Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:44

"Sənədləri, bir də canımızı götürüb qaçmışıq"- [Fotolar]


►Gəncə çayının dağıtdığı evləri düzəldən yoxdur. Vəli Xuluflu küçəsində salamat ev qalmayıb

“Fövqəladə Hallar Nazirliyindən gəlib eləcə suyu çəkib getdilər. Hasarlar dağılıb, evlər qəzalı vəziyyətə düşüb. Heç nə ələ gəlmir. Neçə gündür, orda-burda gecələyirik”.

Mayın 25-də Gəncə çayının daşması nəticəsində ətrafdakı evləri su basıb. Bayraq Meydanının yaxınlığındakı Vəli Xuluflu küçəsində isə vəziyyət, özəlliklə, acınacaqlıdır. Evlərin çoxu qəzalı vəziyyətə düşüb. Heç yerdən kömək gəlmədiyini deyən sakinlər evlərinin foto və videolarını çəkərək AzadlıqRadiosuna göndəriblər.

“SİYAHIYA ALIBLAR”

Küçədəki 116a saylı ünvanda yaşayan Samir Novruzov:

– Yaz gələndən bununla beşinci dəfədir ki, çay daşır, evlərimizi su basır. Şəxsən mənim evimin döşəməsi, tavanı çürüyüb. Soyuducu, televizor, paltaryuyan – hamısı sıradan çıxıb. Qonşuluqdakı evlərin hasarları uçub, evlərin divarları aralanıb. Bir evdə işlək məişət əşyası qalmayıb. Elektrik xətləri suyun içində qaldığından çürüyüb. (Ardı aşağıda)

– Bəs əlaqədar qurumlar hansı işləri görüblər?

– Bircə selin sabahı günü Fövqəladədən gəlib suyun bir hissəsini çəkiblər, bir hissəsini də torpaqlayıb gediblər. Sonra da bir-iki dəfə gəlib evlərin vəziyyətini çəkib, siyahıya alıblar.

“ELƏ BİL Kİ, EV ZƏLZƏLƏDƏN ÇIXIB”

Evi qəzalı vəziyyətə düşənlərdən biri Sənan Axundovdur. Deyir, 1 həftəyə yaxındır ki, 4 övladı və həyat yoldaşı ilə birlikdə Gəncədəki qohumlarının evində qalır:

“Evimizə yaxın düşüləsi deyil. Elə bil ki, ev zəlzələdən çıxıb. Su divarın suvağına qədər yuyub aparıb. Pal-paltarımıza qədər suyun altında qalıb. Sənədləri, bir də canımızı götürüb qaçmışıq, qohum evinə sığınmışıq. İstədiyimiz də odur ki, hökumət əl uzatsın, evimizi tezliklə bərpa etsin, yığışaq ocağımıza. Uşaqların imtahana hazırlaşmasına yer, şərait yoxdur”.

ARAŞDIRILIR

Gəncə şəhər icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, Vəli Xuluflu küçəsindəki evlərin vəziyyəti fövqəladə hallar komissiyası ilə birlikdə araşdırılır. Zərər çəkmiş evlər yaxın günlərdə təmir olunacaq, dağılmış hasarlar bərpa ediləcək.

Bu il aprelin 4-də Vəli Xuluflu küçəsinin digər sakinləri AzadlıqRadiosuna müraciət edərək çayın daşması nəticəsində evlərini su basdığını və günlərlə işıqsız qaldıqlarını demişdilər.

Gəncə çayını leysanlar daşdırıb.

XS
SM
MD
LG