən bu cəhənnəmdəm sağ-salamat çıxacağammı?

Mən yazı çox sevirdim, çox...Albalı ağacları çiçəkləyəndə sevinirdim, yazda yasəmən kollarının yanından ötəndə adam bihuş olur... Siz mənim üslubuma təəccüblənməyin... mən şeir yazmışam. İndi mən baharı sevmirəm. Bu müharibə bizim aramıza girdi- mənimlə təbiətin arasına girdi! Albalı ağacları çiçəkləyəndə mən doğma Jitomirdə faşistləri gördüm...

Mənim sağ qalmağım möcüzə oldu...Məni atama görə xilas elədilər, atamın dostları, onlar atama bununla yaxşılığının əvəzini qaytarmaq istədilər. Mənim atam həkimdir, o zamanlar üçün bu böyük iş idi. Məni sıradan itələyib çıxartdılar, bizi güllələməyə aparırdılar, qaranlıqda itələyib çıxartdılar sıradan...

Mən isə ağrıdan heç nə hiss eləmirəm, gedirəm, elə bil yuxudayam...Getdim, getdim... apardıqları yerə qədər getdim...Sonra maşına mindirdilər və evə gətirdilər...Bütün qan içində, yaralı vəziyyətdə idim... Sinir sistemim pozulmuşdu. İnsan səslərini belə eşidə bilmirdim. Eşidən kimi dərhal ağrıyırdım, inciyirdim... Anamla atam pıçıltıyla danışırdılar. Bütün günü qışqırırdım, yalnız isti suda susurdum. Anamı özümdən bir an belə uzağa buraxmırdım, o yalvarıb-yaxarırdı:

-Qızım, axı mən bostana getməliyəm... Peçi qalamalıyam...

Mənsə onu tutub buraxmırdım...Onun əlini buraxan kimi titrətmə tuturdu məni. Başıma gələn oyunlar yadıma düşürdü. Başımı qatmaq üçün mənə güllər gətirirdilər. Mənim sevimli zəngçiçəklərim... Şabalıd yarpaqlarını... Qoxular mənim başımı qatırdı. Gestapoda olan zaman əynimdəki paltar qalmışdı, anam onu saxlayırdı. Anam öləndə o paltar onun balışının altında idi. Son nəfəsinədək onu saxladı...

Mən birinci dəfə çarpayıdan bizim əsgərləri görəndə qalxdım. Birdən mən, bir il yataqda uzanan bir adam, dik atıldım və küçəyə qaçdım:

-Əzizlərim! Mənim əzizlərim! Siz gəlmisiz? Siz qayıtmısız?..

Əsgərlər məni qolları üstündə evə gətirdilər. Mən ertəsi gün və o birisi gün böyük ruh yüksəkliyi ilə hərbi komissarlığa getdim, dedim:

-Mənə iş verin!

Atama demişdilər bunu və o da mənim dalımca gəldi, dedi:

-Qızım, sən bura necə gəldin? Sənə kim kömək elədi?

Bir neçə gündən sonra yenə ağrılarım başladı... Yenə ağrılar... Əzab çəkməyə başladım...Bütün günü qışqırırdım.... Adamlar bizim evin yanından ötəndə Allaha yalvarırdılar:

-İlahi, ya onu öz yanına apar, ya da kömək elə əzablardan qurtulsun...

Məni Çxaltubonun müalicəvi palçıqları sağaltdı. Mənim yaşamaq istəyimi qaytardı. Mən yaşamaq və yaşamaq istəyirdim, başqa heç nə. Hamı kimi yaşamışam... Yaşamışam... On dörd il kitabxanada işləmişəm. Sevincli günlərim idi. Ən xoşbəxt günlərim. İndi həyatım bütövlükdə xəstəliklərlə mübarizəyə dönüb. Qocalıq, nə deyirsiniz deyin, pis şeydi. Bir də tənhalıq... Mən tək qalmışam... Atam, anam çoxdan dünyalarını dəyişib. O yuxusuz uzun gecələr...Gör nə qədər illər ötüb... və mənim ən qorxulu yuxum... o yuxunu görəndə tər içində ayılıram... Soyuq tər içində. Mən Anyanın familyasını xatırlamıram...Yadımda deyil, ya Bryanskdan, ya da Smolenskdən idi...Yadımda qalan odur ki, o, ölmək istəmirdi! Ağ əllərini başının arxasına qoyub pəncərədən qışqırırdı:

-Mən yaşamaq istəyirəm!

Mən onun doğmalarını tapmadım... Və bilmirəm bu barədə kimə deyim..." Sofya Mironovna Vereşak, gizli dəstənin üzvü

"Osvensim, Daxau... düşərgələri barədə müharibədən sonra xəbər tutduq...Bundan sonra necə doğasan? Mən isə artıq hamilə idim...

Məni də kəndə göndərdilər ki, əhalidən pul toplayım... Dövlətə pul lazımdır, zavodları, fabrikləri bərpa etmək lazımdır...

Gəldim. Kənd yoxdur, təkcə yeri qalıb kəndin...Camaat torpaq dəyələrdə yaşayır. Bir qadın çıxdı, aman Allah, onun əyin-başı nə gündəydi! Dəhşətliydi. Mən dəyəyə girdim. Üç uşaq oturub, hamısı da ac-yalavac. Qadın uşaqlara otlardan nəsə hazırlayıb.

Məndən soruşdu:

-Sən bizdən pul almağa gəlibsən?

-Bəli, -deyirəm.

-Mənim pulum yoxdu, lakin toyuğum var. Gedim qonşudan soruşum, dünən demişdi ki, səndən toyuğu alacam... Əgər alsa, pulu verərəm sənə.

Mən indi bu şeyləri danışanda boğazım quruyur. Gör necə adamlar vardı! Necə adamlar! Onun ərini müharibədə öldürmüşdülər, üç uşağı qalmışdı yetim,heç nəyi yox idi, bircə toyuğu vardı...və o qadın o toyuğu satırdı ki, dövlətə pul versin. Biz o zamanlar nağd toplayırdıq pulları... O qadın hər şeyini verməyə hazır idi ki, təki sülh olsun, uşaqları sağ-salamat qalsın. Onun üzü yadıma gəlir. Onun uşaqlarının siması da yadımdan çıxmır...

Görəsən onlar necə böyüdülər? Bilmək istərdim... İstərdim ki, onları tapım, onlarla görüşüm..." Klara Vasilyevna Qonçarova, topçu

Ana, "ata" nə deməkdir?

Onlar müharibə barədə əsgər kimi danışırdılar. Onlar müharibə haqqında qadın kimi danışırdılar. Lakin onların bir çoxu ana idi...

"Mən qaçıram... Biz bir neçə nəfərik, hamımız qaçırıq...Bizim dalımızca gəlirlər, bizi qovurlar...Arxadan güllə atırlar. Orda isə mənim anam durub, avtomatın lüləsi altında. Lakin anam görür; görür ki, biz qaçırıq...Mən onun səsini eşidirəm, qışqırır. Sonradan mənə dedilər ki, o, necə qışqırırmış...

Anam qışqırırdı:

-Qızm, yaxşı oldu ki, ağ donunu geydin...Mənim gözəl qızım...Sən elə o donda olsan yaxşıdı...

Anam əmin idi ki, məni öldürəcəklər və sevinirmiş; sevinirmiş ki, mən ağ donda öləcəyəm...

Biz qonşu kəndə qonaq getmək istəyirdik. Pasxa bayramına... Qohumlarımızgilə...

Birdən sükut yarandı...Güllə atmadılar... Bircə anam qışqırırdı... Bəlkə də atırdılar? Mən eşitmirdim...

Müharibədə bizim bütün ailəmiz həlak oldu. Müharibə qurtardı, mənim isə gözləməyə heç kimim yox idi..." Lyubov İqorevna Rudkovskaya, partizan

"Minskini bombardman eləməyə başladılar...

Mən hövlnak uşaq bağçasına, oğlumu götürməyə qaçdım. Qızım isə şəhərdən bir qədər kənardaydı. Qızımın iki yaşı təzəcə olmuşdu, o körpələr evindəydi. Körpələr evi isə şəhərin qırağına köçmüşdü. Mən oğlumu götürüb evə gəlmək istəyirdim. Sonra da qızımın dalınca qaçacaqdım. Hamısını bir yerə yığmaq istəyirdim. Tələsirdim.

Uşaq baxçasına gəlib çatanda oğlumun səsini eşidirəm. Şəhəri bombalayırlar, təyyarələr şəhərin başı üzərində uçur, dörd yaşlı oğlum isə çəpərin dalından kimlərəsə deyir:

-Qorxmayın, anam dedi ki, almanları məhv edəcəklər...

Həyət qapısını açıb boylanıram, görürəm uşaqlar çoxdur, o isə hamını sakitləşdirir. Məni görən kimi isə başladı əsməyə, ağlamağa, sən demə, o, özü dəhşətli dərəcədə qorxmuşdu.

Oğlumu evə gətirdim və qaynanamdan xahiş elədim ki, uşağa baxsın, özüm də qaçdım qızın dalınca. Qaçdım! Körpələr evini yerində tapmadım. Kənd qadınları mənə dedilər ki, onları harasa apardılar. Hara? Kim apardı? Yəqin ki, şəhərə aparıblar...Onlarla iki tərbiyəçi-dayə olub, onlar maşınları gözləməyiblər, piyada gediblər. Şəhərə isə on kilometr yol var...Axı o uşaqlar çox körpədilər...bir yaşdan iki yaşa qədər olan körpələr...İlahi, özün saxla! Mən onları düz iki həftə axtardım...Müxtəlif kəndlərə getdim...

Və nəhayət, bir evə girəndə mənə dedilər ki, bu elə həmin körpələr evidir, həmin uşaqlardır... Gözlərimə inanmadım. Onlar uzanmışdılar...nəcis içində... qızdırma içində uzanmışdılar...Meyit kimi uzanıb qalmışdılar...Körpələr evinin müdirəsi çox cavan bir qadın idi, onun saçları ağarmışdı. Sən demə, onlar şəhərə qədər olan bütün yolu piyada gəliblər...Yolda itiriblər bir-birlərini, bir neçə uşaq da ölüb...

Girib baxıram uşaqlara, öz qızımı tapa bilmirəm. Müdirə məni sakitləşdirir:

-Sakit olun, axtarın, qızınız burda olmalıdır. Mən onu tanıyıram..

Mən öz Eloçkamı tapdım, ayağındakı bir botinkadan tanıdım onu... Başqa cür onu heç vaxt tanıya bilməzdim...

Sonra bizim evimiz yandı...Küçədə qaldıq, üstümüzdə nə varsa elə beləcə qaldıq küçədə. Artıq alman qoşunları da şəhərə girmişdi. Hara qaçaq? Bir neçə gün mən uşaqlarla şəhəri ələk-vələk elədim. Tamara Sergeyevna Sinitsinə rast gəldim. Müharibədən qabaq mənim onunla bir az tanışlığım vardı. O, məni dinləyəndən sonra dedi:

-Gəlin gedək bizə.

-Uşaqlarım göyöskürək olublar, sizə necə gedə bilərəm?

Onun da azyaşlı uşaqları vardı, xəstəlik onlara da keçə bilərdi, özü də belə bir vaxtda... Dərman yox, xəstəxanalar artıq işləmirlər.

-Yox, gedək!- qətiyyətlə dedi.

Əzizim, bunu heç yaddan çıxartmaq olar? Onlar son tikələrini, kartof qabıqlarını da bizimlə bölüşdülər. Öz köhnə yubkamdan oğluma şalvar tikdim. Ad günüydü, heç olmasa hədiyyə olsun ona.

Lakin biz mübarizə əzmiylə alışırdıq...Fəaliyyətsizlik bizə əzab verirdi...Gizli fəaliyyətə keçmək imkanı yarananda sevindik... Daha evdə boş-boşuna oturmayacaqdıq. Gözləməyəckdik. Oğlumu, o yaşça böyük idi, hər ehtimala qarşı qaynanamgilə göndərdim. O, mənim qarşıma şərt qoydu:

-Nəvəmi götürəcəyəm. Amma sən bir də bizim evdə görünməyəcəksən. Sənə görə bizi də öldürərlər!

Üç il oğlumu görmədim. Evə getməyə qorxurdum. Mənim izimə düşdülər və almanlar artıq məndən şübhələnmişdilər, belə olduqda qızımı da götürüb partizanlara qoşuldum. Mən onu qucağımda əlli kilometr apardım. Əlli kilometr...Biz iki həftə yol getdik...

Qızım mənimlə orda bir ildən artıq qaldı... Tez-tez düşünürəm: görəsən biz onunla o ağır günləri necə yaşamışıq? Məndən soruşun- deməyəcəyəm! Mənim əzizim, məgər o şeylərə tab gətirmək olardı? Mümkün deyildi. "Partizan blokadası" sözlərini eşidəndə mənim dişlərim bu gün də bir-birinə dəyir!

Qırx üçüncü ilin may ayıdır...Məni yazı makinasıyla birgə qonşu partizan zonasına göndərdilər. Borisova. Onlarda bizim yazı makinamız vardı, bizim şriftlərlə... amma alman şriftləriylə olan makina lazım idi. O da yalnız bizdəydi. Bu həmin makina idi ki, gizli fəaliyyət komitəsinin tapşırığıyla mən onu işğal olunmuş Minskdən gətirmişdim. Mən ora, Palik gölünün qırağına gəlib çatdım. Bir neçə gündən sonra isə blokada başladı. Mən gör haraya gəlib çıxdım, ilahi!..

Mən isə tək gəlməmişdim, qızımla gəlmişdim. Bir-iki günlüyə əməliyyata gedəndə mən onu yad adamların öhdəsinə buraxırdım. Onu uzun müddətə hara qoya bilərdim axı? Əlbəttə, uşağı özümlə götürmüşdüm...Və beləliklə, biz onunla bərabər blokadaya düşdük... Almanlar partizan zonasını mühasirəyə aldılar... Göydən bombalar yağırdı, yerdə isə atəşə tuturdular...

Kişilərin əlində silah vardı, mənim əlimdə isə makina, uşaq və tüfəng...Gedirik, mən ilişib yıxıldım, düşdüm bataqlığa...Uşaq da mənimlə bərabər bataqlığa...Çıxırıq, yenə düşürük...Yıxılırıq, dururuq... Beləcə, iki ay davam elədi! Mən özümə söz verdim ki, əgər sağ qalsam, bataqlıqdan min kilometr aralıda yaşayacağam ki, onu bir daha görə bilməyim.

-Bilirəm, atəş olanda sən niyə yerə uzanmırsan...Sən istəyirsən ki, bizim ikimizi də birlikdə öldürsünlər...

Bunları mənə dördyaşlı qızım deyirdi. Mənim uzanmağa belə gücüm olmurdu, uzansaydım, bir daha qalxa bilməzdim...

Hərdən partizanlar deyirdilər:

-Bəsdi. İndi ver uşağı biz aparaq.

Mən isə onu heç kimə etibar eləmirdim. Birdən atışma başlayar? Birdən onu mənsiz öldürərlər? Eşitmərəm! Birdən itkin düşər?

Briqada komandiri Lopatin məni qarşılayanda:

-Ah, qadın!-deyə heyrətləndi.-Belə bir ağır vəziyyətdə uşağı gətirmisən, hələ makinanı da tullamamısan...Heç hər kişi bunu eləməzdi!

O Eloçkanı qucağına aldı və öpdü. Bütün ciblərini eşələdi, çörək qırıntıları tapdı, uşağın ovcuna tökdü. Qızım çörək qırıntılarını bataqlıq suyuyla içdi. Komandirə baxıb o biri partizanlar da ciblərini eşələdilər, uşağın ovcuna qırıntılar tökdülər.

Biz mühasirədən çıxanda mən artıq xəstələnmişdim. Bədənim çibanla doluydu, dərim soyulurdu. Qucağımda isə uşaq... Böyük torpaqdan təyyarə gözləyirdik, dedilər ki, əgər təyyarə gəlsə, ən ağır yaralıları və Eloçkanı da aparacaqlar. Və budur, mən o anı xatırlayıram: qızımı yola salıram. Yaralılar ona deyirlər:""Eloçka, gəl! Eloçka gəl mənim yanıma! Burda yer var...

Hamı onu tanıyırdı, qızım hispitalda onlara mahnı oxuyurdu:"Ah, kaş toya qədər sağ qalaydım..." mahnısını.

Təyyarəçi ondan soruşur:

-Qız, sən kiminlə gəlmisən bura?

-Anamla. O, yerdə qaldı...

-Çağır ananı, qoy o da gəlib səninlə birlikdə uçsun.

-Yox, anama uçmaq olmaz. O, faşistləri məhv etməlidir.

Bax, bizim uşaqlar belə olublar. Və mən də onun üzünə baxırdım, gərgin hal yaşadım, həyəcanlandım- görəsən bir də qızımı görə biləcəyəmmi?

Yenə sizə bir şey danışım. Oğlumla necə görüşdüm?.. Artıq torpaqlar azad edilmişdi. Qaynanamın yaşadığı evə gedirəm, amma ayaqlarım getmir, quruyub... Dəstəmizdə yaşca məndən böyük olan qadınlar mənə xəbərdarlıq eləmişdilər:

-Oğlunu görsən, nabəda dərhal tanıyasan və deyəsən ki, mən sənin ananam...Təsəvvür edirsənmi ki, o, sənsiz nələr yaşayıb?

Qonşu qızı qaçır qabağıma, qışqırır:

-Oy! Lyonyanın anası... Lyonya sağdı...

Ayaqlarım daha getmir. Oğlum sağdır. Qonşu qızı dedi ki, qaynanam yatalaqdan ölüb, Lyonyanı isə qonşu götürüb...

Onların həyətinə girirəm. Nə geyinmişəm? Əynimdə alman gimnastyorkası, nimdaş qara gödəkçə və köhnə çəkmələr...Qonşu dərhal məni tanıdı, lakin susdu. Oğlum isə oturub, ayaqyalındır, yamaqlı paltarda.

-Oğlan, sənin adın nədir?-soruşuram.

-Lyonya...

-Kiminlə yaşayırsan?

-Əvvələr nənəmlə yaşayırdım. O, öləndən sonra onu basdırdım. Mən hər gün onun yanına getdim, xahiş elədim ki, məni də özüylə qəbirə aparsın. Mən tək yatmaqdan qorxurdum...

-Bəs ata-anan hanı?

-Atam sağdır, cəbhədədir. Anamı isə faşistlər öldürüblər. Nənəm belə deyirdi...

Mənimlə birlikdə iki partizan yoldaşım vardı, onlar öz dostlarını dəfn etmişdilər. Və onlar da bu cavabı eşidib ağladılar.

Birdən mən dözmədim, özümü ələ ala bilmədim:

-Axı sən öz ananı niyə tanımırsan?

O, mənə sarı cumdu:

-Ata!!!

Mən kişi geyimində idim, başıma da papaq qoymuşdum. Sonra məni qucaqlayıb qışqırdı:

-Ana!!!

Bu qışqırtı! Bu çığırtı! Elə bir hal-təb idi ki...Sözlə deyiləsi deyil! O, bir ay məni heç yerə buraxmadı. Hətta işə də. Mən onu özümlə aparırdım. Mənimlə bərabər olmaq onun üçün azlıq edirdi, üstəlik mənim əlimi də buraxmırdı. Daim əlimdən tuturdu. Oturub yemək yeyirik, bir əli ilə məndən tutur, o biri əli ilə yeyir. Mənə yalnız "mamoçka" deyirdi, elə indi də mənə "mamoçka" deyir... Mamulenka...

Ərimlə görüşəndə ona bunları söyləmək üçün bir həftə bəs eləmədi... Mən hər gün, gecə-gündüz ona danışırdım..." Raisa Qriqoryevna Xoseneviç, partizan

"Müharibə - dəfnlər, dəfnlər, dəfnlər...Partizanların dəfni tez-tez baş verirdi. Bir dəstə pusquya düşürdü, bir dəstə döyüşdə həlak olurdu... Mən sizə elə dəfnlər barədə danışacağam...

Çox ağır döyüş olmuşdu. Həmin döyüşdə biz çox adam itirdik, həmin döyüşdə mən də yaralanmışdım. Budur, döyüşdən sonra dəfnlər... Adətən qəbrin üstündə qısa çıxışlar olurdu. Əvvəlcə komandirlər, sonra dostlar çıxış edirdilər. Və həmin döyüşdə də bir yerli oğlan həlak olmuşdu, dəfnə onun anası da gəlmişdi. Ana ağlayırdı.

-Axı sən mənim əziz oğlum idin! Axı biz səni daxmamızda böyütmüşdük! Axı sən bizə söz vermişdin ki, evimizə gəlin gətirəcəksən! Bəs sən nə üçün torpaqla nigah bağladın?!.."

Sıra düzülüb, hamı susub, anaya toxunmurlar. Sonra ana başını qaldırdı və gördü ki, ölən təkcə onun oğlu deyil, nə qədər cavan gözlərini yumub, uzanıb...Sonra başladı onlar üçün ağlamağa:

-Ah, mənim əziz balalarım! Ah, sizin ananız sizi görmür! Bilmirlər ki, sizi torpağa basdıracaqlar. Ah, torpaq axı soyuqdu! Bayırda isə şaxtalı qış! Qoy onların əvəzinə də mən sizə oxşama qurum, əziz balalarım! Sizin hamınıza ağlayım! Mənim əziz uşaqlarım... Əziz balalarım...

Qadın sizin hamınıza ağlayım!" və "mənim əziz balalarım!" deyəndə kişilərin hamısı başladı ağlamağa. Heç kim özünü saxlaya bilmədi, dözə bilmədilər sadəcə... Bütün sıra inildəyirdi. Bu vaxt komandir qışqırdı:

-Salyut!

Və salyut bütün hıçqırıqları eşidilməz etdi.

Və məni ananın böyük ürəyi heyran etmişdi. Mən indi onun haqqında düşünürəm. Belə bir böyük kədərin içində olan ana, öz oğlunun dəfnində belə o biri həlak olan balalara da ağladı, onları oxşadı. O biri anaların övladlarıyçün ağı dedi... Öz doğma övladları kimi..." Larisa Leontyevna Korotkaya, partizan

"Mən öz kəndimə qayıtdım...

Bizim evin yanında uşaqlar oynayırdılar. Mən baxıram və fikirləşirəm: bunlardan hansı mənimkidir?

Hamısı eyniydi. Saçları vurulmuşdu, qoyunu əvvəllər necə qırxardılar, eləcə. Öz qızımı tanımadım, soruşdum ki, Lyusya kimdir. Baxıram, uşaqlardan biri uzun köynəkdə qımışdı, sonra qaçıb girdi evə. Ayırmaq çətin idi- hansı oğlandır, hansı qızdır? Hamının geyimi demək olar ki, eyni cür idi...Yenə soruşuram:

-Lyusya kimdi?

Onlar əlləri ilə göstərirlər ki, o qaçan qız. Və mən başa düşdüm ki, o mənim qızımdır. Bir neçə dəqiqədən sonra nənəsi qızın əlindən tutub gətirir. Bu mənim nənəmdir, anamın anası. O uşağı mənə sarı gətirir, deyir:

-Gedək, gedək! Biz indi o ananı döyəcəyik- nə üçün bizi atıb gedib?

Mən hərbi geyimdəydim, başımda qulaqlı papaq vardı, özüm də at belindəydim. Təbii ki, qızım ananı nənə kimi təsəvvür edirdi. İndi isə bir əsgər gəlib. Uşaq uzun müddət mənə yaxın gəlmədi, əl vermədi mənə, qorxdu. Axı mən onu böyütməmişdim, o nənələrlə böyümüşdü.

Mən hədiyyə kimi özümlə sabun gətirmişdim. O zamanlar üçün bu ən yaxşı hədiyyə hesab olunurdu. Mən onu çimizdirəndə qızım başladı sabunu dişləməyə. Yemək istəyirdi onu. Onlar belə yaşamışdılar. Öz anamı cavan bir qadın kimi görmüşdüm, yaddaşımda da belə qalmışdı, indi isə gördüm ki, məni qoca bir nənə qarşılayır. Ona dedilər ki, qızın gəlib, bostandan özünü küçəyə atdı, məni gördü. Qollarını açıb mənə sarı qaçdı. Mən də onu tanıdım və onun üstünə atıldım. Anam mənə çatmamış özünü saxlaya bilmədi, yıxıldı, mən də onun böyrünə yıxıldım. Anamı öpürəm. Torpağı öpürəm. Və qəlbimdə elə böyük sevgi, elə böyük nifrət var ki...

Yadımdadı: bir yaralı alman əsgəri uzanıb qolları ilə torpağı qucaqlamışdı, yaraları incidirdi, bizim əsgərimiz ona yaxınlaşdı:

-Toxunma, bu mənim torpağımdır! Səninki ordadır, hardan gəlmisənsə, orda..." Mariya Vasilyevna Pavloviç, partizan dəstəsinin həkimi

"Ərim müharibəyə gedəndən sonra mən də onun ardınca getdim...

Qızımı qaynanamın yanında qoydum, lakin çox keçmədi ki, qaynanam öldü. Ərimin bacısı vardı, qızımı götürüb saxladı. Müharibədən qayıdıb gələndə isə baldızım uşağı mənə vermək istəmədi. Deyirdi ki, bu sənin qızın ola bilməz, bir halda ki, sən uşağı körpə ikən atıb getmisən müharibəyə, səninki deyil. Ana da öz uşağını atıb gedər? Özü də belə köməksiz bir uşağı... " Mən müharibədən qayıdanda qızımın yeddi yaşı vardı, mən cəmi üç il ondan aralanmışdım. Məni artıq yekə bir qız qarşıladı. Balacaydı, zərif idi, doyunca yemirdi, doyunca yatmırdı, yaxında hospital vardı, uşaq ora gedirdi, çıxış edirdi, oynayırdı, ona çörək verirdilər. Uşaq sonralar bunları mənə danışırdı... Əvvəlcə ata-anasının yolunu gözləmişdi, sonra təkcə anasını gözlədi. Ata həlak olmuşdu... O, başa düşürdü...

Mən cəbhədə tez-tez qızımı xatırlayırdım. Bir dəqiqə də olsun onu unutmurdum. Qızım mənim yuxularıma girirdi. Çox darıxırdım onun üçün. Ağlayırdım. Ağlayırdım ki, axı niyə indi mən onun üçün nağıl danışmıram?... Onu yatızdıra bilmirəm... o səhər mənsiz durur yuxudan...Kimsə onun tellərini hörür...Mən baldızımdan incimədim. Anlayırdım onu... O qardaşını çox sevirdi. Ərim çox güclü, qəşəng kişiydi. İnanmaq olmurdu ki, belə bir adamı öldürə bilərlər. O, dərhal həlak olmuşdu, elə müharibənin ilk aylarında...Onların təyyarələrini alman təyyarələri yerdə bombalamışdılar. İlk aylarda, hətta görünür, müharibənin ilk ili ərzində səmada alman təyyarəçiləri hakimlik edirdilər...O da həlak olmuşdu... Baldızım da qardaşından qalan yeganə yadigarı mənə vermək istəmirdi. Son yadigarını... Və baldızım o qadınlardan idi ki, onun üçün uşaq və ailə həyatda ən başlıca varlıqlar idi. Bombardman, atəş... onun bircə fikri olmuşdu- uşağı bu gün necə çimizdirsin! Mən onu mühakimə edə bilmirəm...

O, deyirdi ki, mən qəddar anayam... Mənim qadın ürəyim yoxdu! Axı biz müharibədə çox əzab görmüşdük... İztirab, məşəqqət... Evsiz, ailəsiz, övladsız... Çoxlarının uşaqları evdə qalmışdı, təkcə mənimki deylidi ki...

Paraşütün altında oturub tapşırıq gözləyirdik...Kişilər papiros çəkir, damino oynayır, biz isə oturub raket siqnalını gözləyirik, oturmuşuq uçuşu gözləyirik, özümüz üçün dəsmal tikirik. Biz qadın olaraq qalmışdıq. Bilirsiz, mənim şturmanım...İstəyirdi ki, evinə şəklini göndərsin, biz də dəsaml tapıb onun paqonlarının üstünü örtdük ki, bilinməsin... Gimnastyorkasının üstünə də ədyal saldıq. Və adama elə gəlirdi ki, o, don geyinib.... Və beləcə də şəkil çəkdirdi. Onun ən sevimli fotosuydu...

Biz qızımla dostlaşdıq... Biz ömür boyu dostluq edirik..." Antonina Qriqoryevna Bondaryova, qvardiya leytenantı, baş təyyarəçi

Qırmızı Papaq və müharibədə pişik görməyin sevinci

"Mən müharibəyə uzun müddət alışa bilmədim...

Hücuma keçmişdik. Və bir yaralını qanaxma aparmağa başlayanda mən özümü itirdim, əvvəllər belə şey görməmişdim. Qan fışqırırdı. Mən həkim çağırmağa cummaq istəyəndə, yaralı qışqırdı:

-Hara? Hara qaçırsan? Kəmərlə bağla.

Yalnız bu zaman özümə gəldim...

Nəyə təəssüflənirəm? Bir oğlan uşağına... Yeddi yaşlı uşaq anasız qaldı. Anasını öldürmüşdülər. Oğlan küçədə oturmuşdu anasının meyitinin yanında. O, başa düşmürdü ki, anası artıq yoxdu. Uşaq gözləyirdi. Gözləyirdi ki, anası ayılsın və ona yemək versin...

Bizim komandir bu uşağı buraxmadı, özü götürdü, dedi:

-Sənin anan yoxdu, oğlum, lakin çoxlu atan olacaq.

Beləcə o, elə bizimlə birlikdə böyüdü. Polkun oğlu kimi. Yeddi yaşından. O, PPŞ avtomatının xəzinəsinə patron doldururdu.

Bax, siz gedəcəksiniz, ərim də başlayacaq məni danlamağa. O, belə söhbətləri xoşlamır. Müharibəni sevmir. O, müharibədə olmayıb, məndən yaşça kiçikdir. Bizim uşaqlarımız yoxdu. Mən hələ də o uşağı xatırlayıram. O, mənim oğlum ola bilərdi...

Müharibədən sonra hamıya yazığım gəlirdi. İnsana da...Xoruza da, itə də... Mən indi də başqasının dərdinə dözə bilmirəm. Xəstəxanada işləmişəm, xəstələrim məni sevirdilər. Çünki mən nəvazişli idim. Bizim bağımız böyükdür. İndiyə kimi bir dənə də olsun alma, ya da digər meyvə satmamışam. Elə belə, paylayıram... paylayıram adamlara... Bu, məndə elə müharibədən qalıb... Ürəyim belədi..." Lyubov Zaxarovna Novik, tibb bacısı

O zaman mən ağlamırdım...

"Mən tək qorxurdum...Yoldaşlarımı tutub salırdılar içəri, bir neçə gün narahat-narahat gözləyirdim, çox həyəcan keçirirdim- görəsən işgəncələrə dözə biləcəklər ya yox? Dözə bilməsələr, yeni həbslər başlayacaq. Bir neçə gündən sonra məlum olurdu ki, onları edam edəcəklər. Belə bir tapşırıq aldım: gedin baxın, görün kimi edam edəcəklər? Küçəylə gedirsən, görürsən ki, kəndiri artıq hazırlayırlar... Ağlamaq olmaz, bir saniyə belə ləngimək də olmaz, çünki hər yanda casus var. Və gərək o qədər cəsur (burda bu sözdən xoşum gəlmir!), o qədər mətanət və dözüm yiyəsi olasan ki, susasan. O zaman mən ağlamırdım...

Mən bilirdim hara və niyə gedirəm, lakin məni həbs edəndə hər şeyi başa düşdüm, hiss etdim. Türməyə saldılar. Çəkmələri ilə, qamçılarıyla döyürdülər. Faşist "manikürü"nün nə demək olduğunu bildim. Sənin əllərini stolun üstünə qoyurlar və hansısa maşınla dırnaqlarını çıxarırlar...Bir dəqiqənin içində hər dırnağının altına iynələr girir... Cəhənnəm əzabı...Dərhal huşunu itirirsən. Hətta yadımda deyil... ondan sonra nə baş verir... bircə dəhşətli ağrı hiss edirsən. Məni tirlə dartıb uzadırdılar...Bəlkə də bunu dəqiq izah edə bilmirəm...Lakin bu yadımda qalıb: burda tirlər, yaxud şalbanlar basdırıblar, səni də onların arasına qoyurlar...Və hansısa mator başlayır işləməyə və sən də dartılırsan və eşidirsən ki, sümüklərin şaqqıldayır, sümüklərin yerindən çıxır...Uzun çəkirmi, bilmirəm. Sonrası yadıma gəlmir... Mənə elektrik stulunda da işgəncə veriblər... Bu o zaman oldu ki, mən bir faşistin üzünə tüpürdüm...Yadımda deyil- cavan idi, yoxsa yaşlı? Onlar məni lümlüt soyundurmuşdular və həmin o faşist də mənə yaxınlaşdı, döşlərimdən tutdu...Mən yalnız tüpürə bildim...Başqa heç nə eləyə bilmədim. Mən onun sifətinə tüpürdüm. Onlar da məni elektrik stuluna oturtdular...

O vaxtdan elektriki pis keçirdirəm. Yadımda qalanı budu ki, cərəyan gəlsə, dərhal bədənin titrəyəcək...İndi heç paltar da ütüləyə bilmirəm...Bütün ömrüm boyu yadımdan çıxmır ki... Ütüləməyə başlayıram, elə bil bütün bədənimdən cərəyan keçir. Heç nə edə bilmirəm, yəni elektriklə bağlı heç bir şeyə əl vurmuram...Bəlkə də mənə müharibədən sonra hansısa psixoterapevtik müalicə lazım idi? Bilmirəm. Lakin artıq ömrümü beləcə sürmüşəm...

Bilmirəm bu gün nə üçün ağladım. O zaman mən ağlamırdım...

Mənə ölüm hökmü verdilər:asılsın! Ölüm kamerasına qoydular. Orada məndən başqa iki qadın da vardı. Bilirsiz, biz ağlamırdıq, hay-küy salmırdıq. Axı biz bilirdik ki, gizli fəaliyyətlə məşğul olmaq nə deməkdir, bizi nə gözləyir... buna görə də özümüzü ələ alırdıq, sakitcə gözləyirdik. Poeziyadan danışır, sevimli operalarımızı xatırlayırdıq... Anna Kareninadan daha çox danışırdıq....Məhəbbətdən, sevgidən... Biz heç öz uşaqlarımızı xatırlamırdıq... Biz onlar haqqında düşünməkdən belə qorxurduq. Hətta gülürdük, bir-birimizə ürək-dirək verirdik. Beləcə, iki gün yarım qaldıq kamerada... Üçüncü gün məni çağırdılar. Biz qadınlarla qucaqlaşıb öpüşdük. Ağlamadıq. Qorxu hissi yox idi: görünür, mən ölüm barədə fikrə o qədər öyrəşmişdim ki, qorxu da yox olub getmişdi. Göz yaşları da yox olmuşdu. Hansısa bir boşluq vardı. Artıq heç kim barədə düşünmürdüm...

Çox uzun yol getdik, bilmirəm nə qədər, axı mənim bütün fikrim-zikrim ölümün yanındaydı...Həyatla vidalaşmağa gedirdim... Maşın dayandı və biz- iyirmi nəfər idik- maşından düşə bilmədik, çünki üzülüb əldən düşmüşdük. Bizi kisə kimi maşından yerə tulladılar, komendant əmr elədi ki, baraklara qədər iməkləyək. Özü də qamçıyla bizi vurmağa başladı... Baraklardan birinin yanında qadın durmuşdu, körpəsini əmizdirirdi. Bilirsiz burda... Elə bil itlər də, mühafizəçilər də lal olmuşdular, durub baxır, dəymirdilər. Komendant bu mənzərəni gördü...Cumub qadının əlindən körpəsini aldı...Orda nasosla su götürülən bir qazança vardı: o uşağın başını o dəmir qazançaya vurdu. Körpənin beyni töküldü...Süd...Və mən gördüm ki, ana yıxıldı... Axı mən həkiməm... Bildim ki, ananın ürəyi partladı...

...Bizi işləməyə aparırlar. Şəhərlə, tanış küçələrlə. Başladıq üzüaşağı enməyə, birdən səs eşitdim:

-Ana, anacan!

Baxıb görürəm ki, səkidə mənim xalam Daşa durub, onun əlindən buraxılıb qaçan isə qızımdır. Onlar təsadüfən küçəylə gedirmişlər, məni görüblər. Qızım özünü mənim üstümə atdı, boynumu qucaqladı. Təsəvvür edirsiz, itlərdən heç biri yerindən tərpənmədi- axı onlar öyrədilmiş itlər idi, adamların üstünə cummağı öyrənmişdilər. Hünərin var birinə yaxın gəl, onlar az qala üstünə cumub adamı parça-parça edərlər, lakin bu dəfə onların heç biri tərpənmədi. Qızım mənim üstümə atılıb qucaqladı. Mən ağlamırdım, yalnız bunu dedim:

-Mənim qızım! Nataşenka! Ağlama! Tezliklə evə gələcəyəm.

Mühafizə də durub baxırdı, itlər də. Heç kim qızıma toxunmadı...

O zaman da mən ağlamadım...

Mənim qızım beş yaşından dua oxumağa başlamışdı, şeir yox. Daşa xala onu öyrətmişdi ki, dua oxumaq lazımdır. Qızım atasına-anasına görə dua oxuyurdu. Dua oxuyurdu ki, onlar sağ qalsınlar.

Qırx dördüncü ilin fevral ayının 13-də məni faşist düşərgəsinə göndərdilər... Mən La-Manşın sahilindəki Kroazet konslagerinə düşdüm.

Yazda...Paris Kommunası günü fransızlar bizim üçün konslagerdən qaçmağı təşkil elədilər. Mən fransız döyüşçülərinə qoşuldum.

"Döyüş xaçı" fransız ordeni ilə təltif olunmuşam...

Qələbədən sonra evə gəlirəm... Yadımdadı, torpağımıza ayaq basdığımız ilk dayanacaq...Hamımız vaqonlardan düşüb torpağı qucaqladıq, öpdük...Yaxşı xatırlayıram o günü- ağ xalatdaydım, yerə yıxıldım, torpağı öpürəm və...əlimin ovcuna qoyuram torpağı...Düşünürəm: görəsən mən bu torpaqdan bir də ayrılacağam? Doğma torpaq...

Minskə gəldim, ərim isə evdə yoxdu. Qızım Daşa xalamgildə. Ərimi enkevede tutub, türmədədir. Gedirəm türməyə... Görün nə eşidirəm: mənə deyirlər ki, sizin əriniz satqındır. Axı biz ərimlə birlikdə gizli təşkilatda çalışmışdıq. İkimiz. O, cəsur, namuslu adam idi. Başa düşürəm ki, ondan yazıblar...Böhtan...

-Yox, - deyirəm,- mənim ərim satqın ola bilməz. Mən ona inanıram. O, əsl kommunistdir.

Onun müstəntiqi... Mənim üstümə elə bağırdı ki...

-Susun! Fransız fahişəsi! Kəs səsini!

İşğal altında olan zonalarda yaşamışdım, əsir düşmüşdüm, Almaniyaya aparmışdılar, faşist konslagerinə düşmüşdüm... hər şeyə görə məndən şübhələnirdilər. Bircə sual verirdilər: necə olub sağ qalmısan? Nə üçün ölməmisən?

Hətta həlak olanlar da şübhə altındaydı... Ölülər... Onlara da şübhəylə baxırdılar... Dəxli yox idi- vuruşmusan, qan tökmüsən, hər şeyini qələbəyə qurban vermisən, inanmırdılar. Şübhələnirdilər. Qələbə çaldıq... Xalq qalib gəldi! Lakin onsuz da Stalin xalqa inanmırdı! Bax belə! Vətən bizi belə qiymətləndirdi. Bizim sevgimizə, bizim qanımıza belə cavab verdi...

Mən ora-bura getdim... Bütün instansiyalara yazdım. Altı aydan sonra ərimi azad etdilər. Onun bir qabırğasını sındırmışdılar, böyrəyini pis günə qoymuşdular...O, faşistlərin türməsinə düşəndə başını yarmışdılar, əlini sındırmışdılar; faşist türməsində saçları ağardı, qırx beşinci ildə is enkevede onu tamam şikəst günə qoydu. Mən illərlə ona qulluq elədim, onu xəstəlikdən qorudum. Lakin mən əksinə heç nə deyə bilməzdim, o, qulaq asmaq belə istəmirdi... "Bu bir səhv idi, vəssalam!" deyirdi. Və o, hesab edirdi ki, əsas məsələ odur ki, biz qalib gəlmişik. Nöqtə. Vəssalam! Və mən də ona inanırdım.

Ağlamırdım. Mən o zaman ağlamırdım..." Lyudmila Mixaylovna Kaşeçkina, gizli təşkilatın üzvü

"Uşağa necə izah edəsən? Ona ölümü necə başa salasan ki...

Oğlumla küçədə gedirəm... meyitlər səpələnib ... hər yanda öldürülmüş adamlar...Mənsə ona Qırmızı Papağın nağılını danışıram, ətraf isə öldürülmüş adamlarla doludur. Bu o zaman idi ki, biz qaçqınçılıqdan qayıdırdıq. Geri qayıdırdıq. Anamın yanına gəlirik, görürəm o da birtəhərdir. Özündə deyil. Çarpayının altına girir və bəzən bütün günü orda qalır. Oğlumun beş yaşı vardı, onu küçədən necə qovaydım?!..

Mən onunla düz bir il əziyyət çəkdim. Heç cür başa düşə bilmirdim ki, nə baş verib? Biz zirzəmidə yaşayırdıq, küçədən adam keçəndə onun ancaq çəkmələri görünürdü. Və uşaq hərdən elə olurdu ki, çarpayının altından çıxıb kiminsə çəkmələrini pəncərədən görür və qışqırırdı. Sonralar mənim yadıma düşdü ki, uşağa faşist çəkməsiylə zərbə vurmuşdu...

Necə oldusa, bu qorxu ondan sovuşub getdi. Bir dəfə həyətdə uşaqlarla oynayandan sonra axşam evə qayıdıb soruşdu:

-Ana, "ata" nə deməkdir?

Mən ona başa salmağa çalışdım:

-O, ağappaqdır, qəşəngdir, orduda döyüşür.

Minsk azad olunandan sonra şəhərə ilk olaraq tanklar girdi. Və mənim oğlum da ağlaya-ağlaya qaçıb gəldi üstümə, dedi:

-Mənim atam onların arasında yoxdu! Orda hamısı qaradır, ağ adam yoxdu!

İyul ayı idi, tankçılar hamısı gənc, qaralmış oğlanlar idi.

Ərim müharibədən əlil kimi qayıtdı. Artıq o, gənc deyildi, qocalmışdı, mənə isə bədbəxtlik üz vermişdi: oğlum həmişə fikirləşirdi ki, onun atası ağdır, qəşəngdir, əvəzində isə gördü ki, evimizə əlil, xəstə, qoca kişi gəlib. Və beləliklə, uşaq onu uzun müddət ata kimi qəbul eləmədi. Bilmirdi neçə çağırsın onu. Mən onların bir-birinə alışması üçün çox iş gördüm.

Ərim işdən evə gec gəlirdi, onu qarşılayıb soruşurdum:

-Niyə gec gəlirsən? Dima narahat olub soruşur ki, atam hanı?

Axı ərim də altı il müddətində (o, yapon müharibəsində də olmuşdu!) oğlundan, evindən ayrı düşmüşdü, alışa bilmirdi hələ.

Oğluma nəsə alanda deyirdim:

-Bunu sənə atan alıb. O, sənin qayğına qalır...

Onlar tezliklə dostlaşdılar..." Nadejda Vikentyevna Xatçenko, gizli təşkilatın üzvü

"Mənim tərcümeyi-halım...

İyirmi doqquzuncu ildən dəmiryolunda işləyirdim. Maşinist köməkçisi olmuşam. O dövrdə Sovet İttifaqının heç bir yerində qadın maşinist yox idi. Mən isə arzulayırdım bunu. Parovoz deposunun rəisi əllərini yellədib dedi:

-Axxxx, qız, hökməndi gərək səninçün kişi peşəsi olsun?!

Mən isə buna can atırdım və nail oldum. Və otuz birinci ildə ilk qadın maşinist oldum... Mən ilk qadın maşinist idim. İnanırsız, parovozda gedəndə stansiyalarda adamlar toplaşır, baxır və deyirdilər:

-Qız parovoz sürür!

Bizim parovozumuz təmirə dayanmışdı. Mən ərimlə növbəylə gedirdik işə, çünki artıq uşağımız olmuşdu və belə qərara gəlmişdik ki, o gedəndə uşaqla mən qalım, mən gedəndə isə o qalsın. Həmin gün ərim işdən qayıtmışdı, mən getməliydim. Səhər yuxudan duranda eşidirik: küçədə nəsə səs-küy var, qeyri-normal bir hal yaşanır. Radioqəbuledicini qoşdum:"Mahribə!"

Ərimə dedim:

-Lyonya, dur ayağa! Müharibədir! Dur ayağa, müharibədir!

O depoya qaçdı, göz yaşları içində qayıtdı:

-Müharibə!Müharibə! Bilirsən müharibə nə deməkdir?

Neyləməli? Uşağı hara qoyaq?

Mənim oğlumla birgə Ulyanovska təxliyyə elədilər. Arxaya. Bizə ikiotaqlı mənzil verdilər, yaxşı mənzil idi. Mənim indi heç eləsi yoxumdu. Oğlumu uşaq bağçasına qoyduq. Hər şey yaxşı gedirdi. Hamı məni sevirdi. Bəs necə?! Qadın-maşainist, özü də Sovet İttifaqında ilk qadın-maşinist...

İnanmazsınız, mən orda bir qədər yaşadım, heç yarım il olmadı. Daha dözə bilmədim: necə yəni, hamı Vətəni müdafiəyə getsin, mənsə evdə oturum?

Ərim gəlib dedi:

-Marusya, nədir, elə arxa cəbhədə oturacaqsan?

-Yox,- dedim,-gedəcəyik!

Bu dövrdə cəbhəyə xidmət etmək üçün xüsusi ehtiyat kalonu təşkil edilirdi. Biz də ora qoşulmaq üçün müraciət etdik. Ərim baş maşinist idi, mən isə sıravi. Dörd il isti parovozda getmişik, oğlumuz da bizimlə. Uşaq bütün müharibə ərzində bir dənə olsun belə pişik görmədi. Kiyev yaxınlığında bir pişik tutmuşdum. Deməli, bizim vaqonları göydən şiddətli borbardman edirdiər, beş təyyarə üstümüzə şığıdı. Oğlum həmin pişiyi qucaqlayıb deyirdi:

-Pişiyim, əzizim, səni görməyimə elə sevinirəm ki! Mən heç kimi görmürəm axı, otur mənimlə bir az, qal burda...Qoy mən səni öpüm...

Uşaqdı da... Uşağın gərək hər şeyi uşaq kimi olsun... O, yatanda bu sözləri deyirdi:

-Anacan, bizim pişiyimiz var. İndi bizim əsl evimiz var.

Belə bir şeyi fikirləşsən də xeyri yoxdur, düzüb-qoşa bilməzsən. Belə bir şey heç kimin ağlına gəlməz...Bunu buraxma ha...Hökmən pişik haqqında yaz...

Bizi daim bombalayırdılar, pulemyotlardan atəş açırdılar. Parovoza atəş açırdılar ki, ilk növbədə maşinisti öldürsünlər, parovozu məhv etsinlər. Təyyarələr lap alçaqdan uçurdular, istixanaya atəş açırdılar, parovozu atəşə tuturdular, istixanada isə mənim oğlum otururdu. Ən çox ondan ötrü qorxurdum. Sözlə təsvir edə bilmirəm... Bombardman başlayanda mən uşağı istixanadan çıxarıb parovoza gətirirdim. Onu qucağıma alıb bağrıma basırdım:"Qoy bizi elə bir mərmiylə öldürünlər!" düşünürdüm. Lakin məgər öldürə bilərdi mərbi bizi? Buna görə də, görünür, sağ qaldıq. Bunu da yazarsan...

Parovoz- mənim həyatımdır, mənim gəncliyimdir, mənim həyatımın ən gözəl xatirəsidir. Mən elə indi də böyük məmnuniyyətlə qatarı idarə etmək istərdim, lakin mənə icazə verməzlər- qocalmışam...

Bircə uşağı olmaq qorxuludur. Axmaqlıqdır... Biz indi yaşayırıq... Mən oğlumun ailəsiylə birgə yaşayıram. O, həkimdir, şöbə müdiridir. Mənzilimiz çox da böyük deyil. Lakin mən heç vaxt məzuniyyətə getmirəm, heç vaxt putyovka götürmürəm... İfadə edə bilmirəm... Oğlumdan, nəvələrimdən ayrılmaq istəmirəm. Mənim üçün onlardan bir gün ayrılmaq da qorxuludur. Mənim oğlum da heç hara getmir. Bir azdan iyirmi beş il olacaq ki, oğlum işləyir. O, heç vaxt putyovkayla heç hara getməyib. İşdə hamı təəccüblənir ki, o, niyə bir dəfə də olsun putyovka xahiş eləmir.

-Ana, səninlə qalmağım daha yaxşı olar,- deyir. Gəlinim də belədir. Sözlə deyiləsi deyil... Bizim bağ evimiz də yoxdur. Çünki biz heç bağa da getmərik, bir-birimizdən ayrılmaq istəmirik. Onlarsız bir dəqiqə belə yaşaya bilmərəm.

Müharibədə olan adam bilir. Bilir ki, bir günlük ayrılmaq nə deməkdir. Bircə günlük..." Mariya Aleksandrovna Arestova, maşinist

Pıçıltı və bağırtı haqqında

"Mən indi də pıçıltıyla danışıram... O... o barədə... Pıçıltıyla.... Qırx il ötəndən sonra da...

Müharibəni unutmuşam...Çünki müharibədən sonra da qorxu içində yaşamışam. Mən cəhənnəmdə yaşamışam.

Artıq Qələbəydi. Sevinc idi! Biz artıq kərpiçləri daşıyırdıq, yığırdıq, dəmir-dümürü təmizləyirdik. Şəhəri təmizləyirdik. Gecə-gündüz işləyirdik. Ha vaxt yatdığımız yadıma gəlmir. Ha vaxt yediyimiz yadıma gəlmir. Elə hey işləyirdik, işləyirdik.

Sentyabr ayı idi... İstiydi, yadıma gəlir ki, günəşli günlər çox olurdu. Meyvələri xatırlayıram. Çoxlu meyvə vardı. Bazarda antonovka almasını vedrələrlə satardılar. Həmin gün...Mən balkonda paltar sərirdim....Lap xırda detallar yadımda qalıb, çünki həmin gün bütün həyatım dəyişdi...Hər şey məcrasından çıxıb çalxalandı. Alt-üst oldu. Paltar asırdım...Ağ mələfələri... Həmişə məndə ağ mələfələr olurdu. Anam öyrətmişdi ki, sabun əvəzinə qumla yumaq lazımdı...Qum üçün çay sahilinə gedərdik, orda bir yer tanıyırdım. Hə.... deməli.... Mələfələr... Aşağıdan qonşu çağırdı, elə bil öz səsi deyildi:

-Valya! Valya!

Mən dərhal aşağı baxdım, ilk fikir bu oldu- oğlum hardadı?

O zamanlar, bilirsiz də, oğlan uşaqları xarabalıqlarda oynayırdılar, "müharibə-müharibə" oynayırdılar... Onlar qumbara tapmışdılar, həqiqi qumbara... Partlamışdı...Əlsiz, ayaqsız qalmışdılar... Yadımdadı ki, biz uşaqları çölə buraxmırdıq, gözümüzdən qırağa buraxmırdıq, oralar isə uşaqlara maraqlı gəlirdi. Çağırırdın, bağırırdın ki, gəl evə, oralara getmə, xeyri yox idi, beş dəqiqədən sonra görürdün ki, artıq evdə yoxdu. Oğlan uşaqlarını silah maraqlandırırdı...Xüsusilə müharibədən sonra... Hə, deməli, mən dərhal aşağı düşdüm. Həyətə düşdüm. Gördüm ərim həyətdədir...Mənim İvanım...Sevimli İvanım...Vaneçka! Qayıdıb! Cəbhədən qayıdıb! Sağ-salamatdı! Mən onu öpürəm, ona toxunuram. Gimnastyorkasını sığallayıram, əllərini tuturam. Qayıdıb... Mənim ayaqlarım əsdi, titrədi... O isə...Daş kimi yerində durub...elə bil kartondu, tərpənmir....Gülmür. Məni qucaqlamır. Donub qalıb yerində. Birdən qorxdum: görünür, kontuziya alıb, düşünürəm. Bəlkə də kardır. Eybi yox, əsas odur ki, qayıdıb, düşünürəm. Onu əzizləyirəm, bəsləyirəm... Artıq bezirəm, belə kişilərlə qadınlar necə yaşayırlar? O qadınlar üçün fərqi yoxdu, kim həsəd aparır-aparsın. Bütün bunları bir anlıq beynimdən keçirirəm. Xoşbəxtlikdən ayaqlarım bir yerdə dayanmır. Əsirəm. Sağ-salamatdır ərim! Axxxx, əzizim, bizim qadın payımız...

Qonşular dərhal yığışdılar. Hamı sevinir, hamı qucaqlaşır. O isə daş kimi durub. Susur. Hamı bunu müşahidə elədi. Mən dedim:

-Vanya... Vaneçka... Gəl gedək evə...

Yaxşı, gedirik. Mən onun çiynindən sallanıram...Elə xoşbəxtəm ki... Üzüm gülür, sevincimin həddi-hüdudu yoxdur. Məğrur-məğrur, qürurla baxıram! O evdə kətilin üstündə oturub. Yenə susur.

-Vanya... Vaneçka...

-Bilirsən...- və danışa bilmir, ağlayır.

-Vanya...

Biz cəmi bir gecə yaşadıq. Bircə gecə.

Ertəsi gün onun dalınca gəldilər, səhər qapımızı döydülər. O, papiros çəkirdi və gözləyirdi, çünki artıq bilirdi ki, onu aparmağa gələcəklər. Mənə çox az şey danışdı...Macalı olmadı...Rumıniyada, Çexiyada döyüşüb, təltifləri vardı, gətirmişdi özüylə. Amma qorxuyla birgə qayıtmışdı. Onu artıq sorğu-sual etmişdilər, artıq iki dəfə dövlət tərəfindən yoxlanmışdı. Belə bir damğa qoydular-əsirlikdə olub. Müharibənin ilk həftələrində... Smolensk ətrafında əsir düşüb, amma özünü güllələməliymiş. O, istəyib, bilirəm, istəyib bunu etsin...Onların patronları tez qurtarıb, döyüşmək bir tərəfə qalsın, özünü güllələmək üçün də patron qalmayıb. Ayağından yaralanıb, elə yaralı-yaralı əsir düşüb. Onun gözləri qarşısında komissar başını daşla yarıb...Sonuncu patron boşa çıxıb...Onun gözləri qarşısında olub... Sovet zabiti əsir düşmür, təslim olmur...bizdə əsir olmur, bizdə satqın, xəyanətkar olur. Yoldaş Stalin belə deyirdi; o, əsirlikdə olan doğma oğlundan imtina etdi. Mənim ərim... Mənim... Müstəntiqlər onun üstünə bağırırmışlar:

-Niyə sağ qalmısan? Niyə sağsan, hə?

O, əsirlikdən qaçmışdı...Ukrayna partizanlarının yanına qaçmışdı. Və Ukrayna azad olunandan sonra cəbhəyə getmək üçün müraciət edib. Çexiyada Qələbə gününü bayram edib. Təltif olunmağa təqdim ediblər...

Bizim bir gecəmiz oldu...Əgər bilsəydim...Mən yenə doğmaq istəyirdim, qız istəyirdim...

Səhər onu apardılar...Yataqdan durquzub apardılar...Mən mətbəxdə oturmuşdum, gözləyirdim. Gözləyirdim ki, oğlumuz yuxudan dursun. Oğlumuzun on bir yaşı vardı. Bilirdim ki, duracaq və elə ilk sualı bu olacaq:

-Bizim atamız hanı?

Mən ona nə cavab verəcəyəm? Qonşulara nə cavab verəcəyəm? Anama nə deyəcəyəm?

Ərim yeddi ildən sonra qayıtdı...Biz onu oğlumuzla bərabər müharibədə dörd il, Qələbədən sonra isə daha yeddi il gözlədik. Kolımda düşərgədə idi. Üst-üstə on bir il gözlədik. Oğlum böyümüşdü...

Bu illər ərzində susmağı öyrəndim...Əriniz hardadır? Atanız kimdir? Bütün anketlərdə bu suallar vardı: yaxın qohumlarınızdan kimsə əsirlikdə olubmu? Məni məktəbə texniki işə də götürmədilər. Döşəməni yumağa belə etibar eləmədilər. Mən xalq düşməni oldum, xalq düşməninin arvadı oldum... Satqının arvadı. Bütün həyatım puç oldu...Müharibəyə qədər müəllimə idim. Pedaqoji texnikumu bitirmişdim. Müharibədən sonra tikintidə kərpic daşıyırdım. Ah.... mənim həyatım...Bağışlayın, mən əlaqəsiz danışıram...Alınmır məndə... Tələsirəm...Elə olurdu ki, gecələr... Ah, neçə gecə tək qalırdım... kiməsə öz həyatımı danışırdım... hey danışırdım.... Amma gündüzlər susurdum...

İndi hər şey barədə danışmaq olar. İstəyirəm... Soruşmaq istəyirəm: kimdir günahkar? Axı müharibənin ilk aylarında milyonlarla sovet əsgər və zabitinin əsir düşməsinə səbəbkar kimdir? Bax, mən bunu bilmək istəyirəm...Müharibədən qabaq ordunu kim başsız qoymuşdu? Kim onu güllələtmişdi? Kim ona böhtan atmşdı? Nə bilim-alman casusu, yapon casusu... damğasını qırmızı komandirlərin üstünə yapışdırmışdılar... Kim idi bunları edən? İstəyirəm... Hitler tanklarla, təyyarələrlə silahlananda Budyonnunun süvari ordusuna kim inanmışdı o zaman? Bizi kim inandırmışdı ki, sərhədlərimiz yaxşı qorunur... qala kimidi? Lakin elə müharibənin ilk günlərində ordumuz patronlarını saymağa başlamışdı...

Mən istəyirəm...Axı mən də soruşa bilərəm də artıq...Hanı mənim həyatım? Hanı bizim həyatımız? Lakin mən susuram... ərim də susur...Bu gün də qorxuruq...Biz qorxuruq...Və beləcə də qorxu içində öləcəyik... Çox acı və utancvericidir..." Valentina Yevdokimovna M-va, partizan dəstəsinin rabitəçisi

Qadın əlini ürəyinin başına qoyur...

Və nəhayət...Qələbə...

Əgər əvvəllər həyat onlar üçün ikiyə -sülh və müharibəyə bölünmüşdüsə, indi isə müharibə və Qələbəyə bölünüb!

Yenə iki müxtəlif aləm, iki müxtəlif dünya!

Yenə iki həyat!

Nifrət etməyi öyrənmişdilər! İndi yenidən sevməyi öyrənməliydilər. Unudulmuş hissləri yada salmalıydılar. Unudulmuş sözləri xatırlamalıydılar.

Müharibə adamı müharibəsiz insan olmalıydı...

Qələbə yollarında və balaca fris (alman faşistlərə verilən istehzalı ad - tərc.) haqqında

"Biz xoşbəxt idik...

Sərhədi keçdik...Vətən azad olundu. Bizim torpağımız azad olundu...Mən əsgərlərimizi tanıya bilmirdim... onlar özgə adam olmuşdular. Hamı gülürdü. Təmiz köynəklər geyirdilər. Əllərində hərdən gül-çiçək dəstələri olurdu. Belə xoşbəxt insanları mən heç yerdə görməmişdim. Mən onları tanıya bilmirdim. Düşünürdüm ki, Almaniyaya girəndə heç kimə güzəşt etməyəcəm, amansız olacağam. Sinəmdə o qədər nifrət hissi yığılmışdı ki! İnciklik! Axı mən onun uşağına nə üçün rəhm etməliyəm? Onun anasına nə üçün yazığım gəlməlidir? Axı onun evini nə üçün dağıtmayım? O, rəhm etməmişdi...O, öldürmüşdü.... O, yandırmışdı...Bəs mən? Mən......mən.... mən... Niyə? Axı niyə, hə? Onların arvadlarını görmək istəyirdim, analarını- o cür vəhşi oğullar doğan anaları görmək istəyirdim! Onlar bizim gözlərimizin içinə necə baxacaqlar? Mən onların gözlərinin içinə baxmaq istəyirdim...

Fikirləşirdim: mən necə olacağam görəsən? Bizim əsgərlər necə olacaq görəsən? Biz heç nəyi unutmamışdıq...xatırlayırdıq... Biz bunlara necə dözəcəyik? Bütün olanlara dözmək üçün görəsən hansı güc lazımdır? Hansısa qəsəbəyə girdik...uşaqlar qora-bura qaçırdılar... ac-yalavac, bədbəxt uşaqlar...Bizdən qorxurlar...Gizlənirlər.... Mən and içmişdim ki...and içmişidim ki, onların hamısına nifrət bəsləyəcəyəm!..Mən öz əsgərlərimizin yemək payını yığdım, nələri qalmışdısa, hamısını topladım; hətta qənd parçasına qədər...Və alman uşaqlarına verdim. Əlbəttə, mən unutmamışdım... Mən hər şeyi yadımda saxlamışdım...Lakin ac-yalavac uşaq gözlərinə belə sakitcə baxa bilmədim. Səhər tezdən artıq alman uşaqları bizim mətbəxin qabağında durmuşdular, onlara yemək verilirdi. Hər uşağın çiynində də çörək üçün bir çanta, sup üçün və kaşa, yaxud noxud üçün kəmərlərindən asılmış balaca qazança da vardı. Biz onları yedizdirirdik, müalicə edirdik. Hətta saçlarına sığal çəkirdik... Mən ilk dəfə idi sığallayırdım...Qorxdum! Mən... mən! Alman uşağını tumarlayıram!.. Həyəcandan mənim ağzım qurumuşdu. Lakin çox keçmədi ki, öyrəşdim. Onlar da alışdılar..." Sofya Adamovna Kunçeviç, sanitar təlimatçi

"Almaniyaya qədər gedib çıxdım...

Mən tank polkunda baş feldşer idim. Bizim tanklarımız "otuz dörd" markalı tanklar idi, tez alışıb yanırdılar. Çox dəhşətliydi. Mən əvvəllər heç tüfəng səsi eşitməmişdim. Bir dəfə cəbhəyə gedirdik, uzaqdan bomba səsləri eşitdim, mənə elə gəldi ki, ayağımın altındakı yer titrədi. On yeddi yaşım vardı, texnikumu təzəcə qurtarmışdım. Belə oldu ki, mən gələn kimi dərhal döyüşə getdim.

Tankdan çıxmışam...Alov... Göy yanır... Yer yanır... Dəmir yanır...Ölənlər var... orda isə yaralılar qışqırırlar- xilas edin... kömək edin!.. Elə bil mənim üstümə birdən-birə bir əjdaha şığımışdı! Bilmirəm... Niyə qaçmadım? Necə oldu ki, mən döyüş meydanını tərk edib qaçmadım? Axı bu, fəlakət idi?! Sözlə ifadə etmək olmur. Yalnız hiss və həyəcanla! Əvvəllər mən belə şeylərə tab gətirə bilməzdim. İndi isə artıq müharibə haqqında filmlərə baxıram... yenə ağlayıram.

Almaniyaya çatdım...

Alman torpağında ilk gördüyüm şey yolun kənarındakı əldədüzəltmə plakat oldu. Yazmışdılar: Budur, lənətə gəlmiş Almaniya!

Biz qəsəbəyə girdik...Pəncərə qapaqları örtülüydü. Hamı qoyub qaçmışdı, velosipeddə qaçmışdılar. Gebbels onları inandırmışdı ki, ruslar gələn kimi sizi doğrayacaqlar, asıb-kəsəcəklər. Evlərin qapılarını açıb giririk, heç kim yoxdur, yaxud ölənlər var, uzanıblar, zəhər içirdiblər. Uşaqlar uzanıblar... Güllələnmiş uşaqlar.... Onları zəhərləyiblər, güllələyiblər...Nə hisslər yaşadıq? Qələbə çaldığımıza sevinirdik, indi onlara ağırdır. Bizə olduğu kimi. İntiqam hissləriylə yaşayırdıq... Uşaqlara isə yazığımız gəlirdi...

Bir qoca arvad tapdıq. Mən ona dedim:

-Biz qalib gəlmişik.

Arvad ağlayırdı.

Dedi:

-Mənim iki oğlum Rusiyada həlak olub.

-Kimdi günahkar? Bizimkilərdən o qədər həlak olan varki!

Arvad cavab verdi:

-Hitler...

-Hitler özü qərar vermirdi...Axı onlar sizin uşaqlarınız, ərləriniz idilər...

Arvad susdu.

Mən Almaniyaya qədər gedib çıxdım...

Bunları anama söyləmək istəyirdim...Lakin anam müharibədə acından ölmüşdü... Onların heç nəyi-nə çörəyi, nə duzu, heç nəyi olmamışdı. Qardaşım isə ağır yaralanmışdı, hospitalda yatırdı. Bir bacım gözləyirdi məni evdə. O yazırdı ki, bizim ordumuz Oryola girəndə o, bütün hərbi qızların şinellərinin ətəyindən yapışıbmış. Ona elə gəlib ki, mən də mütləq orda olacağam. Mən qayıtmalıyam..." Nina Petrovna Sakova, leytenant, feldşer

"Qələbənin yolları...

Siz Qələbəyə gedən yolları təsəvvür edə bilməzsiniz!

Azad olunmuş məhbuslar gedirdilər-arabalarla, kəndirlərlə, milli bayraqlarla gedirdilər. Ruslar, polyaklar, fransızlar, çexlər... Hamı gedirdi, hamı öz tərəfinə keçirdi. Hamı bizi qucaqlayırdı. Öpürdülər bizi.

Rus qızlarına rast gəldik. Mən onlarla danışdım, onlar mənə söyləyirdilər ki...Onlardan biri hamiləydi. Ən gözəli. Onu sahibkar zorlamışdı, qızlar sahibkar üçün işləyirmişlər. O sahibkar da qızı məcbur edib ki, onunla yaşasın. Qız gedirdi və ağlayırdı, qarnını yumruqlayırdı.

-Mən bu frisi evə aparmayacağam! Onu aparmayacağam!- deyirdi. Qızlar onu dilə tutmağa çalışırdılar... Lakin qız özünü asdı...qarnındakı körpə frisiylə birlikdə özünü asmışdı...

Bax onda gərək siz qulaq asaydınız- qulaq asıb yazaydınız. Heyf! Heyf ki, onda heç kimin ağlına gəlmədi ki, bizə qulaq assın və bunları yazsın. Hamı elə "Qələbə!" deyə qışqırıb təkrar edirdi və ondan qalan şeylər əhəmiyyətsiz görünürdü.

Mən rəfiqəmlə bir dəfə velosipeddə gəzirdim. Gördük bir alman qadını gəlir, üç uşaqla- ikisi kolyaskada, biri də yanında, yubkasından tutub. Qadın yorğun-üzgün görünürdü. Və birdən o qadın bizim qarşımızda diz çökdü, başını yerə qədər əydi. Bax beləcə... Düz yerə qədər....Başa düşmürdük nə deyirdi. Qadın əlini ürəyinin başına qoymuşdu və sonra da uşaqlarını göstərirdi. Nə isə, başa düşdük ki, o, ağlayır, and içir və uşaqlarının sağ qalmasına görə bizə minnətdarlıq edir...

O qadın axı kiminsə arvadı olmuşdu. Görünür, onun əri şərq cəbhəsində döyüşmüşdü... Rusiyada..." Anastasiya Vasilyevna Voropayeva, yefreytor, projektorçu

"Bizim zabitlərdən biri alman qızına vurulmuşdu...

Xəbər komandanlığa çatdı...Onu arxa cəbhəyə göndərdilər. Əgər onu zorlasaydı... Bu... Əlbəttə...Bizdə bu barədə az yazırlar. Lakin bu, müharibənin qaydasıdır. Kişilər bir neçə il qadınsız qalmışdılar... və əlbəttə, üstəgəl nifrət... Şəhərə və ya kəndə giririk...ilk üç gündə qarət olur...Əlbəttə, qeyri-rəsmi şəkildə...Özünüz başa düşürsüz də... Lakin üç gündən sonra hətta tribunala da düşə bilərdin. Kiminsə qəzəbinə gələ bilərdin. Üç gün yemək-içmək... Birdən sevgi....Zabit xüsusi şöbədə özü etiraf elədi ki, sevir alman qızını...Əlbəttə, bu, xəyanətdir.... Alman qızına vurulmaq- düşmənin qızına, yaxud arvadına bənd olmaq? Axı bu.... Və.... Nə isə.... Zabitdən qızın şəklini və ünvanını aldılar. Əlbəttə...

Xatırlayıram...Əlbəttə, yadıma gəlir-zorlanmış alman qadını... O lüt uzanmışdı, qumbara onun paçasının arasına soxulmuşdu...İndi ayıb olar danışsam, amma o zaman ayıb deyildi mənim üçün. Əlbəttə, hisslər dəyişir. Görürsən ki, ilk günlər ayrı hisslərlə yaşayırdıq, sonrakı günlərdə isə tamam başqa hisslər gəlir sənə... Bir neçə aydan sonra....Bizim batalyona... Komandirin yanına beş alman qızı gəldi. Onlar ağlayırdılar...Ginekoloq onları yoxladı. Cins üzvlərində yaralar vardı. Yırtıqlar vardı... Trusikləri al-qan içindəydi... Onları bütün gecəni zorlamışdılar. Əsgərlər növbəyə durublar...

Bunları yazmayın... Maqnitofunu söndürün... Həqiqət! Hamısı həqiqətdir! Batalyonu sıraya düzdülər... O alman qızlarına da dedilər: gedin baxın, tanıyın, kimi tanısanız yerindəcə dərhal güllələyəcəyik! Rütbəsinə də fikir verməyəcəyik! Bizim üçün ayıbdır! Lakin alman qızları oturub ağlayırdılar. Onlar bunu istəmirdilər... Onlar bir daha qan tökülməsini istəmirdilər... Belə də dedilər... O zaman onların hər birinə bir buxanka çörək verdilər. Əlbəttə, bütün bunlar müharibənin əlamətləridir. Əlbəttə...

Elə bilirsiz, bağışlamaq asandır? O ağ evləri... bütöv ağ evləri...kərpic damı olan evləri görmək...Qızıl güllərlə...Mən özüm istəyirdim ki, onlar incisin, əzab çəksin, ağrı görsün...Əlbəttə... Mən onların göz yaşlarını görmək istəyirdim...Dərhal yaxşı adam olmaq olmaz! Dərhal dürüst və xeyirxah olmaq olmazdı! Bax, indi, sizin kimi! Onlara rəhm etmək üçün mənə on illər lazım idi!.." A. Patkina, kiçik serjant, telefonçu

"Doğma torpağımız azad olundu...Belə bir zamanda ölmək dözülməz olmuşdu... kimisə dəfn eləmək əzablı və ağrılı olmuşdu. Özgə torpaqları uğrunda döyüşlərdə həlak olurdular, özgə torpaqlarında dəfn edirdik. Bizə izah edirdilər ki, düşməni gərək yerində məhv edək. Düşmən hələ də təhlükəlidir...Hamımız başa düşürdük... Amma ölmək...heyfimiz gəlirdi! Heç kim ölmək istəmirdi...

Mən yolboyu çoxlu plakat görürdüm. Onlar xaça bənzəyirdi: Budur, lənətə gəlmiş Almaniya!

Bu plakatı heç kim unutmadı...

Biz hamımız o anı gözləyirdik...Bax, indicə görəcəyik... İndicə deyəcəklər...

Bunlar hardandır belə? Onların evləri, torpaqları necədir? Doğurdanmı onlar adi insanlardır? Doğurdanmı onlar da adi həyat sürürdülər? Cəbhədə təsəvvür etməzdim ki, mən bir də Heynenin şeirlərini oxuya biləcəyəm! Sevimli Geteni oxuyacağam! Mən heç Vaqnerə də qulaq asa bilməyəcəm...Müharibədən qabaq mən musiqiçilər ailəsində böyümüşdüm, alman musiqisini sevirdim.. Baxı, Bethoveni! Böyük Bethoven! Bütün bunları mən öz aləmimdən silmişdim! Sonra biz gördük ki... bizə meyitlərin yandırıldığı binaları göstərdilər...Osvensim düşərgəsini göstərdilər...Qadın paltarlarından dağ qalanmışdı...Uşaq ayaqqabıları yığın-yığın dağ əmələ gətirmişdi... Boz küllər...Bu külləri sahələrə gətirmişdilər, kələm sahələrinə....Tərəvəz sahələrinə.... Mən daha alman musiqisinə qulaq asa bilmirdim...Uzun müddət qulaq asa bilmədim... Çox vaxt ötdü...Yavaş-yavaş Baxa qulaq asdım. Motsartı çalmağa başladım.

Bəli, biz, nəhayət, onların torpağındaydıq...Bizi heyrətləndirən ilk şey onların yolları oldu. İri kəndli evləri....Gül dibçəkləri... Pəncərələrdəki əlvan pərdələr, hətta saraylarından da pərdələr asılmışdı. Evlərdə ağ stol örtükləri, qiymətli qab-qacaqlar vardı. Farfordan. Mən ilk dəfə orda paltaryuyan maşın gördüm...Biz başa düşə bilmirdik: axı müharibə etmək onların nəyinə lazım imiş? Axı onlar yaxşı yaşayırdılar? Bizdə adamlar torpaq dəyələrdə yaşayırdılar. Onların isə səliqəli ağ stol örtükləri vardı...Xırda fincanlarda kofe içirlər...Mən onları yalnız muzeydə görümşdüm. Axxx, o fincanlar! Mən bir heyrətləndirici faktı unutdum, indi onu sizə söyləyim...Biz hücuma keçmişdik, ilk alman səngərləri...qarşımıza çıxdı və biz onları tutduq...Giririk səngərlərə, görürük ki, termoslarda hələ də isti kofelər var. Kofenin ətri...Peçenyelər...Ağ mələfələr. Təmiz təlislər. Tualet kağızları... Bunların heç biri bizdə yox idi. Necə də gözəl mələfələr vardı! Biz küləşin içində, ağacların budaqları üstündə yatırdıq... Elə olurdu ki, iki-üç gün isti suyumuz olmurdu. Və bizim əsgərlərimiz o termosları güllələdilər...O kofelərə atəş açdılar...

Mən alman evlərində güllədən çilik-çilik olmuş çay sevizlərini, qab-qabacaqları görürdüm. Gül-çiçək dibçəkləri...Deşik-deşik olmuş balışlar... Uşaq kolyaskaları...Lakin biz onların bizə elədiklərini onlara eləmək qabiliyyətində deyildik. Onların bizə verdikləri əzab-əziyyətləri, işgəncə və iztirabları onların özünə qaytara bilməzdik. Onları da əzab çəkməyə məcbur edə bilməzdik!

Onlarda bu qədər nifrət hardan doğmuşdu? Bax, biz bunu anlamaqda çətinlik çəkirdik. Bizim nifrətimizi başa düşmək olardı. Bəs onlarınkını?

Evə poçt bağlamaları göndərməyə icazə verildi. Sabun, qənd...Kimsə ayaqqabı göndərirdi. Almanların ayaqqabıları keyfiyyətli idi. Kimsə saat, dəri məmulatları...Hamı saat axtarırdı. Mən bacarmadım... Məndə nifrət hissi sönməmişdi... Mən onlardan heç nə götürmək istəmirdim. Halbuki bilirdim ki, anam mənim bacılarımla özgə evdə yaşayır. Bizim evi yandırmışdılar. Evə qayıdıb gələndən sonra anama hamısını danışdım. O məni qucaqlayıb dedi:

-Mən də onlardan heç nə götürməzdim. Onlar bizim atamızı öldürmüşlər.

Heynenin kitabını müharibədən on illər keçəndən sonra əlimə götürdüm. Müharibəyə qədər sevdiyim alman bəstəkarlarının plastinkalarını da həmçinin..." Aqlaya Borisovna Nesteruk, rabitəçi

"Təəssüf edirəm... Mən bir xahişi yerinə yetirmədim...

Bizim hospitala bir alman yaralısı gətirmişdilər. Mənə elə gəlir ki, təyyarəçi idi. Onun qabırğaları sınmışdı, çürümə baş verirdi. Nəsə yazığım gəldi ona. Görürəm, uzanıb və susur.

Bir az alman dilində bilirdim. Soruşdum:

-Su istəyirsən?

-Yox!

Yaralılar bilirdilər ki, palatada alman yaralısı var. Onu ayrıca çarpayıda uzandırmışdıq. Onun yanına yaxınlaşanda bizimkilər qəzəblənirlər.

-Düşmənə su aparırsan?

-Ölür... Mən ona kömək etməliyəm...

Onun ayağı gömgöy göyərmişdi. Heç nə eləmək mümkün deyildi. İnfeksiya dərhal insanı gəmirir. İnsan bir gün ərzində solur.

Ona su verirəm, o isə mənə baxır, birdən dillənir:

-Hitler kaput!

Qırx ikinci il idi. Biz Xarkov ətrafında mühasirədə idik. Soruşuram:

-Niyə?

-Hitler kaput!

Mən də ona cavab verirəm:

-Sən belə düşünürsən, indi belə deyirsən, çünki burdasan, yaralısan. Orda isə öldürürsüz, qırırsız...

O deyir:

-Mən atmamışam, mən öldürməmişəm... Məni məcbur ediblər. Lakin mən güllə atmamışam...

-Hamı əsir düşəndə belə deyir.

Birdən o, məndən xahiş eləməyə başlayır:

-Mən çox... çox... xahiş edirəm sizdən, frau...- mənə bir paket şəkil verir. Göstərir. Anasının, özünün, qardaşlarının və bacılarının şəkillərini göstərir... Gözəl şəkillər idi... Şəklin arxasında ünvan yazır.

-Siz orda olacaqsınız! Olacaqsınız!

Bunu qırx ikidə alman deyirdi. Xarkov ətrafında.

-Orda olanda bunu poçt qutusuna atarsınız, xahiş edirəm.

O, bir şəklin arxasında ünvan yazdı, paketin içində isə çoxlu şəkil vardı. Mən bu şəkilləri uzun müddət özümlə gəzdirdim. Şiddətli bombardman olanda onları itirdim və çox mütəəssir oldum. Biz Almaniyaya daxil olanda artıq paket itmişdi..." Liliya Mixaylovna Butko, əməliyyatçı tibb bacısı

"Bir döyüşü xatırlayıram... Həmin döyüşdə biz çoxlu alman əsgəri əsir götürdük. Onların arasında yaralılar da vardı. Biz onların yarasını sarıyırdıq, onlar inildəyirdilər- bizim yaralılar kimi. Göydən isə od tökülürdü, günəş yandırırdı...Bir qəhvədan tapdıq, onlara içizdirdik. Açıq yer idi, bizi atəşə tuturdular. Əmr gəldi: təcili səngər qazmaq və gizlənmək. Özümüzü gizlətməliydik.

Biz başladıq səngər qazmağa. Almanlar baxırlar. Onlara başa saldıq: gəlin birlikdə qazaq, kömək edin səngər qazaq. Gəlin işləyək!

Onlar biləndə ki, biz nə istəyirik qorxu içində bizə baxdılar; elə bildilər ki, biz xəndək qazıb sonra da onları o xəndəkdə güllələyəcəyik. Onlar gözləyirdilər... Gərək görəydiniz o səhnəni... Necə dəhşət və qorxu içində qazırdılar... Onların üzlərini görsəydiniz...

Və axırda gördülər ki, biz onların yaralarını sarıdıq, yemək verdik, su verdik və qazdıqları səngərdə isə gizlətdik. Gözlərinə inanmadılar, özlərinə gələ bilmirdilər. Başlarını itirmişdilər... Almanlardan biri ağlayırdı...O, cavan da deyildi, ağlayırdı və göz yaşlarını da heç kimdən gizlətmirdi..." Nina Vasilyevna İlinskaya, tibb bacısı

Uşaq səhvləri ilə yazılan inşalar və kinokomediyalar

"Müharibə qurtarmaq üzrəydi...Siyasi işlər üzrə müavin məni çağırdı yanına:

-Vera İosifovna, gərək alman yaralılarıyla işləyəsiniz...

Mənim isə artıq iki qardaşım həlak olmuşdu, almanlar öldürmüşdülər.

-İşləməyəcəm...- dedim.

-Bilirsiz, bu, lazımdı...

-Yox, mən bacarmaram: mənim iki qardaşım həlak olub... Almanları görməyə gözüm yoxdu. Onları kəsib-doğramağa hazıram, amma müalicə eləməyə yox...Axı gərək siz də məni başa düşəsiniz...

-Bu, əmrdir!

-Bir halda ki, əmrdir, onda tabe oluram. Mən hərbi adamam...

Mən onları müalicə elədim; nə lazımdısa elədim, lakin mənim üçün çox ağır idi-onların yarasına toxunmaq, ağrılarını azaltmaq çox çətin idi. Bax, o zaman gördüm ki, saçlarıma dən düşüb. Məhz o zaman ağ saçlar peyda olmağa başladı. Mən onlar üçün hər şey edirdim: əməliyyat aparırdım, yedizdirirdim, ağrıkəsici dərmanlar verirdim, bütün qaydalara əməl edirdim. Bircə şeydən başqa, onu bacarmırdım-axşam onlara baş çəkmirdim. Səhər yaralını sarıyırsan, ya da sarğısını dəyişdirirsən, nəbzini yoxlayırsan, bir sözlə, həkim kimi rəftar edirsən. Lakin axşam yoxlaması zamanı gərək xəstəylə danışasan, onun kefini soruşasan. Soruşub öyrənəsən ki, sağalma gedir, ya yox? Bax bunu edə bilmirdim. Sarğını dəyişirdim, yenidən əməliyyat edirdim, amma onlarla danışmağı, söhbət eləməyi bacarmırdım. Elə beləcə də siyasi işlər üzrə müavinə dedim:

-Axşam müayinəsini aparmayacam..." Vera İosifovna Xoreva, hərbi həkim-cərrah

"Almaniyada... Bizim hospitala çoxlu alman yaralısı gətirməyə başlamışdılar... Mənim ilk alman yaralım yadıma gəlir. Onda çürümə başlamışdı, ayağını kəsmişdilər... Mənim palatamda uzanmışdı. Axşam mənə dedilər:

-Katya, get öz alman əsgərinə baş çək.

Mən də getdim. Düşündüm ki, bəlkə qanaxma baş verib. Yaralı ayıldı. Qızdırması yox idi. Uzanıb baxırdı. Baxır, baxır, sonra da balaca bir pistolet çıxarıb mənə uzadır, deyir:

-Al, götür...

O alman dilində danışırdı, bilmirəm, yadımda deyil, amma o anda başa düşdüm, məktəbdə öyrəndiklərim köməyimə çatdı.

-Al, - deyir,- mən istəyirdim sizi öldürüm, amma indi sən öldür məni.

Buna oxşar bir şey dedi, yəni, siz məni xilas etdiniz. O bizi öldürürdü, amma biz onu ölümdən xilas etdik. Mən isə ona həqiqəti demirəm. Deyə bilmirəm ki, sən onsuz da ölürsən...

Palatadan çıxanda qəflətən göz yaşlarımın yanaqlarımdan axdığını hiss etdim..." Yekaterina Petrovna Şalıqina, tibb bacısı

"Mənim görüşüm ola bilərdi... Mən bu görüşdən qorxurdum...

Məktəbdə oxuyanda, alman təmayüllü məktəbdə oxumuşdum, bizə alman məktəbliləri qonaq gəlmişdilər. Moskvaya. Biz onlarla teatra getdik, birlikdə mahnı oxuduq. Mən bir alman oğlanına...O, elə yaxşı oxuyurdu ki...Biz onunla dostlaşdıq. Hətta mən ona vurulmuşdum...Budur, bütün müharibə boyu düşünürdüm: birdən ona rast gəldim və onu tanıdım? Görəsən doğrudanmı o da bunların arasındadır? Mən emosional, həssas qız idim, uşaqlıqdan kövrək olmuşam. Çox kövrək idim!

Bir dəfə döyüş meydanıyla gedirəm, döyüş təzəcə qurtarmışdı...Biz öz meyitlərimizi götürmüşdük, almanlarınkı qalmışdı...Birdən mənə elə gəldi ki, o da meyitlərin arasındadır, uzanıb... Ona oxşar cavan bir oğlan...Bizim torpağımızda...Uzun müddət onun başının üstündə durub baxdım..." Mariya Anatolyevna Flerovskaya, siyasi şöbənin işçisi

"Həqiqəti bilmək istəyirsiz? Mən özüm ondan qorxuram...

Bir dəfə bizim əsgər...Necə başa salım... O əsgərin bütün ailə üzvləri həlak olmuşdu. O...əsəbiydi... Bəlkə də içkiliydi? Qələbə yaxınlaşdıqca, daha çox içirdilər. Evlərdə, zirzəmilərdə həmişə şərab tapmaq olurdu. Şnaps... İçirdik, içirdik. Birdən o əsgər avtomatını götürüb bir alman evinə cumdu...Avtomatın güllələrini boşaltdı. Hamısını...Heç kim onun dalınca qaçıb çata bilmədi ona. Qaçdılar...Gördülər ki, evdə hamı ölüb...Uşaqlar da...Öldürmüşdü hamısını. O əsgərin avtomatını əlindən aldılar. Əl-qolunu bağladılar.

O isə ana söyüşü söyürdü. "Silahı verin, özüm-özümü güllələyim!" Onu həbs etdilər və güllələnmə hökmü oxudular. Mənim ona yazığım gəlirdi, hamının ona yazığı gəlirdi...O, bütün müharibəni döyüşmüşdü, bura qədər gəlib çıxmışdı... Berlinə qədər...

Bu barədə yazmaq olarmı? Əvvəllər icazə olmazdı..." A.S., topçu

"Müharibə məni gözləyirdi...

Mənim on səkkiz yaşım tamam olmuşdu... Çağırış vərəqəsi gətirdilər: rayon icraiyyə komitəsinə gəlin, özünüzlə üç günlük ərzaq, iki cüt alt paltarı, krujka, qaşıq götürün. Bu, artıq səfərbərlik idi, əmək cəbhəsinə səfərbərlik...

Bizi Orenburq vilayətinin Novotroyçk şəhərinə gətirdilər. Başladıq zavodda işləməyə. Elə şaxtalar vardı ki, otaqda paltolarımız da donurdu. Əlinə götürürdün elə bil odun parçasıdı, çox ağır idi. Dörd il məzuniyyətsiz, istirahətsiz işlədik.

-

(davamı)

Gözləyirdik. Səbirsizliklə gözləyirdik ki, müharibə nə vaxt qurtaracaq. Sön nöqtə. Gecə saat üç radələrində yataqxanada səs-küy qalxdı, zavod direktoru, digər rəhbər işçilər gəlmişdilər. "Qələbə!" Mən isə heç çarpayıdan dura bilmirəm, gücüm yoxdu, məni durquzub otuzdururlar, mən isə yıxılıram. Bütün günü durquza bilmədilər. Sevincdən, güclü duyğulardan təsirlənərək iflic olmuşdum. Mən yalnız növbəti gün ayağa qalxa bildim...Küçəyə çıxdım, istəyirdim hamını qucaqlayıb öpəm..." Kseniya Klimentyevna Belko, əmək cəbhəsinin döyüşçüsü

"Qələbə- necə gözəl sözdü!...

Mənim Reyxstaqın binasının üstündə imzam var...Kömürlə bu sözləri yazdım:"Sizə Saratovdan olan rus qızı qalib gəldi..." Divarda hamı nəsə yazırdı, hansısa sözlər yazırdılar. Etiraf və lənət sözləri...

Qələbə! Mənim rəfiqələrim soruşurlar:"Bundan sonra neyləmək fikrin var? Kim olmaq istəyirsən?"

Biz müharibə ərzində o qədər ac qalmışdıq ki... Daha tab gətirmək mümkün deyildi...

Biz deyirdik ki, heç olmasa bir dəfə də olsa doyunca yeyək. Mənim arzum vardı: müharibədən sonra ilk əmək haqqımı alan kimi bir yeşik peçenye alacağam. Müharibədən sonra kim olacağam? Əlbəttə, aşpaz. Və indiyə kimi də ictimai iaşə xidmətindəyəm.

İkinci sual beləydi: ərə nə vaxt gedəcəksən? Mümkün qədər tez... Öpüşməyi arzulayırdım. Çox arzulayırdım ki, kiminləsə öpüşüm....Daha sonra mahnı oxumaq istəyirdim. Oxumaq! Bax belə..." Yelena Pavlovna Şalova, atıcı batalyonun komsorqu.

"Mən güllə atmağı, qumbara atmağı öyrəndim... Mina basdırmağı, quraşdırmağı... İlk tibbi yardım göstərməyi... hamısını öyrəndim...

Lakin dörd ildə... Müharibə ərzində mən qrammatikanın qaydalarını unutdum. Bütün məktəb proqramı yadımdan çıxdı. Avtomatı gözübağlı söküb-yığa bilirdim, lakin instituta girəndə inşa yazıda uşaq səhvləri buraxmışdım. Cümlələri demək olar ki, vergülsüz yazmışdım. Mənim köməyimə döyüş təltiflərim çatdı- instituta qəbul elədilər. Başladım oxumağa. Kitab oxuyuram- başa düşmürəm. Şeir oxuyuram- başa düşmürəm. Mən o sözləri də unutmuşdum...

Gecələr qorxunc yuxular görürdüm: esesçiləri, itlərin hürüşməsini, sonuncu qışqırtıları... İnsan öləndə çox vaxt nəsə pıçıldayır- bu qışqırtıdan da dəhşətlidir. Hər şey elə bil yenidən qayıdırdı, mənə sarı gəlirdi. İnsanı güllələməyə aparırlar... Onun gözlərində qorxu var... Yəqin görünür ki, o, inanmır buna, son ana qədər inanmır öldürüləcəyinə. Və maraq da var... maraq...O avtomatın qabağında dayanır, son anda əlləri ilə gözlərini örtür... Üz-gözünü tutur...Səhərlər mənim başım qışqırtıdan şişirdi...

Müharibə vaxtı mən düşüncələrə qərq olmazdım, amma indi fikir edirəm, dalğın-dalğın uzaqlara baxıram. Beynimdəkilər fırlanır... Daim təkrar olunur, elə bil müharibə təkrar olunur beynimdə... Mən yatmırdım...Həkimlər mənə oxumağı qadağan etdilər. Lakin qızlar- yataqxanadakı otaq qonşularım- dedilər ki, həkimləri unut. Onlar məni hamiliyə götürdülər. Hər axşam onlar növbə ilə məni kinoya aparırdılar, kinokomediyalara tamaşa eləməyə.

-Sən gərək gülməyi öyrənəsən. Çox güləsən!

Həvəsim vardı-yoxdu, amma dartıb aparırdılar. O zamanlar komediyalar az olurdu, bir komediyaya yüz dəfə baxırdıq. Minimum. İlk vaxtlar ağladığım kimi gülürdüm...Gülürdüm, amma elə bil ağlayırdım...

Nəhayət, qorxunc yuxular sovuşub getdi. Oxuya bildim..." Tamara Ustinovna Vorobeykova, gizli təşkilatın üzvü

Vətən, Stalin və qırmızı çit parça

"Yaz idi...

Cavan uşaqlar həlak olurdular... Onlar yazda həlak olurdular...Martda, apreldə...Yadımdadı, yazda, bağların, baxçaların çiçəkləyən vaxtında biz qələbə gözləyərkən insanları itirmək, onları dəfn eləmək daha ağır gəlirdi adama. Bunu sizə deyiblərsə də, noolar, bir dəfə də mən deyirəm, yenə yazın bunu. Bu bizim xatirəmizə daha çox hopub...

Mən iki il yarım cəbhədə oldum. Bu əllərimlə minlərlə sarğı vurmuşam, bağlamışam, minlərlə yara yumuşam...Sarıyırdım, bağlayırdım... yenidən sarıyırdım... Bir dəfə yaylığımı dəyişməyə getmişdim, pəncərəyə söykənib xəyala dalmışdım, fikirli olub unutmuşdum hər şeyi. Birdən ayıldım və elə bil hiss elədim ki, yorğunluğum çıxdı canımdan. Həkim məni gördü və başladı danlamağa. Və mən də heç nə başa düşmürəm... O çıxıb getdi, lakin mənə növbədənkənar iki naryad verdi. Və mənim həmkarım, birlikdə işlədiyim tibb bacısı mənə başa saldı: sən demə, mən düz bir saat olmamışam. Sən demə, elə pəncərə qabağındaca yuxuya getmişəm.

İndi sağlamlığım yaxşı deyil, əsəblərim korlanıb. Soruşanda ki, sizin hansı təltifləriniz var, deməyə utanıram. Utanıram deməyə ki, mənim heç bir təltifim yoxdu... Mənə medal, orden verməyə vaxt olmadı. Bəlkə ona görə ki, müharibədə çox adam iştirak etmişdi, biz çox idik və hər kəs də bacardığını edirdi...Nəyə gücü çatırdısa, onu da edirdi... Məgər hamını təltif etmək olar? Lakin bizim hamımızın ən böyük təltifimiz var- 9 May! Qələbə Günü!

Mən qeyri-adi ölümü xatırlayıram...Bunu heç kim araşdırmadı... heç buna fikir vermək vaxtı da deyildi... Mənim yadıma gəlir...Biz alman torpağına ayağımızı basan gün bizdə bir kapitan öldü. Onun bütün ailəsi işğal zamanı həlak olmuşdu. Kapitan cəsur, igid adam idi. Elə gözləyirdi ki...Qorxurdu ki, qələbəni görməsin, tez ölsün. Lakin onların torpağını görməmiş ölmək onlar üçün bədbəxtlik və böyük dərd olardı. Onlar elə ağlayır, elə iztirab çəkirdilər ki...Onların evinin yerində dağılmış, uçulmuş xarabalıq görmək, daş-kəsək görmək istəyirdilər...Kapitan sadəcə elə belə, adi halda öldü, yaralanmamışdı. Gəlib gördü oraları, baxdı onların evlərinə, sonra da öldü.

Mən indi də hərdən düşünürəm: o, niyə öldü?" Tamara İvanovna Kurayeva, tibb bacısı

"Mən ön cəbhəyə getmək üçün müraciət elədim...Qatardan... Dərhal... Qoşun hissəsi gəlirdi və mən də dərhal onlara qoşuldum. O vaxt düşünürdüm ki, ön cəbhədən heç olmasa bir günlük də olsa evə gəlib baş çəkə bilərəm, amma arxa cəbhədə olanda bu, mümkün deyildi. Anamı evdə qoyub gəlmişdim. Bizim qızlarımız indi də xatırlayırlar ki, mən sanitar rotasında işləmək istəmirdim. Həqiqətən, gəlirdim sanitar rotasına, əl-üzümü yuyurdum, hansısa alt-paltarı götürüb düz gedirdim səngərə. Öz səngərimə. Ön mövqeyə. Özüm barədə düşünmürdüm. Sürünürdüm, qaçırdım... Amma qan qoxusu... Bax, bu qoxuya alışa bilmədim...

Müharibədən sonra doğum evində mamaça kimi işə düzəldim. Lakin orda az işlədim. Çox az.... Qısa müddətə... Məndə qan qoxusuna qarşı allergiya var. Sadəcə mənim orqanizmim bu iyi götürmürdü. Müharibədə bu qanı çox görmüşdüm, daha dözə bilmirdim. Orqanizm daha onu qəbul edə bilmirdi. Doğum evindən getdim, "Təcili yardım"a girdim. Mənim örə xəstəliyim vardı, mən boğulurdum.

Mən qırmızı parçadan özümə don tikdim, bir gündən sonra əllərimin üstündə hansısa ləkələr əmələ gəldi. Suluqlar. Mənim orqanizmim qırmızı rəngdə olan heç nəyi- nə qırmızı çiti, qərənfili, qızılgülü...qırmızı rəngdə olan heç bir şeyi qəbul etmirdi. Qırmızı rəngli heç nəyi... Mənim evimdə indi də qırmızı rəngdə heç nə yoxdur. Tapmazsan. İnsan qanı çox açıq qırmızı rəngdədir: nə təbiətdə, nə rəssamların şəkillərində belə rəngə rast gəlmişəm. Narın suyu bir qədər insan qanına bənzəyir, lakin tamamilə yox. Yetişmiş narı deyirəm..." Mariya Yakovlevna Yejova, qvardiya leytenantı, sanitar vzvodunun komandiri

"Oy-oy-oy... Vay-vay-vay... Hamı ah-vay, of-uf edir ki, gör mən necə özümü boyamışam. Boyalı, rəngli qadın...Mən elə müharibədə də belə olmuşam. Hərbiçi olmamışam. Müxtəlif biryulkalar vardı məndə... Yaxşı ki, bizim komandirimiz indiki dillə desək, demokrat idi. O, kazarmadan yox, universitetdən gəlmişdi. Təsəvvür edirsiz, dosent idi. Yaxşı maneraları vardı. O zaman... Çox nadir adam hesab edilirdi... Bizim yanımıza çox nadir "quş" uçub gəlmişdi...

Mən üzükləri sevirəm, ucuz olsun, amma hər iki əlimdə, barmaqlarımda olsun. Yaxşı ətirləri sevirəm. Dəbdə olanları. Hər cür oyuncaq şax-şaxı, çax-çaxı...Müxtəlif cür... Qoy lap çox olsun... Bizim ailədə həmişə mənə gülüblər, deyirdilər: bizim bu dəli qızımız Lenkaya ad günündə nə alaq? Əlbəttə, üzük və üzük!

Müharibədən sonra ilk üzüyü qardaşım verdi mənə, konserv qutusundan düzəltmişdi. Kulonu isə butulkanın şüşəsindən yonub düzəltdi, yaşıl şüşə kəsiyindən. Bir dənə də açıq-qəhvəyi şüşədən yonub hazırlamışdı.

Hamısını taxıram qəcələ kimi, parıldayıram. Heç kim inanmır ki, müharibədə olmuşam. Özüm də heç inanmıram. Bax elə bu dəqiqə səninlə oturmuşam və danışırıq, inanmıram ki, mən də müharibədə olmuşam. Amma mücrümdə Ordenim var- Qırmızı Ulduz ordeni... Ən yaraşıqlı orden... Gözəldimi, hə? Onu mənə xüsusi olaraq veriblər. Haaa-haaaa-haaa... Əslinə qalanda... Tarix üçündü, elə deyilmi? O əlindəki şey... nədir... yazırmı? Deməli tarix üçündü... Belə deyək də: əgər qadın olmasaydın, müharibədən sağ çıxmazdın. Mən heç vaxt kişilərə həsəd aparmamışam. Nə uşaqlıqda, nə də gəncliyimdə. Nə də müharibədə. Mən hər zaman öyünürdüm ki, qadınam. Deyirlər, silah-avtomatdır, pistolet isə gözəldir, onda çoxlu insan düşüncələri, ehtirasları var... lakin mənim üçün o, yəni pistolet heç vaxt gözəl olmayıb. Mən kişilərin yaxşı pistoletə necə heyranlıqla baxdıqlarını görmüşəm, mənim üçün bu, anlaşılmaz idi. Mən qadınam.

Niyə tək qalmışam? Mənim nişanlılarım olub. Kifayət qədər olub...Amma tək qalmağım...Özüm-özümü əyləndirir, şənləndirirəm. Mənim bütün rəfiqələrim gəncdi. Mən gəncliyi sevirəm. Mən müharibədən daha çox qocalıqdan qorxuram. Sən gec gəldin... Mən indi qocalıq barədə düşünürəm, müharibə haqqında yox...

Sənin o cihazın, nədir o... yazır da, hə? Tarix üçün, eləmi?" Yelena Borisovna Zvyaqinçeva, sıravi, silah anbarının gözətçisi

" Mən evdəyəm... Evimizdə hamı salamatdır... Anam hamını xilas edib...babamı, nənəmi, qardaşımı, bacımı... Və mən də qayıtdım...

Bir ildən sonra atamız da gəldi. Atam sinəsində çoxlu orden və medallarla gəldi. Mən bir orden və bir neçə medalla qayıtmışdım. Bizim ailədə belə bir qayda qoyuldu: baş qəhrəman - anamdır! O, hamısını xilas etmişdi. O, ailəmizi xilas etmişdi, evimizi xilas etmişdi. Onun müharibəsi daha dəhşətli olmuşdu. Atam heç vaxt orden və medallarını taxmırdı. Heç kötüklərini də vurmurdu yaxasına. O, hesab edirdi ki, onları anamın qarşısında nümayiş elətdirmək ayıbdır. Yaxşı olmazdı. Axı anamın ordenləri yox idi...

Mən həyatda heç kimi anamı sevdiyim qədər sevməmişəm..." Rita Mixaylovna Okunevskaya, sıravi, minadüzən

"Mən tamam ayrı adam kimi qayıtdım... Ölümə qarşı münasibətim uzun müddət qeyri-normal oldu. Belə deyərdim- qəribəydi!..

Minskdə ilk tramvay işə düşəndə mən də o tramvaya mindim. Birdən tramvay dayandı, hamı qışqırdı, qadınlar ağlayırdı.

-Adam öldü! Adamı öldürdülər!

Mən isə tək oturmuşam vaqonda, başa düşə bilmirəm ki, niyə hamı ağlayır. Mənim belə şeyləri dəhşət kimi hiss eləməyim yox olub getmişdi. Cəbhədə o qədər öldürülmüş insan görmüşdüm ki...Mən heç reaksiya vermədim. Mən ölülərin arasında yaşamağa adət etmişdim. Ölənlər həmişə mənim böyür-başımda idi...Onların yanında siqaret çəkirdilər, yemək yeyirdilər...Danışırdılar. Onlar hardasa göydə deyildilər, yerdə uzanıb qalmışdılar...Onlar bizim dinc həyatımızdadırlar, həmişə bizimlədir. Bizimlədir həmişə.

Sonralar bu hiss mənə qayıtdı, yenə qorxunu hiss eləməyə başladım. Ölü görəndə qorxurdum. Tabut görəndə qorxurdum. Bir neçə ildən sonra qorxu hissi məndə bərpa olundu... Mən də başqaları kimi qorxmağa başladım..." Bella İsakovna Epşteyn, serjant, snayper

"Müharibədən qabakı hadisə...

Mən teatrda idim. Antrakt zamanı işıqlar yananda gördüm ki... Hamı onu gördü... Gurultulu alqışlar qopdu...Ayaqüstə. Gurultulu alqışlar! Hökumət lojasında Stalin oturmuşdu. Mənim atamı tutmuşdular, böyük qardaşım həbs düşərgəsində itkin düşmüşdü, lakin buna baxmayaraq, mən də həyəcandan heyrətə gəldim, gözlərim doldu. Xoşbəxtlikdən yerimdə donub qalmışdım! Bütün zal... Bütün zal ayağa durmuşdu! Ayaqüstə alqışlayırdılar! Düz on dəqiqə alqışladılar!

Bax, mən bu əhvalla müharibəyə gəldim. Döyüşməyə. Amma müharibədə xəlvəti söhbətlər də eşidirdim...Gecələr yaralılar dəhlizdə papiros çəkirdilər. Kimi yatır, kimi də yatmırdı. Onlar Tuxaçevski və Yakir barədə danışırdılar...Minlərlə adam yox olmuşdu! Milyonlarla adam! Hara yox olmuşdular? Ukraynalılar danışırdılar ki...Onları kolxozlara necə zorla soxurmuşlar...Onları necə sakitləşdirirmişlər... Stalin aclığı necə təşkil edirmiş...onlar Stalini özləri belə adlandırırdılar- səfalət gətirən! Aclıq vaxtı bütöv kəndlər ölmüşdü. Onları basdırmağa belə adam tapılmırdı. Dəli olmuş analar öz övladlarını yeyirmişlər... Amma orada torpaq elə zəngindir ki... nə əksən bitərdi...Budaq, ya da bir bədmüşk ək, bitsin...Əsir düşmüş almanlar onları bağlamaya qoyub evlərinə göndərirmişlər. Bax belə bir torpaq idi- məhsuldar. Qaratorpaqlar... Məhsuldar qatlı torpaqlar. Belə danışıqları eşidirdim... Astaca, sakitcə, xəlvəti danışırdılar....Belə danışıqlar və söhbətlər qrup halında heç vaxt olmazdı, heç vaxt görməmişdim, yalnız iki nəfərin arasında olardı...Üçüncü adam artıq idi, üçüncü adam mütləq satacaqdı...

Bir lətifə söyləyim...Söyləyim ki, ağlamayım. Deməli, belə...Gecədir... Saray. Məhbuslar uzanıb söhbət edirlər. Bir-birindən soruşurlar:

-Səni nəyə görə tutublar?

Biri deyir:

-Həqiqəti söylədiyim üçün...

O biri deyir:

-Atama görə...

Üçüncüsü isə deyir:

-Tənbəlliyə görə...

-Necə?- hamı təəccüblənir.

-Bir axşam oturmuşduq bir məclisdə. Anekdot danışırdıq. Evə gec gəldim. Arvadım soruşdu:

-İndi gedək, yoxsa səhər gedərik xəbər verməyə?

Dedim:

-Gəl səhər gedək... Yatmaq istəyirəm...

Səhər isə bizim dalımızca gəlib apardılar...

Gülməlidir, hə? Amma gülmək istəmirəm. Ağlamaq lazımdır, ağlamaq!

Müharibədən sonra... Hamı öz doğmasını gözləyirdi. Biz isə anamla birlikdə onların düşərgədən qayıtmasını gözləyirdik. Sibirdən! Bəs necə?! Biz qalib gəlmişdik, biz öz sədaqətimizi sübut elədik, öz sevgimizi sübut etmişdik! İndi bizə inanarlar!

Qardaşım qırx yeddidə gəldi, atamı isə tapa bilmədik... Bu yaxınlarda mən Ukraynaya, öz cəbhə yoldaşlarımın yanına getmişdim. Onlar Odessa yaxınlığında böyük bir kənddə yaşayırlar. Kəndin ortasında iki daş abidə var: kəndin yarısı acından ölüb, yarısı isə müharibədə həlak olub. Bəs Rusiyada necə hesablayaq? Adamlar hələ sağdı, gedin, soruşun. Mənim balam, qızım, sənin kimi adamlar gərək yüzlərlə olsun ki, bizim tarixi yazsınlar. Bütün bizim əzablarımızı, iztirablarımızı qələmə ala bilsinlər. Bizim saysız-hesabsız göz yaşlarımızı təsvir edə bilsinlər. Sən, mənim qızım..." Natalya Aleksandrovna Kupriyanova, əməliyyatçı tibb bacısı

Birdən dəhşətli dərəcədə yaşamaq istədim...

Düşünürdüm ki, artıq yol bitdi və tamamlamalıyam...

Telefon isə cingildəyir, zəng-zəng dalınca...Yeni ünvanlar yazıram, yeni məktublar alıram. Biz yenə görüş təyin edirik.

Heç kim heç kimi təkrar eləmir. Hər kəsin öz səsi var. Xordakı kimi. Mən başa düşürəm: bir insan ömrü boyda kitab yazıram...

Tamara Stepanovna Umnyaqina, qvardiya kiçik serjantı, sanitar-təlimçi:

-Ah, mənim brilyant qızım...Bütün gecəni yatmadım, hamısını xatırlayıb yığdım yaddaşıma...

Qaçdım hərbi komissarlığa: əynimdə ağ qalın kətan parçadan yubka, ayağımda rezin ağ nəleyin var, elə bil tuflidir. Düyməliydi, o vaxt ən çox dəbdə olan nəleyin. Bu əyin-başla gəlib cəbhəyə getmək üçün müraciət elədim, göndərdilər. Bir maşına oturdum. Hərbi hissəyə gəlib çıxdım, atıcı diviziyası idi. Minsk ətrafında yerləşirdi. Amma mənə dedilər ki, lazım deyilsən, ayıbdı, kişilər dura-dura on yeddi yaşlı qız gəlib döyüşsün?! Olmaz! Özü də elə bir ovqat yarandı ki, guya düşməni də lap bu yaxın günlərdə yerində otuzduracaqlar. Sonra da dedilər:

-Get, qız, get ananın yanına!

Əlbəttə, qanım qaraldı. Bəs mən nə etdim? Getdim qərargah rəisinin yanına, gördüm ki, onun yanında məni götürməkdən imtina edən polkovnik oturub, dedim:

-Yoldaş böyük rəis, icazə verin o yoldaş polkovnikin sözünə baxmayım...Onsuz da evə qayıtmayacağam, sizinlə birlikdə geri çəkiləcəyəm. Hara gedim axı? Almanlar artıq yaxınlaşıblar...

Bundan sonra məni həmişə belə çağırdılar: yoldaş böyük rəis!

Bu, müharibənin yeddinci günündə baş verdi. Biz geri çəkilməyə başladıq...

Çox keçmədi ki, qan içində üzdük. Çoxlu yaralı vardı, lakin onlar sakit idilər, dözürdülər, elə yaşamaq istəyirdilər ki...Hamı qələbə gününə qədər yaşamaq istəyirdi. Gözləyirdilər ki, bax indilərdə müharibə qurtaracaq... Yadımdadı: üst-başım qan içindəydi, başdan-ayağa... Şap-şaplarım cırılmışdı, artıq ayaqyalın gəzirdim. Nə gördüm? Mogilyov yaxınlığında stansiyanı bombalayırdılar. Orda isə vaqonlarda uşaqlar vardı. Onları vaqonların pəncərəsindən yerə atmağa başladılar, balaca uşaqları...üç-dörd yaşlı uşaqları... Meşəlik yaxındaydı. Onlar da həmin meşəliyə qaçırlar. Birdən alman tankları göründü, onlar düz uşaqların üstünə sürdülər. O uşaqlardan heç nə qalmadı... Bu mənzərəni görən adam bu gün də dəli olar. Lakin müharibədə insanlar dözürdülər, onlar müharibədən sonra dəli oldular. Müharibədən sonra xəstələndilər. Müharibə zamanı isə mədə ağrısı da sağalırdı...Qarın üstündə yatırsan, şinel nazikdir, amma səhər heç burnun da axmır.

Sonra bizim hissəmiz mühasirəyə düşdü. Məndə o qədər yaralı vardı ki... heç bir maşın da saxlamaq istəmirdi. Almanlar isə dabanbadaban gəlməkdə, bizi mühasirəyə almaqda idilər. Bu vaxt bir yaralı leytenant mənə öz pistoletini verdi, dedi:

-Ata bilirsən?

Hardan axı? Yalnız necə atdıqlarını görmüşəm? Lakin mən onun pistoletini götürdüm və onunla bərabər yola çıxdım ki, maşın saxlatdırım. Birinci dəfəydi söyüş söydüm, kişi kimi. Çoxmərtəbəli söyüş... Bütün maşınlar ötüb keçirdilər, saxlamırdılar. Birinci dəfə göyə atəş açdım... Bilirəm ki, yaralıları əllə apara bilmərik. Apara bilmərik... Onlar isə xahiş edirlər:

-Uşaqlar, xahiş edirik, bizi götürün. Qoymayın burda.

İkinci gülləni atdım. Kuzovu deşdi...

-Gic! Əvvəlcə güllə atmağı öyrən!- dedilər və maşını saxladılar. Yaralılara kömək elədilər, maşına yığdıq hamısını.

Lakin ən dəhşətli günümüz qabaqdaydı- Stalinqradda. Orda heç döyüş meydanı vardı ki? Ora şəhər idi... Küçələr... evlər, zirzəmilər... Hünərin var, ordan yaralı çıxart! Mənim bütün bədənim gömgöy göyərmişdi. Şalvarım da qan içindəydi. Tamam qana bulaşmışdı. Starşina bizi danlayırdı:

-Qızlar, daha şalvar yoxdu! İstəməyin!

Bizim şalvarlarımız isə quruyub dik dururdu, kraxmaldan yox, qandan dik dururdu. Bədənimizi kəsik-kəsik edə bilərdi.Yazda nəyi təhvil verəcəkdik axı?! Hər şeyimiz yanıb kül olmuşdu Volqada. Məsələn, Volqada hətta su da yanırdı. Hətta qıda da! Çay donmamışdı, yanırdı. Hər şey yanırdı...Stalinqradda bir qram belə torpaq qalmamışdı ki, oraya insan qanı tökülməsin. Rus və alman qanı. Hər yana benzin səpələnmişdi... Sürtkü yağları... Orda hamı anladı ki, geri çəkilməyə yer yoxdu, hara geri çəkiləsən? Olmaz! Ya ölməliyik - hamımız, bütün ölkə, rus xalqı, ölməlidir, ya da qalib gəlməliyik! Artıq bu, hamıya bəlli idi, belə bir an gəlib çatmışdı. Ucadan demirdilər, lakin hər kəs bunu bilirdi. General da, əsgər də bunu başa düşürdü...

Yeni qüvvələr gəlir. Gənc, yaraşıqlı oğlanlar. İki-üç gündən sonra isə hamı həlak olur. Heç kim qalmır. Mən artıq başladım gələn yeni qüvvələrdən qorxmağa. Qorxurdum. Onları yadda saxlamağa, onların üzlərini, danışıqlarını yadımda saxlamağa qorxurdum. Çünki onlar gələn kimi də gedirdilər döyüşə və ölürdülər. İki-üç gün içində...Axı qırx ikinci il idi... ən ağır, ən çətin döyüşlər, anlar...Bir dəfə üç yüz nəfərdən cəmi on nəfər sağ qaldı. Vu bu qədər adamla biz ara sakitləşəndən sonra hətta sevindik də, öpüşdük, qucaqlaşdıq, ağladıq ki, sağ qalmışıq. Bir-birimizə doğmalaşdıq. Doğma olduq...

Gözlərinin qabağında insan ölür... Və sən onu görürsən. Ona heç cür kömək edə bilmirsən, onun son dəqiqələri qalıb. Onu öpürsən, sığallayırsan, nəvazişli sözlər deyirsən ona. Vidalaşırsan onunla. Və sən... ona heç nə ilə kömək edə bilmirsən... Bax, o üzlər, o simalar indi də mənim yaddaşımdadır. Unuda bilmirəm. Mən onları görürəm, bütün o uşaqlar gözümün qabağındadır indi də. Nədənsə, bax, illər keçib, kimisə heç olmasa unutmaq istəyirəm... heç olmasa bir üzü, bir simanı yaddan çıxarım...Mümkün deyil, unuda bilmirəm, hamısı durub gözümün qabağında, hamısını xatırlayıram... Hamısını görürəm... Biz istəyirdik ki, onların qəbirlərini özümüz qazaq, öz əllərimizlə, lakin bu da çox vaxt mümkün olmurdu. Biz geri çəkilirdik, onlar isə qalırdılar. Elə hallar olurdu ki, onun başını sarıyırsan və bu vaxt o, keçinir. Onu elə sarğılı başla dəfn edirdilər. O biri, əgər döyüş meydanında həlak olurdusa, heç olmasa göyə baxıb ölürdü. Ya ölürdü, ya da xahiş edirdi:

-Gözlərimi bağla, bacı, amma ehtiyatla...

Şəhər dağılmışdı, evlər xarabalığa dönmüşdü, əlbəttə, bu, dəhşət idi, amma adamlar uzanıb öləndə, meyitləri yerdə görəndə, cavan-cavan oğlanlar... Sən nəfəsini belə almırsan, sən daim qaçırsan...Xilas edirsən....Sənə elə gəlir ki, gücün tükənib, daha heyin qalmayıb, beşcə dəqiqə də ötsə, artıq sən taqətdən düşüb yıxılacaqsan...Amma sən qaçırsan...Mart ayı idi, ilk su görürdüm...Keçə çəkmələri geymək olmazdı... amma mən ayağıma keçirtdim, getdim. Bütün günü çəkmələrlə süründüm, axşama yaxın çəkmələrim elə yaş olmuşdu ki, onları ayağımdan dartıb çıxara bilmirdim. Kəsməli oldum. Və heç xəstələnmədim də...İnanırsan, mənim brilyant qızım?

Stalinqradda döyüşlər qurtarandan sonra bizə tapşırıq verdilər ki, ən ağır yaralıları paroxod və barjalara yükləyək, Kazana və Qorkiyə yola salaq. Artıq yaz gəlmişdi, mart-aprel aylarıydı. Aman Allah nə qədər yaralı vardı-səngərlərdə, zirzəmilərdə, dəyələrdə... uzanıb qalmışdılar. O qədər çox idi ki, deyiləsi deyil, çatdıra bilmirəm. Dəhşət idi! Biz yaralıları döyüş meydanından çıxarıb gətirəndə həmişə elə bilirdik ki, tamam, daha qalmadı, qurtardı. Hamısını göndərdik. Stalinqradda artıq heç kim yoxdu, hamısını yığdıq... Tamam işi birtirəndən sonra gördük, yox, ilahi nə qədər yaralı qalıb... İnanmağımız gəlmirdi...Təsəvvür belə etmirdik ki, bu qədər yaralı ola bilər. Paraxodda gedən yaralılarla birlikdə mən də gedirdim. Ora əli-ayağı olmayan yaralıları, vərəmə tutulmuş xəstələri yığmışdıq...Biz onları sağaltmalıydıq və onlara şirin sözlər deməliydik, gülümsəyib onları sakitləşdirməliydik. Bizi onlarla göndərəndə dedilər ki, bu həm də sizə bir təşəkkürdür, bir qədər istirahət edərsiz, döyüşlərdən canınız qurtarar. Lakin belə olmadı, Stalinqrad cəhənnəmindən də ağır keçdi. Sən döyüş meydanından çıxartdığın yaralıya kömək edirsən, səndə əminlik yaranır ki, o, yaşayacaq, onu aparırsan, yaxşı olacaq. O birinə tərəf sürünürsən... Onlar bütün günü sənin gözlərin qarşısındadır.... Orda, döyüş meydanında onlar yaşamaq istəyirdilər, yaşamağa can atırdılar.

-Bacı, tez ol, gəl bura! Bacı, əzizim, tez gəl!

Amma indi, burda, onlar yeməkdən imtina edirlər, ölmək istəyirlər. Onlar özlərini paraxoddan atırdılar. Biz onları qoruyurduq. Keşiklərini çəkirdik. Bir kapitanın yanında hətta gecə səhərə kimi durdum. Onun əlləri yox idi. O, özünü öldürmək istəyirdi. Bir dəfə o biri həmkarıma demədən bir neçə dəqiqəliyə çıxdım... Kapitan özünü suya tulladı...

Biz onları Usolyeyə, Perm ətrafına gətirdik. Orda artıq təzə, səliqəli evlər vardı. Xüsusilə onlar üçün hazırlanmışdı. Pioner düşərgəsi kimi... Biz onları xərəklərdə daşıyırıq...onlar isə yerə sürüşüb düşmək istəyirlər. Hansını istəsəydim ona ərə gedə bilərdim...Onu qollarımda saxlayardım, gəzdirərdim. Paraxoda qayıdırıq, tamam boşalıb, indi istirahət etmək olar... Biz isə yatmırıq. Qızlar uzanırlar, yatmırlar, uzun müddət yatmırlar, və birdən elə hönkürtü vururlar ki... Biz oturub onlara hər gün məktub yazırdıq. Bölüşdürmüşdük, kim hansına yazacaq... Gündə üç-dörd məktub.

Belə bir xırda detal da danışım. Mən bu səfərdən sonra döyüşlərdə öz ayaqlarımı və üzümü qorumağa başladım. Onları gizlədirdim. Mənim gözəl ayaqlarım vardı, qorxurdum ki, onları itirəm, ya da onlar pis kökə düşər. Sifətimdən qorxurdum. Bax belə bir detalı sənə dedim...

Müharibədən sonra mən qan qoxusundan ayrıla bilmirdim; o qoxu məni daim izləyirdi. Paltar yuyanda o qoxunu eşidirəm, yemək bişirəndə yenə o qoxunu eşidirəm. Mənə kimsə qırmızı bluz hədiyə vermişdi, bu nadir hədiyyəydi o zaman...Parça qıt idi, lakin mən onu geyinmədim, çünki o, qırmızı rəngdəydi. Bax, bu rəngi artıq mən qəbul edə bilmirdim. Mağazaya ərzaq dalınca gedə bilmirdim. Ət dükanına. Xüsusilə yayda...Toyuq ətini görəndə, başa düşürsən, o elə oxşayır ki... İnsan əti kimi ağdır... Mənim ərim gedirdi mağazaya... Yayda heç şəhərdə qala bilmirdim, çalışırdım ki harayasa gedəm. Yay gələn kimi, elə bilirəm yenə müharibə başlayacaq. Günəş hər yanı -ağacları, evləri, asfaltı qızdıran kimi elə bilirəm burnuma qan qoxusu gəlir, hər şey qan iyi verir. Nə yeyirdimsə, nə içirdimsə, hər zaman o qan qoxusunu hiss edirdim, o, məndən əl çəkmirdi. Hətta təmiz mələfə salıram, yenə görürəm ki, qan qoxusu gəlir...

-Qırx beşin may günləri... Yadımdadı: biz çoxlu şəkil çəkdirdik. Çox xoşbəxt idik... 9 Mayda hamı qışqırırdı: Qələbə! Qələbə! Əsgərlər çəmənlikdə atılıb-düşür, "Qələbə!" qışqırırdılar. Çeçyotka oynayırdılar. Ay, ay... həəə, mən-mən-mən...

Göyə güllə atırdılar...Kimdə hansı silah vardısa, o silahdan da atırdı...

-Bu saat atmağı dayandırın!- komandir əmr elədi.

-Onsuz da patron çoxdu! Onlar nəyə lazımdı axı?- deyə anlaya bilmirdik.

Kim nə deyirdi-desin, mən elə hey bir söz eşidirdim:Qələbə! Və birdən dəhşətli dərəcədə yaşamaq istədim! Biz bundan sonra necə yaxşı yaşamağa başlayacağıq, ilahi! Bütün orden və medallarımı taxdım, xahiş elədim ki, mənim şəklimi çəksinlər! Nədənsə gül-çiçək arasında şəkil çəkdirmək istədim. Hansısa çiçək ləkləri arasında şəkil çəkdirdim. İyun ayının 7-də mənə xoşbəxlik üz verdi, toyum oldu. Bizim hissəmiz mənim üçün əməlli-başlı toy-bayram şənliyi təşkil elədi. Ərimi çoxdan tanıyırdım. O, kapitan idi, rotanın komandiriydi. Biz onunla and içmişdik. And içmişdik ki, əgər sağ qalsaq, müharibədən sonra evlənəcəyik. Bizə bir ay məzuniyyət verdilər...

Biz İvanovsk vilayətinin Kineşma rayonuna getdik, onun valideynlərinin yanına. Mən qəhrəman kimi gedirdim və heç vaxt ağlıma gəlməzdi ki, məni belə qarşılayacaqlar. Biz nə qədər yol keçmişdik, nə qədər insan- anaların oğullarını, gəlinlərin ərlərini xilas etmişdik... Və birdən...Mən təhqirlə qarşılaşdım. Mən ağrıdıcı, tənəli sözlər eşitdim. Axı bura qədər biz "bacı, əzizim", "bacı, sevimlim" sözlərini eşitmişdik, başqa şeylər eşitməmişdik. Və mən də yöldan ötən deyildim, gözəl-göyçək bir qız idim. Mənə təzə forma vermişdilər.

Axşam oturub çay içirdik. Anası oğlunu mətbəxə çəkib apardı, ağlayırdı, deyirdi:

-Sən kimə evlənmisən? Cəbhə qızına...Axı sənin evdə iki balaca bacın var, onları bundan sonra kim alar?

İndi bunlar yadıma düşəndə ağlamaq istəyirəm. Təsəvvür edirsiniz: plastinka gətirmişəm, çox sevdiyim plastinkadır. Orda elə sözlər vardı ki..."sənin də dəbdə olan tuflilərdə gəzməyə haqqın var indi..." Bu mahnı cəbhə qızları haqqındaydı. Mən o plastinkanı qoydum, böyük bacısı gəldi və mənim gözlərimin qabağında o plastinkanı sındırdı, dedi ki, sizin heç bir haqqınız yoxdu...Onlar mənim bütün cəbhə şəkillərimi məhv elədilər... Ehhhh! Mənim brilyant qızım, sözüm yoxdu... Danışa bilmirəm, daha söz tapa bilmirəm...

O zaman biz kartoçkalarla ərzaq alırdıq. Ərimlə bərabər mən kartoçkamızı bir yerə qoyub getdik mal almağa. Gəlmişik anbara, xüsusi anbar idi, növbə vardı və gözləyirik. Beləliklə, mənim növbəm çatır və bu dəm piştaxta arxasında duran kişi qəflətən piştaxtanın arxasından tullanıb cumur üstümə və məni qucaqlayıb öpür, qışqırır:

-Uşaqlar!Uşaqlar! Mən tapdım! Mən onu tapdım! Elə istəyirdim ki, görüm, onu tapım! Uşaqlar, baxın, odur, məni xilas edən qadın odur!

Və mənim ərim də yanımda durub. O isə yaralıdır, mən onu odun-alovun içindən dartıb çıxartmışdım. Atəşin altından. O, məni yadda saxlamışdı. Bəs mən? Məgər hamısı mənim yadımda qalmışdı? Onlar nə qədər idilər! Bir dəfə də vağzalda bir əlil çığırdı:

-Bacı! Tanıdın?

Sonra başladı ağlamağa, dedi:

-Fikirləşirdim ki, sənə rast gəlsəm, diz çökəcəyəm qarşında!

Onun bir ayağı yox idi...

Bizə, cəbhə qızlarına olan oldu. Müharibədən sonra da bizim üçün ağır keçdi, bizim üçün daha bir müharibə oldu. Bu da dəhşətli müharibəydi. Nədənsə kişilər bizi unutdular, bizi qoyub getdilər. Bizi axıradək qorumadılar. Bizi müdafiə etmədilər. Amma cəbhədə tamam ayrı cür idilər. Sürünə-sürünə gedirsən, güllələr, qəlpələr böyür-başının üstündən keçir. O zaman əsgərlər qoruyurdular, deyirdilər:

-Bacı, uzan, ehtiyatlı ol!

Görürdün, kimsə qışqırır, kimsə özünü güllə qabağına verib sənin üstünə atılır, səni bədəniylə qoruyur, güllə ona dəyir... Ya ölürdü, ya yaralanırdı... Məni üç dəfə beləcə xilas ediblər.

Kineşmadan öz hissəmizə qayıdıb gəldik. Gəlib öyrənirik ki, bizim hissəmizi saxlayıblar, biz torpaqları minalardan təmizləməliyik. Kolxozlara topraq vermək lazımdır. Hamı üçün müharibə qurtarmışdı, minatəmizləyənlər üçünsə müharibə davam edirdi. Analar bilirdilər ki, artıq müharibə qurtarıb, qələbədir...Çəmənlər qalxıb, hündür-hündür otlar əmələ gəlib... lakin müharibə ərzində hər şey yaşlaşıb...hər şey könəlib...Sahələrə girmək mümkün deyil, ətraf minadır, bombadır. Axı adamlara torpaq lazımdır-əkib-becərsinlər. Və biz də tələsirdik, minaları təmizləməyə tələsirdik. Hər gün sənin yoldaşların həyatlarını itirir...Müharibədən sonra hər gün kimisə dəfn edirsən... Beləcə, biz o sahələrdə çoxlu adam basdırdıq... Çox adam öldü...Artıq torpağı kolxoza təhvil veririk, traktor gedir, hardasa bir mina gizlənib, tank əleyhinədir... və traktor partlayır, onunla birlikdə traktorçu da partlayır. Axı traktorlar da çox deyildi! Elə kişilər də çox qalmamışdı. Və müharibədən sonra kəndlərdəki o göz yaşlarını görmək...Arvadlar ağlayırlar...Uşaqlar ağlayırlar... Yadımdadı: bizim bir əsgərimiz vardı... Köhnə Russa yaxınlığında, kəndin adı yadımdan çıxıb, özü də ordan idi, öz kolxozunu minadan təmizləməyə getmişdi, öz sahələrini təmizləyirdi... minaya düşüb həlak oldu. O kənd həmin əsgəri elə ordaca dəfn elədi. O əsgər bütün müharibəni döyüşmüşdü, dörd il vuruşmuşdu, müharibədən sonra isə öz vətənində, doğulduğu yerdəcə öldü.

Mən çox danışa bilərəm, belədə xəstələnərəm yenə. Danışanda içərim titrəyir, içim qaynaşır. Yenə hər şey gözümün önünə gəlir, görürəm-ölənlər uzanıb, ağızları açıqdı, nəsə qışqırırlar, ya da qışqırmaq istəyirlər, bağırsaqları tökülüb. Ağacdan çox ölü görmüşəm...Necə qorxunc, necə dəhşət! Əlbəyaxa döyüşlər necə qorxuluydu! İnsan insan üstünə süngüylə cumur! Bircə süngüylə! Dilin kəkələməyə başlayır, bir neçə gün pəltək olursan, sözləri düzgün tələffüz etmirsən...Nitqin tutulur. Məgər orda olmayan bunu başa düşə bilərmi? Necə danışım? Hansı üzlə danışım? Heç olmasa sən cavab ver mənə- bunu hansı üzlə xatırlamaq lazımdır? Başqaları yada sala bilər, necə olsa...Onlar bacarırlar... Mən isə yox...Ağlayıram. Amma bu, lazımdır. Lazımdır, qalsın qoy tarixə. Gərək bu şeyləri ötürək. Axı hardasa dünyada bizim qışqırığımız, iniltilərimiz saxlanmalıdı! Bizim naləmiz, fəryadımız...

Mən bizim bayramı hər zaman gözləyirəm- Qələbə Gününü! Onu gözləyirəm və ondan qorxuram. Bir neçə həftə hazırlaşıram ona-xüsusi pal-paltar yığıram, toplayıram, çox olsun, sonra onları yuyuram bütün günü. Mən axı nə iləsə məşğul olmalıyam; mən bütün günü nə iləsə başımı qarışdırmalıyam. Biz görüşəndə isə burun dəsmallarımız teyxə yaş olur, çatdıra bilmirik, o qədər ağlayırıq ki...Bax, bizim cəbhə görüşlərimiz belə keçir. Göz yaşlarından dəniz yaranır...Mən hərbi oyuncaqları sevmirəm. Tanklar, avtomatlar...Bunları kim düşünüb? Mənim içimi çevirirlər! Heç vaxt bu oyuncaqları almamışam və uşaqlara da hədiyyə eləməmişəm hərbi oyuncaqları....Nə özümünkülərə, nə də özgələrə. Bir dəfə bizə evə kimsə oyuncaq hərbi təyyarə və plastmas avtomat gətirdi. Dərhal götürüb tulladım zibilliyə... Dərhal! Çünki insan həyatı elə bir vergidir ki... Böyük bir vergidir! İnsan özü o verginin sahibi deyil!..

Bilirsiz, biz hamımız müharibədə nə düşünürdük? Bir şeyi arzulayırdıq: kaş yaşayaydıq və görəydik ki...Müharibədən sonra görəydik ki, insanlar necə xoşbəxtdi! Necə xoşbəxt, necə bəxtəvər günlərimiz gələcək! Bu qədər ağrı-acı yaşayan insanlar bir-birlərinə rəhm edəcəklər! Bir-birlərini sevəcəklər. Bizim buna şübhəmiz yox idi. Bir damcı belə şübhəmiz yox idi.

Mənim gözəl qızım...İnsanlar hələ də biri-birnə nifrət edir. Yenə bir-birlərini öldürürlər. Bax, mənim anlamadığım ən mühüm şey də budur!.. Kimdi onlar? Biz... Onlar- bizik...

Stalinqrad ətrafında...İki yaralını dartıb aparıram. Birini sürüyüb aparır, qoyuram, gəlib o birini dartıram, gah bunu, gah da onu dartıram. Növbə ilə ikisini də dartıb aparıram. Çox ağır yaralı idilər. Onları meydanda qoymaq olmazdı. Hər ikisinin necə deyim, ayağı paralanmışdı və qan dayanmırdı. Hər dəqiqə belə qiymətliydi. Hər dəqiqə...Və birdən, vuruşma gedən yerdən uzaqlaşanda, görürəm ki, sürüyüb gətirdiyim yaralılardan biri bizim tankçıdır, o biri isə alman...Dəhşətə gəldim...Orda bizimkilər həlak olur, mən isə burda almanı xilas edirəm. Panikaya düşdüm. Tüstüdə ayırd edə bilməmişəm...Görürəm ki, adam qışqırır, adam ölür... Aaaaa... Hər ikisi yanmışdı...qapqaraydı. Eyni vəziyyətdə. Və birdən baxıb gördüm ki, özgə medalyon, özgə saat... hər şey yaddır. Forma da! Lənətə gəlmiş forma! Bəs nə etməli? Bizim yaralını sürüyüb gətirdim və fikirləşirəm: almanın dalınca gedim, ya yox? Başa düşürdüm ki, əgər onu elə ordaca qoysam, o, öləcək. Çoxlu qan itirib öləcək... Və mən onun dalınca da süründüm. Onların hər ikisini dartıb gətirdim...

Axı bura Stalinqrad idi?!..Ən dəhşətli döyüşlər burda gedirdi. Ən dəhşətli döyüşlər. Mənim gözəl, brilyant qızım... Ola bilməz ki, bir ürək nifrət üçün, o birisi isə sevgi üçün yaransın. İnsanın bir ürəyi var və mən həmişə düşünmüşəm ki, öz ürəyimi necə xilas edim.

Müharibədən sonra səmaya baxmağa uzun müddət cürət etmədim, qorxurdum. Hətta başımı qaldırıb göyə baxa bilmirdim. Şumlanmış torpağı görməkdən qorxurdum. Artıq zağçalar topağın üstündə arxayın-arxayın gəzirdilər. Quşlar müharibəni tez unutdular...

1978-2004

Tərcümə etdi: Kamran NƏZİRLİ

XS
SM
MD
LG