Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:15

Allahmədətlilər iki yaşayış məntəqəsi arasında qalıb…


Yeni salınan «Allahmədətli» məntəqəsi.
Yeni salınan «Allahmədətli» məntəqəsi.

-

2010-cu ildə Kür çayının daşması nəticəsində İmişli rayonunun Allahmədətli kəndi bir müddət sel sularına qərq oldu. O zaman əhalinin İmişli-Kürdəmir avtomobil yolunun əks tərəfinə- Telişli kəndinin yüksəklikdə yerləşən ərazisinə köçürülməsi planlanmışdı. Bu məqsədlə həmin yerdə yeni qəsəbə salındı.

Amma kənd sakinləri dirəniş göstərib, köhnə yurd yerlərini əllərindən buraxmaq istəmədi. Mərkəzi icra hakimiyyət orqanları ilə razılaşmadan sonra allahmədətlilər həm daşqınlara qədər mülkiyyətində olmuş həyətyanı və pay torpaqlarından, həm də yeni qəsəbədən istifadə etməyə başladılar. İki yaşayış məntəqəsinin olmağı bəzi üstünlüklərlə yanaşı, narahatlıqlar da yaradıb. Üstəlik, hər birinin ayrıca çatışmazlığı var...

İLHAM ƏLİYEV: «BU, NÜMUNƏVİ QƏSƏBƏDİR»

İmişli-Kürdəmir avtomobil yolu ilə irəlilədikcə çöllü-biyaban, miskin həyat lövhələri görünür. Birdən qəfil sanki şəhər kənarından keçirsən- asfalt örtüklü yollar, səliqəli bordürlər, uca dirəklərdən asılmış gecə lampaları, qırmızı və yaşıl «baş örtüklü», «limon yanaqlı» binalar, dəmir tor çərçivəli çəpərlər, səliqə ilə hörülmüş hovuzlar…

Evlərin yarıdan çoxu boş qalıb
Evlərin yarıdan çoxu boş qalıb

«Allahmədətli» adlanan bu yaşayış məntəqəsi 6 il əvvəl təbii fəlakətdən zərər çəkən İmişli rayonunun üç- Allahmədətli, Telişli və Hacımustafalı kəndlərinin ümumilikdə 629 sakini üçün salınıb. 40 hektarlıq ərazidə 104 yaşayış evi, məktəb, tibb məntəqəsi, poçt binası, mədəniyyət evi inşa edilib, modul tipli su təmizləyici qurğu quraşdırılıb. Hər bir ailəyə 12 sot həyətyanı torpaq sahəsi ayrılıb.

Noyabrın 1-də prezident İlham Əliyev bu məntəqənin açılışında iştirak edərkən deyib (http://www.president.az/articles/981): «Bu, əslində nümunəvi bir qəsəbədir. Yəni, bəlkə də Azərbaycanın bölgələrində belə gözəl qəsəbəyə nadir hallarda rast gəlmək olar. Burada ancaq gözəl yaşamaq, işləmək, dincəlmək lazımdır».

EVLƏRİN YARIDAN ÇOXUNUN QAPISI QIFILLIDIR

Qəsəbədə sakitlikdir. Küçələrdə qarşına heç kəs çıxmır. Bulaqların «gözü» quruyub. Tikililərin başı üstünə ağ rəngli, 500 litr tutuma malik plastik su qabları quraşdırılıb. Evlərin bacasından boz tüstü çıxır. Kiçik talvarların altında odun yığınları, təzək qalaqları gözə dəyir. Bəzi həyətləri dizədək kol-kos, qara çərən basıb, zəncirdən asılmış qıfılları pas atıb.

Xanoğlan Aslanov
Xanoğlan Aslanov

Qəsəbə sakini Xanoğlan Aslanov deyir ki, buradakı evlərin yarıdan çoxu boş qalıb:

«Açarlar paylanandan sonra cəmi bir neçə ay yaşayış olub. Sonra hərə öz kəndinə çıxıb getdi. Adamlar divarları qucaqlayıb qalmayacaqdı ki. Burada nə əkin əkmək imkanı var, nə də mal-qara saxlamaq. Su olmamağı da ciddi problemdir. İndi qəsəbədə ən çoxu 50 evdə yaşayış var. Burada qalanların da ya yaşamağa başqa yeri yoxdur, ya haradasa işi var, ya da övladları məktəbə gedir. Çoxunun da çörəyi kənddən gəlir».

«CƏNNƏTMƏKAN»DA İŞSİZLİK, ACLIQ VƏ SƏFALƏT HÖKM SÜRÜR

Həyətdə odun çilikləyən Vahid Salmanov deyir ki, övladları xəstə olduğundan burada qalmaq məcburiyyətindədirlər:

«3 azyaşlı uşağımız var, onlardan 2-si talassemiya xəstəliyindən əziyyət çəkir. Hər ay onlara qan köçürülür, vaxtaşırı müayinə və müalicə olunur. Qış vaxtı kənddən çıxmaq çətindir. Fərdi əməklə məşğul oluram, hərdən balıq tuturam. Birtəhər dolanırıq. Uşağın birini əməliyyat etdirəndə bankdan kredit götürmüşdüm, dollar bahalaşandan bəri onu ödəyə bilmirəm».

Gülyanə Salmanova da iş yeri olmamağından gileylənir:

Gülsabah Məmmədova
Gülsabah Məmmədova

«Bu evdə gənc oğlumla qalıram, ikimiz də işsiz. Oğlum maşını ilə hərdən «xaltura» edir. İndi millətdə pul var ki, ona da verə? İnanın ki, 2 kilo kartofu güclə alıb gətirir. Bizə əlac edin, harada iş yeri bilirsinizsə, deyin».

«UŞAĞI MƏKTƏBƏ GÖNDƏRƏ BİLMİRƏM»

73 saylı evdə yaşayan Gülsabah Məmmədova isə vəziyyətinin daha dözülməz olduğunu dilə gətirir:

«Həyat yoldaşımdan ayrılmışam, 9 yaşlı qızım var. Məktəbli forması, çanta, dəftər-qələm ala bilmədiyimdən uşağı məktəbə göndərə bilmirəm. Onun dişləri xəstədir, ağrıdan səhərədək yata bilmir. İmkansızlığa görə həkimə apara, dərman ala bilmirəm. Gəlin baxın evə, görün qazanım qaynayırmı? Heç çay içmək üçün qəndimiz də yoxdur. Adıma torpaq yoxdur, heç yerdə işləmirəm deyə, ailəmə ünvanlı dövlət sosial yardımı təyin etmirlər. Prezidentə, Səlim Müslümova etdiyim müraciətlərə cavab gəlməyib. İndiki vaxtda bizə qonşular yardım edir».

Övladları qəsəbədə yaşayan Dayandur Əmiraslanov deyir ki, su olmadığından 6 il ərzində burada ağac yetişdirmək mümkün olmayıb:

«Yeraltı boruların ağzını elə ilk gündən bağlayıblar. Həftədə bir dəfə su verilir ki, o da ancaq içməyə sərf olunur, ağacları suvarmağa çatmır. Görün bu qədər ərazidə bir dənə qol-budaqlı ağac varmı. Yayda burada cəhənnəm əzabı yaşanır».

XS
SM
MD
LG