Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:07

Turistlərin Türkiyədən qaçmaqlığı


Turistlər İstanbulda partlayışın baş verdiyi Sultanəhməd Meydanını tərk edirlər – 12 yanvar 2016.
Turistlər İstanbulda partlayışın baş verdiyi Sultanəhməd Meydanını tərk edirlər – 12 yanvar 2016.

-

Türkiyədə ard-arda baş verən terror hücumları, eləcə də Rusiya ilə diplomatik ziddiyyətlər ölkənin dinamik turizm sənayesini vurmaqdadır. Axı yavaşıyan iqtisadiyyatda az-çox ümidverici sahələrdən biri məhz turizm sahəsiydi. «The Wall Street Journal» dərgisində Yeliz Candemir və Emre Peker yazır ki, ötən illə müqayisədə bu yaya biletlərin öncədən sifarişi 40%, otellərdə yerlərin sifarişi isə yarıdan da çox azalıb. Yüzlərlə otel, kurort mərkəzləri satışa çıxarılıb.

Terror hücumlarına görə, əsasən, «İslam Dövləti» (İŞİD) qruplaşması və kürd yaraqlıları ittiham olunur. Bu qarışıqlığın sonu da görünmür. Ötən şənbə İstanbulun mərkəzindəki partlayışda 4 əcnəbi öldürülüb. Həmin partlayışa görə Mehmet Öztürk adlı türkiyəli ittiham olunur.

«Belə bir dəhşətli duruma düşəcəyimizi ağlımıza da gətirməzdik», - Antalyada otel işlədən 35 yaşlı Bora Adalı belə deyir. O, 3-ulduzlu otelini satmağa çalışır: «Böyük bir böhranla üz-üzəyik, miqyasını hələ dərk etmirik».

Türkiyədə turizm sənayesinin ÜDM-də payı 4%-dir, bu sahənin 1 milyondan çox işçisi var, yəni ölkənin işçi qüvvəsinin 7%-i. 2001-2014-cü illərdə turizmdən gəlirlər 3 dəfə artaraq, 34.3 milyard dollara çatıb. 2012-ci ildə İstanbul dünyanın turizm şəhərləri beşliyinə düşüb.

Ancaq ötən il gəlirlər 2010-cu ildən bəri ilk dəfə 8% azalaraq, 31.5 milyard dollara enib. Yanvarda isə turizm gəlirləri daha sürətlə düşüb, bir il öncəyə nisbətən 19% azalıb.

Suriya ilə sərhəddə Rusiya təyyarəsi vurulandan sonra Moskva Türkiyəyə turist səfərlərinə qadağa qoydu. Hər il Türkiyəyə 4 milyon rusiyalı gedirdi.

«Türkiyənin açıq və təhlükəsiz cəmiyyət kimi cəlbediciliyi laxlayır. Turizmin dirçəlməsindən ötrü fəaliyyət planından daha artığı gərəkir», - bu sözləri Böyük Britaniyada mənzillənən «Verisk Maplecroft» risk araşdırma qrupunun təhlilçisi Anthony Skinner söyləyir.

Yazıda vurğulanır ki, turist sayının azalması Türkiyənin cari hesab defisitini artıra bilər. Belə ki, turizm xarici valyutanın əsas mənbəyidir. «J.P.Morgan Chase Co.»nun iqtisadçısı Yarkın Cebeci bildirir ki, «terror hücumlarının artması və bunun turizm gəlirlərinə təsiri Türkiyənin xarici balansına böyük əngəl yaradır». Bələkdə otel sahibi Adalı isə otelini satandan sonra bu sahəyə sərmayə yatırmağı düşünmür: «Bu sahənin gələcəyi yoxdur. Antalyada doğulub böyümüşəm, hətta Körfəz müharibəsi zamanı belə çətinliklər görməmişik».

Qaçqınlar İzmirdən dənizlə Yunanıstana keçməyə çalışırlar.
Qaçqınlar İzmirdən dənizlə Yunanıstana keçməyə çalışırlar.

AB TÜRKİYƏNİ TƏHLÜKƏSİZ ELAN EDİR, AMMA...

«The Economist» Avropa Birliyi (AB) ilə Türkiyə arasında qüvvəyə minmiş miqrant razılaşmasından yazır. AB Türkiyəni miqrantlar üçün «təhlükəsiz» ölkə elan edib, ancaq bir gün sonra İstanbulda intiharçı hücumunda dördü əcnəbi, 5 nəfər həlak olub.

Yazıda Türkiyədə təhlükəsizliyə ən böyük hədənin elə ölkə daxilində yarandığı vurğulanır. Güvənlik gücləri ölkənin cənub-şərqində PKK-nın müqavimətini qırmağa çalışır. Mindən çox insan həlak olub, onlardan 300 nəfəri dinc sakinlərdir. Son 2 ayda törədilən terror hücumlarında təkcə Ankarada 67 nəfər həyatını itirib.

«Avropayla yeni saziş ölkədəki qarışıqlıqdan çıxmağa bir ümid qığılcımıdır. Türkiyə Yunanıstandan qaytarılan miqrantları qəbul edəcək. Əvəzində AB-dən böyük güzəştlər alır… Optimistlərin fikrincə, viza liberallaşdırılmasından ötrü qoyulan şərtlər Türkiyəni AB-yə yaxınlaşdıracaq, ölkədə avtoritarizmi zəiflədəcək. Avropayla yenilənən körpülər, ən azı, prezident Recep Tayyip Erdoğan-ın avtoritar instinktlərini üstələməyə, hökumətdəki azsaylı islahatçıları cəsarətləndirməyə fürsət yaradır».

«The Economist» daha sonra yazır: «Amma AB-nin açıq qapı qoyması son zorakılıqların ziyanını ödəmək gücündə deyil. Bu hücumlar avropalıları çəkindirə, Türkiyənin turizm sənayesinə ciddi ziyan vura bilər. İstənilən halda, sazişin hüquqi, siyasi, logistik çətinlikləri az olmayacaq. Yayadək Türkiyə viza sadələşdirilməsinin bütün şərtlərini ödəməyə bilər. Elə Yunanıstan da, çətin ki, miqrantların kütləvi və nizamlı şəkildə qaytarılması üçün gərəkən infrastrukturu qura bilsin. Amma bütün hallarda Avropayla əlaqələrin bərpası ölkəni yolundan sapmaqdan saxlamağa yaxşı fürsətdir».

AB və Türkiyə bayraqları.
AB və Türkiyə bayraqları.

«Məhdud təmaslar da nəticə verə bilər. Türkiyəni təkbaşına buraxmağın faydası yoxdur», -siyasi təhlilçi Atilla Yeşilada belə deyir.

TÜRKİYƏNİN AB ÜZVLÜYÜ REAL DEYİL

«Forbes» dərgisində Marcel Michelson Türkiyənin AB-yə üzvlüyünü bir sıra Avropa ölkəsinin istəmədiyini yazır. Hətta sərhədlərini qaçqınlara bağlayan ölkələr də.

Türkiyə bəzi Avropa ölkələrinə, məsələn, Almaniya və Niderlanda işçi qüvvəsi göndərir, Avropanın məhsul və xidmətlərinin bazarına çevrilib... Bu siyahını uzatmaq da olar, ancaq bu Ankaranın AB-yə üzvlüyünü əsaslandıra bilməyəcək:

«Kağız üzərində demokratiya olsa da, Recep Tayyip Erdoğan kimi avtokrat, mühafizəkar və islamçı lider var. Türkiyədə islam mədəniyyəti, Avropanın qalan hissəsində xristianlığa söykənən mədəniyyət mövcuddur. Türkiyə yekcins ölkə deyil, biznes mərkəzi olan İstanbul müasir və qərbyönlü liberal, Ankara, Adana, Van mühafizəkar və ənənəvidir».

Ancaq müəllif Türkiyənin İŞİD silahlılarının qətllər törətdiyi regionla sərhəddə dayandığını, AB-Türkiyə münasibətlərinin bu baxımdan önəmli olduğunu vurğulayır.

XS
SM
MD
LG