Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:53

İşsizlər ordusu məşğulluq mərkəzlərinə üz tutur


Bakıda əmək yarmarkası
Bakıda əmək yarmarkası

-

«İxtisara düşənlər dövlətdən iş və ya müavinət tələb edirlər», - «Bizim Yol» belə yazır.

Qəzetin əməkdaşı «kütləvi işsizliyin yarandığı günlərdə dövlət bu sahədə hansı işləri görür» sualına cavab tapmaq istəyib. Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Yasamal rayon Məşğulluq Mərkəzinə yollanıb və növbələrin yarandığına şahid olub.

Həmin işsizlərdən biri qəzetə deyib: «İşsiz qaldığım üçün Mərkəzə müraciət etmişəm ki, mənə işsizlik statusu verilsin. Növbəyə durmaq istəyirəm. Mənə deyirlər ki, müraciətimə ayın sonunda baxılacaq. Bu cavabın qanunda nəzərdə tutulduğunu bildirdi. Əgər belə bir hal qanunda varsa, nöqsanlarından biri olduğunu düşünürəm. Müraciətimdə məqsədim odur ki, mənə işsizlik müavinəti verilsin».

İş axtaran Elnur Əliyev qəzetə deyib ki, aşağı əməkhaqqı verilən iş yerləri təklif olunur: «Mənə çörək bişirmə sexində iş yeri təklif olundu. Mən isə xahiş etdim ki, ixtisasıma uyğun işlə təmin olunmağıma çalışsınlar. Bəli, iş yerləri bağlanır, ixtisarlar olunur. Amma faktiki olaraq ölkəyə xaricdən ucuz işçi qüvvəsi gətirilir».

Mərkəzin əməkdaşı qəzetə deyib ki, müraciət edən hər işini itirmiş insanları işsiz kimi qeydiyyata alıb onlara işsizlik müavinətinin verilməsi çətindir: «Biz başa düşürük, bazarda qiymətlər artır, gəlirlər azalır. Qiymət artımı yoxsulluğun səviyyəsini və işsizliyi artırır. Bu problemin gələcəkdə yaranmaması üçün «İşsizlikdən məcburi sığortalanma haqqında» qanun layihəsi hazırlanır».

Nazirlər Kabinetinin iclası.
Nazirlər Kabinetinin iclası.

HAKİMİYYƏTDƏ PUL DAVASI

«Azadlıq» qəzeti iddia edir ki, Azərbaycanın dövlət büdcəsinə yenidən baxılması hakimiyyət daxilində ziddiyyətləri daha da dərinləşdirib. Maliyyə naziri Samir Şərifov büdcənin 2 milyard manat artırılacağını deyib. Qəzet sual edir ki, bəs o zaman 2 milyard manat hansı mənbələrin hesabına büdcəyə əlavə ediləcək?

«Böyük ehtimalla bu halda əsas güc Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sosial Müdafiə Fondunun üzərinə düşəcək. Lakin nəzərə alaq ki, böhran səbəbindən Azərbaycanda idxal-ixrac əməliyyatları 48 faizdüşüb. Həmçinin ölkədə iri ticarət obyektləri, xidmət sahələri, iri bankların filialları ard-arda bağlanır. Bu halda adıçəkilən qurumların 2016-ci il üçün proqnozları yerinə yetirəcəyi inandırıcı görünmür. Ziddiyyətlər də məhz bu səbəbdən baş qaldırıb. Yəni, bu məsələdə əsas gücün onların üzərinə düşəcəyinin fərqində olan məmurlar Samir Şərifovun fikirləri ilə razı deyil. Çünki bu proses onların «vurulması» ilə nəticələnə bilər», - qəzet yazır.

İlham Əliyev
İlham Əliyev

AZƏRBAYCANDA... ADEKVAT İSLAHATLAR APARILIR

«Azərbaycan» qəzeti yazır ki,ölkə rəhbərliyi dünyada maliyyə böhranının dərinləşdiyi bir dövrdə yeni qlobal iqtisadi və siyasi çağırışlara adekvat olaraq ardıcıl islahatlar aparır: «Yeni iqtisadi siyasətin prioritetlərinə idarəetmə sistemini çevik, şəffaf və səmərəli mexanizmlər əsasında formalaşdırmaq, biznes mühitini liberallaşdırmaq, makroiqtisadi sabitliyi təmin etmək, milli iqtisadiyyatı yeni şəraitə uyğunlaşdırmaq məsələləri daxildir.

Qlobal böhranın yeni fazasının əsas səciyyəvi cəhətləri dünya istehlakının artım templərinin və qlobal ticarətin zəifləməsi, bununla əlaqədar qiymət şoklarının, əsasən də xammallar üzrə qiymətlərin kəskin enməsidir».
Qəzet yazır ki, Azərbaycanın iqtisadi inkişafının əsas hədəfi rəqabətqabiliyyətliliyinin yüksəldilməsini və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası yolu ilə uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafı təmin etməkdir.

«Prezident İlham Əliyevin vətəndaşların mənafeyinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində müvafiq qurumlara qəti tapşırıqlar verməsi ictimai fikirdə ölkədəki islahatların uğurla davam edəcəyinə inam yaradır», - məqalə bu nikbin fikirlə başa çatır.

XS
SM
MD
LG