Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:56

Bankların dollar almağa manatı yoxdur


Dollar və avro banknotlar
Dollar və avro banknotlar

Dövlət Neft Fondu (DNF), özəlliklə büdcə öhdəliklərinə görə, dünən – aprelin 26-da yenə hərrac keçirib. Hərraca çıxarılan 50 milyon ABŞ dollarından 4,9 milyonu 5 banka, 30 milyonu isə Mərkəzi Banka (MB-yə) satılıb.

Bankların dollar almağa manat yoxluğu diqqət çəkib. Nəticədə, xarici valyutanı MB satın almağa məcbur qalıb. Aprel ayında artıq 2-ci dəfədir ki, MB hərracdakı dolları özü alır. Dollar təklifinin manatı üstələməsi ilk baxışdan sezildiyindən, təbii suallar doğur: Manat dəyər qazanıb? Elə deyilsə, bəs niyə dollar alan yoxdur?

«Səbəb - bank aktivlərinin dollarlaşmasıdır»

Nicat Hacızadə
Nicat Hacızadə

İqtisadçı ekspert Nicat Hacızadə səbəbi bankların maddi aktivlərindəki dollarlaşmada görür:

«Banklarda depozitlərin əksər hissəsi xarici valyutada saxlanır. Bu, aktivlərdəki nağd pul vəsaitinin əksər hissəsinin dollar şəklində olması deməkdir. Reytinq dərəcəsinin daha aşağı olduğunu nəzərə alsaq, ölkə banklarının çoxu xarici maliyyə qurumlarından nə istiqraz vasitəsilə, nə də birbaşa nağd pul vəsaiti cəlb edə bilmir. Heç buna risk də etmirlər».

«Dollar gəlir gətirmir»

Ekspertin fikrincə, dollara tələbatın azalma səbəblərindən biri də bankların ABŞ valyutasıyla gəlir əldə edə bilməməyidir:

«Birincisi, bir sıra bank rəhbərləri dollarla kredit verərkən, daha dərin təhlillər aparılmasını tapşırıblar. Səbəb aydındır: Ölkə valyutasının bilinməz çərçivəsi risklərin idarə edilməsinə imkan yaratmır. İkincisi, Maliyyə Bazarlarına Nəzarət Palatası dollarla istehlak krediti ayrılmasını bir müddətliyə dayandırıb. Məsələ bundadır ki, bir sıra maliyyə qurumlarının gəlir portfeli istehlak kreditləri üzərində qurulub. Strategiyanın dəyişdirilməsi uzun müddət tələb edir. Belə olan şəraitdə dollarla kredit vermək də mümkün olmur».

Ekspert Vüqar Bayramovun qənaətincə, hərraca qoşulan MB manatın məzənnəcə möhkəmlənməsinin də önünü kəsdi:

Azerbaijan -- economist Vugar Bayramov - 17Jan2014
Azerbaijan -- economist Vugar Bayramov - 17Jan2014

«Bu, əslində, ondan xəbər verir ki, MB məzənnəyə istənilən zaman təsir etmək imkanını özündə saxlayır. Deməli, manatın məzənnəsinin müəyyənləşdirilməsində təsir vasitələri bazardan daha çox MB-nin əlindədir. Belə görünür ki, çalışırlar manatın məzənnəsini, imkan daxilində, öncədən müəyyənləşdirilən «dəhliz»də saxlasınlar. Bu, təbii ki, həm də birbaşa manat bazasının hansı səviyyədə böyüməsindən asılı olacaq».

«MB alıcı statusunu bir müddət saxlarsa...»

V.Bayramov onu da deyib ki, MB-nin, hələlik, 10-larca milyonluq alqı-satqısı bazara daha çox psixoloji təsir göstərir:

«Amma MB alıcı statusunu bir müddət şaxlarsa, bu, manat bazasının artmasına və dollara tələbin yüksəlməsinə səbəb ola bilər. Təbii ki, burada idxal-ixrac əməliyyatları, real sektora yatırımlar, bankların kreditləşmə səviyyəsi kimi faktorlar da ciddi rol oynayır. Hələliksə, MB öz resepti üzrə manat bazasını məhdudlaşdırmağa və sadəcə, zəruri hallarda bazara qatılıb məzənnəyə təsir etməyə və öz ehtiyatlarını artırmağa çalışacaq. Baş bank hərracda alıcı kimi fəal olarsa, dollar manata nisbətən mərhələ-mərhələ möhkəmlənəcək».

«Hökumət MB-nin ehtiyatlarının artdığını fəxrlə deyəcək»

İqtisadiyyat ekspertlərindən Natiq Cəfərlinin sözlərinə görə, MB dollar almağa məcburdur:

Azerbaijan -- economist Natig Jafarli, March 2014
Azerbaijan -- economist Natig Jafarli, March 2014

«DNF-nin büdcə qarşısında öhdəliyi manatladır. Banklar dollar ala bilmir, çünki manat kütləsi azalıb. Bankların kredit portfeli daralıb, bu da iqtisadi aktivliyi çökdürür. Bu halda fondun satdığı dolları MB-nin özü almağa məcbur olacaq».

Ekspertin fikrincə, bir müddət sonra hökumət fəxrlə MB-nin ehtiyatlarının artdığını deyəcək:

«Əslində isə, toplananların yerini dəyişəndə cəm dəyişmir. Obrazlı desək, “bir cibdən çıxıb, o biri cıbə girən pul”, effekti yaranacaq».

XS
SM
MD
LG