Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:20

ABŞ Azərbaycandan niyə qırıla bilməyəcək


İlham Əliyev Çikaqoda - 2012
İlham Əliyev Çikaqoda - 2012

-

«Birləşmiş Ştatlar Azərbaycanı cəzalandırsın və ya münasibətləri kəssin?Bir konqresmen «hə» deyir və ölkənin avtoritar siyasətini, insan haqları pozuntularını, seçki saxtakarlığını, araşdırmaçı jurnalistlərin həbsini, siyasi məhbuslara işgəncə verilməsini səbəb göstərir». Samuel Ramani «The Washington Post»da yazır ki, Azərbaycanla əlaqələr 3 səbəbdən kəsilməyəcək.

Müəllif Nümayəndələr Palatasının üzvü Chris Smith-in Azərbaycan rəsmilərinə sanksiyalar tələb edən qanun layihəsindən söz açır və bu siyasətin ABŞ-Azərbaycan münasibətlərini pozacağını vurğulayır: «Smith-in layihəsi çətin ki keçə. Ölkədə insan haqları hər necə durumda olsa da, Birləşmiş Ştatlar Azərbaycanla iqtisadiyyat və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq edib. Avropada Sabitlik Təşəbbüsü Təşkilatı düşünür ki, Qərbin Azərbaycana yumşaq münasibətinin arxasında prezident Əliyevin «kürü diplomatiyası»na dayanır. Guya Qərb elitasına bahalı hədiyyələr verilib və onlar da hökumətin repressiyasına göz yumub. Belə bir himayədarlıq da rol oynaya bilər, ancaq ABŞ-Azərbaycan tərəfdaşlığı 3 böyük strateji amildən qaynaqlanır:buranın bir enerjiötürmə xətti kimi Orta Asiyanı Avropaya birləşdirməsi; Rusiyanın Gürcüstan və Ukraynanın suverenliyini pozmasına Əliyevin müqaviməti; Birləşmiş Ştatların terrorçuluq və şiə radikalizmi ilə mübarizəsində Azərbaycanın həmrəyliyi».

Müəllif bu məqamları bir-bir incələyir və belə qənaətə gəlir ki, Azərbaycanın Avropanı neftlə təchiz etməsi hallandırılan bahalı hədiyyələrdən, səfər xərclərinin ödənməsindən daha çox şirnikləndiricidir: «Azərbaycandan enerji təchizatı Rusiyanın Avropa üzərindəki təsirinə də zərbə vurar. Ölkədə insan haqlarını tənqid edərkən, AB və ABŞ bu səbəbdən ehtiyatlı davranır».

«ABŞ siyasətçilərindən ötrü enerji, İŞİD silahlı qruplaşması və digər terrorçularla mübarizə, Rusiya təcavüzünün önlənməsi insan haqlarından daha üstündür... Smith-in «Azərbaycan Demokratiya Aktı»nın Konqres dinləməsi çətin keçəcək».

Səudiyyə kral ailəsinin üzvləri - 2011
Səudiyyə kral ailəsinin üzvləri - 2011

UCUZ NEFT QLOBAL SABİTLİYİ MƏHV EDƏCƏK?

Karneqi Fondundan Judy Dempsey həmin sualı ekspertlərə ünvanlayıb.

Avrasiya qrupunun prezidenti və təsisçisi Ian Bremmer: «Mikhail Gorbachev-in islahatları Sovetlərdə sabitliyi məhv etdimi? Xeyr. Donmuş sabitliyin buzu açıldı. Ucuz neft də Yaxın Şərqə, özəlliklə sünni ərəb neft dövlətlərinə elə təsir göstərəcək. Bu rejimləri ayaqda saxlayan yerli qanunvericilik laxlayır. Birləşmiş Ştatlar region polisi rolunu oynamaq istəmir, başqa heç kim də əlinə dəyənək alan deyil. Kommunikasiya texnologiyaları sayəsində narazı gənclər daha asan səfərbər olurlar. Hökumətlər də sosial, iqtisadi, siyasi islahatlara cəhd göstərməyə başlayırlar. Ucuz neft münaqişələri kəskinləşdirir və sürətləndirir».

«POLITICO» dərgisinin enerji və təhlükəsizlik məsələləri üzrə redaktoru Jan Cienski də düşünür ki, ucuz neft qlobal sabitliyi «öldürməyəcək», əksinə, onu gücləndirəcək:

«Bu o demək deyil ki, neftin aşağı qiymətləri Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela, Anqola və digər yeni yaranmaqda olan, büdcələri neft ixracına söykənən bazarlar üçün pis xəbər deyil. Ancaq gəlirləri azalan avtokratik rejimlər daha çox əhaliylə məşğul olacaq ki, büdcə kəsirlərinə görə üsyana qalxmasınlar. Beləcə, xaricdə daha az qarışıqlıq salacaqlar».

Karneqi Fondundan Kristina Kausch-un fikrincə, ucuz neft qarşıdakı bir neçə ildə Yaxın Şərqi bir-birinə qarışdıracaq. Axı avtoritar neft ölkələri vətəndaşlarını subsidiya, aşağı vergi və digər iqtisadi imtiyazlarla sakitləşdirir, amma kəmərlər sıxıldıqca, Körfəz sakinləri sakit durmayacaqlar.

Keşikçiləri Korpusunun komandirləri Ali dini lider Ali Khamenei ilə görüşdə - 2015
Keşikçiləri Korpusunun komandirləri Ali dini lider Ali Khamenei ilə görüşdə - 2015

İRANDA ELİT QVARDİYA GÜCLƏNƏCƏK

«Beynəlxalq sanksiyalar dönəmində də İran İnqilab Keşikçilərinin durumu pis deyildi. Ancaq qadağalar qaldırılandan sonra bu elit hərbi qüvvə daha da varlanacaq». «Reuters» agentliyi Parisa Hafezi-nin təhlilini dərc edib.

Müəllifin fikrincə, İran ruhaniləriİnqilab Keşikçilərini iqtisadi baxımdan daim dəstəkləyib və ölkədə narazıları susdurduğuna, xaricdə Tehranın müttəfiqlərinə kömək etdiyinə görə onları mükafatlandırıb. İndi ölkəni iqtisadi bum gözlədiyindən, keşikçilər də bundan faydalanacaq.

Qvardiyanı İslam Respublikasının qurucusu Ayətulla Ruhollah Khomeini yaradıb. 1980-ci illər İran-İraq savaşından sonra ruhani liderlər qvardiyaçıların aparıcı sənaye sahələrinə sərmayə yatırmasına icazə verib.

Bir təhlükəsizlik rəsmisi artıq bildirib ki, Qvardiya və onun xaricdəki Qüds qüvvələrinə maliyyə artacaq. İran artıq Suriyada milyardlar xərcləyib, bu pullar elit qvardiyanın kəşfiyyat məlumatı toplamasına, Suriya qüvvələrinə təlim keçməsinə sərf olunub. Xarici ekspertlər Tehranın Suriyada 3 minədək əsgər saxladığını bildirir.

İranı yaxından izləyən bir Qərb diplomatı ötən il hesablayıb ki, Qvardiyanın biznesinin illik dövriyyəsi 10-12 milyard dollardır.

İran keşikçilərin bazardakı payını açıqlamır, ancaq İqtisadiyyat Nazirliyinin rəsmisi bildirib ki, Qvardiya bir sıra sənaye, enerji, turizm, istehsal, telekommunikasiya və tikinti sahələrində iştirak edir və bir çox şirkətin sahibidir.

Məsələn, 2009-cu ildə Ahmadinejad yenidən prezident seçiləndən sonra etirazları yatıran İnqilab Keşikçiləri yenə mükafatlandırılıblar. Bu dəfə onlara bağlı bir şirkət 8 milyard dollara dövlətə məxsus telekommunikasiya şirkətini satın alıb.

XS
SM
MD
LG