Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:24

Kredit şərtləri ağırlaşdırılacaq?


İlham Əliyev
İlham Əliyev

-

Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, kredit şərtlərinin dəyişdirilməsi, gənclər siyasəti və Qarabağ savaşında həlak olanların icbari sığorta haqlarının ödənməməsi bu gün medianın aparıcı mövzusudur.

BAKIDA DÜNYA BİRLƏŞİR

«Azərbaycan» qəzeti «Bakıda dünya birləşir» adlı məqalə dərc edib.
Məqalədə davam edən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumundan bəhs olunur. Müəllif tədbirin əhəmiyyətini çox yüksək qiymətləndirir. Forumun Azərbaycanda keçirilməsini prezidentin xüsusi xidməti sayır:

«Alyansın forumunun Bakıda keçirilməsi barədə qərar Azərbaycan prezidentinə olan ehtiram və güvənin növbəti nümunəsi idi. Təsadüfi deyil ki, BMT Baş katibi Ban Ki-moon dövlət başçısına məktubda qeyd edir ki, «Sizin şəxsi mövqeyiniz və liderliyiniz sayəsində Alyansın VII Qlobal Forumu öz gələcək kursunu müəyyən edəcək»».

Samir Əliyev
Samir Əliyev

KREDİT ŞƏRTLƏRİ AĞIRLAŞDIRILIR

İqtisadçı Samir Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının ölkədə kreditləşmənin yeni modelinin hazırlanması ilə bağlı açıqlamasını «Azadlıq» qəzetinə şərh edib.

İqtisadçının deməsinə görə, bu məsələdə Palata ilə Mərkəzi Bankın mövqeləri üst-üstə düşür.

S.Əliyevin fikrincə, Palata təsdiqlədi ki, iqtisadiyyatda risk yüksəkdir və manatın yönəldilməsi dollar alışını stimullaşdıra bilər.

İqtisadçı deyir ki, Palata sədri problemin bank sektorunda yox, bankdankənar olduğunu göstərdi: «Əsas mesajlar da bundan ibarətdir ki, Palatanın kredit verilməsi şərtlərini yumşaltmaq fikri yoxdur. Bu sərtləşdirmə davam edəcək. Palatanın əsas işi kredit şərtlərini ağırlaşdırmaq olacaq. Problem kredit faizlərinin həddindən artıq yüksək olmasındadır. Amma bütün dünyada kredit verilərkən müştərinin qazancları nəzərdən keçirilir. Azərbaycanda kredit ödənişlərinin aylıq qazancda payına diqqət yetirməyə gec başlayıblar. Zamanında buna diqqət yetirsəydilər, bu qədər problem yaşanmazdı».

İqtisadçı dollarla götürülən kreditlərə güzəşt məsələsinə də toxunub: «Aydın görünür ki, dollarla kredit götürən və iki devalvasiyadan ziyan çəkənlərə dövlət kompensasiya verməyəcək».

Universitet
Universitet

GƏNCLİYƏ İNVESTİSİYA

«Novoye Vremya» qəzetində dərc edilən «Gəncliyə investisiya» məqaləsində hökumətin gənclər siyasəti tənqid olunur.

Müəllif hökuməti tənqid etməklə qalmır, ona təkliflər də verir: «Gəncliyə investisiya bu ölkədə keyfiyyətli təhsil deməkdir ki, onlar xaricdə oxumağa can atmasın. Bu, gənc kadrlar üçün yeni iş yerlərinin açılması deməkdir. Yoxsa, ali məktəb məzunlarının 50-60 faizi öz ixtisası üzrə iş tapa bilmir. Onların çoxu işsiz qalır. Onda, bu zaman bir tikə çörək naminə onların çoxunun ölkədən getmək istəmələrinə təəccüblənməyə dəyməz».

Məqalədə qeyd edilir ki, gənclərin mənzil problemi həll edilməlidir. Müəllifin fikrincə, ipoteka kreditləri ümidləri tam doğrultmadı. Buna həm işsizlik, həm də faizlərin yüksək olması mane oldu.

Müəllifin düşüncəsinə görə, gənclər bəzən ayrı-seçkiliyə məruz qalırlar. Bu da onlarda mübarizlik ruhunu öldürür: «Məsələn, dövlət

qurumlarının təşkil etdiyi tədbirlərdə nəyinsə tənqid olunmasına nadir hallarda rast gəlmək olar. Bir qayda olaraq, bu mənada aktiv gənclik belə tədbirlərə dəvət edilmir. Niyə? Axı, həqiqətlər mübahisələrdə doğulur. Düzdür, tənqid də tənqid xatirinə olmamalıdır. Məgər gəncliyin qaldırmağa problemi azdır? Alternativ düşüncəyə qərəzli yanaşmaq olmaz. Əks halda gəncliyə nə qədər investisiya qoyulsa, xeyri az olacaq».

Qarabağda döyüşlər.
Qarabağda döyüşlər.

DEPUTAT: HƏRBÇİLƏRİN «QAN PULLARI» VERİLMƏLİDİR

«Bizim Yol» qəzeti isə hərbi əməliyyatlarda həlak olanların ailələrinə icbari sığorta pullarının ödənilməməsini araşdırıb.

Qəzetə danışan ekspertlərin açıqlamalarına görə, hazırda 13 min 500 ailə bu pulları gözləyir. Hətta buna dair 10-15 illik məhkəmə qərarları da var. Ancaq bu 11 min manat ödənmir.

Deputat Vahid Əhmədov da qəzetə deyib ki, bu məsələ həll edilməlidir: «Bu şəxslər vətən yolunda şəhid olublar və bunun ödənməsinə ikili münasibət ola da bilməz».

«Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi» İctimai Birliyinin sədri Dadaş Quliyev isə deyib ki, iki ilə yaxındır Konstitusiya Məhkəməsi bu məsələ ilə bağlı parlamentə tövsiyə verib. Ancaq parlament, hələ də, bu məsələni gündəliyə gətirməyib: «15 ay ərzində qərar qəbul etməyən Milli Məclisin bundan sonra neçə müddətə qərar qəbul edəcəyi də bəlli deyil».

D.Quliyevin dediyinə görə, məhkəmə qətnamələrinin icra olunmaması Qarabağ savaşında həlak olanların ailələrinə hörmətsizlikdir.

XS
SM
MD
LG