Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:46

Araz Əlizadə: «...Prezidentin qabağında papağı çıxarmaq olar»


Araz Əlizadə
Araz Əlizadə

-

Ötən ilin sonunda manatın ikinci dəfə devalvasiyası, qiymətlərin sürətlə artımı, deyəsən, hamını çaşdırıb. Hamı çıxış yolu haqqında düşünür. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə ilə bu haqda danışırıq.

– Araz bəy, prezident maaşların və pensiyaların artırılması haqqında hökumətə tapşırıq verib. Əslində, manatın ikinci devalvasiyasından sonra bunu çox adam gözləyirdi. Ancaq qiymətlərin sürətlə qalxdığı bu günlərdə maaş və təqaüd artımı çıxış yoludurmu? Hökumət daha hansı addımları atmalıdır?

– Mənim fikrimcə, manat devalvasiyaya uğrayırsa və qiymətlərə nəzarət edilmirsə, indeksasiyanın heç bir xeyri olmayacaq. Bizdə tənzimlənən bazar olmalıdır. Hər hansı indeksasiyadan öncə qiymətlər, heç olmasa, bir illik dondurulmalıdır.Yoxsa 10 faiz indeksasiya olur, 20 faiz qiymətlər artır. Ümumiyyətlə, bazar iqtisadiyyatı üçün müəyyən mədəniyyət olmalıdır. Bu mədəniyyət bizim biznesmenlərdə yoxdur. Bizim biznesmenlər elə bilirlər ki, nə qədər çox qiymət artırsalar və xalqın hesabına varlansalar, bir o qədər yaxşıdır. Bir şeyi anlamırlar ki, daha ucuz qiymətə sat, birbaşa 100 manat qazanma, sən 10 dənə sat, hərəsindən 10 manat qazan. Bu halda daha çox mənfəət götürmüş olarsan.

– Sizcə, qiymətlərin dondurulması nə qədər realdır?

– Dünya təcrübəsində bu var.

– Bəs Azərbaycan hökumətinin buna getməsi nə qədər realdır?

– Vallah, mən nə hakimiyyətin nümayəndəsiyəm, nə hakimiyyət partiyasının. Müxalifət partiyasıyam. Hər halda, bu, mənim təklifimdir.

– İndi Azərbaycanda hakimiyyət də, müxalifət də islahatdan danışır, xüsusən də iqtisadi islahatların vacibliyindən, Gömrük Komitəsinin ləğvindən danışılır. Müxalifət partiyası və Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin üzvü olaraq sizin də bu yöndə təklifiniz varmı? Yəni haradan, nədən başlamaq lazımdır?

– Mənə elə gəlir ki, ilk növbədəmonopolizmə son qoyulmalıdır. Monopolizm dağıdılmasa, Azərbaycanda normal inkişaf olmayacaq.

– Hökumətin bu addımı atmağa hazır olduğunu görürsünüzmü?

– Bir söz deyim. Hər şey insanların düşüncəsindən asılıdır. İnsanlarımız yenə də düşünsələr ki, oğurlamaq bir məharətdir, əlbəttə, heç nə alınmayacaq. Gərək biz beynimizdə inqilab edək ki, oğurlamaq pisdir, rüşvət almaq pisdir... Hər kəsin özündən asılıdır.

– Araz bəy, bu dediklərinizi insanlar özləri təkbaşına tənzimləyə bilsəydilər, dövlət qurulmazdı, məhkəmə, polis olmazdı və...

– Bir dəqiqə. Əgər insanlar düşünürlərsə ki, oğurlamaq yaxşıdır, o cür də iqtidar olacaq, o cür də hakimiyyət olacaq, seçkili orqanlar olacaq.Hərə özündən başlamalıdır. Ya mən dediyim kimi olmalıdır, ya da sovet dövrünə qayıtmalıyıq ki, yuxarıdan göstəriş verilsin: «Sabah hamımız evdən sol ayaqla çıxmalıyıq, kim sağ ayaqla çıxsa, həbs etmək lazımdır». Bu, inzibati amirlik sistemidir. Məncə, insanlar özündən başlamalıdır. Sizcə, oğru insan doğrunu seçərmi? Oğru doğrunu ona görə seçməyəcək ki, ondan doğruluq tələb ediləcək. Marx «kapitalizm inkişaf etdikcə öz qəbirqazanını – proletariatı yaradır» deyəndə səhv etmişdi? Xeyr! Ancaq ağıllı kapitalistlər oturdular «Kapital»ı öyrəndilər və proletariatın onlar üçün niyə qəbirqazan ola biləcəyinin səbəbini öyrəndilər. Beləliklə də bunun qarşısını aldılar. 18 saatlıq iş saatını 8 saata saldılar, ödənişli istirahəti təmin etdilər və s. Bununla da proletariatı öz müttəfiqləri etdilər, idarə etdilər. Ona görə də dünya inqilabı baş vermədi.

– Sizcə, bu gün Azərbaycanda proletariat var?

– (Xeyli gülür) Lümpen proletariat var. Kapitalistlər də vəhşi kapitalistlərdir.

– Devalvasiyadan sonra kapitalistləri nə gözləyir?

– Kapitalistlər daha çox mənfəət götürəcəklər. Adi insanların həyatı ağırlaşacaq. Bizdə çox kiçik bir orta təbəqə vardı. Biz o təbəqəni itirmək təhlükəsi ilə üzləşmişik. Odur ki, prezidentin qarşısında çox çətin problem durur. Ümid edirəm ki, o, bunun öhdəsindən gələcək. Bacarsa, papağı onun qarşısında çıxarmaq olar.

– Ölkəni növbəti altı ayda sizcə, nələr gözləyir? Siz də bədbin proqnozlar verirsiniz?

– Məncə, cərrahiyə əməliyyatı olunmalıdır. Hal-hazırda iqtidarın üstünə çox ağır yük düşüb. Bu, devalvasiya kiminsə istəyi ilə olmayıb. ABŞ Rusiyanıçökdürmək istəyir. Rusiya da müqavimət göstərir. Səudiyyə Ərəbistanı isə həmişəki kimi Amerikanın meydanında, onun tərəfində oynayır. Neftin qiymətini salırlar. İki varlı dövlət düşmənçilik aparır, ara yerdə Azərbaycan kimi ölkələr əziyyət çəkir, zərbə alırlar. Qazaxıstanda, Çində də eyni proses gedir. Biz, sadəcə, çalışmalıyıq özümüzə dəyən zərbəni yumşaldaq.

XS
SM
MD
LG