Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:33

Azərbaycan kəndlərində evləri təzəklə qızdırırlar


İlham Əliyev
İlham Əliyev

-

Regional münasibətlər, iqtisadi durum, qazlaşdırma, korrupsiya və əhalinin güzaranı bu gün medianın əsas mövzusudur.

ZAMANI QABAQLAYANDA

«Azərbaycan» qəzetində «Zamanı qabaqlayanda» sərlövhəli məqalə dərc edilib. Yazıda ölkədəki ictimai-siyasi sabitlikdən bəhs olunur və bu, dövlət başçısının xüsusi xidməti kimi təqdim edilir: «Ətrafımızda, uzaq və yaxın qonşu ölkələrdə sonu görünməyən qan, qanlı-qadalı hadisələr baş verir. Müasir Azərbaycanın sosial-iqtisadi durumu, daxili ictimai sabitliyi və xarici aləmdə nüfuzu isə sübut edir ki, ümummilli lider Heydər Əliyev kimi, İlham Əliyev də tarixi missiyanın öhdəsindən gəlir».

Yazıda ölkənin iqtisadi durumundan da bəhs edilir. Müəllif qeyd edir ki, neft düşsə də, ölkə iqtisadiyyatı inkişaf edib: «Neftin qiymətinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına elə də ciddi təsir etməyib. Vaxtında görülən tədbirlər nəticəsində bu ziyanın nəticələri minimuma endirilib».

Müəllif sonda da yazır: «Bir sözlə, Azərbaycan təlatümlü zamanda, çalxalanan bir regionda öz yoluna davam edir».

Vəzifədən kənarlaşdırılan prezident Dilma Rousseff
Vəzifədən kənarlaşdırılan prezident Dilma Rousseff

AZƏRBAYCAN VƏ BRAZİLİYA

«Azadlıq» qəzeti isə Braziliya parlamentinin korrupsiya faktlarına görə prezidenti vəzifəsindən kənarlaşdırmasından bəhs edir. Bunun ardınca da Braziliya ilə Azərbaycan arasında paralellər aparır: «Azərbaycanda belə hadisəni təsəvvür etmək mümkündürmü? Azərbaycan parlamenti ölkə başçısının varidatıyla, ofşordakı hesabları ilə bağlı müzakirə keçirə bilərmi? Ali Məhkəmə hakim ailə ilə bağlı korrupsiya şikayətlərinə baxarmı?».

Məqalədə qeyd edilir ki, Azərbaycanda yüzlərlə iri korrupsiya faktları aşkarlanıb. Müəllif yazır ki, icra başçısından tutmuş ölkə başçısına qədər ən müxtəlif şəxslərin adları bu məsələlərdə hallanıb. Ancaq heç vaxt ciddi tədbir görülməyib: «Son günlər «Panama sənədləri» yayıldı, hakim ailənin adı ofşorlarda hallandı, London mülklərinin fotoları dərc edildi. Bundan əvvəl Vircin adalarındakı ofşorlara 48 milyard daşındığı məlum olmuşdu…. Azərbaycan rəhbərliyi haqqında aşkarlanan korrupsiya faktları digər ölkələrdə baş versə idi, həmin hökumətlər ya həbsxanaya, ya da istefaya göndərilərdi. Yəni, bu qədər çirkli bioqrafiya ilə heç bir qüvvə hakimiyyətdə qala bilməzdi».

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

AZƏRBAYCAN VƏ AVROPA

«Exo» qəzeti «Yoxsuldan da yoxsul» məqaləsində ekspertlərlə Azərbaycandakı sosial vəziyyəti təhlil etməyə çalışıb.

Qəzetə danışan ekspertlər bildirirlər ki, 2015-ci il dekabrın 21-də baş verən ikinci devalvasiyadan sonra ölkədə orta təbəqə məhv olub.

İqtisadçı Oqtay Haqverdiyev qeyd edir ki, minimum əməkhaqqı baxımından Avropa ilə Azərbaycan arasında kəskin fərq var: «Avro ilə hesablasaq, Azərbaycanda minimum əməkhaqqı 80 avroya bərabərdir. Halbuki, Avropa ölkələrində bu rəqəm 500 avrodan 1300 avroya kimi dəyişir. Devalvasiyaya qədər Azərbaycandakı minimum əməkhaqqı nisbətən Şərqi Avropa ölkələrinə yaxın idi. Amma bu müstəsna olaraq nominal baxımdan belə idi. Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti Avropadan aşağı qalmaqda idi».

İqtisadçı orta aylıq əməkhaqqı ilə də müqayisələr aparır. O deyir ki, bu, Avropada 370 avrodan 2200 avroya kimi dəyişir.

O qeyd edir ki, Azərbaycanda 4-nəfərlik ailənin bir aylıq dolanışığına minimum 1000 manat tələb olunur. Halbuki, onun fikrincə, indi heç ölkə əhalisinin 10 faizinin ayda bu qədər qazancı yoxdur.

Başqa bir iqtisadçı-ekspert Nəriman Ağayev da deyir ki, Azərbaycanda bir şəxsin minimum yaşamasına 250 avro lazımdır. Amma ölkədə orta aylıq əməkhaqqı 80 avrodan yüksək deyil. İqtisadçı qeyd edir ki, bəzi ərzaq və geyim məhsulları Azərbaycanda Avropa ölkələrindən bahadır: «Ekspertlərin dedikləri yeni devalvasiya ilə üzbəüz qalsaq, görün, biz hansı səviyyəyə enmək riski altındayıq».

Neftçalanın Yeni Qışlaq kəndinin sakinləri hələ ki, inəklərə minnətdardırlar.
Neftçalanın Yeni Qışlaq kəndinin sakinləri hələ ki, inəklərə minnətdardırlar.

AZƏRBAYCANIN VƏ HİNDİSTANIN UCQAR KƏNDLƏRİ

«Bizim Yol» qəzeti ölkədə qazlaşdırmanın vəziyyətini araşdırıb.

Yazıda deyilir ki, 2005-2014-ci illərdə ölkənin qazlaşmasına 1 milyard manatdan artıq vəsaitin xərcləndiyi bildirilir.

Araşdırmada qeyd edilir ki, «Azəriqaz»ın statistik rəqəmlərinə əsasən, ölkənin 70 faizi qazlaşdırılıb. Amma yazının müəllifinə bu, inandırıcı gəlmir: «XXI əsrdə yaşamağımıza baxmayaraq, kənd yerlərinin əksəriyyətində hələ də odunla evlərini isidib, yemək bişirirlər. Odunun bir maşını isə 150-250 manat arasında olur. Yoxsul kəndli üçün bunu ödəmək o qədər də asan deyil».

Araşdırmada deyilir ki, bir sıra kəndlərə xətlər çəkilsə də, qaz hələ verilməyib. Evlərə qazın verilməsindən ötrü əlavə rüşvət istənildiyi bildirilir.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov da qəzetdə bu mövzuya toxunub: «Ölkədə qazlaşdırma bərbad haldadır. Aran rayonlarının kəndlərinə ana boru çəkilməyib, insanlar palçıqlı su içir, su təmizləyici qurğular hələ indi quraşdırılır. Bunun axırı necə olacaq, o da məlum deyil. Evlərdə təzək yandırırlar. Mən belə vəziyyəti Hindistanın ucqar kəndlərində görmüşəm».

Məqalədə qeyd edilir ki, əhalisi belə bir vəziyyətdə yaşasa da, Azərbaycan özü Avropaya qaz satır.

XS
SM
MD
LG