Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:46

Banklar niyə real sektordan qaçır?


İlham Əliyev
İlham Əliyev

-

«Mən bu barədə əvvəllər də öz fikirlərimi bildirmişdim. İndiki şəraitdə buna daha da böyük ehtiyac var. Özəl banklar daha çox iqtisadiyyatın real sektoruna kreditlər ayırsınlar. Dövlət özəl bankları dəstəkləyir». Prezident İlham Əliyev həmin sözləri Nazirlər Kabinetinin son iclasında dilə gətirib.

«ÖZƏL BANKLARA TÖVSİYƏ OLUNMALIDIR Kİ...»

Prezident özəl bankların ölkə iqtisadiyyatının inkişafındakı roluna da toxunub: «Əlbəttə ki, özəl banklar gəlir qazanmalıdırlar. Onlar üçün başqa alətlər bəlkə daha da cəlbedici ola bilər. Ancaq dövlət maraqları hər şeydən üstündür. Ona görə özəl banklara tövsiyə olunmalıdır ki, daha çox iqtisadiyyatın real sektoruna vəsait ayırsınlar... Onların kredit portfelinə baxsaq, görərik ki, iqtisadiyyatın real sektoruna daha da çox vəsait ayrılır. Ancaq hesab edirəm ki, biz bunu, bu siyasəti daha da gücləndirməliyik. Çünki bu gün ölkə qarşısında duran əsas vəzifələr qeyri-neft sektorunun inkişafı, idxalı əvəzləyən, ixrac qabiliyyətli məhsulların istehsalıdır ki, bu məhsullar ixrac edilərək ölkəmizə valyuta gətirir. Çünki valyuta gəlirlərimiz kəskin şəkildə aşağı düşüb».

Prezident daxili istehsal hesabına tam təminata nail olmaq üçün ilk növbədə vəsait ayrılmalı sahələr sırasındakənd təsərrüfatının, emal sənayesi və tikinti materiallarının adını çəkib:

«Real sektorun bəzi sahələrinə verilən kreditlərin ümumi paydakı həcminə baxaq: kənd təsərrüfatı – 3.3%, sənaye və istehsal sektoru – 9.7%, energetika, kimya və təbii ehtiyatlar sektoru - 1.4% yer tutur. Bunlar keçən ilin noyabr ayına olan rəqəmlərdir».

«MALİYYƏ ƏLƏÇATIMLIĞI... HƏQİQƏTƏN DƏ AŞAĞI SƏVİYYƏDƏDİR»

İqtisadçı ekspert Rəşad Həsənov real sektorun maliyyə ələçatımlığının aşağı səviyyəsinə diqqət çəkir: «Dünya Bankının hazırladığı «Doing Business 2016» indeksinə görə, Azərbaycan kreditlərin ələçatımlığı baxımından 189 ölkə arasında 109-cu yerdə qərarlaşıb. Ötən il 105-ci yerdə idi. Belə isə, deyə bilərik ki, ölkədə bu istiqamətdə vəziyyət daha da pisləşib».

Rəşad Həsənov
Rəşad Həsənov

«SEKTORUN KREDİTQAYTARMA QABİLİYYƏTİ SON 20 İLİN MİNİMUM SƏVİYYƏSİNƏ DÜŞƏCƏK»

Ekspert vurğulayır ki, bu vəziyyətin obyektiv və subyektiv səbəbləri var: «Birincisi, ölkənin bank sektoru yetərincə mürəkkəb vəziyyətlə üzləşib. Bu da 2016-cı il boyunca bankların likvidliyinə mənfi təsir göstərəcək. Bankların problemli kreditləri bir neçə dəfə artması da onların kreditləşdirmə prosesini birmənalı tormozlayacaq. İkincisi, mövcud situasiya real sektora ciddi böhran vəd edir. Nəticədə, sektorun kreditqaytarma qabiliyyəti son 20 ilin minimum səviyyəsinə düşəcək. Bu şərtlər daxilində, təbii ki, hətta yerləşdirilməmiş vəsaiti olan banklar da biznesi kreditləşdirməyə tərəddüd edəcək».

«DARALMA VƏ RİSKLƏRİN ARTMASI KREDİT TƏLƏBİNİ DƏ AŞAĞI SALACAQ»

Rəşad Həsənovun sözlərinə görə, iqtisadiyyatda gözlənilən daralma və risklərin artması kredit tələbini də aşağı salacaq: «Hazırda bəzi banklar xarici valyutada kredit verməkdə, biznessə manatla kredit götürməkdə maraqlı olduğu üçün iki tərəf arasında uzlaşma çətinliyi yaşanır. Bunun özü də kreditləşdirməni əngəlləyir. Üstəlik, istehlak kreditlərinin faiz dərəcələri daha yüksək olduğundan, banklar əllərində olan vəsaiti daha yüksək marja ilə yerləşdirməkdə maraqlıdır. Axı bank aktivlərinin böyük bir qismi əmanətlər kimi bahalı vəsaitlərdir. Banklar bu vəsaitləri real sektora aşağı faizlə yerləşdirməkdə maraqlı deyil».

«BANKLAR XİLAS EDİLMƏSƏ...»

Rəşad Həsənovun fikrincə, indən belə bankların bu istiqamətdə təşəbbüskarlığı və imkanları xeyli azalacaq: «Real sektorun kredit ələçatımlığının artırılmasını istəyiriksə, ilk növbədə, hüquq sistemi təkmilləşdirilməli, məhkəmələr müstəqil fəaliyyət göstərməli, iqtisadiyyatın leqallaşdırılması sürətləndirilməlidir. Bundan sonra bankların maliyyəyə çıxış imkanları üzərində fikirləşmək lazımdır. Banklar daha ucuz maliyyəyə çıxış imkanı əldə edərsə, prosesi sürətləndirmək və onları daha ucuz kredit siyasəti həyata keçirməyə sövq etmək olar. Bu gün bankları hökumət xilas etməsə, qısa zaman sonra bankların mövcudluğundan danışa bilməyəcəyik».

XS
SM
MD
LG