Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:14

Bakının balans siyasətinin çətin günləri


İlham Əliyev NATO-nun Çikaqo sammitində - 2012
İlham Əliyev NATO-nun Çikaqo sammitində - 2012

-

«Bu il Azərbaycanın xarici siyasəti üçün yaxşı başlamadı. Son illər ərzində Bakı «açar dövlət» mövqeyini saxlamağa çalışırdı. Qlobal sistemin birləşmə nöqtəsində yerləşən, böyük güclər arasında vacib vasitəçi, müxtəlif bloklar, regional assosiasiyalar arasında darvaza rolu oynayan ölkələrə «açar dövlətlər» deyilir».

«The National Interest» dərgisində Nikolas Gvosdev yazır ki, Gürcüstanın 2008-ci ildə çəkdiklərindən dərs alan Azərbaycan təhlükəsizliyinin, rifahının qeydinə qalaraq bütün regional və qlobal oyunçularla münasibətləri balanslaşdırmağa çalışırdı. Hər bir əsas oyunçunun da Azərbaycanda sabitlik və müstəqilliyin saxlanmasında marağı vardı.

2014-cü il Ukrayna böhranından sonra Azərbaycanın perspektivləri lap çiçəkləndi. Narahat Avropa ölkələri alternativ enerji mənbəyi kimi Azərbaycana üz çevirdilər, Rusiya da Bakıyla iqtisadi əlaqələri gücləndirməyə, sanksiyalardan itirdiklərini kompensasiya etməyə çalışırdı.

Müəllif yazır ki, ötən ilin sonuna doğru bəzi planlar sarsıldı. Çində iqtisadi problemlər bir sıra Avrasiya layihələrini sual altına qoydu. Avropada durğunluq isə Şərq-Qərb marşrutlarına ehtiyacı kölgələdi: «Azərbaycan Qərb üçün strateji tərəfdaş olaraq qalır, ancaq Vaşinqton və Avropanın əsas paytaxtları Bakıya insan haqları və idarəçilikdəki nöqsanlarla bağlı iradlar da tuturlar ki, bu, İlham Əliyev hökumətinin xoşuna gəlmir».

Suriya böhranı, Rusiyanın Xəzərdən Suriyaya raketlər buraxması, Türkiyənin rus təyyarəsini vurmasından sonra gərginləşən münasibətlər isə durumu daha da qəlizləşdirib. Digər tərəfdən, Azərbaycan ümid edirdi ki, İrana sanksiyalar qaldırılınca ölkənin Fars Körfəzinə cənub qapısı tamamilə açılacaq. Ancaq Səudiyyə-İran mübahisəsi bu məsələni də çətinləşdirdi:

«Ən pisi odur ki, Dağlıq Qarabağ münaqişəsinin də donu açıla bilər, cəbhə xəttində canlanma var. Döyüşlərin bərpası ən pis ssenaridir, bu halda Rusiya və Türkiyənin iştirakı Qafqazı atəş zonasına çevirə bilər».

«Son illər Birləşmiş Ştatlar gərginliyin azaldılmasında əsas rol oynayıb. Ancaq Fars Körfəzindəki gərginlik, Suriya münaqişəsi, Şimali Koreyanın dünyaya meydan oxuduğu bir vaxtda Azərbaycan ABŞ prezidentinin gündəmində əsas yeri tutmur».

AB
AB

«Azərbaycan 2016-cı ildə incə balans siyasətini yerinə yetirə biləcəkmi?» - müəllif sual edir.

AB-NİN NÖVBƏLİ PREZİDENTLİYİ

Avropa Birliyi Şurasının prezidenti hər 6 aydan bir dəyişir. «The Economist» qurumun fəaliyyətində bəzi problemləri buna bağlayır.

«Zairin sonuncu diktatoru Mobutu Sese Seko hər 6 aydan bir kabinet üzvlərini dəyişirmiş ki, nazirlərə bossun kim olduğunu göstərsin. Hətta bəzən onların arvadlarını da yatağına salırmış. Brüssel Kinşasa deyil. Ancaq Mobutu-nun «musiqi sifarişi» sevgisini bölüşür. Avropa Birliyi Şurasının prezidenti 6 aydan bir rotasiya qaydasıyla dəyişir. Yanvarın 1-dən sədr Niderlanddır. Brüssel hər bir təhvil-təslim prosesi barədə ballada da qoşur, ancaq sistemin mahiyyəti Mobutu-dan fərqlənmir», - yazıda oxuyuruq.

Müəllif yazır ki, hər bir «prezident ölkə» Brüsselə xeyli sayda dövlət qulluqçusu, eləcə də milli məhsul yollayır, ancaq əsas məsələ AB qanunvericiliyinin keyfiyyətidir. Prezident postuna keçən bəzi ölkələrin kifayət qədər diplomatik təcrübəsi olmur. Digər tərəfdən, 6 ay Avropada konsensus yaratma prosesi üçün çox qısadır. Ən pisi odur ki, bəzən prezidentlər öz ölkələrinin maraqlarını önə çəkir, qurum üçün vacib məsələlər üzrə danışıqlar yubanır. Məsələn, İspaniya banklara nəzarət üzrə danışıqları yubatdı, ölkəsində həmin sahədəki qüsurların aşkarlanmasından çəkindi. Qaçqın böhranı ilə mübarizə aparmaq istəyən Niderlandın buna vaxtı çox az olacaq və s.

Müəllif yazır ki, rotasiyalı prezidentlikdən imtina üçün müvafiq sənəd dəyişməlidir. 2020-ci ilədək bütün üzvlər prezident statusundan yararlanacaq, bundan sonra yüngül düzəlişlə bu «özünə düşmənçilik» sisteminə son qoymaq mümkün olacaq.

Kiyevdə Milad şənlikləri - 7 yanvar 2016
Kiyevdə Milad şənlikləri - 7 yanvar 2016

UKRAYNADA TƏNƏFFÜS

Putin-in Suriyaya müdaxiləsi Ukrayna üçün tənəffüs deməkdir. «Newsweek» İraq və Əfqanıstan müharibələri veteran Nolan Peterson-un məqaləsini dərc edib.

Dekabrın sonunda Ukraynada tərəflər atəşkəs elan edib. Atəşkəs düz Pravoslav Miladına qədər qalmalıydı. Müəllif Kiyevdə bayram şənliklərindən, bayramı bir Avropa şəhəri kimi keçirməsindən yazır. Ancaq Donbasda əsgərlərlə rusiyapərəst separatçılar bir-birini öldürməyə hazır vəziyyətdə durublar.

Görəsən, Ukraynanın şərqində müharibə səngiyirmi? Ordu veteranı Viktor Kovalenko çiyinlərini çəkir, «heç kəs Putin-in nə istədiyini bilmir» deyir. Snayper Mikael Skillt isə düşünür ki, yəqin, ən pisi geridə qalıb:

«Rusiya Suriyada müharibə apardığından, separatçılar bilirlər ki, dinc durmalıdırlar. Onlar Rusiyanın köməyi olmadan vuruşa bilməyəcəklərini bilirlər».

Müəllif yazır ki, ukraynalıların çoxu müharibəyə keçmiş kimi baxmağa başlayır. Təkcə ona görə yox ki, atışma dayanıb. Həm də yanvarın 1-dən Avropa Birliyi ilə azad ticarət sazişi qüvvəyə minib. Ukraynanın inqilabdan sonrakı demokratiyasının əsas problemi Ukrayna Radasına, korrupsiya ilə mübarizəyə transfer olunub.

XS
SM
MD
LG