Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:15

Sahibkar: Buldozer gəldi, sökdü, getdi…


Aptek söküldü.
Aptek söküldü.

-

Dekabrın 25-də «Qaynar xətt»ə zəng vuran sahibkar İlham Abdilov bildirmişdi ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin işçiləri ona şəxsi aptekini sökəcəkləri barədə xəbərdarlıq ediblər. Söküntüyə səbəb və məhkəmə qərarı göstərmədən sahibkardan obyekti boşaltması tələb olunmuşdu.

Yanvarın 5-də «Qaynar xətt»ə təkrar zəng vuran sahibkar yalnız bunu dedi: «Sökdülər».

Sumqayıt şəhəri, 13-cü mikrorayon, Üzeyir Hacıbəyov küçəsi, 62a ünvanda yerləşən aptek niyə söküldü? Sumqayıt şəhər İcra Hakimiyyəti AzadlıqRadiosunun bu sualını cavablandırmayıb.

«SƏNƏDƏ BAXMAQ DA İSTƏMƏDİLƏR»

Sahibkar isə deyir, bəhanə ediblər ki, ərazidə abadlıq işləri aparılır, sənədsiz obyektlər sökülür. Ancaq İlham Abdilov aptekin şəxsi mülkiyyəti olduğunu deyir:

«11 il idi ki, işlədirdim. Bütün sənədlərim də qaydasındaydı. Sökülməsi üçün iynə ucu boyda bəhanə yox idi. Eləcə dedilər ki, burdakı tikililər, obyektlər sənədsizdir. Ola bilsin ki, orada kiminsə obyekti sənədsiz olsun, ancaq bundan mənə nə? Sənədə baxmaq da istəmədilər…».

Sökülən aptek.
Sökülən aptek.

Obyektin tikilməsi üçün 2004-cü il dekabrın 16-da İlham Abdilova ovaxtkı bələdiyyə sədri Zakir Fərəcov tərəfindən torpaq ayrılıb. 2005-ci il aprelin 28-də keçmiş icra başçısı Vaqif Əliyevin 139 N-li sərəncamı ilə tikintiyə icazə verilib. Obyekt 2010-cu il sentyabrın 2-də Sumqayıt şəhər Reyestr Xidmətində sahibkarın adına dövlət qeydiyyatına alınıb. Sahibkar deyir, söküntünü aparan Sumqayıt şəhər İcra Hakimiyyətinin işçiləri bu sənədlərə gözlərinin ucu ilə də baxmayıblar.

BORCLARI KİM ÖDƏYƏCƏK…

Hələ söküntüdən də xeyli əvvəl İcra Hakimiyyəti sahibkara apteki bağlatdırıb və fəaliyyət göstərməsinə imkan verməyib. Nəticədə sahibkarın dərman depolarına borcları yaranıb. Sahibkar söküntü zamanı aptekdən heç nə çıxara bilmədiyini də sözlərinə əlavə edir.

Sökülən aptek.
Sökülən aptek.

Hüquqşünas Vaqif Alıyev sahibkara məhkəməyə müraciət etməyi məsləhət görür:

«Yalnız dövlət ehtiyacları üçün zərurət yaranardısa, ərazinin alınması mümkün idi. Obyektin dəyəri sahibkarla qara bazar qiyməti ilə razılaşdırılmalıydı. Razılaşdırma baş tutmazdısa, məhkəməyə müraciət olunmalıydı. Bir daha deyirəm, ortada dövlət ehtiyacları məsələsi vardısa… İndiki halda sahibkara heç rəsmi bildiriş də verilməyib ki, obyekt niyə sökülür. Bu iş məhkəməlikdir».

OBYEKT SÖKÜLDÜ, ÖLKƏ BAŞÇISINDAN SƏS ÇIXMADI

Hüquqşünas deyir, Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı ərazi üzrə inzibati iqtisad məhkəməsində iddia qaldırılmalıdır. İtirilmiş mənfəət, kompensasiya, dəymiş maddi və mənəvi zərər tələb olunmalıdır.

Sahibkar başına gələnlərlə bağlı hələ obyekt sökülməmişdən ölkə başçısına teleqram vurub, kömək istəyib. Obyekt sökülüb, teleqramdan isə hələ də xəbər yoxdur.

XS
SM
MD
LG