Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:06

Hansı dövlət şirkətləri özəlləşdirilə bilər


►Dövlət büdcəsi yoxsullaşdığından, hökumət, ehtiyat variantlardan biri kimi, dövlət mülkiyyətini özəlləşdirməyə hazırlaşır

Yanvarın 18-də prezident İlham Əliyev “geniş özəlləşdirmə proqramının hazırlanması” tapşırığını verib.

Ekspertlərin fikrincə, Azərbaycanda dövlətin əlində yerli və xarici sərmayədarların diqqətini çəkəcək və özəlləşdiriləcək yetərli sayda şirkət və müəssisələr var. Di gəl, hədəf təkcə dövlət büdcəsinin kəsirini bağlamaq yox, ölkədə korporativ idarəetmə mədəniyyətinin formalaşdırılması olmalıdır.

“Proses tam şəffaf keçirilməldir”

“Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin direktoru Cəfər İbrahimov AzadlıqRadiosuna deyib ki, bazar iqtisadiyyatı prinsiplərinin hədəfləndiyi ölkədə dövlət əsas işini - iqtisadi tənzimləmə siyasətini yerinə yetirməlidir. Bu mənada özəlləşdirmə qaçılmaz prosesdir:

“İndiki zamanda rentabelsiz və az rentabelli dövlət şirkətlərinin özəlləşdirməyə hazırlanmasını gərəkli sayıram. Lakin ölkəyə xarcdən sərmayə gətirilməsini, güdülən siyasətin davamlı olmasına yerli investorları inandırmaq üçün proses, ilk növbədə, tam şəffaf gerçəkləşdirilməlidir. Buna görə, özəlləşdirmə Bakı Fond Birjasında aparılmalıdır”.

“Bu yolla biz SOCAR-ın real bazar qiymətini öyrənə biləcəyik”

C. İbrahimov təklif edir ki, özəlləşdirməyə dövlət nəzarətində olan iri şirkətlər, o cümlədən SOCAR da çıxarılsın:

“Səhmləşdirildikdən sonra birinci mərhələdə Dövlət Neft Şirkəti səhmlərinin 20 faizi kütləvi təklif yolu ilə birjaya çıxarılmalıdır. Bu yolla biz SOCAR-ın real bazar qiymətini – kapitallaşmasını öyrənə biləcəyik. Sonralar fond bazarına şirkətin daha çox səhmi təklif oluna bilər”.

Mütəxəssisin fikrincə, belə addımlar sayəsində dövlət şirkətlərinin büdcədən maliyyə asılılğı da azalacaq. Beləcə, onlar vəsait cəlbi üçün kapital bazarına müstəqil çıxa biləcəklər.

Buna da bax: Böyründən su kəməri keçən, amma susuz qalan kənd

“Özəlləşdirmə çeklərinin 20 faizindən söhbət gedir”

Cəfər İbrahimov əhalinin əlində istifadə olunmamış dövlət özəlləşdirmə paylarının qaldığına da diqqət çəkib:

“Söhbət 1997-ci ildə dövriyyəyə buraxılmış özəlləşdirmə çeklərinin 20 faizindən gedir. Əhalinin bu paylardan müəyyən şərtlərlə özəlləşdirmədə istifadə etməsinə şərait yaradılmalıdır”.

“Xarici investorlarla bərabər, sıravi vətəndaşların da...”

“Azfinans İnvestisiya Şirkəti” (AFİ) QSC drektorunun müavini İntiqam Səfərəliyevsə prosesin uğurunun onun kütləviliyi ilə təmin olunacağını düşünür:

“Azərbaycanda kapital bazarının formalaşması üçün bir neçə dövlət şirkətinin, məsələn, “Azərbaycan Dəmir Yolları” QSC-nin, rabitə sektoru müəssisələri səhmlərinin kütləvi təklif üsulu ilə yerləşdirilməsi ən zəruri addımlardandır. Xarici investorlarla bərabər, sıravi vətəndaşların da bu prosesdə iştirakına şərait yaradılması fond bazarının dayanıqlı inkişafına səbəb olacaq”.

AFİ-nin nümayəndəsi AzadlıqRadiosuna deyib ki, dövlət fond birjası vasitəsi ilə pul vəsaiti az olan şəxslərin kapital bazarına çıxışına güzəştli imkanlar yaratmalıdır.

“100 manatlıq səhm alışını sifariş vermiş vətəndaşın ödənişinin, deyək ki, 30 manatını dövlət qarşılasın. Fond bazarı formalaşdıqdan sonra həmin vətəndaş bazarın iştirakçısına çevriləcək, bu bazardan qazancı sayəsində 100 minlərlə şəxs dövlətin sosial ödənişlərindən daha az asılı olacaq”.

Buna da bax: Gömrük Komitəsi Vergilər Nazirliyinə birləşdirilsə...

“Hələlik, belə bir proqram layihəsi yoxdur”

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov AzadlıqRadiosuna bildirib ki, yeni özəlləşdirmə proqramına dair məlumat bu gün (yanvarın 18-də) bəyan edilib və hələlik, belə bir proqram layihəsi yoxdur.

Bir çox ekspert ikipilləli özəlləşdirmə praktikasından imtina edilməsini, hərraclarda satılmış dövlət müəssisələrinin yerləşdikləri torpaq sahələrinin, Rusiya təcrübəsində olduğu kimi, həmin müəssisələrə əvəzsiz verilməsini də təklif edir.

Bu il “Azərbaycan Beynəlxalq Bankı” ASC səhmlərinin özəlləşdirilməsinə başlanacağı da gözlənilir.

Özəlləşdirməyə hazırlanacaq dövlət şirkətləri arasında “Azərbaycan Hava Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Azərbaycan Alüminiumu”, “Azərbaycan Polad İstehsalı Kompleksi”, “Aztelekom” və s. qurumlar da ola bilər.

XS
SM
MD
LG