Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:02

11 il rus dili, 7 il ingilis dili keç, nəhayətdə heç bir dili bilmə


Fərid Hüseyn
Fərid Hüseyn

-

"İnanın, bu yoldansa məktəbləri ləğv etmək, uşaqları kurslara, müəllimlərin yanına göndərmək daha ideal yoldur."

Fərid Hüseyn

Bizi şikəst elədilər

Bu günlərdə dostumla söhbət zamanı belə bir sual yarandı: necə ola bilər 11 il rus dili, 7 il ingilis dili (indi 11 il) fənni keçəsən, nəhayətdə heç bir dili bilməyəsən. Rusiya bazarında 3 ay işləyən adam az-çox rusca danışa bilir, deməli, bizim 11 illik təhsilimiz üç ay rus bazarlarında işləmək qədər də gücə sahib deyil.

İndi kim bu məsələyə qarşı çıxıb hansı ciddi arqumenti irəli sürə bilər ki, belə deyil. Orda ekstremal həyat şəraiti olur, insanlar çətinə düşüb baş çıxarmaq əzmində olurlar deyə öyrənirlər və s. Bütün bunlar yenə də yaranan suala tam cavab hesab oluna bilməz.

Orta məktəb
Orta məktəb

10-11-ci sinifdə oxuyan və ali məktəbə hazırlaşan abituriyentlərin günün təsəvvür edin. 16-17 yaşında yeniyetmə öz ana dilini təzədən fonetikadan başlayır. Bu adam hərflərin hansı səs çıxarmasını öyrənir. Məsələn, burda “nar”, burda isə “lar” oxunur.

Doğrudan, gülməli vəziyyətdir. Həyatımız elə qurulub ki, zaman-zaman bir çox şeyə sıfırdan başlamağa məcbur oluruq.

Orta məktəbdə şagirdlər “dərs oxu” sözünü eşidəndə çox vaxt çımxırırlar valideynlərin üstünə ki, “hazırlığa gedəndə vaxtı oxuyacam”. Yaxud təzə moda görə 1-2-ci sinifdən hazırlıqlar başlayır.

Rayondan misal gətirirəm: müəllimlərin çoxu öz evlərində uşaq hazırlayırlar. Təsəvvür edin, uşaq evə gəlib çörəyini yeyib düşür qapılara ki, guya elm öyrənəcək. Çoxu da məktəbdə dərs deyən müəllimin hazırlığına gedir.

İnanın, bu yoldansa məktəbləri ləğv etmək, uşaqları kurslara, müəllimlərin yanına göndərmək daha ideal yoldur. Çünki bir neçə kursun fəaliyyəti ilə tanışam, vicdanla, aldığı pulun müqabilindən də yuxarı dərs öyrədirlər.

Ara yerdə uşaqların oynamağa, dincəlməyə vaxtları qalmır, hərə çiynində bir çanta, bu qapıdan çıxıb o qapıya girir, o qapıdan çıxıb bu qapıya girir.

Bu azmış kimi 6-7 saat da ona normal təhsil verməyən məktəbə gedirlər. Kimsə tapılar ki, desin: Məktəbdə müxtəlif elmlər öyrədilir, hazırlıqlarda isə ancaq ixtisas fənləri.

Şagirdlər. İllüstrasiya
Şagirdlər. İllüstrasiya

İnanın, hansı qrupu seçdiyini yəqinləşdirən uşaqların əksəri o biri fənlərə dırnaqarası baxırlar. Gəlin, özümüzü aldatmayaq...

Sonra da evlə məktəb arasında vurnuxan şagird olur tələbə. Dörd il də vaxtını öldürür.

Sonda məlum olur ki, onun keçdiyi dərsliklərdəki məsələlər çoxdan tarixə qovuşub. Məsələn, əgər təhsil aldığı ixtisas üzrə hansısa istehsalatdan söhbət gedirsə, universiteti bitirəndən sonra aydın olur ki, daha o dəzgahlardan istifadə edilmir, dərsliklərin çoxu Sovet dövründə rusca nəşr olunanların tərcüməsidir.

Hər sahədə “təcrübəli işçi” tələb olunur, ancaq əksər ixtisaslar üzrə normal təcrübə müddəti yoxdur.

Tələbələr 4-cü kursda baş aldatmaq üçün hansısa idarə və təşkilatlarda təcrübə keçirlər guya. Universiteti bitirəndən sonra cəmiyyətin qoynuna atılan insanların bir çoxuna sonradan məlum olur ki, onlarla 4 il ərzində “məzələniblər”, onlara öyrədilənlərin demək olar, heç biri tətbiq olunmur.

Nəticədə ömrünün 17 ilini təhsilə həsr edən adam sıfırdan başlamalı olur. Jurnalistika təhsili alan adam tanıyıram ki, sosial şəbəkədə status yaza bilmir, filologiyanı bitirir ədəbiyyatdan xəbərsiz, tibbi bitirir qəssab olur...

Nəsil-nəsil adamları şikəst edirlər... Hər dəfə sıfırdan başlamaqsa, alın yazımızdır...

Qafqazinfo.az

XS
SM
MD
LG