Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:34

Küçədə yaşayan internat məzunu


İnternat (arxiv fotosu)
İnternat (arxiv fotosu)

Vitalik elə də aciz insan deyil. Bilir ki, internat məzunu kimi dövlət onu yaşayış yeri və işlə təmin etməlidir. Amma...

“Səhər açılır, 28 may metrosu tərəflərdə dolaşıram, ac-susuz... Yatmağa yerim, yeməyə çörəyim yoxdur”.

Vitalik Nasırov Saraydakı 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində böyüyüb həddi-büluğa çatandan sonra ona elə həmin müəssisədə qarovulçuluq təklif olunub. Vitalik təklifi sevinə-sevinə qəbul edib. Bu təklif getməyə yeri olmayan bir yeniyetməyə daha bir neçə il də müəssisədən sığınacaq kimi yararlanmaq şansı verib. 4 il əvvəl müəssisə rəhbərliyinin dəyişməsi Vitalikin həyatına da öz təsirini göstərib. Yeni rəhbər onu həm işdən, həm də internatda sığındığı otaqdan çıxarıb:

“HARDA SIĞINMAĞA KÜNC TAPIRAMSA...”

“Yeni direktor ilk gündən orada yaşayanları sıxışdırıb qovdu. İnternatın qapısından çıxan gündən küçələrdə yatdım. Harda sığınmağa bir künc tapıramsa, orda da yatıram. Tikintilərdə fəhləlik edirəm, bir az yaxşı pul qazananda ev kirayələyirəm. Bir az otaq şəraitində qalıram, sonra yenə küçələrdəyəm”.

Buna da bax:​ Bir gəncin internatdan sonrakı evsizliyi

İndi 35 yaşı var. Harda tikinti gedirsə, üz tutur ora. Əsasən günəmuzd işləyir. O gün ki iş tapmadı, deməli, ac qarınla gəzəcək və çöldə gecələməli olacaq. Ancaq Vitalik elə də aciz insan deyil. Bilir ki, internat məzunu kimi dövlət onu yaşayış yeri və işlə təmin etməlidir. Hətta bundan ötrü dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edib:

“Bəlkə 10-15 dəfə getmişəm, o qədər kobud davranırlar... Deyirəm, “Masazırda bina tikilib, o internatdan çıxan neçəsi orada yerləşdirilib, bircə otaq da mənə versəniz, dünya alt-üst olar?” Əgər insan kimi heç nəyə yaramıramsa, ümumiyyətlə, niyə yaşayıram?”

“DAHA 2 BİNA TİKİLƏCƏK”

Ötən ilin mayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" Sosial Müəssisəsi istifadəyə verilib. Abşeron rayonunun Masazır kəndində yerləşən 13 mərtəbəli, 120 mənzilli binaya dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum xeyli məzunu köçürülüb.

Buna da bax:​ Uşaq evləri azalmaq əvəzinə çoxalır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qaynar xətt”ə bildirilib ki, növbəti mərhələlərdə hər biri 120 mənzilli daha 2 yaşayış binasının tikintisi də nəzərdə tutulub. Müraciət edən məzunlar qeydə alınır və gələcəkdə onların da yaşayış yeri ilə təmin olunması baş tutacaq.

Qarşıdan gələn soyuqlarsa Vitalikin canına indidən üşütmə salıb - harda qalacaq, nə yeyəcək... Bundan öncəki qışlarda yaşadığı əzabları çəkməkdən bezib.

XS
SM
MD
LG