Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:53

Mahmudov-Çovdarov qruplaşması Azərbaycanı saxta dərmanla doldurub


Dərman
Dərman

-

virtualaz.org saytı yazır ki, «Alfa med» firmasının qeydiyyatsız dərmanların satışını təşkil etdiyi üçün bu günlərdə həbs olunan rəhbərlərinin MTN-dəki mütəşəkkil qruplaşma ilə ortaqlığı üzə çıxıb:

«Həmin firmanın əsl sahibi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun «kassir»i, general Akif Çovdarovun çirkli biznesini idarə edənlərdən biridir. Bu şəxsin adı Ədalət Ramazanovdur. O, MTN-dəki bandanın zərərsizləşdirilməsi əməliyyatı başlayandan az sonra ölkəni tərk edib. Ə.Ramazanovun vəzifələrindən biri də gömrükdə ölkəyə qaçaq yolla dərman gətirilməsini izləmək, bu işlə məşğul olanlar barədə məlumatları toplayıb Akif Çovdarova ötürmək idi. Çovdarovun «qvardiyaçıları» isə dərhal dərman qaçaqmalçılarını yaxalayır, onların mallarını müsadirə edir və külli miqdarda pullarını alıb buraxırdı. Müsadirə edilən dərmanlar isə «Alfa med» MMC vasitəsilə bazara çıxarılırdı».

Nazirlər Kabineti
Nazirlər Kabineti

ƏLİYEVİN KOMANDASI XALQI TƏHQİR ETDİ

«Azadlıq» qəzeti yazır ki, rəsmi qurumlar bölgələrdə keçirilən son aksiya iştirakçılarını «narkoman», «ekstremist», «sərxoş» adlandırmaqla xalqı təhqir edib.

Qəzet Siyəzənin deputatı Tahir Süleymanovun rayondakı aksiyaları müxalifətin təşkil etməsinə, etirazçıların isə sərxoş olduğunu deməsinə diqqət çəkir:

«Un biznesi ilə məşğul olan Tahir Süleymanov həmkarı tərəfindən qiymətləri qaldırmaqda ittiham edilmişdi. Görünür, bundan qorxuya düşən Tahir Süleymanov AXCP və Müsavatı ittiham etməklə vəziyyətdən çıxmağa çalışır. Yeri gəlmişkən, un biznesi ilə məşğul olan Tahir Süleymanov həm də restoran sahibidir. Şabranda rayon İcra Hakimiyyətinin binası ilə yanaşı olan, nəvəsinin adını daşıyan «Günel» restoranı bu deputata məxsusdur.

Cəbrayılın icra başçısı Mahmud Quliyev isə bu rayondan olan və Biləsuvarda aksiya keçirən bir qrup məcburi köçkünü təhqir edib. O, sakinlərin tələblərini dinləməkdənsə, onları küçə söyüşlərinə «qonaq edib».

Ölkə başçısı İlham Əliyev dəfələrlə çıxışlarında məmurların qudurğanlığına diqqət çəkib, onlara xəbərdarlıq edib. Ona görə də indi hər kəsin İlham Əliyevin bu şəxsləri cəzalandıracağını gözləmək haqqı var. Əks təqdirdə məlum olacaq ki, İlham Əliyev də bu şəxslərlə eyni mövqedədir».

Siyəzəndə aksiya
Siyəzəndə aksiya

DAĞIDICI MÜXALİFƏTİN NÖVBƏTİ AVANTÜRASI DA İFLASA MƏHKUMDUR

«Azərbaycan» qəzeti yazır ki, müxalifət ölkədə qiymətlərin artımından öz maraqlarına görə istifadə edir:

«Dağıdıcı müxalifət partiyaları öz ənənəvi vərdişlərinə və xislətlərinə sadiq qalaraq bu dəfə də qiymətlərin süni artımından öz maraqları naminə istifadə etməyə cəhd göstərirlər. Qiymətlərin əsassız olaraq qaldırılmasının qarşısının alınması üçün işlərin həyata keçirildiyi vaxtda bu destruktiv qüvvələr yaranmış vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışaraq ölkəmizdəki sabitliyi pozmaq üçün əllərindən gələni edirlər. Müxalifətçilər süni qiymət artımı ilə bağlı sosial şəbəkələrdə də fəallaşaraq təxribatla məşğuldurlar. Onlar daxili qoşunların təlimlərindən çəkilən kadrları montaj edərək bölgələrdə guya qarşıdurmanın baş verdiyi barədə yalan və qərəzli informasiyalar yayırlar. Onların təqdim etdikləri foto və videoların isə rayonlarla bağlı heç bir əlaqəsi yoxdur».

Siqaret
Siqaret

AZƏRBAYCANDA SİQARET İSTEHSALINDA İDXALIN PAYI AZALDILA BİLƏR

«Əhali torpağa qayıtsa, ölkəni siqaretlə 90 faiz təmin etmək olar».

Bunu «Trend» agentliyinə müsahibəsində «European Tobacco Baku» şirkətinin

İdarə Heyətinin sədri Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, hazırda siqaretlərin doldurulduğu tütün qarışığında (doğranmış tütün - red) Azərbaycanda yetişdirilən şərq tütünü az istifadə edilir. R.Quliyev deyib ki, «European Tobacco Baku» Azərbaycanda siqaretin ayrı-ayrı tərkib hissələrinin istehsalı barədə şərikləri ilə də razılığa gəlmək istəyir.

Şirkətin İdarə Heyətinin sədri vurğulayıb ki, Azərbaycan daxili istehsal hesabına ölkəni tütün məhsullarının 90 faizi ilə təmin etmək iqtidarındadır:

«Bunun üçün regionlardan Bakıya gələn əhali yenidən torpağa qayıtmalıdır. Kənd təsərrüfatını ixtisaslı kadrlarla təmin etmək lazımdır. Bunun üçün bütün imkanlar var. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı sahibkarlığın inkişafına yeni təkan verdi. Bura lisenziyalaşdırmanın sadələşdirilməsi, müxtəlif güzəştlər və subsidiyalar da daxildir».

XS
SM
MD
LG