Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:45

«İş yerlərimizi söküb yerində ağac əkdilər»


Ekskavator
Ekskavator

-

«32 yaşım var, iki uşaq atasıyam, üzlərinə baxmağa utanıram. Çox vaxt evə də getmirəm. Atam, anam hərdən pensiyalarını ərzağa verib gətirib tökürlər evimə… Mənim üçün çox utanc gətirən haldır. Hərdən yaşamaq istəmirəm».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Şirvan sakini İslam Bədəlov deyir. Günündən-güzəranından, dolanışığından gileylənən İslam ali təhsillidir. Uzun müddət ixtisasına uyğun iş tapa bilməyib və paytaxtdan Şirvana dönüb. Arabir atasına məxsus köhnə maşını abıra salıb, taksi xidməti göstərib. Deyir, keçmiş Nəqliyyat Departamentinin işçiləri tərəfindən o qədər incidilib ki, 2 il əvvəl qəzəbini yeganə çörək mənbəyi olan avtomobildən çıxıb. Şirvan-Bakı yolunda maşına od vurub yandırıb. Buna görə bir az başağrısı da olub. Ancaq indi başını ağrıdan işsizlik, səfalətdir:

UŞAQ QİDASI 3 MANAT QALIB

«Sonra bir müddət bir varlı şirvanlının həyətində bağbanlıq elədim. O da məni bağında 4 ay işlətdi, axırda maaş əvəzinə 4 kilo armud verib yola saldı. İki həftəlik get-gəldən sonra dedi, «bu qapıya gəlmə, səni tutduraram». Mən sizə təkcə özümün yox, Şirvan əhalisinin güzəranından danışıram. Demək istəyirəm ki, burda çoxluq mənim vəziyyətimdədir. İşsizlikdən adamlar bir qarın çörəyə həsrətdir».

Deyir, son bahalaşma Şirvan kasıblarını dilə gətirib:

«Körpəyə 5 manat 50 qəpiyə aldığım qida indi 8 manat 50 qəpik olub. 4 aylıq körpə o qidayla dolanır. Heç olmasa, onun qiymətini qaldırmayaydılar. Söhbət təkcə uşaq qidalarından getmir. Ət, yağ – bunlar heç… Onsuz da dadı yadımızdan çıxıb. Heç olmasa, başqa ərzaqlarda kasıb təbəqəyə bir az güzəştə getsinlər».

«6-7 AİLƏ DOLANIRDI...»

İslam deyir, Şirvanın səfalət içində yaşayan təbəqəsi səhər küçəyə çıxıb sökülmüş obyektlərin yerində dəbdəbəli parkları görəndə qəzəbdən boğulurlar:

«Bax, o parkların yerində kiminsə obyekti vardı, o kimsə həmin obyektdə başqa 6-7 nəfər kimsəyə iş vermişdi, 6-7 ailə dolanırdı… Deməyim odur ki, belimizi qırdılar, açılan iş yerlərini də söküb yerə qoydular, yerində ağac əkdilər».

İslam deyir, Şirvan sakinlərinin çoxu ticarət və taksi fəaliyyəti ilə məşğul olurlar. Ticarət obyektləri abadlıq işləri adı altında sökülür. Bir tərəfdən deyirlər, məktəblərdə müəllim çatışmır, ancaq digər tərəfdən də ali təhsilli, savadlı müəllimlər işsiz-gücsüz, çayxanada oturublar. Əhali işsizlikdən çox əziyyət çəkir.

İslam deyir, şəhərdə hansı taksi sürücüsünə yaxınlaşsan, ali təhsillidir. İş yoxdur, kimin həyətində köhnə maşını var, üstünə bir taksi nişanı vurur, çıxır dayanır mərkəzdə… Ancaq müştəri qıtlığıdır. Sürücülər mərkəzdən Şirvanın qurtaracağına 2 manata aparmaq məcburiyyətindədirlər.

Əhalinin çoxu ünvanlı sosial yardımla dolanır. Bank kreditləri də bir tərəfdən kabus kimi insanların həyatının üzərinə çöküb.

«BAŞÇI ƏHALİNİ QƏBUL EDİR»

Şirvan rayon İcra Hakimiyyətindən isə bildirilir ki, başçı tez-tez aşağı zümrənin nümayəndələrini qəbul edir, problemlərini dinləyib çözülməsi üçün tapşırıqlarını verir.

İcra hakimiyyəti son 3-4 ildə şəhərdə bir neçə müəssisənin fəaliyyətə başladığını, əhalinin işsiz təbəqəsinin bir hissəsinin işlə təmin olunduğunu bildirir. Lakin İslam Bədəlov deyir, şəhərdə bir-iki dövlət müəssisəsi açılıb ki, ora işə düzəlmək üçün də gərək sözükeçərli adamın ola…

İqtisadçı Füzuli Əliyev hökuməti kasıb zümrə üçün xüsusi talon sistemi tətbiq etməyə çağırır:

«Bahalaşma əsasən bölgələrdə yaşayanlara təsirini göstərib. Çünki paytaxtda azdan-çoxdan iş tapmaq olur. Bölgələrdə işsizlik tüğyan edir. Pay torpaqları isə susuz, texnikasız, gübrəsiz torpaq sahibi üçün heç nəyə yaramır. Bölgələrdə işsiz təbəqəyə xüsusi ərzaqlar var ki - məsələn, elə uşaq qidası və s. - bunların normayla və ucuz qiymətə talonla satılması təşkil olunmalıdır. Bunun mexanizmi düşünülməli və tez bir zamanda prosesə başlanmalıdır ki, ən azı hökumət həmin bölgələrin də ayağa qalxması ilə üzləşməsin».

XS
SM
MD
LG