Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:03

Polislər Qiyası necə tutduqlarından danışdı


Qiyas İbrahimov
Qiyas İbrahimov

"Bunun vicdanı da yalandan ibarətdi..."

Gənc fəal Qiyas İbrahimov bu sözləri onun haqqında ifadə verən polis əməkdaşına ünvanlayıb...

Gənc fəal Qiyas İbrahimovun məhkəməsi sentyabrın 29-da davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bu prosesdə şahidlər dindirilir.

"Mən bu adamı görməmişəm"

Bugünkü məhkəmə iclasında Nəsimi rayonu, 22-ci polis bölməsinin əməkdaşları Bəylər Nağıyev, Çingiz Əlisəfərov, Rüfət Ağarzayev, eləcə də hal şahidləri Mübariz Əliyev və Intiqam Musayev ifadə veriblər.

Buna da bax: 'Oğlumun həbsini 1 aydan sonra bildim'

Polislər məzmunca bənzər ifadələrində Qiyasın necə tutulmasından danışaraq deyiblər ki, Mərdanov qardaşları küçəsində ona yaxınlaşıb özlərini təqdim edərək, sonra onu Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar. Orada Qiyas İbrahimov üzərində narkotik olduğunu bildirməklə yanaşı, evlərində də külli miqdarda narkotik olduğunu söyləyib.

Qiyas İbrahimov polislərin yalan danışdığını bildirib. "Bunun vicdanı da yalandan ibarətdi", - o, polis əməkdaşı Bəylər Nağıyevin ifadəsinə belə reaksiya verib və saxlanılarkən, bu adamı görmədiyini vurğulayıb.

Buna da bax: Qiyas İbrahimov ona verilən işgəncələrdən danışır (Video)

Yazıb-oxumağı bilməyən şahid

Daha sonra hal şahidləri – Mübariz Əliyevlə İntiqam Musayev ifadə veriblər. Onlar iddia ediblər ki, Qiyas İbrahimovun üzərindən və evindən narkotik çıxdığını görüblər. İntiqam Musayev latın qrafikası ilə yazıb-oxuya bilmədiyini deyib. Dindirmə başlanarkən, şahidin adını da oxuya bilməyib. İstintaqa ifadəsinə gəlincə, bildirib ki, yazılanları ona oxuyublar, o da imzalayıb.

Məhkəmə oktyabrın 4-də davam edəcək.

Buna da bax: Gənc fəal: 'Heydər Əliyevin heykəlinə şüar yazıdığıma görə...'

Xatırlatma...

Qiyas İbrahimov başqa bir gənc fəal Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal və əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilirlər. İttihamlar təsdiqlənərsə, gəncləri 5 ildən 12 ilədək həbs cəzası gözləyir. Digər gəncin - Bayram Məmmədovun işi üzrə istintaq hələ bitməyib. Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazdıqlarına görə həbs edildiyi güman olunur.

Buna da bax:

Məhkəmə gənc fəalları həbsdə saxladı
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

XS
SM
MD
LG